18-ci fəsil
1-8
DAİM DUA ETMƏK (Luka 18:1-8)
Bu məsəl keçmişdə, hətta indi də tez-tez təkrarlanan bir hadisədən
bəhs edir. Məsəldə yenə iki obraz iştirak edir.
1. Hakim. O, yəhudi deyil. Çünki yəhudilər arasında bütün
dava və mübahisələrə açıq xalq məhkəməsində yox, ağsaqqallar məclisində
baxılırdı. Yəhudi qanunlarına görə əgər hər hansı bir iş münsiflər
məhkəməsinə gəlib çatıbsa, onda məsələ ilə bağlı bir nəfər deyil, ən azı
üç nəfər qərar verirdi. Biri iddiaçı, digəri cavabdeh tərəfindən təyin
olunan şəxs, üçüncüsü isə heç kəsdən asılı olmayan tam müstəqil tərəf
olurdu.
Məsəldəki hakim isə dövlət işçisi idi, yəni onu Hirod və ya romalılar
təyin edirdi. Belə hakimlərin nüfuzu aşağı idi. Kiminsə hakimə rüşvət
vermək və ya məhkəmədə öz xeyrinə qərar çıxartmaq üçün yaxşı əlaqələri
və pulu yox idisə, onun işi udmaq ehtimalı az idi. Deyilənə görə,
hakimlər bir qonaqlıq qarşılığında bu və ya digər şəkildə vəziyyəti
manipulyasiya edə bilərdilər. Həmin hakimlərin vəzifəsinin rəsmi adı
Dayyneh Qazerot idi, bu da hakimi qadağan edən və ya cəzalandıran şəxs
kimi səciyyələndirirdi. Xalq arasında onlara Dayyneh Qazerot, yəni
quldur-hakimlər deyirdilər.
2. Dul qadın. O, bütün kasıbların və müdafiəsizlərin
simvoludur. Aydındır ki, pul və ya yaxşı əlaqələr olmadan o, ədalətli
qərarı təmin edə bilməzdi.
Ancaq onun bir özəlliyi var idi — əzmkarlıq. Ola bilsin ki, hakim
sonda döyüləcəyindən qorxurdu. «Bir də gəlib baş-qulağımı aparmasın»
ifadəsini «gözümü vurub göyərtməsin» kimi şərh etmək olar. İnsanın
gözləri ya yuxudan, ya da fiziki zorakılıqdan bağlana bilər. Hər iki
halda əzmkarlıq üstün gəlir.
Bu məsəldə gecəyarı dostunun evinə gələn məsəlindəki kimi eyni
prinsip istifadə olunur. Həm o, həm də bu məsəldə İsa Allahla ədalətsiz
hakim arasında paralellik aparmır, əksinə, onları qarşılaşdırır. İsa
sanki deyir: «Əgər ədalətsiz hakim belə təkidli tələblərdən yorularaq
dul qadını müdafiə edirsə, onda Allahın, sevən Atanın övladlarının
ehtiyaclarını qarşılaması nə qədər yəqindir».
Bu doğrudur. Lakin bu o demək deyil ki, biz Allahdan istədiyimiz hər
şeyi alacağımıza əvvəlcədən əmin ola bilərik. Çox vaxt ata övladına
«yox» deməyə məcbur olur. Çünki övladının istədiyi şeyin ona xeyirdən
çox, zərər verəcəyini bilir. Allah da belədir: biz bir dəqiqədən sonra
nə baş verəcəyini bilmirik, qaldı ki, bir həftə, bir ay və ya bir ildən
sonra nə baş verəcəyini bilək. Uzağı görən yalnız Allahdır. Yalnız
O, son nəticədə bizə nəyin fayda verəcəyini bilir.
Məhz buna görə Məsih deyir ki, biz həmişə dua etməli və ruhdan
düşməməliyik. Dua və istəklərimizi Allaha bildirdikdən sonra ən mükəmməl
duanı — «Qoy Sənin iradən olsun» deyə etsək, onda dua etməkdən
yorulmayacağıq və imanımız heç vaxt sarsılmayacaq.
