15-ci fəsil
1-7
ÇOBANIN SEVİNCİ (Luka 15:1-7)
Əhdi-Cədiddə bütün məsihçilərin Lukanın Müjdəsinin on beşinci fəsli
qədər yaxşı bildiyi və sevdiyi başqa fəsil yoxdur. Bu fəsil İsa Məsihin
insanlara nazil etdiyi Xoş Xəbərin mahiyyətini açıqladığı üçün onu
«Müjdənin daxilindəki Müjdə» adlandırırlar.
Orada qeyd olunan məsəllər müəyyən hadisələrin məhsulu idi. İsa
Məsihin günahkar kimi qələmə verilən insanlarla ünsiyyət qurması
ilahiyyatçıları və fariseyləri qıcıqlandırırdı. Fariseylərlə
ilahiyyatçılar qanuna riayət etməyənlərin hamısını günahkarların böyük
bir qrupuna aid edərək, onları avam sayırdılar və onlardan uzaq durmağa
çalışırdılar. Öz qızını belə birinə ərə vermək — onun əl-qolunu bağlayıb
çarəsiz halda aslanın yeminə çevirməyə bənzər idi. Fariseylərin bu kimi
günahkarlara qarşı hökmü belə səslənirdi: «Ona pul etibar etmə, ondan
dəlil qəbul etmə, ona heç bir sirr vermə, onu yetimə himayədar etmə, onu
səfərdə müşayiət etmə». Fariseyə belə bir adamı ziyarət etmək və ya onu
evində qəbul etmək qadağan idi. Hətta mümkün qədər onunla işgüzar
əlaqələr qurmaq da qadağan edilirdi. Fariseylər qanunun bütün xırda
qaydalarına əməl etməyən insanlarla istənilən təmasdan qaçırdılar. Məhz
buna görə onlar İsanın təkcə cəmiyyətdən kənarda deyil, həm də günahkar
insanlarla bir yol getdiyini görəndə heyrətə gəlirdilər. Onlara görə,
belələri ilə ünsiyyət qurmaq ortodoks yəhudini murdar edirdi. Əgər
ortodoks yəhudilərin, İsanın dediyi kimi, «Göydə tövbə edən bircə
günahkara görə daha çox sevinc olacaq» deyil, «Allah qarşısında sağalmış
bir günahkar üçün göydə sevinc olacaq» dediklərini xatırlasaq, bu
məsəllərin mənasını daha yaxşı başa düşə bilərik. Onlar günahkarların
xilasını gözləmirdilər, əksinə, onları təqib edirdilər.
Beləcə İsa onlara itmiş qoyun haqqında məsəli və onu tapan çobanın
sevinci barədə danışdı. Yəhudeyada çobanın həyatı çətin və təhlükələrlə
dolu idi. Otlaqlar az idi. Mərkəzi yaylanın eni cəmi bir neçə
kilometrdən ibarət idi: bir tərəfdə vəhşi qayalar və sıldırımlar, digər
tərəfdə vəhşi səhra var idi. Təbii ki, heç bir çəpər olmadığı üçün
qoyunlar ora-bura dolaşır, tez-tez gözdən itirdi. İngilis iqtisadçısı
Adam Smit çobanlar haqqında belə yazırdı:
«Əgər gecələr kaftarların ulayan, torflu, xəndəkli bir yaylada ayıq
və tədbirli, dərisi havadan codlaşmış və günəşdən qaralmış, qoyunlarını
göz bəbəyi kimi qoruyan, əsasına söykənmiş və silahlanmış çobanla
rastlaşsanız, onda nə üçün çobanın birdən-birə yəhudi xalqının tarixində
önə çıxdığını başa düşəcəksiniz; onların çobanı padşah ilə eyni
tutmasının və onu bəxtiyarlıq simvolu saymasının, Məsihin çoban haqqında
tipik fədakarlıq nümunəsi kimi danışmasının səbəbini
anlayacaqsınız».
Qoyunlara görə çoban şəxsən məsuliyyət daşıyırdı. Əgər qoyun
itirdisə, çoban onun necə öldüyünü göstərmək üçün heç olmasa dərisini
evə gətirməli idi. Çobanlar mahir ləpirçi idilər və uzun kilometrlərlə
təpələr arasında itmiş qoyunların izinə düşürdülər. Çoban qoyunlarından
ötrü hər gün həyatını riskə atırdı.
Ey yaxşı çoban, bizi özün xilas et,
Çünki sənə ehtiyacımız var.
Öz çəmənliklərində bizi otla,
Bizi canlı suya apar.
