14-cü fəsil
1-6
XAİNCƏSİNƏ NƏZARƏT
ALTINDA (Luka 14:1-6)
Müjdədə İsanın Şənbə günü xəstələri sağaltması ilə bağlı yeddi hadisə
qeyd olunur. Lukanın Müjdəsində biz Şimon Peterin qayınanasının
(4:38), əli qurumuş adamın (6:6) və on səkkiz il beli
bükülmüş qadının (13:13) sağalmasını gözdən keçirdik. Bundan
əlavə, Yəhya Bet-Xasda hovuzunda iflic olan bir adamın (Yəhya
5:9) və anadangəlmə korun (Yəhya 9:14) sağalması
hekayəsindən bəhs edir. Mark Kefernahum sinaqoqunda cinə tutulmuş adamın
başqa bir sağalmasından danışır (Mark 1:21).
Belə möcüzəvi şəfaların siyahısı İsaya qarşı sevgi oyatmalı idi.
Lakin faciə ondadır ki, Şənbə günü İsa vasitəsilə baş verən şəfalar
qanunşünasların və fariseylərin İsaya qarşı nifrətini getdikcə daha da
artırırdı. Onlar əmin idilər ki, qarşılarında təhlükəli və şübhəli bir
Şəxs dayanır və Onu nəyin bahasına olursa-olsun, dayandırmaq lazımdır.
İsanın başına gələnləri başa düşmək üçün nəzərə almaq lazımdır ki, o
dövrün ortodoksal yəhudiləri Onu qanunu pozan hesab edirdilər. Çünki O,
Şənbə günü şəfa verir, deməli, Şənbə günü işləyir və beləcə qanunu
pozurdu.
Budur, Şənbə günü bir farisey İsanı nahara dəvət etdi. Qanunda həmin
Şənbə yeməyini tənzimləyən çoxlu kiçik qaydalar var idi. Sözsüz ki,
Şənbə günü yemək hazırlamaq qadağan idi. Bu, iş hesab olunurdu. Bütün
yeməklər cümə günü hazırlanmalı idi. Əgər yemək isti veriləcəkdisə, onu
elə saxlamaq lazım idi ki, yenidən qızdırmağa ehtiyac olmasın.
Beləliklə, Şənbə gününə qədər saxlanmalı olan yeməklərlə bağlı normalar
tərtib edilmişdi: yeməyin quru və sulu olmasından asılı olmayaraq, onu
«yağa, peyinə, duza, təbaşirə və ya qumun içinə qoymaq olmaz. Eləcə də
yeməyi nəm saman, dəri və ya yaş tərəvəzlərə qoymaq olmaz, yalnız quru
saman, dəri və tərəvəzlərə qoymaq olar. Yeməyi paltara, tutuquşunun
lələklərinə və ya kətan kəndirə büküb, meyvələr arasına qoymaq olar».
Məhz belə qaydalara riayət edilməsini fariseylər və qanunşünaslar dinin
vacib cəhəti hesab edirdilər. Onların İsanı başa düşməməsində təəccüblü
heç nə yoxdur. Ola bilsin ki, fariseylər İsanın nə edəcəyini öyrənmək
üçün hidropos xəstəliyinə
tutulan adamı qəsdən
evinə gətirdilər. Onlar İsaya göz qoyurdular. Göz qoymaq sözü
orijinalda «maraq və xaincəsinə nəzarət» deməkdir. İsa güclü nəzarət
altında idi. Bununla belə, İsa tərəddüd etmədən xəstəni sağaltdı. İsa
onların nə düşündüklərini yaxşı bilirdi, onlara öz qanunlarından sitat
gətirdi və həyat təcrübələrindən misal çəkdi. İsraildə, adətən, quyular
açıq idi və dəfələrlə bədbəxt hadisəyə səbəb olurdu (Çıxış 21:33 ilə
müqayisə edin). Qanun və təcrübə quyuya düşmüş heyvanı xilas etməyə
icazə verirdi. İsa kəskin və istehza ilə soruşdu: «Əgər Şənbə günü
heyvana kömək etmək olarsa, bəs niyə insana kömək etmək olmaz?»
Bu hissədən biz İsa və Onun əleyhdarları haqqında nəsə öyrənirik.
