27-ci fəsil
1-2
Matta 27:1-2-in şərhinə Matta 27:11-26-da
baxın.
3-10
XƏYANƏTKARIN SONU (Matta
27:3-10)
Qarşımızda Yəhudanın dəhşətli faciəsinin sonu canlanır. Onun
niyyətini hər necə şərh etsək də, bir şey aydındır — Yəhuda etdiyi
əməlin nə qədər dəhşətli olduğunu dərk etdi. Matta deyir ki, Yəhuda
gümüş pulları Məbədə atdı. Maraqlıdır, o, Məbəd deyərkən hieron
(Məbədin həyəti) sözünü deyil, naos (Məbədin özü) sözündən
istifadə edir. Məbəd bir-birinin içindən keçən bir neçə həyətdən ibarət
idi.
Yəhuda pərişan halda Məbədin qeyri-yəhudilər üçün nəzərdə tutulan
həyətinə girdi, oradan qadınlar üçün olan həyətə, daha sonra yəhudilər
üçün olan həyətə keçdi. Yəhuda Məbədlə kahinlərin olduğu həyəti ayıran
hasara yaxınlaşdı. O, kahinləri pulu qaytarmaq üçün çağırdı, lakin onlar
imtina etdilər. O da pulu üstlərinə atıb getdi və özünü asdı. Kahinlər
pulları götürdülər. Amma bu pullar o qədər murdar idi ki, Məbədin
xəzinəsinə qoyula bilməzdi. Həmin pula şəhərlərində ölən natəmiz
bütpərəstlərin dəfni üçün torpaq aldılar.
Yəhudanın intiharı, şübhəsiz ki, onun planının iflasa uğradığını
göstərir. Yəhuda istəyirdi ki, İsa Məsih fateh kimi irəli çıxsın, lakin
əvəzində Onu Çarmıxa sürüklədi. Beləcə Yəhuda üçün həyat sona çatdı.
Burada günahla bağlı iki böyük həqiqət var.
1. Ən dəhşətlisi odur ki, günah ediləndə heç nəyi dəyişmək, saatı
geri çəkmək mümkün deyil. İş görüləndən sonra nəyisə dəyişdirmək, onu
geri qaytarmaq olmaz. Həyatınızda etdiyiniz səhvləri düzəltmək üçün bir
daha yaşaya biləsiniz deyə, qoca olmaq mütləq deyil.
2. İnsan çox vaxt günah vasitəsilə qazandığı şeylərə nifrət etməyə
başlayır. Günah etməklə əldə etdiyi şey onda elə bir ikrah hissi yaradır
ki, onun yalnız bir istəyi olur — onu özündən rədd etmək. İnsanların
əksəriyyəti qadağan olunanı əldə etməklə xoşbəxt olacağını zənn etdiyi
üçün günah edir. Amma sonra insan arzuolunan və günaha sövq ediləndən
yaxa qurtarmaq istəyir. Çox vaxt isə o, bundan qurtula bilmir.
Matta əzbərlədiyi ayədən sitatlar gətirir. Onun gətirdiyi sitat
Yeremya peyğəmbərin kitabından deyil, Zəkəriyyə peyğəmbərin kitabından
götürülüb. Bu qəribə sitatda (Zəkəriyyə 11:10-14) peyğəmbərin
layiq olmadığı mükafatı alıb, onu dulusçuya atmasından danışılır. Bu
qədim təsvirdə Matta Yəhudanın etdikləri ilə rəmzi bir bənzətmə
görür.
Əgər Yəhuda İsa Məsihə sadiq qalsaydı, bəlkə də, iman yolunda şəhid
olacaqdı. Lakin o özünü öldürdü, çünki hər şeyi özü istədiyi kimi etməyi
çox sevirdi. O, şəhadətin izzətini görmədi, günah işlətdiyinə görə həyat
onun üçün dözülməz oldu.
11-26
İSA MƏSİHİ
ÖLÜMƏ MƏHKUM EDƏN ADAM (Matta 27:1-2, 11-26)
İlk iki ayə İsa Məsihə qarşı rəsmi ittihamı formalaşdırmaq üçün səhər
tezdən keçirilən Ali Şuranın iclasının qısa təsvirini verir. Məşvərət
mütləq keçirilməli idi. Çünki yəhudilər adi ittihamlarla məşğul olmaq
hüququna malik idilər, amma ölüm hökmünü icra edə bilməzdilər. Belə bir
hökm yalnız Roma valisi tərəfindən çıxarıla və Roma hakimiyyəti
tərəfindən həyata keçirilə bilərdi. Buna görə Ali Şura Ponti Pilatın
yanına gedib, İsanın ölümə məhkum edilməsini tələb edən ittiham irəli
sürməli idi.
Matta ittihamın nə olduğunu açıqlamır, lakin Luka bu barədə danışır.
Ali Şura İsanı Allaha küfrdə ittiham etdi (Matta 26:65-66).
Buna baxmayaraq, yəhudi hakimiyyət orqanlarının özləri çox yaxşı başa
düşürdülər ki, Pilat belə bir ittihama qulaq asmayacaq. Pilat onlara öz
dini ixtilaflarını özlərinin həll etməsini deyəcəkdi. Buna görə, Lukanın
dediyi kimi, onlar İsaya qarşı üç ittiham irəli sürərək, Pilatın yanına
gəldilər. İttihamların hər biri yalan idi və qəsdən uydurulmuşdu.
