23-cü fəsil
1-4
DİNİ YÜKƏ ÇEVİRDİLƏR (Matta
23:1-4)
Burada artıq fariseylərin xüsusiyyətləri görünməyə başlayır. Biz
burada yəhudilərin imanın davamlılığına əminliyini görürük. Allah Musa
peyğəmbərə Qanun verdi. Musa onu Yeşuaya, Yeşua ilahiyyatçılara,
ağsaqqallar peyğəmbərlərə, peyğəmbərlər isə ilahiyyatçılara və
fariseylərə ötürdülər.
Bir anlıq da olsa, düşünmək olmaz ki, İsa Məsih bütün norma və
qaydalarla ilahiyyatçılar və fariseylərin Adamı idi. İsa onlara deyir:
«Musanın Allahdan aldığı Qanunun böyük prinsiplərini ilahiyyatçılar və
fariseylər sizə öyrətdiklərinə görə onlara riayət etməlisiniz».
Matta 5:17-20-ni öyrənərkən, biz bu prinsiplərin nə olduğunu
görürük. Bütün On Əmr iki böyük prinsipə əsaslanır. Onlar
ehtirama — Allaha, Allahın adına, Allahın gününə və Allahın
bizə bəxş etdiyi valideynlərə ehtirama əsaslanır. Onların əsasında
hörmət — insan həyatına, insanın malına, şəxsiyyətinə,
nüfuzuna, özünə hörmət durur. Bu prinsiplər əbədidir. Nə qədər ki
ilahiyyatçılar, fariseylər Allaha ehtiram etməyi və insana hörmət
göstərməyi öyrədirdilər, onların təlimi həmişə böyük təsirə malik
idi.
Lakin onların din anlayışının əsas bir nəticəsi var idi: onlar dini
minlərlə qayda və qanunlara, dözülməz bir yükə çevirdilər.
Dinin təqdimatının meyarı budur: din insanı yuxarı qaldıran qanaddır,
yoxsa onu aşağı çəkən ağırlıq? İnsana sevinc gətirir, yoxsa kədər?
İnsanın dini ona kömək edir, yoxsa onu təqib edir? Din insanın yükünü
çəkir, yoxsa insan dinin? Din öz yükü və qadağaları ilə insanı əzməyə
başlayanda həqiqi din olmaqdan çıxır.
Fariseylər heç bir güzəştə icazə vermirdilər. Onların məqsədi «Qanun
ətrafında hasar çəkmək» idi. Onlar heç bir qaydanı rahatlaşdırmaq və ya
aradan qaldırmaq istəmirdilər. Din yükə çevrildikdə əsl din olmaqdan
uzaqlaşır.
5-12
ZAHİRİ DİN (Matta 23:5-12)
Fariseylərin dini istər-istəməz zahiri olmaq məcburiyyətində idi və
belə də oldu. Əgər din saysız-hesabsız norma və qaydalara əməl
etməkdirsə, onda insan başqalarının onun bu norma və qaydalara necə əməl
etdiyini, mükəmməlliyini görsünlər deyə diqqət yetirir. İsa Məsih
fariseylərin diqqət çəkmək xətrinə etdiyi bəzi hərəkət və vərdişləri
xüsusilə vurğulayır.
Onlar dua qutucuqlarını genişləndirirlər. Çıxış
13:9-da deyilir: «Qoy bu əlinizdə nişanə və gözlərinizin önündə
xatirə olsun ki, Rəbbin qanunu dilinizdən düşməsin». Bu fikir başqa
yerdə də təkrarlanır: «Qoy bu əlinizdə nişanə və gözünüz önündə xatirə
olsun...» (Çıxış 13:16; Qanunun təkrarı 6:8; 11:18). Bu əmrləri
yerinə yetirmək üçün yəhudilər dua zamanı özləri ilə tefillin
və ya filakteriyalar, yəni dua qutucuqları
daşıyırdılar. Onları şənbə və müqəddəs günlərdən başqa bütün günlərdə
daşıyırdılar. Bunlar bir növ kiçik dəri qutucuqlardır. Biri biləkdə,
biri də alında daşınır. Biləyə taxılan qutucuq bir bölməsi olan kiçik
dəri qutudur, içərisində Müqəddəs Kitabdan dörd ayə yazılmış perqament
tumarcığı var: Çıxış 13:1-10; 13:11-16; Qanunun təkrarı 6:4-9;
13:1-21. Üzərində bu mətnlərdən birinin yazıldığı, dörd kiçik
bölməsi olan, hər birində də bir tumarcıq yerləşən eyni cür dəri qutu
alına taxılırdı. Fariseylər özlərinə diqqət çəkmək üçün bu
filakteriyaları taxmaqla kifayətlənmirdilər. Qanuna itaət
etdiklərini və nümunəvi ibadətlərini hər kəsə göstərmək üçün onlar bu
qutuları xüsusilə böyütmüşdülər.