9-14
QÜRURDAN DOĞAN GÜNAH (Luka
18:9-14)
Dindar yəhudilər gündə üç dəfə — səhər saat 9-da, günorta saat 12-də
və saat 3-də dua edirdilər. Elə zənn edilirdi ki, Məbəddə edilən dua
xüsusi gücə malikdir. Bu səbəbdən həmin saatlarda dua etmək üçün Məbədə
çoxlu insan gəlirdi. İsa Məbəddə dua edən iki nəfər haqqında
danışır.
1. Onlardan biri farisey idi. Əslində, o, Allaha dua etməyə deyil,
özü üçün dua etməyə gəlmişdi. Dua həmişə yalnız və yalnız
Allaha yönəlməlidir. Bir ədəbsiz amerikalı vaizin duasını belə təsvir
etmişdi: «Bu, Boston ictimaiyyətinin indiyə qədər eşitdiyi ən ikiüzlü
dua idi». Farisey, həqiqətən, Allah qarşısında özü haqqında şəhadət
edirdi.
Yəhudi qanunlarına görə, yalnız bir vacib oruc var idi — bu da
Kəffarə günü tutulan oruc idi. Lakin bəziləri Allahın rəğbətini qazanmaq
üçün bazar ertəsi və cümə axşamı da oruc tuturdular. Qeyd edək ki, bu,
insanların bazara mal gətirmək üçün kəndlərdən Yerusəlimə gəldiyi günlər
idi. Oruc tutanlar üzlərini ağ rəngə boyayaraq, çula bürünmüş halda
küçələrə çıxırdılar. Məhz həmin günlərdə çoxlu insanlar onların
dindarlığının şahidi olurdu. Levililər hər yəhudinin qazancının onda
birini alırdılar (Saylar 18:21; Qanunun Təkrarı 14:22). Farisey
isə nümayişkarcasına hətta qanunda adı çəkilməyən məhsullardan ondabir
verirdi.
Onun davranışı ikiüzlülüyün ən pis forması idi.
Ravvinlərdən birinin bu günə kimi gəlib çatmış duası belədir: «Ey
Rəbb Allah, Sənə şükür edirəm ki, mənə küçələrin kəsişməsində oturanlara
deyil, Akademiyada oturanlara aid olmağıma icazə verdin; çünki mən tez
dururam, onlar da tez oyanır: mən Qanunun sözləri üçün, onlar boş
vurnuxma üçün oyanırlar; mən də işləyirəm, onlar da işləyir: mən işləyib
mükafat alıram, onlar da işləyir, amma mükafat almırlar; mən də qaçıram,
onlar da qaçırlar: mən cənnətə, onlar isə cəhənnəmə doğru gedirlər».
Ravvin Cakayanın bir dəfə dediklərinin yazılı sübutu var: «Əgər dünyada
yalnız iki saleh insan varsa, onlardan biri mən, digəri oğlumdur. Əgər
dünyada yalnız bir saleh insan varsa, o da mənəm!»
Faktiki olaraq fariseylər Məbədə Allaha dua etmək üçün yox, özlərini
Allaha tərifləmək üçün gedirdilər.
2. Məbədə fariseydən başqa vergiyığan da daxil olmuşdu. O, uzaqda
durub gözlərini göyə qaldırmağa belə, cəsarət etmirdi. Müqəddəs Kitabda
haqlı olaraq vergiyığanın təvazökarlığı göstərilir: «Ya Allah! Mən
günahkara rəhm et!» Sanki o, adi günahkar deyil, ən pis günah
işlətmiş biri idi. İsa dedi: «Kədərə qərq olmuş və özünü alçaldan
adamın duası onu Allah qarşısında saleh saydı və Allah onu qəbul
etdi».
Bu məsəldən dua haqqında çox şey öyrənirik.
1. Təkəbbürlü insan dua edə bilmir. Göylərin qapısı o qədər alçaqdır
ki, ora yalnız diz üstə girmək olar. Buna görə Rəbbə belə dua etmək
lazımdır:
Məni Sənə yaxınlaşdıran yol ilə apar
İçimə rahatlıq, sevinc qaytar,
Qoy düz yolunla gedim.