Biz Səninik, izin ver ki,
Gəncliyimizdən ardınca gedək:
Bütün quzularını Sən günahdan qoru.
Hamını qəbul edəcəyinə söz verirsən,
Hamıya Sən «Gəl!» deyirsən.
Günahları bağışlayırsan,
Məhəbbətinlə sülh verirsən!
Ey Xilaskar Məsih, Sən bizi satın aldın,
Biz Səninik əbədi.
Sürülərin əksəriyyəti fərdi şəxslərə deyil, kənd icmalarına məxsus
idi. Belə sürünü, adətən, iki və ya üç çoban otarırdı. Onlar vaxtında
sürü ilə evə qayıdıb, dağlarda itmiş qoyunu axtarmağa gedən bu və ya
digər çoban haqqında xəbər çatdırırdılar. Bütün kənd həmin çobanı
intizar içində gözləyirdi. Kimsə onu itmiş qoyunla birlikdə görəndə, hər
yerdən sevinc və minnətdarlıq nidaları eşidilirdi.
İsa Məsihin dediyinə görə, Allah da həmin çoban kimidir. Necə ki,
çoban itmiş qoyunu evə gətirəndə sevinir, günahkar tövbə edib Onun
hüzuruna qayıdanda, Allah da elə sevinir. Böyük övliya
demişkən: «Allah da itmişləri tapmağın sevincinin nə olduğunu
bilir».
Bu, heyrətamiz bir fikir, mübarək bir həqiqətdir: Allah insanlardan
daha şəfqətlidir. Ortodoks yəhudi vergiyığanlara və günahkarlara məhv
edilməkdən başqa heç nəyə layiq olmayan insanlar kimi yanaşırdı. Amma
Allah yox. İnsanlar günahkarın islah olunacağına ümidini kəsə bilər,
amma Allah yox. Düzdür, Allah yoldan azmayan insanları sevir. Lakin
itmiş adamın yolunu tapıb evə qayıtdığını görəndə, ürəyi sevincdən cuşa
gəlir. Allaha qayıtmaq amansız qınaqlarla dolu insanların yanına
getməkdən min dəfə asandır.
8-10
İTMİŞ PUL MƏSƏLİ (Luka
15:8-10)
Bu hissədə bəhs edilən dirhəm kiçik gümüş sikkə idi. İsraildə
kəndlinin evində belə bir sikkəni itirmək çox asan idi, onu tapmaq isə
çox vaxt apara bilərdi. Evlər, adətən, qaranlıq olurdu, çünki evlərin
diametri təxminən 45 santimetr olan yalnız kiçik bir yuvarlaq pəncərəsi
var idi. Palçıqdan düzəlmiş döşəmə quru qamışla örtülürdü. Belə bir
döşəmədə sikkə axtarmaq — ot tayasında iynə axtarmağa bərabər idi. Bunun
üçün qadın pulun parıltısını görəcək və ya onun cingiltisini eşidəcək
deyə evdə döşəməni süpürməyə başlayırdı.
Qadını səylə axtarışa sövq edən iki səbəb ola bilər.
1. Həddindən artıq ehtiyacı. Əlbəttə, bizim dövrdə bir dirhəm
sikkənin dəyəri elə də yüksək olmaz. Lakin İsanın dövründə İsraildə bu,
işçinin bir günlük maaşından çox idi. İnsanlar güc-bəla ilə dolanır və
tez-tez aclıq təhlükəsi ilə üzləşirdilər. Ola bilsin, qadın bu sikkəni
ona görə səylə axtarırdı ki, ailəsinin yeməyə heç nəyi yox idi.
2. Amma ola da bilsin, səbəb başqa idi. Ailəli qadınlar bir-birinə
gümüş zəncirlə bağlanmış on gümüş sikkədən hazırlanmış baş örtüyü
taxırdılar. Çox vaxt qızlar baş örtüyü üçün bu on sikkəni toplamaqdan
ötrü illər boyu qənaət edirdilər, bu da qiymətinə görə, demək olar ki,
nişan üzüyünə bərabər idi. Həmin baş örtüyü qadın paltarının elə
ayrılmaz hissəsi idi ki, hətta borcunu ödəmək üçün onu qadından almaq
olmazdı. Ola bilsin, bu qadın məhz bu sikkələrdən birini itirmişdi. Buna
görə də, istənilən digər qadının öz nişan üzüyünü axtaracağı kimi, həmin
qadın da onu o cür səylə axtarırdı.