Onlar geyimlərinin qotazlarını uzadırdılar. Yunan dilində
həmin geyimə kraspeda, qədim ibrani dilində isə sisit
deyilirdi. Saylar kitabı 15:37-41 və Qanunun təkrarı
22:12-də biz oxuyuruq ki, Allah Öz xalqına paltarlarının ətəyinə
qotaz taxmağı əmr etmişdi. Xalq həmin qotazlara baxanda Rəbbin
bütün əmrlərini xatırlamalı idilər. Bu qotazlar paltarın kənarlarında
dörd qotaza bənzəyirdi. Daha sonra yəhudilər onları alt paltarlarına
taxdılar. İndi onlar mömin yəhudinin ibadət üçün taxdığı dua şalındakı
qotazlarda saxlanılır. Fariseylər bu qotazları təqva əlaməti olsun deyə
böyüdürdülər. Artıq onlar insana əmrləri xatırlatmırdı. Əksinə, bütün
diqqəti insana çəkirdilər.
Bundan əlavə, fariseylər ziyafətlərdə ev sahibinin sağ və sol
tərəfində yuxarı başda oturmağı xoşlayırdılar. Onlar sinaqoqlarda baş
kürsülərdə oturmağı sevirdilər. İsraildə arxa oturacaqları uşaqlar və ən
əhəmiyyətsiz insanlar tuturdular. Oturacaqlar nə qədər öndə olsa, hörmət
bir o qədər böyük olardı. Ən hörmətlisi camaatla üz-üzə qalan
ağsaqqalların yerləri idi. Orada oturanı hamı görürdü və bütün ibadət
boyu o, hər kəsin görə biləcəyi xüsusi möminliyini nümayiş etdirə
bilərdi. Bundan başqa, fariseylər onlara ravvin kimi və böyük hörmətlə
müraciət edilməsini xoşlayırdılar. Onlar özlərinə qarşı ata-analarına
etdiyi hörmətdən daha çoxuna iddia edirdilər. Bunu belə
əsaslandırırdılar ki, ata-ana insana cismani ömür verir, müəllim isə
əbədi həyat verir. Onlar hətta Elişanın İlyası çağırdığı (2Padşahlar
2:12) və iman atalarının çağırıldığı kimi mənim atam deyə
çağırılmalarını xoşlayırdılar.
İsa Məsih bəyan edir ki, məsihçinin yalnız bir Müəllimi var — O da
Məsihdir. Göydə yalnız bir Ata var — O da Allahdır. Məsihçi bunu yaddan
çıxartmamalıdır.
Fariseylər yalnız bir şey haqqında düşünürdülər — diqqəti cəlb edəcək
şəkildə geyinmək və hərəkət etmək. Məsihçi isə hər şeyi gizli etməlidir
ki, insanlar xeyirxah əməllərini görüb onu yox, Səmavi Atasını
tərifləsinlər. Nümayişkarcasına edilən və qəlbə qürur verən din —
yalançı dindir.
13
QAPILARIN BAĞLANMASI (Matta
23:13)
Bu fəslin 13-26-cı ayələri bütün Əhdi-Cədidin ən dəhşətli və
haqlı ittihamıdır. Burada biz A.Robertsonun dediyi kimi, «İsanın
qəzəbinin guruldayan ildırımını» eşidirik. Alman ilahiyyatçısı Plümmerin
yazdığı kimi, vay halınıza ifadəsi «şiddətli ildırım vurmasına
bənzəyir... bu ildırım vurması zərbə ilə ifşa edir...».
Burada İsa ilahiyyatçıları və fariseyləri yeddi dəfə ifşa
edir. Müqəddəs Kitabda onlar vay halınıza sözləri ilə
başlayır. Yunan dilində bu ouay deməkdir. Bu sözü tərcümə etmək
çətindir, çünki özündə yalnız qəzəbi deyil, həm də
kədəri ehtiva edir. Bu sözdə ədalətli qəzəb səslənir, lakin bu,
insanların inadkar korluğundan qırılan sevən bir qəlbin qəzəbidir. O,
təkcə amansız qınağı deyil, həm də kəskin faciəvi atmosferi ehtiva
edir.
