1 Bu nəğmələr nəğməsi Süleymanındır.
Qız:
2 Qoy dodaqların məni öpdükcə öpsün,
Çünki eşqin şərabdan da yaxşıdır.
3 Vurduğun ətrin qoxusu nə gözəldir,
Adın belə, ətirqabıdan tökülən ətri xatırladır,
Ona görə qızların sevimlisi olmusan.
4 Bağrına bas məni, səninlə qaçaq,
Qoy padşah məni otağına aparsın.
Qızın rəfiqələri:
Səninlə sevinib biz şadlanarıq,
Şərabdan da artıq eşqinizi anarıq.
Qız:
Sənə heyran olanlar haqlıdır.
5 Ey Yerusəlimdəki qızlar,
Qedar çadırları tək,
Süleymanın pərdələri tək
Qaralsam da mən,
Yenə gözələm.
6 Baxmayın ki, mən qarayanızam,
Günəşdən qaralmışam,
Qardaşlarımın mənə qəzəbi tutarkən
Məni üzümlüklərinə qarovulçu qoydular.
Mən də öz üzümlüyümə baxa bilmədim.
7 Ey könlümün sevgilisi, söylə mənə:
Sürünü harada otarırsan?
Günorta sürünü harada yatırırsan?
Niyə sənin dostlarının sürülərinin yanında gedən,
Üz-gözünü bürüyən bir qadına bənzəyim?
Qızın rəfiqələri:
8 Ey gözəllər gözəli, əgər yerini tapa bilməsən,
Sürülərin izi ilə get,
Oğlaqlarını çoban çadırlarının yanında otar.
Oğlan:
9 Ey yarım, sən
Fironun arabalarını çəkən
Gözəl madyana bənzəyirsən.
10 Yanağına düşən bəzəklərlə,
Boynundakı daş-qaşdan olan boyunbağı ilə
Bax nə qədər gözəlsən.
11 Sənə düymələri gümüşdən
Qızıl silsilə düzəldəcəyik.
Qız:
12 Padşah süfrəsində oturarkən
Hər yanı nard çiçəyimin ətri bürüyür.
13 Mənim üçün sevgilim
Döşlərimin arasında yatan mirra kisəsidir.
14 Mənim üçün sevgilim
En-Gedinin üzüm bağlarındakı bir dəstə xınagülüdür.
Oğlan:
15 Ey yarım, nə gözəlsən, nə gözəlsən!
Göyərçin gözlüsən!
Qız:
16 Ey sevgilim, nə gözəlsən,
Sən nə qədər şirinsən!
Yaşıldır yatağımız.
Oğlan:
17 Evlərimizin dirəkləri sidr ağacındandır,
Tavanımızın oymaları şam ağacındandır.