10-cu fəsil
1-16
QURBAN ÜÇÜN İŞÇİLƏR (Luka
10:1-16)
Bu ayələr xidmətin daha da genişlənməsindən, artıq on iki deyil,
yetmiş şagirddən bəhs edir. Yəhudilər üçün yetmiş rəqəmi rəmzi xarakter
daşıyırdı.
a) Bu, səhrada xalqa rəhbərlik etmək və onları idarə etmək üçün
yükünü Musa ilə bölüşməli olan ağsaqqalların sayıdır (Saylar
11:16-17, 24-25).
b) Yəhudilərin Ali Şurası da yetmiş üzvdən ibarət idi. Əgər İsanın
yetmiş şagirdini bu iki rəhbər orqanla müqayisə etsək, oxşar vəzifələr
görərik.
c) Bundan əlavə, belə hesab olunurdu ki, bütün dünya xalqlarının sayı
yetmişdən ibarətdir. Luka geniş düşüncəli bir insan olduğu üçün, çox
güman, o, yer üzünün hər bir xalqının Rəbbi tanıyacağı və sevəcəyi günü
düşünürdü.
Gəlin maraqlı əlavə məlumatları da qeyd edək. İsanın məhvə məhkum
etdiyi şəhərlər arasında Korazin şəhəri də var idi. Görünür, İsa orada
çox böyük işlər görmüşdü. Müjdələrin tarixində bu şəhərin adı çəkilmir,
ona görə biz İsanın orada etdiyi nə bir əməli, nə də Onun orada dediyi
bir kəlməsi haqqında bilirik. Bu onu göstərir ki, biz İsanın həyatı
haqqında çox az şey bilirik. Müjdələr İsa Məsihin tərcümeyi-halı deyil,
yalnız Onun həyatının oçerkidir
(Yəhya
21:25).
Bu ayələrdən biz təbliğçi və dinləyici haqqında son dərəcə vacib
məlumatları öyrənə bilərik.
1) Təbliğçi maddi dəyərlərlə yüklənməməlidir. O, yüksüz səyahət
etməlidir. Axı maddi rifah içində batmaq çox asandır. Günlərin bir günü
doktor Conson bir sarayla və onun sakinlərinin həyat tərzi ilə tanış
olandan sonra qəmgin şəkildə dedi: «Ölüm haqqında düşüncələri dözülməz
edən məhz bunlardır». Yerin nemətləri göyləri düşüncələrimizdən
sıxışdırıb çıxarmamalıdır.
2) Təbliğçi bütün diqqətini ona tapşırılan işlərə yönəltməlidir. O,
rastına çıxan hər insanı salamlamamalıdır. Elişa peyğəmbər qulu Gehaziyə
də bu cür tapşırıq vermişdir (2Padşahlar 4:29). Bu,
hörmətsizlik göstərmək göstərişi deyil. Bu, bir xatırlatmadır ki, Allah
adamı onu daha böyük şeylər gözlədiyi halda, diqqətini yayındırmamalı və
kiçik işlərlə məşğul olmamalıdır.
3) Təbliğçi öz vəzifəsini layiq olduğu mükafat almaq naminə yerinə
yetirməməlidir. Ona təklif olunan yeməyi yeməli, daha yaxşı şərait və
yaxşı yemək axtarmaq üçün evbəev gəzməməlidir. Artıq o dövrdə
müftəxorlar mövcud idi. Təxminən eramızın 100-cü ilində yazılmış və
imanlı cəmiyyətinin ilk qaydası olan «On İki Həvarinin Təlimi»
oxucunu peyğəmbərlərin bir şəhərdən digərinə sərgərdan gəzməsi barədə
xəbərdarlıq edir. Həmin nizamnamədə yazılıb ki, bir evdə üç gündən çox
qalan və heç bir iş görməyən peyğəmbər yalançı peyğəmbərdir. Əgər
Müqəddəs Ruhla danışan peyğəmbər pul və ya yemək tələb edirsə, o da
yalançı peyğəmbərdir! İşçinin maaş almaq hüququ var, lakin Çarmıxa
çəkilmiş Məsihin xidmətçisinin dəbdəbə axtarmağa haqqı yoxdur.
