26-cı fəsil
FACİƏNİN SON
AKTININ BAŞLANĞICI (Matta 26:1-5)
Faciənin son aktının başlanğıcı budur. İsa qarşıda Onu nələrin
gözlədiyi barədə şagirdlərinə bir daha xəbərdarlıq etdi. Son günlər İsa
o qədər açıq-aşkar itaətsizlik etmişdi ki, şagirdləri Onun bütün yəhudi
hakimiyyətlərinə qarşı çıxmaq niyyətində olduğunu düşünə bilərdilər.
Lakin burada O, bir daha açıq şəkildə göstərdi ki, Onun məqsədi
Çarmıxdır.
Eyni zamanda yəhudi rəhbərləri də səylə hiylə qurmağa başladılar.
Yusif Qayafa (onun tam adı belədir) 18 — 36-cı illərdə Baş Kahin idi.
Onun haqqında çox az şey bilirik, amma vacib bir həqiqətdən də
xəbərdarıq. Qədim dövrlərdə baş kahinlik irsi və ömürlük idi. Ancaq
romalılar İsraili fəth etdikdən sonra baş kahinlər çox tez-tez
dəyişirdilər, çünki romalılar baş kahinləri öz mülahizələri ilə təyin
edir və vəzifədən uzaqlaşdırırdılar. Bizim eradan əvvəl — 67 və 37-ci
illər arasında məbədin dağılmasından əvvəl sonuncu baş kahin təyin
olunanda, artıq 28 baş kahin bu vəzifədə olmuşdu. Maraqlıdır ki, Qayafa
18-ci ildən 36-cı ilədək baş kahin olub. Bu, baş kahin üçün çox uzun
müddətdir, ola bilsin, Qayafa romalılarla əməkdaşlıq üsullarını
təkmilləşdirmişdi. Onun da problemi məhz buradan qaynaqlanırdı.
Romalılar vətəndaş iğtişaşlarına qətiyyən təhəmmül edə bilmirdilər.
Əgər nəsə bir iğtişaş olsaydı, Qayafa öz mövqeyini itirərdi. Pasxa
bayramında Yerusəlimdə vəziyyət həmişə təhlükəli olurdu. Şəhər
insanlarla dolub-daşırdı. İosif Flavi bir vaxtlar əhalinin necə siyahıya
alındığı barədə məlumat verir (İosif Flavi: «Yəhudi müharibəsi»
6.9.3).
O zaman prokurator Sestiy Qall
idi. O, hiss edirdi
ki, imperator Neron yəhudilərin faktiki sayı və onların istənilən
hökmdarın başına gətirdiyi problemlərdən xəbərsizdir. O, baş kahindən
Pasxa bayramında qurbanlıq quzuların sayını hesablamağı xahiş etdi.
İosif Flavi sözünə davam edir: «Hər bir qurban üçün ən azı on nəfər
olmalıdır (çünki Qanuna görə, ayrı-ayrılıqda bayramı qeyd etmək olmazdı)
və tez-tez bir çoxumuz iyirmi nəfərlik qruplarda bir yerə toplaşırıq».
Məlum oldu ki, bu dəfə 256 min 500 baş quzu kəsilib. İosif Flavi hesab
edir ki, həmin vaxt Yerusəlimdə təxminən 2.750.000 adam var idi.
Buna görə də təəccüblü deyil ki, Yusif Qayafa İsanı gizli və sakitcə
tutmaq üçün xüsusi fürsət axtarırdı, çünki zəvvarların çoxu qalileyalı
idi, onların nəzərində isə İsa peyğəmbər idi. Əslində, Qayafa hər şeyi
Pasxa bayramının sonuna, şəhərin sakitləşəcəyi vaxta qədər təxirə salmaq
istəyirdi, lakin Yəhuda ona bütün problemi həll etmək imkanı verdi.
6-13
İSRAFÇI MƏHƏBBƏT (Matta
26:6-13)
Bet-Anyada məsholunma hekayəsi müjdəçi Mark və Yəhyada da var. Markın
hekayəsi bu hekayə ilə demək olar ki, eynidir. Yəhya isə İsanı məsh edən
qadın haqqında bəzi əlavə məlumat verir: o, Marta və Lazarın bacısı
Məryəm idi. Lukada belə bir hekayə yoxdur. Lukanın Müjdəsində İsanın
Farisey Şimonun evində məsh edilməsi hekayəsi var (Luka
7:36-50). Amma Lukanın Müjdəsində İsanın ayaqlarını yağla yağlayıb
saçları ilə silən qadın tanınmış günahkar idi.
Lukanın, əslində, Matta, Mark və Yəhya ilə eyni hekayəni
danışıb-danışmadığı sualı həmişəlik olaraq cavabsız və maraqlı qalacaq.
Hər üç halda ev sahibi Şimon adlanır, hərçənd, Lukanın Müjdəsində bu,
Farisey Şimon, Matta və Markın Müjdələrində isə cüzamlı Şimondur;
Yəhyada ev sahibinin adı, ümumiyyətlə, çəkilmir, baxmayaraq ki, hekayəyə
görə hər şey Marta, Məryəm və Lazarın evində baş vermiş kimi görünür.
Şimon adı o vaxt çox yayılmışdı. Əhdi-Cədiddə ən azı on, İosif Flavinin
«Tarix»ində isə iyirmidən çox Şimon var.
Lukanın hekayəsini digər müjdəçilərin hekayəsi ilə eyniləşdirməkdə ən
böyük çətinlik odur ki, Lukada bu qadın tanınmış fahişədir və heç yerdə
onun Bet-Anyalı Məryəm olduğu deyilmir. Bununla belə, Məryəmin İsaya
olan güclü məhəbbəti İsanın onu belə vəziyyətdən xilas etməsinin
nəticəsi ola bilər.
Ancaq biz bu hekayələri necə müəyyən ediriksə edək, İsanın dediyi
kimi, bu, yaxşı bir işin hekayəsidir və özündə qiymətli həqiqətləri
ehtiva edir.
1. Burada sevginin israfçılığı göstərilir. Qadın özündə olan
ən qiymətli şeyi götürdü və onunla İsanı məsh etdi. Yəhudi qadınlar
ətirli yağları çox sevirdilər və tez-tez boyunlarına ətirli yağ dolu
kiçik mərmər qabı taxırdılar. Belə ətirli yağ çox baha idi. Həm Markın,
həm də Yəhyanın Müjdəsində şagirdlər deyirlər ki, həmin yağ 300
dinardan baha satıla bilərdi (Mark 14:5; Yəhya 12:5). Bu o
deməkdir ki, bu mərmər qabı işçinin bir illik maaşına bərabər idi. Bunu
başqa cür də ifadə etmək olar. İzdihamı doydurmaq problemini müzakirə
edərkən Filip bunun üçün 200 dinarın kifayət etməyəcəyini
söyləmişdi. Başqa sözlə desək, bu ətirli yağ 5000 nəfərlik kütləni
doyurmaq bahasında idi.
Bəli, qadın İsaya belə qiymətli hədiyyə verdi. Bunu ona görə etdi ki,
əlində olan ən qiymətli şey o idi. Sevən insan heç vaxt hesab tutmaz.
Sevən insan heç vaxt bir şeyi layiqincə necə edəcəyini, eyni zamanda az
verəcəyini düşünmür. Sevən insanın həmişə yalnız bir arzusu var —
bacardığı hər şeyi vermək. Hətta əlində olan hər şeyi versə də, yenə də
bunun çox az olduğunu düşünür. Biz nəzakət qaydaları çərçivəsində Məsihə
və İmanlı Cəmiyyətinə mümkün qədər az şey verməyi düşünürüksə, demək,
hələ məsihçi olmamışıq.