Birincisi, onlar İsanı inqilabçı olmaqda, ikincisi, xalqı Qeysərə vergi
verməməyə təhrik etməkdə, üçüncüsü, Özünü Padşah adlandırmaqda ittiham
etdilər (Luka 23:2). Onlar üç siyasi ittiham irəli
sürdülər. Bunların hamısı qəsdən uydurulmuş yalan idi. Çünki yaxşı
bilirdilər ki, Pilat yalnız belə ittihamlara diqqət yetirəcək.
Beləliklə, hər şey Ponti Pilatın rəyindən asılı idi. Bəs Roma valisi
necə insan idi?
Ponti Pilat rəsmi olaraq vilayətin valisi idi. O, Roma
Senatının qarşısında deyil, birbaşa Roma imperatorunun qarşısında
cavabdeh şəxs idi. Onun yaşı iyirmi yeddidən aşağı olmamalı idi. Çünki
vali vəzifəsini tutmaq yalnız bu yaşdan mümkün idi. Vali kifayət qədər
təcrübəli adam olmalı idi. Vali vəzifəsini tutmaq hüququndan əvvəl,
hərbi komandanlıq vəzifələri də daxil olmaqla, bütün vəzifələrdən keçib
yüksəlməli idi. Ponti Pilat sınaqdan keçmiş yaxşı döyüşçü və idarəçi
olmalı idi. O, b.e. 26-cı ilində Yəhudeyaya vali təyin edildi. O, on il
bu vəzifəni tutdu, sonra geri çağırıldı.
Bu vəzifəyə gələndən sonra Ponti Pilat Yəhudeyada bir çox problem və
çətinliklərlə üzləşdi, onların çoxunu o özü yaratmışdı. Onun böyük
çatışmazlığı yəhudilərlə yola getməməsi idi. Üstəlik, Pilat onların
ağılsız və fanatik xurafatlarına xor baxırdı. Romalılar yəhudi dininin
şiddətini və yəhudilərin imanda sadiqliyini bilirdilər, buna görə
onlarla çox müdrik və incə davranırdılar. Ponti Pilat isə təkəbbürlə güc
tətbiq etməyi seçdi.
O, vəzifəyə təyin edilən gündən problemlər başladı. Roma komandanlığı
Qeysəriyyədə yerləşirdi. Romalıların bayraqları yox idi, yalnız üzərində
Roma qartalı və ya hökmranlıq edən imperatorun təsviri olan hərbi
nişanlar var idi. Yəhudilərin istənilən bütə nifrətini nəzərə alaraq,
əvvəlki hökmdarlar Yerusəlimi ziyarət edərkən, şəhərə girməzdən əvvəl
döyüş nişanlarını dirəkdən çıxarmağı əmr edirdilər. Ponti Pilat isə bunu
etməkdən imtina etmişdi. Bu da yəhudilərlə düşmənçiliyə gətirib çıxardı.
Sonda Pilat güzəştə getmək məcburiyyətində qaldı. Axı bütün xalqı həbs
etmək və ya öldürmək mümkün deyildi. Sonra Ponti Pilat qərara gəldi ki,
Yerusəlimin yeni su təchizatı olsun. Bu, çox ağıllı qərar idi. Bunun
üçün o, yeni su kəməri tikdi, pulu isə Məbədin xəzinəsindən götürdü.
Görkəmli yəhudi alimi İsgəndəriyyəli Filon
Ponti Pilatın xasiyyətnaməsi barədə yazır ki, yəhudilər hüquqlarından
istifadə edib, Pilatı imperatora şikayət edəcəkləri ilə hədələyirdilər.
Bu hədə Pilatı hədsiz qəzəbləndirdi. O qorxdu ki, onlar imperatorun
yanına səfirlik göndərib, onun hakimiyyətinin mənfi cəhətlərindən —
rüşvətxorluğundan, təkəbbüründən, qəsbkarlığından, qəddarlığından,
insanları təhqir etməsindən, məhkəmə hökmü olmadan adam öldürməsindən,
sonsuz və açıq-aşkar qeyri-insaniliyindən şikayətlənəyəcəklər. Ponti
Pilat yəhudilər arasında pis nüfuz qazanmışdı. Onun haqqında imperatora
şikayət etmək ehtimalı onu çətin vəziyyətə salırdı.
Gəlin Ponti Pilatın karyerasını sona qədər izləyək. Sonda o,
Samariyada tətbiq etdiyi qəddarlığına görə Romaya geri çağırıldı.
Hansısa fırıldaqçı Musanın Gerizim dağında gizlətdiyi müqəddəs qabları
göstərəcəyini iddia edərək xalqı dağa çağırdı. Necəsə camaatın çoxu
silahla gəlib Tirabat kəndinə toplaşdı. Ponti Pilat onlara hücum etdi və
amansızcasına öldürdü. Çünki bu, sadə xalqın zərərsiz hərəkatı idi.
Samariyalılar Ponti Pilatın bilavasitə başçısı olan Suriya legatı
Vitelliyə şikayət etdilər.
Vitelli Pilata
Romaya getməyi və əməlinə görə hesabat verməyi əmr etdi.
Pilat Romaya gedərkən imperator Tiberi öldü, beləcə Ponti Pilat
məhkəmədən qaça bildi. Rəvayətə görə, o, intihar etdi və cəsədi Tiber
çayına atıldı. Lakin pis ruh çayı o qədər qarışdırdı ki, romalılar
cəsədi Qalliya aparıb Rona çayına atdılar. Ponti Pilatın qondarma məzarı
bu gün də Vyanada nümayiş etdirilir. Eyni hadisə orada da baş verdi.
Onda cəsədi İsveçrənin Lozanna şəhərinə aparıb, dağlardakı mədəndə
basdırdılar.