4) Allahın Kəlamını eşidənin üzərinə böyük məsuliyyət düşür. İnsan
öyrənmək imkanı olduğu halda öyrənmədiyi üçün mühakimə olunacaq. Uşağa
nə icazə veririksə, çox vaxt böyüklərdə onu qınayırıq. Biz vəhşi
insanları bağışlayırıq, amma mədəni insanı cəzalandırırıq. Məsuliyyət —
imtiyazın digər tərəfidir.
5) Allahın çağırışını rədd etmək dəhşətlidir. Eşidilən hər bir vəd
lənətə çevrilə bilər. Əgər insan bu vədləri qəbul edərsə, o, ən böyük
izzəti qazanar, amma onları inkar edərsə, onlar bir gün onun əleyhinə
şəhadət edə bilər.
17-20
İNSANIN HƏQİQİ
BƏXTİYARLIĞI (Luka 10:17-20)
Geri qayıdan yetmiş şagird İsa Məsihin adı ilə qazandıqları qələbəyə
görə sevincdən atılıb-düşürdülər. İsa onlara dedi: «Mən Şeytanın ildırım
kimi göydən düşməyini görmüşdüm». Bunun mənasını başa düşmək asan deyil.
Bu ifadəni iki şəkildə şərh etmək olar.
1) Birincisi, «Mən qaranlığın və şər qüvvələrin məğlub olduğunu
gördüm; şeytanın qalası süquta uğradı və indi Allahın Padşahlığı gəlir»
mənasını verə bilər. Bu, şeytanın üzərində son qələbənin nə qədər uzaq
olmasından asılı olmayaraq, İsanın şeytanın və onun qaranlıq
qüvvələrinin ölümcül zərbə almasını bildiyini ifadə edə bilər.
2) Lakin İsa təkəbbürdən də xəbərdarlıq edə bilərdi. Müqəddəs
Yazılara görə, Allaha qarşı üsyanın səbəbi elə qürur idi, nəticədə
şeytan bir vaxtlar mələklərin rəhbəri olduğu göylərdən qovuldu. Ola
bilsin ki, İsa yetmiş şagirdə belə demişdi: «Siz qalib gəldiniz; ancaq
qürurdan çəkinin, çünki bir vaxtlar mələklərin başı olan şeytan da
qürurlandı və cənnətdən qovuldu».
Şübhəsiz, İsa şagirdlərini qürur və özünə əmin olmaqdan çəkindirməkdə
davam edirdi. Şagirdlərə, həqiqətən də, səlahiyyət verilmişdi. Lakin
onların ən böyük sevinci o idi ki, adları göylərdə yazılmışdı.
Doğrudan da, ən böyük lütf insanın etdikləri deyil, Allahın insan
üçün etdikləridir. Düzdür, bu da bir həqiqətdir ki, xloroformun kəşfi
digər kəşflərə nisbətən dünyanı daha çox əzabdan xilas etdi. Bir adam
xloroformdan istifadənin təşəbbüskarı olan cənab Ceyms Simpsondan
soruşdu: «Ən böyük kəşfiniz nədir?». Əslində, o, Simpsonun «Xloroform»
deyəcəyini gözləyirdi. Ancaq Simpson dedi: «Ən böyük kəşfim — İsa
Məsihin mənim Xilaskarım olmasıdır».
Hətta ən dahi insan da Allaha yalnız belə deyə bilər:
Ey Allahım, hüzuruna gəldim
Çılpaq idim, geyindirdin;
Kasıb idim, Sarayını mənə verdin;
Məni qanınla pak etdin;
Sevginlə əhatə etdin.
