16-cı fəsil
1-13
PİS ADAMIN YAXŞI NÜMUNƏSİ
(Luka 16:1-13)
Bu məsəlin şərhi müəyyən çətinliklər yaradır. O, hər yerdə rast
gəlinən fırıldaqçılardan bəhs edir. İdarəçi yaramaz və israfçıdır. Qul
olmasına baxmayaraq, o, ağasının mülkünü idarə edirdi. Əksər sahibkarlar
İsraildən kənarda yaşayırdılar. Məsəldəki sahibkar onlardan biri ola
bilərdi. O, mülkünü etibar etdiyi qullarından birinə təhvil vermişdi.
İdarəçi isə ağasının əmlakını qarət edirdi.
Borclular da fırıldaqçı idilər. Onların borcları ödənilməmiş
kirayədən ibarət idi. Borc çox vaxt pulla deyil, məhsulun müəyyən bir
hissəsi ilə ödənilirdi. Ona görə də idarəçinin ağlına gözəl fikir gəldi.
O, borcluların borclarını xeyli azaltmaq üçün borc dəftərlərində saxta
qeydlər apardı. Bundan o, iki mənfəət güdürdü. Birincisi, borclular indi
sahibkara deyil, ona borclu qalırdılar; ikincisi, daha önəmlisi, onları
öz cinayətinə şərik etmişdi; buna görə də lazım gələndə onları şantaj
edə bilərdi.
Görünür, sahibkarın özü də fırıldaqçı idi. Çünki o, qulunun
fırıldağından qətiyyən şoka düşmədi, hətta idarəçisinin hiyləsini
təriflədi.
Məsəlin şərhindən çıxan nəticənin çətinliyi ondadır ki, Luka ondan
dörd dərs hasil edir.
-
8-ci ayədə deyilir ki, bu dövrün övladları öz nəsilləri
ilə münasibətlərində nur övladlarından daha fərasətlidir. Bu o deməkdir
ki, dünyəvi insan öz rifahı və rahatlığına can atdığı kimi məsihçi də
salehliyə can atsaydı, onda daha yaxşı olardı. İnsan öz rahatlığına,
hobbisinə, idmana və bağına imanlı cəmiyyətinə olandan on dəfələrlə çox
vaxt, pul və səy sərf edir. Biz dünyəvi işlərimizə sərf etdiyimiz vaxt,
enerji qədər məsihçi həyatımıza sərf etsək, onda o, həqiqi və təsirli
olacaqdır.
2. 9-cu ayə öyrədir ki, bu dünyanın sərvətindən özümüzə
dostlar qazanmaq üçün istifadə edək. Bu isə həyatın həqiqi və əbədi
dəyəridir. Bunu iki sahədə tətbiq etmək olar:
a) Əbədi həyat sahəsində. Ravvinlərin belə bir sözü var idi:
«Varlılar bu dünyada kasıblara, kasıblar isə axirətdə varlılara kömək
edər». Erkən İmanlı Cəmiyyətinin müəllimi olan Amvrosi öz mülkü üçün
yeni, daha böyük anbarlar tikən axmaq varlı haqqında belə deyirdi:
«Varlıların anbarı — kasıbların ehtiyacları, dul qadınların evləri,
uşaqların ac qarnıdır». Yəhudilər inanırdılar ki, yoxsullara edilən
sədəqə və mərhəmət axirətdə savab kimi yazılacaq. Həqiqi sərvət insanın
topladığı şeylərdə deyil, səxavətlə payladığı şeylərdədir.
b) Dünyəvi sahədə. İnsan asan, qayğısız həyata can ataraq öz
var-dövlətini eqoistliklə xərcləyə, ya da dostları və qardaşlarının
həyatını asanlaşdıra bilər. Nə qədər alim onların ali təhsil alması üçün
pul xərcləyən varlı adamlara minnətdardır! Nə qədər insan çətin
anlarında onlara kömək edən varlı dostlarına minnətdardır! Var-dövlət
özlüyündə günah deyil, amma insanın üzərinə böyük məsuliyyət qoyur:
var-dövlətini insanlara sərf edən adam düzgün yoldadır. Çünki o, üzərinə
düşən vəzifəni yerinə yetirməyə çalışır.