1. Bu hissə İsanın hər şeyə necə səbirlə yanaşdığını göstərir. Daim
xaincəsinə nəzarət altında olmaqdan daha dözülməz və əzabverici bir şey
yoxdur. Belə vəziyyətlərdə insanlar çox vaxt özlərinə nəzarəti itirir,
çünki əsəbləri buna tap gətirmir. Onlar əsəbi olurlar. Əsəbilikdən daha
ağır günahlar olsa da, heç bir günah bu qədər ağrı və iztirab doğurmur.
Lakin belə vəziyyətlərdə insanların əksəriyyəti daxilən sınsa da, İsa
sakit qaldı. Biz Məsihlə yaşayanda, O bizi də eyni mükafatla
mükafatlandıra bilər.
2. Qeyd etmək lazımdır ki, İsa heç vaxt qonaqpərvər insanların
dəvətlərini rədd etməmişdir. O, sona qədər insanlarla görüşməyə can
atırdı. İnsanları dəyişmək və ya onları Özünə cəlb etmək ümidi zəif olsa
da, O, heç vaxt ən kiçik fürsəti belə əldən vermirdi. O, hətta
düşməninin dəvətini belə rədd etməzdi. Axı düşmənlərlə görüşüb söhbət
etməkdən imtina etsək, onları dosta çevirmək mümkün olmaz.
3. Qanunşünaslarda və fariseylərdə ən diqqət çəkən cəhət — onların
sağlam düşüncəyə malik olmaması idi. Onlar əhəmiyyətsiz norma və
qaydalarını formalaşdırmaq və yerinə yetirmək üçün hər şeyə hazır
idilər, lakin Şənbə günü xəstənin vəziyyətini yüngülləşdirməyi günah
hesab edirdilər.
Əgər möminin yalnız bir xahişinin yerinə yetirilməsinə icazə
verilsəydi, o, müdrikcəsinə sağlam düşüncə istəyərdi. Çox vaxt bir
cəmiyyətdə sülh xırdalıqlara görə pozulur. Məhz onlar çox vaxt
«insanları bir-birindən ayırır və bir-birini sevmək əmrini pozur».
Ağıllı insan bu xırdalıqlara əhəmiyyət verməz. Həyatı o qədər
xırdalıqlarla doldurmaq olar ki, heç bir işıq yeri görünməsin. Yalnız
vacib problemlərə əhəmiyyət verəndə, hər şey öz yerinə düşəcək, məhəbbət
isə birinci olacaq.
7-11
TƏVAZÖKARLIĞIN ZƏRURİLİYİ
(Luka 14:7-11)
İsa qonaqlara əbədi həqiqəti çatdırmaq üçün adi nümunədən istifadə
etdi. Əgər ziyafətə hansısa daha az hörmətli qonaq digərlərindən tez
gəlib süfrə başında oturardısa, birdən ondan daha hörmətli biri gələrsə,
ev sahibi süfrə başında oturan qonağa «Bu adama yer ver» deyərsə, son
dərəcə xoşagəlməz bir vəziyyət yaranardı. Yox, əgər qonaq bilərəkdən
aşağı başda əyləşərsə, ev sahibi də onu daha şərəfli bir yerə dəvət
edərsə, qonağın təvazökarlığı ona daha da şərəf gətirər.
Təvazökarlıq həmişə böyük insanları fərqləndirən əlamət olub.
Məsələn, ingilis yazıçısı Tomas Hardi kifayət qədər məşhur olanda,
istənilən qəzet və ya jurnal onun əsərlərini dərc etmək üçün çoxlu pul
ödəməyə hazır idi. Onda hər dəfə o, şeirlərini göndərəndə, redaktorun
onları qəbul etməkdən imtina etməsi halında, hər ehtimala qarşı ünvan və
möhür olan bir zərf əlavə edirdi. Hətta məşhur olmasına baxmayaraq, o,
yazılarının rədd edilə biləcəyini etiraf edəcək qədər təvazökar idi.
Dahi və məşhur bir insan haqqında deyirdilər ki, o, heç vaxt zala
birinci girməzdi, amma həmişə belə deyərdi: «Əvvəlcə siz buyurun, daha
sonra mən». Bir dəfə səhnəyə çıxanda zal ucadan alqışlara qərq oldu.