İstənilən halda, itmiş sikkənin parıltısını görəndə və onu yenidən
əlində tutanda qadının sevincini təsəvvür etmək çətin deyil. İsa deyir
ki, Allah da o cür sevinir. Bir günahkar evə qayıdanda Allahın və bütün
mələklərin sevinci — ailəsini aclıqdan xilas edəcək sikkəni tapan bu
qadının sevincinə bənzəyir, yəni pulla belə qiymətləndirilə bilməyən ən
dəyərli əşyanı itirib yenidən tapan qadının sevinci kimidir.
Heç bir farisey Allahın belə olduğunu düşünməmişdi. Böyük yəhudi
alimlərdən biri etiraf etdi ki, bu, İsa Məsihin Allah haqqında insanlara
açıqladığı ən yeni həqiqətdir. Allah, həqiqətən, insanları axtarır.
Yəhudilər inanırdılar ki, əgər insan diz üstə sürünə-sürünə Allahın
önünə gəlsə və bağışlanmaq üçün Ona yalvarsa, bəlkə Allah onu
bağışlayar. Lakin yəhudi heç vaxt ağlına belə gətirməzdi ki, Allah Özü
itmiş günahkarları axtarır. Xoşbəxtlikdən, biz Allahın bizi axtaran
məhəbbətinə inanırıq. Çünki biz Onun məhəbbətinin itmişləri axtarıb
xilas etmək üçün gələn Allahın Oğlu İsa Məsihdə təcəssüm olunduğunu
görürük.
11-32
SEVƏN ATA HAQQINDA MƏSƏL
(Luka 15:11-32)
Bu məsəl haqlı olaraq bütün zamanların və xalqların ən böyük hekayəsi
adlandırılıb. Yəhudi qanunlarına görə, ata öz əmlakını sərbəst idarə edə
bilməzdi. Böyük oğul mirasın üçdə ikisini, kiçik oğul isə üçdə birini
alırdı (Qanunun Təkrarı 21:17). Atanın əmlak idarəçiliyindən
təqaüdə çıxacağı təqdirdə ölümündən əvvəl əmlakını bölüşdürmək qərarı
qeyri-adi hal deyildi. Lakin kiçik oğlunun tələbi çox insafsız idi. O,
mahiyyət etibarilə, atasına «Sən öləndə onsuz da mülkü böləcəksən,
var-dövlətdən payıma düşəni indi ver və icazə ver gedim» demişdi. Atası
etiraz etmədi. O bilirdi ki, oğlu yalnız ehtiyaca düşəndə və nədənsə
məhrum olanda nəsə öyrənəcək. Oğlunun tələbini kədərlə yerinə yetirdi.
Oğul mülkdən öz payını götürüb, dərhal ata evini tərk etdi. Lakin o,
qısa zamanda pullarını xərclədi və sonda donuzları otarmağa məcbur
qaldı. Qanuna görə yəhudinin etməməli olduğu işlə məşğul oldu, çünki
qanun donuz otaran hər kəsi lənətləyirdi. Burada İsa «...özünə gəlib...»
deməklə günahkar bəşəriyyətə onun indiyə qədər aldığı ən böyük tərifi
verdi. O, deyirdi ki, insan Allahsız yaşayanda, deməli, hələ özünə
gəlməyib, hələ də özünü tapmayıb, əsl «mən»ini yalnız evinə qayıdanda
tapır. İsa insanın dönməz günahkar olduğuna inanmırdı. O öyrədirdi ki,
insanı lənətləməklə Allahı izzətləndirmək olmaz. O, inanırdı ki, insan
Allahı tapmayana qədər özünü tam tapmamış olur.
Beləliklə, itmiş oğul evə qayıtmaq qərarına gəldi və atasından onu
oğul kimi deyil, qul, müqaviləli qulluqçu, gündəlik fəhlə kimi geri
almasını xahiş etdi. Adi qul ailə üzvü sayılırdı, müqaviləli qulluqçu
isə istənilən an qovula bilərdi — onun ailədə heç bir hüququ yox idi.
Budur, itmiş oğul evə qayıtdı. Əgər biz ən yaxşı yunan mətninin bir
versiyasına nəzər salsaq görərik ki, atası oğluna işə götürmək haqqında
danışmağa belə imkan vermədi, sözünü kəsdi və təşəbbüsü öz əlinə aldı.
Burada geyim — şərəf və hörməti, üzük — səlahiyyəti simvollaşdırır.
