24-cü fəsil
1-31
GƏLƏCƏK HADİSƏLƏRİN
AÇIQLANMASI
Artıq gördük ki, müjdəçi Mattanın mühüm xüsusiyyətlərindən biri İsa
Məsihin bəzi məsələlərə dair təlimlərini böyük bölmələr şəklində bir
yerə toplaması idi.
24-cü fəsildə o, İsanın gələcək haqqında dediklərini
toplayır və bizə gələcək barədə təsəvvür verir. Matta bununla İsanın
gələcəyin müxtəlif aspektlərinə dair ifadələrini birləşdirir. Müəyyən
məqamları seçib ayrıca nəzərdən keçirsək, bu çətin fəsli başa düşmək
daha asan olacaq.
Matta ilk 31 ayə boyunca İsanın sözlərini birləşdirir. Buna görə
yaxşı olar ki, əvvəlcə bu ayələri tam oxuyaq, sonra gələcək haqqında
bəhs edən müəyyən aspektlərini vurğulayaq. Sonda sxemdə hər bir ayənin
düzgün yerini müəyyənləşdirək. Düzdür, biz sxemimizin mükəmməl və yekun
variant olduğunu iddia edə bilmərik, amma ümumi mənzərəni aydınlaşdıra
bilərik.
Gəlin əvvəlcə bütün bu ayələri ardıcıllıqla verək ki, onların
sonradan sxemimizdə lazımi yerlərdə yerləşdirilməsini asanlaşdıraq.
GƏLƏCƏYİN GÖRÜNTÜSÜ (Matta
24:1-31)
HADİSƏLƏRİN
BİR-BİRİNİN ARDINCA DÜZÜLMƏSİ
Budur, Matta tərəfindən bizim üçün bir araya gətirilmiş gələcəyin
mozaik mənzərəsi. Biz baş verən hadisələrin müxtəlif məqamlarını
vurğulamağa çalışacağıq. Əvvəlcə hadisələrin özünü vurğulayacaq, sonra
ətraflı şərhdə tam izahatını verəcəyik.
-
Roma sərkərdəsi Tit
tərəfindən
Yerusəlimin mühasirəyə alınması ilə dəhşətli günləri
proqnozlaşdıran bir neçə ayə. Bu, tarixin ən dəhşətli mühasirələrindən
biridir. Bunlar 15-22-ci ayələrdir.
-
Yerusəlimin tamamilə dağıdılmasından və xarabalıqlar
yığınına çevrilməsindən bəhs edən bir neçə ayə. Bunlar 1 və
2-ci ayələrdir.
-
Yəhudilərin Rəbbin Gününə dair konsepsiyasının təsvirini
verən bir neçə ayə. Biz bu konsepsiya haqqında əvvəllər danışmışıq,
lakin burada qısaca olaraq yenidən xülasəsini verəcəyik. Yəhudilər bütün
zamanı iki dövrə bölürdülər — indiki dövr və gələcək dövr. Onların
fikrincə, indiki dövr tamamilə pis idi və insanların yaxşılığa doğru
dəyişəcəyinə heç bir ümid qalmamışdı. Hər şey ancaq Allahın bilavasitə,
birbaşa müdaxiləsi ilə dəyişə bilərdi. Allah müdaxilə edəndə isə, Qızıl
dövr — gələcək dövr başlayacaq. Lakin bu iki dövrün arasında Rəbbin
Günü olacaq: dəhşətli və qorxulu fəlakətlər, sarsıntılar zamanı,
belə desək, yeni dövrün doğum sancıları olacaq.
Əhdi-Ətiqin özündə Rəbbin Gününün çoxlu təsvirləri var. Əhdi-Ətiqlə
Əhdi-Cədid arasındakı dövrdə yazılmış yəhudi kitablarında bu təsvirlər
bir qədər inkişaf etdirilərək daha qorxunc, daha dəhşətli şəkildə əksini
tapıb.
Bu, vahiməli vaxt olacaq. «O gün qəzəb günüdür: hər tərəfi
əziyyət və məşəqqətin, viran və talanın, qaranlıq və zülmətin, qara
buludların bürüdüyü gündür!» (Sefanya 1:14-18) Bu dəhşətin
mənzərəsi getdikcə daha qorxulu çalarlar alırdı.
Həmin gün qəflətən, gözlənilmədən gələcək. «Rəbbin günü oğru gecə
gəldiyi kimi gələcək» (1Saloniklilərə 5:2). Ravvinlər
deyirdilər ki, üç şey gözlənilmədən gəlir — Məsihin zühur etməsi, vəhy
və əqrəblər.