Onda o, ayaq saxlayıb, onun arxasınca gedən adamı qabağa buraxdı, sonra
kənarda dayanıb, həmin adamı alqışlamağa başladı. Onun ağlına belə
gəlmirdi ki, əslində, alqışlar onun üçündür. O, alqışların başqası üçün
nəzərdə tutulduğunu fikirləşirdi. Yalnız kiçik insan böyük olduğunu
düşünür.
Bəs təvazökar necə qalmaq olar? Bunun üçün nə lazımdır?
1. Birincisi, bəzi həqiqətləri unutmamalıyıq. Nə qədər bilikli olsaq
da, biliyimiz bütün bəşəriyyətin ümumi biliyi ilə müqayisədə azdır.
Hətta çox şey əldə etsək də, yenə də azdır. Özümüzə nə qədər qiymət
versək də, öləndə və ya xidmətdən ayrılanda, həyat və iş həmişəki kimi
öz axarı ilə davam edəcək.
2. İkincisi, hər şeyi mükəmməllə müqayisə etmək lazımdır. Yalnız
mütəxəssisi dinləyəndə, biliklərimizin nə qədər az olduğunu
anlayırıq.
Bir çox qorodki oyunçuları
növbəti çempionatdan
sonra toxmaqlarından imtina ediblər. Çoxları dahi musiqiçinin ifasına
qulaq asandan sonra, çıxış etməkdən imtina ediblər. Rixard Vaqnerin bir
çox müasirləri onun ifa etdiyi musiqi, dram və epik mətnin vəhdətini
misilsiz hesab edərək, opera yazmaqdan imtina ediblər. Bir çox
təbliğçilər əsl müqəddəsin Allah haqqında necə danışmasını dinlədikdən
sonra özlərini əhəmiyyətsiz hesab edərək məyusluğa qapılıblar. Əgər öz
həyatımızı Rəbbin həyatı ilə, ləyaqətsizliyimizi Onun qüsursuz paklığı
ilə müqayisə etsək, qürurumuz və lovğalığımız yox olacaq.
12-14
FƏDAKAR SƏDƏQƏ (Luka 14:12-14)
Bu hissə xüsusi diqqətə layiqdir, çünki burada İsa bizim
səxavətimizin niyyətini yoxlamağı tələb edir.
-
İnsan özünü borclu hissi etdiyi üçün verə bilər. Axı biz çox vaxt
Allaha və insanlara vergi ödədiyimiz kimi veririk.
2. Digərləri şəxsi mənfəətlərinə görə verirlər. Şüurlu və ya şüursuz
olsa da, onlar ianələrinə investisiya kimi baxırlar. Onlar öz
bəxşişlərinin həyat kitabının sağ tərəfinə yazılmasını Allahın verəcəyi
töhfə kimi görürlər.
Xəzinəyə bir qəpik qoyaraq,
Təvazökarlıqla göylərə baxdı,
Elə düşündü ki, bu, bir həftəlik töhfə
Cənnətdə əbədi həyat üçün girovdur.
Belə bəxşişin səxavət və mərhəmətlə heç bir əlaqəsi yoxdur, sadəcə
dərrakəli eqoizmin təzahürüdür.
3. Başqaları qürur hissi ilə verirlər. Belə bəxşiş qorxulu ola bilər.
Bu halda həmin adama «yox» demək daha yaxşıdır, nəinki ona qürurla
bəxşiş vermək. Çünki bəxşiş verən şəxs verdiyi şəxsə yuxarıdan aşağı
baxır. O, hətta özündən razı şəkildə ona dərs verə bilər. İnsanlar
üzərindəki səlahiyyətini nümayiş etdirərək verməkdənsə, heç verməmək
daha yaxşıdır. Ravvinlər deyirdi ki, ən yaxşı bəxşiş — gizli olan
bəxşişdir. Çünki bəxşişin kimə verilməsi, alanın isə onu kimdən aldığını
bilməməsi yaxşıdır.
