15-ci fəsil
1-5
İSANIN SUSMASI (Mark 15:1-5)
Lukanın Müjdəsindən öyrənirik ki, yəhudilər İsaya qarşı nə qədər
dərin, şiddətli kin bəsləyirdilər. Gördüyümüz kimi, yəhudilər İsanı
küfrdə, Allahı təhqir etməkdə ittiham etdilər. Lakin onlar İsanı Pilatın
məhkəməsinə başqa bir ittihamla gətirdilər. Çünki yaxşı bilirdilər ki,
Pilat yəhudilərin dini mübahisələri ilə məşğul olmaq istəməz. Onlar
İsanı milləti yoldan çıxararaq, Qeysərə vergi verməyə mane olmaqda və
Özünü Məsih, Padşah adlandırmaqda ittiham edib Ponti Pilatın yanına
gətirdilər (Luka 23:12). Pilat yəhudiləri dinləmək istəsin
deyə, onlar İsaya qarşı siyasi ittiham irəli sürməli idilər. Onlar bunun
yalan ittiham olduğunu bilirdilər. Pilat da bunu bilirdi. Pilat İsadan
soruşdu: «Yəhudilərin Padşahı Sənsənmi?» İsa ona çox qəribə cavab verdi:
«Sənin dediyin kimidir». İsa nə müsbət, nə də mənfi cavab verdi. Onun
sözünün məğzi bu idi: «Ola bilsin, Mən yəhudilərin Padşahı olduğumu
iddia edirdim, amma sən də yaxşı bilirsən ki, Mən ittihamçılarımın
işlətdiyi mənada nəzərdə tutmamışam. Mən siyasi inqilabçı deyiləm. Mənim
Padşahlığım — Məhəbbət Padşahlığıdır». Pilat bunu yaxşı başa düşürdü,
buna görə də İsanı sorğu-sual etməyə davam etdi. Yəhudi hakimiyyət
orqanları isə ittihamları artırmağa davam edirdi. İsa susurdu. Bəzən
susmaq sözlərdən daha bəlağətlidir, çünki susmaq sözlə ifadə edilə
bilməyənləri ifadə edə bilər.
1. Elə susqunluq var ki, heyrət və heyranlığı ifadə
edir. Gurultulu alqışlar ifaçı üçün böyük tərifdir. Lakin alqışların
yersiz olacağını başa düşən tamaşaçıların nəfəs saxlaması daha çox
bəyənməni bildirir. İnsanı sözlərlə tərifləyəndə və ya təşəkkür edəndə,
xoş olur. Amma sözlə ifadə edilə bilməyəcəyini söyləyən gözlərdə tərif
və ya minnətdarlıq görmək daha xoşdur.
2. Nifrət dolu susqunluq var. İnsanlar hər hansı bir
bəyanatı, mübahisəni və ya üzrxahlığı susmaqla cavablandırmağa, cavab
verməyə belə layiq olmadıqlarını nümayiş etdirməyə meyillidirlər.
Etirazlara cavab olaraq dinləyici dönüb gedir və onları cavabsız
qoyur.
3. Qorxu susqunluğu var. Bəzi adamlar danışmaqdan
qorxduqları üçün susurlar. Daxili qorxu onlara bildiklərini və lazım
olanları söyləməyə mane olur. Qorxu onları susmağa vadar edə bilər.
4. Yaralı qəlbin susqunluğu var. Həqiqətən, yaralı və
incimiş insan etiraz etməz və qarşılıqlı olaraq təhqirə yol verməz,
söyüş söyməz. Ən dərin kədər lal kədərdir. O, qəzəbdən, məzəmmətdən və
sözlə ifadə edilə bilən hər şeydən təsirlidir. Belə kədər səssizcə öz
dərdini qəbul edir.