Kainat məhv olacaq. Günəş qaranlığa, ay qan rənginə dönəcək
(Yoel 2:30-31; Yeşaya 13:10-13).
Bu, bütün əxlaq normalarının alt-üst olacağı, təbiətin qeyri-təbii
hərəkət edəcəyi, həyatda müharibələrin, zorakılığın, nifrətin adiləşdiyi
mənəvi xaos vaxtı olacaq.
Şurer «Məsihin dövründə yəhudilər» əsərində yəhudilərin Rəbbin Günü
ilə bağlı fikirlərini bir araya gətirir:
«Günəş və ay tutulacaq, səmada qılınclar görünəcək, atların və
piyadaların qoşunları buludların arasından keçəcək. Təbiətdə hər şey
qarmaqarışıqlığa düşəcək. Əkin sahələri əkinsiz, dolu anbarlar boş
qalacaq, bulaqlar quruyacaq. İnsanlar arasında bütün qanuni hüquqlar
ləğv ediləcək. Dünyada günah və allahsızlıq hökm sürəcək. İnsanlar dəli
kimi bir-biri ilə vuruşacaqlar: yoldaş yoldaşına, oğul ataya, qız anaya
qarşı, xalq xalqa qarşı qalxacaq. Müharibələrlə yanaşı, insanları məhvə
sürükləyən zəlzələlər, yanğınlar, aclıqlar da başlayacaq».
Bunlar Rəbbin Gününün dəhşətli mənzərəsidir. Bunlar 6-8 və
29-31-ci ayələrdir.
-
Bəzi ayələr Məsihin davamçılarının dözməli olacaqları
təqiblərdən bəhs edir. Bunlar 9 və 10-cu
ayələrdir.
-
Bəzi ayələr İmanlı Cəmiyyətinin həyatını və müqəddəsliyini təhdid
edən təhlükələrdən bəhs edir. Bunlar 4 və 5,
11-13, 23-26-cı ayələrdir.
-
Bəzi ayələr birbaşa Məsihin İkinci Gəlişindən bəhs edir.
Bunlar 3, 14, 27-28-ci ayələrdir.
Beləliklə, Mattanın bu heyrətamiz və çətin fəslində biz ilk 31 ayədə
gələcəyə dair altıqat görüntüyə bənzər təsəvvürə malikik. İndi biz bu
görüntünü ayələr ardıcıllığı ilə deyil, eyni hadisələrə aid olanları
növbə ilə bir araya gətirməklə nəzərdən keçirməyə davam edəcəyik.
MÜQƏDDƏS ŞƏHƏRİN
MƏHVİ HAQQINDA (Matta 24:1-2)
Ola bilsin, şagirdlərin bəziləri Yerusəlimə tez-tez baş çəkmirdilər.
Onlar qalileyalılar, dağlılar, kəndlilər idi. Onlar gölün sahillərini
müqəddəs şəhərdən qat-qat yaxşı tanıyan balıqçılar idi. Təbii ki,
onların bəziləri paytaxta gələn ucqar kəndlərin sakinləri kimi
gördüklərinə heyran qalmışdılar. Bəli, bu, təəccüblü deyildi. Çünki
qədim dünyada Yerusəlim məbədinə bənzər heç nə yox idi.
Sion dağının zirvəsi bir kvadrat kilometrlik meydança yaratmaq üçün
qazıyıb yerlə düzləndirmişdi. Bu meydançanın sonunda ağ mərmərdən
tikilmiş və qızılla örtülmüş Məbəd (naos) yerləşirdi. Məbəd
günəşdə elə parıldayırdı ki, adam ona baxa bilmirdi. Aşağı şəhərlə Məbəd
arasında Tiropeon vadisi var idi. Onun üzərindən nəhəng bir körpü
salınmışdı. Körpünün tağlarının ölçüsü on iki metr, dayaqlarının
uzunluğu yeddi metr, qalınlığı isə bir metr yarım idi. Məbədin həyəti
böyük eyvanlarla — padşah eyvanı və Süleymanın eyvanı ilə əhatə
olunmuşdu. Bu eyvanları bərk mərmərdən oyulmuş, on iki metr hündürlükdə
və bir o qədər qalınlıqda olan sütunlar saxlayırdı. Üç nəfər çətinliklə
onları əhatə edə bilərdi. Məbədin künclərində uzunluğu 6 metrdən 12,5
metrə qədər olan, çəkisi 100 tondan çox olan daşlar tapılıb. Onların,
ümumiyyətlə, necə oyulduğu və necə yerinə qoyulduğu qədim mühəndisliyin
sirlərindən biridir. Buna görə Qalileyanın balıqçılarının buna baxıb
İsanın diqqətinə çatdırmaları təəccüblü deyildi.
