11-ci fəsil
1-4
BİZƏ DUA ETMƏYİ ÖYRƏT (Luka
11:1-4)
O dövrün adətinə görə ravvin öz şagirdlərinə lazım gələndə oxuya
biləcəkləri sadə bir dua öyrədirdi. Vəftizçi Yəhya artıq öz şagirdlərinə
dua etməyi öyrətmişdi. İsanın şagirdləri də dua etməyi öyrətsin deyə
Onun yanına gəldilər. Burada «Rəbbin Duası»nın Luka versiyası qeyd
olunub. O, Mattada yazılan duanın qısa versiyasıdır. Lakin biz ondan
necə və nə üçün dua etmək barədə hər şeyi öyrənə bilərik.
1. Dua Allahın Ata adlanması ilə başlayır. Bu, məsihçilərə
xas Allaha müraciətdir (Qalatiyalılara 4:6; Romalılara 8:15; 1Peter
1:17). Artıq duanın birinci sözü bizə bildirir ki, biz kiməsə
deyil, Öz övladlarının ehtiyaclarını ödəməkdən zövq alan Ataya müraciət
edirik.
2. İbrani dilində bu ad insanın səsləndirdiyi adi addan daha
böyük məna daşıyır. Ad — insanın bütün xarakterini ifadə edir.
Zəbur 9:10-da deyilir: «İsmini tanıyanlar Sənə güvənir». Bu,
Allahın adının Yahve olmasından daha çox şey deməkdir. Bu o deməkdir ki,
Allahın xasiyyətini və qəlbini tanıyan hər kəs sevinclə Ona güvənir.
3. «Ey Göylərdə olan Atamız» duasının ardıcıllığını xüsusi qeyd edək.
Özümüz üçün bir şey istəməzdən əvvəl, Allahın izzətini elan etməli və
Ona ehtiramımızı bildirməliyik. Yalnız Allaha izzət verdikdən sonra
başqa istəkləri diləyə bilərik.
4. Bu dua bütün həyatı əhatə edir:
a) Həyatın indiki ehtiyaclarını. Dua Allaha gündəlik çörək
üçün müraciəti göstərir. Bu, səhrada göydən enən manna haqqında Allahın
əmrinə istinad edir (Çıxış 16:11-21). Naməlum gələcək üçün
narahat olmağa ehtiyac yoxdur, yalnız bu gün üçün qayğı çəkməliyik.
Təkcə Sən mənimlə qalsan
Uzun yol məni qorxutmaz.
b) Həyatın keçmiş günahlarını. Dua etdiyimiz zaman biz
Allahdan bağışlanma diləməliyik, çünki ən yaxşı insan belə, kamil
Allahın hüzurunda günahkardır.
c) Həyatın gələcək hökmünü. Duada istifadə olunan sınaq sözü
hər hansı bir imtahan kimi başa düşülməlidir. Bu, təkcə günaha
şirnikləndirmək deyil, həm də çətin vaxtlarda insanın yetkinliyini və
sadiqliyini sınayan istənilən vəziyyətdir. Biz bu sınaqlardan qaça
bilmərik. Amma Allahla birlikdə olanda, bu sınaqlara dözə bilərik.
Bir nəfər «Ey Göylərdə olan Atamız» duasında iki mühüm məna olduğunu
aşkar etdi. Əgər biz duaya «Rəbbin duası» ilə başlasaq, o bizdə təmiz
istəklər oyadar. Bu da bizi həqiqi sədaqətə aparar. Əgər duamızı «Rəbbin
duası» ilə bitirsək, onda Allahın önündə dua etməli olduğumuz hər şeyi
ümumiləşdirmiş oluruq.
5-13
DİLƏYİN, SİZƏ VERİLƏCƏK
(Luka 11:5-13)
Adətən, səyyahlar axşam saatlarında yola düşürdülər ki, günorta
günəşinin istisindən qaçmaq imkanları olsun. İsa belə bir səyahətçinin
gecəyarı dostunun evinə necə gəldiyindən bəhs edir. Şərqdə
qonaqpərvərlik hər kəsin müqəddəs borcu idi. Qonağın sadəcə
ehtiyaclarını ödəmək kifayət etmirdi. Qonaq üçün böyük süfrə açılmalı
idi. Kəndlərdə, adətən, çörək evdə bişirilirdi. Çörəyi elə bişirirdilər
ki, bir günə çatsın. Çünki çörək tez köhnəlirdi və çətin ki, ertəsi gün
kimsə onu yemək istəsin.
Səyyahın bu qədər gec gəlməsi ev sahibini çətin vəziyyətə salmışdı,
çünki evində çörəyi olmadığından o, müqəddəs qonaqpərvərlik borcunu
layiqincə yerinə yetirə bilmədi. Gec olsa da, ev sahibi çörək almaq üçün
dostunun evinə getdi. Amma dostunun evinin qapısı bağlı idi. Şərqdə
insan ancaq fövqəladə hallarda gecə vaxtı qapını döyə bilər. Qapılar,
adətən, bütün günü açıq qalırdı. Çünki adamların gizlədəcək heç nəyi yox
idi. Ancaq qapı kilidli olurdusa, aydın idi ki, ev sahibi narahat
edilməsini istəmir. Lakin qonağı gələn ev yiyəsini dostunun qapısının
bağlı olması dayandıra bilmədi. O, qapını döyməyə davam etdi.