5. Faciəli susqunluq var. Bu susqunluq deyəcək bir söz
qalmayanda olur. İsanın susmağı da bu səbəbdən idi. O, bilirdi ki,
yəhudi rəhbərləri ilə anlaşmaya nail olmaq mümkün deyil. O bilirdi ki,
sonda Pilata müraciət etmək mənasız olacaq. Bilirdi ki, onlarla bütün
əlaqə pozulub: yəhudilərin nifrəti dəmir pərdə kimi idi, heç bir söz onu
dəlib keçə bilməzdi. Həm də Pilatın izdihamdan qorxması onunla İsa
arasında sözlərin keçə bilmədiyi bir maneə yaratdı. İnsanın belə ürəyə
sahib olması dəhşətlidir, hətta İsa da belə adamlarla danışmağın mənasız
olduğunu bilirdi. Allah bizi belələrindən qorusun!
6-15
XALQIN ETDİYİ SEÇİM (Mark
15:6-15)
Biz Barabba haqqında yalnız İncildə yazılanlardan bilirik: o, oğru
deyil, quldur idi. Yəqin ki, insanlar onun həyasız cəsarətinə və
təkəbbürünə heyran olmuşdular. Onun kim olduğunu təxmin etmək olar.
İsraildə üsyanlar tez-tez baş verirdi. Orada hər an üsyan baş qaldıra
bilərdi. Sikarii, yəni üstündə xəncər daşıyan adlanan
yəhudi bir qrup var idi. Onlar öz qurbanlarına açıq hücum edən amansız
millətçi fanatiklər idi. Onlar xəncərlərini paltarlarının altına
gizlədir və hər fürsətdə istifadə edirdilər. Ola bilsin, Barabba da
onlardan biri idi. O, quldur olsa da, cəsur, özlüyündə vətənpərvər insan
idi. Onun məşhur olması aydın məsələdir. İnsanlar bu hissəni oxuyanda,
izdihamın cəmi bir həftə əvvəl İsanı Yerusəlimə daxil olanda alqışlarla
qarşılamasında, indi isə Onun Çarmıxa çəkilməsini tələb etməsində sirli
bir şey görüblər. Amma burada sirli heç nə yoxdur. Məsələ bundadır ki,
həmin izdiham tamamilə başqa izdiham idi. Məsələn, həbsi götürək. İsanı
gizli şəkildə həbs etdilər. İsanın şagirdləri qaçdılar və təbii ki,
Müəllimlərinin həbs olması barədə hamıya xəbər yaydılar. Lakin onlar
bilmirdilər ki, Ali Şura öz qanunlarını pozmağa və gecə məhkəməyə bənzər
tamaşa qurmağa hazırdır. Buna görə də izdiham arasında İsanın
tərəfdarları çox ola bilməzdi. Yaxşı, bəs onda kütlənin içində kimlər
var idi? Gəlin bir daha düşünək: insanlar bilirdilər ki, adət üzrə bir
məhbus Pasxa bayramında azadlığa buraxılır. Ona görə yalnız Barabbanın
azad olunmasına nail olmaq məqsədilə oraya toplaşa bilərdilər. Çox
güman, həmin izdiham Barabbanın yoldaşlarından ibarət idi. Onlar Pilatın
Barabbanı yox, İsanı azad edə biləcəyini hiss edəndə, özündən çıxdılar.
Baş kahin üçün bu, sanki göydən düşən bir şans idi. Vəziyyət onun
xeyrinə idi. O, Barabbanın populyarlığını qaldırıb aranı qızışdırmağa
başladı və buna müvəffəq oldu. Çünki izdiham elə Barabbanı azad etmək
üçün gəlmişdi. Xeyr, kütlənin əhval-ruhiyyəsi belə tez və kəskin şəkildə
dəyişməmişdi, əslində, onun tərkibi dəyişmişdi. Hər halda, xalq seçim
qarşısında idi: onun qarşısında İsa və Barabba dayanmışdı. Xalq
Barabbanı seçdi.