İsa isə cavabında dedi ki, gün gələcək, burada daş üstündə daş
qalmayacaq. O, haqlı idi. 70-ci ildə yəhudilərin üsyankarlığından və
barışmazlığından əsəbiləşən romalılar bütün sakitləşdirmə cəhdlərini bir
kənara qoyub məhvetmə planına əl atdılar — Yerusəlim və Məbəd
yerlə-yeksan edildi. Beləcə İsanın peyğəmbərliyi sözün hərfi mənasında
yerinə yetdi.
Burada İsa-Peyğəmbər danışır. İsa bilirdi ki, güc siyasəti yalnız
məhvə səbəb ola bilər. Allahın yolunu tutmayan insan və xalq hətta maddi
cəhətdən məhvə doğru gedir. Allahın niyyətini inkar edən insan və xalqın
xəyalları da puç olacaq.
MÜHASİRƏNİN DƏHŞƏTİ (Matta
24:15-22)
Yerusəlimin mühasirəsi tarixin ən dəhşətli mühasirəsi idi. Yerusəlimi
almaq, həqiqətən, çətin idi: şəhər dağın üstündə qurulmuşdu və onun
müdafiəçiləri dini fanatiklər idi. Buna görə də Tit şəhəri aclıqla
tutmaq qərarına gəldi.
Heç kim xarabalığın iyrəncliyinin nə olduğunu dəqiq bilmir.
Bu ifadə Daniel peyğəmbərin Kitabı 12:11-dən götürülüb. Orada
söhbət məbəddə iyrənc xarabalıq yaratmaqdan gedir. Danielin
Kitabının başlanğıc nöqtəsi tamamilə aydındır. Eradan əvvəl 170-ci ildə
Suriya kralı I Antiox Epifan yəhudiliyi kökündən silmək və Yunan dinini
və Yunan həyat tərzini Yəhudeyaya gətirmək qərarına gəldi. O, Yerusəlimi
ələ keçirdi, məbədi murdarladı, orada Olimpiyaçı Zevsə qurbangah
düzəldib üzərində donuz əti kəsdi və məbədin ərazisində fahişəxanalar
qurdu. Bu, yəhudi dininin kökünü kəsmək üçün şüurlu şəkildə edilən cəhd
idi.
İsa bunların yenidən baş verəcəyini və əvvəlki kimi, Müqəddəs yerin
bir daha murdarlanacağını deyir. İsa Məsih 200 il əvvəlki dəhşətli
hadisələrin Yerusəlimdə təkrarlanacağını öncədən görmüşdü. Lakin bu dəfə
nə Yəhuda Makkabi olacaq, nə də bir üsyan. Bu dəfə heç bir qurtuluş,
təmizlənmə olmayacaqdı, yalnız sonadək məhv olacaq.
İsa qabaqcadan demişdi ki, mühasirə günləri qısalmasaydı, heç bir
canlı xilas ola bilməzdi. Maraqlıdır ki, İsa qəbul edilməsi mümkün
olmayan və fəlakətin miqyasını daha da artıran praktiki məsləhətlər
verdi. İsa insanlara o gün gələndə dağlara qaçmağı tövsiyə etdi. Amma
onlar bunu etmədilər; onlar ölkənin hər yerindən şəhərə və Yerusəlimin
divarlarının kənarına toplaşdılar. Bu da mühasirə zamanı aclığın
dəhşətini qat-qat artırdı.
İosif Flavinin hekayəsini oxusanız, İsanın bu dəhşətli gələcəyi
proqnozlaşdırmaqda nə qədər haqlı olduğunu görə bilərsiniz. İosif Flavi
o dəhşətli mühasirə və aclıq günləri haqqında belə yazırdı: «Sonra
qıtlıq yayılmağa başladı, insanları bütün ailələri və evləri ilə
birlikdə qırıb bitirdi. Yuxarı otaqlar acından ölən qadınlar və
uşaqlarla dolu idi. Şəhərin küçələri qocaların meyitləri ilə dolu idi.
