1-ci fəsil
1-4
TARİXÇİNİN ÖN SÖZÜ (Luka
1:1-4)
Lukanın ön sözü ilk üç ayədə unikaldır, çünki burada ilk dəfə müəllif
özü səhnəyə daxil olur və «mən» əvəzliyindən istifadə edir. Bu hissədə
üç şeyə diqqət yetirilməlidir:
1) Bu, bütün Əhdi-Cədiddə yunan dilində yazılmış ən gözəl hissədir.
Luka burada eynilə böyük yunan tarixçilərinin istifadə etdikləri ön söz
formasından istifadə edir. Məsələn, Herodot öz yazılarına belə başlayır:
«Bu, Halikarnaslı Herodotun tədqiqatının nəticəsidir». Sonrakı tarixçi
Halikarnaslı Dionisi öz tarixinin lap əvvəlində belə yazır: «Yazmağa
başlamazdan əvvəl mən bir qədər tanış olduğum ən bilikli insanların
ağzından, qismən də romalıların yazdığı və təriflədikləri hekayələrdən
məlumat topladım». Luka da onun üçün əlçatan olan ən yaxşı nümunələri
istinad edərək öz kitabına ahəngdar yunan dili ilə başlayır. Görünür,
Luka fikirləşirdi ki, o, dünyanın ən böyük tarixini yazır, buna görə də
yalnız ən yaxşı formada yazılmalıdır. Qədim əlyazmaların bəziləri çox
gözəl tərtib edilmiş, nazik bənövşəyi perqament üzərində gümüş
mürəkkəblə yazılmışdır; çox vaxt mirzə Allahın və ya İsa Məsihin adını
qızılla qeyd edirdi. Doktor Borem hər cümə günü maaş zərfindən ən yeni
və par-par parıldayan sikkələri çıxaran və bazar günü ianə qabına atmaq
üçün kənara qoyan yaşlı işçidən danışır. Tarixçinin, mirzənin, fəhlənin
eyni məqsədi vardı: İsa ən yaxşısına layiqdir. Onlar əllərindəkinin ən
yaxşısını Uca Yaradana verdilər.
2) Maraqlıdır ki, Luka ona qədər yazılanlarla kifayətlənmədi. O
özündən yazmağı lazım bildi. Həqiqi din heç vaxt başqa mənbələrdən
götürülə bilməz, o, həmişə dərin şəxsi kəşf, açıqlama olub. Professor
Artur Qossip deyirdi ki, hər dörd Müjdə böyük əhəmiyyət kəsb edir, lakin
onlardan daha üstün olanı bizim şəxsi təcrübəmizin diktə etdiyi Xoş
Xəbərdir. Luka da İsa Məsihi özü üçün kəşf etmişdi.
3) Müqəddəs Kitabda Müqəddəs Yazıların ilahi ilham olduğunu bu qədər
aydın şəkildə nümayiş etdirən başqa bir kitab yoxdur.
Heç kim bu kitabın ilahi ilhamın nəticəsi olduğunu inkar etməyəcək,
lakin buna baxmayaraq, Luka onun ən diqqətli tədqiqatın nəticəsi
olduğunu vurğulamaqla başlayır. İlahi ilham əlini ağdan-qaraya vurmayan,
boş fikirlərlə oturub nəyisə gözləyən adama deyil, düşünən, axtaran,
araşdıran insana nazil olur. Həqiqi ilham o zaman gəlir ki, insanın
axtaran ağlı Allahın ruhunun gizli həqiqəti ilə birləşir. Allahın sözü
nazil olur amma onu axtaran insanlara nazil olur. «...axtarın,
tapacaqsınız...» (Matta 7:7).
5-25
VƏD EDİLMİŞ OĞUL (Luka 1:5-25)
Zəkəriyyə Aviya bölüyündən olan bir kahin idi. Harunun nəslindən olan
hər kəs irsi olaraq kahin seçilirdi. Bu o demək idi ki, normal ibadət
etmək üçün çoxlu kahin var idi. Buna görə də onlar iyirmi dörd növbəyə
bölünmüşdülər. Yalnız Pasxa, Əllinci Gün və Çardaqlar bayramında bütün
kahinlər xidmət edirdilər. İlin qalan vaxtlarında hər növbə bir həftə
olmaqla iki dəfə xidmət göstərirdi. Xidmətlərini sevən kahinlər
növbələrini səbirsizliklə gözləyirdilər. Bu onların həyatlarının
kulminasiya nöqtəsi idi.
