19-cu fəsil
1-10
İSA
MƏSİH BAŞQALARI TƏRƏFİNDƏN RƏDD EDİLƏNİ ZİYARƏT EDİR (Luka 19:1-10)
Yerixo zəngin şəhər idi və vacib mərkəz sayılırdı. Şəhər İordan
vadisi boyunca uzanır, Yerusəlimə aparan yollara və çayın şərq
sahilindəki torpaqlara doğru gedən İordan çayının üzərindəki keçidə
nəzarət edirdi. Şəhərin yaxınlığında böyük palma meşəsi və qoxusu bir
neçə kilometrlərlə ətrafı bürüyən dünyaca məşhur balzam ağaclarından
ibarət bağ var idi. Yerixo qızılgül bağları ilə məşhur idi. Yerixonu
«xurma ağacları şəhəri» də adlandırırdılar. İosif Flavi Yerixonu «ilahi
torpaq», «İsrailin ən məhsuldar torpağı» adlandırırdı. Romalılar
Yerixodan dünyaca məşhur olan xurma və balzamı ixrac edirdilər.
Bu, Yerixonun daha da zənginləşməsinə, vergi və rüsumlardan xəzinəyə
böyük gəlirlər gətirməsinə səbəb olmuşdu. Biz artıq vergiyığanların
hansı vergiləri necə topladığını və bu prosesdə yırtıcı kimi necə
varlandıqlarını gördük (Luka 5:27-32). Zakkay karyerasının
zirvəsində idi və bölgənin ən nifrət edilən adamı idi. Onun haqqında üç
əsas fikir mövcud idi.
1. Zakkay zəngin olsa da, bədbəxt idi. O, tənha idi, çünki onu
aşağılayan bir peşə seçmişdi. O, İsa haqqında, Onun günahkar
vergiyığanlara qarşı mehriban münasibəti haqqında eşitmişdi. Zakkay elə
fikirləşirdi ki, bəlkə, İsanın onun üçün də yaxşı sözü olar. İnsanlar
tərəfindən nifrət edilən Zakkay Allahın sevgisi üçün susamışdı.
2. Zakkay nə olursa-olsun, İsanı görməyə qərarlı idi və heç nə ona
mane ola bilməzdi. Onun camaat içinə çıxması cəsarət tələb edirdi: axı
hər kəs nifrət etdiyi vergiyığanı itələmək, vurmaq və ya təpikləmək
fürsətindən istifadə edə bilərdi! Lakin Zakkay bu barədə düşünmürdü,
baxmayaraq ki, onun qançırlardan, əzilmələrdən və göyərmələrdən salamat
yeri yox idi. Camaat onun İsanı görməsinə imkan vermədi — onun belə
sıxışdırılmasından adamlar zövq alırdı. Buna görə Zakkay irəliyə qaçıb,
gövdəsi alçaq, budaqları ətrafa yayılmış bir firon ənciri ağacına
dırmaşdı. Bir səyyah yazır ki, «bu ağacın yaxşı kölgəsi olur... ona görə
də həmin ağac yol boyunca əkilir». Təbii ki, bəstəboy Zakkaya ağaca
dırmaşmaq asan başa gəlmədi, lakin güclü istək ona cəsarət verdi.
3. Zakkay hər kəsə göstərdi ki, indi o, başqa bir insandır. İsa həmin
günü Zakkayın evində olacağını bildirəndə, Zakkay isə özünə həqiqi dost
tapdığını düşünəndə, var-dövlətinin yarısını yoxsullara vermək qərarına
gəldi. O, var-dövlətinin digər yarısını da özünə saxlamaq fikrində
deyildi. Onu zərər vurduğu insanlara əvəzini ödəmək qərarına
gəlmişdi.
Zakkay xalqa məxsus olanı geri qaytarmaq qərarında qanunun
ondan tələb etdiyindən daha irəli getdi. Dördqat əvəzini ödəmək qanunla
yalnız qəsdən və zorakılıqla vurulan zərərə görə nəzərdə tutulmuşdu
(Çıxış 22:1). Adi oğurluq halında, oğurlanmış əşyanın
qaytarılması mümkün olmadıqda, mülkiyyətçi oğurlanmış əşyanın dəyərinin
iki qatı məbləğində kompensasiya ödəməli idi (Çıxış 22:4-7).