4. Digərləri verməyə bilmədikləri üçün verirlər. Bu yeganə həqiqi
xeyir-duadır. Allahın Padşahlığının qanununda deyilir: mükafat almaq
üçün verən şəxs onu almayacaq; lakin heç bir mükafat düşünmədən verən
adam layiqincə mükafatlandırılacaqdır. Əsl bəxşiş — sevgi dolu ürəkdən
gələn bəxşişdir. Bir yazıçı minnətdarlığı «hələ çiçəklənməmiş çiçəklərin
xoş qoxusu» kimi tərif edirdi. Eynilə bəxşişlərin də bəzi formaları
müəyyən edilə bilər. Lakin Allah dünyanı sevdiyi üçün ona xeyir-dua
verir. Biz də eynisini etməliyik.
15-24
PADŞAH ZİYAFƏTİ VƏ
QONAQLARI (Luka 14:15-24)
Yəhudilər Allah zühur edəndə nə baş verəcəyi ilə bağlı bir sıra
ənənəvi fikirlərə malik idilər. Onlar Allahın bəşər tarixinin gedişinə
birbaşa müdaxilə edəcəyini və yeni əsrin qızıl dövrünün başlayacağını
gözləyirdilər. Onların təsəvvürlərindən biri Məsihin ziyafəti ilə bağlı
idi. Həmin gün Allah öz seçilmiş xalqı üçün böyük bir ziyafət təşkil
edəcək və orada başqa yeməklərlə yanaşı, nəhəng su heyvanı Livyatandan
hazırlanan yeməklər də təqdim olunacaq. İsa Məsihə iman edən şəxs məhz
bu ziyafət haqqında düşünürdü. Onlara görə, İsa qonaqların yaşadıqları
xoşbəxtlikdən danışarkən yəhudiləri nəzərdə tuturdu. Çünki adi
ortodoksal yəhudi heç vaxt təsəvvürünə belə gətirməzdi ki, bütpərəstlər
və günahkarlar Allahın bu ziyafətinə dəvət oluna bilər. Buna görə də İsa
onlara bu məsəli söylədi. İsraildə ziyafət təşkil edən adam bu barədə
əvvəlcədən xəbər verir, dəvətnamələr paylayır, lakin ziyafətin saatını
göstərmirdi. Müəyyən olunmuş saatda, hər şey hazır olanda, ağa qullarını
qonaqları çağırmaq üçün göndərirdi. Dəvəti qəbul edib sonra isə
getməkdən imtina etmək ev sahibini ağır təhqir etmək demək idi.
Məsəldə ev sahibi — Allahdır. Dəvət olunan qonaqlar isə yəhudilərdir.
Yəhudilər ömrü boyu Allahın birbaşa tarixə müdaxilə edəcəyi günü xəyal
edirdilər. Lakin Allah bunu edəndə, yəhudilər Onun dəvətini rədd
etdilər. Küçələrdən və döngələrdən dəvət olunan yoxsullar —
vergiyığanlar və günahkarlar İsanı, sadiq yəhudilərin heç vaxt etmədiyi
kimi, səmimiyyətlə qarşıladılar. Yollar və çəpərlər boyunca dəvət olunan
insanlar bütpərəstlərdir, onlar üçün Allahın ziyafətində hələ çox yer
var. Müqəddəs Kitab məşhur şərhçisinin dediyi kimi, «təbiət və lütf
boşluğa qarşı müqavimət göstərir». Buna görə yəhudilər Allahın dəvətini
rədd edəndə Onun süfrəsi boş qaldı, onda Allah başqa millətlərə dəvət
göndərdi.
Lakin təəssüf ki, məsəldəki dəvət anlayışı bir zamanlar səhv başa
düşüldü və təfsir olundu. Qəzəblənən ev sahibi dedi: «Get... gəlməyə
vadar et». Bir vaxtlar Avqustin bu cümləni dini təqiblərə haqq
qazandırmaq üçün istifadə etmişdi. Bu ifadə insanları zorla Məsihi qəbul
etmək əmri kimi şərh edilmişdir. Ondan inkvizisiyaya, barmaqların
sıxılması, ölüm və həbs təhlükəsi, bidətçilərə qarşı yürüşlərə —
məsihçiliyin utanmalı olduğu hər şeyə haqq qazandırmaq üçün istifadə
edilmişdir. Biz həmişə bu mətni başqa — «Bizi məcbur edən Məsihin
məhəbbətidir» (2Korinflilərə 5:14) mətni ilə birgə oxumalıyıq.