Kahin yalnız yəhudi nəslindən olan qadınla evlənə bilərdi.
Zəkəriyyənin arvadı Elizavet kimi Harunun nəslindən olan bir qadınla
evli olmaq xüsusilə təqdirəlayiq hesab edilirdi.
Ümumilikdə iyirmi minə yaxın kahin var idi. Buna görə də hər növbə
minə yaxın kahindən ibarət idi. Növbələşmə püşkatma yolu ilə
bölüşdürülürdü. Hər gün səhər və axşam bütün xalqın adından yandırma
qurbanı — un və zeytun yağından ibarət taxıl təqdimi ilə birlikdə
ləkəsiz və qüsursuz birillik toğlu, eləcə də şərabdan ibarət içmə
təqdimi olan qurbanlar gətirilirdi. Səhər və axşam qurbanından əvvəl
buxur qurbangahında Rəbbin xoşuna gələn ətir — yandırma təqdimi
gətirilirdi. Ola bilsin, bir çox kahinlər həyatlarında bir dəfə də olsun
buxur qurbanı təqdim etmək şərəfinə nail olmayıblar; amma kiməsə belə
şərəf nəsib olardısa, həmin gün onun həyatında ən böyük gün sayılırdı.
Ona görə də kahinlər onu xəyal edir, həsrətlə həmin anı gözləyirdilər.
Həmin gün püşk Zəkəriyyəyə düşdü və o, şübhəsiz ki, çox təsirləndi.
Lakin Zəkəriyyə və Elizavetin həyatı faciəvi idi. Onlar sonsuz
idilər. Yəhudi ravvinləri deyirdilər ki, yeddi cür adam Allahdan uzaq
düşür. Siyahının əvvəlində arvadı olmayan və ya arvadı olub da uşağı
olmayan yəhudi gəlirdi. Sonsuzluq boşanma üçün qanuni səbəb idi.
Zəkəriyyənin onun üçün belə bir əlamətdar gündə şəxsi və ailəvi kədəri
haqqında düşünüb dua etməsində təəccüblü heç nə yox idi. Məhz həmin vaxt
Rəbbin Mələyi ona görünüb dedi ki, o, ümidini itirsə də, onun bir oğlu
doğulacaq.
Məbədin içəri həyətində, kahinlərin həyətində buxur yandırılır və
qurbanlar kəsilirdi. Qurbanlar təqdim olunarkən xalq qonşu həyətə,
israillilərin həyətinə doluşurdu. Axşam qurbanını təqdim edən kahinin
buxur yandırdıqdan sonra iki həyəti ayıran pərdəyə yaxınlaşmaq və xalqa
xeyir-dua vermək kimi şərəfli vəzifəsi var idi. Camaat Zəkəriyyənin
Məbəddə bu qədər ləngiməsinə heyrət etdi. Oradan çıxanda isə danışa
bilmədi, adamlar onun Məbəddə görüntü gördüyünü başa düşdülər.
Beləliklə, xoş xəbərdən dili tutulan Zəkəriyyə həftəlik növbəsini
bitirib evinə getdi; Allahın xəbəri gerçəkləşdi və Elizavet hamilə
qaldığına görə sevindi.
Burada mühüm bir həqiqət vurğulanır: Allahın Məbədində
Zəkəriyyəyə Allahın xəbəri gəldi. Biz çox vaxt Allahdan bir xəbər
eşitmək istəyirik. Bernard Şounun «Müqəddəs Yoxanna» pyesində
Janna d’Ark Tanrının səsini eşidir. Dofin isə əsəbiləşərək «Ah sizin bu
eşitdiyiniz səslər, səslər» deyir, «niyə bu səsləri mən eşitmirəm? Nə
qədər olmasa kral mənəm, siz yox!». «Onlar sizin də qulağınıza gəlir,
amma siz onları eşitmirsiniz, — deyə Janna d'Ark cavab verir. — Siz
axşam düzənlikdə oturub onlara qulaq asmamısınız. Axşam kilsə zəngləri
çalınanda siz sadəcə xaç çəkirsiniz. Amma bütün ürəyinizlə dua edib
zənglərin cingiltisinə qulaq assanız, siz də mənim kimi səslər
eşidəcəksiniz». Janna d'Ark Allahın səsini eşitmək üçün ona verilən
fürsətdən istifadə etdi. Zəkəriyyə də Məbəddə olarkən Allahın səsini
gözləyirdi. Allahın səsini Zəkəriyyə kimi dinləyənlər onu Allahın
Məbədində eşidilir.