Lütsern şəhəri ilə üzbəüz Pilat dağı var. Əvvəlcə bu dağ
Pileatus adlanırdı, mənası bulud papağı geyinmiş
deməkdir. Lakin Ponti Pilatla əlaqəli olduğuna görə sonradan dağ Pilat
adlandı.
Sonrakı məsihçi rəvayətlərində Ponti Pilata qarşı şəfqət yaranmağa
başladı. İsa Məsihin ölümündə bütün günah yəhudilərin üzərinə atıldı.
Həmin rəvayətə görə, Ponti Pilatın arvadı Klavdiya Prokulanın (çox güman
ki, o, yəhudi dinini qəbul etmişdi) sonradan məsihçi olduğu vurğulanır.
Hətta belə hesab olunurdu ki, Ponti Pilatın özü də məsihçi olub. Kopt
kilsəsi bu günə qədər həm Ponti Pilatı, həm də həyat yoldaşını müqəddəs
hesab edir.
Təbii ki, Pilat İsanın günahsız olduğunu bilirdi. Lakin onun keçmiş
cinayətləri və qəddarlığı öz iradəsinə, eləcə də ədalətə qarşı çıxmağa
məcbur edirdi.
PİLATIN
ÜMİDSİZ MÜBARİZƏSİ (Matta 27:1-2, 11-26 (ardı))
Bu hissə elə təəssürat yaradır ki, Ponti Pilat ümidsiz mübarizə
aparır. Pilat İsanı mühakimə etmək istəmirdi. Bu səbəbdən aşağıdakıları
qeyd etmək olar.
1. İsa Məsih Pilatda təəssürat yaratdı. Əlbəttə, Pilat Onun
yəhudilərin Padşahı olmaq iddiasını ciddi qəbul etmədi. O, İsa Məsihi
inqilabçı kimi görmürdü. İsanın əzəmətli susqunluğu Pilatın özünün
mühakimə olunduğunu hiss etməsinə səbəb oldu. Ponti Pilat İsa Məsihin
qüdrətini və səlahiyyətini hiss etdi. O qorxurdu ki, birdən bu
səlahiyyətə özü də tabe olar. Bu gün də məsihçi olmaqdan qorxan insanlar
var, baxmayaraq ki, onlar məsihçi olmalı olduqlarını bilirlər.
2. Pilat çıxış yolu axtarırdı. Yerusəlimdə Pasxa bayramında bir
məhbusu azad etmək adəti var idi. Zindanda Barabba adlı məhbus var idi.
Bu, hansısa kiçik oğru deyil, çox güman ki, quldur və ya siyasi üsyançı
idi. Onun haqqında iki maraqlı mülahizə mövcuddur. Barabbanın adının
mənası atanın oğlu deməkdir; görkəmli ravvinləri ata
adlandırırdılar. Ola bilsin, Barabba qədim və məşhur bir ailənin
nəslindən yolunu azmış məşhur cinayətkar olub. Belə adam cinayətdən həzz
alırdı, bu da xalqı sevindirə bilərdi. Daha maraqlısı budur ki,
Barabbanın da adı, çox güman, İsa idi. Məsələn, Əhdi-Cədidin bəzi qədim
əlyazmalarında o, İsa Barabba adlanır. Bundan həm məsihçi ilahiyyatçısı
və filosofu Origen, həm də Qeysəriyyə yepiskopu Evsebi
xəbərdar idi. Qeyd etmək maraqlı olar ki, Ponti Pilat İsanı iki dəfə
«Məsih deyilən İsa» deyərək (27:17-22), Onu digər
İsadan fərqləndirir. İsa adı, ümumiyyətlə, geniş yayılmışdı. Çox güman,
camaat «İsa Məsihi yox, Barabba İsanı azad et» deyə qışqırırdı.
Ponti Pilat çıxış yolu tapmağa çalışdı, lakin camaat həlim Məsihi
rədd edərək, qatı cinayətkarı seçdi. İzdiham zalım İsanı sevən Məsih
İsadan üstün tutdu.
3. Ponti Pilat İsanı mühakimə etmək məsuliyyətindən yayınmağa
çalışırdı. Qarşımızda qəribə və faciəli mənzərə canlanır — Ponti Pilat
əllərini yuyur. Axı bu, yəhudi adəti idi. Qanunun təkrarı
21:1-9-da qəribə bir qayda var. Əgər meyit tapılırdısa və qatilin
kim olduğu məlum deyildisə, bu yerdən ən yaxın şəhər və ya kəndi müəyyən
etmək üçün araşdırma aparılırdı. Həmin yerin ağsaqqalları bir düyə
qurban kəsib əllərini yumalı idi ki, təqsirdən azad olsunlar.
Ponti Pilat baş verənləri yaxşı anlayırdı. Onda ədalət və vicdan
hissi oyanmışdı. Hətta arvadının yuxusu onu da xəbərdar etmişdi. Lakin
o, kütləyə müqavimət göstərə bilmədi. Onda Pilat mənasız və faydasız bir
jest etdi — o, əllərini yudu. Rəvayətə görə, Ponti Pilatın kölgəsi bu
günə qədər qəbirdən çıxır və yenidən əllərini yuyur.
Amma insan heç vaxt məsuliyyətdən yaxa qurtara bilməz. Nə Ponti
Pilat, nə də başqası heç vaxt «Mən məsuliyyəti üzərimdən atmaq üçün
əllərimi yuyuram» deyə bilər. Heç kim və heç nə bu məsuliyyəti onun
üzərindən götürə bilməz. Ponti Pilatın obrazı bizdə ikrahdan daha çox
mərhəmət hissi oyadır. Çünki keçmişi onu tamamilə aciz etmişdi, belə ki,
o, tutmaq istədiyi mövqedən çıxış edə bilmirdi. Ponti Pilat əclafdan
daha çox faciəvi bir fiqurdur.
