17-ci fəsil
1-10
MƏSİHÇİ HƏYATININ
QANUNLARI (Luka 17:1-10)
Bu hissə dörd ayrı bölmədən ibarətdir.
1. 1 və 2-ci ayələrdə İsa başqalarını günaha çəkən
insanları mühakimə edir. Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsində
insanı pis yola çəkən şeylərdən bəhs edilir, bu da yunan sözü olan
skandalon sözünə uyğundur. Onun iki mənası var:
a) İlkin mənası — tələdəki yem deməkdir.
b) Sonralar bu söz insanı şirnikləndirmək üçün onu yolundan azdıran
hər hansı maneə mənasında işlədilirdi.
İsa deyir ki, dünyada insanları azdıran şeylərin olmaması
qeyri-mümkündür. Amma vay o adamın halına ki, başqasına günah etməyi
öyrədir və ya onu saflıqdan məhrum edir.
Hər bir insan vəsvəsə ilə qarşılaşır, heç kim onu pisliyə
həvəsləndirən şeylərdən yan keçməz. Kennedi Vilyamson ölüm yatağında
olan bir qocadan danışır. Qocaya nəsə bərk əzab verirdi, nəhayət, o
dilləndi: «Mən uşaq olanda tez-tez çöllükdə oynayırdım. Onun mərkəzində
iki yol kəsişirdi və kəsişmədə köhnə yol nişanı dayanırdı. Yadımdadır,
bir dəfə onu elə çevirdim ki, yanlış istiqamət göstərdi. O vaxtdan bəri
məni bu fikir narahat edir: mənim günahım ucbatından nə qədər insan
yanlış istiqamətə gedib». Allah imanda kiçik və ya zəif qardaşını yanlış
yola göndərən adamı cəzalandıracaq.
2. 3 və 4-cü ayələrdə İsa məsihçi həyatında
bağışlamanın vacibliyindən danışır. İsa Məsih bizi gündə yeddi dəfə olsa
belə, insanı bağışlamağa çağırır. Ravvinlərin belə bir deyimi var idi
ki, qardaşını üç dəfə bağışlayan insan — kamil insandır. Məsihçilikdə
bağışlama norması yəhudilərə nisbətən iki dəfə çoxdur. Lakin məsələ
rəqəmlərdə deyil. Yeddi rəqəmi sadəcə bağışlamanın bəşəriyyətə məlum
olan istənilən miqyasını üstələyir.
3. 5 və 6-cı ayələrdə İsa Məsih imanın dünyada ən
böyük güc olduğunu söyləyir. Gəlin yada salaq ki, şərqdə obrazlı şəkildə
danışmağı xoşlayırlar. Bu ifadə o deməkdir ki, qeyri-mümkün olan
şeylərin olacağına iman edilirsə, onların həyata keçməsi mümkündür. Əlli
il əvvəl inanılmaz və qeyri-mümkün kimi görünən bir çox elmi möcüzələr,
cərrahi əməliyyatlar, qəhrəmanlıqlar və mətanətlik şücaətlərinin bu gün
reallığa çevrildiyini düşünmək kifayətdir. Əgər biz işə «bu, mümkün
deyil» fikri ilə başlayırıqsa, onda heç nə edə bilməyəcəyik. Əgər «biz
bunu etməliyik» düşüncəsi ilə işə başlasaq, işin öhdəsindən gəlməyimiz
tamamilə mümkündür. Unutmayaq ki, biz problemi özümüz yox, yalnız
Allahla, Onun gücü və qüdrəti ilə həll edəcəyik.
4. 7-10-cu ayələrdə İsa Məsih deyir ki, biz heç vaxt Allahı
özümüzə borclu hesab edə və heç vaxt Ondan heç nə tələb edə bilmərik.
Hətta əlimizdən gələni etsək belə, yalnız vəzifəmizi yerinə yetirmiş
oluruq. Vəzifəsini yerinə yetirən insan isə yalnız ondan gözlənilənləri
edir.
Bütün dünyanı versəm belə, hədiyyəm yenə də kiçik olar.
Bəs sevginin əvəzini nə ilə ödəyə bilərəm? Heç nə ilə!
Mən tamamilə Səninəm.
Qanunun bütün tələblərini yerinə yetirmək olar, amma sevən insan
bilir ki, sevginin bütün tələblərini heç kim yerinə yetirə bilməz.