İsraildə kasıbların evi bir otaqdan və balaca pəncərədən ibarət idi.
Döşəmə palçıqdan olub, quru qamışla örtülürdü. Otaq iki hissəyə —
arakəsmə ilə deyil, kiçik bir diklə bölünürdü. Otağın üçdə ikisi yerdən,
digər üçdə biri isə bir qədər yüksəkdə idi. Həmin hissədə bütün gecə
ocaq yanırdı, onun ətrafında bütün ailə taxtda deyil, həsirlərdə
yatırdı. Ailələr böyük olurdu, hamı bir-birinə yaxın yatırdı ki, isti
olsun. Əgər biri oyanardısa, istər-istəməz bütün ailəni oyadırdı. Bundan
əlavə, kənddə gecə evə heyvanları — toyuqlar, xoruzlar və keçiləri də
gətirirdilər.
Məgər yataqda olan bir adamın ayağa qalxmaq istəməməsi təəccüblüdür?
Dostundan çörək istəyənsə təkidlə qapını döyməyə davam edirdi. Mətndə
işlədilən yunan sözünün mənası məhz belədir — ev sahibinin onsuz da
bütün ailənin ayıldığını anlayıb, ayağa qalxaraq lazım olanı verənə
qədər qapını döymək.
İsa Məsih dedi: «Bu hekayə sizin üçün dua haqqında təlimdir». Bu
məsəlin mənası inadla dua etmək deyil; yəni Allah diləməyimizdən
yorulub, istədiyimizi bizə verənə qədər və ya Öz iradəsinə zidd olsa da,
bizə cavab verməyə məcbur olana qədər Allahın qapısını döymək demək
deyil.
Məsəl sözü hərfi mənada nəyisə yan-yana qoymaq və ya nəyisə
bir şeylə müqayisə etmək deməkdir. Başqa sözlə, kiməsə nəsə öyrətmək
üçün iki əşyanı bir-birinə oxşadığına, yaxud bir-birinə zidd olduğuna
görə yan-yana qoyuruq. İsa sanki belə deyir: «Əgər insan inadla dostunu
ona lazım olan hər şeyi verməyə məcbur edə bilirsə, səmavi Ata
övladlarının ehtiyaclarını daha çox ödəyər!» O deyir: «Əgər siz pis
olduğunuz halda öz övladlarınızın ehtiyaclarını ödəyə bilirsinizsə,
göydə olan Atanın ehtiyacları ödəyəcəyi nə qədər yəqindir!»
Lakin bu bizi cəsarətli duadan azad etmir. Çünki istəklərimizin
həqiqiliyini və səmimiyyətini ancaq səylə və əzmkarlıqla dua etməklə
təsdiqləyə bilərik. Ancaq bu o demək deyil ki, ehtiyacımız olan hər şeyi
Allahın əlindən almalıyıq. Biz sadəcə olaraq ehtiyaclarımızı bizdən daha
yaxşı bilənə və bizə lazım olan hər şeyi səxavətlə verənə müraciət
edirik. Əgər Allah dilədiyimizi verməyibsə, bu Onun bizdən əsirgəməsinə
görə deyil, bizə daha yaxşısını vermək niyyətində olmasına görədir.
Cavabsız qalan dua yoxdur. Aldığımız cavab gözlədiyimiz və ya
istədiyimiz olmaya bilər. Amma Allah duamıza hətta cavab verməkdən
imtina etsə belə, Onun rədd cavabı məhəbbət və hikmətlə diktə
edilir.
14-23
BÖHTANÇI (Luka 11:14-23)
İsanın düşmənləri artıq birbaşa etiraz edə bilməyəndə, Ona böhtan
atmağa başladılar. Onlar iddia edirdilər ki, İsanın cinləri qovmaq
səlahiyyəti Onun cinlərin başçısı ilə ittifaqına görədir. Onlar İsanın
qüdrətinin Allahdan deyil, şeytandan gəldiyini deyirdilər. İsa onlara
ikiqat və əsaslı cavab verdi.
Birincisi, İsa onlara çevik zərbə vurdu. Həmin dövrlərdə İsraildə
çoxlu cin çıxaran və sehrbazlar vardı. İosif Flavi bu fəaliyyətin padşah
Süleymana qədər olduğunu qeyd edirdi. Müdrik Süleymanın digər
qabiliyyətləri arasında ot və dərman bitkiləri haqqında biliyi var idi.
O, cinləri bir daha geri qayıtmamaq üçün tamamilə qovmağa imkan verən
sehrli düsturlar icad etmişdi. İosif Flavi təsdiqləyir ki, o, Süleymanın
üsullarının hətta onun dövründə də uğurla tətbiq olunduğunu görüb (İosif
Flavi, Yəhudilərin qədimliyi 8:5,2).