İkiüzlülər sözünə təkrar-təkrar rast gəlinir. Əvvəlcə yunan
dilində hupokrites sözü cavab verən mənasında
işlədilirdisə, sonradan ifadə və cavabla, yəni dialoqla, səhnə ilə
əlaqələndirilməyə başladı. Yunan dilində bu söz həm də aktyor
deməkdir. Sonra bu, sözün ən pis mənasında aktyor mənasını verməyə
başladı — yəni uyduran, özündən rol oynayan, əsl hisslərini
gizlətmək üçün maska taxan, fikrində və qəlbində tamamilə fərqli bir şey
olduğu halda, nümayişkaranə oynayan adam anlamına gəldi.
İsanın nəzərində ilahiyyatçılar və fariseylər rol oynayan insanlar
idi. İsa Məsih bununla demək istəyirdi ki, fariseylərin din haqqında
təsəvvürü qaydalara zahirən, nümayişkaranə əməl etməkdən, məharətlə
filakteriyalar və qotazlar taxmaqdan, qanunun norma və qaydalarına ciddi
riayət etməkdən ibarət idi. Ürəklərində isə kin, paxıllıq, qürur və
təkəbbür var idi. İsanın nəzərində ilahiyyatçılar və fariseylər ibadət
və xeyirxahlıq pərdəsi altında ən allahsız hisslərin hakim olduğu bir
ürək gizlədən insanlar idi. Bu, imanın mahiyyətini zahiri normalara
riayət etməkdə və gözlə görünən əməllərdə görən hər bir şəxsə az-çox aid
olacaq.
İsanın belə bir yazılmamış kəlamı var: «onlar Padşahlığın açarını
gizlətdilər». O, ilahiyyatçıları və fariseyləri qınayırdı. Çünki onlar
nəinki özləri Padşahlığa girirlər, həm də ora getmək istəyənlərin üzünə
qapıları bağlayırlar. İsa bu ittihamla nə demək istəyirdi?
Biz artıq gördük ki (Matta 6:10), Padşahlıq haqqında Allahın
iradəsinin göydə olduğu kimi yerdə də mükəmməl şəkildə həyata
keçirildiyi bir cəmiyyət olması təsəvvürünə sahib olmaq daha yaxşıdır.
Padşahlığın vətəndaşı olmaq — Allahın iradəsini yerinə yetirməklə
eynidir. Fariseylər inanırdılar ki, Allahın iradəsini yerinə yetirmək —
onların minlərlə xırda norma və qaydalarına əməl etmək deməkdir. Bu isə
məhəbbətə əsaslanan Padşahlığa heç bənzəmir. İnsanlar Padşahlığın
girişini tapmağa çalışdıqda, fariseylər onlara bu qayda və normaları
göstərdilər. Bu da qapını onların üzünə çırpmağa bənzəyirdi.
Fariseylər din haqqında təsəvvürlərini Allahın əmrlərindən üstün
tuturdular. Fariseylər əsas həqiqəti unutmuşdular: insan başqalarını
öyrədirsə, öncə Allahı dinləməlidir. Müəllim və ya təbliğçidən
gözlənilən ən böyük təhlükə odur ki, o öz qərəzlərini ümumbəşəri
prinsiplər əsasında qurmağa və Tanrının həqiqətini öz ideyaları ilə əvəz
etməyə başlayacaq. Bunu edən müəllim və ya təbliğçi Padşahlığa bələdçi
deyil, ona gedən yolda maneədir. Çünki özünü aldatmaqla başqalarını da
aldadır.
14
15
ŞƏRİN MİSSİONERLƏRİ (Matta
23:15)
Antik dünyanın özəlliyi o idi ki, yəhudilik insanlara eyni zamanda
həm iyrənc, həm də cəlbedici təsir göstərirdi. Yəhudilər qədər
heç kimə nifrət edilmirdi. Onların özünəməxsusluğu, başqa xalqlara
yuxarıdan aşağı baxmaları hər kəsdə onlara qarşı düşmənçilik hissi
oyadırdı. Əslində, hamı inanırdı ki, onların imanlarının əsasında heç
vaxt və heç bir şəraitdə bütpərəstə kömək etməyəcəyinə dair bir and
durur. Elə bir and ki, hətta bütpərəst onlardan sadəcə yolun
istiqamətini soruşsa belə, ona kömək etməməsini tələb edir. Şənbə gününə
riayət etmələri yəhudilərə tənbəl ad-sanı qazandırmışdı. Donuz ətindən
imtina etmələri onları gülüş obyektinə çevirmişdi. İş o yerə çatmışdı
ki, onların donuzu özlərinə tanrı saydıqları iddia edilirdi. Qədim
dünyada antisemitizm real və universal bir qüvvə idi.