2. Bu hekayə ehtiyatlı davranmağın bəzən yersiz olduğunu göstərir. Bu
halda ağılın səsi deyirdi: "İsrafçılığa bax!" Əlbəttə, belə deməklə
haqlıdır. Ancaq sevgi ağıl kimi düşünmür. Ağıl uzaqgörənlik və
tədbirlilik, məhəbbət isə ürək qanunlarına tabedir. Həyatın çox hissəsi
ağıl tərəfindən tənzimlənir, lakin bəzən sevginin tələbləri yalnız
israfçılıq, ehtiyatsızlıqla yerinə yetirilə bilər. Həmin hədiyyə
asanlıqla əldə olunursa, əsl hədiyyə deyil. Hədiyyə özündə yalnız qurban
verməyi ehtiva edirsə və biz ödəyə biləcəyimizdən daha çoxunu veririksə,
onda əsl hədiyyəyə çevrilir.
3. Bu onu göstərir ki, bəzi işlər fürsət düşən kimi görülməlidir,
çünki, əks halda, bunu, ümumiyyətlə, etmək olmaz. Şagirdlər kasıblara
kömək etməyə çalışırdılar, ravvinlər isə belə öyrədirdilər: "Allah bizi
həmişə yoxsullarla birlikdə qoyur ki, biz heç vaxt yaxşı iş görmək
fürsətindən məhrum olmayaq". Bəzi şeyləri hər an edə bilərik, bəzi
şeyləri isə yalnız bir dəfə edə bilərik. Fürsəti əldən vermək, onu
həmişəlik əldən vermək deməkdir. Çox vaxt səxavətli və nəcib
istəklərimiz olur, amma hərəkət etmirik. Çox güman ki, bu fürsət, bu
vəziyyət, bu insan, bu an, bu istək bir daha heç vaxt təkrarlanmayacaq.
Çoxlarımız üçün faciə ondadır ki, həyat yaxşı və gözəl bir şey etmək
üçün əldən verilmiş fürsətlər hekayəsinə çevrilir.
4. Burada deyilir ki, yaxşı işin gözəlliyi heç vaxt itmir. Axı
həyatda qaranlıq dünyanı işıqlandıran gözəl şeylər azdır. İsanın ömrünün
sonunda o qədər acı, xəyanət, intriqa, faciə yaşandı ki, bu hekayə
qaranlıq dünyada işıq saçan şüaya bənzədi. Dünyada ancaq bir neçə böyük
əməl bu yaxşı əməl kimi özündən sonra gözəl xatirə qoyur.
14-16
SATQININ HƏYATININ SON SAATLARI
XAİNCƏSİNƏ RAZILAŞMA (Matta
26:14-16)
Biz artıq gördük ki, yəhudi rəhbərləri İsanı üsyan və iğtişaşlara
səbəb olmadan həbs etmək üçün yol axtarırdılar. Budur, Yəhuda onlara bu
fürsəti verir. Yəhudanın İsaya xəyanət etməsinin üç səbəbi ola bilərdi.
Digərləri bu səbəblərin variantlarıdır.
1. Bu onun xəsisliyindən irəli gələ bilərdi. Matta və Markın dediyinə
görə, Yəhuda dəhşətli sövdələşməni Bet-Anyada məsh edildikdən dərhal
sonra etmişdi. Yəhya isə yazır ki, Yəhuda oğru olduğu və pul qutusundan
pul götürdüyü üçün məsh edilməsinə etiraz etmişdi (Yəhya 12:6).
Belə olan halda, Yəhuda tarixin ən pis sövdələşmələrindən birini yerinə
yetirdi. O, otuz gümüş pula, otuz arquriaya görə İsaya xəyanət
etməyə razılaşdı. Arqurion — şekeldir. Gümüş şekel 4 dinara,
fəhlənin gündəlik əmək haqqı isə 1 dinara bərabər idi. Beləliklə, Yəhuda
İsanı 120 dinara, yəni bir mərmər qabındakı ətirli yağdan iki dəfə aşağı
qiymətə satdı. Əgər xəyanətin səbəbi xəsislik olubsa, bu, pul sevgisinin
nəyə gətirib çıxara biləcəyinə dair tarixdəki ən pis nümunədir.
2. Bu, məyusluğa əsaslanan nifrət ola bilər. Yəhudilər
həmişə güc və səlahiyyət arzusunda idilər. Onların arasında romalıları
İsraildən qovmaq üçün hər cür qətlə və zorakılığa hazır olan son dərəcə
millətçilər həmişə olub. Bu millətçiləri sikarii — xəncər
çəkənlər adlandırırdılar, çünki onlar xüsusi terror və sui-qəsd
taktikasına riayət edirdilər. Ola bilsin ki, Yəhuda da onlardan biri
idi. Bəlkə də o, İsaya möcüzəvi qüdrəti və səlahiyyəti sayəsində böyük
bir üsyana rəhbərlik edə biləcək göydən göndərilmiş rəhbər kimi baxırdı.
Yəhuda, yəqin ki, İsanın bilərəkdən Çarmıxa aparan fərqli bir yol
seçdiyini görürdü. Yəhuda sədaqətinin nifrətə çevrildiyini hiss etmişdi.
Bu hissləri onu böyük ümidlər bəslədiyi şəxsin ölümünü axtarmağa vadar
etdi. Bəlkə də Yəhuda İsaya onun istədiyi Məsih olmadığına görə nifrət
edirdi.
3. Bəlkə də Yəhuda heç vaxt İsanın ölməsini istəmirdi. Ola bilsin ki,
o, İsanı göydən göndərilmiş rəhbər kimi görürdü. Bəlkə də o, sadəcə
olaraq, İsanın çox yavaş hərəkət etdiyini düşünürdü, Onun hərəkətini
sürətləndirmək istəyirdi və İsanı hərəkətə keçməyə məcbur etmək üçün Ona
xəyanət etmişdi. Düzünü desək, bu nöqteyi-nəzər bizim ixtiyarımızda olan
faktlara ən uyğun gələnidir. Bu da Yəhudanın planı uğursuz olduqda niyə
intihar etdiyinin izahını verir.
Bizim necə şərh etməyimizdən asılı olmayaraq, Yəhudanın faciəsi
ondadır ki, o, İsanı olduğu kimi qəbul etməkdən imtina etdi və Onu
özünün istədiyi kimi etməyə çalışdı. Biz İsanı dəyişə bilmərik, amma
özümüz İsanın təsiri altında dəyişməliyik. Biz Ondan heç vaxt
məqsədlərimiz üçün istifadə edə bilmərik, biz Ona tabe olmalı və Onun
məqsədlərinə xidmət etməliyik. Yəhudanın faciəsi hər şeyi Allahdan daha
yaxşı bildiyini düşünən bir insanın faciəsidir.
17-19
GİZLİ ŞAM YEMƏYİ
ATALAR BAYRAMI (Matta
26:17-19)
İsa Pasxa bayramını qeyd etmək üçün Yerusəlimə gəldi. Həmin vaxt
şəhərin necə izdihamlı olduğunu artıq görmüşük. Ehtimal edilir ki, Pasxa
zamanı bütün yəhudilər şəhərdə olurdu. Bu da gələn zəvvarların sayəsində
baş verirdi. Ona görə də rəsmi nöqteyi-nəzərdən İsanın tez-tez ziyarət
etdiyi Bet-Anya kimi kəndlər də şəhər sayılırdı.
Ancaq Pasxa şəhərdə qeyd edilməli idi. Şagirdlər Pasxa bayramı üçün
harada hazırlıq görəcəklərini soruşdular. Tamamilə aydındır ki, burada
da İsa hər şeyi son ana saxlamadı. O, artıq müvafiq tədbirləri görmüş,
Yerusəlimdəki dostları ilə razılaşaraq onlara parol vermişdi: «Müəllim
deyir: «Mənim vaxtım yaxındır»«. Beləliklə, şagirdlər bayram üçün
hazırlıq görməyə göndərildilər.
