12-ci fəsil
1-12
CƏSARƏT VƏ GÜVƏN ƏQİDƏSİ
(Luka 12:1-12)
Bunu oxumaqla biz yəhudilərin təbliğ üsulu ilə — «mirvariləri
ard-arda düzmək» mənasını verən harazla də tanış ola bilərik. Bu hissə
müasir təbliğ metodologiyasının tələb etdiyi kimi deyil, bir-biri ilə
əlaqəsi olmayan mirvarilərin düzülüşüdür. Ancaq bu mətndə ən vacib fikri
vurğulamaq mümkündür.
1. Mətndə qadağa olunmuş günah, yəni ikiüzlülükdən
bəhs edilir. Əvvəllər ikiüzlü sözü cavab verən insan
mənasını daşıyırdı; ikiüzlülük etmək isə cavab vermək demək
idi. Əvvəlcə bu söz hər hansı söhbət və ya dialoq zamanı adi sual-cavab
mübadiləsini ifadə etmək üçün istifadə olunurdu; sonra bu söz pyesdəki
dialoqa tətbiq olunurdu, daha sonra isə hərəkət edən obraza aid
edilirdi. İkiüzlü heç vaxt səmimi davranmır; o, həmişə rola girir.
İkiüzlülüyün əsasında qeyri-səmimiyyət dayanır. Allah özünü məsum
göstərməyə çalışan insandan çox günahını gizlətməyən dürüst insana
üstünlük verir.
2. Mətndə həm də qorxmazlığı ilə xarakterizə olunan
həyata düzgün münasibətdən bəhs olunur. Gəlin qorxmazlığın iki
səbəbini müzakirə edək.
a) İnsanın insan üzərindəki səlahiyyəti qətllə məhdudlaşır. O,
başqasının həyatına son qoysa da, canını ala bilməz. 1914-1918-ci
illərin Birinci Dünya Müharibəsi zamanı İngiltərənin «Panç» adlı
jurnalında Belçika kralı Albertə «Budur, siz hər şeyi itirdiniz» deyən
alman imperatorunun karikaturası yerləşdirilmişdi. Albert ona belə cavab
vermişdi: «Amma canımı hələ itirməmişəm». Allahın qüdrəti isə istənilən
insanın canını məhv edə bilər. Ona görə də insandan yox, Allahdan
qorxmaq daha məntiqlidir. Con Noksu dəfn edəndə, kimsə onun haqqında
belə demişdi: «O, insandan qorxmadığı qədər Allahdan qorxurdu».
b) Allah hər bir insanın xüsusi şəkildə qayğısına qalır. Onun üçün
biz heç vaxt izdihamın içində itmiş sayılmırıq. Matta deyir ki, iki
sərçə bir qara pula satılmırmı? (Matta 10:29) Luka isə bu
hissədə belə deyir: «Beş sərçə iki qara pula satılmırmı?» Əgər bir adam
iki qara pul xərcləməyə hazır idisə, o, dörd deyil, beş quş alırdı, yəni
əlavə olaraq biri də verilirdi, sanki quşun heç bir dəyəri yox idi. Amma
insanlar tərəfindən qara pul qədər qiymətləndirilməyən kiçik quşu belə
Allah unutmur. İnsanın başındakı saçlar belə sayılıb. Sarışın insanlarda
orta hesabla 145 000, qaraşınlarda 120 000, kürənlərdə isə saçların sayı
90.000 təxmin edilmişdir! Yəhudilər Allahın hər şeyin qayğısına
qaldığına o qədər əmin idilər ki, hətta kiçik otun öz qoruyucu mələyi
olduğuna inanırdılar. Heç birimiz qorxmamalıyıq, çünki hər kəs «Allah
mənim qayğıma qalır» deyə bilər.