27-31
ƏSGƏRLƏRİN İSTEHZASI (Matta
27:27-31)
İndi isə dəhşətli Çarmıxa çəkilmə hadisəsi başlayır. Əvvəlki ayə
Ponti Pilatın İsa Məsihin qamçılanmasını əmr etməsi ilə bitir. Roma
imperiyasında qamçılanma dəhşətli işgəncə idi: qurbanı soyundurur,
əllərini arxadan, özünü isə əyilmiş vəziyyətdə bir dirəyə bağlayırdılar
ki, kürəyi qamçılanmaq üçün açıq olsun. Qamçı ucu iti sümük parçaları və
qurğuşun bərkidilmış uzun dəridən ibarət idi. Çarmıxa çəkilməzdən əvvəl
həmişə belə qamçılanma olurdu və «çılpaq bədəni çiy ət parçasına və
kəsik-kəsik qanayan yaralara çevirirdi». İnsanlar belə qamçılanma zamanı
ölür və ağlını itirirdi. Yalnız bəziləri qamçılanmanın sonuna qədər
huşunu itirmirdi.
Belə qamçılanmadan sonra İsa Məsih əsgərlərin əllərinə təslim edildi.
Həmin vaxt Çarmıxa çəkilmək üçün son hazırlıqlar görülür və Çarmıxın özü
hazırlanırdı. Əsgərlər İsanı valinin iqamətgahı olan saraydakı
kazarmalarına apardılar. Hərbi hissəyə alay, speyra
deyilirdi. Speyra altı yüz nəfərdən ibarət idi. O zaman
Yerusəlimdə bu qədər insanın olması ehtimalı azdır. Bu əsgərlər Ponti
Pilatı qərargahın yerləşdiyi Qeysəriyyədən Yerusəlimə qədər müşayiət
edən onun şəxsi mühafizəsi idi.
Əsgərlərin etdikləri bizi sarsıdır. Lakin Məsihin Çarmıxa
çəkilməsində iştirak edənlər arasında onları daha az qınamaq olar. Onlar
hətta Yerusəlim qarnizonundan deyildilər. Onlar İsanın kim olduğunu belə
bilmirdilər. Onlar heç yəhudi də deyildilər. Çünki bütün imperiyada
hərbi vəzifədən azad edilən yeganə xalq yəhudilər idi. Həmin əsgərlər
hərbi xidmətə dünyanın hər yerindən çağırılan adamlar idi. Onlar öz sərt
zarafatlarından həzz alırdılar. Amma Ponti Pilatdan və yəhudilərdən
fərqli olaraq, onlar cahilliklərinə görə hərəkət edirdilər.
Bəlkə də bütün baş verənlərə nisbətən İsanın əsgərlərin istehzasına
dözməsi asan idi. Çünki Onu saxta padşah etsələr də, onların gözlərində
nifrət yox idi. Onların nəzərində O, Çarmıxa çəkiləcək yolunu azmış
Qalileyalı idi. Qeyd etmək lazımdır ki, İsgəndəriyyəli Filon
İsgəndəriyyədə yəhudi camaatının ruhi xəstə bir oğlana eyni şeyi
etdiyini deyir:
«Onlar bir parça götürüb başına diadema
kimi qoydular... əsanın əvəzinə isə yol kənarından tapdıqları qamışı
verdilər... O, padşah kimi bəzədildiyinə görə, bəziləri onu salamlamaq
üçün, bəziləri isə xahiş etmək üçün yaxınlaşırdılar».
Onlar ağıldan kəm oğlana belə rişxənd edirdilər. Əsgərlər də İsanı
belə qəbul edirdilər.
Sonra Onu Çarmıxa çəkilmə yerinə aparmağa hazırlaşdılar. Bəzən bizə
deyirlər ki, biz diqqətimizi Çarmıxa çəkilmənin fiziki əzablarına
yönəltməyək. Lakin biz İsanın bizim uğrumuzda nə etdiyi və nələr çəkdiyi
barədə heç vaxt aydın təsəvvür əldə edə bilmərik. Yəhudi müəllif
Klausner deyir: «Çarmıxa çəkilmə insanın öz soydaşlarından qisas almaq
üçün icad etdiyi ən dəhşətli və qəddar edamdır». Romalı siyasətçi, natiq
və yazıçı Siseron isə Çarmıxa çəkilməni «ən qəddar və ən dəhşətli
işgəncə» adlandırır. Roma tarixçisi Tasit bunu «yalnız qullara yaraşan
işgəncə» adlandırmışdır.
Bu edam qədim farslardan gəlir, onun mənşəyi farsların Ormuzd adlı
torpaq tanrısına ithaf edildiyinə etiqadları ilə bağlıdır. Buna görə də
cinayətkarlar torpağı murdarlamasın deyə onları torpaqdan yuxarı
qaldırırdılar. Axı torpaq həmin tanrıya məxsus idi. Farslardan sonra
Çarmıx cəzasını Karfagendə tətbiq etdilər. Romalılar isə Şimali Afrikada
və Karfagendə bu edam növü ilə tanış oldular. Romalılar onu yalnız
üsyançıların, qaçan qulların və ən qatı cinayətkarların edamı üçün
istifadə edirdilər. Bu edam Roma vətəndaşlarına şamil edilə
bilməzdi.
Klausner Çarmıxa çəkilməni daha ətraflı təsvir edir. Qamçılanandan
sonra çoxlu qan itirən cinayətkar Çarmıxa bağlanırdı. Orada aclıqdan,
susuzluqdan və qızmar günəşdən ölənə qədər asılı qalırdı. O, hətta ona
əzab verən, çılpaq bədəninə, qanayan yaralarına qonan ağcaqanad və
milçəklərdən belə özünü qoruya bilmirdi. Bütün bunlar çox dəhşətlidir.
