25-ci fəsil
1-13
HAZIRLIQSIZLARIN TALEYİ
(Matta 25:1-13)
Əgər məsəli Qərb sivilizasiyasının adamının gözü ilə oxusaq,
qeyri-təbii görünər. Amma reallıqda İsrail kəndində hər an, hətta yaxın
vaxtlara qədər baş verə biləcək hadisədən bəhs edilir.
Toy böyük mərasim idi. Bütün kənd bəylə gəlini yeni evlərinə ötürmək
üçün yola çıxırdı. Cütlük isə mümkün qədər çox insandan xoş arzular
almaq məqsədilə ən uzun yoldan gedirdi. Yəhudi məsəlində deyilir:
"Altıdan altmışa qədər hər kəs toy nağarası ilə gedəcək». Bir adam toy
şənliyində iştirak etmək üçün ibadətindən belə vaz keçə bilər. Bu
fikirlə ravvinlər də razılaşırdılar.
Bu hekayənin əsas mahiyyəti bildiyimiz hər şeydən çox fərqli olan
yəhudi adətlərindədir. Yeni evlənənlər bal ayına getmirdilər, evdə qalıb
bir həftə qapılarını açıq saxlayırdılar. Onlara şahzadə kimi yanaşır,
hətta belə müraciət edirdilər. Bu onların həyatlarının ən xoşbəxt
həftəsi idi. Həftəni ən yaxın dostları onlarla birlikdə qeyd edirdilər.
Ağılsız bakirə qızlar isə təkcə toy mərasimini deyil, bütün həftəni
qaçırmış olurdular.
Onların bütün toy şənliyini necə qaçırdıqları barədə hekayə tamamilə
realdır. Səyahətçi Dr. Aleksandr Findli İsraildə gördüklərini belə
təsvir edir: «Biz Qalileya şəhərinin darvazalarına yaxınlaşanda, mən
yolda, maşınımızın qarşısında bir neçə musiqi alətində çalıb rəqs edən
gözəl paltar geyinmiş qızlar gördüm. Mənim «onlar nə edirlər?» sualıma
tərcüməçi cavab verdi ki, gəlinin yanında durub bəyi gözləyirlər.
Tərcüməçidən toya baxmaq olarmı deyə soruşdum. O isə başını yelləyib
dedi: «Toy bəlkə bu axşam olacaq, ya sabah gecə, ya da iki həftə
sonra... nə vaxt olacağını heç kim dəqiq bilmir». Sonra izah etməyə
başladı ki, nikah zamanı toy məclisinə qatılan orta səviyyəli bir ailəyə
baş çəkmək çox maraqlıdır. Bəy gözlənilmədən, bəzən gecənin bir
yarısında gəlir. Düzdür, o özündən əvvəl «Baxın! Bəy gəlir!» deyə
qışqıran bir adam göndərməlidir. Amma bu, günün istənilən vaxtında ola
bilər. Ona görə hamı hər an küçəyə çıxmağa hazır olmalıdır ki, bəy gələn
vaxt onu qarşılaya bilsin. Onu da qeyd etmək lazımdır ki, hava
qaralandan sonra heç kim çıraq yandırmadan bayıra çıxa bilməz. Bəy
gələndən sonra qapılar onun arxasınca bağlanır, gec gələnlər içəri
buraxılmırlar». 20-ci əsrdə təkrarlanan İsa Məsihin məsəlinin dramı bax
budur. Bizim qarşımızda dayanan uydurma bir hekayə deyil, İsrail kənd
həyatının bir hissəsidir.
İsanın bir çox məsəli kimi, bunun da həm yerli, həm də universal
mənası var.
Onun xüsusi mənası yəhudilərin əleyhinə yönəlmişdir. Onlar Allahın
seçilmiş xalqı idi. Onların bütün tarixi Allahın Oğlunun gəlişinə
hazırlıqdan ibarət olmalı, özləri də O gələndə hazır olmalı idilər. Amma
əvəzində onlar tamamilə hazırlıqsız idilər və qapıdan kənarda
qalmışdılar. Burada yəhudilərin faciəvi hazırlıqsızlığı dramatik formada
təqdim olunur.
Lakin məsəldə ən azı iki universal həqiqət var.
-
Bu məsəl bizə xəbərdarlıq edir ki, bəzi şeyləri son anda etmək
olmaz. İmtahan günü çatanda imtahana hazırlaşmağa başlamaq çox gecdir.
Kiməsə tapşırıq veriləndə, öyrənməyə başlamaq çox gecdir. Eləcə də uzun
müddət müxtəlif fəaliyyətlərlə o qədər məşğul olmaq olar ki, Allahla
görüşə hazırlaşmağa vaxt qalmaz.
-
Bu məsəl bizə xəbərdarlıq edir ki, başqalarından borc alına
bilməyən şeylər var. Ağılsız bakirə qızlar yağa təcili ehtiyac duyduqda
borc ala bilmədilər. İnsan Allahla münasibəti borc ala bilməz — bu
münasibəti o özü qurmalıdır. İnsan kimdənsə xarakter götürə bilməz —
onun özünün xarakteri olmalıdır. Biz başqalarının yığdığı ruhani
kapitalla yaşaya bilmərik. Bəzi şeylərə özümüz nail olmalıyıq, çünki
onları başqalarından götürmək olmaz.