3. 10 və 11-ci ayələrdən çıxan üçüncü dərs odur ki,
insanın kiçik bir işi yerinə yetirməsi ilə ona daha böyük işdə etibar
edilib-edilməməsini müəyyənləşdirmək olar. Axı dünyada, doğrudan da,
belədir. Heç kim kiçik vəzifədə düzgünlüyünü və bacarığını nümayiş
etdirmədən irəli çəkilmir.
Lakin İsa bu prinsipi əbədi həyata da aid edir. O, mahiyyət etibarı
ilə belə deyir: «Yer üzündə sizə sizin olmayan sərvət həvalə olunub.
Onlar yalnız müvəqqəti olaraq sizə tapşırılıb. Siz onları sadəcə idarə
edirsiniz. Onlar əbədi olaraq sizə aid deyil. Siz öləndə, hər şeyi
burada qoyub gedəcəksiniz. Göylərdə isə, əksinə, əbədi sizin olanları
alacaqsınız. Göylərdə alacaqlarınız isə yer üzündə sizə əmanət olunan
şeyləri necə istifadə etməyinizdən asılıdır».
4. 13-cü ayədə bir qulun iki ağaya qulluq etməsinin mümkün
olmadığı qayda verilir. Qul ağanın tam ixtiyarında idi, bundan başqa, o,
yalnız ağasına məxsus idi. Müasir dövrdə qulluqçu və ya fəhlə
iki işi birdən görə bilir — birini müəyyən edilmiş vaxtda, digərini isə
boş vaxtlarında. Məsələn, insan gündüzlər işçi, axşamlar isə musiqiçi
kimi çalışa bilər. Çoxları yalnız əlavə işlərdə maraq tapır. Lakin qulun
boş vaxtı yox idi. Günün hər dəqiqəsi, enerjisinin hər damlası ağasına
məxsus idi. Qulun, ümumiyyətlə, vaxtı yox idi. Ona görə də Allaha xidmət
etmək heç vaxt əlavə məşğuliyyət və ya boş vaxtların məşğuliyyəti
olmamalıdır. Əgər insan Allaha xidmət etməyə qərar veribsə, həyatının
hər anı, bütün gücü və imkanları Allaha məxsusdur. Allah — ən tələbkar
Ağadır. Biz ya tamamilə Ona məxsusuq, ya da yox.
Buna görə də, «dediyiniz və etdiyiniz hər şeyi Rəbb İsanın adı ilə
edin, Onun vasitəsilə Ata Allaha şükür edin» (Kolosselilərə
3:17).
14-18
QANUNUN DƏYİŞİLMƏZLİYİ
(Luka 16:14-18)
Bu mətni üç hissəyə bölmək olar.
1. Bu hissə fariseyləri məzəmmət etməklə başlayır. Burada deyilir ki,
fariseylər «Ona istehza ilə baxırdılar», yəni hərfi mənada İsaya gülür,
«ağız-burun əyirdilər». Yəhudilər, adətən, biznes uğurlarına xeyir-dua
kimi baxırdılar. Onlar üçün insanın sərvəti nə qədər mömin olduğunu
göstərirdi. Fariseylər xalq qarşısında öz möminliklərini nümayiş etdirir
və maddi rifahı bunun mükafatı hesab edirdilər. Lakin onlar insanlar
qarşısında nə qədər ucalırdılarsa, Allah qarşısında bir o qədər iyrənc
görünürdülər. İnsanın özünü mömin hesab etməsi pis haldır. Amma bundan
daha pisi maddi rifahını möminliyinin təkzibedilməz sübutu kimi
göstərməkdir.
2. İsa Məsihdən əvvəl Allah insanlarla Qanun və peyğəmbərlər
vasitəsilə danışırdı. Sonra İsa peyda oldu və Allahın Padşahlığını
təbliğ etməyə başladı. Onun təbliğinə görə, Allahın Padşahlığına
müxtəlif qrupdan olan insanlar — vergiyığanlar və günahkarlar daxil ola
bilərdilər. Halbuki ilahiyyatçılar və fariseylər onların Allahın
Padşahlığına daxil olması üçün maneələr qurmuşdular. Lakin İsa qəti
şəkildə vurğuladı ki, Allahın Padşahlığı Qanunun sonu demək deyil.
Düzdür, O, ənənəvi mərasim qanununun xırda qaydalarını ləğv etdi. Amma
bu, məsihçiliyin qanundan kənar daha sadə yol təklif etdiyi fikrinə
gətirib çıxarmamalıdır.