Allahın Padşahlığı yalnız bir şeyi — sevməyi təşviq edir. Məsəldə
Allahın dəvətini rədd edən yəhudilər üçün açıq bir təhlükə və
günahkarların, rədd edilmişlərin və bütpərəstlərin heç vaxt yuxularında
belə görmədikləri gözəl izzətə nail olacaqlarından başqa, əbədi və mühüm
həqiqətlər var. Məsəldə dəvət olunmuş qonaqlar imtina ilə bərabər öz
bəhanələrini də çatdırırlar. Bu gün insanlar eyni bəhanələri
gətirirlər.
1. Birincisi dedi ki, torpaq alıb, gedib ona baxmalıdır. O öz
işlərini Allahın dəvətindən üstün tutdu. Bizim dövrümüzdə də insanlar
dünyəvi işlərlə o qədər məşğuldurlar ki, onlar ibadət və duaya vaxt
tapmırlar.
2. İkincisi beş cüt öküz aldığını və onları yoxlamalı olduğunu qeyd
etdi. O, yeniliyi və öz marağını Məsihin çağırışından üstün tutdu. Çox
vaxt yeni əmlak əldə edən insanların başı maddi şeylərə o qədər qarışır
ki, ibadətdə iştirak etməyə vaxt tapmırlar. Elə insanlar var ki, yeni
maşın alıb belə deyirlər: «Əvvəllər bazar günləri biz kilsəyə gedirdik,
indi isə bütün günü şəhərdən kənara çıxırıq». Biz yeni oyunlara, yeni
hobbilərə, hətta yeni dostlara Allaha məxsus vaxtımızı necə də asanlıqla
ayırırıq.
3. Üçüncüsü qısa və qətiyyətlə dedi: «Mən yeni evlənmişəm, gələ
bilmirəm». Əhdi-Ətiqin heyrətamiz və mərhəmət dolu qanunlarından biri
belə səslənir: «Təzə evlənən adam döyüşə getməsin. Ona heç bir iş
tapşırmayın. Qoy bir il evində sərbəst qalıb aldığı arvadı sevindirsin»
(Qanunun Təkrarı 24:5). Güman ki, dəvətdən imtina edən bu adam
həmin qanuna istinad edirdi. Təəssüf ki, yaxşı işlər Allahın çağırışının
üstündən xətt çəkir. İnsanın evi — ən rahat yerdir, amma ondan
eqoistcəsinə istifadə etmək təhlükəlidir. Axı daxilində Allahla sülhdə
yaşayan, nikahda da sülhdə yaşayan insan olacaq. Qardaşlarına kömək
edənlər bir-biri üçün faydalıdır. Evin mühiti o zaman bərəkətli olur ki,
orada yaşayanlar Allahın ailəsinin üzvü olduqlarını unutmurlar.
Allahın Padşahlığının ziyafəti
Növbəti hissəyə keçməzdən əvvəl qeyd etmək lazımdır ki,
1-14-cü ayələr ziyafət və şam yeməyindən bəhs edir. İsanın Öz
Padşahlığını və oradakı xidmətini bayram, ziyafət kimi təsəvvür etməsi
olduqca heyrətamizdir. Allahın Padşahlığı həyatda ən sevincli səbəbdir.
Düzdür, bunu həyatda sevinməkdən qorxan məsihçilərin şiddətli qınanması
kimi qiymətləndirmək olar. Çünki hər dövrdə özlərini həyatın bütün
gözəlliklərindən məhrum edən məsihçilər olub. Roma imperatoru Mürtəd
Yulian günəş parıldasa da, onu heç vaxt görməyən solğun və zəif
məsihçilər haqqında danışırdı.
İngilis şairi Suinbern də İsa Məsihin nüfuzunu belə sözlərlə
ləkələyirdi:
«Sən qalib gəldin, ey solğun bənizli Qalileyalı,
Dünya da Sənin boz nəfəsinə çevrildi».