26-38
BAKİRƏ MƏRYƏMƏ MÜJDƏ (Luka
1:26-38)
Məryəm Yusifə nişanlı idi. Nişan bir il davam edir və evlilik kimi
məcburi sayılırdı. Nişanı yalnız boşanma yolu ilə ləğv etmək olardı.
Qızın nişanlandığı kişi ölərdisə, qanunun nəzərində o, dul sayılırdı.
Qanunda bizim üçün qəribə bir ifadə var: «dul qalmış qız».
Bu hissədə biz məsihçi inancının ən mübahisəli bakirə qızın dünyaya
uşaq gətirməsi doktrinası ilə üz-üzə qalırıq. Bakirə qızın dünyaya uşaq
gətirməsi Allahın gücünün müdaxiləsini nəzərdə tutur, bu möcüzə əqlən
başa düşülmür.
Təəccüblüsü odur ki, elm adamı, «sevimli həkim» (Kolosselilərə
4:14) olan Luka digər müjdəçilərə nisbətən İlahi körpənin doğulması
ilə bağlı bütün təfərrüatları daha dərindən araşdırır və bunu iman edən,
Allahın hikməti ilə dolan insanlara xas şəkildə edir. O, Allahın
əməllərinin onun ağlının hüdudlarından kənara çıxmasından qorxmur. Luka
bu incə həqiqəti o qədər sadə dillə, müstəsna saflıq və səmimiyyətlə
çatdırır ki... Bu hekayədə şübhə kölgəsi, qəbahətli heç nə qalmır.
Dünyanın Xilaskarının mənşəyi məsələsi Məsihin bütün davamçıları və
bütün həqiqi məsihçilik üçün vacibdir.
İsa Məsihin bakirə qızdan doğulması məsələsini nəzərdən keçirərkən
Allahın Musa peyğəmbərə ünvanladığı sözləri həmişə xatırlamalıyıq:
«Buraya yaxınlaşma. Ayaqlarından çarıqlarını çıxart, çünki durduğun yer
müqəddəs torpaqdır» (Çıxış 3:5); «yazılanlardan kənara
çıxmayın» (1Korinflilərə 4:6); «Şübhəsiz ki, möminliyin sirri
böyükdür: O, cismən zühur etdi» (1Timoteyə 3:16). Allahın
cismən zühur etməsi böyük bir sirdir. Kim ona nüfuz edə və ya kim onu
tam dərk edə bilər? Göylərin ən uca qatlarına sığmayan Uca Tanrının
insan şəklini alıb insanlara oxşar olmasını kim izah edə bilər
(Filipililərə 2:7)?
İnsanlar əbəs yerə Allahı məhdudlaşdırmağa çalışırlar. Allah heç bir
sərhəd tanımır. «Bütün bəşərin Allahı Rəbb Mənəm. Mənim edə bilməyəcəyim
bir şey varmı?» (Yeremya 32:27). Məryəmin təvazökarlığına və
imanına diqqət yetirin: «Mən Rəbbin quluyam, qoy mənə sənin dediyin kimi
olsun».
39-45
BƏXTİYARLIQ PARADOKSU (Luka
1:39-45)
Bu hissə Məryəmin bəxtiyarlığını təsvir edən bir növ lirik mahnıdır.
Bəxtiyarlıq paradoksu heç bir yerdə onun həyatında olduğu qədər aydın
görünmür. Məryəm Allahın Oğlunun Anası olmaq üçün əvvəlcədən təyin
edilmişdi. Təbii ki, belə bir lütfə nail olduğuna görə onun qəlbi heyrət
və böyük sevinclə dolu idi. Eyni zamanda bu bəxtiyarlıq onun ürəyini iti
bıçaq kimi deşirdi. Bu o demək idi ki, o, bir gün Oğlunun Çarmıxa
çəkildiyini görəcək.