11-19
NADİR
HALLARDA BİLDİRİLƏN MİNNƏTDARLIQ (Luka 17:11-19)
İsa Yerusəlimə doğru yoluna davam edərkən Samariya ilə Qalileya
arasındakı sərhəddən keçirdi. Yolda Onu on cüzamlı qarşıladı. Artıq
bildiyimiz kimi, yəhudilər samariyalılarla ünsiyyət qurmurdular. Həmin
cüzamlıların arasında isə bir samariyalı var idi. Yenə də qarşımızda
həyatın böyük qanununun təzahürü dayanır. Ümumi bədbəxtlik nə irqi, nə
də milli fərq tanıyır. Cüzam xəstəliyi onlara bəzilərinin yəhudi,
digərlərinin isə samariyalı olduğunu unutdurmuşdu. Cüzamlılar yalnız onu
bilirdilər ki, onları əzab-əziyyət birləşdirir və hamısının köməyə
ehtiyacı var. Yer üzünü daşqın bürüyəndə, vəhşi heyvanlar qurtuluş
axtaranda, başqa vaxt başqa şəraitdə bir-biri ilə ölüm-qalım mübarizəsi
aparan heyvanların hansısa quru yerdə sakitcə yan-yana durduğunu görmək
olar. İnsanlarda da belədir — onları yalnız Allaha olan ehtiyacları
birləşdirir.
İsa yoldan keçəndə cüzamlılar uzaqda dayanmışdılar (Levililər
13:45-46; Saylar 5:2 ilə müqayisə edin).
Qanunda cüzamlının nə qədər məsafədə dayanmalı olduğu dəqiq
göstərilməmişdi. Lakin biz küləyin səmtində dayanan cüzamlının sağlam
adamdan 45 metrdən yaxın məsafədə olmamasına dair ən azı bir sübut
bilirik. Artıq buradan cüzamlıların necə təcrid olunmuş vəziyyətdə
yaşadığını görmək olar. Heç bir müjdə hekayəsi insanın nankorluğunu
buradakı qədər aydın göstərmir. Çünki cüzamlılar şəfa həsrəti ilə İsanın
yanına gəlmişdilər. İsa onların hamısını sağaltdı, lakin on nəfərdən
doqquzu Ona təşəkkür etmək üçün heç vaxt yanına gəlmədi. İstədiyini
alandan sonra təşəkkür etməyə qayıtmayan o qədər insan var ki...
1. Biz çox vaxt valideynlərimizə qarşı münasibətdə nankorluq edirik.
Amma hər birimizin həyatında elə günlər olub ki, valideynlərimizin
qayğısı olmadan biz çarəsiz qalıb ölə bilərdik. Bütün canlılar arasında
yalnız insan ayağa qalxıb, ehtiyaclarını təmin edənə qədər uzun müddət
qayğıya ehtiyac duyur. Uzun illər biz, demək olar ki, hər şeydə
valideynlərimizdən asılı oluruq. Ancaq bir çoxları böyüyəndən sonra
qocalara maneə kimi baxmağa başlayır və valideynlərinə olan borcunu
qaytarmaq istəmirlər.
Kral Lirin çətin vaxtlarında dediyi kimi:
...nankor övlad sahibi olmaq ilan sancmasından daha ağrılıdır!
2. Biz qardaşlarımıza qarşı da çox vaxt nankorluq edirik.
Qardaşlarına borcu olmayan adam yoxdur. Çətin anlarda ona kömək
göstərildikdə, hamı bu yaxşılığı heç vaxt unutmayacağını deyir. Lakin
çox az adam qardaşlarına olan borcunu ödəməyi düşünür. Biz çox vaxt
dostumuza, müəllimimizə, həkimə, cərraha borclu qalırıq. Amma faciə
ondadır ki, bəzən onlara göstərdikləri qayğıya görə təşəkkür etməyə belə
cəhd etmirik.
Əs, qış küləyi, əs!
Sən insan nankorluğu qədər qəddar deyilsən.
(Şekspir, Kral Lir, 3-cü akt, 2-ci səhnə.)
3. Çox vaxt biz Allaha qarşı nankorluq edirik. Ehtiyac duyduğumuz
vaxt Allaha fəryad edirik; elə ki, fəlakət bitir, Onu yaddan çıxarırıq.
Çoxları yeməkdən əvvəl dua belə etmir. Allah Öz Yeganə Oğlunu bizim üçün
qurban verdi, çoxları isə Onun mərhəmətinə görə Allaha heç vaxt şükür
etmir. Bizim Ona olan ən böyük minnətdarlığımız Onun lütfü və
mərhəmətinin əbəs olmadığı üçün səy göstərməyimizdir. Rəbbə alqış et, ey
könlüm, unutma etdiyi yaxşılıqları» (Zəbur 103:2).