İlk günü Pasxa bayramı olan bütün həftə Mayasız Çörək Bayramı
adlanırdı. Bundan əlavə, həmişə yadda saxlamalıyıq ki, yəhudilər
arasında ertəsi gün axşam saat altıda başlayırdı. Bu halda, Mayasız
Çörək Bayramı cümə axşamı səhər başladı. Cümə axşamı onlar evi
ələk-vələk edirdilər ki, heç yerdə maya qırıntısı qalmasın.
Bunun iki səbəbi var idi. Bu bayram İsrail tarixində ən böyük hadisə
— Misir əsarətindən qurtuluş idi. O vaxt israillilər Misirdən elə
tələsik qaçmalı olmuşdular ki, mayalı xəmirdən çörək bişirməyə vaxt
tapmamışdılar (Çıxış 12:34). Mayasız xəmir (yəni mayalanmış
xəmirin kiçik bir hissəsi əlavə edilməyən xəmir) daha tez bişirilə
bilər, lakin nəticədə çörəkdən daha çox suda bişmiş quru peçenye
yaranır. Mayasız çörək də məhz budur. Beləcə, evdən maya çıxarılır və
mayasız çörək bişirilirdi. Yəhudilər Misirdən çıxan gecə edilən hər şeyi
təkrarlayaraq, köləliklərini geridə qoyurdular.
İkincisi, yəhudi düşüncəsinə görə, maya çürüməni simvollaşdırır.
Artıq qeyd etdiyimiz kimi, maya mayalanmış xəmirdir, yəhudilər
mayalanmanı çürümə ilə bərabər tuturdular. Maya çürümə simvolu olduğuna
görə onu evdən çıxardılar.
Bəs onda şagirdlər bayrama nə vaxt hazırlaşdılar?
Cümə axşamı səhər onlar mayasız çörək bişirdilər və evi ən kiçik
mayadan belə təmizlədilər. Bayramın digər əsas hissəsi Pasxa quzusu idi.
Bayram öz adını məhz bu quzudan alır. Misirliləri İsraili buraxmağa
məcbur edən ən dəhşətli cəza — ölüm mələyinin Misirdən keçməsi və bütün
ilk övladları — ailənin hər bir ilk oğlunu öldürməsi idi.
Evlərini işarələmək üçün israillilər bir quzu kəsməli və qanı ilə
evin qapısının hər iki yan taxtasını və üst dirəyini məsh etməli idilər
ki, məhv edən mələk bu işarəni görüb (ibranicə — pasax) evin
qapısından yan keçsin (Çıxış 12:21-23). Cümə axşamı
günortadan sonra quzu Məbədə gətirilməli və orada kəsilməli idi, onun
həyatı təcəssüm etdirən qanı Allaha qurban olaraq təqdim edilməli
idi.
Bayram üçün daha dörd şey lazım idi.
-
Misir əsarətində tökülən göz yaşlarını və Tanrının onları
möcüzəvi şəkildə apardığı Qırmızı dənizin duzlu sularını xatırlatmaq
üçün masanın üstünə bir qab duzlu su qoyulmalı idi.
-
Qıtığotu, kasnı, kahı və digərlərindən ibarət acı ot
dəsti hazırlanmalı idi. Bu, həm də onlara köləliyin acılığını və
quzu qanını qapının yan taxtalarına və üst dirəyinə sürtmək üçün
istifadə edilən bir çəngə züfa otu dəstəsini xatırlatmalı idi.
-
Alma, xurma, nar və qoz-fındıqdan hazırlanan Xaroşev
pastası lazım idi. Bu onlara Misirdə kərpic hazırladıqları gili
xatırlatmalı idi və bu pastada kərpic istehsalında istifadə olunan
samanı simvolizə edən darçın budaqları var idi.
-
Nəhayət, dörd stəkan şərab lazım idi. Bunlar yəhudilərə
Çıxış 6:6-7-dəki dörd vədi xatırlatmalı idi: «...Sizi
Misirlilərin zülmündən qurtaracağam, onların əsarətindən çıxaracağam və
qolumu uzadıb böyük cəzalar bahasına sizi satın alacağam. Sizi Özümə
xalq edəcəyəm və sizin Allahınız olacağam». Bunlar cümə axşamı səhər və
günortadan sonra görüləcək hazırlıq işləri idi. Bütün bunları şagirdlər
hazırladılar. Axşam saat altıdan sonra, yəni nişan ayının 15-də, yəni
cümə günü başlayanda qonaqlar süfrə arxasında əyləşə
bilərdilər.
20-25
SEVGİNİN SON ÇAĞIRIŞI
(Matta 26:20-25)
Müjdə tarixinin son səhnələrində elə anlar var ki, sanki İsa və
Yəhuda yalnız onların ikisinin mövcud olduğu bir dünyada yaşayırlar. Bir
şey aydındır — ola bilsin, Yəhuda öz qaranlıq işini tamamilə gizli
şəkildə yerinə yetirirdi. Çox güman, o, gizli şəkildə gedib-gəlirdi.
Çünki digər şagirdlər onun əməllərindən xəbərdar olsaydılar, Yəhuda sağ
qalmazdı.
O öz planını şagirdlərdən gizlətsə də, İsa Məsihdən gizlədə bilmədi.
Bu, həmişə belədir: İnsan günahlarını qardaşlarından gizlədə bilər, amma
onları qəlbin bütün sirlərini görən İsa Məsihin nəzərlərindən gizlədə
bilməz. Başqa heç kim bilməsə də, İsa Yəhudanın niyyətini bilirdi.
İndi biz İsanın günahkarla necə davrandığını görə bilərik. İsa Öz
səlahiyyətindən Yəhudanın planlarını pozmaq, onu iflic etmək, aciz
qoymaq, hətta öldürmək üçün istifadə edə bilərdi. Lakin İsanın istifadə
etdiyi yeganə silah sevgi çağırışıdır. Həyatın ən böyük sirlərindən biri
budur ki, Allah insanın iradə azadlığına hörmətlə yanaşır. Allah məcbur
etmir, Allah çağırır.
İsa insanı günahdan uzaqlaşdırmaq istəyəndə iki şey edir.
Birincisi, O, insanı günahı ilə üz-üzə qoyur. Onu dayandırmağa və nə
edəcəyi barədə düşündürməyə çalışır. İsa, sanki ona belə deyir: «Gör, nə
etməyi düşünürsən — sən həqiqətənmi bunu etməyə qadirsən?» Kimsə belə
deyib ki, günaha qarşı ən böyük sığortamız günah qarşısında dəhşətə
gəlmək qabiliyyətimizin olmasıdır. İsa dönə-dönə insandan bütün dəhşəti
hiss etmək və sağlam düşünmək üçün bir az gözləməyi, baxıb dərk etməyi
xahiş edir.
İkincisi, İsa insanı Ona baxmağa vadar edir. İsa insanı Ona baxmağa
dəvət etməklə sanki deyir: «Mənə bax. Gözlərimin içinə baxa-baxa gedib
fikrində olanı edə bilərsənmi?» İsa insana fikrindəkilərinin dəhşətini
başa düşməyə və Onun şərin yolunu bağlamaq istəyən məhəbbətini dərk
etməyə çalışır.