Uşaqlar və gənclər bazar meydanlarında kölgə kimi dolaşır, aclıqdan
şişir, bədbəxtliyin onları yaxaladığı yerdə qəfil ölürdülər. Dəfn
məsələsinə gəlincə, sağ qalanlar ölüləri basdıra bilmirdilər. Sağlam,
hələ də qüvvəsi olanlar çoxlu sayda cəsəddən və ölümün onları nə vaxt
tutacağına dair qeyri-müəyyənlikdən qorxurdular. Çünki böyük əksəriyyət
başqalarını dəfn edərkən ölmüşdü. Çoxları isə ölüm saatları gəlməzdən
əvvəl qəbirlərə girib ölümlərini gözləyirdilər. Bu bəlanın içində heç
kim yas tutmur, heç kim şikayət etmirdi. Aclıq hər şeyə qalib gəlmişdi.
Çünki sağ qalanlar bu dünyadan canını qurtaranlara qibtə ilə baxırdılar.
Dərin sükut ölüm gecəsi kimi şəhəri bürümüşdü... Hamı gözlərini Məbədə
dikərək ölürdü» (İosif Flavi: «Yəhudi müharibəsi» 5.12.3).
İosif Flavi südəmər körpəsini öldürüb bişirən, sonra da yeyən qadının
dəhşətli əhvalatını danışır (6.3.4). O deyir: «Hətta romalılar şəhəri
işğal edib soymağa gedəndə, bütün bunları görüb elə dəhşətə gəldilər ki,
əlləri yanlarına düşdü». «Romalılar qarət etmək evlərə girəndə, bütün
ailənin öldüyünü, üst otaqların cəsədlərlə dolu olduğunu gördülər ...
Onlar bunu görəndə dəhşət içində dayandılar və heç nəyə toxunmadan
bayıra çıxdılar» (6.8.5). Bu mühasirənin dəhşətlərini İosif Flavi özü
yaşamışdır. O, 97 min nəfərin əsir götürüldüyünü və qul edildiyini, 1
milyon 100 min nəfərin isə öldüyünü qeyd edir.
İsa bütün bunları qabaqcadan görürdü. O, elə buna görə də xəbərdarlıq
edirdi. Yadda saxlamalıyıq ki, Məsihin hikməti təkcə insanlara deyil,
həm də xalqlara lazımdır. Əgər millətlərin və xalqların rəhbərləri Məsih
tərəfindən idarə olunmasalar, onlar insanları təkcə ruhani deyil, həm də
fiziki ölümə apara bilərlər. İsa Məsih dünyadan təcrid olunmuş
xəyalpərəst deyildi. O, xalqın əməl edib tərəqqi etməsi üçün qanunlar
qoydu. Xalq bu qanunlara əməl etməzsə, onu mütləq dəhşətli ölüm
gözləyir.
RƏBBİN GÜNÜ (Matta 24:6-8,
29-31)
Artıq gördük ki, yəhudi dünyagörüşünün və gələcəyə baxışının mühüm
elementi Rəbbin Günü anlayışıdır. Həmin gün Tanrının tarixin
gedişinə birbaşa müdaxilə edəcəyi və indiki dövrün bütün sağalmaz
pislikləri ilə birlikdə gələcək dövrə çevrilməyə başladığı gündür.
Əhdi-Cədid müəllifləri İsa Məsihin İkinci Gəlişini Rəbbin Günü ilə
eyniləşdirir, yəhudilərin Rəbbin Günü ilə əlaqələndirdikləri hər şeyi
qəbul edir və bunu İkinci Gəlişlə bağlayırdılar. Bu, tamamilə təbiidir.
Bu təsvirləri hərfi mənada başa düşmək olmaz: onlar görüntünün
özüdür, insan sözləri ilə təsvir olunmayanı ifadə etmək cəhdidir. Amma
bütün bu təsvirlərdən müəyyən həqiqətlər ortaya çıxır.
1. Həmin təsvirlər bizə Allahın dünyanı taleyin ümidinə buraxmadığını
söyləyir. Bütün zəifliklərinə rəğmən bu dünya Allahın niyyətinin həyata
keçirildiyi bir səhnədir. Allah dünyanı əldən verməyi düşünmür, Özü
dünyaya müdaxilə etməyi düşünür.
2. Həmin təsvirlər bizə hətta pislik tüğyan etsə də, ümidsizliyə
qapılmamalıyıq deyir. Rəbbin Gününün yəhudi mənzərəsinin vacib elementi
ondan əvvəl bütün əxlaq normalarının tamamilə dağılması və dünyanın
açıq-aydın tamamilə parçalanması fikridir. Lakin bütün bunlara rəğmən
bu, məhvin yox, bərpanın müqəddiməsidir.