Amma buna baxmayaraq, onda cəlbedici bir şey var idi. Allahın tək
olması ideyası çoxlu tanrıya inanan dünyaya möcüzə kimi gəlmişdi.
Yəhudilərin əxlaqi saflığı və əxlaq normaları əxlaqsızlığa düçar olmuş
dünyanı, xüsusilə, qadınları valeh etmişdi. Ona görə də yəhudilik onları
özünə cəlb etmişdir.
Yəhudilik onları iki cəhətdən cəlb etmişdi. Sözdə Allahdan
qorxanlar tək Allah haqqında xəbəri və yəhudi əxlaq qaydalarını
qəbul etdilər. Lakin nə dini mərasimlərə əməl etdilər, nə də sünnət
olundular. Belələri çox idi. Onları hər sinaqoqda dinləyib dua edən
görmək olardı. Sonralar onlar Paulun müjdəçiliyi üçün ən məhsuldar sahə
təşkil etdilər. Onlara, məsələn, Salonikidə Allaha ibadət edən
yunanları nümunə göstərmək olar (Həvarilərin İşləri
17:4).
Fariseylərin məqsədi Allahdan qorxanları yəhudi dinini
qəbul edənlərə çevirmək idi. Prozelit sözü yunanca
prozelitos sözünün transliterasiyasıdır,
yaxınlaşan və ya yeni gələn deməkdir.
Prozelit — Allahın Qanununu və sünnəti qəbul etmiş, sözün əsl
mənasında, yəhudi olmuş şəxsdir. Yeni iman edələr çox vaxt yeni
dinlərinin fanatik tərəfdarlarına çevrilirdilər. Prozelitlərin çoxu
hətta yəhudilərin özlərindən də çox yəhudi qanunlarına sadiq idilər.
İsa Məsih fariseyləri pisliyin missioneri olmaqda ittiham edirdi.
Düzdür, prozelit olanlar az idi, amma prozelit olanların da qarşısını
heç kəs kəsə bilmirdi. Fariseylərin günahı ondan ibarət idi ki, onlar
heç də insanları Allaha tərəf aparmağa çalışmırdılar. Onlar insanları
fariseyliyə yönəltməyə çalışırdılar. İstənilən missioneri təhdid edən ən
böyük təhlükə odur ki, o, insanları imana yox, məzhəbə yönəltməyə
başlayacaq. Beləcə o, insanları İsa Məsihə yox, kilsəyə gətirməkdə
maraqlı olacaq.
Məsihə iman edən hindu Premanand məsihçiliyi iyrəncləşdirən məzhəb
barədə belə deyir: «Mən məsihçi kimi danışıram. Allah mənim Atam, İmanlı
Cəmiyyəti mənim Anamdır. Adım məsihçi, soyadım katolikdir. Çünki biz
Dünya Kilsəsinə aidik. Onda başqa adlara ehtiyacımız varmı? Nəyə görə
bura Anqlikan, Yepiskop, Protestant, Presviterian, Metodist, Baptist,
Konqreqionalist və digər məzhəbləri əlavə edək? Bu adlar ayırıcılıq,
məhdudiyyətlik, məzhəbçilik gətirir. Onlar qəlbi daşlaşdırır».
Xeyr, fariseylər insanları Allaha tərəf deyil, öz farisey təriqətinə
yönəldirdilər. Onların günahı elə bunda idi. Əgər bu gün də bir insanın
qurbangahda yer tutmazdan əvvəl bir kilsəni tərk edib, başqa bir
kilsənin üzvü olması israr edilirsə, bu günah yer üzündən silinibmi? Ən
böyük yalançı təlim də odur ki, hər hansı bir kilsə Allaha daha yaxın və
ya Onun həqiqətində olduğunu, yaxud da Allahın Padşahlığının yeganə
qapısı olduğunu iddia edir.
16-22
MƏSULİYYƏTDƏN
BOYUN QAÇIRMAQ MƏHARƏTİ (Matta 23:16-22)
Artıq gördük ki, andiçmə məsələlərində yəhudi ilahiyyatçılar
hiyləgərlikdə peşəkar idilər (Matta 5:33-37). Hiylənin əsas
prinsipi belə idi: yəhudilərin nəzərində and pozulmaz and idisə,
məcburi idi. Sözün geniş mənasında, əgər Allahın adı kifayət
qədər qəti və heç bir qeyri-müəyyənlik olmadan çəkilirdisə, and pozulmaz
sayılırdı. Belə bir andı nəyin bahasına olursa olsun, yerinə yetirmək
lazım idi. İstənilən başqa and pozula bilərdi. Andın mahiyyəti o idi ki,
əgər, həqiqətən, andda Allahın adı çəkilibsə, o zaman Allah şahid kimi
məsələyə cəlb olunurdu. Belə andı pozmaq təkcə insanların etibarını
qırmaq deyil, həm də Allahı təhqir etmək demək idi.