İsa böhtançılara uğurlu zərbə endirir. İsa deyir: «Əgər Mən cinlərin
rəisi ilə ittifaqda olduğum üçün cinləri qovmaq qabiliyyətinə malikəmsə,
bəs başqalarının, sizin yaxınlarınızın cinləri də qovması barədə nə deyə
bilərsiniz? Məni ittiham etməklə, siz ancaq özünüzü mühakimə
edirsiniz».
İkincisi, O, təkzibedilməz dəlil gətirir. Vətəndaş müharibəsinin
getdiyi padşahlıq tab gətirə bilməz. Əgər cinlərin rəisi öz
tərəfdarlarını qovmaq üçün bütün gücünü sərf etsəydi, onda onun
padşahlığının sonu gələrdi. Axı güclü adama ondan daha güclü adam qalib
gələ bilər. İsa deyir: «Buna görə də, əgər Mən cinləri qovuramsa, bu,
nəinki Mənim cinlərin rəisi ilə həmrəy olduğumu göstərmir, əksinə,
cinlərin qalası dağıdılıb, güclü şər adam məğlub olub və Allahın
Padşahlığı yaxınlaşıb».
Bu hissədən müəyyən həqiqətlər üzə çıxır.
1. İnsanın təbiətcə adi arqumentləri tükənib, istənilən nəticəni
verməzsə, o, böhtan atmağa hazır olur. Ötən əsrin görkəmli ingilis
dövlət xadimi Vilyam Qledstoun London küçələrində pis yola düşmüş
qadınların mənəvi islahı probleminə böyük maraq göstərirdi. Lakin Vilyam
Qledstounun siyasi rəqibləri onun marağının tamamilə fərqli və
qeyri-düzgün səbəblərdən qaynaqlandığını qürurla iddia edirdilər. Böhtan
ən qəddar və insaniyyətdən kənar olan vasitədir. Çünki böhtan insana çox
vaxt qara yaxır. Axı insan təbiətinə görə başqasını yüksəltməyə deyil,
alçaltmağa meyllidir. Düşünməyin ki, biz bu kimi günah etmirik. Axı biz
insan haqqında ən pis şayiələrə nə qədər tez inanmağa hazırıq? Nə qədər
tez-tez bilərəkdən biz bəyənmədiyimiz insanın pisniyyətli olduğunu qeyd
edirik? Nə qədər tez-tez biz çay süfrəsi arxasında böhtan və rəzil
əhvalatları təkrarlayaraq, adamın nüfuzuna xələl gətiririk? Bu barədə
düşünəndə, arxayınlığımıza yer olmayacaq, özümüzü analiz etməyə ehtiyac
yaranacaq.
2. Bir daha xatırladaq ki, İsa Allahın Padşahlığının yaxınlaşmasını
sübut edəndə, iztirab çəkənlərin sağaldığını və xəstələrin şəfa
tapdığını vurğulayırdı. İsanın məqsədi təkcə canın xilasından
ibarət deyildi; Onun məqsədi tamlığı ilə şəfa vermək və xilas
etmək idi.
3. Luka bu hissəni İsanın sözləri ilə bitirir: «Mənimlə olmayan Mənə
qarşıdır və Mənimlə yığmayan dağıdır». Məsihçilikdə neytrallığa yer
yoxdur. Kim yaxşılıq etməkdən çəkinərsə, avtomatik olaraq pisliyin
tərəfində olur. İnsan ya yolu yarıb keçir, ya da kiminsə yolunda
dayanır.
24-28
BOŞ QƏLBİN TƏHLÜKƏSİ (Luka
11:24-28)
Burada insandan cinin necə qovulduğuna dair acınacaqlı və dəhşətli
bir hekayə canlanır. Həmin cin rahatlıq tapmaq üçün gəzir, amma tapmır.
Beləcə o, qərara gəlir ki, insanın daxilinə qayıtsın. O, insanın
qəlbinin pak olduğunu, süpürülmüş və təmizlənmiş, amma boş olduğunu
görür. Onda o özündən betər yeddi başqa cini də götürüb, insanın
daxilinə girir. Həmin insanın halı əvvəlkindən daha betər olur.
1. Bu məsəldə əsas həqiqət ehtiva olunur: insan daxili boş
qalmamalıdır. Pis düşüncələrdən, axmaq vərdişlərdən və əvvəlki həyat
tərzindən azad olmaq kifayət deyil, canı boş buraxmaq olmaz. Boş qəlb
həmişə təhlükəyə məruz qalır. Adam Velç tez-tez «Şərabdan sərxoş
olmayın, bu sizi mənəviyyatsızlığa aparır. Bunun əvəzinə Ruhla dolun»
(Efeslilərə 5:18) mövzusunda vəz edirdi. O, vəzinə belə
başlayırdı: «İnsan həmişə nə iləsə dolmalıdır». Şəri qovmaq kifayət
deyil. Onun yerini yaxşılıq tutmalıdır.