1. Camaat qanun yerinə qanunsuzluğu seçdi. Kütlə İsaya deyil, qanunu
pozan cinayətkara üstünlük verdi. Əhdi-Cədiddə günahı ifadə etmək üçün
digərləri ilə yanaşı anomiya sözü istifadə olunur, bu da
qanunsuzluq, özbaşınalıq deməkdir. İnsanın qəlbində həmişə
qanuna qarşı çıxmaq, hər şeyi öz bildiyi kimi etmək, çərçivəni aşmaq,
itaətdən çıxmaq və hər cür nizam-intizama laqeyd yanaşmaq istəyi var.
İngilis yazıçısı Redyard Kipling «Mandalay» şeirində qoca əsgərin dili
ilə belə deyir: «Mən şərin və xeyirin eyni dəyərə malik olduğu Süveyşin
o tayına getmək istəyirəm. Orada on əmr yoxdur, insan istədiyini edə
bilər». Axı bəzən çoxumuz On Əmrin olmamasını istəyərdik.
Beləcə izdiham qanunsuzluğa üstünlük verən insanlardan ibarət
idi.
2. Onlar müharibəni sülhdən üstün tutdular, insanların
qanını tökən qulduru dünyanın Hökmdarından üstün tutdular. Təxminən üç
minillik bəşər tarixində üst-üstə toplasaq müharibə olmayan heç yüz otuz
il olmaz. İnsanlar ağılsızlıqlarına görə həmişə problemlərini heç nəyi
həll etməyən müharibə ilə həll etməyə çalışıblar. Bu vəziyyətdə də
izdiham dinc insandan daha çox döyüşçüyə üstünlük verən insanların
etdiyi kimi etdi.
3. Onlar nifrəti və şiddəti sevgidən üstün tutdular. Barabba və İsa
iki fərqli obrazı simvollaşdırır: Barabba — qəlbdə nifrəti, silahdan
istifadəni, zorakılığı simvollaşdırır. İsa isə sevgini simvollaşdırır və
insanlara sevgi yolunu təklif edir. Həyatda çox vaxt olduğu kimi,
insanların qəlbində nifrət hökm sürürdü, onlar sevgini rədd etdilər.
İnsanlar qələbəyə öz yolları ilə getməyə üstünlük verdilər. Onlar başa
düşmədilər ki, əsl qələbə yalnız sevgi ilə qazanıla bilər.
Bu hissədə «qamçılatdıqdan sonra» sözünün arxasında böyük bir faciə
durur. Romada qamçılamaq cəzası dəhşətli idi. İnsanı irəli əyib elə
bağlayırdılar ki, kürəyi çölə qabarsın. Qamçı uzun dəri kəmərdən
düzəldilirdi, uclarına qurğuşun parçaları və sümüklər bərkidilirdi. Belə
qamçı ilə, sözün əsl mənasında, insanın belini kəsik-kəsik edirdilər.
Bəzən belə qamçı insanın gözünü qoparıb çıxarırdı. Bəziləri onun altında
ölür, bəziləri dəli olurdu. Çox az adamın bu cür qamçılandıqdan sonra
ağlı başında qalırdı. İsa da bu cür cəzalandırılmışdı.
16-20
ƏSGƏRLƏRİN İSTEHZASI (Mark
15:16-20)
Romada hökm və mühakimə müəyyən edilmiş düsturla həyata keçirilirdi.