Allah tərəfindən seçilmək çox vaxt həm xoşbəxtliyin zirvəsi, həm də
Çarmıx əzabı deməkdir. Maraqlıdır ki, Allah insanı sakit, rahat həyat və
özündənrazı halda sevinc içində yaşamaq üçün seçmir. Allah insanı
başının, ürəyinin və əlinin verə biləcəyi hər şeyi tələb edən bir iş
üçün seçir. Allah işçiləri Öz üzüm bağına çağırır. Janna d’Ark ömrünün
sonuna az qaldığını başa düşəndə, o, yalnız bir şeydən ötrü dua etdi:
«Mənim yalnız bir ilim qaldı. Ya Rəbb, məni lazım bildiyin kimi istifadə
et». Bunu dərk edən insan xidmətlə bağlı olan çətinliklərdən, kədərdən
şikayətlənmir. Çətinliklər və kədər onu şərəfləndirəcək, çünki o, Allah
naminə iztirab çəkmişdir.
Draqunlar Riçard Kemeronu tutanda
onu
öldürdülər və gözəl əllərini kəsərək atasının yanına göndərdilər ki,
onları tanıyıb-tanımadığını soruşsunlar. Atası isə — Bu mənim əziz
oğlumun əlləridir, — deyə cavab verdi. Qoy mənə və əzizlərimə heç vaxt
haqsızlıq etməyən Allahın iradəsi olsun». Dərdin açdığı yaralar onların
da Allahın planının bir hissəsi olduğunu biləndə sağalır. Böyük ispan
mömini öz xalqı üçün belə dua edirdi: «Ey Allahım, onların rahatlığını
al, amma onlara izzət ver». Müasir dövrün böyük təbliğatçılarından biri
demişdir: «İsa Məsih dünyaya həyatı asanlaşdırmaq üçün deyil, insanları
böyük etmək üçün gəlmişdir».
Bəxtiyarlığın paradoksu eyni zamanda həm insanı ən böyük sevinclə
sevindirir, həm də ona dünyanın ən böyük işini tapşırır.
46-56
MÖHTƏŞƏM İLAHİ (Luka
1:46-56)
«Qəlbim Rəbbi ucaldır» maqnifikatı
İmanlı Cəmiyyətinin ən
böyük ilahilərindən birinə çevrilib. Bu ilahi bütün Əhdi-Ətiq boyu
izlənilir, xüsusilə 1Şamuel 2:1-10-da Xannanın həmd Məzmuruna
yaxındır. Deyilənə görə, din xalqın tiryəkidir. Stenli Consun dediyi
kimi: «Məryəmin ilahisi dünyanın ən təsirli sənədidir». Bu ilahidə
Allahın etdiyi üç dəyişiklikdən bəhs edilir:
1) Ürəklərində qürurla düşünənləri pərən-pərən saldı. Bu,
mənəvi dəyişiklikdir. Məsihçiliklə qürur bir araya sığmır.
Niyə? Çünki insan öz həyatını Məsihin həyatı ilə müqayisə edirsə, artıq
onun qüruruna yer qalmır.
Bəzən insanda kəskin utanc hissi yaradan nəsə baş verir. O, Henrinin
kənddə böyümüş bir gənc haqqında hekayəsi var. Məktəbdə o, bir qızla
eyni partada otururdu. Onlar bir-birilərini sevirdilər. Sonra həmin gənc
şəhərə getdi, pis yola düşdü, cibgir, oğru oldu. Günlərin bir günü yaşlı
bir qadının pul kisəsini oğurladı. Oğurluğu «uğurlu» alınmışdı və o
özündən razı halda küçədə gedərkən, qəflətən hələ də şirin, saf və məsum
olan sevgilisini gördü. Birdən-birə kim olduğu gözlərinin önünə gəldi.
Utandığından üzünü dəmir dirəyə söykəyib «Allahım, mən ölsəm yaxşıdır»
dedi. Beləcə o özünü gördü.
Məsih insana özünü kənardan görmək imkanı verir və bu yolla onun
qüruruna ölümcül zərbə vurur. Mənəvi dəyişiklik məhz belə başlayır.
2) Hökmdarları taxtlarından endirdi, məzlumları yüksəltdi.
Bu, sosial dəyişiklikdir. Dünyanın rütbələri və ya təbəqələri
arasındakı fərq məsihçiliyə yaddır.