Amma İsa Məsih bizim uğrumuzda könüllü olaraq bu əzabları çəkdi.
32-44
ÇARMIX VƏ XƏCALƏT (Matta
27:32-44)
Çarmıxa çəkilmə hekayəsinin şərhə ehtiyacı yoxdur; onun gücü
hekayənin özündədir. Biz yalnız hadisəyə lazımi aydınlığı gətirmək üçün
onun fonunu təsvir edə bilərik.
Cinayətkar məhkum ediləndən sonra Çarmıxa çəkilməyə aparılırdı. Onu
dörd Roma əsgəri müşayiət edirdi. Adətə görə, cinayətkar Çarmıxın üst
dirəyini özü daşımalı idi — böyük şaquli sütun edam yerində onu
gözləyirdi. Cinayətkarın edam səbəbi lövhədə yazılırdı; lövhəni ya
boynuna asır, ya da məhkəmə icraçısı onun qabağında aparırdı. Sonra
lövhəni Çarmıxa bərkidirdilər. Cinayətkarı bilərəkdən ən uzun yolla edam
yerinə aparırdılar ki, onu daha çox adam görə bilsin və bu dəhşətli
mənzərə onlara xəbərdarlıq olsun.
İsa Məsihi amansızcasına qamçıladılar. Bundan sonra O, əsgərlərin
istehzasına dözdü. Buna qədər isə O, gecənin çox hissəsini istintaqda və
sorğu-sualda keçirmişdi. Ona görə də O, fiziki cəhətdən taqətdən
düşmüşdü. İndi də Çarmıxın ağırlığından səndələyirdi. Roma əsgərləri
belə bir vəziyyətdə nə edəcəyini yaxşı bilirdilər. İsrail istila edilmiş
ölkə idi. Buna görə Roma zabitinin istənilən yəhudinin çiyninə nizənin
yastı ucu ilə vurması kifayət idi ki, bu iş ağır və iyrənc olsa belə,
ona tapşırılan hər işi yerinə yetirsin. Əslən Şimali Afrikada Kirenadan
olan Şimon adlı bir kişi yaxınlıqdakı kənddən şəhərə gəldi. Ola bilsin,
o, pul toplamışdı ki, heç olmasa bir dəfə Pasxa bayramına Yerusəlimə
gələ bilsin. Burada o, alçalmaya və rüsvayçılığa məruz qaldı: onu İsa
Məsihin Çarmıxını daşımağa məcbur etdilər. Bu məqam barədə danışaraq
Mark Şimonu «İsgəndər və Rufusun atası» adlandırır (Mark
15:21). Belə işarə yalnız bir şeyi ifadə edə bilər — İsgəndər və
Rufus İmanlı Cəmiyyətində yaxşı tanınırdı. Yəqin ki, həmin dəhşətli
gündə İsa Şimonun ürəyinə toxunmuşdu. Əvvəlcə Şimona rüsvayçılıq kimi
görünən gün onun izzətli gününə çevrildi.
Edam yeri Qolqotada yerləşirdi. Həmin yer kəllə sümüyünə oxşadığına
görə belə adlandırılmışdı. Edam yerinə çatandan sonra cinayətkarı
Çarmıxa mıxlayırdılar. Əlləri mismarlamaq lazım idi, ayaqlar isə,
adətən, dirəyə boş bağlanırdı. Həmin vaxt ağrını azaltmaq üçün
cinayətkara içki — Yerusəlimdən olan varlı qadınlar tərəfindən mərhəmət
rəmzi olaraq hazırlanan narkotiklə qarışdırılmış şərab verilirdi. Bir
yəhudi müəllif yazır:
«İnsan edam olunmağa gedəndə ağrılarını azaltmaq və hissləri
kütləşdirmək üçün kasada şərabla qarışdırılmış buxur içməyə icazə
verilirdi... Yerusəlimin varlı qadınları, adətən, bunları qurban kimi
gətirirdilər».
Narkotik təsiri bağışlayan şərab İsa Məsihə təklif edildi. Lakin O
içmədi. Çünki ölümü ən ağrılı və dəhşətli şəkildə qəbul etməyə, ağrını
zərrə qədər azaltmamağa qərarlı idi. Biz artıq gördük ki, cinayətkarı
dörd Roma əsgərinin müşayiəti ilə edam yerinə apardılar. Cinayətkar
belindəki sarğıdan başqa, Çarmıxa çılpaq çəkilirdi. Onun paltarı qazanc
kimi əsgərlərin mülkünə çevrilirdi. Hər yəhudinin geyindiyi paltar beş
əşyadan ibarət idi — ayaqqabı, baş örtüyü, kəmər, alt köynəyi və üst
paltarı. Beləliklə, beş paltar və dörd əsgər var idi. Dörd paltar
bərabər dəyərə malik idi. Üst paltarı isə digər dördündən bahalı idi.
Yəhyanın qeyd etdiyi kimi, əsgərlər məhz bu üst paltar üçün püşk atdılar
(Yəhya 19:23-24). Paltarları böləndən sonra əsgərlər axıra
qədər keşik çəkdilər. Beləliklə, Qolqotada üç Çarmıx var idi. Mərkəzdə
Allahın Oğlu, Onun hər iki tərəfində isə quldurlar var idi. Hətta öləndə
belə, İsa Məsih günahkarların yanında idi.