Hakim İllum dutsi ad krutsem platset hökmünü elan edirdi — yəni
«Bu adam Çarmıxa çəkilməlidir». Bundan sonra hakim mühafizəçilərə
müraciət edib deyirdi: «İ, mileye, ekspedi kritsem» — «Əsgər,
get Çarmıxı hazırla». Çarmıx hazırlanana qədər İsa əsgərlərin əlində
idi. Valinin iqamətgahı və qərargahı vali sarayında yerləşirdi, əsgərlər
isə qərargahın mühafizə koqortasından
idi. Unutmayaq ki, əsgərlərin istehzaları başlamazdan əvvəl İsa
qamçılanmışdı. Ola bilsin, bütün baş verənlərə nisbətən əsgərlərin
istehzası İsaya elə də çox toxunmurdu. Yəhudilər kin və nifrətlə
dolub-daşırdı. Pilat İsanın edamına məsuliyyətdən qorxduğu üçün razılıq
vermişdi. Bəli, əsgərlərin etdikləri çox qəddarcasına idi, amma kinsiz
idi — onların gözündə İsa Çarmıxa çəkilməyə məhkum edilənlərdən biri
idi. Əsgərlər kin-küdurətsiz kobud zarafat kimi kral hakimiyyəti üçün
kazarma pantomimalarını oynayırdılar. Bu, bir çox gələcək təhqirlərin
əlaməti idi. Məsihçilərə həmişə zarafat obyekti kimi baxılıb. Pompeyin
divarlarında belə bir mənzərə cızılmışdı: Çarmıxa çəkilmiş eşşəyin
qarşısında diz çökmüş məsihçi və başı üzərində «Anaksimen öz tanrısına
sitayiş edir» yazısı. İnsanlar bizim imanımızı ələ salanda və lağ
edəndə, İsaya daha çox istehza etdiklərini unutmayın. Bu sizə kömək
edəcəkdir.
21-28
ÇARMIX (Mark 15:21-28)
Çarmıxa çəkilmənin müəyyən edilmiş qaydası dəyişdirilmədi. Cinayətkar
Çarmıxını dörd əsgərin əhatəsində edam yerinə özü daşımalı idi. Qabaqda
döyüşçülərdən biri cinayətkarın günahını bildirən bir lövhə daşıyırdı.
Sonra bu lövhə Çarmıxa bərkidilirdi. Edam yerinə getmək üçün ən uzun yol
seçilirdi: məhkum edilmiş adamı hər küçədən və hər döngədən aparırdılar
ki, mümkün qədər çox insan onu görə bilsin. Edam yerinə çatandan sonra
Çarmıx yerə qoyulurdu. Məhkum Çarmıxa uzadılır və əlləri mismarlanırdı;
ayaqlar mıxlanmırdı, sadəcə möhkəm bağlanırdı. Çarmıxa çəkilənin
ayaqları arasında yəhər adlanan çıxıntı bərkidilirdi. Çarmıx şaquli
şəkildə qoyulanda, adamın ağırlığı onun üzərinə düşürdü. Əks halda,
mismarlar ovucların ətini qoparardı. Bundan sonra Çarmıx qaldırılaraq
yuvaya yerləşdirilirdi və ölümə məhkum olan bu formada asılırdı. Çarmıx
hündür olmurdu və üst dirəyi olmadan T hərfi şəklində hazırlanırdı.
Bəzən Çarmıxa çəkilmiş adam bir həftə asılı qalıb, yavaş-yavaş aclıqdan
və susuzluqdan ölürdü. Bəzən də dözülməz iztirab ağlını başından
çıxarırdı.
Həmin gün Kirenalı Şimon üçün pis günlərdən biri olmalı idi. İsrail
işğal edilmiş ölkə idi, hər kəs romalılar tərəfindən istənilən işə zorla
cəlb edilə bilərdi. Bunun üçün Roma nizəsi ilə çiyinə yüngülcə toxunmaq
kifayət idi. Şimon Şimali Afrikadakı Kirenadan idi. Əlbəttə ki, o,
Yerusəlimə Pasxa bayramında iştirak etmək üçün gəlmişdi. Belə uzaq bir
ölkədən gəlməkdən ötrü o, illər boyu qənaət etməli və özünü çox şeydən
məhrum etməli idi. Yəqin, ömründə bir dəfə Yerusəlimdə Pasxa bayramını
qeyd etmək onun böyük arzusu idi. Sonra bu hadisə baş verdi. Ola bilsin,
Şimon əvvəlcə çox qəzəblənmişdi. Bəlkə də o, romalılara nifrət edirdi,
Çarmıxını daşımalı olduğu cinayətkara da nifrət edirdi. Amma sonra
onunla nə baş verdiyini bilməyə haqqımız var. Ola bilsin ki, onun yeganə
istəyi Qolqotaya çatan kimi Çarmıxı yerə atıb aradan tez çıxmaq idi.