3. Mətndə həmçinin bağışlanmaz günah — Müqəddəs Ruha qarşı
küfr haqqında danışılır. Həm Mattada, həm də Markda deyilir ki, İsa bu
barədə ilahiyyatçılar və fariseylər Onun şəfa verməsini Allahın gücü ilə
deyil, cinlərin hökmdarının birliyinin nəticəsi kimi izah etdikdən sonra
danışır (Matta 12:31-32; Mark 3: 28-29). Onlar Allahın
mərhəmətini və qüdrətini birbaşa görə bilirdilər, lakin bunu şeytanın
işi adlandırırdılar. Nə baş verdiyini başa düşmək üçün biz İsa Məsihin
Müqəddəs Ruh haqqında sırf məsihçi baxımından deyil, yəhudilərin Onu
başa düşdüyü kimi danışdığını unutmamalıyıq. Həmin vaxt İsanı
dinləyənlərin bu barədə heç bir təsəvvürü yox idi.
Yəhudilərin təsəvvürünə görə, Allahın Ruhu iki vacib funksiyanı
yerinə yetirirdi: birincisi, Allah Öz Ruhu vasitəsilə insanın ruhuna və
qəlbinə təsir edir; ikincisi, insan Müqəddəs Ruh vasitəsilə həqiqəti
dərk edir. Amma insan bir müddət öz bacarığından istifadə etməsə, onu
itirər. Əgər biz uzun müddət hər hansı bir bədənimizin üzvünü istifadə
etməsək, o, atrofiyaya uğrayacaq.
Çarlz Darvin deyir ki, gəncliyində o, musiqi və poeziyanı çox
sevirdi, lakin sonra özünü biologiyaya həsr edəndən sonra onları unutdu.
Buna görə də onun üçün poeziya get-gedə bütün mənasını itirdi, musiqini
isə o, yalnız səs-küy kimi qəbul edirdi; o deyirdi ki, yenidən yaşamalı
olsaydı, onlardan zövq almaq qabiliyyətini itirməmək üçün poeziya
oxumağa, musiqi dinləməyə vaxt tapmağa çalışardı.
Eynilə biz də Allahı tanımaq qabiliyyətini itirə bilərik. Allahın
Kəlamını dönə-dönə rədd etməklə, öz yolumuzu seçməklə, gözlərimizi və
qulaqlarımızı Allaha bağlayıb, Onu görməkdən və Onu eşitməkdən imtina
etməklə, biz Onu o qədər unudacağıq ki, hətta görəndə belə, tanıya
bilməyəcəyik. Onda şər bizim üçün yaxşı, xeyir isə şərə çevriləcək.
İlahiyyatçıların və fariseylərin başına gələn məhz bu idi: onlar
özlərini o qədər kor etmişdilər ki, Allah onlara Özünü aşkar edəndə,
onlar dedilər: «Səndə cin var».
Nəyə görə bu günah bağışlanmazdır? Çünki belə vəziyyətdə insan
tövbə etmək iqtidarında deyil. Əgər insan günah etdiyini dərk
etmirsə, Allahın lütfü ona təsir etmirsə, o, tövbə edə bilməz. Xeyr,
Allah onu Öz ürəyindən kənarlaşdırmayıb, əksinə, o, dəfələrlə Allahı
dinləməkdən imtina etdiyinə görə özünü kənarlaşdırıb. Bu o deməkdir ki,
bağışlanmaz bir günah işlətdiyindən qorxan insan, əslində, onu
etməmişdir. Çünki insan bu günahı edirsə, Allah qarşısında o qədər kar
olur ki, artıq günahkar olduğunu hiss etmir.
4. Bu mətndə sadiqliyə görə alınan mükafatdan danışılır.
Mükafat — heç də maddi bir şey deyil. Bu mükafat ondan ibarətdir ki, biz
Cənnətə gedəndə İsa deyəcək: «Afərin, yaxşı və sadiq qulum, ağanın
sevincinə şərik ol» (Matta 25:21).
5. Mətndə Müqəddəs Ruhun köməyindən də bəhs edilir. Dördüncü
Müjdədə Müqəddəs Ruhun sevimli adı — Parakletdir.
Parakletos yaxında dayanan, hər an kömək etməyə hazır
olan deməkdir. O, məhkəmədə şahid və ya müdafiəçimiz kimi çıxış edə
bilər; çətin vaxtlarda qorxmaq lazım deyil, çünki bizə kömək etməyə
hazır olan Müqəddəs Ruh yanımızdadır.