3. Həmin təsvirlər bizə hökm və yeni yaradılışın yaxın olduğunu
söyləyir. Onlar bizə Allahın həm dünyanı mühakimə etmək niyyətində
olduğunu, həm də ona mərhəmət hissi ilə baxdığını, Allahın dünyanı məhv
etməyi deyil, daha çox yaratmağı planlaşdırdığını deyir. Çünki bu Onun
qəlbinin istəyidir.
Həmin təsvirlərin dəyəri, ən yaxşı halda yalnız simvolik olan və
insan ağlı ilə dərk edilən obrazların istifadə olunduğu detallarda yox,
onların ehtiva etdiyi əbədi həqiqətdədir. Əsas həqiqət budur ki, dünya
necə olsa da, Allah onu tərk etməmişdir.
GƏLƏCƏK TƏQİB (Matta 24:9-10)
Bu hissə İsanın güzəştsiz dürüstlüyünü göstərir. O, heç vaxt
şagirdlərinə asan həyat vəd etməyib. İsa, deyirdi ki, onları ölüm, əzab
və təqib gözləyir. Əsl İmanlı Cəmiyyəti qeyri-məsihçi dünyada mövcud
olduğu müddətcə həmişə təqib edilən İmanlı Cəmiyyəti olaraq qalacaqdır.
Bu təqib haradan qaynaqlanır?
-
İsa Məsih yeni sadiqlik təklif edir. O, dönə-dönə bəyan
edir ki, bu sədaqət bütün dünyəvi bağlardan üstün olmalıdır. İmanlı
Cəmiyyətinin mövcudluğunun ilk vaxtlarında ailə üzvlərindən biri Məsihi
qəbul edib, o biri etməyəndə, ailədaxili münaqişələr yaranırdı. Buna
görə də məsihçi cəmiyyətinə nifrət edilirdi. Məsihçi İsa Məsihi
həyatında birinci yerə qoyacağına dair təntənəli şəkildə söz verir. Bu
da bir çox insani münaqişələrin səbəbidir.
-
İsa Məsih yeni əxlaq normaları təklif edir. Bir çox
adət, vərdiş, həyat tərzi dünyəviləri məmnun edir. Amma bütün bunlar
məsihçilər üçün qəbuledilməzdir. İnsanların əksəriyyəti üçün məsihçilik
böyük və ya hətta keçilməz bir çətinlik yaradır. Çünki məsihçiliyə görə
onların özləri, həyat tərzi və ya işgüzar münasibətləri qınanır. Deməli,
məsihçiliyin özəlliyi ondadır ki, dəyişmək istəməyən hər kəs mütləq ona
nifrət edəcək.
-
Əgər məsihçi həqiqi məsihçidirsə, dünyaya yeni nümunə və
davranış nümunəsi göstərir. Onun gündəlik həyatında başqalarının həyatı
fonunda iyrənc görünən gözəllik var. Məsihçi başqalarını tənqid və
qınamaq mənasında deyil, Məsihsiz iyrənc, Məsihlə dolu həyatın
gözəlliyini şəxsi nümunəsində göstərmək mənasında dünyanın
işığıdır.
-
Bütün bunlar məsihçiliyin həyata yeni bilik gətirməsi
deməkdir. Məsihçi nə fərd olaraq, nə də cəmiyyət olaraq qorxudan
susmamalı, imanını gizlətməməlidir. İmanlı Cəmiyyəti və hər bir məsihçi
məsihçiliyin vicdan rəmzi olmalıdır. Təəssüf ki, insanların çoxu
vicdanlarını itirir.
İMANI
TƏHDİD EDƏN TƏHLÜKƏLƏR (Matta 24:4, 5; 11-13; 23-26)
İsa Məsih İmanlı Cəmiyyətinin gələcəyini iki təhlükənin təhdid
edəcəyini görürdü.
-
Yalançı rəhbərlərin təhlükəsi. Yalançı rəhbərlər İsa
Məsihdəki həqiqəti deyil, özlərinin həqiqət haqqında fikirlərini təbliğ
etməyə və insanları İsa Məsihə deyil, özlərinə cəlb etməyə
çalışanlardır. Nəticədə yalançı rəhbər birlik deyil, parçalanma gətirir.
Rəhbəri qiymətləndirməyin əsas meyarı onun Məsihə nə qədər
bənzəməsidir
-
İkinci təhlükə sevginin soyuması, ruhdandüşmədir.