2. Qardaşlarına xor baxan insan dua edə bilməz, çünki duada biz
qardaşlarımızdan üstün ola bilmərik. Biz etiraf edirik ki, günahkar,
əzabkeş nəsilik və hamımız mərhəmətli Allahın taxtı qarşısında baş
əyirik.
3. Dua bizim həyatımızı Allahın həyatı ilə müqayisə edir. Şübhəsiz
ki, farisey doğru danışırdı. O, doğrudan da, oruc tutur, müntəzəm
ondabir verir və başqalarına, xüsusilə də vergiyığana bənzəmirdi. Amma
burada vacib olan odur ki, bizim xeyirxahlığımız qardaşlarımızın
xeyirxahlığı ilə deyil, Allahın xeyirxahlığı ilə müqayisə oluna
bilərmi?»
Günlərin bir günü qatarla Şotlandiyadan İngiltərəyə gedirdim. Biz
bataqlıqdan keçərkən Yorkşirdə toz-torpaq içində ağardılmış kiçik bir ev
gördüm. Mənə elə gəldi ki, o, dümağdır. Bir neçə gündən sonra eyni yol
ilə Şotlandiyaya qayıdırdım. Qar yağmışdı, hər yeri qar yığını
bürümüşdü. Yenə həmin balaca evin yanından keçdik. Amma bu dəfə onun
ağlığı mənə yaman sönük gəldi, hətta ətrafdakı ağ qarla müqayisədə boz
göründü.
Hər şey özümüzü kiminlə müqayisə etməyimizdən asılıdır. Əgər
həyatımızı İsanın həyatı və Allahın müqəddəsliyi ilə müqayisə etsək,
bizə yalnız «Ya Allah! Mən günahkara rəhm et!» demək qalar.
15-17
İSA MƏSİH VƏ UŞAQLAR (Luka
18:15-17)
Uşaqların bir yaşı tamam olanda analar adət üzrə onları, xeyir-dua
versin deyə məşhur ravvinin yanına gətirirdilər. Eyni səbəbdən analar öz
uşaqlarını İsanın yanına gətirmişdilər. İsanın şagirdlərinin sərt və
qəddar olduqlarını düşünmək olmaz. Əksinə, onları bu hərəkətə sövq edən
xeyirxahlıqları idi. İsanın hara getdiyini xatırlayaq. O, Çarmıxa
çəkiləcəyi Yerusəlimə doğru gedirdi. Şagirdlər Məsihin simasında Onun
daxilində gedən mübarizəni görürdülər; onlar insanların İsanı narahat
etməsini istəmirdilər. Bəzən uşağa belə deyilir: atanı incitmə, o, bu
gün yorğun və əsəbidir. İsanın şagirdləri də İsaya məhz belə
yanaşırdılar.
İsanın ölümündən əvvəl Yerusəlimə gedərkən uşaqlara vaxt tapması Onun
həyatında ən təsirli məqamlardan biridir.
İsa nə demək istəyirdi?
-
Uşaqlar hələ də təəccüblənmək qabiliyyətini
itirməyiblər. Tennison deyir ki, bir dəfə səhər kiçik nəvəsinin yataq
otağına girərkən onun çaypayısının taxtasına düşən günəş şüalarına necə
heyranlıqla baxdığını gördü. Biz böyüdükcə dünya gözümüzdə boz və yorğun
görünür. Uşaq isə Allahın həmişə onun yanında olduğu şəfəq dolu bir
dünyada yaşayır.
2. Uşağın bütün həyatı etibar üzərində qurulur. Biz uşaq
olanda növbəti naharın haradan gələcəyini, paltarı haradan əldə
edəcəyimizi düşünmürdük. Məktəbə gedib qayıdandan sonra evimizi eyni
yerdə, əşyalarını da eyni vəziyyətdə tapacağımıza şübhə etmirdik. Səfərə
gedərkən biletə nə qədər pul veriləcəyini düşünmürdük, valideynlərin
yolu yaxşı bildiyinə və hər kəsin öz ünvanına salamat çatmasını təmin
edəcəyinə şübhə etmirdik. Uşaqlar valideynlərinə etibar etdiyi kimi, biz
də Ata Allahımıza elə etibar etməliyik.