Amma ola da bilsin, hər şey başqa cür olub: bəlkə də İsa onu məftun
etdiyi üçün Şimon orada qaldı.
Şimon bu hissədə İsgəndər və Rufusun atası kimi
tanınır. Görünür, Müjdəni oxuyanlar onu bu xüsusiyyətindən tanımalı
idilər. Çox güman ki, Markın Müjdəsi əvvəlcə Romadakı İmanlı Cəmiyyəti
üçün yazılmışdır. İndi isə həvari Paulun Romalılara məktubunu oxuyaq
(16:13) «Rəbdə seçmə insan olan Rufusa və mənə də analıq edən anasına
salam söyləyin». Rufus o qədər məşhur məsihçi idi ki, o, Rəbb tərəfindən
seçilmişdi. Rufusun anası isə Paul üçün o qədər qiymətli idi ki, ona ana
deyə müraciət edirdi. Çox güman, Şimonla Qolqotada qeyri-adi nəsə baş
vermişdi.
İndi keçək Həvarilərin İşləri 13:1-ə. Burada Paul və
Barnabanı başqa millətlər üçün ilk böyük əhəmiyyətli missioner
səyahətinə göndərən insanların siyahısı verilib. Adlar arasında
Niger adlı Şimeon da var. Şimeon — Şimon adının
formalarından biridir. Niger, adətən, Afrikadan olan qaradərili
insana deyilirdi. Ola bilsin ki, burada biz eyni Şimonla yenidən
görüşürük. Ola bilsin, Qolqotaya gedən yolda Şimonun başına gələn hadisə
onu əbədi olaraq İsaya bağlamış və məsihçiyə çevirmişdi. O da mümkündür
ki, Şimon sonradan Antakyadakı İmanlı Cəmiyyətinin ağsaqqalı olmuş və
qeyri-yəhudilərə ilk missioner səyahətinin təşkilində iştirak etmişdi.
Hətta ola bilər ki, Şimon Çarmıxı Qolqotaya daşımağa məcbur olduğuna
görə bütpərəstlər üçün Müjdə yolu açılmışdı. Bu isə o deməkdir ki, həmin
Pasxa günündə əvvəlcə qəzəblənən Kirenalı bir zəvvar adsız Roma zabiti
tərəfindən İsanın Çarmıxını daşımağa məcbur edildiyinə görə biz
(qeyri-yəhudilər) məsihçi olduq.
İsaya ağrıkəsici ədviyyat qatılmış şərab təklif edildi. Lakin O,
şərabdan imtina etdi. Hər dəfə Çarmıx kimi edam cəzası baş verəndə
Yerusəlimin mömin və hörmətli qadınları cinayətkarın ağlasığmaz əzabını
azaltmaq üçün ona spirtli şərab içirdirdilər. Eyni şərabı İsaya da
təqdim etdilər, lakin O, içməkdən imtina etdi. İsa ölümün acısını
yaşamağa və Allahın hüzuruna ayıq başla gəlməyə qərar verdi. Əsgərlər
püşk atıb Onun paltarlarını aralarında bölürdülər. Biz artıq Onun dörd
əsgərin əhatəsində edam yerinə necə getdiyini gördük. Həmin əsgərlər
əlavə mükafat olaraq edam edilənlərin paltarlarını — alt köynəklərini,
üst paltarlarını və ya mantiyanı, səndəllərini, kəmərlərini və baş
örtüklərini alırdılar. Dörd kiçik paltarı öz aralarında böləndən sonra
əsgərlər mantiya kimə düşəcək deyə Çarmıxın yanında
püşk atmağa başladılar. Çünki mantiyanı hissələrə bölmək mənasız
olardı.