13-34
MADDİ DƏYƏRLƏRİN
ƏHƏMİYYƏTİ (Luka 12:13-34)
İsraildə sakinlər tez-tez həll olunmayan mübahisələri və iddiaları
ilə hörmətli bir ravvinə müraciət edirdilər. İsa pulla bağlı mübahisəyə
qarışmaq istəməsə də, bu xahiş Onun davamçılarına var-dövlətlə necə
davranmalı olduqlarını söyləməsi üçün bir fürsət oldu. İsa həm bolluq
içində yaşayan varlılara, həm də mal-dövləti olmayanlara müraciət
etdi.
-
Zənginlər üçün İsa Məsih ağılsız varlı adam məsəlini çəkdi. Buna
müvafiq olaraq iki məqamı qeyd etmək lazımdır.
a) Varlı adam yalnız özünü düşünürdü. Başqa heç bir məsəldə
bu qədər «mənim» və «mən» əvəzliyi yoxdur. Bir dəfə bir şagirddən
«mənim» əvəzliyinin hansı nitq hissəsinə aid olduğunu soruşanda, o, belə
cavab verdi: «Bunlar aqressiv əvəzliklərdir». Axmaq zəngin adam
aqressiv-eqoist insan idi.
Bir gənc eqoist qadın haqqında deyirdilər: «Yudit şimaldan, cənubdan,
şərqdən və qərbdən Yuditlə məhdudlaşan kiçik bir dünyada yaşayır». Başqa
eqoist insan haqqında belə deyilirdi: «Onun dünyası mənliklə doludur».
Zəngin adam bolluq əldə edəndə, başqa insanlarla bölüşməyi ağlına belə
gətirmədi. Onun münasibəti məsihçi həyatının normalarına tamamilə zidd
idi. Özünü inkar etmək əvəzinə, o, acgözlüklə özünü təsdiq etməyə
çalışırdı; insanlarla bölüşmək əvəzinə, o, bolluğu özündə qoruyub
saxlamağa çalışırdı.
Con Vesli öz həyatında belə bir qayda qoymuşdu ki, bacardığı qədər
hamını xilas etsin və hər şeyi versin. O, Oksford
Universitetində oxuyanda, ildə 30 funt sterlinq alırdı, onda da 2
funt-sterlinqini başqalarına verirdi. Onun gəliri 60, 90 və 120
funt-sterlinqə yüksələndə, o, xərclərini 28 funt-sterlinqlə
məhdudlaşdırıb, qalanlarını da başqalarına verirdi. Gümüş qablar
şöbəsinin baş mühasibi vetodan hesabat tələb edəndə, o, belə cavab
verdi: «Mənim Londonda iki və Bristolda iki gümüş çay qaşığım var. Məndə
olan gümüş yalnız budur. Ətrafımda bu qədər insanın çörəyə ehtiyacı
olduğu halda, mən daha gümüş almayacağam».
Romalıların belə bir məsəli var idi: «pul dəniz suyu kimidir», yəni
insan nə qədər çox içirsə, bir o qədər susayar. Nə qədər ki, insan maddi
dəyərlərə ağılsız varlı kimi can atır, getdikcə daha çoxuna sahib olmağa
çalışacaq. Bu isə birbaşa məsihçi istəklərinə ziddir.
b) Varlı adam yalnız indiki həyat haqqında düşünürdü. Onun
bütün planları yer üzündəki həyatla məhdudlaşırdı. Bir dəfə bir gənc
adam yaşlı kişi ilə söhbət edirdi.
-
Mən yaxşı peşə sahibi olacağam — şöhrətpərəst adam dedi.
-
Bəs sonra nə? — qoca ondan soruşdu.
-
Sonra mən öz işimi quracağam — deyə gənc cavab verdi.
-
Daha sonra? — qoca soruşdu.
-
Çoxlu pul yığacağam.
-
Sonra?
-
Qocalanda isə, yəqin ki, işimi buraxacağam və qazandığım pullarla
yaşayacağam.
-
Sonra nə olacaq?
-
Sonra da ki, yəqin, öləcəyəm.
-
Bəs ondan sonra? — gənc ürəyi dəlib-keçən sualı eşitdi.