Qürur insan üçün göylərə gedən yolu bağlayır. Lakin təvazökarlıq onu
Allahın hüzuruna aparır.
21-24
TƏKZİBEDİLMƏZ BƏYANAT (Luka
10:21-24)
Bu hissədə üç böyük fikir əksini tapır.
1. 21-ci ayədə sadəliyin hikmətindən bəhs edilir. Sadə ağıl, təhsilli
bir ağlın anlaya bilmədiyi həqiqətləri qəbul edə bilər. Bir dəfə Arnold
Bennet demişdi: «Əsl möhtəşəm kitab yalnız ətrafındakı dünyanı ilk dəfə
görən uşağın gözü ilə yazıla bilər». Ancaq çox ağıllı olmaq da
mümkündür. İnsan elə bir elmi dərəcəyə çata bilər ki, burnundan uzağı
görməyə bilər. Kimsə belə bir söz demişdir: əslində alimin böyüklüyü —
onun nə qədər təvazökar olmağındadır. Məsihin yolu Əhdi-Cədid haqqında
bütün nəzəriyyələri bilmək demək deyil. Məsih haqqında bütün təlim və
nəzəriyyələrin biliyi də deyil. Məsihin yolu — Məsih haqqında nəyisə
bilmək deyil, Məsihin Özünü tanımaqdır. Bunun üçün dünyəvi
hikmət yox, səmavi lütf lazımdır.
2. 22-ci ayə İsa ilə Allah arasındakı xüsusi münasibətdən
bəhs edir. Bu münasibət dördüncü Müjdədə aydın şəkildə xarakterizə
olunur. Orada deyilir: «Kəlam bəşər olub» (Yəhya 1:14); yaxud
İsa Məsihin dilinə belə sözləri qoyur: «Mən və Ata birik» və ya «Məni
görən, Atanı görmüş olur» (Yəhya 10:30; 14:9). Yunanlar Allahı
tanımırdılar. Onlar üçün maddə ilə ruh, insanla Tanrı arasında dərin
uçurum var idi. Onlar deyirdilər ki, Allahı tanımaq çox çətindir, Allahı
tanıdıqdan sonra başqalarına Onun haqqında danışmaq mümkün deyil. Lakin
dünyaya gələn İsa Məsih dedi: «Məni görən, Atanı görmüş olur». İsa
insanlara təkcə Allah haqqında danışmırdı, O, daha çox Allahı
göstərirdi. Çünki İsa Allahın ağlına və ürəyinə malik idi.
3. 23 və 24-cü ayələrdən biz öyrənirik ki, İsa
bütün tarixin icra olunmasıdır. İsa Məsih deyir: «Bütün peyğəmbərlərin,
möminlərin və padşahların səbirsizliklə gözlədikləri və görmək
istədikləri Şəxs Mənəm». Matta öz Müjdəsində «Bu, Rəbbin peyğəmbər
vasitəsilə söylədiyi söz yerinə yetsin deyə baş verdi» yazarkən məhz
bunu nəzərdə tuturdu (Matta 2:15, 17, 23 ilə müqayisə
edin). İsa Məsih bəşəriyyətin can atdığı zirvə, yönəldiyi məqsəd,
Allah adamlarının həmişə arzuladıqları xəyal idi. Əgər biz bunu müasir
fəlsəfənin terminologiyası ilə ifadə etmək istəsək, onda, yəqin, belə
deyərdik: biz təkamülə, insanın Məsihdə dəyişməsinə inanırıq. İsa bu
təkamül prosesini tamamlayır, çünki insan Allahla məhz Onda görüşür. O,
eyni zamanda həm insan, həm də ilahi kamilliyi təcəssüm etdirir.