Əgər kimsə könüllü olaraq əməlini etiraf edirdisə, oğurlanmış əşyanın
dəyərindən əlavə olaraq bu dəyərin beşdə birini ödəməli idi
(Levililər 6:5; Saylar 5:7). Zakkay isə vurduğu zərəri qanunun
ondan tələb etdiyindən qat-qat artıq ödəməyə hazır idi. Bununla da o,
tamamilə başqa bir insana çevrildiyini əməldə sübut etdi.
Bir hakim məhkəmə iclası zamanı bir neçə qadının məhkəmə qarşısında
necə ifadə verməsi ilə bağlı çox acınacaqlı hadisə danışdı. Qadınlardan
biri israrla susur və ifadə verməkdən imtina edirdi. Ondan bu
davranışının səbəbini soruşduqda qadın dedi: «Bu şahidlərdən dördünün
mənə borcu var, amma onlar borclarını qaytarmırlar. Mənimsə ailəmi
dolandırmağa pulum yoxdur».
Səmimiyyəti əməllərlə təsdiqlənməyən ifadə yalandır. Məsih
insanlardan yalnız xoş sözlər deyil, həyatda əsaslı dəyişiklik tələb
edir.
4. Vergiyığan Zakkayın iman gətirməsinin bütün hekayəsi Bəşər Oğlunun
itmişləri axtarıb xilas etmək üçün gəldiyi fikri ilə bitir.
İtmiş sözünü həmişə ehtiyatla şərh etmək lazımdır. Unutmayaq
ki, Əhdi-Cədiddə bu söz lənətlənmiş və ya məhkum
edilmiş demək deyil. Bu söz, sadəcə olaraq, nəyinsə öz yerində
olmadığını bildirir. Məsələn, hansısa əşya öz yerindən yoxa çıxıbsa
və başqa yerdədirsə, itmiş sayılır. Biz həmin əşyanı tapanda, onu olduğu
yerə qaytarırıq. İtmiş insan haqq yolundan üz döndərib, Allahdan
uzaqlaşan insandır; o, itaətkar uşaq kimi Atasının ailəsində yenidən öz
layiqli yerini tutanda, tapılmış və xilas olmuş sayılır.
11-27
PADŞAH DOSTLARINA
GÜVƏNİR (Luka 19:11-27)
Bu məsəl İsanın danışdığı məsəllər arasında müstəsna yer tutur, çünki
yalnız bu məsəl qismən reallığa əsaslanır. Bu məsəl əsilzadənin padşah
təyin olunması üçün getməsindən, təbəələrinin isə ona mane olmaqdan ötrü
hər şeyi etməsindən bəhs edir. Eramızdan əvvəl 4-cü ildə Böyük Hirod
öləndə, onun padşahlığı Hirod Antipa, Hirod Filip və Arxela arasında
bölündü. Bu bölgü Romanın razılığı əsasında baş tutdu, çünki həmin
dövrdə Roma İsrailin ali hökmdarı idi. Yəhudeyanı miras alan Arxela
imperator Avqustdan miras haqqını təsdiqləmək üçün Romaya getdi; eyni
zamanda yəhudilər Arxelanı taxtda görmək istəmədiklərini imperator
Avqusta bildirmək üçün Romaya əlli nəfərdən ibarət nümayəndə heyəti
göndərdilər. Lakin imperator Arxelanın miras hüququnu təsdiqləsə də, ona
padşah titulu vermədi. Bu məsəli eşidən hər bir yəhudi, şübhəsiz ki,
dərhal onun mahiyyətini açıqlayan tarixi şəraiti xatırlayırdı.
Padşah və onun xidmətçiləri haqqında məsəl məsihçi həyatının bəzi
mühüm xüsusiyyətlərini əks etdirir.
1. Bu məsəldə padşahın etibarından bəhs edilir. O, qullarına
pul verib getdi. Qullar da pulları istədikləri kimi istifadə edə
bilərdilər. Padşah qullarının işlərinə və hərəkətlərinə qarışmırdı.
Allah da bizə belə etibar edir. Bir nəfər belə demişdi: «Allahda
heyranedici xüsusiyyət odur ki, O, hər bir insana istədiyi kimi hərəkət
etmək haqqı verir».
