2-ci fəsil
1-7
BET-LEXEMƏ SƏYAHƏT (Luka
2:1-7)
Roma İmperiyasında həm vergilərin tutulması, həm də hərbi xidmətə
çağırılanların qeydiyyatı üçün müntəzəm olaraq siyahıyaalmalar
aparılırdı. Düzdür, yəhudilər hərbi xidmətdən azad idilər. Buna görə də
İsraildə siyahıyaalma əsasən vergiyə cəlb olunmaq üçün keçirilirdi.
Prosesin Misir və Suriyada necə təşkil edildiyinə və Yəhudeyanın da
Suriyanın bir hissəsi olmasına dair etibarlı mənbədən məlumatımız var.
Bu məlumat Misir şəhər və kəndlərinin zibilliklərində, eləcə də səhrada
tapılmış papiruslarda yazılan faktiki sənədlərdən gəlir.
Belə siyahıyaalmalar hər on dörd ildən bir keçirilirdi. 20-ci ildən
270-ci ilə qədər aparılan siyahıyaalmaların faktiki sənədləri günümüzə
qədər gəlib çatmışdır. Əgər bu on dörd illik intervala Suriyada dəqiq
əməl olunurdusa, deməli, sözügedən siyahıyaalma eramızdan əvvəl 8-ci
ildə aparılıb və daha dəqiq desək, İsa həmin ildə doğulub. Bəlkə də Luka
bir az səhvə yol verib. Məsələ burasındadır ki, Kvirini,
doğrudan da, eramızdan əvvəl 6-cı ildə Suriyanın hökmdarı olub. Lakin
bundan əvvəl — eramızdan əvvəl 10-7-ci illərdə həmin yerlərdə rəsmi
vəzifəsi olub. Çox güman, məhz onun fəaliyyətinin ilk dövründə də
siyahıyaalma aparılmalı idi.
Bəzi alimlər siyahıyaalma zamanı hər kəsin öz şəhərinə gəlməli olması
fikri ilə mübahisə edirdilər. Amma budur, Misirdən olan etibarlı hökumət
fərmanı:
«Misirin perfekti Qay Vibi Maksim əmr edir:
«Siyahıyaalma vaxtının gəldiyini nəzərə alaraq, hər hansı səbəbdən öz
kəndindən kənarda yaşayan hər kəsə siyahıyaalmanı lazımi qaydada
keçirmək və onlara ayrılan torpaq sahələrini becərmək üçün evlərinə
qayıtmağı əmr edirəm»».
Əgər Misirdə belə idisə, yəqin ki, qəbilə münasibətlərinin hələ də
yaxşı qorunduğu Yəhudeyada da belə idi: insanlar öz ata-baba şəhərinə
gəlməli idilər. Budur, Əhdi-Cədid məlumatlarının etibarlılığına dair bir
nümunə.
Bet-Lexem Nazaretdən yüz otuz kilometr aralıda yerləşirdi. O dövrdə
səyahət imkanları çox primitiv idi. Şərq karvansarası ümumi həyətə baxan
bir sıra tövlələrdən ibarət idi. Səyahətçilər özləri ilə lazımi qidaları
götürürdülər. Karvansaranın sahibi heyvanlar üçün qida və yer, yemək
bişirmək üçün od ilə təmin edirdi. Bet-Lexemdə yer yox idi. Yusif və
Məryəm otaq tapmadığına görə, Məryəm Körpəni karvansaranın həyətində
dünyaya gətirdi. Körpənin sonra bələndiyi bələk kvadrat parçadan ibarət
idi, bələyin üstündən diaqonal şəkilində lent bağlanırdı. Körpə əvvəlcə
kvadrat parçaya bükülür, sonra isə lentlə bir neçə dəfə sarınırdı. Axur
kimi tərcümə edilən söz isə heyvanların qidalandığı yer deməkdir; çox
güman, ya pəyə, ya da yem təknəsi deməkdir.
Mehmanxanada yerin olmaması İsa və Onun gələcək taleyi baxımından
simvolik məna daşıyırdı. Onun üçün yer yalnız Çarmıxda tapıldı. O,
insanların qəlbinə yol axtarırdı, amma tapmadı. O, indiki dövrdə də
axtarır, lakin inadla rədd edilir.
8-20
ÇOBANLAR VƏ MƏLƏKLƏR (Luka
2:8-20)
İsanın doğulması xəbərini ilk olaraq çobanların alması çox gözəldir.