Vəziyyətdən çıxmaq məharəti yüksək kamilliyə çatmışdır. İsa Məsih
deyir: «Siz məsuliyyətdən boyun qaçırmağı elə kamilliyə çatdırmısınız
ki, Məbədə and içmək məcburi deyil, Məbədin qızılına and içmək məcburi
sayılır. Qurbangahda and içmək istəyə bağlıdır. Amma qurbangaha
gətirilən qurbana içilən and pozulmazdır». Bu, yəhudi üsullarının hərfi
təsvirindən daha çox absurd görünür.
Bu hissədəki ideya ondan ibarətdir ki, anda bütün yanaşma, müxtəlif
hiylə və bəhanələr anlayışı köklü bir hiylədən qaynaqlanır. Həqiqətən,
mömin bir insan heç vaxt şüurlu şəkildə verdiyi sözdən boyun qaçırmaz.
And içdikdən sonra vədinə əməl etməyi mümkünsüz hesab edərsə, heç vaxt
əvvəlcədən çıxış yolu tapmağa çalışmaz.
Fariseylərin bəhanə gətirdiyi bu ikiüzlülüyünü qınamamalıyıq. Bu gün
də insan bir bəhanə ilə öz vəzifəsindən yayınmağa çalışır və ya qanunun
ruhunun ondan açıq-aşkar tələb etdiyi şeyi etməmək üçün Qanunun hərfi
mənasına müraciət edir.
İsa Məsih hesab edirdi ki, pozulmazlıq prinsipi iki başlanğıca
əsaslanır: Allah bizə deyilən hər sözü eşidir və ürəyimizdəki hər
niyyəti görür. Buna görə də vəzifə və sözlərdən yayınmaq üçün bəhanələr
və fürsətlər tapmaq bacarığı məsihçiyə yad olmalıdır. Hiylə tərzi
qeyri-adi dünyəvi əməllər və fırıldaqlar üçün yaxşı olsa da, məsihçi
şüurunun dürüstlüyü üçün deyil.
23-24
İTİRİLMİŞ MÜNASİBƏT
HİSSİ (Matta 23:23-24)
Ondabir hissə yəhudi dini normalarının mühüm elementi idi. «İlbəil
tarlalarınızda bitən bütün məhsulların onda bir hissəsini mütləq ayırın»
(Qanunun təkrarı 14:22). «Torpağın məhsulundan — onun verdiyi
taxıldan və ağacların meyvəsindən bütün onda bir hissə Rəbbə məxsusdur
və Onun üçün təqdis edilib» (Levililər 27:30). Ondabir xüsusi
olaraq Məbəddə bütün vacib işləri görən levililərin saxlanması üçün idi.
Qanun həm də ondabirin ödənilməli olduğu hər şeyi müəyyənləşdirdi:
«Yemək üçün yararlı və qorunub saxlanıla bilən, torpaqdan qidalanan hər
şeydən ondabir hissə vermək lazımdır». Həmçinin müəyyən edilmişdi:
«Şüyüdün onda birini toxumundan, yarpaqlarından və gövdəsindən verin».
Beləliklə, müəyyən olundu ki, hər kəs öz məhsulunun onda birini Allaha
verməlidir.
İsanın sözlərinin mənası belədir: hamı fikirləşirdi ki, əsas taxıl və
meyvələrin onda birini verməlidir. Mətbəx üçün ədviyyatlar — zirə, şüyüd
və nanə çox miqdarda yetişdirilmirdi, cəmi bir neçə budaq. Hər üç
göyərti ədviyyat kimi, şüyüd və zirə isə eyni zamanda dərman kimi də
istifadə olunurdu. Onlardan ondabir hissə ayırmaq bir bitkini təqdim
etmək demək idi. Çox az adam bağdan bir bitkinin ondabirini verərdi.
Ancaq fariseylər məhz belə edirdilər. Onlar ondabir məsələsində o
qədər xırdaçı idilər ki, hətta bir budaq nanə də qurban verirdilər. Eyni
zamanda haqsızlıq və vicdansızlıqda günahkar da ola bilərdilər. Onlar
qəddar, təkəbbürlü, sərt, mərhəmət yalvarışlarına qarşı kar ola
bilərdilər. Öhdəliklərini yerində yetirməkdən yayınmaq niyyəti ilə
sədaqəti unudar, and və vədlər verə bilərdilər. Başqa sözlə desək,
onların çoxu, həqiqətən, vacib olanları unudub, Qanunun qeyri-vacib
qaydalarına riayət edirdilər.