Ölümdən sonra həyat barədə sualdan yayınan insan bir gün dəhşətli
sarsıntıya məruz qalacaq.
2. Lakin İsa kasıblara bir şey ötürmək istəyirdi. Bütün bu hissə
boyunca bir aydın fikir görünür ki, insan öz düşüncələrində və
qayğılarında yer üzərindəki sərvətə sahib olmağa səy
göstərməməlidir. İsa Məsih heç vaxt insanlara tənbəl, israfçı və
qeyri-ciddi həyat tərzi sürməyi öyrətməmişdir. O öyrədirdi ki, insanlar
onlardan asılı olan hər şeyi etsin, qalan şeylərdə isə Allaha güvənsin.
Bununla əlaqədar olaraq İsa 27-ci ayədə zanbaqlar haqqında danışır. Eyni
zamanda O, yay yağışından sonra çiçəkləri dağların yamaclarını bürüyən
al-anemonu nəzərdə tutur.
Yamaclar al rəngə
bürünür. Anemonlar bir gün içində çiçək açır və solur. İsraildə meşə və
odun az olduğu üçün sobalar quru ot və yabanı çiçəklərlə yandırılırdı.
İsa deyir: «Əgər Allah quşların və çiçəklərin qayğısına belə qalırsa,
sizin daha çox qayğınıza qalacağı nə qədər yəqindir».
İsa onlara dedi: «Əvvəlcə Allahın Padşahlığını axtarın». Gördüyümüz
kimi, İsa Allahın Padşahlığı dedikdə, insanın göydə olduğu kimi, yer
üzündə də Allahın iradəsini yerinə yetirdiyi həyatını nəzərdə tutur.
Başqa sözlə, İsa deyir: «Elə yaşayın ki, Allahın iradəsinə tabe olasanız
və ona əməl edəsəniz, bundan da razı qalasanız. Çünki nə qədər insan
çürüyüb gedən xəzinələri toplamaq üçün böyük səy göstərir. Heç vaxt
itirməyəcəyiniz xəzinələri əldə etməyə çalışın ki, əbədi həyata daxil
olduğunuz zaman sizə əlavə olaraq veriləcək».
İsraildə insanların sərvəti bahalı paltarlardan ibarət idi. Güvə o
paltarları elə korlayardı ki, insan sonda yoxsullaşa bilərdi. Lakin
insan ürəyini mərhəmət, xeyirxahlıq və qüsursuzluq «paltar»ı
geyindirərsə, yer üzündə ona heç bir şey zərər vura bilməz. Əgər o,
səmavi xəzinələri axtararsa, qəlbi həmişə göylərə yönələr. Ancaq yerdəki
xəzinələri əldə edərsə, qəlbi yerə bağlanmış olar. Lakin elə gün gələcək
ki, o, bütün bu xəzinələri tərk etməli olacaq, çünki ispan atalar
sözündə deyildiyi kimi: «Kəfənin cibi yoxdur».
35-48
HAZIR OLUN (Luka 12:35-48)
Bu hissə ikiqat mənaya malikdir. Kiçik mənada bu hissə Məsihin İkinci
gəlişindən, böyük mənada isə Allahın insanı Özü ilə görüşə hazırlayaraq,
bir gün hökmünə çağıracağı vaxtdan bəhs edir.
Orada öz Ağası ilə görüşməyə hazır olan qul təriflənir. Şərqdə uzun,
geniş büzmə-büzmə paltarlar işləməyə mane olurdu. Ona görə də işləməyə
hazırlaşan adam öz paltarını kəmərinin altına yığırdı ki, onu açmaq
rahat olsun. Şərqdə çıraq yağla dolu qabda pambıq fitildən ibarət idi.
İşığın sönməməsi üçün fitili tez-tez tənzimləmək, lampanı isə yağla
doldurmaq lazım idi.
Əbədiyyətin və Hökm gününün nə vaxt gələcəyini heç kim bilmir. O
zaman biz Allahın hüzurunda necə dayanmaq istərdik?