İsa iki quldur arasında Çarmıxa çəkildi. Bu, simvolik idi. Hətta yer
üzündəki ömrünün sonunda İsa günahkarların yanında idi.
29-32
HƏDSİZ SEVGİ (Mark
15:29-32)
Yəhudi rəhbərləri İsanı ələ salmağa davam edirdilər: «İsrailin
Padşahı Məsih qoy indi Çarmıxdan düşsün ki, biz də görüb iman edək».
Amma bu, səhv söz idi. General Butun dediyi kimi: «Biz İsa Məsihə məhz
Çarmıxdan düşmədiyinə görə inanırıq». İsanın ölməsi zəruri idi. Çünki
İsa insanlara Allahın məhəbbəti haqqında danışmaq üçün gəldi, üstəlik, O
Özü Allah sevgisinin təcəssümü idi. Əgər O, Çarmıxa çəkilməkdən imtina
etsəydi, ya da Çarmıxdan düşsəydi, deməli, Tanrının sevgisinin həddi
vardr; deməli, bu sevginin insanlar uğrunda qurban getmək istəmədiyi bir
şey vardır; deməli, bu sevginin keçə bilməyəcəyi bir həddi vardır. Lakin
İsa Onun üçün qabaqcadan təyin olunmuş yoldan keçdi və Çarmıxda öldü. Bu
o deməkdir ki, Allah sevgisi, sözün əsl mənasında, sərhəd tanımır.
Kainatda elə bir şey yoxdur ki, bu sevgi insanlar uğrunda qurban getməyə
hazır olmasın. Elə bir şey yoxdur ki, hətta Çarmıxdakı ölüm belə,
insanlar naminə dözə bilməsin. Biz Çarmıxa baxanda, İsa Məsih bizə
deyir: «Allah sizi bu qədər çox sevir: Onun məhəbbəti sərhəd tanımır.
Onun məhəbbəti istənilən əzaba tab gətirə bilər».
33-41
FACİƏ VƏ ZƏFƏR (Mark 15:33-41)
Bu son mənzərə o qədər dəhşətli idi ki, hətta göyün üzü də
qeyri-təbii şəkildə qaraldı. Sanki baş verənlərə hətta təbiət belə dözə
bilmirdi. Gəlin bu səhnədə iştirak edən insanlara nəzər salaq.
1. Birincisi, İsa Məsihə baxaq. O, iki söz söylədi.
a) İsa uca səslə nida edərək dedi: «Ey Allahım, Allahım, niyə Məni
tərk etdin?» Bu fəryadın arxasında bizim üçün bağlı olan bir sirr var.
Bəlkə də vəziyyət belə idi: İsa bizim həyatımızı yaşadı, işimizi gördü,
bizim düşdüyümüz imtahanlarla üzləşdi, yaşadığımız sınaqlara dözdü. O,
həyatın gətirəcəyi hər şeyi — dostların vəfasızlığını, düşmənlərin
nifrətini və kin-küdurətini, həyatın acısını yaşadı. Bu məqama qədər İsa
həyatın hər cür acısını daddı, yalnız bir şey istisna olmaqla —
O, heç vaxt günahın nəticəsinin nə olduğunu bilmədi.