Böyük Əmrlər dəyişməz olaraq qalmaqda davam edirdi. Yəhudi
əlifbasının bəzi hərfləri bir-birinə çox bənzəyir və bir-birindən yalnız
seriflə — hərfin üstündə və ya altında kiçik bir xətlə fərqlənir.
Qanundan belə bir nöqtə itməyəcək.
3. Qanunun dəyişməzliyini nümayiş etdirmək üçün İsa iffət qanununu
verir. İsanın verdiyi bu aydın, birmənalı ifadə yəhudilərin müasir həyat
tərzi kontekstində oxunmalıdır. Yəhudilər sədaqəti və iffəti üstün
tuturdular. Ravvinlər deyirdilər ki, zinadan başqa, Allah bütün
günahları bağışlayar. «Allah azğınlığı görəndə Onun izzəti çəkilir».
Yəhudinin bütpərəstlik, qətl və ya zina etməyindənsə, həyatını qurban
verməsi daha yaxşı olardı.
Lakin faciə bunda idi ki, evlilik getdikcə əsl mənasını itirirdi.
Yəhudi qanunlarına görə qadın sadəcə əşyadan başqa bir şey deyildi.
Qadın yalnız əri cüzam xəstəliyinə tutulduqda, əqidəsinə, vətəninə
xəyanət etdikdə və ya bakirə qıza təcavüz etdikdə ondan boşana bilərdi.
Digər hallarda qadının heç bir haqqı yox idi. Qadın ona edilən zülmə
görə haqqını tələb edə bilmirdı; istisna hal kimi talaq kağızı aldıqda
onun cehizi geri qaytarılırdı. Qanunda deyilir: «Boşanmaq üçün qadının
razılığının olub-olmaması vacib deyildi, əsas kişinin razılığı idi».
Musanın Qanununda (Qanunun Təkrarı 24:1) deyilir: «Kimsə bir
qadını alıb, evlilik zamanı onda ləyaqətsiz bir şey tapdığı üçün qadını
bəyənməzsə, talaq kağızı yazıb əlinə verərək evindən» çıxarsın.
Talaq kağızında yazılırdı: «Bu boşanma məktubunu və azad olunma
aktını sənə verirəm ki, istədiyin şəxslə evlənə biləsən». Həmin talaq
kağızı iki şahidin iştirakı ilə imzalanmalı idi. Boşanma üçün tələb
olunan hər şey elə bundan ibarət idi.
Əsas məsələ Musanın Qanununun «ləyaqətsiz bir şey»
ifadəsinin şərhində idi. İsa Məsihin dövründə bu ifadənin iki fərqli
şərhi var idi. Ravvin Şammay məktəbinin nümayəndələrinə görə bu, yalnız
və yalnız zina idi. Ravvin Hillel məktəbinin nümayəndələri isə iddia
edirdilər ki, bu söz istənilən mənanı ifadə edə bilər. Məsələn, «əgər
qadın yeməyi xarab etmişsə, başıaçıq küçəyə çıxarsa, tanımadığı kişi ilə
danışardısa, ərinin yanında onun qohumları haqqında hörmətsizcəsinə
danışardısa, deyingən qadın idisə, səsi qonşuya gedib çatardısa» və s.
Ravvin Akiba bir qədər də irəli gedərək deyirdi ki, əgər kişi indiki
həyat yoldaşından daha gözəl qadın tapardısa, arvadını boşaya bilərdi.
Aydındır ki, insanın günahlı təbiəti üstünlük təşkil etdiyi üçün ravvin
Hillelin nəzəriyyəsi daha məqbul hesab olunurdu. Bu səbəbdən İsa Məsihin
dövründə vəziyyət o yerə gəlib çatmışdı ki, qızlar ərə getməkdən imtina
edirdi və ailə həyatı dağılmaq təhlükəsi ilə üzləşirdi.
İsa Məsih isə nikah bağının müqəddəs olduğunu bəyan etdi. Eyni fikirə
Matta 5:31-32-də də rast gəlinir. Burada yeganə istisna —
zinadır.
Bəzən bizə elə gəlir ki, biz pis dövrdə yaşayırıq. Lakin İsanın
dövründəki nəsil bundan heç də yaxşı deyildi. Ailə həyatını məhv etməklə
biz məsihçi həyatının əsaslarını məhv edirik. İsa burada qanunu elan
edir, onun pozulması ilə bəşəriyyət öz varlığını təhlükə altına
qoyur.