Məhz burada günahın bütün dəhşətini və onun qəsdən edildiyini
görürük. Sevginin bu son çağırışına baxmayaraq, Yəhuda bayıra çıxdı. O,
hətta günah bir daha başa düşüb İsa Məsihin üzünə baxsa da, geri
dönmədi. Günahlar müxtəlif olur: ehtiraslı qəlbin günahı var, anın
təsiri ilə, qəfil sarsıntının təsiri ilə edilən günah var. Heç kim belə
bir günahın əhəmiyyətini və ölçüsünü azaltmasın — onlar dəhşətli ola
bilər. Amma daha pisi, planlarını soyuqqanlı şəkildə həyata keçirən
insanın hesablanmış, amansızcasına, şüurlu şəkildə etdiyi günahdır —
əməlinin dəhşətini və İsanın gözlərindəki məhəbbəti görsə də, öz yolu
ilə gedən bir insanın günahı. Valideynlərinin ürəyini soyuqqanlılıqla
qıran uşaqlar bizim ürəyimizi də incidir. Yəhuda da İsaya məhz belə
etdi. Amma faciə ondadır ki, biz bunu çox vaxt özümüz edirik.
26-30
ONUN ƏTİ VƏ ONUN QANI
(Matta 26:26-30)
Gördüyümüz kimi, peyğəmbərlər insanlar onların dediklərini başa
düşsünlər deyə, simvolik obrazlara əl atırdılar. Biz İsanın Yerusəlimə
zəfərlə daxil olduğu vaxt və əncir ağacına münasibətdə bu üsuldan necə
istifadə etdiyini artıq görmüşük. İsa burada da eyni şeyi edir. Pasxa
bayramının bütün simvolizmi və mərasimləri insanlara Onun nə demək
istədiyini göstərməkdən ibarət idi, çünki bütün bunlar Onun xalq üçün nə
etmək istədiyinin nümayişi idi. İsa hansı təsvirdən istifadə etdi və
bunun arxasındakı həqiqət nədir?
-
Pasxa azadlığın şərəfinə təşkil edilən bayram idi. Bu
bayram İsrail xalqına Allahın yəhudiləri Misir əsarətindən necə xilas
etdiyini xatırlatmaq üçün nəzərdə tutulmuşdu. Buna görə də İsa hər
şeydən əvvəl böyük bir xilaskar olduğunu bəyan edir. O,
insanları onları təqib edən qorxulardan və onları əsir saxlayan
günahlardan xilas etmək üçün gəldi.
-
Pasxa quzusu, hər şeydən əvvəl, təhlükəsizliyin simvolu
idi. İlk övladın öldüyü həmin gecə Pasxa quzusunun qanı İsraili
təhlükəsizliklə təmin etdi. Beləliklə, İsa Xilaskar olduğunu bəyan
edir. O, insanları günahlardan və onların nəticələrindən xilas
etmək üçün gəldi. O, insanlara yer üzündə və göydə əbədi əmin-amanlıq
bəxş etmək üçün gəldi.
Burada İsanın bütün fəaliyyətlərini və bütün niyyətlərini əhatə edən
bir açar söz var. Bu söz — əhddir. İsa dedi ki, Onun Qanı yeni
əhdin Qanıdır. O, bununla nə demək istəyirdi? Əhd iki insan arasındakı
münasibətdir, Lakin İsanın dediyi əhd insanla insan arasındakı əhd
deyil, Allahla insan arasındakı əhddir. Başqa sözlə desək, bu, Allahla
insan arasında yeni bir əlaqədir. Axırıncı Şam yeməyi zamanı İsa sanki
belə deyir: «Həyatım və hər şeydən əvvəl mənim ölümüm vasitəsilə sizinlə
Allah arasında yeni münasibət yarandı. Siz Məni gördünüz və Məndə Allahı
gördünüz; Mən sizə Allahın sizi nə qədər sevdiyini dedim, Mən sizə
Allahın sizi nə qədər sevdiyini göstərdim; O sizi o qədər sevir ki,
hətta mənim indi çəkdiyim əzablara dözməyə hazırdır — Allah belədir».
İsanın etdikləri Allahla bizim aramızda bu yeni gözəl münasibətə yol
açdı.
Bu hissə İsanın və Onunla birlikdə olanların ilahi oxuyub, Zeytun
dağına tərəf getməsi ilə bitir. Hallel oxumaq Pasxa bayramının
vacib elementi idi. Hallel — Allaha həmd edin
deməkdir! Bunlar Zəbur 113-118-dən — həmd məzmurları
idi. Pasxa bayramı zamanı müxtəlif vaxtlarda Hallelin müxtəlif hissələri
oxunurdu. Sonda isə Böyük Hallel — Zəbur 136 oxunurdu.
İsanın və Onunla birlikdə olanların Zeytun dağına getməzdən əvvəl
oxuduqları ilahi məhz bu idi.
Burada qeyd etmək lazımdır ki, Axırıncı Şam yeməyi ilə bu gün qeyd
etdiyimiz Rəbbin Süfrəsi arasında bir əsas fərq var. Axırıncı Şam yeməyi
əsl ziyafət idi; Qanuna görə, quzu bütöv yeyilməli və heç nə qalmamalı
idi. Bu, bir tikə çörək və bir qurtum şərab içmək mərasimi deyildi — bu,
ac insanların əsl yeyib-içdiyi süfrə idi. O zaman biz deyə bilərik ki,
İsa insanlara təkcə əhddən və rəmzdən ibarət süfrədə iştirak etmək üçün
İmanlı Cəmiyyətinə toplaşmağı öyrətmir. O, deyir ki, hər dəfə şagirdlər
oturub yemək yeyəndə, bunu Onu xatırlamaq üçün etməlidirlər. İsa Məsih
təkcə müqəddəs mərasimin Rəbbi deyil. O, həm də yemək masasının Rəbbi
olmalıdır.
Daha bir məqamı qeyd etmək lazımdır. İsa deyir ki, növbəti dəfə
şagirdləri ilə Atasının Padşahlığında təzə şərab içəcək. Bu sözlər,
həqiqətən, səmadan gələn imanı və ilahi qətiyyəti ehtiva edir. İsa
Getsemani bağına Ali Şuranın önündə mühakimə olunmaq, Çarmıxa çəkilmək
üçün getsə də, Səmavi Padşahlıq haqqında düşünürdü. İsa Məsih
üçün Çarmıxa çəkilmək məğlubiyyət deyil, izzətə aparan yol idi. O,
Qolqota yolunda idi, eyni zamanda taxta gedən yolla irəliləyirdi. ««
31-35
PETERİN BÜDRƏMƏSİ
MƏSİHİN XƏBƏRDARLIĞI (Matta
26:31-35)
Bu hissə İsa Məsihin bəzi xüsusiyyətlərini açıq şəkildə göstərir.
1. Burada biz İsanın realizmini görürük. İsa Onu nələrin
gözlədiyini bilirdi. Matta hətta görür ki, şagirdlərin İsanı atıb
getməsi artıq Əhdi-Ətiqdə Zəkəriyyə peyğəmbərin kitabında
13:7-də qabaqcadan yazılıb. İsa sakitcə faktlara göz yuman elə
də böyük optimist deyildi. O, baş verəcək hər şeyi qabaqcadan görürdü.
Buna baxmayaraq, geri çəkilmədi.
2. Burada İsanın əminliyi görünür. O deyir: «Amma Mən
diriləndən sonra sizdən qabaq Qalileyaya gedəcəyəm». O, həmişə daha
uzağı görürdü. İsa Onu gözləyən əzablarda olduğu kimi, izzətə çatacağına
da əmin idi.
3. Biz burada Onun şəfqətini görürük. O bilirdi ki,
şagirdləri Onun dəstəyə ən çox ehtiyac duyduğu vaxtda geriyə baxmadan
qaçıb Onu tərk edəcəklər. Lakin bununla belə, O, şagirdlərini danlamır,
qınamır və etibarsız insanlar adlandırmır. Hətta onlara deyir ki, bu
dəhşətli vaxt bitəndən sonra yenidən onlarla görüşəcək. İsanın bu
xüsusiyyəti Onun böyüklüyünü göstərir. O, insanların pis tərəflərini
tanıyır, buna baxmayaraq, yenə də onları sevir. O bizim insani zəif
cəhətlərimizi bilir. O bilir ki, biz səhvlər edəcəyik. Bilir ki,
sədaqətimiz çatışmır. Lakin bunu bilsə də, bizə nifrət bəsləmir,
məhəbbəti sərtliyə çevrilmir. Əksinə, zəif olduqları üçün günaha batan
insanlara şəfqət göstərir.