2. Buradan belə nəticə hasil olur ki, heç bir din yalnız qadağalara
əsaslana bilməz. Gəlin daha aydın bir nümunə çəkək: bazar günü
ibadətində itaət məsələsi hələ də həll olunmayıb. İnsanlar tez-tez bazar
günü adamların etdikləri barədə qəzəblə danışır, sonra bazar günü
qadağan olunan şeylərin siyahısını verir. Lakin bütün bu qaydaların
ünvanlandığı adam soruşa bilər: «Yaxşı, bəs onda mən bazar günü nə edə
bilərəm?». Əgər biz bu suala cavab verə bilmiriksə, yaxşı olar ki, ona,
ümumiyyətlə, heç nə deməyək. Çünki ona qadağan olunan işlərin siyahısını
natamam versək, onu bekarçılığa sürükləyərik. Şeytan da öz işini boş
adam vasitəsilə yerinə yetirmək imkanı gözləyir. Din həmişə bir sıra
qadağalara və tabulara çevrilmək təhlükəsi altındadır. Pisliyi ürəkdən
təmizləmək vacibdir, amma pislik aradan qaldırdıqdan sonra yaxşılığı
inkişaf etdirmək lazımdır.
3. Pislikdən çəkinməyin ən yaxşı yolu — yaxşılıq etməkdir. Gördüyüm
ən gözəl bağ o qədər güllərlə dolu idi ki, alaq otlarına yer yox idi.
Təkcə alaq otlarını çıxarmaq kifayət deyil, hər boş yerə gül əkmək
lazımdır. Ruhani həyatda da eyni prinsip keçərlidir. Axı bizi tez-tez
pis fikirlər narahat edir. Əgər biz yalnız «Xeyr, bu barədə daha
düşünməyəcəyəm» deyiriksə, gec-tez biz bu fikrə daha çox diqqət
yetirəcəyik. Bundan çıxış yolu başqa bir şey haqqında düşünmək, pis
fikri yaxşı fikirlə əvəz etməkdir. Bunu və ya digər şeyi etmədən mömin
olmaq olmaz; insan həyatı nəcib fikirlər və əməllərlə doldurulanda mömin
olur.
27 və 28-ci ayələrdə İsa sərt olsa da, həqiqəti
danışır. İzdiham arasından qışqıran qadın həyəcanlı idi. İsa isə onu
reallığa qaytardı. Qəlbin coşması gözəl bir şeydir; lakin gündəlik
həyatda Rəbbə itaət etmək daha gözəldir. Heç bir gözəl duyğu xeyirxah
əməlləri əvəz edə bilməz.
29-32
İMTİYAZLAR ÜÇÜN
MƏSULİYYƏT (Luka 11:29-32)
Yəhudilər İsadan tələb etdilər ki, O, heyrətamiz bir şey etsin və
bununla da Onun Allahın Məsihi olduğunu sübut etsin. İsadan bir qədər
sonra, b.e. 45-ci ilində İsraildə özünü Məsih elan edən Tevda peyda
oldu. O, xalqı onların gözü önündə İordan çayının sularını ikiyə bölməyə
və o bir sahildən digər sahilədək quru yol açmağı vəd edərək, onunla
birlikdə İordan çayına getməyə razı saldı. Sözsüz ki, sular ayrılmadı və
romalılar üsyanın qarşısını asanlıqla aldılar. Yəhudilər İsadan məhz
belə bir əlamət istədilər. Onlar düşünürdülər ki, İsa onlara Məsih
olduğunu məhz bu yolla sübut edə bilər. Yəhudilər Allahın göndərə
biləcəyi ən böyük əlamətin İsanın Özü olduğunu görə bilmədilər. Bir
vaxtlar Yunus peyğəmbər ninevalılar üçün Allahın əlaməti olduğu kimi,
indi də İsa yəhudilər üçün Allahın əlaməti idi. Amma xalq Onu tanımadı.
Süleymanın padşahlığı dövründə Səba mələkəsi onun müdrikliyi haqqında
eşidib, ondan öyrənmək üçün uzaqdan gəldi; Yunus peyğəmbər təbliğ
edəndə, Nineva xalqı onun təbliğində Allahın səsini tanıdı və hamısı
tövbə etdi. Qiyamət günündə bütün bu xalqlar qalxıb İsanın dövründəki
yəhudiləri mühakimə edəcək. Çünki həmin dövrdə yaşayan yəhudilər digər
xalqların heç vaxt malik olmadığı imtiyaza malik idilər. Ancaq yəhudilər
Onu qəbul etməkdən imtina etdilər. Yəhudilərin mühakiməsi daha ağır
olacaq, çünki onlar böyük imtiyaza malik idilər.
İmtiyazlar və məsuliyyət həmişə bir-biri ilə sıx bağlıdır. Gəlin
bizim iki ən böyük imtiyazımız və onlardan necə istifadə etdiyimiz
barədə düşünək.