Ortodoks yəhudilər çobanlara xor baxırdılar. Axı çobanlar qanunun bütün
müddəalarına, yəni digər norma və qadağalarda olduğu kimi, əllərin
yuyulması ilə bağlı bütün xırda göstərişlərə əməl edə bilmirdilər.
Onların sürüləri çox diqqət tələb edirdi. Buna görə də ortodoks
yəhudilər onlara yuxarıdan aşağı baxırdılar. Allahın xəbəri ilk olaraq
məhz onlara, tarlaların sadə adamlarına göndərildi.
Amma görünür, onlar qeyri-adi çobanlar idilər. Artıq bildiyimiz kimi,
Məbəddə hər səhər və hər axşam Allaha birillik toğlu qurban gətirilirdi.
Məbədi qurbanlıq yararlı quzularla təmin etmək üçün Məbəd rəhbərliyi
sürü saxlayırdı. Məlumdur ki, bu sürülər Bet-Lexem yaxınlığında
otarılırdı. Bəlkə də bu çobanlar Məbəd üçün seçilən quzu sürüsünü də
otarırdılar. Məbədin sürüsünü otaran çobanların dünyanın günahını Öz
üzərinə götürməkdən ötrü təyin edilmiş Allahın Quzusunu ilk görənlər
olduğunu fərz etmək xoş təsir bağışlayır.
Artıq bildiyimiz kimi, yəhudi ailəsində oğlan uşağı dünyaya gələndə
yerli musiqiçilər onun doğumunu sadə musiqi ilə bildirmək üçün
valideynlərin evinin yaxınlığında toplaşırdılar. İsa Bet-Lexemdə
karvansarada anadan olduğu üçün bu mərasim baş tuta bilməzdi. Amma
yerdəki musiqinin əvəzinə səmavi musiqinin səslənməsi və İsa üçün ən
yaxşı müğənnilərin oxuya bilmədiyi mahnıları mələklərin oxuması necə də
möhtəşəmdir.
Bu barədə oxuyanda, Allahın Oğlunun doğulmasının çox pis şəraitdə baş
verməsi fikri bizi sarsıdır. O, ümumiyyətlə, doğulmaq üçün nəzərdə
tutulmuşdusa, bunun sarayda və ya qəsrdə olacağını gözləmək olardı.
Avropa monarxlarından biri saraydan gizlicə çıxmağı və insanlar arasında
özünü tanıtmadan gəzməyi xoşladığı üçün saray əyanlarını tez-tez narahat
edirdi. Şəxsi təhlükəsizliyini əsas gətirərək bunu etməməyi ondan xahiş
edəndə isə belə cavab vermişdi: «Mən insanların necə yaşadıqlarını
bilmədən onlara hökmranlıq edə bilmərəm». Məsihçi imanı bizim
Allahımızın həyatımızı bildiyinə dair əsas fikri təsdiqləyir. Çünki O
Özü bu həyatı yaşayıb və adi insanlar üzərində xüsusi üstünlüklərdən
imtina edib.
21-24
QƏDİM ADƏTLƏRƏ RİAYƏT
ETMƏK (Luka 2:21-24)
Bu hissədə görürük ki, İsa hər bir yəhudi oğlanı kimi üç qədim
ayinlərdən keçib:
1) Sünnət. Hər bir yəhudi oğlan doğulduqdan sonra səkkizinci
gündə sünnət edilirdi. Bu mərasim o qədər müqəddəs idi ki, hətta Şənbə
günündə də həyata keçirilə bilərdi, halbuki qətiyyən zəruri olmayan
bütün digər işləri yerinə yetirmək qanunla qadağan idi. Sünnət olunanda
oğlana ad qoyurdular.
2) İlk övladın təqdis olunması. Qanuna görə
(Çıxış 13:2), həm uşaqlarda, həm də heyvanlarda hər ilk doğulan
erkək Allaha həsr olunurdu. Bu qanun insanlara həyat verən Allahın
mərhəmətinə şəhadət edirdi. Əgər bu qanun sözün əsl mənasında yerinə
yetirilsəydi, ümumən bəşəriyyətin varlığına xələl gətirərdi. Ona görə də
«ilk övlad üçün fidyə» adlı ayin var idi (Saylar 18:16). Qanun
müəyyən edirdi ki, beş şekel gümüş məbləği (təxminən 72,25 qr. gümüş)
qarşılığında valideynlər oğullarının Allaha əvəzini ödəyə bilərdilər. Bu
pul kahinlərə verilirdi, amma doğumdan sonrakı otuz birinci gündən tez
olmamaq şərti ilə. Bundan sonra ödənişi təxirə salmaq olmazdı.