Sərt mühitdə böyüyən digər ingilis yazıçısı Con Reskin danışır ki,
bir dəfə ona əl ilə idarə olunan gəlincik hədiyyə verildi, lakin dindar
xalası gəlinciyi onun əlindən alaraq demişdi: «Məsihçi uşaqların
oyuncaqlara ehtiyacı yoxdur». Hətta A.B.Bryus kimi böyük və
ağıllı bir alim İsanın oynadığını və ya gülümsədiyini təsəvvür edə
bilmədiyini söyləmişdir. İngiltərədə metodist hərəkatının banisi Con
Veslinin səhvlərindən biri də onun Bristol yaxınlığındakı Kinqsvudda
bütün oyunların, hətta həyətində belə oyunların qadağan edildiyi məktəb
qurması idi. Onun fikrincə, «uşaqlıqda oynayan yetkinlikdə də oynayar».
Həmin məktəbdə tətil də yox idi. Uşaqlar səhər saat dörddə yuxudan
oyanır, günün ilk saatlarını duada keçirirdilər. Cümə günləri isə
günorta saat üçə qədər oruc tuturdular. Bu sistem tənqidçilər tərəfindən
insanın təbiətinə zidd dəlilik kimi qiymətləndirilirdi.
Unutmayaq ki, İsa Allahın Padşahlığını ziyafətə bənzədirdi. Qəmginlik
məsihçiyə ziddir. Böyük ingilis filosofu Lokk sevinci «insanın
birdən-birə üzərinə tökülən gözəllik» adlandırır. Elə bir sevinc yoxdur
ki, məsihçiyə qadağan edilsin. Çünki o, həmişə toy ziyafətində olan
insana bənzəyir.
25-33
VƏZİYYƏTİ GÖTÜR-QOY
ETMƏK (Luka 14:25-33)
İsa bunu Yerusəlimə gedərkən söylədi. O bilirdi ki, Çarmıxa çəkilməyə
gedir. Onun ardınca gələn izdiham isə düşünürdü ki, O, tezliklə padşah
taxtına çıxıb hökmdarlıq edəcək. Məhz buna görə İsa bunu onlara söylədi.
Məsih onlara aydın şəkildə izah etdi ki, Onun ardınca gedən insanı
səlahiyyət və izzət gözləmir, ondan İsaya sadiqliyini sübut etməyə hazır
olması gözlənilir. Bunun üçün insan həyatda dəyərli olan hər şeyi qurban
verməli, Çarmıxda can çəkişməyə bənzər iztirablara hazır olmalıdır.
İsanın sözü laqeyd və hərfi mənada qəbul edilməməlidir.
Təsəvvürlərimiz onları başa düşməyə kömək edə bilər. Şərq dillərində
məcazi məna çox istifadə olunur. Onlar sadə insan üçün başa düşülən və
əlçatandır. İsa yaxınlarına nifrət etmək barədə danışanda, əslində,
bizim Ona bəsləməli olduğumuz məhəbbətin heç bir başqa məhəbbətlə
müqayisə oluna bilməyəcəyini nəzərdə tutur.
Bu hissədə iki mühüm həqiqət var.
1. İsanın ardınca Onun şagirdi olmadan getmək, əsgər olmadan ordunu
müşayiət etmək olar. İnsan güc sərf etmədən hər hansı bir işin tərəfdarı
ola bilər. Bir dəfə bir alim tələbə haqqında belə demişdi: «O mənim
mühazirələrimdə iştirak etsə də, mənim tələbəm olmayıb». Qərb imanlı
cəmiyyətlərinin çatışmayan cəhətlərindən biri ondan ibarətdir ki, orada
İsa Məsihin təsadüfi yol yoldaşları çox olsa da, həqiqi şagirdləri
azdır.
2. İsanın ardınca getmək niyyətində olan adam, ilk növbədə, hər şeyi
götür-qoy etməlidir. Bu məsəldəki adamın inşa etmək istədiyi qüllə, çox
güman, üzüm bağı üçün idi. Belə gözətçi qüllələri çox vaxt məhsulu
oğrulardan qorumaq üçün üzüm bağlarında tikilirdi. Natamam tikinti
həmişə yararsız olur.
İnsan istənilən işə başlayanda hər zaman riskləri nəzərə almalıdır.
Şotlandiya kilsəsinin standartlarına uyğun olaraq həyata keçirilən nikah
mərasiminin əvvəlində vaiz deyir: «Evlilik düşünmədən və ağılsızlıqla
deyil, düşünülərək, ehtiram və Allah qorxusu ilə bağlanır». Həm kişi,
həm də qadın hər şeyi ölçüb-biçməlidir.