1. Hər birimizin Allahın Kəlamı, Müqəddəs Kitabdan istifadə etmək
imkanı var. Həmişə belə olmayıb, bu öz-özündən
yaranmadı. Elə vaxtlar var idi ki, Müqəddəs Kitabın doğma dildə
təbliği ölümlə cəzalandırılırdı. 1350-ci ildə Uiklif bir alimə məktub
yazaraq ondan Müjdəni sadə xalqa onların öz dilində çatdırmağı xahiş
edəndə belə cavab aldı: «Məsihin qanununa görə mən yaxşı bilirəm ki,
sənin xahişini yerinə yetirməliyəm. Amma bu gün biz Məsihin qanunundan o
qədər uzaqlaşmışıq ki, xahişini yerinə yetirsəm, öləcəyəm. Sən
isə yaxşı demisən ki, insan mümkün qədər çox yaşamalıdır». Sonralar Fok
qeyd edir ki, o vaxtlar insanlar gecələr oturub, Allahın Kəlamını
ingilis dilində oxuyur və dinləyirdilər. «İngilis dilində yazılmış
həvari Yaqubun və ya həvari Paulun məktublarını almaq üçün insanlar
böyük pul ödəyir, yaxud bir araba saman verirdilər». İngiltərəyə ilk çap
olunmuş Müqəddəs Kitabı Tindeyl
vermişdi. O, bunu
yoxsulluqdan, sürgündən, dost yoxluğundan, aclıqdan, susuzluqdan,
soyuqdan, böyük təhlükələrdən, saysız-hesabsız toqquşmalardan əziyyət
çəkməsinə baxmayaraq etdi. 1536-cı ildə o, şəhid olaraq vəfat etdi. Onun
ölümündən bir qədər əvvəl hakimiyyət ingilis dilində çap olunmuş
Müqəddəs Kitabları yandıranda o dedi: «Onlardan nə gözləyirdimsə, onlar
məhz onu etdilər. Məni də kitab kimi yandırsalar, təəccüblənmərəm».
Müqəddəs Kitabdan daha dəyərli bir kitab yoxdur. Bizim dövrümüzdə
insanların Müqəddəs Kitaba hamının eşitdiyi, amma heç kimin oxumadığı
klassik bir kitab olaraq tərif verməsi kimi ciddi təhlükə var. Bizə
Müqəddəs Kitaba sahib olmaq imtiyazı verilib. Bu imtiyaz üzərimizə
məsuliyyət qoyur, çünki biz öz imtiyazlarımıza cavabdehik.
2. Biz Allaha istədiyimiz şəkildə xidmət edə bilərik. Bu da insan
həyatı bahasına başa gələn bir imtiyazdır. Faciə ondadır ki, əksər
insanlar bu imtiyazdan, ümumiyyətlə, Allaha xidmət etməmək üçün istifadə
edirdilər. Bu imtiyaz da üzərimizə məsuliyyət qoyur, çünki buna görə də
cavab verməli olacağıq. Əgər insan məsihçidirsə, onda Məsihin kitabı və
Məsihin cəmiyyəti varsa, o, Allahın imtiyazlarının varisidir. Əgər o, bu
imtiyazlara etinasızlıq edir və ya onlardan imtina edirsə, onda İsa
Məsihin dövründəki yəhudilər kimi mühakiməyə məruz qalacaq.
33-36
DAŞLAŞMIŞ ÜRƏK (Luka 11:33-36)
Bu hissənin mənasını başa düşmək asan deyil. Lakin ola bilsin, o,
belə məna verir.
Bədənin nuru gözdən asılıdır; əgər göz sağlamdırsa, insan kifayət
qədər işıq qəbul edir. Əgər göz sağlam deyilsə, işıq onun üçün qaranlığa
çevrilir. Eynilə həyatın nuru da ürəkdən asılıdır; əgər insanın
ürəyi mənəvi cəhətdən sağlamdırsa, onun bütün həyatı işıq saçır; əgər
ürəyi mənəvi cəhətdən korlanıbsa, bütün həyatı qaranlığa qərq olur. İsa
Məsih təkidlə bizi daxili işığımızı qoruyub saxlamağa çağırır.
Bəs onda nəyə görə daxili çırağımız zəifləyir və ya sönür? Onda
ürəyimizlə nə baş verir?
1. Ürəyimiz sərtləşə bilər. Bəzən əllərimizlə adət
etmədiyimiz bir şey etmək məcburiyyətində qalanda, dərinin
qıcıqlandığını hiss edirik və əllərimiz ağrımağa başlayır. Ancaq həmin
işi tez-tez təkrarlasaq, dərimiz sərtləşir, onda biz əvvəllər bizi
incidən hərəkəti çətinlik çəkmədən edə bilərik. Ürəyimizlə də eyni şey
baş verir. İlk dəfə pis bir iş görəndə biz onu titrəyə-titrəyə,
qorxa-qorxa edirik. Bəzən də ağrı çəkərək edirik. Sonra bu hisslər
getdikcə zəifləyir, sonda vicdan əzabı çəkmədən edirik. Günah böyük
səlahiyyətə malikdir — o, qəlbi və ruhu sərtləşdirir.