Son ayələrdə yoldan keçənlər, yəhudi hakimiyyət orqanları və Onunla
birlikdə Çarmıxa çəkilmiş quldurlar tərəfindən İsaya atılan istehza və
iyrənc ifadələr qeyd olunub. Bütün bu istehzalar hamısı eyni şeyə — İsa
Məsihin əvvəlki ifadələrinə və Çarmıxdakı acizliyinə yönəlmişdi. Məhz
burada yəhudilər yanılırdılar. Onlar Məsihin izzətindən Ona istehza
etmək üçün istifadə edirdilər. «Qoy indi Çarmıxdan düşsün və biz də Ona
iman edək» deyə gülürdülər. Lakin pastorlardan birinin dediyi kimi, «Biz
Ona məhz Çarmıxdan düşmədiyi üçün iman etdik». Yəhudilər Allahı yalnız
qüdrətdə görə bilirdilər, amma Məsih göstərdi ki, Allah — fədakar
məhəbbətdir.
45-50
ZƏFƏRİN SONU (Matta 27:45-50)
Çarmıxa çəkilmə hekayəsini oxuyanda hər şeyin çox tez baş verdiyi
görünür. Əslində isə, vaxt getmirdi. Müjdəçi Mark vaxta qarşı çox
dəqiqdir. O deyir ki, İsa üçüncü saatda, yəni səhər saat doqquzda
Çarmıxa çəkildi (Mark 15:25). Doqquzuncu saatda isə, yəni
günorta saat üçdə canını tapşırdı (Mark 15:34). Başqa sözlə,
İsa altı saat ərzində Çarmıxda asılı qaldı. Onun üçün əzab və ölümqabağı
iztirab qısa oldu. Çünki cinayətkarlar ölməzdən əvvəl Çarmıxda bir neçə
gün asılı qalırdılar.
27:46-da biz bütün Müjdənin ən heyrətamiz cümləsini
oxuyuruq: «Ey Allahım, Allahım, niyə Məni tərk etdin?» Bu ifadənin
qarşısında ehtiramla baş əyməliyik, eyni zamanda onu anlamağa
çalışmalıyıq. Çoxları bu sirrin mənasına nüfuz etməyə çalışıb. Biz üç
belə cəhdə baxacağıq.
1. Maraqlıdır ki, Zəbur 22 Çarmıxa çəkilmənin bütün
hekayəsini əhatə edir. Məzmur məhz bu sözlərlə başlayır. Məzmurda daha
sonra belə deyilir: «Məni hər görən lağ edir, dodaq büzüb, başını
yırğalayıb belə deyir: «Qoy güvəndiyi Rəbb onu azad etsin, Rəbb ondan
razı qalıb, qoy onu xilas etsin» (Zəbur 22:7-8). Daha sonra
oxuyuruq: «Aralarında paltarlarımı bölüşdürürlər, geyimim üçün püşk
atırlar» (Zəbur 22:18). 22-ci məzmur bütünlüklə
Çarmıxa çəkilmədən bəhs edir.
Güman edilirdi ki, İsa Məsih bu məzmuru öz-özünə təkrar edirdi. Həmin
məzmur kədərli sözlərlə başlasa da, əzəmətli zəfərlə bitir: «Çoxlu
camaat arasında həmd etdiyim Sənsən!... Çünki hökmranlıq Rəbbindir,
millətlər üzərində səltənət sürən Odur!» (Zəbur 22:25-31).
Beləliklə, 22-ci məzmur İsanın vəziyyətini əks etdirdiyinə
görə, Öz imanının və etibarının nəğməsi kimi, bu məzmurun çox kədərli
sözlərlə başladığını, lakin əzəmətli şəkildə bitdiyini xatırlayaraq
təkrar etdiyi güman olunur.
Əslində, pis fikir deyil. Amma Çarmıxda olanda insan hətta məzmurdan
nümunə olsa belə, poetik halda olmur. Üstəlik, bütün atmosfer gərgin və
faciəli xarakter daşıyır.
2. Belə bir iddia da var ki, həmin an dünyanın günah yükü İsa Məsihin
bütün varlığına çökmüşdü. Bu, günahla əlaqəsi olmayan Məsihin Allah
tərəfindən bizim uğrumuzda günah qurbanı verilən an idi
(2Korinflilərə 5:21) Onun bizim üçün çəkdiyi cəza Allahdan
qaçılmaz ayrılıq idi. Heç kim bunun səhv olduğunu deyə bilməz. Əgər
belədirsə, onda bu bizim ancaq təsdiq edəcəyimiz və heyrətə gələcəyimiz
bir sirdir.
3. Bəlkə də burada — əgər belə demək olarsa, — insani fakt daha
çoxdur. Bizə elə gəlir ki, İsa Məsih insanın yaşadıqlarını dərindən
yaşamasaydı, İsa olmazdı. İnsan həyatda yaşadıqca, onu dəhşətli faciələr
bürüdükcə bəzən bizə elə gəlir ki, Allah bizi unudub. Başa düşə
bilmədiyimiz bir vəziyyətə düşəndə, elə düşünürük ki, başımızın üstündə
heç Allah da yoxdur. Görünür, İsa da bu vəziyyətlə qarşılaşmışdı.
Getsemani bağında biz gördük ki, İsa yalnız bir şeyi bilirdi — O, irəli
getməlidir. Çünki bu, Allahın iradəsi idi. O, bunu hələ tam başa düşməsə
də, onu qəbul etməli idi. Burada biz Məsihin insanın düşdüyü vəziyyətin
dərinliklərinə nüfuz etdiyini görürük. Elə bir yer qalmadı ki, O bizdən
əvvəl orada olmasın.
O vaxt İsanı eşidənlər Onu başa düşmədilər. Bəziləri onun İlyas
peyğəmbəri çağırdığını düşünürdülər, yəqin ki, bu, yəhudilər idi.