1. Biz istəyərdik ki, O bizi iş başında tapsın. Bizim həyatımız
tamamlanmamış işlərlə doludur. Elə işlər var ki, tamamlanmayıb. Elə
işlər də var ki, ya yarımçıq qalıb, ya da daha uyğun vaxta qədər təxirə
salınıb, yaxud da heç başlanmayıb. Dahi insanlar bilirlər ki, onların
yerinə yetirməli olduğu tapşırıq var.
Necə ki, ingilis şairi Con Kite yazırdı:
Qorxduğum odur ki, bir anda bütün həyatım yanacaq,
Toz kimi yox olacağam,
Kitablar da mərək kimi zəngin məhsulla dolmayacaq...
Digər ingilis şairi Lui Stivenson yazırdı:
Səhər şeypurunun nidası hələ də qulaqlarımda cingildəyir;
Səhər şehi hələ də otların üstündə parıldayır.
Birdən işdə donub qaldım — təkrar zəng səsləri eşidib, narahat
oldum:
Tezliklə axşam zəngi çalacaq, iş isə hələ bitməyib.
İsa Məsih demişdir: «Mən yerinə yetirməyi tapşırdığın işi» tamamladım
(Yəhya 17:4). İnsan gecə gəlməzdən əvvəl işi yarımçıq
qoymamalıdır.
2. Çox istərdik ki, Allah bizi qardaşlarımızla sülh və birlik
içində yaşadığımız vaxt tapsın. Axı qardaşlarınızla nifaqda ola-ola
başqa dünyaya köçmək dəhşətlidir. İnsan günəş batmazdan əvvəl qardaşları
ilə barışmalı və qəzəbini yatırmalıdır: çünki heç kəs hansı gün
batımının sonuncu olacağını bilmir. Həvari Paul efeslilərə müraciət
etdi: «Günəş batmazdan əvvəl qəzəbinizi soyudun...» (Efeslilərə
4:26).
3. Allah gələndə Onunla barışıq içində olmaq istərdik. Allahla
görüşəndə bizim üçün ən vacibi Ona olan münasibətimiz olacaq: özümüzü
yad Şəxsin və ya düşmənin yanına gedirmiş kimi hiss edəcəyik, yoxsa Onun
qucağında rahatlanmağa hazır olacağıq? Bu bölümün ikinci hissəsində İsa
müdrik və axmaq ev idarəçisinin təsvirini verir. Şərqdə ev idarəçisi,
demək olar ki, qeyri-məhdud səlahiyyətə malik idi. Özünün də qul
olmasına baxmayaraq, onun qulları idarə etmək səlahiyyəti var idi.
Etibarlı ev idarəçisi ağasının bütün təsərrüfatını və mülkünü idarə
etdi. Axmaq ev idarəçisi iki səhvə yol verdi.
1. O öz-özünə dedi: «Nə qədər ki, ev sahibi yoxdur, istədiyimi
edəcəyəm». O unutdu ki, etdiklərinin hesabını verəcəyi gün gələcək.
Çoxumuz həyatı ayrı-ayrı epizodlara bölürük. Biz gah Tanrının olduğunu
xatırlayırıq, gah da Onun haqqında düşünmürük. Biz müqəddəs olanı
murdardan ayırmağa çalışırıq. Lakin məsihçiliyin ruhunu düzgün dərk
ediriksə, onda bilirik ki, həyatın Allahsız bir hissəsi yoxdur. Biz hər
zaman Onun hüzurunda işləyir və yaşayırıq.
2. O öz-özünə dedi: «Ağamın gəlişinə qədər hər şeyi qaydasına
salmaq üçün hələ çox vaxtım var». Qarşıda hələ çox vaxt olduğu
barədə fərziyyədən təhlükəli bir şey yoxdur. İsa Məsih dedi: «Nə qədər
ki gündüzdür, Məni Göndərənin işlərini görməliyik. Tezliklə gecə gəlir,
o zaman heç kim işləyə bilməz» (Yəhya 9:4). Yaşlı bir adam
insanlarla görüşmək üçün onları evinə uzaq bir tarixdə dəvət etmir. O
«Bu gün!» deyir. İnsan özü üçün «sabah» sözünü kəşf edən kimi, həyatını
təhlükəyə atır.