2. Bu məsəldə sınaq haqqında bəhs edilir. Həmişə olduğu
kimi, bu, həm də hər bir insanın xırda işlərdə nə qədər sadiq və
etibarlı olmasının sınağı idi. Bəzən insanlar adi problemləri ona görə
həll etmirlər ki, guya «bu problemlər onlar üçün çox əhəmiyyətsizdir».
Lakin Allah belə düşünmür: Allah insanı məhz gündəlik işlərində sınayır.
Buna İsadan yaxşı nümunə yoxdur. İsa otuz üç ilinin otuzunu Nazaretdə
keçirdi. Əgər O, bir dülgər və ailəni təmin etmək vəzifəsini sədaqətlə
yerinə yetirməsəydi, Allah dünyanın Xilaskarı olmaq kimi yüksək vəzifəni
Ona həvalə etməzdi.
3. Məsəl həm də padşah mükafatından bəhs edir. Ağasına sadiq
olan qulların aldıqları mükafat, heç bir şey etmədən boş oturaraq
alacaqları mükafatdan kəskin şəkildə fərqlənir. Sadiq qullardan biri on
şəhəri, digəri isə beş şəhəri idarə etmək üçün təyin olundu.
Çalışqanlıqla görülən işin mükafatı daha çətin bir vəzifə ilə əvəz
edildi. İnsan üçün ən yaxşı tərif, daha böyük və daha çətin işlərin ona
həvalə edilməsidir. Allah da sınaqdan keçmiş insana daha böyük işlərdə
etibar etməklə onu mükafatlandırır.
4. Məsəl həyatın amansız qanunlarından biri ilə bitir: «...kimin
varıdırsa, daha çox veriləcək, kimin yoxudursa, əlində olan da
alınacaq». Əgər insan hər hansı idman növü ilə məşğul olur və məşq
etməyə davam edirsə, zaman keçdikcə daha yaxşı oynayacaq; əgər o, məşqi
atarsa, onda malik olduğu çeviklik və bacarığını itirəcək. Bədəni daim
məşq etdirməklə, onu daha güclü və sağlam etmək olar: məşq olmadan o
zəifləyəcək və malik olduğu gücü itirəcək. Latın dilini öyrənən və
biliyini təkmilləşdirməkdə davam edən tələbə üçün latın ədəbiyyatının
xəzinələri getdikcə daha əlçatan olacaq. Lakin təhsilini yarımçıq qoysa,
bildiklərinin çoxunu unudacaq. Əgər biz, həqiqətən, xeyirxahlığa can
atırıqsa, bu və ya digər sınaqlara qalib gəliriksə, qarşımızda yeni
mənzərələr və yeni xeyirxahlıq zirvələri açılacaq. Yox, mübarizədən əl
çəkib asan yolu seçsək, qazandığımız qabiliyyətin böyük bir hissəsini
itirib, çatdığımız zirvələrdən aşağı yuvarlanacağıq. Məsihçi həyatında
rahatlıq və əldə edilənlərdən məmnun olmağa yer yoxdur. Biz ya yeni
zirvələrə qalxırıq, ya da çatdığımız zirvədən aşağı yuvarlanırıq.
28-40
İSA
MƏSİHİN YERUSƏLİMƏ TƏNTƏNƏLİ GİRİŞİ (Luka 19:28-40)
Yerixodan Yerusəlimə qədər olan məsafə cəmi iyirmi yeddi kilometr
idi. İsa, demək olar ki, Öz məqsədinə çatmışdı. Səyahətinin son mənzili
olan Yerusəlim Onun qarşısında idi.
Əhdi-Ətiqdə tez-tez rast gəldiyimiz peyğəmbərlərin bir vərdişi var
idi. Artıq sözlər təsirsiz olanda, insanlar Allahdan gələn şifahi xəbəri
qəbul etməkdən və anlamaqdan imtina edəndə, peyğəmbərlər əlamətlər
göstərirdilər ki, hər kəsdə silinməz təəssürat yaratsın. Belə
əlamətlərin nümunələrinə biz 1Padşahlar 11:29-31; Yeremya 13:1-11;
27:1-11 Yezekel 4:1-3; 5:1-4-də rast gəlirik. İsa da eyni əlamətə
üstünlük verdi. O, hamının Onun Məsih, Allahın məsh olunmuş Padşahı
olduğunu görsün deyə, Yerusəlimə xüsusi şəkildə girməyə qərar verdi.