25-37
SƏNİN QONŞUN KİMDİR (Luka
10:25-37)
Əvvəlcə gəlin əraziyə nəzər salaq. Yerusəlimdən Yerixoya gedən yol
çox təhlükəli idi. Yerusəlim dəniz səviyyəsindən 601 metr yüksəklikdə,
Yerixonun yaxınlığında yerləşən Ölü dəniz isə dəniz səviyyəsindən 396
metr aşağıda yerləşir. Nəticədə 32 kilometrə yaxın məsafədə yol təxminən
1000 metrə qədər aşağı enir. Yol dar qayalı dərələrlə dolanır və
əyri-üyrülüklərlə doludur. Bu da oranı quldurlar üçün əlverişli mühitə
çevirirdi. Yeromun dediyinə görə, hələ V əsrdə bu yol «Qırmızı və ya
Qanlı Yol» adlanırdı. XIX əsrdə isə oradan təhlükəsiz və sağ-salamat
keçmək üçün yerli şeyxlərə pul ödəmək lazım idi. Hətta 1930-cu illərin
əvvəllərində, bir səyahətçinin dediyinə görə, o, bu yoldan keçmək
niyyətində olarkən, ona gün batmazdan əvvəl evə qayıtması barədə
xəbərdarlıq edilmişdi. İşində mahir olan məşhur oğru avtomobilləri
saxlayır, yoldan keçənləri soyur və polis hadisə yerinə gələnə qədər
gizlicə dağlarda gözdən itirdi. İsa Öz məsəlində Yerusəlimdən Yerixoya
gedən yolda faktiki vəziyyəti təsvir etmişdi.
İndi isə məsəldə iştirak edən insanlara nəzər salaq. Onlar
kimdir?
a) Birincisi, səyyahdır. Aydın məsələdir ki, o, ehtiyatsız
və tədbirsiz bir insan idi. İnsanlar nadir hallarda təkbaşına
Yerusəlimdən Yerixoya gedən yolda özləri ilə mal və ya qiymətli əşyalar
götürürdülər. Təhlükəsizliyi təmin etmək üçün insanlar dəstə-dəstə
toplanır, keşikçilərlə və ya karvanlarla birlikdə səyahət edirdilər.
İsanın çəkdiyi məsəldə düşdüyü vəziyyətə görə yalnız səyyah özü günahkar
idi.
b) İkincisi, kahindir. O, tələsik halda həmin adamdan yan
keçdi. Şübhəsiz ki, o, ölülərə toxunan hər kəsin yeddi gün murdar
sayılacağını bilirdi (Saylar 19:11). Düzdür, o, səyyahın
öldüyünü dəqiq bilməsə də, onun öldüyünü zənn etdi. Ölüyə toxunmaqla o,
Məbəddə xidmət etmək növbəsini itirə bilərdi. Buna görə də risk etmək
istəmədi. O, ayin tələblərini mərhəmət normalarından üstün hesab edirdi.
Məbəd və Məbəddəki xidmət onun üçün insan iztirabından daha vacib
idi.
c) Üçüncü adam Levili idi. Görünür, o, əvvəlcə səyyaha
yaxınlaşmışdı, sonra isə yan keçib yoluna davam etmişdi. Quldurlar çox
vaxt müxtəlif növ tələlər qururdular. Onlardan biri özünü yaralı kimi
göstərirdi, ehtiyatsız səyyah isə ona kömək etmək üçün əyiləndə,
qalanları səyyahın üstünə atılaraq onu məğlub edirdilər. Levililər «hər
şeydən əvvəl təhlükəsizlikdir» şüarı ilə yaşayan insanlardan idilər.
Kiməsə kömək etmək üçün özlərini riskə atmazdılar.
d) Ən axırıncısı samariyalıdır. Çox güman, İsanın
dinləyiciləri gözləyirdilər ki, indi söhbət pis insan haqqında gedəcək.