3) Uşaq dünyaya gəldikdən sonra paklanma mərasimi. Oğlan
dünyaya gətirən qadın qırx gün, qız dünyaya gətirən qadın isə səksən gün
murdar sayılırdı. O, gündəlik ev işlərini görə bilərdi, lakin Məbədə
gedə və ya istənilən dini ayində iştirak edə bilməzdi (Levililər
12). Bu müddət bitəndən sonra o, Məbədə yandırma qurbanı üçün bir
quzu və günah qurbanı üçün bir körpə göyərçin gətirməli idi. Bu, kifayət
qədər bahalı qurban idi, buna görə də Qanunda (Levililər 12)
yazılmışdır ki, əgər qadın quzu ala bilmirsə, onun yerinə ikinci
göyərçini gətirə bilər. Quzu əvəzinə iki göyərçin qurbanın kəsilməsi
«kasıbın qurbanı» adlandırılırdı. Məryəm də məhz belə bir qurban
gətirdi. Bir daha görürük ki, İsa dəbdəbədən kənar, hər qəpiyin
hesabının tutulduğu, çörək qazanmağın nə qədər çətin olduğunu bilən və
sabahkı günə ümidi olmayan adi bir ailədə anadan olub. Biz həyatın
ehtiyac və çətinliklərini yaşayanda, yada salmalıyıq ki, İsa dolanmağın
nə qədər çətin olduğunu bilirdi.
Bu üç adət qədim olduğu qədər də qəribədir, lakin onların əsasında
övladın Tanrının hədiyyəsi olduğuna dair əqidə var. Stoiklər deyirdilər
ki, uşaqlar valideynlərə mülk kimi deyil, müvəqqəti sahib olmaq üçün
verilir. İnsan Allahın nemətlərindən heç birinə görə övladdakı qədər
böyük məsuliyyət daşımır.
25-35
PEYĞƏMBƏRLİYİN
GERÇƏKLƏŞMƏSİ (Luka 2:25-35)
Elə bir yəhudi yox idi ki, xalqını seçilmiş xalq hesab etməsin.
Bununla belə, yəhudilər başa düşürdülər ki, onlar inanclarına görə
əvvəlcədən yəhudi xalqı üçün müəyyən edilmiş dünyanın əzəmətinə sırf
insan gücü ilə nail ola bilməyəcəklər. Onların əksəriyyəti seçilmiş xalq
olduqlarına görə bir gün bütün millətlərə hökm edəcəklərinə inanırdılar.
Onlar elə hesab edirdilər ki, vaxtı çatanda hansısa böyük səmavi
qəhrəman yer üzünə enəcək. Bəziləri Davudun nəslindən İsrailin əvvəlki
şöhrətini bərpa edəcək yeni padşahın doğulacağına inanırdılar. Üçüncü
qrup insanlar isə inanırdı ki, Tanrı Özü hansısa fövqəltəbii yolla
tarixin gedişinə müdaxilə edəcək. Amma bütün bu qruplarla yanaşı,
«ölkədə dinc» adlanan daha kiçik bir qrup da var idi. Onlar zorakılıq və
güc, ordular və əlamətlər xəyal etmirdilər. Onlar Allah gələnə qədər
daimi dua və həyatı sakit şəkildə seyr etməyə inanırdılar. Bütün
ömürləri boyu sakit və ümidlə Onu gözləyirdilər. Şimeon onlardan biri
idi: duada ehtiramla, təvazökar və sədaqətli ümidlə Allahın Öz xalqına
təsəlli verəcəyi günü gözləyirdi. Allah Müqəddəs Ruh vasitəsilə Şimeona
söz vermişdi ki, o, Allahın məsh etdiyi Padşahı görənə qədər ölməyəcək.
Şimeon Onu Körpə İsada tanıdı və təsəlli tapdı. O, başa düşdü ki, Tanrı
onu sülhlə buraxır. Onun sözləri isə İmanlı Cəmiyyətinin böyük və
sevimli ilahilərindən birinə çevrildi.
34-cü ayədə Şimeon İsanın fəaliyyətinin və taleyinin bir növ
xülasəsini ifadə edir:
1) O, İsraildə bir çox adamın yıxılmasının səbəbkarı olacaq.