İsanın Yerusəlimə daxil olması ilə bağlı bir neçə məqamı qeyd
edək.
1. Bu giriş dəqiqliklə planlaşdırılmışdı: bu, qəfil atılan addım
deyildi. İsa hər şeyi xırdalığına qədər düşünmüşdü. Allah sıpanın
sahibini hazırlamışdı, onun üçün «bu sıpa Rəbbə lazımdır» sözləri
kifayət idi.
2. Həmin təntənəli giriş həm də güclü çağırış və misilsiz cəsarətin
sübutu idi. Çünki bu vaxta qədər İsanın başı üçün mükafat artıq müəyyən
edilmişdi (Yəhya 11:57). Əgər İsa belə bir şəraitdə Yerusəlimə
getməyə qərar vermişdisə, Onun gözə dəymədən gizlicə girişi və arxa
küçələrdə gizlənməsi təbii olardı. Lakin O, sanki diqqət mərkəzində
olmaq istəyirmiş kimi Yerusəlimə girdi. Qanundan uzaqlaşdırılmış və başı
üçün mükafat təyin olunmuş bir adamın hamı ona diqqət yetirsin deyə
şəhərə bu cür daxil olmasını düşünmək insanı valeh edir. İsanın cəsarəti
və qorxmazlığı sərhəd tanımır.
3. Sonda İsanın Yerusəlimə təntənəli girişi Onun Özünü yəhudilərin
Padşahı adlandırmaq hüququna açıq şəkildə iddia etməsi, həmçinin
Zəkəriyyə peyğəmbərin kitabı 9:9-dakı peyğəmbərliyin sonu kimi
qəbul edilməlidir. Bununla belə, İsa Özünün hansı padşahlığın Padşahı
olduğunu iddia etdiyini vurğulamış oldu. İsraildə eşşəyə bizdəki kimi
xor baxılmırdı. Əksinə, o, nəcib heyvan sayılırdı. Yalnız müharibə
zamanı padşahlar atın belində gedirdilər; padşahlar sülhlə gələndə
eşşəyə minirdilər. İsa Yerusəlimə, əslində, izdihamın gözlədiyi qalib
qəhrəman kimi deyil, məhəbbət və sülh padşahı kimi daxil oldu.
4. İsanın Yerusəlimə girişi həm də xalqa son müraciəti oldu. İsa
sanki yalvarırmış kimi əllərini uzadaraq dedi: «Hələ də Məni padşahınız
kimi qəbul etmirsiniz?» Nə qədər ki, insan nifrəti Onu Çarmıxa
çəkməmişdi, O, bir daha sevgi çağırışı ilə insanlara müraciət etdi.
41-48
İSANIN KƏDƏRİ VƏ QƏZƏBİ
(Luka 19:41-48)
Bu hissədə üç fərqli hadisə təsvir olunur.
1. İsanın Yerusəlim üçün fəryadı. Zeytun dağının yamaclarından
Yerusəlimə gözəl mənzərə açılırdı: bütün şəhər göz önündə canlanırdı.
İsa yolayrıcında dayanıb, gələcəkdə Yerusəlimi gözləyən aqibət üçün
ağladı. O, şəhəri nələrin gözlədiyini bilirdi. Yəhudilər o dövrdə siyasi
intriqalara cəlb olunmuşdular, bu da eramızın 70-ci ilində Yerusəlimin
dağıdılması ilə başa çatmışdır. Şəhər elə viran qalmışdı ki, onun
mərkəzində şırım açılmışdı. Yəhudilərin faciəsi onda idi ki, onlar
siyasi hökmranlıqla bağlı xam xəyallarından əl çəkib Məsihin yolu ilə
getsəydilər, bunlar baş verməyəcəkdi.
İsanın göz yaşları — Allahın iradəsinə üsyankarlıqla qarşı çıxan
insanların öz başlarına gətirdikləri mənasız əzab və ağrıları görəndə,
Allahın tökdüyü göz yaşlarıdır.