İnsan günaha doğru ilk addım atanda, həmişə qəlbində xəbərdarlıq
nidası müşayiət olunur. Lakin o, tez-tez günah etməyə davam edirsə,
zamanla günah daha onu narahat etmir və ürəyi təşvişə düşmür. Bir
vaxtlar insanda qorxu yaradan və həvəssiz etdiyi davranışlar vərdiş
halına çevrilir. Əgər belə vəziyyətə düşməyə icazə vermişiksə, onda buna
görə yalnız özümüzü günahlandırmalıyıq.
2. Ürəyimiz hissiyyatını itirir. İnsan pisliyə çox asanlıqla
alışır. Olur ki, biz dünyanın əzablarını görəndə ürəyimiz ağrıyır, amma
tədricən öyrəşirik, baş verənləri təbii qəbul edir və narahat olmuruq.
Əksər insanlar gənclikdə bu şeylərə daha həssas olur, nəinki yetkinlik
dövründə. Bu, İsa Məsihin Çarmıxa çəkilməsinə də aiddir.
Florens Barkli balaca olarkən imanlı cəmiyyətinə necə aparıldığını
danışır. İsa Məsihin əzab çəkdiyi cümə günü idi. Cəmiyyətdə Çarmıxa
çəkilmə hekayəsini oxuyurdular. O, Peterin inkarı və Yəhudanın xəyanəti
barədə eşitdi. Həmçinin Ponti Pilatın İsa Məsihi sorğu-suala çəkməsi
haqqında eşitdi. Qız İsanın tikanlı tacını, əsgərlərin Onu vurduğunu
gördü. O, İsanın Çarmıxa çəkilməsi haqqında qərarı, sonra isə dəhşətli
son sözləri «Onu Çarmıxa çəkdilər» eşitdi. Elə görünürdü ki, bu hekayə
cəmiyyətdə heç kimə toxunmadı. Qız isə birdən üzünü anasının paltarında
gizlədib, hönkür-hönkür ağladı. Qızın səsi sakit cəmiyyəti bürüdü:
«Onlar niyə belə etdilər? Niyə belə etdilər?»
Çarmıxa çəkilmə hekayəsini biz məhz bu cür qəbul etməliyik. Lakin biz
onu o qədər eşitmişik ki, indi heç bir emosiya olmadan qəbul edirik. Qoy
Allah bizi, bizə görə Çarmıxda çəkdiyi dəhşətli əzabı hiss etmək
qabiliyyətini itirmiş ürəkdən xilas etsin.
3. Ürəyimiz açıq şəkildə üsyan edə bilər. Bəzi insanlar
doğru yolu bilirlər, amma bilərəkdən yanlış yolu seçirlər. İnsan Rəbbin
əlini öz çiyinlərində hiss edə, ancaq onu itələyə bilər. Ruhani gözləri
açıq olan insan, Allah onu evə çağırarkən, uzaq bir ölkəyə getməyi seçə
bilər. Qoy Allah bizi daşlaşmış ürəkdən qorusun.
37-44
XIRDALIQLARA
HÖRMƏTLƏ, VACİB OLANLARA İSƏ LAQEYD YANAŞMAQ (Luka 11:37-44)
Farisey İsanın yeməkdən əvvəl əllərini yumamasına təəccübləndi. Bu,
təmizliyi qoruyub-saxlamaq üçün edilmirdi; yeməkdən əvvəl əllərin
yuyulması adət idi. Qanunda deyilir ki, insan yeməkdən əvvəl əlləri
müəyyən qaydada yumalı, eləcə də yeməklər arasında əllərini yumalıdır.
Həmişə olduğu kimi, hər bir detal xüsusi işlənilib hazırlanmışdır. Bunun
üçün su ilə dolu xüsusi daş küplər var idi, çünki adi su murdar ola
bilərdi. Əlləri yumaq üçün bir yarım yumurta qabığının tuta biləcəyi
qədər su istifadə olunmalı idi. Əvvəlcə barmaqların ucundan başlayaraq,
biləyə qədər əllərə su tökülürdü. Sonra əlin içi yuyulurdu. Əlin içi
digər əlin üstü ilə yumruq şəkildə sıxılaraq yuyulurdu. Sonda su
biləkdən başlayaraq barmaqların ucuna qədər yenidən əlin üzərinə
tökülürdü. Hətta bu adətin kiçik pozuntusu belə, fariseylər tərəfindən
günah sayılırdı. İsa buna belə cavab verdi ki, əgər fariseylər əllərini
təmiz saxladıqları qədər ürəklərini də təmiz saxlasaydılar, onda ən
yaxşı insan olardılar.
Ortodoksal yəhudi aşağıdakı vəzifələri diqqətlə yerinə yetirirdi:
a) Torpağın ilk məhsulu. İlk məhsula aid olan altı məhsul —
buğda, arpa, üzüm, əncir, nar, zeytun yağı, eləcə də ilk yığılmış bal
Məbədə qurban olaraq təqdim gətirilirdi.
b) Teruma. Torpağın ilk
bəhrəsi Allaha qurban
təqdim edilərkən, teruma kahinləri saxlamaq üçün nəzərdə tutulmuşdu.