Günah, ilk növbədə, bizi Allahdan uzaqlaşdırır, bizimlə Allah arasında
sədd çəkir, keçilməz bir divar ucaldır. İsa Məsihin həyatda yaşamadığı
yalnız bu idi. Çünki O, günahsız idi. Bəlkə də həmin anda O, məhz bu
hissləri yaşadı — günah işlətdiyinə görə deyil, Özünü bəşəriyyətlə və
insani olan hər şeylə eyniləşdirilmək üçün. O, bu yolu keçməli idi. Bu
dəhşətli və amansız anda İsa, həqiqətən, Özünü insanın günahı ilə
eyniləşdirdi. Bu da ilahi paradoksdur — İsa günahkar olmağın nə demək
olduğunu daddı. Belə bir hiss onun üçün ikiqat ağrılı olmalı idi, çünki
bundan əvvəl O, Allahdan ayrı düşməyin nə olduğunu bilmirdi. Bax, buna
görə O bizim vəziyyətimizi yaxşı anlaya bilir. Bax, buna görə
günahlarımız bizi Allahdan ayrı salanda, heç vaxt Ona üz tutmaqdan
qorxmamalıyıq. İsa bütün bunları yaşadığı üçün bu yoldan keçənlərə kömək
edə bilər. Onun nüfuz edə bilməyəcəyi elə bir dərinlik və hiss
yoxdur.
b) İsa uca səslə qışqırdı. Bu barədə həm Matta (25:50), həm
də Luka (23:46) xəbər verir. Yəhya İsanın yüksək səslə
qışqırdığını qeyd etmir, lakin o, İsanın «Tamam oldu» deyərək öldüyünü
bildirir (Yəhya 19:30). «Tamam oldu» sözü elə həmin uca
səslə qışqırmaq idi. İsa zəfər nidası ilə öldü, Onun tapşırığı
yerinə yetirildi, işi tamamlandı, O, qələbə qazandı. Qorxunc zülmət
yenidən işıqla əvəz olundu, İsa zəfər qazanan qalib kimi evinə — Allahın
hüzuruna getdi.
2. İkincisi, Çarmıxın yanında dayananlara, İlyas peyğəmbərin
gəlib-gəlməyəcəyini görmək istəyənlərə nəzər salaq. Hətta Çarmıxın
dəhşət doğuran mənzərəsi belə, onların maraqlarını azaltmadı. Amansız
ölüm onlarda nə ehtiram, nə də mərhəmət hissi oyatdı. İsa ölərkən belə
onlar eksperiment keçirməyə qərarlı idilər.
3. Üçüncüsü, yüzbaşıya nəzər salaq. Roma ordusundakı yüzbaşı müasir
alaydakı komandirə bərabərdir. O, çox yürüşlər etmiş və döyüşlər
görmüşdü. O, dəfələrlə adamların necə öldüyünü görmüşdü. Amma heç vaxt
İsanın öldüyü kimi ölüm görməmişdi. Buna görə də İsanın Allahın Oğlu
olduğuna əmin oldu. Əgər İsa yaşamağa, öyrətməyə və şəfa verməyə davam
etsəydi, O, çoxlarının diqqətini çəkə və məhəbbətini qazana bilərdi.
Lakin İsanın Çarmıxdakı ölümü birbaşa insanların ürəyinə təsir etdi.
4. Dördüncüsü, olub-keçənlərə uzaqdan baxan qadınlara nəzər salaq.
Onlar sarsılmış, qəm içində idilər, buna baxmayaraq, onlar da orada
idilər. Onlar İsanı o qədər sevirdilər ki, Onu burada da qoyub gedə
bilməzdilər. Hətta insanın ağlı onu başa düşmək istəməyəndə belə, sevgi
insanı özünə cəlb edir. Sevgi və yalnız sevgi insanı İsaya bağlayır, heç
bir sarsıntı bu münasibəti poza bilməz.
Diqqət yetirilməsi lazım olan başqa bir məsələ də var: «O anda
Məbədin pərdəsi yuxarıdan aşağıya qədər iki yerə parçalandı». Məbədin
pərdəsi Ən Müqəddəs yeri ayıran pərdədir, oraya heç kim girə bilməz. Bu
fakt bizə simvolik olaraq aşağıdakıları deyir:
a) Allaha gedən yol artıq açıqdır. Yalnız baş kahin ildə bir dəfə,
Kəffarə günündə Ən Müqəddəs yerə daxil ola bilərdi. İndi isə pərdə iki
yerə parçalanmışdı və Allaha gedən yol hamı üçün açıq idi.
b) Ən Müqəddəs yerdə Allah Özünü insanlara izhar etdi. İsanın ölümü
ilə Allahı gizlədən pərdə parçalandı, insanlar Onu görə bildilər. Artıq
Allah insanlardan gizli deyil. Onlar daha təxmin etməyə, kor kimi əl ilə
yoxlamağa ehtiyac duymurlar. İnsanlar İsaya baxıb deyə bilirlər: «Allah
belədir. Allah məni bax belə sevir».