Bu ruh hələ də yaşayır. Məsih insanların qəlbində hökmranlıq edənə
qədər həmin ruh ölməyəcək. İmanlı cəmiyyətinə uyğun geyinən, imanlı
cəmiyyətinə ehtiramla ianə verən, dua edərkən düzgün şəkildə dayanan,
Rəbbin süfrəsindən heç vaxt yayınmayan, eyni zamanda heç vaxt işini
vicdanla yerinə yetirməyən, həmişə əsəbi, əhvalı pis olanlar, puluna
xəsislik edənlər çoxdur. Bir çox qadınlar xeyirxah işlərdən qalmaz,
müxtəlif komitələrdə təmsil olunar, övladları isə axşamlar özlərini
tənha hiss edərlər. Zahiri dini normalara əməl edib tamamilə dinsiz
olmaq çox asandır.
Dini norma və qaydalara zahirən əməl etməyi həqiqi ibadətlə
qarışdırmamaq üçün ölçü və nisbi əhəmiyyət hissinə malik olmaq
lazımdır.
İsa Məsih burada 23:24-də canlı nümunədən istifadə edir.
Məsələ ondadır ki, ağcaqanad dəvə kimi murdar heyvandır. Təsadüfən
murdar bir şey içməmək üçün şərab parçadan süzülürdü. Yəqin, bu
yumoristik mənzərə çox gülməli görünür, çünki insan xırda həşəratı
udmamaq üçün ehtiyatla şərabını parçadan süzür, eyni zamanda dəvəni
bütövlükdə udur. Bu, nisbi ölçü hissini tamamilə itirmiş bir insanın
təsviridir.
25-26
ƏSL TƏMİZLİK (Matta 23:25-26)
Yəhudi qanunlarında natəmizlik ideyasına daim rast gəlinir. Yadda
saxlamaq lazımdır ki, bu natəmizlik fiziki murdarlıq deyildi. Natəmiz
kasa bizim anladığımız kimi çirkli kasa deyil. Natəmiz olmaq insanın
Məbədə və ya sinaqoqa girə bilməməsi, ibadətdə iştirak etmək hüququndan
məhrum edilməsi demək idi. İnsan, məsələn, ölüyə toxunduqda və ya
bütpərəstlə təmasda olduqda murdar sayılırdı. Qadının qanaxması varsa,
hətta bu qanaxma tamamilə normal və sağlamlığa zərərli olmasa da, o,
murdar sayılırdı. Əgər belə bir murdar adam hər hansı qaba, kasaya
toxunardısa, qabın özü də murdar olurdu, həmin qaba toxunan, yaxud
onunla iş görən şəxs də murdar sayılırdı. Buna görə bütün qabların təmiz
olması son dərəcə vacib idi. Təmizliyi tənzimləyən qanun çox mürəkkəb
idi. Biz yalnız bəzi əsas nümunələri göstərə bilərik.
Gil, içi boş qab zahirən deyil, yalnız içəridən murdar ola
bilərdi. Belə qab yalnız bir şəkildə təmizlənə bilərdi — sındırılmaqla.
Aşağıdakı əşyalar murdar sayılmırdı: kənarı olmayan düz qab, açıq kömür
kürək, taxıl qurutmaq və ya qovurmaq üçün deşikli dəmir barmaqlıq. Amma
kənarı olan qab, ədviyyatlar üçün saxsı qab və ya yazı alətləri murdar
ola bilərdi. Dəridən, sümükdən, ağacdan və şüşədən düzəldilmiş yastı
qablar murdar ola bilməzdi, dərin olanlar isə natəmiz sayıla bilərdi.
Onlar yalnız sındırılan zaman təmiz sayılırdı. İstənilən metal qab,
istər hamar, istərsə də içi boş olsun, natəmiz sayıla bilərdi. Lakin
qapı, qıfıl, qapının ilgəyi və cəftəsi murdar ola bilməzdi. Əgər cisim
ağacdan və metaldan hazırlanıbsa, o zaman ağac murdar ola bilərdi, amma
metal yox. Bu qaydalar bizə fantastik görünə bilər, lakin fariseylər
xırdalığınadək onlara əməl edirdilər.
Qabdakı yemək və içkilər hiylə, qəsbkarlıq, oğurluq yolu ilə əldə
olunsa da, təntənəli və qarınqululuğa xidmət etsə də, əgər qablar təmiz
sayılırdısa, bütün bunların əhəmiyyəti yox idi. Bu, kiçik şeylərin
əhəmiyyətini şişirdərək vacib olanları görməməzlikdən gəlməyin başqa bir
nümunəsidir.