Bundan əlavə, bu hissə Peterin xarakterinin bəzi xüsusiyyətlərini
göstərir. Onun çatışmazlığı bəllidir — o özündən çox arxayın
idi. O, İsanı sevdiyini bilirdi — buna zərrə qədər də olsun şübhə
yox idi. O inanırdı ki, istənilən çətin vəziyyətin öhdəsindən təkbaşına
gələ biləcək. O özünü İsanın düşündüyündən daha güclü hesab edirdi. Nə
vaxt ki, qəlbimizdə lovğalı güvən yerini təvazökarlıq və həlimlik tutur,
zəif və Məsihin köməyindən tam asılı olduğumuzu dərk edirik, yalnız o
zaman özümüzü təhlükəsizlikdə hesab edə bilərik.
Romalılar və yəhudilər gecəni dörd növbəyə bölmüşdülər: axşam altıdan
doqquza qədər, axşam doqquzdan gecə yarısına qədər, gecə yarısından
səhər üçə qədər və səhər üçdən səhər altıya qədər. Xoruz üçüncü və
dördüncü növbə arasında banlamalı idi. İsa Məsih burada deyir ki, Peter
hələ dan yeri sökülməmiş Onu inkar edəcək.
36-46
QƏLBİN BAĞDAKI
MÜBARİZƏSİ (Matta 26:36-46)
Bu, diz üstə yaxınlaşmalı olduğumuz bir hissədir. Burada araşdırma
sitayişə çevrilməlidir.
Yerusəlimin özündə böyük bağlar yox idi. Çünki dağın zirvəsində
yerləşən şəhərdə kifayət qədər boş yer yox idi; hər kvadrat metr ev
tikintisi üçün lazım idi. Buna görə də zəngin vətəndaşlar Zeytun dağının
yamaclarında şəxsi bağlara sahib idilər. Getsemani sözü, çox
güman, zeytun yağı sıxan və ya zeytun üçün çəllək
mənasını verir. İsa, şübhəsiz, zeytun bağına girmək imkanını əldə
etmişdi. İsanın son günlərində Onun ətrafında toplaşan adları qeyd
olunmayan dostlar barədə düşünmək çox xoşdur. Biri Ona bir eşşək verdi
ki, Yerusəlimə daxil ola bilsin. Digəri Ona şagirdləri ilə birlikdə
Axırıncı Şam yeməyi üçün yuxarı otağı verdi. İndi isə kimsə Ona Zeytun
dağındakı bağdan istifadə etməyə icazə verdi. Nifrət səhrasında hələ də
sevgi işartıları var idi.
Bağa getmək üçün İsa Məsih Özü ilə Görkəmini dəyişdiyi dağda Onunla
birlikdə olan üç şagirdini götürdü. Orada İsa dua edib kədərləndi.
Getsemani bağında İsanın necə mübarizə apardığına ehtiramla yanaşanda,
bəzi şeyləri qeyd etmək olar.
1. Biz İsa Məsihin daxilən əzab çəkdiyini görürük. İndi O,
tam əmin idi ki, Onu qabaqda ölüm gözləyir. Burada İsa Öz iradəsini
Allahın iradəsinə tabe etdirmək üçün ən çətin mübarizə aparmalı oldu. Bu
hekayəni oxuyan insan həmin mübarizənin qəlbi göynədən reallığını
görməyə bilməz. Bu, nəticəsi hər şeyi həll edən bir mübarizə idi.
Dünyanın xilası Getsemani bağında həll olunurdu, çünki İsa Məsih hər an
geri dönə bilərdi, o zaman Allahın planı pozulmuş olardı.
Həmin anda İsa yalnız bir şeyi bilirdi: O, irəli getməlidir, öndə isə
Çarmıx var. Böyük ehtiramla onu deyə bilərik ki, İsa burada hər kəsin
bir gün öyrənməli olduğu dərsi öyrəndi — başa düşülməyən şeyi necə qəbul
etməli. Allahın iradəsi amiranə surətdə Onu irəli çağırırdı. Bu dünyada
hər birimizin başına anlaya bilmədiyimiz şeylər gəlir. Məhz o zaman
insanın əsl imanı sınanır. Belə bir məqamda İsa Məsihin Getsemani
bağında da bu yolu keçməsi ürəyə təsəlli verir.
İmanlı Cəmiyyətinin latın ağsaqqallarından biri olan Tertullian İsa
Məsihin heç bir Müjdədə əksini tapmayan ifadəsini sitat gətirir:
«İmtahanlara məruz qalmayan Səmavi Padşahlığa girə bilməz». Bu isə o
deməkdir ki, hər bir insanın öz Getsemani bağı var və hər kəs «amma
mənim yox, Sənin iradən olsun» deməyi öyrənməlidir.
2. Biz İsa Məsihin tənha qaldığını görürük. İsa Özü ilə üç
seçilmiş şagirdini götürdü, lakin onlar son günlərin keçmə-keşliyindən o
qədər yorulmuşdular ki, oyaq qala bilmədilər. İsa təkbaşına döyüşmək
məcburiyyətində qaldı. Bu, hər bir insanın başına gələ bilər. İnsan
təkbaşına müəyyən vəziyyətlərlə üzləşməli və qərarlar qəbul etməlidir.
Bəzən bütün köməkçilər, bütün təsəlli verənlər insana xəyanət edib onu
tərk edirlər. Amma məruz qaldığımız tənhalıqda biz bunu yaşayan və
Getsemanidən keçən Birinin Varlığına sahibik.
3. Burada biz İsa Məsihin imanını və etibarını
görürük. Onun imanı və etibarı Markın bu epizodun təsvirində daha aydın
görünür. Burada İsa duasına «Abba-Ata!» sözləri ilə başlayır
(Mark 14:36). Abba sözündə böyük məna var. Yoahim
Yeremias «İsanın məsəlləri» kitabında yazır:
«İsanın Abba sözü ilə Allaha müraciət etməsinin yəhudi
ədəbiyyatında heç bir tayı-bərabəri yoxdur. Əvvəllər kiçik uşaq atasını
Abba (indi ərəbcə caba deyilir) deyə çağırırdı. Bu
faktın izahını İmanlı Cəmiyyətinin ağsaqqalları İoann Zlatoust, Teodor
və Teodoretidə tapmaq olar. Bu söz ailədə hər gün işlədilirdi, heç kim
onu Allaha münasibətdə işlətməyə cürət etmirdi. İsa Məsih isə bu sözü
Allaha münasibətdə işlətdi. O, Səmavi Atasına uşaq kimi etibar edərək
səmimi şəkildə — uşaq atasına müraciət edirmiş kimi etdi».
Biz atalar uşaqlarımızın bizimlə hansı dildə danışdıqlarını və bizi
necə adlandırdıqlarını bilirik. Eynilə İsa da Allahla belə danışırdı.
Hətta O, hər şeyi tam anlamasa da, Allahın Onu Çarmıxda ölməyə
çağırdığına əmin olsa da, kiçik uşaq kimi Ona Abba deyə
müraciət etdi. Bizim də Allaha bəsləməli olduğumuz əsl etibar bax budur.
İsanın bizə Allahın Səmavi Atamız olduğunu söylədiyi etibar da elə
budur.