Mənşəcə samariyalı olmaq mütləq deyildi. Yəhudilər
samariyalılarla əlaqə saxlamırdılar. Lakin görünür, haqqında danışılan
samariyalı səyahət edən tacir və mehmanxanada tez-tez qalan qonaq idi.
Yəhya 8:46-da yəhudilər İsanı samariyalı adlandırırlar. Bu
ləqəb çox vaxt bidətçiyə və əcdadların qanunlarını pozan adamlara
verilirdi. Çox güman, burada söhbət samariyalıdan, yəni ləyaqətli
ortodoksal insanlar tərəfindən xor baxılan insandan gedir.
Onun iki xarakterik xüsusiyyətini qeyd etmək lazımdır:
1. Onun sözünə inanırdılar! Mehmanxana sahibi ona inanmışdı. Ola
bilsin ki, həmin samariyalı teoloji baxışları ilə seçilmirdi, amma o,
dürüst insan idi.
2. Yalnız o, kömək etməyə hazır oldu. Əcdadlarının qanunlarına
münasibətdə nə qədər azğın olsa da, onun qəlbində Allah sevgisi var idi.
Çünki ortodoksal dindarların çox vaxt real köməkdən daha çox Allahın
təlimi ilə maraqlanması, eləcə də möminlər tərəfindən xor baxılan adamın
öz qonşusunu həqiqətən sevməsi qeyri-adi hal deyil. Çünki axirətdə biz
dinimizə görə deyil, yaşadığımız həyat tərzimizə görə mühakimə
olunacağıq.
Sonda gəlin məsəlin əxlaqi nəticəsinə nəzər salaq. Sualı
verən qanunşünas onu ciddi şəkildə vermişdi. İsa ondan «Qanunda nə
yazılıb? Orada nə oxuyursan?» soruşdu. Ciddi ortodoksal yəhudilər
biləklərinə kiçik dəri qutucuqlar bağlayırdılar. Həmin qutucuqlarda
onlar Müqəddəs Yazılardan qeyd olunmuş bəzi ayələri — Çıxış 13:1-10;
11,16; Qanunun Təkrarı 6:4-9; 11:13-20 — saxlayırdılar. «Allahın
Rəbbi sev» Qanunun Təkrarı 6:4 və 11, 13
ayələrindəndir. Başqa sözlə, İsa qanunşünasa dedi: «Biləyinə taxdığın
Müqəddəs Yazılara bax, onda sualına cavab tapacaqsan». Həmin sitata
qanunşünas Levililər kitabı 19:18-dən başqa bir sitat da əlavə
etdi. Orada qonşunu özün kimi sevmək əmr edilir. Lakin dəqiqləşdirmələrə
üstünlük verən ravvinlər «qonşu» anlayışının tərifini axtarırdılar. Həm
də onlar «qonşu» anlayışını yalnız yəhudilərə aid edirdilər.
Məsələn, bəziləri bütpərəst bir qadının ən çətin anında, yəni doğuş
zamanı ona kömək etməyi qanun pozuntusu hesab edirdilər. Çünki bununla
belə dünyaya başqa bir bütpərəstin doğulmasına töhfə vermiş olurdular.
Buna görə qanunşünasın «Bəs mənim qonşum kimdir?» sualı normal idi.
İsanın cavabı üç məqama toxunur:
1. Səyyahla olduğu kimi, başına gələn bəlanın səbəbkarı insanın özü
olsa belə, ona kömək etmək lazımdır.
2. Təhlükə ilə üzləşən istənilən millətdən olan şəxs — bizim
qonşumuzdur. Bizim sevgimiz Allah sevgisi qədər böyük olmalıdır.
3. Yardım praktik olmalı və təkcə şəfqət hissi ilə
məhdudlaşmamalıdır. Təbii ki, həm kahinin, həm də levilinin yaralı
səyahətçiyə yazığı gəlmişdi, buna baxmayaraq, onlar heç nə etməmişdilər.