Dünyada artan haqsızlıq səbəbindən çoxlarının sevgisi soyuyacaq. Həqiqi
məsihçi o insandır ki, iman etmək çətin olsa da Rəbbinə sadiq qalır, ən
çıxılmaz vəziyyətdə belə, Allahın əlini çəkdiyinə və ya Onun gücünün,
qüdrətinin azaldığına inanmaqdan imtina edir.
PADŞAHIN GƏLİŞİ (Matta
24:3-14, 27-28)
Burada İsa Məsih birbaşa İkinci Gəlişindən danışır. Əhdi-Cədiddə heç
vaxt İkinci Gəliş ifadəsi işlənmir. Məsihin izzətlə qayıdışını
ifadə etmək üçün Əhdi-Cədiddə çox maraqlı bir söz istifadə olunur —
parusia. Bu söz İkinci Gəlişin təyinatı kimi Əhdi-Cədidin digər
hissələrində tez-tez istifadə edilir, lakin Müjdələrdə yalnız bu fəsildə
rast gəlinir (3, 27, 37, 39). Maraqlıdır ki, bu söz, adətən,
hökmdarın öz vilayətinə gəlişini bildirmək, padşahın təbəələrinə
göründüyünü bildirmək üçün istifadə olunurdu. Bu söz güc və qüdrət
sahibi olan birinin gəlişini bildirir.
Fəslin qalan hissəsi bizə bu barədə çox şey söyləyəcək. Lakin hələlik
qeyd etməliyik ki, Məsihin İkinci Gəlişi təlimində iki böyük fakt
var.
-
Məsihin son zəfər faktı. İnsanların Çarmıxa çəkdiyi Şəxs bir gün
bütün insanların Rəbbi olacaq. İsa Məsih üçün son tamamilə aydındır. Bu
son Onun universal Padşahlığıdır.
-
Tarixin hansısa məqsədə çatması faktı. Bəzən insanlara elə
gəlirdi ki, tarix tamamilə daha vəhşi bir xaosa qərq olur və bu, sadəcə
olaraq, «insanların günahlarının və axmaqlıqlarının nəticəsi»dir. Bəzən
insanlara elə gəlirdi ki, tarix dövrü prosesdir, müəyyən monoton
hadisələr zənciri həmişə təkrar-təkrar dövr edəcək. Stoisistlər
inanırdılar ki, müəyyən sabit dövrlər var, onların hər birinin sonunda
dünya böyük bir yanğınla məhv olur, sonra isə hər şey ən xırda
təfərrüatına qədər yenidən baş verir.
Qədim yunan filosofu və stoisizmin sistemləşdiricisi Xrizipin dediyi kimi: «Sonra dünya yenə
əvvəlki vəziyyətinə qayıdır. Ulduzlar yenidən öz orbitlərində fırlanır,
hər biri eyni vaxtda, heç bir kənarlanma olmadan öz inqilabını edir.
Sokrat, Platon və hər kəs yenidən eyni dostlarla və eyni həmvətənlərlə
yaşayacaq. Onlar həmin işlərlə məşğul olacaq, həmin həyatı yaşayacaqlar.
Hər şəhər, hər kənd əvvəl necə idisə elə də bərpa olunacaq. Kainatın
əvvəlki vəziyyətinə belə qayıdışı bir dəfə deyil, bir neçə dəfə,
təkrarlanaraq, həmişəlik sonsuza qədər davam edir. İnsanların heç bir
irəliləyişi olmayan təkərdə dələ kimi fırlanaraq belə yeknəsəqliyə
məhkum olmasını düşünmək kədərlidir.
İkinci Gəliş isə özündə çox mühüm həqiqəti daşıyır: bütün yaradılışın
ona doğru hərəkət etdiyi bir səma hadisəsi var. Bu hadisə dağılma deyil,
Allahın universal və əbədi hökmranlığını təmsil edir.
32-41
PADŞAHIN GƏLİŞİ (Matta
24:32-41)
Bu, ən çətin yerlərdən biri olub, ilk baxışda bir-birinə zidd görünən
iki hissədən ibarətdir. Birinci hissə (24:32-35) göstərir ki,
insan təbii əlamətlərlə yayın gəlişini qabaqcadan görə bildiyi kimi,
Məsihin İkinci Gəlişinin yaxınlaşmasını da zahiri əlamətlərlə görə
bilər. Sonra deyilir ki, Məsihin İkinci Gəlişini Onun dövründə yaşayan
insanlar görə biləcək.