4. Biz İsa Məsihin cəsarətini görürük. İsa dedi: «Qalxın
gedək. Budur, Mənə xəyanət edən gəlir!» Məsihçiliyə hücum edən bütpərəst
filosof Selsus İsanın qaçmaq üzrə olduğunu sübut etmək üçün bu cümlədən
istifadə etdi. Əslində, hər şey tam əksinədir. İsa dedi: «Qalxın, gedək,
bağda dua və orada qalmaq vaxtı bitdi. İndi hərəkət etmək vaxtıdır.
Gəlin həyatı və insanların ən qaranlıq və ən qorxulu tərəflərini
qarşılayaq». İsa həyat döyüşünə qatılmaq üçün diz üstündən qalxdı. Dua
bunun üçündür. İnsan başqalarının qarşısında dik dayana bilməsi üçün
Allah qarşısında diz çökür. Dua zamanı insan göylərə daxil olur ki,
həyat döyüşü ilə üzləşə bilsin.
47-50
XƏYANƏTKARIN ÖPÜŞÜ (Matta
26:47-50)
Gördüyümüz kimi, Yəhuda iki məqsədlə hərəkət edə bilərdi. O, ya
acgözlük və məyusluq üzündən, ya da İsanı fəal hərəkətə təhrik etmək,
yəni Məsihi ölü deyil, hərəkət edən kimi görmək üçün Onun ölməsini
istədi.
Ona görə də bu hissəni iki cür şərh etmək olar. Əgər Yəhudanın
ürəyində yalnız nifrət və bir növ şeytani tamah var idisə, onda bu,
tarixin ən dəhşətli öpüşü və xəyanətin ən dəhşətli əlaməti idi. Belə
olan halda, Yəhuda haqqında mənfi hər nə desək də, bu onun alçaqlığını
göstərmək üçün az olacaq.
Ancaq onun məşğul olduğu təkcə bu deyildi. Həbs edilməli olan Şəxsi
öpüşlə göstərəcəyini izdihama bildirən Yəhuda fileyn sözünü
işlədir. Bu söz, adətən, öpüş mənasını verir. Amma Yəhuda İsanı
öpəndə, Kəlamda kata fileyn sözü işlədilir, bu da sevdiyini
öpmək, yəni ürəkdən bir neçə dəfə öpmək deməkdir. Nə üçün Yəhuda belə
etdi? Bundan başqa, ümumiyyətlə, nə üçün İsanı göstərmək lazım idi?
Hakimiyyətin İsanın kimliyini müəyyən etməsinə ehtiyacı yox idi, sadəcə
Onu həbs etmək üçün əlverişli fürsət düşmüşdü. Həbs etməyə gələnlər baş
kahinlər və xalqın ağsaqqalları tərəfindən göndərilmişdilər. Çox güman,
bu adamlar baş kahinin sərəncamında yeganə qüvvə olan Məbədin mühafizəsi
idi. Mümkün deyil ki, Məbədin mühafizəçiləri bir neçə gün əvvəl Məbədi
təmizləyən, sərrafları və göyərçin satanları oradan qovan Adamı
tanımasınlar. Hər gün Məbədin həyətində təlim verən Adamın tanınmaması
inanılmaz görünür. Mühafizəçilər Getsemani bağına gətiriləndə həbs
edəcəkləri Adamı yaxşı tanıyırdılar.
Çox güman, Yəhuda, şagird müəllimini öpdüyü kimi, İsanı səmimi öpdü,
sonra geri çəkilib, nəhayət, İsanın hərəkətə keçməsini qürurla gözlədi.
Maraqlıdır ki, İsanı öpəndən sonra Yəhuda Getsemani bağında yoxa çıxır
və intihar edənə qədər səhnədə görünmür. O, hətta İsanın məhkəməsində
şahid kimi də görünmür. Çox güman, sarsıdılmış, kor olmuş və şoka düşmüş
Yəhuda necə yanıldığını bir anın içində anlayır və səndələyə-səndələyə
əbədi olaraq qırılan və təqib edilən insan kimi gecənin qaranlığında
itir. Əgər doğrudan da belədirsə, o zaman Yəhuda özü üçün yaratdığı
cəhənnəmə düşür. Çünki ən dəhşətli cəhənnəm — günahın bütün dəhşətli
nəticələrinin tam dərk edilməsidir.
51-56
BAĞDA HƏBSOLUNMA (Matta
26:50-56)
Yəhuda İskaryot hakimiyyət orqanlarına İsanı Getsemani bağında tək
olduğu vaxtda yaxalamaq imkanı verdi. Yəhudi hakimiyyət orqanlarının
ixtiyarında Məbədin mühafizə rəisinin başçılıq etdiyi dəstə var idi.
Lakin İsa Məsihi həbs etmək üçün gələn adamlar dəstədən daha çox yoldan
keçən izdihama bənzəyirdi.
İsa Məsih heç bir müqavimət göstərmədi. Matta yalnız deyir ki,
şagirdlərdən biri özünü sona qədər müdafiə etməyə hazır olaraq qılıncını
çıxarıb, baş kahinin xidmətçilərindən birini yaraladı. Yəhyanın
Müjdəsinə görə (Yəhya 18:10), həmin şagird Peter, xidmətçi isə
Məlik idi. Matta bu barədə heç nə demir. Bəlkə də ona görə ki, Yəhya
Müjdəsini illər sonra yazıb, Matta Müjdəsinin yazıldığı dövrdə isə
müəllimini müdafiə etməyə bu qədər tez tələsən bir şagirdin adını çəkmək
hələ də təhlükəli idi. Bu, Peterin, demək olar ki, qeyri-adi cəsarətinin
başqa bir nümunəsidir. O, bütün dəstə ilə təkbaşına döyüşməyə hazır idi.
Unutmayaq ki, artıq diqqət mərkəzinə düşən Peter İsanın ardınca baş
kahinin evinin həyətinə qədər gedir. Lakin bu son saatlarda diqqətimiz
İsaya yönəlib. Burada Onun haqqında iki şey öyrənirik.
1. İsa Məsih könüllü öldü. Onun həmin Pasxa bayramında
Yerusəlimə gəlməsinə ehtiyac yox idi. Hətta Yerusəlimə gələndə belə,
Onun açıq itaətsizlik göstərməsinə ehtiyac yox idi. O, Getsemani
bağından da qaça bilərdi, çünki gecə idi, həm də çoxları Onun şəhərdən
qaçmasına kömək etməyə hazır idi. Bundan başqa, O, Allahdan qüdrət
istəyə və Onun düşmənlərini məhv edə bilərdi. Son günlərdə Onun atdığı
hər addım aydın şəkildə göstərir ki, İsa Məsih Öz həyatını könüllü
verdi, heç kim Onun həyatını Onun əlindən almayıb. İsa insanlar Onu
öldürdüyü üçün deyil, ölümü seçdiyi üçün öldü.
2. İsa Məsih ölümü seçdi, çünki Onun ölümünün Allahın planı
olduğunu bilirdi. O Öz yolunu seçdi, çünki peyğəmbərlər məhz bu
barədə qabaqcadan söyləmişdilər. İsa bu yolu ona görə seçdi ki, bu,
yeganə sevgi yoludur. «…qılınc çəkənlərin hamısı qılıncla məhv olacaq».
Zorakılıq yalnız şiddət doğurur. Əgər biri qılınc çəksə, o biri özünü
müdafiə etmək üçün mütləq qılınc çəkəcək. İsa Məsih bilirdi ki, müharibə
və güc tətbiqi heç nəyi həll edə bilməz, yalnız fəlakətlər və
bədbəxtliklər silsiləsinə gətirib çıxaracaq, sonda daha dəhşətli
nəticələrə səbəb olan məşum güruh yaradacaq. O bilirdi
ki, Allahın niyyəti yalnız qurban verən məhəbbət sayəsində həyata
keçirilə bilər. Tarix Onun haqlı olduğunu sübut etdi. Çünki Onu zorla
həbs edən, zorakılığı vəsf edən və qılınclarını romalıların qanına
bulaşdırmaqdan məmnun olan yəhudilər qırx ildən sonra şəhərlərinin viran
qaldığın gördülər. Mübarizə aparmaqdan imtina edən Adam isə insanların
qəlbində əbədi hökmranlıq etdi.
