Salamlar və xahişlər
1 Kenxreyadakı cəmiyyətin xidmətçisi olan bacımız Fibi barədə
sizə zəmanət verirəm. 2 Onu Rəbdə olduğu üçün müqəddəslərə layiq tərzdə qəbul
edin, nə ehtiyacı varsa, siz ona kömək edin. Çünki o, çoxlarına və şəxsən mənə də hamilik edib.
3 Məsih İsada həmkarlarım olan Priskila və Akilaya salam
söyləyin. 4 Onlar mənim həyatım üçün öz canlarını təhlükəyə saldılar. Onlara
yalnız mən yox, başqa millətlərin bütün cəmiyyətləri də təşəkkür edir. 5 Onların evində toplanan cəmiyyətə də salam söyləyin.
Asiya vilayətindən Məsih üçün ilk məhsul olan sevimli qardaşım Epenetə salam çatdırın.
6 Sizin üçün xeyli zəhmət çəkmiş Məryəmə salam söyləyin.
7 Həvarilər arasında şöhrət qazanmış, məndən əvvəl Məsihdə olmuş
soydaşlarım və zindan yoldaşlarım Andronikosa və Yuniyaya salam çatdırın.
8 Rəbdə mənə sevimli olan Ampliyata salam söyləyin.
9 Məsihdə həmkarımız olan Urbana və mənə sevimli olan Staxisə
salam çatdırın.
10 Məsihdə sədaqəti sübut edilmiş Apellisə salam söyləyin.
Aristobulun ailəsindən olanlara salam çatdırın.
11 Soydaşım Hirodiona salam söyləyin.
Narkisin ailəsindən Rəbdə olanlara salam çatdırın.
12 Rəbbin xidmətində zəhmət çəkmiş Trifena ilə Trifosaya salam
söyləyin.
Rəbbin xidmətində xeyli zəhmət çəkmiş sevimli Persisə salam çatdırın.
13 Rəbdə seçmə insan olan Rufusa və mənə də analıq edən anasına
salam söyləyin.
14 Asinkritə, Fleqona, Hermesə, Patrobaya, Hermaya və onlarla
birlikdə olan bacı-qardaşlara salam çatdırın.
15 Filoloqa, Yuliyaya, Nereyə və onun bacısına, Olimpaya və
onlarla birlikdə olan bütün müqəddəslərə salam söyləyin.
16 Bir-birinizi müqəddəs öpüşlə salamlayın. Məsihin bütün
cəmiyyətləri sizə salam göndərir.
17 Qardaşlar, sizə yalvarıram ki, öyrəndiyiniz təlimin əleyhinə
çıxaraq ayrılıq salan və büdrəməyə səbəb olan adamlara nəzarət edin və onlardan uzaq durun. 18 Çünki belə adamlar Rəbbimiz Məsihə deyil, öz qarınlarına qulluq edirlər; onlar yağlı və
yaltaq nitqləri ilə sadəlövh adamların ürəklərini tovlayırlar. 19 Sizin
itaətiniz hamıya bəllidir. Buna görə də sizin üçün sevinirəm. Amma istəyirəm ki, yaxşı işlərdə müdrik, pis işlərdə
məsum olasınız. 20 Sülh qaynağı olan Allah Şeytanı tezliklə ayaqlarınızın
altında əzəcək. Rəbbimiz İsanın lütfü sizə yar olsun!
21 Həmkarım Timotey, soydaşlarım Luki, Yason və Sosipater sizə
salam göndərir.
22 Bu məktubu yazıya alan mən Terti də Rəbbin ismi ilə sizə
salam söyləyirəm.
23 Məni və bütün cəmiyyəti qonaq saxlayan Qayın sizə salamı
var.
Şəhərin xəzinədarı olan Erast və Kvart qardaş da sizə salam göndərir. 24 Rəbbimiz Isa Məsihin lütfü sizin hamınızla olsun. Amin. (Rom. 16:20; 2Sal.
3:18).
Allaha əbədi izzət olsun
25 Allah mənim elan etdiyim Müjdəyə və İsa Məsih barədə vəzə
görə, əzəldən bəri gizli saxlanmış sirri aydınlaşdıran vəhyə uyğun olaraq, sizi qüvvətləndirməyə qadirdir; 26 bu həmin sirdir ki, indi aşkar olmuş və əbədi Allahın əmrinə əsasən
peyğəmbərlərin Yazıları vasitəsilə bütün millətlərin iman gətirib itaət etməsi üçün bəyan edilmişdir; 27 o yeganə və müdrik Allaha İsa Məsih vasitəsilə əbədi izzət olsun! Amin.