3. Uşaqlar təbiətcə itaətkar və sözəbaxandırlar. Düzdür,
onlar çox vaxt valideynlərindən narazıdırlar və gileylənirlər, lakin
onlarda itaət instinkti var. Onlar itaət etməli olduqlarını və
itaətsizliyin onları bədbəxt edəcəyini başa düşürlər. Onların qəlbində
valideyn sözünün qanun olduğuna əminlik var. Bizim də Allahla
münasibətimiz məhz belə olmalıdır.
4. Uşağın bağışlama qabiliyyəti heyrətamizdir. Demək olar
ki, bütün valideynlər çox vaxt övladlarına qarşı haqsızlıq edirlər. Belə
ki, onlar uşaqlardan itaətkarlıq, gözəl davranış, ədəbli danışıq,
zəhmətkeşlik tələb edirlər, halbuki özləri bu tələblərə heç də həmişə
əməl etmirlər.
Valideynlər bəzən uşaqlarını özlərinin əməl etmədiyi davranış
qaydalarına görə danlayırlar. Əgər insanlar bizim uşaqlarımızla rəftar
etdiyimiz kimi rəftar etsələr, biz onları heç vaxt bağışlaya bilmərik.
Uşaqlar bağışlayır və yaddan çıxarırlar, hətta uşaqlıqda buna əhəmiyyət
vermirlər. Uşaqların bağışladığı kimi biz də bağışlaya bilsəydik, dünya
nə qədər gözəl olardı.
İsa Məsihin heyrətamiz əzəməti qarşısında baş əymək, təəccüblənmək,
Ona güvənmək və itaət etmək, bağışlamaq və günahların bağışlanmasını
istəmək — Allahın Padşahlığına aparan əsl təvazökarlıq da məhz
budur.
18-30
SƏRVƏT KÖLƏSİ (Luka 18:18-30)
Bu rəhbər İsa ilə yəhudilərə xas olmayan şəkildə danışırdı.
Ümumiyyətlə, yəhudi ədəbiyyatında ravvinə «Yaxşı Müəllim» deyə xitab
edilməsinə rast gəlinmir. Ravvinlər həmişə deyirdilər ki, yaxşı olan
yalnız qanundur. İsaya belə müraciət kobud yaltaqlığa bənzəyirdi. Buna
görə İsa rəhbərin fikirlərini Özündən uzaqlaşdırmağa və Allaha
yönəltməyə çalışdı. İsa əmin idi ki, Onun qüdrəti və səlahiyyəti,
gətirdiyi Xoş Xəbər Ona Allah tərəfindən verilib. Doqquz cüzamlı geri
qayıtmayanda İsa onların sağaldığı üçün təşəkkür etmədiklərinə yox,
Allaha izzət vermədiklərinə görə kədərləndi (Luka 17:18).
Rəhbərin yaxşı insan olduğuna heç kim şübhə etmirdi. Amma o,
həyatının natamam olduğunu daxilən hiss edirdi. İsa ona dedi ki, əgər o,
ömrü boyu axtardığını, həqiqətən, əldə etmək istəyirsə, onda bütün
var-dövlətini satmalı, hər şeyi kasıblara paylamalı və Onun ardınca
getməlidir. Nəyə görə İsa bunu məhz ondan tələb etdi? Axı Qadara
məmləkətindəki cinə tutulmuş adam şəfa tapanda və Onun ardınca getmək
istəyəndə, İsa ona evdə qalmağı əmr etmişdi (Luka 8:38-39). Bəs
nəyə görə O, bu rəhbərə tamamilə fərqli məsləhət verir?
Yəhudilərin Müjdəsi adlanan apokrif Müjdə var. Bu Müjdənin çox
hissəsi itib. Bizə qədər gəlib çatmış hissədə burada qeyd olunan
hadisənin təsvirini tapırıq. Bu da bizə onu anlamağa açar verir.
«Başqa bir varlı adam İsaya üz tutub soruşdu: «Ey yaxşı Müəllim!
Əbədi həyatı irs olaraq almaq üçün mən hansı yaxşı işləri görməliyəm?»