14-30
GİZLƏDİLMİŞ
TALANTIN MÜHAKİMƏSİ (Matta 25:14-30)
Bu məsəl də əvvəlki məsəl kimi o dövrdə onu eşidənlər üçün xüsusi bir
dərs idisə, bu gün bizim üçün özündə bir neçə dərs ehtiva edir. Bu məsəl
talant məsəli kimi tanınır. Talant pul vahidi idi, lakin
sikkə ilə deyil, çəki ilə ölçülən pul vahidi. Buna
görə də onun dəyəri qızıl, gümüş və ya mis olmasından asılı idi. Çox
vaxt talant gümüş olurdu.
Məsəlin ilkin variantında, şübhəsiz ki, bütün diqqət tənbəl qulun
üzərində cəmlənmişdi.
Bu məsəl, şübhəsiz ki, ilahiyyatçılar və fariseyləri, eləcə də
onların Allahın Qanunu və həqiqəti ilə əlaqəsini simvollaşdırır. Tənbəl
qul talantını sonradan eyni formada sahibinə təhvil vermək üçün torpağa
basdırdı. İlahiyyatçıların və fariseylərin məqsədi Qanunu olduğu kimi
saxlamaq idi. Öz sözləri ilə desək, «qanun ətrafında hasar çəkməyə
çalışırdılar». İstənilən dəyişiklik, hər hansı təkmilləşdirmə, yenilik
onlar üçün lənət idi. Bütün bunlar durğunluğa, dini həyatın acizliyinə
gətirib çıxardı.
Onlar bir talantı olan adam kimi hər şeyi olduğu kimi saxlamaq
istəyirdilər və buna görə də qınanırdılar. Bu məsəldə İsa bizə deyir ki,
yeniliyə can atmayan iman — iman ola bilməz, eləcə də özünü hər şeydən
uzaqlaşdırandan Allah heç bir fayda görə bilməz. Ancaq bu məsəldə
digərlərinə nisbətən daha çox şey var.
-
Bu məsəldə deyilir ki, Allah insanlara müxtəlif ənamlar və
istedadlar verir. Bir nəfər beş, digəri iki, üçüncüsü isə bir talant
alır. İnsanın neçə talant alması deyil, ondan necə istifadə etməsi
önəmlidir. Allah heç vaxt insandan onda olmayanı tələb etməz. Amma sahib
olduğu bütün qabiliyyətlərdən tamamilə istifadə etməsini tələb edər.
İnsanların istedadları eyni deyil, amma can atmaqda və səy göstərməkdə
onlar eyni ola bilərlər. Məsəl bizə deyir ki, kiçik və ya böyük
olmasından asılı olmayaraq, istedadımız varsa, onu Allaha xidmətdə
istifadə etməliyik.
-
Məsəldə deyilir ki, yaxşı zəhmətin mükafatı — daha böyük işlərə
təyin olunmasıdır. İşini yaxşı görən iki qul şöhrətlə
mükafatlandırılmır. Onlara ağalarının işini görməkdə daha böyük
tapşırıqlar verilir.
-
Bu məsəldə deyilir ki, səy göstərməyən insan cəzalandırılacaq.
Bir talantı olan adam pulunu itirmədi. O, sadəcə heç nə etmədi. Heç bir
şey etməməkdənsə, talantı ilə nəsə edib onu itirsəydi, daha yaxşı
olardı. Yalnız bir talantı olan insan həmişə "Mənim belə kiçik talantım
var və onunla az şey edə bilərəm. Əlimdən gələni etmək üçün cəhd etmək
mənasızdır" deməyə şirnikdirilir. Bir talantı olsa belə, ondan istifadə
etməyə can atmayan və ümumi mənafe üçün risk etməyən şəxs mühakimə
olunur.
-
Bu məsəldə həyatın hər zaman və hər yerdə ədalətli olan qaydası
əksini tapıb: kimin varsa, ona daha çox veriləcək, kimdə yoxdursa, sahib
olduğunu da itirəcək. Bu qaydanın mənası belədir: əgər insanın istedadı
varsa və ondan istifadə edirsə, o, getdikcə daha çox iş görə biləcək.
Amma istedadı varsa və onu tətbiq edə bilmirsə, istər-istəməz onu
itirəcək. Əgər bizim hansısa alətdə çalmaq qabiliyyətimiz və ya bir növ
sənətimiz varsa, nəyəsə istedadımız çatırsa, bu bacarığı nə qədər çox
məşq etdirsək, nə qədər çox çalışsaq, bir o qədər çətin işlərin
öhdəsindən gələ biləcəyik. Ya da əksinə, onlardan istifadə etməsək,
onları itirəcəyik. Bu, futbol oynamaq və pianoda ifa etmək, mahnı oxumaq
və moizə hazırlamaq, taxta oymaq və yeni ideyalar yaratmaq üçün eyni
dərəcədə keçərlidir. Həyat öyrədir ki, istedadı saxlamağın yalnız bir
yolu var — onu Allaha və insanlara xidmətdə istifadə etmək.