19-31
LAQEYDLİYƏ GÖRƏ CƏZA (Luka
16:19-31)
Bu məsəl elə ustalıqla yazılmışdır ki, bir dənə də olsun artıq
ifadəyə rast gəlinmir. Gəlin orada təsvir olunan adamlara daha yaxından
nəzər salaq.
1. Birincisi — zəngin adam. Onun haqqında deyilən hər söz yaşadığı
dəbdəbəli həyatdan xəbər verir. O, tünd qırmızı və incə kətandan paltar
geyinərdi. Adətən, baş kahinlərin paltarları belə təsvir olunur; o
dövrdə həmin paltarlar çox baha idi. Zəngin hər gün cah-calal içində kef
edərdi. Orijinalda «cah-calal içində kef edərdi» ifadəsi,
adətən, ağzının dadını bilən və bahalı yeyib-içən insanlara şamil
edilirdi. Zəngin adam isə hər gün belə yeyib-içirdi. Bununla o,
şübhəsiz ki, dördüncü əmri pozmuş olurdu. Bu əmr təkcə Şənbə günü
işləməyi qadağan etmir, həm də deyir ki, «Altı gün işləyin» (Çıxış
20:9).
Sadə insanların həftədə bir dəfə ət yeyəndə sevindiyi, həftənin altı
günü zəhmət çəkməli olduqları məmləkətdə varlı adam bekarçılığı və
laqeydliyi təcəssüm etdirirdi. Lazar isə varlı adamın süfrəsindən düşən
qırıntıları gözləyirdi. O vaxtlar nə bıçaq, nə çəngəl, nə də salfet var
idi. Yemək əllə yeyilirdi. Varlılar əllərini çörəyə silir, sonra da onu
atırdılar. Lazarın gözlədiyi çörək qırıntıları həmin dilimlər idi.
2. İkincisi — Lazar. Nə qədər qəribə səslənsə də, amma məsəllərdə
xatırlanan yeganə ad Lazardır. Lazar ibranicə Eleazar adının
latınlaşdırılmış formasıdır, mənası «Allah mənim dayağım və köməyimdir»
deməkdir. Lazar o qədər kasıb və zəif idi ki, yaralarını yalayan itləri
qovmağa belə gücü çatmırdı.
Bu dünya belədir. Amma hər şey dəyişir — axirətdə Lazar İbrahimin
qucağında izzət içində, zəngin adam isə cəhənnəm əzabında idi. Bəs
zəngin adamın günahı nə idi? Axı o, Lazarı evinin darvazasından
çıxarmağı əmr etməmişdi. Süfrəsindən atılan çörəyi Lazarın götürməsinə
də etiraz etməmişdi. Yanından keçəndə təpiklə vurmamışdı. Varlı adam
Lazara qarşı qəsdən qəddar davranmamışdı. Varlı adamın günahı onda idi
ki, o, sadəcə olaraq Lazara əhəmiyyət verməmiş, onun vəziyyətini adi hal
kimi qəbul etmişdi. Lazar əzab çəkərkən və ac yatarkən, varlı adam
dəbdəbə içində kef çəkirdi. Bir nəfərin onun haqqında dediyi kimi:
«Varlı adam etdiyi əməllərə görə deyil, etmədiyi əməllərə görə
cəhənnəmdə əzab çəkməli oldu».
Zəngin adamın günahı o idi ki, o, əzab və ehtiyaca sakitliklə baxa
bilirdi, qəlbi mərhəmət və şəfqətdən uzaq idi. O, qardaşının əziyyət
çəkdiyini və ac olduğunu gördü, amma kömək etmək üçün barmağını
qımıldatmadı. O, qonşusunun iztirabını görməzlikdən gəldiyi üçün
cəzalandırıldı. İbrahim peyğəmbərin Lazarı varlı adamın qardaşlarını
xəbərdar etmək üçün göndərməkdən imtina etməsi qəddar görünə bilər. Amma
tamamilə aydındır ki, əgər insanlara Allahın Kəlamı verilibsə və onlar
təsəlliyə, köməyə, kədərini azaltmağa ehtiyacı olan adamlar gördükləri
halda bu onlarda mərhəmət hissi oyatmırsa, demək, onlara kömək edəcək
heç nə yoxdur. Necə də dəhşətli xəbərdarlıqdır: varlı adam pis işlərə
görə deyil, yaxşı heç nə etmədiyinə görə günah işlətmişdir.