Bu hissə bilik və imtiyazın həmişə məsuliyyətlə bağlı olduğu barədə
xəbərdarlıqla sona çatır. Günahı yaxşı bilən, lakin günah işlədən şəxs
üçün ikiqat, xeyirxah işləri görməyə bütün imkanları olan şəxs üçün də
ikiqat mühakimə olacaq.
49-53
MƏN
DÜNYAYA SÜLH DEYİL, QILINC GƏTİRMƏYƏ GƏLMİŞƏM (Luka 12:49-53)
Allahın Məsh olunmuşunu Məsih İsada görən insanlar üçün bu sözlər
soyuq duş kimi təsir etməli idi. Onlar Məsihi qalib padşah kimi
görürdülər. Onlar düşünürdülər ki, Məsihin dövrü — qızıl dövr
olacaq.
1. Yəhudi təsəvvürlərinə görə, od, demək olar ki, həmişə
hökmün rəmzidir. Buna görə də İsa Öz Padşahlığının gəlişini
Qiyamət gününün gəlişi kimi görürdü. Yəhudilər əmin idilər ki, Allah
başqa millətləri bir, onları isə başqa bir meyarla mühakimə edəcək.
Onlara görə, bütün günahların bağışlanması üçün yəhudi olmaq kifayət
idi. Biz İsa Məsihin Müjdəsindən mühakimə elementini nə qədər aradan
qaldırmağa çalışsaq da, hökm dəyişməz və amansız olaraq qalır.
2. Müqəddəs Kitabın Azərbaycan dili tərcüməsində 50-ci ayə
belə səslənir: «Bu vəftiz yerinə yetib qurtaranadək nə qədər sıxıntı
çəkməliyəm!» Yunanca baptizeyn sözü suya batırmaq
deməkdir. İztirablara gəlincə bu söz iztirablara qərq olmaq deməkdir. Bu
söz çox vaxt metaforik mənada istifadə olunur. Məsələn, bu söz dənizdə
batan gəmiyə münasibətdə işlədilir. O, həm də sərxoşluq edən bir şəxsə
münasibətdə istifadə edilə bilər. Bu söz, həmçinin, suallar altında
qalan imtahan verən tələbə üçün də istifadə edilə bilər. Ancaq bu söz
çox vaxt dəhşət yaşayan, lakin hələ də «Mən sudan və oddan keçdim» deyə
bilən insana münasibətdə istifadə olunur.
İsa məhz bu mənada deyir: «Məni keçməli olduğum dəhşətli iztirab
gözləyir. Mən ondan keçib qalib olana qədər, həyatım gərginliklə dolu
olacaq». O, həmişə qarşısında Öz Çarmıxını görürdü. Onun taleyi
yəhudilərin Allahın məsh olunmuş padşah haqqında fikirlərindən nə qədər
fərqli idi. İsa qisas alan ordu və zəfər bayrağı ilə deyil, Özünü qurban
vermək və çoxlarının günahını Öz üzərinə götürmək niyyəti ilə gəldi.
Təqib olunan, insanları sevən bir Bet-Lexem cəngavəri var idi.
Əsgərləri quzular, şeypur çalanları — sərçələr idi.
Onun silahı Çarmıx, tikanlı tacı isə dəbilqəsi idi,
Bizə görə O, qan tökdü.
3. Onun gəlişi ixtilaflara səbəb olmalı idi, belə də oldu.
Romalıların məsihçiliyə nifrət etmələrinin əsas səbəblərindən biri də
elə bu idi — o, ailələri ayırırdı. İnsan dəfələrlə kimi daha çox
sevdiyinə — yaxınlarını və qohumlarını, yoxsa Məsihi sevdiyinə qərar
verməli idi. Məsihçiliyin mahiyyəti ondadır ki, Məsihə sədaqət hər
şeydən, hətta yer üzündəki ən dəyərli bağlılıqdan üstün olmalıdır. İnsan
həmişə hər şeyi qurban verməyə hazır olmalıdır, Məsih İsanın tanımağın
ali dəyərinin yanında hər şeyi ziyan hesab etməlidir (Filipililərə
3:8).