31-46
ALLAHIN MƏHKƏMƏSİNİN
MİQYASI (Matta: 25:31-46)
Bu, İsa Məsihin indiyə qədər söylədiyi ən güclü məsəllərdən biridir,
ondan alınan dərs tamamilə aydındır: Allah bizi insan ehtiyaclarına
münasibətimizə görə mühakimə edəcək. O bizi biliyimizə və ya
qazandığımız şöhrətə, topladığımız sərvətə görə deyil, yalnız
göstərdiyimiz köməyə görə mühakimə edəcək. Və bu məsəl bizə göstərməli
olduğumuz kömək haqqında bir şey öyrədir.
-
Biz sadə işlərdə kömək etməliyik. İsanın seçdiyini — aclara yemək
verməyi, susuzlara içmək, qərib qəbul etmək, xəstələrə baş çəkmək,
məhbusun yanına getmək — bunu hər kəs edə bilər. Bunun üçün yüz minlərlə
pul xərcləmək və ya adınızı tarixə yazdırmaq tələb olunmur; insanlara
gündəlik işlərində sadə kömək göstərilməlidir. Sadə insanların özləri
üçün şöhrətə yol açmasını göstərən başqa belə bir məsəl yoxdur.
-
Bu, heç bir mənafe axtarmadan kömək olmalıdır. Kömək edən
insanlar İsa Məsihə kömək etdiklərini və bununla da əbədiyyətdə mükafat
qazandıqlarını düşünmürdülər. Onlar yardım göstərirdilər, çünki başqa
cür hərəkət edə bilməzdilər. Bu, heç bir mənafe güdmədən, sevən bir
ürəyin təbii, instinktiv reaksiyası idi. Kömək etməyənlər isə "Əgər
bunun Sən olduğunu bilsəydik, məmnuniyyətlə Sənə kömək edərdik, amma elə
zənn etdik ki, bu, sadə insandır, ona kömək etməyə dəyməz" dedilər.
Çoxları tərif, minnətdarlıq qarşılığında kömək etməyə hazırdırlar. Ancaq
bu, heç də kömək göstərmək deyil, öz ambisiyasını güdməkdir. Belə
yardımın səxavətlə heç bir əlaqəsi yoxdur, bu, maskalanmış eqoizmdir.
Allah yalnız kömək məqsədilə edilən yardıma görə təriflər
deyir,
-
İsa bizə gözəl bir həqiqəti göstərir: bu cür yardım etməklə biz
Ona kömək etmiş oluruq və edilməyən istənilən yardım Ona verilməmişdir.
Bunun mənası nədir? Əgər bir valideyni razı salmaq istəyiriksə, onu
minnətdarlıq etməyə sövq etmək istəyiriksə, ən yaxşısı onun övladına
kömək etməkdir. Allah böyük Atadır və Allahın ürəyini sevindirməyin ən
yaxşı yolu Onun övladlarına, həmvətənlərimizə kömək etməkdir.
Bu məsəldə həqiqəti iki nəfər gördü. Onlardan biri də Assizli
Fransisko idi. O, varlı, nəcib,
cəsur, lakin
bədbəxt bir insan idi; həyatında nəyinsə çatışmadığını hiss edirdi. Bir
gün o, at sürərkən bütün xəstəliklərin ən dəhşətlisi və ən iyrənci olan
cüzama yoluxmuş bir nəfərlə qarşılaşdı. Nəsə Fransisi atından enib
dəhşətli dərəcədə əziyyət çəkən bu adamı qucaqlamağa sövq etdi. Onun
əlində cüzamlının üzü Məsihin üzünə çevrildi.
Digəri isə Turlu Martin idi. O, Roma əsgəri və məsihçi idi. Soyuq qış
günündə şəhərə girərkən sədəqə dilənən bir dilənçi tərəfindən
saxlanıldı. Martinin pulu yox idi, dilənçi soyuqdan göyərmiş və
titrədirdi. Martin ona özündə olanı verdi: köhnəlmiş və sökülmüş əsgər
plaşını çıxardı, ikiyə bölüb yarısını dilənçiyə verdi. Həmin gecə yuxu
gördü. Martin yuxusunda cənnəti, mələkləri və onların arasında yarım
əsgər plaşı geyinmiş İsanı gördü. Mələklərdən biri Ondan soruşdu:
"Pərvərdigara, bu köhnəlmiş, cırıq paltarı niyə geyinirsən? Onu Sənə kim
verib?" İsa sakitcə cavab verdi: «Onu Mənə qulum Martin verib».
Heç bir mənafe güdmədən ən sadə insanlara ən sadə işlərdə kömək edən
səxavəti dərk edəndə, İsa Məsihin Özünə kömək etməyin sevincini
anlayacağıq.