Bu sözlər qəribə və qəddarcasına səslənsə də, ədalətlidir. İnsanı təkcə
Allah mühakimə etmir, həm də insan özü-özünü mühakimə edir. Onun
mühakiməsi İsa Məsih haqqında verdiyi qərardan asılı olacaq. Əgər insan
bu cür fəzilət və gözəlliyə rast gələrək, onlara ürəkdən məhəbbətlə
cavab verərsə, deməli, o, Allahın Padşahlığına aiddir. Əgər insan Onunla
görüşdükdən sonra soyuq və laqeyd qalarsa və ya şüurlu şəkildə Ona qarşı
düşmənçilik edərsə, lənətlənəcək və məhkum olunacaq. İnsan ya Məsihi
sidq ürəkdən qəbul edə, ya da Onu rədd edə bilər.
2) O, bir çox adamın ucalmasının səbəbkarı olacaq. Seneka
deyirdi ki, insanların çoxunun göylərdən onlara uzadılan və onları
qaldıracaq bir ələ ehtiyacı var. İsanın əli insanı əvvəlki həyatından
yeni həyata, günahdan xeyirxahlığa, rüsvayçılıqdan izzətə qaldırır.
3) O, insanların rədd etdiyi bir əlamət olmaq üçün təyin
olunub. Heç kim İsaya biganə və laqeyd qala bilməz. Biz ya Ona
təslim oluruq, ya da Ona qarşı vuruşuruq. Çox vaxt qürurumuz
məğlubiyyətimizi etiraf etməyə imkan vermir ki, bizi qələbəyə doğru
aparsın. Həyatın faciəsi də elə budur.
36-40
HÖRMƏTLİ QOCALIQ (Luka
2:36-40)
Xanna da «ölkədə dinc» qrupuna aid idi. Onun haqqında yalnız burada
deyilənləri bilirik. Lakin bu qısa təsvirdə belə, Luka tam bir görüntü
verir.
1) Xanna dul idi. O, kədərli və qəm-qüssə ilə dolu həyat
yaşamışdı. Belə həyat tərzi insanı sərtləşdirə, amansız, kinli və
Allaha itaətsiz etmək gücündə olsa da, Xannanı sərtləşdirə bilməmişdi.
Lakin belə həyat tərzi həm də insanın daha mehriban, mülayim, rəğbətli
olmasına kömək edə bilər. Sınaqlar həm imanımızı zəiflədə, həm də onu
gücləndirə bilər. Hər şey bizim Allahla münasibətimizdən asılıdır. Əgər
biz Onu zalım hesab ediriksə, Ona üsyan etməyə və qəzəblənməyə
başlayırıq. Biz onu Atamız kimi qəbul ediriksə, əmin olarıq ki, Atanın
əli heç vaxt əlavə göz yaşı tökməyimizə icazə verməz.
2) Onun səksən dörd yaşı var idi. O qocalsa da, ümidini heç vaxt
itirməmişdi. İnsan qocalanda gücünü, zahiri gözəlliyini itirir.
Həyat qəlbimizi sərtləşdirə, bəslədiyimiz ümidləri söndürə bilər və biz
hər şeyə kədərli halda boyun əyib acizcəsinə gördüklərimizlə
kifayətlənirik. Lakin yenə də, hər şey bizim Allahla necə münasibət
qurmağımızdan asılıdır. Əgər biz Onu uzaq və laqeyd hesab etsək,
ümidsizliyə qapıla bilərik. Lakin Onun bizimlə yaxından sıx bağlı
olduğuna, həyatımızın gedişini yönləndirdiyinə inansaq, onda bizi yaxşı
şeylərin gözlədiyinə əmin ola bilərik və bu ümid bizi
ruhlandıracaqdır.
Bəs necə oldu ki, Xanna ruh yüksəkliyini qoruyub saxlaya bildi?
1) O, Məbədi tərk etmirdi. O, həyatını Allahın Məbədində
Allahın övladları ilə keçirdi. Allah bizə iman anamız olmaq üçün Öz
Cəmiyyətini verdi. Ona xidmət edən insanlarla birlikdə olmaq fürsətini
əldən versək, özümüzü əvəzsiz xəzinədən məhrum etmiş olarıq.
2) O, dua etməyi heç vaxt dayandırmadı. Ümumi ibadət böyük
gücdür, amma şəxsi ibadət də mühüm rol oynayır. Bir nəfər çox düzgün
ifadə etmişdir: «Ən yaxşı dua edən o kəsdir ki, əvvəlcə təklikdə dua
edir». Ötən illər ərzində Xannanın yaşadıqları onun ürəyini
sərtləşdirmədi və imanını sarsıtmadı, çünki o, gündən-günə gücümüzün
mənbəyi olan, zəifliyimizi Onun gücündə kamilləşdirdiyimiz Allahla
ünsiyyət qururdu.