Teruma da torpağın ilk bəhrəsindən gətirilirdi. Onun həcmi bütün
məhsulun 1/50 hissəsi idi.
c) Ondabir. İnsanlar ondabiri birbaşa levililərə təqdim
edirdi, onlar da öz növbəsində aldıqlarının ondabirini kahinlərə
verirdilər. Həmin ondabirə «yemək üçün lazım olan, torpaqda əkilən və
bitən» hər şeyin ondabir hissəsi daxil idi. Fariseylərin bu məsələdə
xırdaçılığı artıq onda görünürdü ki, qanunda sədəfotu təqdim olunmaması
haqqında yazılsa da, onlar bunu təqdim edirdilər. Ürəyin vəziyyətindən
asılı olmayaraq, ədalət və məhəbbət qanunlarına etinasızlıq etsələr də,
fariseylər ondabir ödəməyi heç vaxt unutmurdular. Sinaqoqda imtiyazlı
yerlər öndə yerləşirdi və üzü ibadət edənlərə baxırdı. İbadətə gələnlər
üçün ən hörmətli yerlər birinci cərgələr idi. Getdikcə arxa cərgələrdə
oturanlara hörmət azalırdı. Hörmət adamların nə qədər görünməsindən
asılı idi! İnsanlar küçələrdə fariseylərə nə qədər çox hörmət
edirdilərsə, onlar bir o qədər məmnun olurdular. Saylar
19:16-nı nəzərə alsaq, 44-cü ayənin mənası aydın olar: «Çöldə
qılıncla öldürülmüş olana, bir ölüyə yaxud bir insan sümüyünə yaxud da
qəbirə toxunan şəxs yeddi gün murdar sayılsın». Murdar olmaq bütün
ibadətlərdən uzaqlaşdırılmaq demək idi. İnsan isə bilmədən itmiş qəbirə
toxuna bilərdi. Amma bunun heç bir fərqi yox idi: bir toxunuş insanı
murdar edirdi. İsa Məsih deyirdi ki, fariseylər həmin itmiş qəbirlərə
bənzəyirdilər. Xalq bilməsə də, fariseylərlə ünsiyyət onlara ancaq zərər
gətirirdi. Dərk etmədən onlarla təmasda olan şəxs pisliyə şərik olurdu.
İnsanlar, ümumiyyətlə, şəri görməsələr də, o yayılırdı. Çünki fariseylər
Allah və Onun tələbləri haqqında yanlış düşüncələrə yoluxmuşdular.
Fariseylərdə xüsusilə nəzərə çarpan qanundan iki kənara çıxma var
idi. İsa da bunlara görə onları qınayırdı.
1. Onlar öz diqqətlərini zahirə yönəldirdilər. Nə qədər ki, bütün
zahiri dini ayinlər yerinə yetirilirdi, onlar qane olurdular. Onların
ürəkləri cəhənnəm kimi qara ola bilərdi; bəlkə də, onlara mərhəmət,
hətta ədalət hissi yad idi. Amma müəyyən vaxtda müəyyən ayinləri yerinə
yetirəndə, özlərini Allahın gözündə ləyaqətli insanlar hesab edirdilər.
İnsan müntəzəm olaraq imanlı cəmiyyətinə gedə, Müqəddəs Kitabı səylə
oxuya və cəmiyyətin ehtiyacları üçün səxavətlə verə bilər. Amma ürəyində
qürur və nifrət varsa, yaxınına gündəlik münasibətlərdə mərhəmət
göstərmirsə, tabeliyində olanlara qarşı haqsızlıq edirsə və öz işinə
etinasız yanaşırsa, o, məsihçi deyildir. Heç kim insanlar arasında
normal münasibətləri unudub, yalnız dinin zahiri normalarına riayət
etməklə məsihçi ola bilməz.
2. Fariseylər təfərrüatlara xüsusi diqqət yetirirdilər.
Məhəbbət və xeyirxahlıq, ədalət və səxavətlə müqayisədə əllərin
yuyulması və ondabir hissənin verilməsi əhəmiyyətsiz şeydir. Çox vaxt
imanlı cəmiyyətinin möminləri cəmiyyətin rəhbərliyi və idarəçiliyi ilə
bağlı xırda problemlərlə məşğul olur, hətta öz aralarında mübahisə edir
və dalaşırlar, lakin həqiqi məsihçi həyatının əsl problemlərini
unudurlar.
45-54
İLAHİYYATÇILARIN GÜNAHI (Luka 11:45-54)
İsa Məsih ilahiyyatçılara qarşı üç ittiham irəli sürür.
1. Qanunu bilənlər kimi, onlar insanların üzərinə qanunun ağır
yüklərini qoyurdular, özləri isə onlara riayət etmirdilər, çünki onlar
yayınmaqda mahir usta idilər. Bu yayınmalardan bəzilərini təqdim
edirik.