57
Matta 26:57-nin şərhinə Matta 26:59-68-ə baxın.
Həmçinin Matta 26:57-nin şərhinə Matta 26:69-75-ə
baxın.
58
Matta 26:58-in şərhinə Matta 26:69-75-ə baxın.
59-68
YƏHUDİLƏRİN
QARŞISINDA QURULAN MƏHKƏMƏ (Matta 26:57, 59-68)
İsa Məsihin məhkəməsinin necə getdiyini izləmək asan deyil. Adamda
belə təəssürat yaranır ki, o, üç hissədən ibarət idi. Birinci hissə
Getsemani bağında həbsdən və baş kahinin evində baş tutan görüşdən
sonrakı vaxtı əhatə edir. Həmin hissə burada təsvir edilib. İkinci hissə
səhəri əhatə edir, bu barədə 27:1.2-də qısaca təsvir verilib.
Üçüncü hissə Ponti Pilatın qarşısında baş verib, bu barədə
27:11-26-da təsvir edilib. Burada sual yaranır: gecə iclası
təcili çağırılan Ali Şuranın rəsmi iclası idi, yoxsa ki, ittiham
formalaşdırmaq üçün ibtidai istintaq? O zaman səhər iclası Ali Şuranın
rəsmi iclası idimi? Bu suala hər necə cavab versək də, yəhudilər İsanın
məhkəməsində öz qanunlarını pozdular. Əgər gecə iclası Ali Şuranın rəsmi
iclası idisə, onda qanunun pozuntusu daha ciddi xarakter daşıyırdı. Bir
sözlə, adamda belə bir təəssürat yaranır ki, Matta gecə iclasını Ali
Şuranın iclası hesab edirdi, çünki 26:59-da deyilir ki, «Ali
Şuranın hamısı İsanı edam etmək üçün Onun əleyhinə yalançı şahidlik
ifadəsi axtarırdı». Onda gəlin bu hökmə əvvəlcə yəhudi qanunu
nöqteyi-nəzərindən baxaq.
Ali Şura yəhudilərin ali məhkəməsi idi. O, ilahiyyatçılardan,
fariseylərdən, sadukeylərdən və xalqın ağsaqqallarından — cəmi yetmiş
bir nəfərdən ibarət idi. Baş kahin ona başçılıq edirdi. Belə bir məhkəmə
üçün onun üzvlərindən ən azı iyirmi üç nəfərin iştirakı tələb olunurdu.
Müəyyən qaydalar və normalar var idi. Bütün cinayət işlərinə gün ərzində
baxılmalı və yekunlaşmalı idi. Pasxa bayramı ərəfəsində cinayət
işlərinə, ümumiyyətlə, baxılmamalı idi. İş bir günün içində yalnız
məhkəmənin bəraət hökmü ilə — təqsirsizdir, — deyə çıxardığı hökmlə başa
çatdırıla bilərdi. Əks halda, hökm çıxarılana qədər bir gecə keçməli idi
ki, hakimlərdə mərhəmət hissi oyansın. Bundan əlavə, Ali Şuranın
istənilən qərarı Məbədin həyətlərində yerləşən Yonulmuş Daş Zalında,
iclas otağında qəbul edilməsəydi, etibarlı ola bilməzdi. Bütün sübutlar
ayrı-ayrılıqda dindirilən və bir-biri ilə əlaqə saxlamaq imkanı olmayan
iki şahid tərəfindən təsdiq edilməli idi.
Bütün yalançı ifadələr ölümlə cəzalandırılırdı. Əgər söhbət bir
insanın həyatından gedirdisə, hər şahidə baş verənlərin və deyilən hər
sözün ciddiliyi və əhəmiyyəti barədə xüsusi vurğulanırdı: «Yadından
çıxarma, ey şahid, pul məsələsində ifadə vermək başqa şeydir, həyat
məsələsinin həll olunduğu vəziyyət başqa şeydir. Pulla bağlı iddiada,
əgər ifadən zərər verərsə, pul həmin zərəri aradan qaldıra bilər; əgər
həyat məsələsinin həll olunduğu bir işdə günah etsən, qiyamətə qədər
müttəhimin və onun zürriyyətinin
qanı sənin üzərində
qalacaq». Bundan başqa, istənilən məhkəmə prosesində məhkəmə əvvəlcə
təqsirləndirilən şəxsin təqsirsizliyini sübut edən bütün
sübutları təqdim edir, sonra isə onun təqsirini sübut etmək üçün faktlar
gətirirdi.
Ali Şuranın prosedur standartları belə idi. Aydın məsələdir ki, Ali
Şura İsadan qurtulmaq səylərində öz standartlarını pozdu. Yəhudilərdə
nifrət o həddə çatmışdı ki, onlar İsanı məhv etmək üçün hər cür imkana
əl atdılar.
MƏSİHİN CİNAYƏTİ (Matta
26:57, 59-68 (ardı))
Yəhudi başçılarının gecə iclasının əsas məqsədi İsaya qarşı ittiham
irəli sürmək idi. Gördüyümüz kimi, bütün ifadələr ayrı-ayrı dindirilən
iki şahid tərəfindən təsdiq edilməli idi. Amma uzun müddət iki eyni
yalan ifadə tapa bilmirdilər. Onda bu cür ittiham irəli sürüldü: guya
İsa Məsih Məbədi dağıdacağını və üç gün ərzində onu yenidən tikə
biləcəyini söyləyib. Bu ittiham İsanın, doğrudan da, dediyi bəzi
sözlərin təhrifidir. Bir qədər əvvəl biz gördük ki, O, Məbədin
dağıdılması barədə qabaqcadan demişdir. Lakin həmin sözlər təhrif edildi
və guya Məbədi İsanın dağıdacağını söylədiyi ittihamına çevrildi. Biz
İsanın öldürüləcəyini və üçüncü gün diriləcəyini qabaqcadan dediyini
gördük. Bu da təhrif edildi, guya O, üç gün ərzində Məbədi yenidən
tikəcəyini söyləmişdi. Bu ittiham İsanın dediyi bəzi sözlərin qəsdən və
pis niyyətlə təfsiri zamanı hazırlanmışdı. İsa Məsih belə bir ittihama
cavab verməkdən qəti şəkildə imtina etdi. Burada qanun Onun tərəfində
idi, çünki mühakimə zamanı insana sual vermək, yaxud yalandan boynuna
alacağı suallara cavab verməyə məcbur etmək olmazdı.
O zaman baş kahin vacib sualı verdi. Biz gördük ki, İsa dəfələrlə
şagirdlərinə Onun Məsih olduğunu heç kimə söyləməməsini tapşırmışdı. Bəs
necə oldu ki, baş kahin İsanın cavabdan qaça bilməyəcəyi sual verə
bildi? Ola bilər ki, Yəhuda yəhudi rəhbərlərinə İsa haqqında danışanda,
İsanın onlara Məsih olduğunu açıqladığını da deyib. Ola bilər ki, Yəhuda
İsanın şagirdlərə tapşırdığı məxfilik öhdəliyini bilərəkdən
pozmuşdu.
Hər necə olursa olsun, baş kahin var olan Allaha and etdirərək, bu
sualı verdi: «Sən Məsihsənmi?»
«Sən Allahın Oğlu olduğunu iddia edirsən?» Bu, bütün məhkəmə
prosesində həlledici məqam idi.