Mureti orta əsrlərin sərgərdan, kasıb alimi idi. İtaliyanın
şəhərlərindən birində o xəstələnir, onu evsiz və səfillər üçün
xəstəxanaya yerləşdirirlər. Həkimlər onun başa düşmədiyini zənn edərək,
səhhətini latın dilində müzakirə edirlər: ondan tibbi təcrübələr üçün
istifadə etmək qərarı verilmişdi. O, həkimlərə baxıb elmi dildə cavab
verir: «Məsihin uğrunda öldüyü insanı dəyərsiz hesab etməyin».
Məsihin bütün insanlar üçün etdiklərini dərk edəndə, biz sadə bir
insan haqqında danışmaq hüququndan məhrum oluruq: onda sosial dərəcələrə
bölmə artıq əhəmiyyətsiz olmur.
3) Acları nemətlərlə doydurdu, varlıları isə əliboş yola
saldı. Bu, iqtisadi dəyişiklikdir. Qeyri-məsihçi cəmiyyəti
hər kəsin mümkün qədər çox pul yığmağa çalışdığı cəmiyyətdir. Məsihçi
cəmiyyətində isə başqalarında çox az olduğu halda heç kim çox şeyə sahib
ola bilməz. Bu, hər kəsin ancaq vermək üçün əldə edə biləcəyi bir
cəmiyyətdir.
Məryəmin maqnifikatı gözəldir, lakin bu gözəlliyin böyük partlayış
təhlükəsi var. Məsihçilik İsanın hər bir ardıcılında dəyişiklik yaradır
və dünyaya əsaslı dəyişiklik gətirir.
57-66
ONUN ADI YƏHYADIR (Luka
1:57-66)
İsraildə oğlan uşağının dünyaya gəlməsi böyük sevinclə qarşılanırdı.
Doğum vaxtı çatanda ailənin yaxınları və yerli musiqiçilər evin
qarşısına toplaşırdılar. Uşaq dünyaya gələndən dərhal sonra onun
cinsiyyəti açıqlanırdı. Əgər oğlan doğulardısa, musiqiçilər alətlərində
çala-çala mahnı oxuyur, hamı bir-birini təbrik edir, şadlıq olurdu. Qız
doğulardısa, musiqiçilər sakitcə və təəssüflə dağılışardılar. Hətta belə
bir deyim də var idi: «Oğlanın doğulması dinc sevinc, qız doğulması dinc
kədər gətirər». Buna görə də Elizavetin evində xüsusi ikiqat sevinc var
idi. Nəhayət, onun övladı oldu və o, bu övlad oğlan uşağı idi.
Səkkizinci gün oğlanı sünnət edir və ona ad qoyurdular. Qızlara isə
doğulandan sonra bir ay ərzində istənilən gün ad verilə bilərdi.
İsraildə ad böyük əhəmiyyət daşıyırdı. Adlar, adətən, uşağın doğulması
ilə bağlı bəzi halları və ya hər hansı vəziyyəti bildirirdi, məsələn,
Esavla Yaqub kimi (Yaradılış 25:25-26). Adlar bəzən uşağın
zahiri görünüşünə görə qoyulurdu. Məsələn, Lavan ağ və ya
sarışın deməkdir. Bəzən uşaq atasının adını alırdı. Çox vaxt ad
valideynin sevincini ifadə edirdi. Məsələn, Şaul və Şamuel Allahdan
istənilmiş, yalvarışla alınmış deməkdir. Bəzən ad valideynlərin
imanlarını ifadə edirdi. Məsələn, İlyas — mənim
Allahım deməkdir. Yəni İlyas peyğəmbərin valideynləri
insanlar Baal bütünə sitayiş edən dövrdə həqiqi Allaha iman etdiklərini
bəyan etmişdilər.
Elizavet bütün qonşularını təəccübləndirərək oğlunun adının Yəhya
olacağını bildirdi. Zəkəriyyə də bunu istədiyini göstərdi.
Yəhya adı Yohanan sözünün qısa formasıdır, yəni Rəbb
mərhəmətlidir deməkdir. Uşağa bu adın verilməsini Allah əmr
etmişdir. Bu ad valideynlərin onlara verilən gözlənilməz sevincə görə
minnətdarlığını göstərir.