Eləcə də Məsihin ardınca gələn şəxs eyni şeyi etməlidir. Əgər kimsə
Məsihin onun qarşısına qoyduğu tələblərdən qorxursa, bilməlidir ki, bu
yolda o, tək deyil. Onu dar və çətin yolda çağıran Şəxs hər addımda
onunla olacaq və yolun sonunda onu qarşılayacaq.
34-35
DADINI İTİRƏN DUZ (Luka
14:34-35)
Bəzən İsanın sözləri təhlükə kimi səslənir. Əgər insan həmişə
başqalarında nöqsan tapırsa, tənqid və şikayət edirsə, tezliklə o, hər
şeydən narazı qalacaq, qəzəbi mənasız və təsirsiz olacaq. Ancaq həmişə
sevgi ilə davranan adam birdən-birə ciddi danışmağa başlasa, o zaman
onun demək istədiyini mütləq dinləməyə başlayacağıq. İsa, əslində, belə
deyir: bir əşya öz keyfiyyətini itirirsə və məqsədini yerinə yetirə
bilmirsə, onu atmaqdan başqa çarə qalmır.
İsa burada məsihçi həyatının rəmzi kimi duzdan istifadə edir. Duzun
ən vacib xüsusiyyətləri hansılardır? İsraildə duzu ən çox aşağıdakı
məqsədlər üçün istifadə edirdilər:
1. Duzdan konservləşdirici vasitə kimi istifadə edirdilər.
O, ən qədim konservləşdirici vasitə kimi tanınır. Yunanlar deyirdilər
ki, duz ölü əşyaya yeni can verir. Duzsuz yemək xarab olur, duz isə
yeməyi təzə saxlayır. Bu o deməkdir ki, məsihçiliyin vəzifəsi dünyanı
xarab olmaqdan və tənəzzüldən qorumaqdır. Məsihçi öz dostlarının və
həmkarlarının, imanlı cəmiyyəti isə millətin vicdanına çevrilməlidir.
Məsihçi elə adam olmalıdır ki, yanında şübhəli hekayələr danışılmasın,
ikimənalı sözlərdən istifadə olunmasın, vicdansız bir hərəkət edilməsin.
O öz ətrafına yaxşı təsir göstərməlidir. İmanlı cəmiyyəti qorxmadan
bütün pislikləri pisləməli və yaxşı olan hər şeyi dəstəkləməlidir.
İmanlı cəmiyyəti nə insanların qorxusuna, nə də xarici mənfəət naminə
susmalıdır.
2. Duz ədviyyat kimi istifadə olunurdu. Duzsuz yemək — çox
dadsız olur. Məsihçi həyata dad gətirən şəxs olmalıdır. Başqalarını
ruhdan salan və insanlara qaranlığa qərq edən məsihçilik — əsl
məsihçilik deyil. Məsihçi öz cəsarəti, ümidi, şənliyi və xeyirxahlığı
ilə insanların həyatına yeni bir maraq gətirən şəxsdir.
3. Duz gübrə kimi istifadə olunurdu. Duz faydalı bitkilərin
yetişdirilməsini asanlaşdırırdı. Məsihçi insanların daha yaxşı olmasına
kömək etməli və pis insanların pis olmasına mane olmalıdır. Biz hamımız
elə insanlar tanıyırıq ki, onların yanında heç vaxt özümüzə müəyyən
şeylər etməyə icazə vermirik. Eləcə də, əksinə, elə insanlar tanıyırıq
ki, onların yanında tək olanda heç vaxt etməyəcəyimiz işləri edirik. Elə
əxlaqlı insanlar da var ki, onların yanında yaxşılıq etmək, şən,
mehriban və cəsarətli olmaq asandır. Məsihçi səmavi nemətlə elə nəfəs
almalıdır ki, onun yanında xeyirxah əməllər çiçəklənsin, pis əməllər isə
solsun. Bu, məsihçinin çağırışıdır. Əgər o, yüksək məqsədinə etinasız
yanaşırsa, onda onun həyatının heç bir mənası yoxdur. Faydasızlıq —
bədbəxtlik gətirir. Qulağı olan eşitsin (Matta 11:15).