Yerusəlimdəki məşvərət
1 Yəhudeyadan gələn bəzi adamlar Antakyadakı imanlı
bacı-qardaşlara belə təlim öyrədirdi: «Əgər siz Musanın qoyduğu adətə görə sünnət olmasanız, xilas ola bilməzsiniz».
2 Paul və Barnaba bu adamlarla çox çəkişib mübahisə etdi. Nəhayət qərara
alındı ki, Paulla Barnaba digər qardaşlardan bir neçəsini götürərək Yerusəlimə gedib bu sualın müzakirəsi üçün
həvarilər və ağsaqqallarla görüşsünlər. 3 Beləliklə, cəmiyyət tərəfindən
göndərilənlər Finikiya və Samariya bölgələrindən keçdilər. Başqa millətlərin Allaha tərəf necə dönmələrini xəbər
verə-verə oradakı bütün imanlı bacı-qardaşları çox sevindirdilər. 4 Yerusəlimə
çatanda oradakı imanlılar cəmiyyəti və həvarilərlə ağsaqqallar onları yaxşı qarşıladılar. Allahın onlar vasitəsilə
etdiyi hər şeyi danışdılar. 5 Amma farisey təriqətindən olmuş bəzi imanlılar
qalxıb belə dedilər: «Başqa millətlərdən olanları sünnət etmək və onlara Musanın Qanununa riayət etmələrini əmr etmək
lazımdır».
6 Həvarilərlə ağsaqqallar bu mövzunun müzakirəsi üçün
toplaşdılar. 7 Uzun-uzadı mübahisələrdən sonra Peter ayağa qalxıb dedi:
«Qardaşlar, bildiyiniz kimi Allah aranızdan çoxdan bəri məni seçib ki, başqa millətlərdən olanlar Müjdəni mənim
dilimdən eşidib iman etsinlər. 8 İnsanın ürəyindən xəbərdar olan Allah bizə
verdiyi kimi Müqəddəs Ruhu onlara da verməklə təsdiq etdi ki, onları qəbul edir. 9 Onlarla bizim aramızda heç bir ayrı-seçkilik yaratmadı, imanları ilə onların da ürəklərini
təmizlədi. 10 Elə isə nə bizim, nə də ata-babalarımızın gəzdirə bilmədiyi
boyunduruğu niyə bu şagirdlərin boynuna yükləyərək Allahı sınağa çəkirsiniz? 11 Əksinə, inanırıq ki, biz də Rəbb İsanın lütfü ilə xilas oluruq, onlar da».
12 Onda bütün toplantı sakitləşdi və Barnaba ilə Paula qulaq
asmağa başladılar. Barnaba ilə Paul Allahın onlar vasitəsilə başqa millətlər arasında göstərdiyi əlamət və xariqələrin
hamısını danışdı. 13 Onlar sözlərini yekunlaşdırandan sonra Yaqub söz alıb
dedi: «Qardaşlar, mənə qulaq asın! 14 Allah başqa millətlərdən Öz adı üçün
bir xalq yaratmaq məqsədi ilə onlara ilk dəfə necə nəzər salması barədə Şimon izahat verdi. 15 Peyğəmbərlərin sözləri bunu təsdiqləyir. Orada yazıldığı kimi:
16 “Bundan sonra qayıdacağam,
Davudun yıxılan çadırını bərpa edəcəyəm.
Onun dağılan yerlərini yenidən tikəcəyəm,
Onu əvvəlki halına salacağam,
17-18 Ona görə ki qalan insanlar –
Mənim adımla çağırılan bütün millətlər Rəbbi axtarsınlar.
Bunları qədimdən bəri məlum edən Rəbb belə deyir”.
19 Beləliklə, bu qərara gəlmişəm ki, başqa millətlərdən Allaha
tərəf dönənlərə maneçilik törətməməliyik. 20 Lakin onlara yazmalıyıq ki,
bütlərə təqdim olunub murdarlanan qurbanların ətini, boğularaq öldürülən heyvanların ətini və qan yeməsinlər;
əxlaqsızlıqdan da özlərini uzaq saxlasınlar. 21 Çünki qədim nəsillərin
dövründən bəri hər şəhərdə Musanın sözlərini vəz edənlər var və bu sözlər hər Şənbə günü sinaqoqlarda oxunmaqdadır».
