İnsanı murdar edən nədir?
(Mat. 15:1-20)
1 Fariseylər və Yerusəlimdən gələn bəzi ilahiyyatçılar İsanın
yanına yığıldı. 2 Onlar gördülər ki, İsanın şagirdlərindən bəzisi murdar
əllərlə, yəni əllərini yumamış çörək yeyir. 3 Fariseylər və bütün Yəhudilər
ağsaqqallardan qalan adət-ənənəyə əməl edərək əllərini yaxşı-yaxşı yumadan yemək yeməzlər. 4 Onlar bazardan gələndə yuyunmadan heç nə yeməzlər. Həmçinin bir sıra başqa adət-ənənələrə də
əməl edərlər. Belə ki onlar kasaları, dolçaları, tunc qazanları və yataqları yuyub paklayarlar. 5 Fariseylər və ilahiyyatçılar İsadan soruşdular: «Nə üçün şagirdlərin ağsaqqallardan qalan
adət-ənənəyə görə yaşamayaraq murdar əllərlə çörək yeyirlər?» 6 İsa onlara
dedi: «Yeşaya peyğəmbər siz ikiüzlülər üçün nə yaxşı söyləyib! Yazıldığı kimi:
“Bu xalq dodaqları ilə Mənə hörmət edir,
Amma qəlbləri Məndən uzaqdır.
7 Boş yerə Mənə səcdə edirlər,
İnsan əmrlərindən çıxardıqları təlimləri öyrədirlər”.
8 Siz Allahın əmrini atıb insan adət-ənənəsini tutursunuz».
9 Sonra İsa onlara dedi: «Öz adət-ənənənizi bərqərar etmək üçün Allahın əmrini
kənara atmağı necə də yaxşı bacarırsınız! 10 Çünki Musa belə əmr etdi:
“Ata-anana hörmət et” və “Atasını yaxud anasını söyən adam öldürülməlidir”. 11 Sizsə deyirsiniz: “Bir adam atasına yaxud anasına ‹məndən umduğun yardım qurban oldu›, yəni
‹Allaha həsr olundu› desə”, 12 onda həmin adama izin vermirsiniz ki,
ata-anasına yardım etsin. 13 Bununla da siz nəsildən-nəslə ötürdüyünüz
adət-ənənənizlə Allahın kəlamını heç edirsiniz. Axı buna bənzər çox işlər görürsünüz».
14 İsa yenə camaatı yanına çağırıb onlara dedi: «Hamınız Mənə
qulaq asın və dərk edin. 15 Kənardan insanın daxilinə girən şey insanı murdar
edə bilməz. Amma insanı murdar edən şeylər daxilindən çıxanlardır». 16 Eşitməyə qulağı olan eşitsin!
17 İsa camaatdan ayrılıb evə gələndə şagirdləri bu məsəl
barəsində Ondan soruşdular. 18 İsa onlara cavab verdi: «Siz də hələ dərk
etməmisiniz? Başa düşmürsünüz ki, kənardan insanın daxilinə girən şey insanı murdar edə bilməz? 19 Çünki daxil olan şeylər onun ürəyinə deyil, qarnına gedir və ifraz olunur». İsa bununla
bütün yeməklərin təmiz olduğunu bəyan etdi. 20 O, sözünə davam etdi: «İnsanı
murdar edən insandan çıxandır. 21 Çünki insanların daxilindən, ürəyindən pis
fikirlər, cinsi əxlaqsızlıq, oğurluq, qatillik, 22 zinakarlıq, tamahkarlıq,
şər əməllər, hiylə, pozğunluq, paxıllıq, küfr, lovğalıq və ağılsızlıq çıxar. 23 Bütün bu pis işlər insan daxilindən çıxıb onu murdar edir».
Finikiyalı qadının imanı
(Mat. 15:21-28)
24 İsa oradan ayrılıb Sur bölgəsinə getdi. O bir evə girdi və
istəmədi ki, harada olduğunu bilən olsun. Amma bunu gizlədə bilmədi. 25 Bir
qadının azyaşlı qızı natəmiz ruha tutulmuşdu. Qadın İsa haqqında xəbər tutan kimi gəlib Onun ayaqlarına düşdü. 26 Bu qadın Suriya Finikiyasında doğulmuş bir Yunan idi. O, İsaya yalvardı ki,
qızından cini çıxartsın. 27 İsa ona dedi: «Qoy əvvəl uşaqlar doysun, çünki
uşaqların çörəyini götürüb itlərə atmaq düzgün olmaz». 28 Qadınsa Ona cavab
verdi: «Ya Rəbb, axı itlər də uşaqların süfrə altına tökdüyü qırıntılardan yeyir». 29 İsa qadına dedi: «Get, sənin bu sözünə görə cin qızını tərk etdi». 30 Qadın evinə gələndə gördü ki, qızı yatağında uzanıb və cin ondan çıxıb.
Kar və pəltək bir adamın sağalması
31 İsa yenə Sur bölgəsindən çıxdı, Sidonu keçdi və Dekapolis
bölgəsindən keçərək Qalileya gölünə çatdı. 32 Bir kar və pəltək adamı İsanın
yanına gətirdilər və yalvardılar ki, əlini onun üzərinə qoysun. 33 İsa həmin
adamı camaatdan ayırıb başqa bir yerə apardı və barmaqlarını bu adamın qulaqlarına qoydu, tüpürüb onun dilinə toxundu.
34 Göyə baxdı, ah çəkərək ona dedi: «Effata!», yəni «Açıl!» 35 O anda bu adamın həm qulaqları açıldı, həm də dilinin bağlılığı düşdü və o
aydın danışmağa başladı. 36 İsa bunu görənlərə qadağan etdi ki, bu barədə heç
kimə heç nə deməsinlər. Lakin nə qədər çox qadağan etsə də, o qədər çox xəbər yaydılar. 37 Hamı hədsiz təəccüblənərək dedi: «Hər işin öhdəsindən yaxşı gəlir: həm karların qulağını,
həm də lalların dilini açır».