İkinci hissədə (24:36-41) deyilir ki, Məsihin İkinci
Gəlişinin vaxtını heç kim bilmir — nə mələklər, nə də İsanın Özü. Bunu
ancaq Allah bilir. İkinci Gəliş aydın səmanın ortasında qəfil leysan
kimi yağacaq. Çətinlik də elə buradadır. Bu həqiqəti tam dərk edə
bilməsək də, cəsarətlə üzünə baxmalıyıq.
Başlanğıc nöqtəsi kimi 24:34-ə müraciət edək: «Sizə
doğrusunu deyirəm: bu nəsil ömrünü sona çatdırmazdan əvvəl bütün bunlar
baş verəcək». Bu ayəni nəzərdən keçirərkən üç ehtimal ortaya çıxır.
-
Əgər İsa bunu İkinci Gəlişi haqqında deyirdisə, onda səhv edirdi.
Çünki O Onu dinləyən nəslin dövründə gəlib çıxmadı. Çoxları İsanın insan
təbiətinə görə biliyinin məhdud olduğuna və eyni nəsildə qayıdacağına
inanaraq bu fikri qəbul etmişdi. Amma Onun bu cür böyük ruhani həqiqətdə
yanıldığına inanmaq çətindir.
-
Bəlkə də İsa elə söz deyib ki, sonradan həmin söz dəyişdirilib.
Mark 9:1-də İsa belə deyir: «Sizə doğrusunu deyirəm: burada
duranlardan bəzisi Allahın Padşahlığının qüdrətli gəlişini görmədən
ölməyəcək». Bu, çox gözəldir və zəfərlə əsaslandırılmışdır. Məsihçilər o
dövrdə dünyaya səpələnməzdən əvvəl, Allahın Padşahlığı, həqiqətən, həmin
nəsil boyu geniş şəkildə yayıldı.
Lakin erkən məsihçilər İkinci Gəlişi səbirsizliklə gözləyirdilər.
Onlar o vaxt yaşadıqları dəhşətlərin, əzab və təqiblərin içərisində
Rəbbin gəlişinin onlara gətirəcəyi qurtuluşu həsrətlə gözləyirdilər.
Bəzən Padşahlıq haqqında bəyanatları özləri başa düşdüyü kimi
qəbul edir və onları İkinci Gəlişlə əlaqələndirirdilər.
Əslində, Padşahlığın İkinci Gəlişlə heç bir əlaqəsi yox idi. İkinci
Gəlişlə Padşahlıq heç də eyni şey deyil. Ola bilsin ki, burada da oxşar
hadisə baş verib. Ola bilsin, İsa burada deyib ki, Onun nəsli yox
olmamış Padşahlığı gələcək.
-
Amma üçüncü ehtimal da var. Bütün bunlar baş verəcək
sözlərinin İkinci Gəlişlə heç bir əlaqəsi yoxdursa, onda necə? Bu sözlər
Yerusəlimin mühasirəsi və dağılması ilə bağlı peyğəmbərliyə istinad
edirsə, onda necə? Əgər bunu belə təsəvvür etsəniz, onda heç bir
çətinlik olmayacaq. Sonra İsa deyir ki, Yerusəlimin dağılmasına dair
dəhşətli xəbərdarlıqları Onun dövründə yaşayan nəsil boyu yerinə
yetiriləcək. Bu xəbərdarlıqlar, həqiqətən, qırx il ərzində yerinə
yetirildi. Fikrimizcə, ən yaxşısı, 24:32-35-in İkinci Gəlişə
deyil, Yerusəlimin dağılmasına işarə etdiyini nəzərə almaqdır. Çünki o
zaman onlarla əlaqəli bütün çətinliklər aradan qaldırılır.
36-41-ci ayələr İkinci Gəlişə istinad edir və biz onlarda
çox mühüm həqiqətləri görürük.
-
36-41-ci ayələrdə deyilir ki, bu hadisənin saatı yalnız Allaha
məlumdur. Buna görə də, İkinci Gəlişlə bağlı bütün hesablamaların Rəbb
tərəfindən qadağan edilməsi başadüşüləndir. Hələ də vaxtı və tarixi
təyin etməyə çalışanlar yalnız Ona məxsus olan sirləri əbəs yerə
Allahdan almağa çalışırlar. İnsan bu mövzuda mübahisə etməməlidir; həmin
günə hazırlaşmalı və ayıq-sayıq durmalıdır.