Bütpərəstlər arasında ən böyük tanrılardan biri günəş tanrısı Helios
idi. Günəş tanrısını «Helie!» deyə çağırırdılar. Belə bir ehtimal var
ki, əsgərlər İsa Məsihin ən böyük bütpərəst tanrısını çağırdığını
düşündülər. Hər nə fikirləşsələr də, İsanın fəryadını eşidənlərin hamısı
üçün bu, sirr idi.
Amma burada vacib olan bir şey var. İsa Məsih belə bir fəryadla
ölsəydi, dəhşətli olardı, lakin bu, baş vermədi. Kəlamda yazılıb ki, İsa
yenə uca səslə qışqırıb canını tapşırdı. Bu yüksək səslə qışqırıq bütün
insanlarda təəssürat yaratdı. Bu barədə hər Müjdədə danışılır (Matta
27:50; Mark 15:37; Luka 23:46). Digər Müjdə isə daha da irəli
gedir. Yəhya yazır ki, İsa «Tamam oldu» sözlərini deyərək
canını tapşırdı (Yəhya 19:30). Yunan dilində bu
tetelestapdır. Bu öz işini tamamlayan adamın qışqırığıdır. Bu,
döyüşdə qalib gələn bir insanın nidasıdır; qaranlıqdan nura çıxıb
çələngi əldə edən insanın qışqırığıdır. Beləcə İsa Məsih dilində qələbə
nidası ilə bir müzəffər kimi öldü.
Burada qiymətli həqiqət var. İsa Məsih ən dərin qaranlıq vadilərdən
keçdi, sonda işıq şəfəq saçdı. Hətta vəziyyət Allahın olmadığı kimi
görünəndə Allaha sadiq qalsaq, imanımızın son damlasına qədər möhkəm
dayansaq, şübhəsiz, bir gün günəş doğacaq və biz bütün çətinliklərə
qalib gələcəyik. Qalib o adamdır ki, varlığının hər hüceyrəsi ilə tərk
edildiyini hiss etsə də, Allahın onu unutduğuna inanmır. Qalib o adamdır
ki, iman etmək üçün heç bir səbəb qalmasa da, sona qədər iman edir.
Qalib o adamdır ki, küncə sıxılsa da, hələ də Allaha sadiq qalır. İsa
Məsih məhz bu cür hərəkət etdi.
51-56
GÖZQAMAŞDIRICI AÇIQLAMA
(Matta 27:51-56)
Bu bölüm üç hissəyə bölünür.
1. İsa Məsih öləndə baş verən heyrətamiz hadisələr.
a) Məbəddəki pərdə yuxarıdan aşağıya doğru ikiyə bölündü. Bu, ən
Müqəddəs Yeri ayıran pərdə idi. Oraya ildə bir dəfə Kəffarə günündə baş
kahindən başqa heç kim girə bilməzdi. Allahın Ruhu həmin pərdənin
arxasında idi. Burada müəyyən bir rəmz var idi. O vaxta qədər Allah
sanki uzaqda və gizli idi. Heç kim Onun necə olduğunu bilmirdi. İsa
Məsihin ölümündə isə biz Allahın məhəbbətini görürük. Nə vaxtsa insanlar
üçün bağlı olan Allaha gedən yol, indi hamı üçün açıqdır. İsanın həyatı
və ölümü bizə Allahın necə olduğunu göstərir, Onu insanlardan gizlədən
pərdəni aradan qaldırır.
b) Qəbirlər açıldı. Bu, İsanın ölümə qalib gəlməsinin rəmzidir. Ölüb
yenidən dirilməklə O, ölümün qüdrətini və hakimiyyətini məhv etdi. Onun
həyatı, ölümü və dirilməsi ilə ölüm öz qüdrətini, dəhşətini, faciəvi
xüsusiyyətini itirdi. O yaşadığı üçün biz də yaşayacağımıza əminik.
2. Yüzbaşının imanı haqqında hadisə. Bu barədə yalnız bir şey demək
olar. İsa Məsih dedi: «Mən yerdən yuxarı qaldırılsam, bütün insanları
Özümə cəzb edəcəyəm» (Yəhya 12:32). O, Çarmıxın cəzbedici gücü
haqqında əvvəlcədən söylədi, yüzbaşı bunun ilk bəhrəsi idi. Çarmıx,
başqa heç nəyin göstərmədiyi kimi, ona İsanın əzəmətini aşkar etdi.
3. Bundan əlavə, həmin hissədə İsa Məsihin ölümünü görən qadınlara da
sadə bir istinad var. Bütün şagirdlər Onu tərk edib qaçdılar, qadınlar
isə qaldılar. Bir adam deyirdi ki, kişilərdən fərqli olaraq qadınların
qorxmağa bir səbəbi yox idi. Çünki onlar cəmiyyətdə o qədər aşağı mövqe
tuturdular ki, heç kim şagird-qadınlara fikir verməzdi. Ancaq burada
daha böyük məna var. Qadınlar İsanı sevdiyinə görə orada idilər. Bir
çoxunda olduğu kimi, onlarda da kamil məhəbbət bütün qorxuları
qovdu.
57-61
MƏZARIN HƏDİYYƏSİ (Matta
27:57-61)
Yəhudi qanunlarına görə, hətta cinayətkarın cəsədi belə bütün gecə
asılmış vəziyyətdə qala bilməzdi. O, həmin gün dəfn edilməli idi.