İsa ona belə cavab verdi: «Qanun və peyğəmbərlərə tabe ol». Varlı adam
dedi: «Mən buna əməl edirəm». Onda İsa ona dedi: «Get, var-dövlətini
sat, yoxsullara payla və Mənim ardımca gəl!» Varlı adam belə bir əmri
bəyənmədiyi üçün başını qaşımağa başladı. Sonra Rəbb ona dedi: «Sən necə
deyə bilərsən ki, qanunu və peyğəmbərlərin sözlərini yerinə yetirirsən?
Axı qanunda deyilib ki, «Qonşunu özün kimi sev». Ətrafına nəzər sal.
Sənin yanındakı qardaşlarının, İbrahimin oğullarının bir çoxu aclıqdan
ölür. Sənin evin isə sərvətlə doludur və onlara bu sərvətdən heç nə
vermirsən. Rəbb yanında oturan şagirdi Şimona üz tutub dedi: «Yunus oğlu
Şimon, dəvənin iynənin deşiyindən keçməsi varlı adamın Səmavi Padşahlığa
girməsindən daha asandır.
Varlı rəhbərin faciəsi də elə bunda idi. O, eqoist idi. O, varlı olsa
da, insanlara heç nə vermir, ancaq öz rifahına və var-dövlətinə sitayiş
edir, rahatlığını ilahiləşdirirdi. Məhz buna görə İsa ona bütün
var-dövlətini verməyi təklif etdi.
Çoxları öz sərvətlərini yoldaşlarının rahatlığı və onlara xeyir-dua
bəxş etmək üçün istifadə edir. Bu adam isə öz firavanlığının bəhrəsindən
həzz alırdı. Əgər bir insan üçün tanrı onun bütün vaxtı, düşüncəsi,
enerjisi və sədaqətidirsə, deməli, bu rəhbərin də tanrısı onun sərvəti
idi. Əgər o, nə vaxtsa xoşbəxtliyi əldə etmək istəyirdisə, onda bütün
sərvətinə son qoymalı, ömrünü başqalarına həsr etməli, vaxtilə özünə
sərf etdiyi şövqü bu xidmətə həsr etməli idi.
Daha sonra İsa dedi ki, var-dövləti olanların Allahın Padşahlığına
daxil olması nə qədər çətindir! Doğrudan da, dəvənin iynə gözündən
keçməsi varlı adamın Allahın Padşahlığına daxil olmasından asandır.
Ravvinlər tez-tez tamamilə qeyri-mümkün görünən iynənin gözündən keçməyə
çalışan fili misal çəkirdilər.
Lakin İsanın metaforası iki mənadan birini ifadə edə bilər.
1. Deyilənə görə, Yerusəlimdə gediş-gəlişin olduğu böyük darvaza ilə
yanaşı, həm də yalnız insanın keçə biləcəyi kifayət qədər hündür və
geniş doqqaz da var idi. Bu doqqaz «iynə gözü» adlanırdı. Dəvə oradan
çətinliklə keçə bilərdi. Məsihin nəzərdə tutduğu elə bu idi.
2. Yunan dilində dəvə kamelos adlanır. Eyni zamanda yunan
dilində sait səsləri aydın tələffüz edilmirdi, bu səbəbdən gəminin
trosu mənasını verən başqa bir yunan sözü olan kamilos
eyni şəkildə tələffüz olunurdu. Buna görə də, ola bilsin, İsa dedi ki,
iynənin deşiyinə trosu keçirtmək, zəngin bir adamın Allahın Padşahlığına
girməsindən daha asandır.
Bəs nəyə görə O, belə dedi? Məsələ ondadır ki, var-dövlət insanı bu
dünyanın köləsi edir. O, var-dövlətinə o qədər bağlı olur ki, ondan
ayrıla və başqa heç nə haqqında düşünə bilmir. Var-dövlətə sahib olmaq
özlüyündə günah deyil. Amma sərvətin insanı əsarət altına almaq
təhlükəsi var və insanın üzərinə böyük məsuliyyət qoyur.