42-47
İSA ÜÇÜN QƏBİR VERƏN
İNSAN (Mark 15:42-47)
İsa Məsih cümə günü günorta saat üçdə öldü, ertəsi gün Şənbə günü
idi. Gördüyümüz kimi, yeni gün axşam saat altıda, yəni İsa öləndə
başladı. Artıq Şənbə gününə hazırlaşmaq vaxtı idi, vaxt isə çox az idi.
Çünki axşam saat 6-da Şənbə qanunu qüvvəyə minirdi və hər hansı bir iş
görmək qadağan idi. Arimateyalı Yusif tez hərəkətə keçdi. Çox vaxt
cinayətkarların cəsədləri dəfn edilmirdi, onları sadəcə Çarmıxdan
çıxarıb leşyeyən qartallara və vəhşi itlərə yem edirdilər. Ehtimallara
görə, Qolqotada Çarmıxa çəkilmişlərin kəllələri hər yerə səpələndiyi
üçün oranı «Kəllə yeri» adlandırırdılar. Arimateyalı Yusif Pilatın
yanına getdi. Adətən, cinayətkarlar ölməzdən əvvəl bir neçə gün
Çarmıxdan asılı qalırdılar. Buna görə də Pilat İsanın Çarmıxa çəkiləndən
altı saat sonra öldüyünü biləndə təəccübləndi. Lakin yüzbaşıdan
təsdiqlənmə alandan sonra İsanın cəsədini Yusifə təhvil verdi.
Ümumiyyətlə, Yusif bizim üçün xüsusi maraq kəsb edir.
1. Ola bilsin ki, Ali Şurada baş verən proseslərlə bağlı bütün
məlumatlar ondan qaynaqlanıb. Çünki İsanın şagirdlərindən heç biri orada
iştirak edə bilməzdi. Amma, ola bilsin, Yusif orada idi. Əgər belədirsə,
o zaman Müjdənin yazılmasında onun əməyi də var.
2. Onun obrazı müəyyən mənada dramla müşayiət olunur: çünki o, Ali
Şuranın üzvü idi, amma onun İsanın müdafiəsi haqqında danışdığına və ya
Onun xeyrinə bir söz dediyinə dair bizim heç bir məlumatımız yoxdur.
Yusif İsa öləndə Ona məzar verdi, lakin İsa sağ olanda susdu. Bu da
çoxlarının faciəsidir — biz əklillərimizi hansısa insanın məzarı üçün
saxlayırıq, o öləndə onu tərifləyirik. Yaxşı olardı ki, çələngdəki
güllərdən bir neçəsini onlara verib, onlar sağ ikən bir neçə
minnətdarlıq sözü deyək.
3. Amma Yusifi çox qınamaq olmaz. Çünki bəzi insanlarda olduğu kimi,
ona da İsanın Çarmıxa çəkilməsi İsanın həyatından daha çox təsir
etmişdi. Yusif İsanın sağlığında yalnız Onun təsiredici gücünü hiss
etmişdi, başqa heç nə. Amma öldüyünü görəndə — yəqin ki, Yusif edamda
iştirak etmişdi — onun ürəyi məhəbbətlə dolmuşdu. Əvvəlcə yüzbaşı, sonra
Yusif. Maraqlıdır, İsanın «Mən yerdən yuxarı qaldırılsam, bütün
insanları Özümə cəzb edəcəyəm» sözləri necə də tez yerinə yetməyə
başladı (Yəhya 12:32).