«...meyiti gecə ağacda asılı qoymayın, mütləq onu həmin gün basdırın»
(Qanunun təkrarı 21:22-23). Əgər növbəti gün Şənbə günü
olsaydı, İsa Məsihin ölümündə olduğu kimi, bu, ikiqat zəruri idi. Roma
qanunlarına görə, cinayətkarın qohumları onun cəsədini dəfn etmək üçün
tələb edə bilərdi. Cəsəd Çarmıxdan götürülmürdüsə, leş yeyən heyvanlar
onu parçalayana qədər cəsəd çürüməyə tərk edilirdi.
Həmin vaxt İsanın qohumlarından heç biri Onun cəsədini tələb edə
bilməzdi, çünki onların hamısı Qalileyalı idi və Yerusəlimdə qəbirləri
yox idi. Beləcə onların əvəzinə zəngin bir adam — Arimateyalı Yusif
gəldi. O, Ponti Pilatın yanına gedib İsanın cəsədinin ona verməsini
xahiş etdi. Arimateyalı Yusif İsanın cəsədinin qayğısına qaldı və Onu
hələ heç kimin qoyulmadığı təzə yonulmuş daş qəbirə (mağaraya) qoydu.
Yusif həmişə İsaya məzar verən adam kimi tanınacaq.
Deyirlər ki, Yusif İsa öləndə Ona məzar verib, lakin sağlığında Ona
dəstək olmayıb. Yusif Ali Şuranın üzvü idi (Luka 23:50). Luka
yazır ki, Yusif «Ali Şuranın qərarı və əməli ilə razı olmamışdı»
(Luka 23:51). Ola bilərmi ki, gecə saatlarında Qayafanın evində
toplaşan Ali Şuranın iclası seçilmişlərdən ibarət olsun? Bütün Ali
Şuranın oraya toplanması ehtimalı azdır. Ola bilsin ki, Qayafa yalnız
orada görmək istədiyi adamları çağırmışdı, bütün tərəfdarlarını
toplamışdı. Arimateyalı Yusifin, ümumiyyətlə, orada iştirak etmək imkanı
olmayıb.
Sonda Arimateyalı Yusif böyük cəsarət göstərdi. O, Çarmıxa çəkilmiş
cinayətkarın tərəfini tutdu, Ponti Pilatın qəzəbinə məruz qalmaq riskinə
atıldı və yəhudilərin açıq nifrətinə dözməyə hazır oldu. Çox güman ki,
Arimateyalı Yusif əlindən gələn hər şeyi etdi.
Anlaşılmaz daha bir məqam qalır. Burada o biri Məryəm
deyilən qadına Mark 15:47-də Yusifin anası Məryəm deyilir. Biz
artıq gördük ki, bu qadınlar Çarmıxın yanında idilər. Onların İsaya olan
məhəbbəti sağlığında da, ölümündə də Onun ardınca getməyə təkan
verdi.
62-66
İCRASI MÜMKÜN
OLMAYAN TAPŞIRIQ (Matta 27:62-66)
Bu hissə tamamilə qeyri-adi şəkildə başlayır. Orada deyilir ki, baş
kahinlər və fariseylər ertəsi gün, yəni Hazırlıq günündən sonra Ponti
Pilatın yanına getdilər. İsa Məsih cümə günü Çarmıxa çəkilmişdi. Şənbə
günü yəhudilərin istirahət günü idi. Cümə günü saat 15:00-dan 18:00-a
qədər olan vaxt Qanun, Hazırlıq günü adlanırdı. Biz görürük ki,
yəhudilərin zaman hesablamasına görə, yeni gün günorta saat 6-dan
başlayır. Buna görə də Şənbə cümə günü saat 6-da başlayırdı. Yəni cümə
gününün son saatları Hazırlıq idi. Əgər, doğrudan da, belə idisə, onda
baş kahinlər və fariseylər, həqiqətən, Şənbə günü Ponti Pilata
müraciət etdilər. Onda Şənbə günü qanununu nə qədər ciddi şəkildə
pozduqları dərhal aydın görünür. Əgər bu, həqiqətən də, belə idisə,
Müjdə tarixində yəhudi rəhbərlərin İsanı necə var gücü ilə məhv etməyə
çalışdıqlarına dair bundan daha aydın nümunə yoxdur. İsa Məsihi öz
yollarından kənar etdiklərinə əmin olmaq üçün onlar ən müqəddəs
qanunlarını belə pozmağa hazır idilər.
Burada istehza var. Yəhudilər Ponti Pilatın yanına İsa Məsihin üç
gündən sonra diriləcəyini söylədiyi bəyanatı ilə gəldilər. Onlar etiraf
etməyə qorxurdular ki, bu ehtimal doğru ola bilər. Ona görə dedilər ki,
şagirdlər Onun cəsədini oğurlayar və Dirilmənin baş verdiyini
söyləyərlər. Bu səbəbdən onlar qəbiri qorumaq üçün xüsusi tədbirlər
görmək istəyirdilər. Pilat buna belə cavab verdi: «Gedin, bacardığınız
kimi qəbirin təhlükəsizliyini qoruyun». Pilat sanki dərk etmədən belə
dedi: «Əgər bacarırsınızsa Məsihi məzarda saxlayın». Rəhbərlər tədbir
gördülər. Belə mağaraların girişi təkər kimi hərəkət edən nəhəng
yuvarlaq daşlarla örtülürdü. Baş kahinlər və fariseylər məzarı
möhürləyib, yanına mühafizəçilər qoydular.
Onlar başa düşmədilər ki, dünyada İsa Məsihi saxlaya biləcək məzar
yoxdur. Heç kimin planı Ölülərdən Dirilmiş Şəxsi saxlaya bilməz. İsa
Məsihə buxov və zəncir vurmağa çalışan adam əbəs yerə iş görür.