41-52
TALEYİN İLK BAXIŞLARI (Luka
2:41-52)
Bu hissə Müjdədə böyük əhəmiyyət kəsb edir. Qanuna görə, Yerusəlimdən
təxminən iyirmi beş kilometr məsafədə yaşayan hər yetkin yəhudi Pasxa
bayramında şəhərə gəlməli idi. Əslində, harada yaşamasından asılı
olmayaraq, hər bir yəhudi həyatında bir dəfə də olsun bu bayramda
iştirak etmək istəyirdi.
Yəhudi oğlan on iki yaşında olanda kişi sayılırdı. Bu zaman o,
qanunun oğlu hesab edilir və qanunun bütün öhdəliklərini öz üzərinə
götürürdü. Beləliklə, on iki yaşlı İsa ilk dəfə Yerusəlimə Pasxa
bayramında gəldi. Biz müqəddəs şəhərin, Məbədin və müqəddəs ayinlərin
Onda necə təəssürat yaratdığını təsəvvürümüzdə canlandıra bilərik.
Valideynləri geri qayıdanda, O, şəhərdə qaldı. Valideynlərinin Onun
yoxluğunu dərhal fərq etməməsi onların diqqətsizliyi ilə bağlı deyildi.
Adətən, qadınlar daha yavaş getdikləri üçün kişilərdən əvvəl yola
düşürdülər. Kişilər daha gec yola düşür və daha sürətlə yeriyirdilər.
Onlar yalnız axşam düşərgəsində görüşdülər. İsa ilk dəfə idi ki, Pasxa
bayramında iştirak edirdi. Yusif elə zənn edə bilərdi ki, O, anası ilə
gedib. Məryəm isə Onun Yusiflə getdiyini daha çox güman edə bilərdi.
Buna görə də düşərgəyə çatana qədər Onun yoxluğunun fərqində
olmadılar.
Valideynləri, təbii ki, Onu tapmaq məqsədilə Yerusəlimə qayıtdılar.
Pasxa bayramı müddətində Ali Şura Məbədin həyətinə yığışaraq,
maraqlananların iştirakı ilə dini sualları müzakirə edirdi. Valideynləri
İsanı orada tapdılar. Yeniyetmə bir oğlanın yaşca özündən çox böyük
adamların qarşısında böyük-böyük danışdığı səhnəni təsəvvür etmək lazım
deyil. «Onlara qulaq asır, suallar verirdi» ifadəsi valideynlərindən
öyrənən şagirdi xarakterizə edir. İsa müzakirəyə qulaq asırdı və ciddi
bir tələbə kimi səylə bilik axtarırdı.
Burada biz İsanın tərcümeyi-halında mühüm yerlərdən birini tapırıq.
«Atanla mən, — Məryəm dedi, — nigaran qalıb səni axtarırdıq».
İsa dedi: «Məgər bilmirdiniz ki, Mən Atamın evində olmalıyam?»
Fikir verin, İsa Yusifdən ata adını necə yumşaq, lakin qətiyyətlə
götürüb Allaha yönəldir. İsa Allahla xüsusi münasibətlərinin olduğunu
dərk edir. Körpə ikən O, axurda və ya anasının sinəsində olanda bu
münasibətləri dərk edə bilməzdi, bu ağlasığmazdır. Lakin zaman keçdikcə
O öyrənir, düşünürdü. İndi isə Yerusəlimdə bu ilk Pasxa bayramı zamanı
kişi kimi yetkinləşərək açıq-aydın başa düşdü ki, O, Allahın
Oğludur.
Qarşımızda İsanın Kim olduğunu anladığı günün hekayəsi canlanır.
Baxın, bu kəşf Onu qürurlandırmadı. Bu Onun təvazökar valideynlərinə,
həlim Məryəmə və qeyrətli Yusifə xor baxmasına səbəb olmadı. İsa onlarla
birlikdə Nazaretə getdi və onlara itaətli oldu. Allahın Oğlu
kimi O, yer üzündəki valideynlərinin də mükəmməl oğlu idi. Əsl ruhani
insan dünyəvi əlaqələrinə xor baxmaz, yalnız qüsursuz sədaqətlə
dünyadakı vəzifələrini yerinə yetirər.