-
İsa deyir ki, maddi şeylərə qərq olanlar üçün o zaman qəfil
gələcək. Müqəddəs Kitaba əsasən, hava sakit olanda, insanların başı
yemək-içməyə, evlənməyə qarışanda Nuh gələcək tufana hazırlaşırdı; onlar
qəfil yaxalandılar, buna görə də su ilə yuyulub aparıldılar. Bu ayələr
bizdən ötrü bir xəbərdarlıqdır — əbədiyyəti unutmaq üçün heç vaxt
dünyəvi şeylərə qapılmayaq; nə qədər vacib görünsə də, dünyəvi qayğılar
bizə Allahı unutduracaq qədər diqqətimizi yayındırmasın. Heç vaxt
unutmaq olmaz ki, son nəticədə həyat və ölüm Onun əlindədir. İstər
səhər, istər günorta, istərsə də axşam O bizi çağıranda, həmişə hazır
olmalıyıq.
-
Bu ayələrdə deyilir ki, Məsihin gəlişi seçim və mühakimə vaxtı
olacaq. Həmin vaxt, O Öz xalqını yanına toplayacaq.
Bundan kənara çıxa bilmərik, çünki Allah biliyi Öz hikmətində Özü
üçün saxlamışdır.
42-51
MƏSİHİN GƏLİŞİNİ
GÖZLƏMƏK (Matta 24:42-51)
Bu, yuxarıda deyilənlərin əməli nəticəsidir. Əgər Məsihin gəlişi günü
və saatı Allahdan başqa heç kəsə məlum deyilsə, onda bütün həyat bu
gəliş üçün daim hazırlıqlı olmalıdır. Bu halda, bəzi günahlar xüsusi
əhəmiyyət kəsb edir.
-
Ayıq-sayıq olmayan özünü məhv edər. Oğru evi qarət edəcəyi günü
və saatı göstərən məktublar göndərmir; qəfillik onun pis işində əsas
silahıdır. Buna görə də evdə qiymətli əşyaları olan ev sahibi hər zaman
hazırlıqlı olmalıdır. Ancaq bu mənzərəni düzgün başa düşmək üçün yadda
saxlamalıyıq ki, Məsihin gəlişi ərəfəsində məsihçi sayıqlığı
titrəyə-titrəyə qorxu və dəhşət içində gözləmə olmamalıdır. Bu sayıqlıq
eyni zamanda gələcək izzət və sevincin intizarıdır.
-
Kim vaxtın çox olduğunu iddia edərsə, ölüm biçər. Qul ağa
qayıtmazdan əvvəl hər şeyi qaydasına salmaq üçün kifayət qədər vaxtının
olacağına inanmaqla özünü aldadır.
Təlimlərini başa çatdırmaq üçün Yerə gedən üç şeytan-şagirdi haqqında
bir nağıl var. Onlar insanları sınağa çəkmək və məhv etmək planları
barədə bütün cinlərin başçısı olan şeytanla danışırlar. Biri deyir: «Mən
onlara söyləyəcəyəm ki, Allah yoxdur». "Bu, çoxlarını aldatmayacaq, —
deyə şeytan etiraz edir, — çünki onlar Allahın olduğunu bilirlər".
İkincisi deyir: «Mən insanlara söyləyəcəyəm ki, cəhənnəm yoxdur». "Buna
da heç kim aldanmaz, — yenə şeytan etiraz edir, — insanlar hətta indi də
bilirlər ki, günahlardan ötrü cəhənnəm var». Üçüncüsü deyir: «Mən
insanlara söyləyəcəyəm ki, tələsməyə ehtiyac yoxdur». Şeytan o dəqiqə
dillənir: "Get, sən minlərlə insanı beləcə məhv edəcəksən». Bütün
aldanmaların ən təhlükəlisi çox vaxtının olduğunu düşünməkdir. İnsanın
həyatında ən təhlükəli gün sabah sözünün mənasını öyrəndiyi
gündür. Elə şeylər var ki, onları təxirə salmaq olmaz. Çünki heç kim
bilmir ki, onun üçün sabah açılacaq, ya yox.
3. Kim ona tapşırılan işi yerinə yetirməzsə, rədd ediləcək, sədaqət
isə mükafatlandırılacaq. Vəzifəsini sədaqətlə yerinə yetirən qul daha
yüksək vəzifə qazanacaq, ona göstərilən etimadı doğrultmayan qul isə
ağır cəzaya layiq görüləcək. Buradan belə nəticəyə gəlmək olar ki, İsa
nə vaxt gəlirsə gəlsin, bizi bizə tapşırılan iş başında tapsın.
İnsan ən sadə vəzifəni belə yerinə yetirirsə, Məsihin gəlişi günü
mükafatlandırılacaq.