Çünki əgər hansısa şəxs başqasına möhürlü üzüyü verirdisə, deməli, hüquq
və səlahiyyəti onun ixtiyarına vermiş olurdu. Ayaqqabı — oğlunun bütün
hüquqlarının ona qaytarılmasının rəmzi idi, çünki ayaqqabı geyinən
qullar yox, ailənin uşaqları idi. (Şimali Amerikanın zənci qullarının
mahnılarından birində gözəl dövr haqqında xəyal edilərək belə sətir var:
«Bir gün Allahın bütün övladlarının ayaqqabısı olacaq». Ayaqqabı onlar
üçün azadlığı simvolizə edirdi). Sonra ziyafət təşkil edildi ki, hər kəs
itmiş oğulun qayıdışına sevinsin.
Gəlin burada dayanaq və bu məsəldə hansı həqiqətlərin əks olunduğuna
baxaq.
1. Bu məsəli itmiş oğul adlandırmaq olmaz. Çünki onun qəhrəmanı itmiş
oğul deyil, sevən atadır. Burada oğulun günahından daha çox atanın
sevgisindən bəhs edilir.
2. Bu məsəldən biz Allahın mərhəməti haqqında öyrənirik. Ata oğlunun
qayıtmasını səbirlə gözlədi, çünki oğul hələ uzaqda ikən atası onu
gördü. Oğul atasının evinə qayıdanda, atası onu qınamadan bağışladı.
Bəzən insanlara bağışlanma minnət kimi bəxş olunur. Bundan daha pisi isə
odur ki, bəzən insanı sözlə bağışlayır, amma eyhamla günahını
xatırladırlar.
Bir dəfə ABŞ prezidenti Avraam Linkolndan soruşdular ki, üsyankar
cənublular məğlub edilib, Amerika ailəsinə qayıtmağa məcbur ediləndə,
onlarla necə rəftar olunacaq? Soruşanlar Linkolndan onun intiqam
alacağını söyləyəcəyini gözləyirdilər, lakin o, belə cavab verdi: «Mən
onlarla elə davranacağam ki, sanki onlar bizi heç vaxt tərk etməmişdi».
Allahın məhəbbətinin möcüzəsi də ondadır ki, O bizimlə eyni cür
davranır.
Lakin məsəl bununla bitmir. Böyük qardaş kiçik qardaşının qayıtmasına
görə çox üzülür. Böyük qardaş günahkarın xilas olmaqdansa, məhv olmasını
arzulayan, özünü isə saleh sayan fariseyləri simvollaşdırır. Böyük
qardaş haqqında da bir neçə söz demək olar.
1. Onun davranışı göstərir ki, o, illər boyu atasına itaət etməyə ona
can-dildən xidmət etmək kimi deyil, bir borcun yerinə yetirilməsi kimi
baxırdı.
2. Onun davranışı onda şəfqət hissinin yoxluğunu göstərir. Onun
fikrincə, itmiş oğul «mənim qardaşım» yox, «sənin oğlundur». O özünü
haqlı hesab edənlərdən, başqalarına isə badalaq vuracaq insanlardan biri
idi.
3. Onun pis düşüncələri var idi. Böyük qardaşa qədər heç kim
fahişələrin adını çəkməmişdi. Şübhəsiz ki, o, qardaşını özünün gizlicə
xəyal etdiyi günahlarda ittiham edirdi. Biz bir daha heyrətamiz bir
həqiqətlə qarşılaşırıq: Allaha etiraf etmək — insanlara etiraf etməkdən
daha asandır. Allah Öz hökmlərində bir çox dindar insanlardan qat-qat
mərhəmətlidir. İnsanlar bağışlamaqdan imtina etdikdə belə, Allah
bağışlaya bilər. Allahın bu cür sevgisi qarşısında biz ancaq Ona heyran
ola, həmd edə və Onu sevə bilərik.
Üç itki
Sonda bir şey başa düşməliyik ki, bu üç səbəb eyni həqiqəti
çatdırmağın üç yoludur. Onların arasında müəyyən fərqlər var. Axı
qoyunlardan biri öz axmaqlığına görə itmişdi. O, düşünmədiyi
üçün itmişdi. Əgər bir çox insan vaxtında düşünsəydi, günaha yol
verməzdi. Sikkə itəndə, bunda da onun günahı yox idi. Bir çox
insanlar haqq yolundan azdırılır, bundan əlavə, başqasına günah öyrədən
də Allah qarşısında günah işlədir. Oğul bilərəkdən haqq yolundan
azdı. O, amansızcasına atasına arxa çevirdi.
Allahın sevgisi insanı ağılsız əməllərinə, sınağa boyun əyməsinə,
hətta qəsdən etdiyi üsyanına görə bağışlaya bilər.