Bütün qonşular, o cümlədən heyrətamiz hekayəni eşidənlərin hamısı bir
sual verdi: «Bu körpə böyüyüb kim olacaq?» Axı hər bir uşaq özündə bir
çox istedadlar gizlədir. Yaxşı bir latın dilinin müəllimi dərsə
başlamazdan əvvəl həmişə tələbələrinin qarşısında baş əyirdi. Niyə belə
etdiyini soruşanda o, belə cavab vermişdi: «Axı heç kim bilmir ki, bu
oğlanlar gələcəkdə kim olacaqlar». Ailədə uşağın doğulması ikiqat məna
daşıyır. Birincisi, bu, ər-arvadın sahib ola biləcəyi ən böyük nemətdir.
Bunun üçün Allaha minnətdarlıq edirlər. İkincisi, bu, həyatda ən böyük
məsuliyyətlərdən biridir, çünki uşaq özündə bir çox istedadlar gizlədir
və bu istedadların üzə çıxıb-çıxmayacağı valideynlərdən, müəllimlərdən
asılıdır.
67-80
ATANIN SEVİNCİ (Luka 1:67-80)
Zəkəriyyə oğlu ilə bağlı böyük bir görüntü gördü. O, oğlunu irəlidə
gedən və Rəbbin yolunu hazırlayan peyğəmbər kimi gördü. Bütün dindar
yəhudilər Allahın məsh etdiyi Məsihin gələcəyinə ümid edirdilər və o
günün gəlişini səbirsizliklə gözləyirdilər. Onların əksəriyyəti inanırdı
ki, Məsihdən əvvəl Onun gəlişini bildirəcək və Ona yol hazırlayacaq bir
şəxs peyda olacaq. Çoxu buna görə İlyas peyğəmbərin qayıdacağına
inanırdı (Malaki 4:5). Zəkəriyyə oğlunun Allahın Padşahının
gəlişinə bələdçilik edəcəyini qabaqcadan görmüşdü. 75-77-ci
ayələrdə Məsihə gedən yolun etapları aydın şəkildə təsvir olunur.
-
Əvvəlcə — hazırlıq. Bütün həyatımız bizi Məsihlə
görüşməyə hazırlayır. Valter Skott gəncliyində hərbçi olmaq arzusunda
idi. Lakin bədbəxt hadisə nəticəsində o, şikəst qaldı və arzusundan vaz
keçməli oldu. O, köhnə Şotlandiya salnamələrini və cəngavər romanlarını
oxumağa başladı, beləcə böyük yazıçı, tarixi romanların banisi oldu.
Yaşlı bir kişi onun haqqında belə demişdi: «O özü-özünü kəşf etdi; lakin
bunu yalnız sonra başa düşdü». Həyatda Allah hər şeyi elə təşkil edir
ki, biz Məsihə gələk.
-
Sonra bilik, zülmətdə oturanların üzərinə nur
gəlir. Məsihə qədər insanların Allah haqqında əsaslı biliyi yox idi.
Yunanlar Allahı sevinc və kədər hissləri olmayan, insanlara
soyuqqanlılıqla baxan biri kimi təsəvvür edirdilər, Ondan kömək gözləmək
olmazdı. Yəhudilərə görə, Allah tələbkar, adı qanun olan və hakim kimi
fəaliyyət göstərən Biri idi və ondan qorxurdular. İsa Məsih insanlara
məhəbbətin nə olduğunu söyləmək üçün gəldi. İnsanlar heyrətlənərək
sevinc içində deyirdilər: «Biz Allahın belə olduğunu təsəvvür etmirdik».
Bəşər Oğlunun əsas məqsədlərindən biri insanlara Allahın əslində Kim
olduğunu açıqlamaq idi.
-
Sonra bağışlanma gəlir. Biz açıq-aydın başa düşməliyik
ki, bağışlanma təkcə günahların bağışlanması deyil, həm də Allahla
həqiqi münasibətlərin bərpasıdır. Heç nə bizi günahlarımızın
nəticələrindən azad edə bilməz. Keçmişi geri qaytarmaq mümkün deyil.
Amma günaha görə Allahdan uzaq düşməyimiz dostluğa, uzaq olan Tanrı
yaxın Olana və zəhmli Tanrı insanı səmimi sevən Birinə
çevrilir.
4) Nəhayət, sülh yoluna yönəldilmək. İbrani dilində sülh
təkcə çətinlikdən azad olmaq deyil, həm də insanın ən yüksək rifahına
nail olmaq üçün kömək edən hər şey deməkdir. Yalnız Məsih insanlara
ölümə deyil, həyata aparan yola ayaq basmaq imkanı verdi.