Hətta demək olar ki, həmin an bütün kainat cavab gözləyərək nəfəsini
saxladı. Əgər İsa «yox» desəydi, məhkəmə çəkişməsi üçün heç bir əsas
qalmazdı, çünki İsaya qarşı başqa heç bir ittiham irəli sürülə bilməzdi.
İsaya bircə «yox» demək kifayət idi ki, Ali Şuranın başqa yalanı
uydurana qədər azad adam kimi gözdən itsin. Digər tərəfdən, əgər O,
«bəli» desə, bununla da ölüm hökmünü imzalayacaqdı. Bircə sadə «bəli»
demək lazım idi, o zaman Çarmıx qaçılmaz olacaqdı. Bəlkə də İsa böyük
bir qərar verməzdən əvvəl hər şeyi ölçüb-biçmək üçün bir qədər dayandı,
sonra «bəli» dedi. Bundan başqa, O, daha da irəli getdi. O, Daniel
peyğəmbərin kitabından 7:13-dən sitat gətirdi, burada Allahın
Seçilmişinin son qələbəsinin və hökmranlıq etməsinin aydın mənzərəsi
verilir. İsa nə etdiyini yaxşı bilirdi. Dərhal küfr hayqırtıları
eşidildi, baş kahin süni və isterika içində paltarını cırdı; İsa ölümə
məhkum edildi.
Bundan sonra onun üzünə tüpürməyə, döyməyə, yanaqlarına şillə
vurmağa, ələ salmağa başladılar. Hətta ədalətin zahiri forması da
unudulmuşdu; acı nifrət üzə çıxmışdı. Gecə iclası məhkəmə kimi başladı,
nifrətin şiddətli nümayişi ilə başa çatdı. Bu müddət ərzində heç kim
məhkəməni qərəzsiz kimi göstərməyə cəhd belə etmədi.
Bu günə qədər İsa Məsihlə üz-üzə gələn şəxs ya Ona nifrət etməli, ya
da Onu sevməlidir; ya tamamilə Ona tabe olmalı, ya da Onu yox etməyə
çalışmalıdır. İsa Məsihin tələb etdiklərini anlayan adam neytral qala
bilməz; o, ya Onun qulu, ya da düşməninə çevrilir.
69-75
CƏSARƏTSİZLİK (Matta
26:57-58, 69-75)
Bu hissəni oxuyarkən Əhdi-Cədidin heyrətamiz dürüstlüyünə heyran
qalmamaq olmur. Əgər Əhdi-Cədidin müəllifləri nə vaxtsa bir hadisə
barədə susmaq və ya onu gizlətmək istəsəydilər, yəqin ki, ən çox bu
hadisəni gizlədərdilər. Buna baxmayaraq, həmin hadisə bütün çılpaqlığı
ilə açıq danışılır. Biz bilirik ki, Matta Markın Müjdəsinə daha çox
istinad edir, lakin Markın Müjdəsində bu hadisə daha aydın şəkildə
təsvir olunur (Mark 14:66-72). Papiyin dediyi kimi, «biz
bilirik ki, Markın Müjdəsi Peterin təbliğ etdiyinin yazılı izahından
başqa bir şey deyil». Beləliklə, biz heyrətləndirici faktla
qarşılaşırıq, — Peter inkar hekayəsini özü başqalarına danışdığı üçün bu
hadisə bizə qədər gəlib çatmışdır.
Bu hadisəni gizlətmək istəməyən Peter bunu müjdənin mühüm elementinə
çevirdi, o, bunu ən yaxşı niyyətlə etdi. Çünki hər dəfə həmin hekayəni
danışanda, o deyə bilərdi: «Baxın, İsa məhz belə bağışlayır. Onun ən çox
ehtiyac duyduğu vaxtda Onu tərk etməyimə baxmayaraq, O məni bağışladı.
Bundan əlavə, yenidən yararlı ola bilməyim üçün məni qəbul etdi». Bu
hekayəni oxuyarkən heç vaxt unutmamalıyıq ki, bütün insanlar İsa Məsihin
hər şeyi bağışlayan məhəbbətinin və təqdis edən qüdrətinin izzətini dərk
etsinlər deyə, Peter öz rüsvayçılığı haqqında çəkinmədən danışırdı.
Ancaq yenə də Peterə nifrətlə baxıb mühakimə etmək olmaz.
Təəccüblü olsa da, fakt budur ki, Peterin başına gələn bədbəxtlik
yalnız çox cəsarətli bir insanın başına gələ bilərdi. Bütün digər
şagirdlər qaçdılar. Qaçmayan ancaq Peter idi. İsraildə varlı insanların
evləri müxtəlif otaqların qapılarını özündə birləşdirən açıq — damsız
həyətin ətrafında dördbucaq şəklində tikilirdi. Peter üçün baş kahinin
evinindəki belə bir həyətə girmək şir yuvasına girmək kimi idi. Buna
baxmayaraq, o, yenə də ora getdi. Bu hekayə hər necə bitirsə bitsin, o,
Peterin yeganə cəsur adam olması ilə başlayır.
İlk imtina baş kahinin həyətində baş verdi. Şübhəsiz, qarabaş İsanın
ən görkəmli davamçılarından biri kimi Peterə hər kəsdən birinci diqqət
yetirdi. Sonda onu tanıdı. Belə bir tanınmadan sonra hamı Peterin
həyatını xilas etməkdən ötrü qaçacağını düşünərdi. Qorxaq adam gecənin
qaranlığında mümkün qədər tez yoxa çıxardı, ancaq Peter qaçmadı. O,
darvazanın yanına gəldi.
O, iki hiss arasında qalıb iztirab çəkirdi. Ürəyində onu qaçmağa
vadar edən qorxu vardı. Eyni zamanda ürəyində onu orada saxlayan sevgi
də var idi. Darvazanın yanında onu yenidən tanıdılar, bu dəfə o, İsanı
tanımadığına and içməyə başladı. Amma yenə də oradan getmədi. Budur əsl
cəsarət.
Peterin ikinci inkarı onu ifşa etdi. Onun ləhcəsindən qalileyalı
olduğu aydın görünürdü. Qalileyalılar «r» və «l» səslərini düzgün
tələffüz etmirdilər. Onların o qədər xoşagəlməz ləhcəsi vardı ki, ibadət
zamanı sinaqoqda onlara xeyir-dua verməyə icazə verilmirdi. Peteri bir
daha İsanın davamçısı olmaqda ittiham etdilər. Bu dəfə Peter daha da
irəli getdi və özünü qarğıyıb and içməyə başladı ki, İsanı tanımır.
Bununla belə, Peterin həmin həyəti tərk etmək fikri yox idi.
Bu arada xoruz banladı. Peter ona deyilənləri xatırladı və acı-acı
ağladı.
Həmin hadisədən sonra Peterlə nə baş verdiyini bilmirik. Çünki müjdə
hekayəsi xəbərdarlıq edərək, onun rüsvayçılığının əzablarının üzərinə
pərdə atır. Amma onu qınamazdan əvvəl yadda saxlamalıyıq ki, bizdən çox
az adamın həmin məhkəməyə getməyə cəsarəti çatardı. Bir şeyi də qeyd
etmək lazımdır — Peterə cəsarət verən məhəbbəti idi. Onu kahinin
həyətində üç dəfə tanısalar da, orada saxlayan sevgi idi. Məhz məhəbbət
onu İsanın sözlərini xatırlamağa vadar etdi. Onu acı-acı ağlamağa sövq
edən də sevgi idi. Məhəbbət bir çox günahların üstünü örtər. Sonda bu
hekayə bizi təkcə Peterin qorxaqlığını deyil, həm də onun məhəbbətini
görməyə vadar edir.