Yəhudi olmayanlara məktub
22 Buna görə bütün imanlılar cəmiyyəti ilə həvarilər və
ağsaqqallar razılığa gəldilər ki, öz aralarından adamlar seçib Paul və Barnaba ilə birlikdə Antakyaya göndərsinlər.
İmanlı bacı-qardaşlar arasında rəhbərlik edən Barsabba adlanan Yəhuda ilə Silanı seçdilər. 23 Onların əlinə bu məktubu verib göndərdilər:
«İmanlı qardaşlarınız olan biz həvarilərlə ağsaqqallardan Antakya, Suriya və Kilikiyada yaşayan, başqa
millətlərdən olan bacı-qardaşlara salam!
24 Eşitdik ki, bizlərdən bəzi adamlar yanınıza gəlib sözləri
ilə sizi lərzəyə salaraq düşüncələrinizi qarışdırıblar. Lakin bunu onlara biz tapşırmamışdıq. 25 Ona görə də aramızdan bəzi adamları seçib sevimli dostlarımız Barnaba və Paulla bərabər
sizin yanınıza göndərməyi yekdilliklə qərara aldıq. 26 Hər ikisi Rəbbimiz İsa
Məsihin adı uğrunda canını təhlükəyə atıb. 27 Qərarımıza müvafiq sizin
yanınıza Yəhuda ilə Silanı göndəririk ki, eyni şeyləri sizə şifahi olaraq şərh etsinlər. 28 Müqəddəs Ruh və biz vacib olan bu qaydalardan başqa sizin üstünüzə heç nəyi yükləməməyi
lazım bildik: 29 Bütlərə təqdim olunan qurbanların ətini, boğularaq öldürülən
heyvanların ətini və qan yeməyin; əxlaqsızlıqdan da özünüzü uzaq saxlayın. Bunlardan qaçsanız, düz edərsiniz. Salamat
qalın».
30 Beləliklə, adamlar yola düşüb Antakyaya getdilər və camaatı
bir yerə yığıb məktubu onlara verdilər. 31 İmanlılar ucadan oxunan məktubun
ürəkləndirici sözlərindən sevindilər. 32 İkisi də peyğəmbər olan Yəhuda və
Sila bir çox danışıqlar apararaq imanlı bacı-qardaşları ürəkləndirib ruhən möhkəmləndirdilər. 33 Bir müddət orada qalandan sonra onları göndərənlərin yanına qayıtmaq üçün bacı-qardaşlar
tərəfindən əmin-arxayın yola salındılar. 34 Amma Sila orada qalmaq
istədi.
35 Paulla Barnaba Antakyada qalıb xeyli başqa adamla birlikdə
Rəbbin kəlamını öyrədərək Müjdəni yaydılar.
Paulla Barnaba arasında fikir ayrılığı
36 Bundan bir qədər sonra Paul Barnabaya dedi: «Rəbbin kəlamını
elan etdiyimiz bütün şəhərlərə qayıdıb imanlı bacı-qardaşlara baş çəkək, hal-əhval tutaq». 37 Barnaba istədi ki, Mark adlanan Yəhyanı da aparsınlar. 38 Amma Paul Pamfiliyada onları atıb gedən, onlarla birlikdə işini başa çatdırmayan adamı
özləri ilə götürməyi məsləhət bilmədi. 39 Onların arasında elə kəskin fikir
ayrılığı oldu ki, bir-birlərindən ayrıldılar. Barnaba Markı götürüb Kiprə doğru yelkən açdı. 40 Paul isə Silanı seçdi və imanlı bacı-qardaşlar tərəfindən Rəbbin lütfünə əmanət ediləndən
sonra yola çıxdı. 41 Onlar Suriya və Kilikiyanı gəzib-dolaşdılar və
cəmiyyətləri möhkəmləndirdilər.