Onda Peter İsaya dedi ki, o və digər şagirdlər hər şeyi qoyub Onun
ardınca gəliblər. İsa əmin etdi ki, Allahın Padşahlığından ötrü hər
şeyini tərk edən adam daha çox şey alacaq. Məsihçilər bunun doğru
olduğunu öz təcrübələrindən bilirlər.
Bir dəfə bir adam çox sınaqlara və əzablara tab gətirmiş, üstəlik,
həyat yoldaşını itirmiş və Afrikada xidmət edərkən sağlamlığını itirmiş
Devid Livinqstona acıyaraq belə demişdi: «Siz necə böyük qurbanlar
vermisiniz». Livinqston belə cavab vermişdi: «Qurban? Mən həyatımda bir
dəfə də olsun fədakarlıq etməmişəm».
Məsihçi imanına qədəm qoyan şəxsin həyatında insan nöqteyi-nəzərindən
çətin məqamlar ola bilər. Amma qəlbən əldə edəcəyi rahatlığı və sevinci
dünya ona nə verə, nə də əlindən ala bilər.
31-34
İSANI GÖZLƏYƏN ÇARMIX (Luka
18:31-34)
Cəsarət müxtəlif olur. Bəzən cəsur insan qəfildən ehtiyacla və ya
gözlənilməz bir vəziyyətlə qarşılaşır, heç bir tərəddüd etmədən
təhlükəyə atılır. Başqa bir halda, cəsur insan qarşıda onu gözləyən
təhlükənin fərqindədir və başa düşür ki, ondan qaçmaq imkanı var, lakin
buna baxmayaraq, inadla irəliləməyə davam edir. Hansı cəsarətin daha
layiqli olduğu bəllidir. Çoxları bir anın təsiri altında qəhrəmanlıq
göstərməyə qadirdir. Ancaq geriyə dönməklə onu gözləyən təhlükədən
qaçmaq imkanı olduğu halda təhlükənin üstünə gedən adam misilsiz
cəsarətə malikdir.
Bir romanda iki oğlanın yolda gedərkən oyun oynamaqları təsvir
olunur. Biri digərinə deyir: «Yolda gedəndə heç fikirləşirsənmi ki,
qarşıda səni dəhşətli bir şey gözləyir, amma buna baxmayaraq, onun
üstünə getməlisən? Bu barədə fikirləşəndə elə həyəcanlanıram ki!»
İsa Məsih üçün bu, təxəyyülün məhsulu deyildi, amansız həqiqət idi:
qarşıda Onu dəhşətli bir şey gözləyirdi. O, Çarmıxa çəkilməyin nə
olduğunu bilirdi, amma yenə də irəli gedirdi. İsa hətta Çarmıxda
ölməsəydi belə, O, yenə də dünya tarixinin ən böyük qəhrəmanlarından
biri olaraq qalacaqdı.
İsa Yerusəlimdə Onu gözləyən təhlükə ilə bağlı dəfələrlə xəbərdarlıq
etsə də, Onun Çarmıxa çəkilməsi nə üçün şagirdlərini belə
heyrətləndirdi? Məsələ bundadır ki, şagirdlər İsanın onlara nə dediyini
anlamırdılar. Onlar təsəvvürlərində qalib padşah ideyasını canlandırır
və hələ də ümid edirdilər ki, İsa Yerusəlimdə bütün səlahiyyət və
qüdrətindən istifadə edib, düşmənlərini yer üzündən siləcək.
Burada biz bütün dinləyicilərə edilən xəbərdarlıqla qarşılaşırıq.
İnsan ağlı yalnız eşitmək istədiyini eşitməyə meyllidir. Heç kim görmək
istəmədiyi qədər kor deyil. Ürəklərimizin dərinliyində xoşagəlməz bir
həqiqətin əsla baş tutmayacağını, arzuolunmaz olanın isə heç
reallaşmayacağını düşünmək istərdik. İnsan həmişə yalnız eşitmək
istədiyini eşitmək meyli ilə mübarizə aparmalıdır.