Bütün bunlar bizə nə qədər ziddiyyətli görünsə də, bu gün də belə ola
bilər. Məsələn, kilsə xalçanın rənginə və ya kilsə minbərinin bəzəyinə,
Rəbbin süfrəsi üçün kasanın hansı metal və ya hansı formada olmasına
görə bölünə bilər. Görünür, dində insanlara bu və ya digər şeylərin
nisbi əhəmiyyətini dərk etmək daha çətindir. Faciə də odur ki, çox vaxt
sülh kiçik şeylərin əhəmiyyəti ilə pozulur.
27-28
GİZLİ BÜDRƏMƏ (Matta 23:27-28)
Bu görüntü hər bir yəhudiyə yaxşı bəlli idi. Çox vaxt ölüləri yolun
kənarında basdırırdılar. Biz artıq gördük ki, ölüyə toxunan hər kəs
murdar sayılırdı (Saylar 19:16). Buna görə də qəbir daşına
toxunan hər kəs dini cəhətdən avtomatik olaraq natəmiz sayılırdı. İldə
bir dəfə Pasxa bayramında İsrailin yolları zəvvarlarla dolurdu. Pasxa
bayramına gedən yolda dini cəhətdən natəmiz olmaq insan üçün fəlakət
sayılırdı. Çünki bu onun bayramda iştirak edə bilməyəcəyi anlamına
gəlirdi. Buna görə də, yəhudilərin bir adəti var idi: Adar ayında yol
kənarındakı bütün məzar daşlarını ağardırdılar ki, heç bir zəvvar
təsadüfən onlara toxunmasın və murdar sayılmasın.
Əgər yazda kimsə İsrailə səyahət edirdisə, ağardılmış bu qəbir
daşları günəş şüaları altında gözəl görürdü. Lakin onların içində insanı
murdar edən cəsədlər və skeletlər var idi. İsa Məsih deyir ki,
fariseylər məhz belə insanlar idi: zahirən çox dindar və saleh, daxilən
vicdansız və günahla dolu.
Bu gün də vəziyyət eynidir. Vilyam Şekspirin dediyi kimi, insan
gülümsəyə, eyni zamanda yaramaz və əclaf ola bilər. İnsan
təvazökarcasına başını aşağı salıb, əllərini sinəsinə qoyub ehtiramlı
addımlarla yeriyə bilər, eyni zamanda günahkar hesab etdiyi şəxslərə
yuxarıdan aşağı baxa bilər. Onun təvazökarlığı qürur ola bilər; özünü
təvazökar göstərib, bəlkə də, insanların gözündə necə dindar göründüyünü
düşünüb zövq ala bilər. Həqiqətən, yaxşı insan üçün özünü xeyirxah hesab
etmək çətindir, amma öz müqəddəsliyinə heyran olan, başqalarının onu
necə hesab etməsindən asılı olmayaraq, artıq onu itirmişdir.
29-36
RÜSVAYÇI QƏTL LƏKƏLƏRİ
(Matta 23:29-36)
İsa Məsih yəhudiləri onların tarixində silinməmiş rüsvayçı qətl
ləkələrinin olmasına görə günahlandırır. İlahiyyatçılar və fariseylər
şəhidlərin məzarlarına qulluq edir, onların abidələrini bəzəyir və iddia
edirdilər ki, əgər onlar qədim zamanlarda yaşasaydılar, Allah adamlarını
və peyğəmbərlərini öldürməzdilər. Amma onlar məhz elə də edərdilər, necə
ki etdilər.
İsa Məsih deyir ki, İsrailin tarixi — Allah adamlarının
öldürülməsinin tarixidir. İsa deyir ki, Habildən tutmuş Zəkəriyyə
peyğəmbərə qədər salehlər öldürülüb. Nə üçün İsa Məsih bu ikisinin adını
çəkir? Hamı bilir ki, Habili Qabil öldürüb, amma Zəkəriyyə peyğəmbərin
qatilinin kimliyi o qədər də bəlli deyil. Həmin hekayə 2Salnamələr
24:20-22-də kədərli şəkildə təsvir olunub. Bu hadisə Yoaşın
dövründə baş verib. Zəkəriyyə peyğəmbər İsraili günahlarına görə
məzəmmət etdi. Yoaş isə xalqı ona qarşı qaldırdı və adamlar onu Məbədin
həyətində daşqalaq etdilər. Zəkəriyyə «Rəbb görsün və hökm etsin»
deyərək öldü. (Zəkəriyyə Yehoyadanın oğlu olduğu halda, Berekya oğlu
adlanır. Bu, çox güman, müjdəçinin təkrar danışarkən səhvidir).