20-37
İSANIN GƏLİŞİNİN ƏLAMƏTİ
(Luka 17:20-37)
Qarşımızda iki çətin hissə var. 20 və 21-ci
ayələrdə İsa fariseylərin Səmavi Padşahlığın nə vaxt gələcəyi ilə bağlı
sualına cavab verir. İsa onlara deyir ki, Səmavi Padşahlığın gəlişinin
əlamətləri yəhudilərin heç də gözlədiyi kimi deyil. Bununla belə, Luka
diaqnoz qoymaq — yəni araşdırma əsasında xəstəliyi müəyyən
etmək mənasını verən sözdən istifadə edir.
Biz İsanın bununla nə demək istədiyinə tam əmin deyilik. Yunan
dilində həmin söz iki mənada işlədilə bilər:
a) Həmin söz Allahın Padşahlığı bizim içimizdədir mənasına
gələ bilər, yəni o, qəlbimizdə iş görür və yeni şeylər deyil, yeni
insanlar yaradır. Bu dəyişikliklər maddi sahədə deyil, insanların
qəlbində baş verir.
b) Həmin söz Allahın Padşahlığı aranızdadır mənasını verə
bilər. Belə olan halda, İsa Özünü nəzərdə tuturdu. İsa Allahın
Padşahlığının parlaq təcəssümü idi, lakin Onu tanımadılar. İsa Məsih
sanki deyirdi: «Allahın sizə təklif etdiyi hər şey — Onun bütün sirləri
sizin qarşınızdadır. Siz isə onları qəbul etmək istəmirsiniz».
22-37-ci ayələr İsa Məsihin İkinci gəlişindən bəhs edir. Bu
hissədən biz yalnız müəyyən yerləri seçə bilərik, zənnimcə, onlar
kifayət edər:
1. Vaxt gələcək, məsihçilər Məsihin gəlişini ürəkdən arzulayacaqlar.
Onlar mömin şəhidlər kimi «Ey müqəddəs və haqq olan Pərvərdigar, nə
vaxta kimi...?» deyə fəryad edəcəklər (Vəhy 6:10). Lakin onlar
səbir edib, gözləməli olacaqlar. Allah tələsmir və Öz vaxtında
gələcək.
2. İsa Məsihin İkinci gəlişi əvvəlcədən müəyyən edilib, lakin dəqiq
tarix məlum deyil. Bu tarixi tapmaca etmək mənasızdır. İnsanlar yalançı
peyğəmbərliklər edəcək, yalan ehtimallar irəli sürəcəklər. Amma biz
gündəlik işimizi buraxıb onların arxasınca getməməliyik. İnsan üçün ən
yaxşısı odur ki, Məsih gələndə onu öz vəzifəsini imanla, təvazökarlıqla
və sayıqlıqla yerinə yetirdiyini görsün. Müqəddəs Kitab şərhçilərindən
biri Məsihin İkinci gəlişi haqqında belə demişdi: «Heç kim Məsihin
gəlişini qabaqcadan bilə bilməz, amma hamı onu görəcək».
3. Həmin gün gələndə Allahın ədaləti bərqərar olacaq, ömür boyu bir
yerdə yaşayan iki insandan biri götürüləcək, digəri isə qalacaq. Bu
ifadədə bir xəbərdarlıq var. Saleh insanla yaxın münasibət — bizim xilas
olmağımız demək deyil. «Heç bir insan öz qardaşını xilas edə bilməz».
Məgər ailə çox vaxt imanlı cəmiyyətinə getmək məsuliyyətini üzvlərindən
birinə həvalə etməyə meyilli deyilmi? Məgər ər çox vaxt imanlı
cəmiyyətinin vəzifələrini yerinə yetirməyi arvadına həvalə etmirmi? Axı
Allah hər bir insanı fərdi olaraq mühakimə edəcək. İnsan Allaha olan
borcunu etibarlı bir şəxs, hətta ən yaxın qohumları vasitəsilə yerinə
yetirə bilməz. Tanrının ər-arvaddan yalnız birini götürüb, digərini
yerdə qoyması qaçılmaz olacaq. 4. Fariseylər bunun nə vaxt baş
verəcəyini soruşanda, İsa məşhur atalar sözü ilə cavab verdi: «Leş
haradadırsa, kərkəslər də orada toplaşar». Bu o deməkdir ki, hər şey
bütün lazımi şərtlər yerinə yetiriləndən sonra olacaq. Başqa sözlə,
Allah biləndə ki, vaxtı çatıb, onda İsa Məsihi dünyaya göndərəcək. Biz o
vaxtın nə vaxt gələcəyini bilmirik, bununla bağlı illüziyalara
qapılmamalıyıq. Biz elə yaşamalıyıq ki, O, nə vaxt zühur etsə — istər
səhər, istər günorta, istərsə də axşam olsun — Onunla görüşməyə hazır
olaq.