Əsl şəfqət və mərhəmət əməldə göstərilməlidir. İsa qanunşünasa dediyi
sözləri bizə də deyir: «Get, sən də elə et».
38-42
ZİDDİYYƏTLİ XASİYYƏT (Luka
10:38-42)
1. Burada bir-birinə zidd temperamentlər göstərilir. Biz
iman yolunda heç bir yerdə insanların temperamentinə kifayət qədər yer
verməmişik. Bəziləri təbiətcə aktiv, digərləri sakitdir. Aktiv insan
üçün sakit oturub düşünən adamı anlamaq çətindir. Sakitliyə və təfəkkürə
meylli insan isə daim məşğul olan insana yuxarıdan aşağı baxa bilər.
Burada doğru və ya təqsirli insan yoxdur, Allah hər kəsi eyni
yaratmayıb. Sadə insan Allaha belə dua edə bilər:
Ey bütün qazanların, tavaların və hər şeyin olan Rəbbi,
Əgər mənə heyrətamiz işlər görüb, mömin olmaq,
Gecəyarı Sənin haqqında danışmaq,
Alaqaranlıqda Səni düşünmək,
Cənnət qapısını axtarmaq nəsib deyilsə,
O zaman məni yemək bişirməkdə, qab yumaqda mömin et.
Digəri isə heç nə etməyəcək, sadəcə çox düşünüb dua edəcək. Amma hər
ikisi Allaha xidmət edir. Allahın həm Məryəmə, həm də Martaya ehtiyacı
var.
2. Amma bu ayələrdən biz daha çox şey öyrənirik — onlar bizə süni
xeyirxahlığı göstərir. İsa ölmək üçün Yerusəlimə gedirdi. Onun daxilində
Öz iradəsini Allahın iradəsinə tabe etdirmək üçün gərgin mübarizə
gedirdi. İsanın Bet-Anya kəndinə gəlişi sevincli hal idi. Marta süfrəni
evdə olan ən yaxşı nemətlərlə bəzəməyə çalışırdı. Buna görə də o, qayğı
çəkir, narahat olur və biş-düş edirdi. İsanın istəmədiyi elə bu idi.
Onun rahatlığa ehtiyacı var idi. Qarşısında Çarmıxı görərək daxilən
gərgin halda O, Bet-Anyaya sakit bir yer tapmaq üçün getmişdi. O, daim
tələbkar olan kütlədən uzaqlaşmaq istəyirdi. Bu rahatlığı Ona Məryəm
verirdi, Marta isə mehribanlığı və qonaqpərvərliyi ilə rahatlığını
pozurdu. «Yalnız bir şey lazımdır» ifadəsi ilə, İsa, bəlkə də, demək
istəyirdi ki, «Mənə bol yemək lazım deyil. Bir sadə yemək yetər». Məsələ
bundadır ki, Məryəm Onu başa düşdü, Marta isə yox.
Həyatın çətinliklərindən biri də elə budur. Biz insanlara qarşı
mehriban olmaq istəyirik, amma öz bildiyimiz kimi. Lakin nəyisə
düzgün etmədiyimizi biləndə, inciyirik və elə düşünürük ki, bizi
qiymətləndirmirlər. Əgər, həqiqətən də, mehriban olmaq istəyiriksə, o
zaman ilk növbədə kömək etmək istədiyimiz insanın qəlbinə nəzər salmalı
və bütün planlarımızı unudub, yalnız onun nəyə ehtiyacı olduğunu
düşünməliyik. İsa Martanı sevirdi, Marta da Onu sevirdi. Lakin Marta
İsaya qarşı özünəməxsus şəkildə mehriban idi. Bu isə o deməkdir ki,
İsanın qəlbi istirahətə ehtiyac duyduğu vaxtda Marta Ona qarşı pis
davranırdı. İsa Məryəmi sevirdi, Məryəm də Onu sevirdi. Məryəm Onu başa
düşürdü.