54-59
VAXT TAMAM OLUR (Luka
12:54-59)
Yəhudilər hava haqqında proqnoz verməyi bacarırdılar. Onlar qərbdən —
Aralıq dənizindən buludu görəndə, bilirdilər ki, yağış yağacaq.
Səhralardan cənub küləyi əsəndə bilirdilər ki, hər şeyi qurudan qızmar
külək yaxınlaşır. Lakin səmanın əlamətlərini bilən bu müdriklər, zamanın
əlamətlərini ya öyrənmək istəmir, ya da öyrənə bilmirdilər. Əgər onlar
bunu diqqətlə araşdırsaydılar, Allahın Padşahlığının gəlişini
biləcəkdilər.
İsa çox mənzərəli bir misal çəkib, məsləhət verdi: əgər kimsə səni
məhkəmə ilə hədələyirsə, o zaman iş məhkəməyə getməzdən əvvəl
rəqibinlə razılığa gəlməyə çalış. Çünki əks halda səni həbs və
cərimə gözləyir. İsa burada qabaqcadan xəbərdarlıq edir ki, müttəhim kim
olursa-olsun, faktlar onun xeyrinə olmayacaq. Buna görə əgər o,
müdrikdirsə, nə qədər ki, vaxtı var, Allahla barışsın. İsa və Onun
davamçıları həmişə düşünürdülər ki, onların çox az vaxtı var, Allahın
Padşahlığı və Qiyamət Günü yaxındır. Miltonun müasiri olan Endryu
Marvell deyirdi ki, o, «zamanın yaxınlaşan arabası»nın səsini eşidir.
Axı təxirəsalınmaz işləri sabaha, ilk növbədə isə, Allahla barışmağı
təxirə salmaq olmaz. Axırıncı ayədə son qəpik-quruşu ödəmək
haqqında oxuyuruq. Biz əvvəllər pul haqqında danışmışdıq. Buna görə də
Məsihin dövründə yəhudilərin pul sistemi haqqında məlumatı
sistemləşdirmək yaxşı olar. Dövriyyədə dəyərinə görə qeyd olunan
sikkələr aşağıda verilib. Onları o dövrdə ən çox yayılmış sikkənin
dinara nisbətində veririk:
Lepton — nazik sikkə deməkdir. Bu, ən kiçik sikkə
idi və dəyəri 1/2 kodrant və ya 1/4 qəpik idi. Mark 12:42-də
qeyd olunan həmin dua qadının ianəsi idi. Bir kodrant iki leptona
bərabər idi və müvafiq olaraq 1/64 dinar və ya 1/2 qəpik idi. O,
Matta 5:26-də qeyd olunur.
Assari (qara pul) — 2/11 qəpiyə bərabər idi. Həmin
pul Matta 10:29 və Luka 12:6-da qeyd olunur.
Bir dinar təxminən 31 gümüş qəpiyə bərabər idi. Dinar
fəhlənin bir günlük maaşı idi (Matta 20:2), yaxud da Tiberinin
dövründə muzdlu əsgərin gündəlik maaşı idi. Xeyirxah samariyalının
mehmanxana sahibinə verdiyi məhz həmin sikkələr idi (Luka
10:35).
Dirhəm — Roma dinarına bərabər olan gümüş Yunan sikkəsi
idi.
Didrahmon və ya yarım şekel müvafiq olaraq iki
dinara bərabər idi. Bu, Məbəddəki hər bir yəhudinin ödədiyi vergi idi.
Yəhuda İskaryot 30 didrahmona (gümüş pula) Məsihə xəyanət etdi.
Şekel, gümüş şekeli — yunan statiri, 4 dirhəmə və ya müvafiq
olaraq 4 dinara bərabər idi. Məhz bu sikkə balığın ağzında tapılmışdı
(Matta 17:27).
Mina — on mina məsəlində qeyd olunan sikkədir
(Luka 19:11-27). Bir mina 100 dirhəmə və ya 100 dinara, yəni 31
gümüş pula bərabər idi.
Talant — düzdür, bu, sikkə deyil, gümüşün çəkisinin ölçüsü
idi və 69 mina, yaxud 6000 dinara bərabər idi. Talantdan Matta
18:24-də və əmanət pul məsəlində bəhs edilir (Matta
25:14-30).