Bir vacib məqamı da qeyd etmək lazımdır. İsa Çarmıxa çəkilmə haqqında
danışarkən, dirilmədən də bəhs etdi. O bilirdi ki, təhqirə məruz
qalacaq, eyni zamanda qarşıda Onu izzətin gözlədiyinə də əmin idi. O,
insani qəddarlığın nəyə qadir olduğunu bilirdi, lakin Allahın qüdrətinin
də nəyə qadir olduğunu bilirdi. Qələbəyə olan əminliyi Ona Çarmıxda
məğlubiyyət kimi görünən iztirabı qəbul etməyə kömək etdi. O bilirdi ki,
Çarmıxsız izzət ola bilməz.
35-43
ÇARƏSİZLİKDƏN TƏKİD
EDƏN ADAM (Luka 18:35-43)
Bu hissədə bizi təəccübləndirən kor adamın israrlı təkididir. İsa
Pasxa üçün Yerusəlimə gedirdi. Bu zaman zəvvarlar, adətən, qrup halında
gəzirdilər. Ravvinlər çox vaxt gəzinti və ya səyahət zamanı
təlim verirdilər. İsa da belə etdi. Zəvvarlar Onun bir kəlməsini
qaçırmamaq üçün ətrafına toplaşdılar. Yerusəlimdəki Pasxa bayramında
iştirak edə bilməyənlər yol kənarında oturub, zəvvarlar kənddən və ya
qəsəbədən keçəndə onlara baxır və uğurlu yol arzulayırdılar.
Həmin izdihamda bir kor adam oturmuşdu. Yoldan keçən zəvvarların
səsini eşidən kor ətrafda nələrin baş verdiyini bilmək istədi. Ona
İsanın yoldan keçdiyini dedilər. Kor adam dərhal İsaya fəryad edərək,
ona şəfa verməsini istədi. İsanın ətrafında olanlar kor adamı
sakitləşdirməyə çalışdılar, çünki İsanı dinləyənlər kor adamın
fəryadından Məsihi eşidə bilmirdilər.
Amma kor adam dayanmadı, qışqırmağa davam etdi. Luka 39-cu ayədə
38-ci ayədə eyni hərəkəti bildirmək üçün istifadə edilən sözdən tamamilə
fərqli bir söz işlədir. 38-ci ayədə diqqəti cəlb etmək üçün
yüksək səslə qışqırıq mənasını verən sözdən istifadə edir.
39-cu ayədə kor adamın ümidsizliyini göstərən heyvansayağı
ucadan bağırdığı qeyd olunur.
İsa ayaq saxladı və kor adam çox istədiyi şəfanı aldı. Bu hissədən
biz kor adam və İsa haqqında bir şey öyrənirik.
1. Kor adam İsa ilə görüşməyə susamışdı. Heç bir şey onu bu
istəyindən çəkindirə bilməzdi. O, susmaq və sakitləşmək niyyətində
deyildi. Onun kəskin ehtiyacı onu qarşısıalınmaz şəkildə İsaya tərəf
itələdi. Möcüzə həsrətində olan insan məhz belə etməlidir. Allah səthi
sentimentallığa cavab vermir, lakin həmişə sınıq qəlbin ehtiyacına cavab
verir.
2. Bu zaman İsa Öz dövrünün ravvinləri kimi, zəvvarlara təlim
verirdi. Lakin kor adamın naləsi Onu dayandırdı. Müəllim bir müddət
təliminə fasilə verdi. O, həmişə elə hesab edirdi ki, danışmaqdansa nəsə
etmək daha vacibdir. Əməllər qarşısında sözlər həmişə arxa plana keçir.
Xilaskarın qarşısında ehtiyacı olan bir insan var idi. Onun sözlərə
deyil, əmələ ehtiyacı var idi. Bir nəfər belə deyirdi ki, müəllimlər çox
vaxt fırtınalı dənizdə boğulan adama gözəl məsləhət verən insanlara
bənzəyirlər. Amma İsa belə deyildi: O, köməyə gəlmişdi və onu xilas
etdi. Biz də iki sözü qoşub deyə bilməyən, lakin mehribanlığı ilə
sevilən çox insana rast gəlirik. Adamlar natiqlərə hörmət edə bilər,
amma daha çox onlara kömək edən insanı sevirlər. Adamlar dahilərə heyran
qalır, amma səxavətli, fədakar ürək qarşısında baş əyirlər.