2. Sonra Məbədin ikinci dəfə təmizlənməsi haqqında söhbət açılır.
Luka bu hadisəni çox qısa təsvir edir; Mattanın təsviri (Matta
21:12-13) daha genişdir. Nə üçün məhəbbətin təcəssümü olan İsa
Məbəddə və onun həyətlərində olan sərraflara və tacirlərə qarşı bu qədər
sərt və şiddətli davrandı?
Əvvəlcə sərraflara nəzər salaq. Hər bir yəhudi yarım şekel olmaqla
Məbəd vergisi ödəyirdi. O dövrdə bu məbləğ işçinin iki günlük maaşı idi.
Pasxa bayramından bir ay əvvəl Məbəd vergisini ödəmək üçün bütün
şəhərlərdə köşklər qurulurdu. Amma verginin çox hissəsini Yerusəlimdə
Pasxa bayramına gələn yəhudi zəvvarlar ödəyirdilər. İsraildə dövriyyədə
müxtəlif sikkələr — Yunan, Roma, Finikiya, Suriya, Misir sikkələri var
idi. Lakin onlar Məbəd vergisini ödəməyə yaramırdı: vergi ya yarım
şekellə, ya da adi Qalileya şekeli ilə ödənilməli idi.
Burada sərraflar köməyə gəlirdi. Sərraflar bərabər dəyərli sikkələri
yarım şekelə dəyişdirərkən, öz xeyrinə bir kollibos — çox kiçik
bir yunan sikkəsi götürürdülər. Əgər daha böyük bir sikkə yarım şekelə
dəyişdirilirdisə, sərraflar öz xeyrinə hər yarım şekelə bir
kollibos, dəyişmə üçün də əlavə bir kollibos
alırdılar. Belə bir sərraf təxminən illik 8000-9000 funt-sterlinq
ekvivalentində gəlir əldə edirdi. Əslində, bu cür pul əməliyyatları sırf
soyğunçuluq və kasıb adamların aldadılması idi.
İndi isə gəlin heyvan satıcılarına nəzər salaq. Demək olar ki, Məbədə
edilən hər ziyarətdə heyvan qurbanı gətirilməli idi. Onları Məbədin
xaricində münasib qiymətə almaq olardı, lakin Məbədin rəhbərliyi xüsusi
nəzarətçilər təyin etmişdi ki, heyvanların qüsursuz və ləkəsiz olmasına
nəzarət etsin. Buna görə də, qurbanlıq heyvanları Məbəddə qurulmuş
xüsusi çadırlardan almaq daha etibarlı idi. Amma Məbəddəki heyvanlar
çöldəkindən qat-qat baha idi. Bu, yenə də yazıq zəvvarların aldadılması
və bir növ qanuni quldurluq idi. Daha pisi o idi ki, bu çadırlar baş
kahinin — Xananın adını daşıyırdı. Məhz buna görə İsa həbs olunandan
dərhal sonra ilk növbədə Xananın evinə gətirildi (Yəhya 18:13).
Xanan öz iyrənc monopoliyasına belə zərbə vuran bu Adamı bir qaşıq suda
boğmağa hazır idi. İsanın Məbədi qəzəblə təmizləməsinin əsas səbəbi o
idi ki, orada yoxsulları istismar edirdilər. Məsələ təkcə onda deyildi
ki, alqı-satqı ibadətin ləyaqətini və təntənəsini pozurdu, həm də Rəbbin
evindəki ibadəti Allaha ibadət edənləri istismar etmək üçün istifadə
olunurdu. İsa bu addımı atmağa qərar verəndə Onun ürəyi də sosial
ədalətə susayırdı.
3. Məbədin həyətində təlim verən İsanın hərəkətində böyük cəsarət
görmək olar. Bu, açıq-aşkar meydan oxumaq idi. Həmin vaxt hakimiyyət Onu
həbs edə bilmədi, çünki bütün xalq Onun hər sözünə qulaq asırdı. Lakin
hər dəfə O, Məbəddə öyrədəndə, Öz həyatını riskə atırdı. İsa yaxşı
bilirdi ki, Onunla bağlı qərar verilib. Bu, sadəcə zaman məsələsidir.
Hər bir məsihçi Rəbbimiz kimi cəsarətli olmalıdır. O, nümunə göstərdi.
Biz də insanlara kim olduğumuzu və Kimə xidmət etdiyimizi göstərməkdən
heç vaxt utanmamalıyıq.