Nə üçün İsa Məsih Zəkəriyyəni seçdi? Müqəddəs Kitabın ibrani
dilindəki versiyasında Yaradılış Kitabı, bizdə olduğu kimi, əvvəldə yer
alıb. Lakin bizim Müqəddəs Kitabdan fərqli olaraq, ibrani dilindəki
versiyada sonuncu İkinci Salnamələr Kitabıdır. Deyə bilərik ki, Müqəddəs
Kitab hekayəsində Habilin öldürülməsi birinci, Zəkəriyyənin öldürülməsi
sonuncudur. İsrailin tarixi lap əvvəldən sonadək Allah adamlarının rədd
edilməsi və çox vaxt öldürülməsi ilə bağlıdır.
İsa Məsih açıq-aydın göstərir ki, qətl ləkəsi silinməyib. İsa bilirdi
ki, O ölməlidir və gələcək günlərdə Onun elçiləri təqib ediləcək, rədd
ediləcək və öldürüləcək.
Bu isə doğrudan da faciədir: Allahın seçdiyi və sevdiyi xalq Ona əl
qaldırdı. Elə buna görə qisas günü gəlməlidir.
Bu məqam bizi düşünməyə vadar edir. Tarix bizi mühakimə edəndə hansı
hökmü verəcək: biz Allaha qarış çıxmışıq, yoxsa Onun köməkçiləri
olmuşuq? Bu suala hər bir insan və hər bir xalq cavab verməli
olacaq.
37-39
SEVGİ ÇAĞIRIŞININ
RƏDD EDİLMƏSİ (Matta 23:37-39)
Burada rədd edilmiş sevginin ağrılı faciəsi əksini tapıb. Burada İsa
Məsih bütün yer üzünün sərt Hakimi kimi deyil, bütün insanları sevən
biri kimi danışır.
Bu hissə İsanın həyatına müəyyən bir işıq salır. Biz bunu ötəri qeyd
edə bilərik. Sinoptik Müjdələrə görə, İsa xidmətinin başlanğıcından bu
Pasxa bayramına gələnədək heç vaxt Yerusəlimdə olmamışdı. Buradan biz
görürük ki, nə qədər hadisə Müjdə tarixində yer almayıb. Çünki İsa
Yerusəlimə dəfələrlə getməsəydi və dəfələrlə xalqı çağırmasaydı, burada
dediklərini deyə bilməzdi. Bu hissə bizə Müjdələrdə İsanın həyatının
yalnız eskizinin əksini tapdığını göstərir.
Bu hissə bizi dörd böyük həqiqətlə tanış edir.
-
Burada biz Allahın səbrini görürük. Yerusəlim
peyğəmbərləri öldürdü və Allahın elçilərini daşqalaq etdi. Lakin Allah
İsraili rədd etmədi, hətta oraya Öz Oğlunu göndərdi. Allahın sevgisində
insanların günahlarına dözən və onları tərk etməyən sonsuz səbir
var.
-
Burada biz İsanın çağırışını görürük. İsa Məsih sevən
biri kimi danışır. O, heç kəsi məcbur etmir. İsa yalnız bir silahdan —
sevgi çağırışından istifadə edir. O, qollarını açıb insanları çağırır.
İnsanların üzərinə isə böyük məsuliyyət düşür — bu çağırışı qəbul etmək
və ya rədd etmək.
-
Biz görürük ki, insanlar anidən deyil, qəsdən günah
edirlər. İnsanlar İsaya baxdılar və Onu çağırışının bütün əzəməti
ilə gördülər, amma Onu rədd etdilər. İnsanın ürəyinin qapısı ancaq
içəridən açılır. Bu qapının heç bir xarici kilidi yoxdur. İnsanın günahı
— Allahın İsa Məsihdəki çağırışından şüurlu şəkildə imtina
etməsidir.
-
Burada biz Məsihin rədd edilməsinin nələrə səbəb
olduğunu görürük. Cəmi qırx il keçəcək və 70-ci ildə Yerusəlim
xarabalığa çevriləcək. Bu ölüm yəhudilərin İsa Məsihdən imtinasının
birbaşa nəticəsi idi. Əgər yəhudilər məsihçiliyin məhəbbət yolunu
tutsaydılar və güc mövqeyindən, öz hərəkət tərzlərindən dönsəydilər,
Roma heç vaxt intiqam gücü ilə onların üzərinə gəlməzdi. Allahı inkar
edən xalq məhvə məhkumdur, onların aqibəti məhz belədir.