Qanuna görə hər yəhudi Şənbə günü yaşadığı yerdən 2000 qulac (915
metr) məsafə yol qət edə bilərdi. Amma yolun üstündən kəndir çəkilsəydi,
onda həmin kəndir onun üçün küçənin sonu olacaq və o, daha 915 metr gedə
bilərdi. Əgər o, cümə günü hər hansı bir yerdə iki dəfə yeyilə biləcək
yemək qoyurdusa, həmin yer də onun yaşayış yeri sayılır və o, oradan
daha 915 metr gedə bilərdi!
Digər işlər arasında, Şənbə günü düyün bağlamaq qadağan edilirdi:
məsələn, dənizçilərin düyünləri, dəvəçilərin düyünləri, kəndir düyünləri
və s. Ancaq qadın öz kəmərini bağlaya bilərdi. Ona görə də quyudan bir
vedrə su çəkmək lazım gəlirdisə, vedrəyə kəndir deyil, kəmər bağlana və
bu şəkildə quyudan vedrə ilə su çəkilə bilərdi!
Bundan başqa, ağır yük daşımaq qadağan idi. Lakin mərasim qanununda
deyilirdi: «Sağ və ya sol əlində, ya qoynunda, yaxud çiynində bir şey
daşıyan adam günahkardır; ancaq ovucun üstündə, ayaqda, ağızda,
dirsəkdə, qulaqda, saçda və ya cibin tərs üzündə, ciblə köynəyin
arasında, qatlanmış köynəkdə, ayaqqabıda və ya səndəldə bir şey daşıyan
adam qanunu pozmur, çünki o, yükü adət etdiyi kimi daşımır».
Allahın kiməsə belə bir qanunun təyin edə biləcəyini düşünmək
ağlasığmazdır və belə bir qanunun təfərrüatlarının işlənib hazırlanması
dini ibadət, onlara riayət edilməsi isə ölüm-dirim məsələsi ola bilərdi.
Lakin ilahiyyatçıların dini məhz bundan ibarət idi. Məhz buna görə
İsanın Öz nitqində ilahiyyatçılara hücum etməsi, onların da öz
növbəsində İsanı imansız bidətçi adlandırması təəccüblü deyil.
2. İlahiyyatçıların peyğəmbərlərə münasibəti ziddiyyətli idi. Onlar
peyğəmbərlərə böyük ehtiram göstərdiklərini bəyan etdilər. Lakin məsələ
bunda idi ki, onlar ancaq ölmüş peyğəmbərlərə hörmət edirdilər, sağ
olanları isə öldürməyə çalışırdılar. Onlar ölmüş peyğəmbərlərə
məqbərələr, abidələr ucaldır, diriləri isə rüsvay edir, təqib edir və
öldürürdülər.
Allah Yeşaya peyğəmbərin vasitəsilə demişdi: «...pisliklə dolu təzə
ay mərasimlərinizə, şənbə günlərinizə müqəddəs toplantılarınıza dözə
bilmirəm». «Ey insan, Allah sənə yaxşı olanı bildirdi; ədalət
yaratmaqdan, məhəbbət göstərməyi sevməkdən, itaətkarcasına Allahınla bir
yol getməkdən başqa Rəbb səndən nə istəyir ki?» (Mikeya 6:8)
Peyğəmbərlərin təliminin mahiyyəti bundan ibarət idi; o isə birbaşa
olaraq ilahiyyatçıların təliminə zidd idi. Buna görə də təəccüblü deyil
ki, ilahiyyatçılar işlədikləri zahiri təfərrüatları ilahiləşdirərək,
peyğəmbərlərə nifrət edirdilər. İsa da peyğəmbərlərin xətti ilə gedərək
təlim öyrədirdi. Zəkəriyyə peyğəmbərin öldürülməsi 2Salnamələr
24:20-21-də təsvir edilmişdir.
3. İlahiyyatçılar Müqəddəs Yazıları insanlardan gizlədirdilər.
Onların Müqəddəs Yazıları şərh etməsi o qədər özünəməxsus idi ki, adi
insan üçün orada nəsə başa düşmək çətin idi. Buna görə də insanlar üçün
Müqəddəs Yazılar tapmacalar kitabına çevrilmişdi. Onlar yanlış düşünərək
Müqəddəs Yazıların həqiqi mənasını görməkdən imtina edirdilər və
başqalarının onu öyrənməsinə icazə vermirdilər. Müqəddəs Yazılar
ilahiyyatçıların əlində, adi insanlarda olduğu kimi, anlaşılmaz, sirli
kitaba çevrilmişdi.
Eyni şey bu gün də baş verir. Bu gün də başqalarından həyat və
davranış normalarına əməl olunmasını tələb edənlər var, amma özləri
onları yerinə yetirməyi ağıllarına belə gətirmirlər. Bu gün də bir
çoxları üçün din yalnız zahiri qaydalara riayət etməkdən ibarətdir. Bu
gün də hələ Allahın Kəlamını başa düşməyi o qədər çətinləşdirənlər var
ki, Allahın həqiqətini axtaran insan çaşıb qalır və nəyə inanacağını,
kimə qulaq asacağını bilmir.