20-ci fəsil
1-8
HANSI SƏLAHİYYƏTLƏ? (Luka
20:1-8)
Bu fəsildə «sual günü» deyilən gün təsvir olunur. Bu gün yəhudi
başçılarının nümayəndələri Məbədə gəlib, İsanı Öz sözündən tutmaq və
ittihama əsas tapmaq üçün Ona suallar verməyə başladılar. İsa isə
müdrikliyi sayəsində onlara elə cavab verdi ki, onlar mat qaldılar və
bir söz deyə bilmədilər.
Birinci sualı baş kahinlər, ilahiyyatçılar və ağsaqqallar verdilər.
Baş kahinlər dedikdə, keçmiş baş kahinlər və onların ailə üzvlərindən
ibarət bir qrup insan başa düşülməlidir. Onlar Məbədin dini
aristokratiyasını təmsil edirdilər. Baş kahinlər, ilahiyyatçılar və
ağsaqqallar yəhudilərin idarəedici orqanı olan Ali Şuranı təşkil
edirdilər. Buna görə də, demək olar ki, suallar İsaya qarşı ittiham
irəli sürmək üçün Ali Şuranın özü tərəfindən verilmişdi.
Onların İsadan bütün bunları hansı səlahiyyətlə etdiyini soruşması
təəccüblü deyil! Yerusəlimə təntənəli şəkildə daxil olmaq, ondan sonra
hər şeyi öz qaydasında qurub Məbədi təmizləmək — İsa bunun izahını
verməli idi. Axı kiminsə bunu etməsi üçün Ona səlahiyyət verməli idi! O
dövrün dindar yəhudiləri üçün İsanın Məbəddə belə rahat davranması
fövqəladə və heyrətamiz davranış idi. Heç bir ravvin heç vaxt kiminsə
səlahiyyətinə istinad etmədən heç bir qərar qəbul etməyib, hətta rəsmi
açıqlama da verməyib. O, arqumentini belə əsaslandırardı: «Çünki deyilib
ki...» Yaxud belə deyərdi: «Filan rabbi təsdiqləyir ki...» Amma heç kim
İsanın Məbəddə etdiyi kimi müstəqil hakimiyyətə iddia etməmişdi. Buna
görə də onlar istəyirdilər ki, İsa — Məsih və Allahın Oğlu olduğunu
açıq-aydın desin. Onda onların əlində İsaya qarşı küfr ittihamı olacaqdı
və Onu yerindəcə həbs edə biləcəkdilər. Lakin İsa onların istədiyi
cavabı vermədi, çünki Onun vaxtı hələ gəlməmişdi.
Bəzən İsanın cavabı yeganə məqsədi taktiki üstünlük əldə etmək olan
ağıllı polemik cavab kimi xarakterizə olunur. Amma bu, heç də belə
deyil. İsa onlara sual verdi: «Yəhyanın vəftizi göydən idimi, yoxsa
insanlardan?» Məsələ burasındadır ki, Onun sualına düzgün cavab
verməklə, onlar öz suallarına cavab vermiş olardılar. Hər kəs Vəftizçi
Yəhyanın İsaya necə baxdığını, Onu kim hesab etdiyini və özünü yalnız
ondan sonra gələn Məsihin elçisi hesab etdiyini bilirdi. Əgər baş
kahinlər və onların dəstəsi Yəhyanın səlahiyyətinin göydən olduğuna
razılaşsaydılar, onda İsanın Məsih olduğunu qəbul etməli idilər. Çünki
Yəhya Onun Məsih olduğunu demişdi. Əgər onlar bu həqiqəti inkar etməyə
cürət etsəydilər, xalq onlara qarşı qalxardı. İsa belə sual verməklə
sanki soruşdu: «Sizcə, Mən bu səlahiyyəti kimdən almışam?» Əgər onlar
İsanın sualına cavab versəydilər, O, artıq onlara cavab verməli olmazdı.
Həqiqətlə üz-üzə qalan insan özünü çətin vəziyyətə sala bilər. Amma
insan həqiqətlə üz-üzə gəlməkdən qaçırsa, o qədər çətin vəziyyətə düşər
ki, heç oradan çıxa bilməz.
Fariseylərin göndərdiyi adamlar həqiqətlə üz-üzə gəlməkdən imtina
etdilər və onlar əliboş qayıtmalı oldular, beləcə camaatın onlara olan
inamını itirdilər.
9-18
MÜHAKİMƏ HAQQINDA MƏSƏL
(Luka 20:9-18)
Məsəlin mənası olduqca aydındır. İsa üzüm bağı dedikdə İsraili,
bağbanlar dedikdə isə İsrail hökmdarlarını nəzərdə tuturdu (Yeşaya
5:1-7). Göndərilən qullar — hökmdarlar tərəfindən xor baxılan,
təqib olunan və öldürülən peyğəmbərlərin təsvirini verir. Ağanın oğlu
isə İsadır. Mühakimə isə ondan ibarətdir ki, İsrailin mirası başqalarına
veriləcək.
Məsəldə haqqında danışılan mühakimə sonradan gerçəkləşdi. İsanın
dövründə Yəhudeya iqtisadi çətinliklər və xalq üsyanları içində
yaşayırdı. Bir çox torpaq sahibləri Yəhudeyadan kənarda yaşamağa və
torpaqlarını icarəyə verməyə üstünlük verirdilər. İcarə haqqı nadir
hallarda nağd şəkildə ödənilirdi: çox vaxt bu, yaxşı və ya pis
olmasından asılı olmayaraq, sabit miqdarda məhsul, ya da məhsulun
müəyyən bir hissəsi şəkildə ödənilirdi.
Bu, mənalı və ibrətamiz məsəllərdən biridir. Biz bu məsəldən insan
haqqında bəzi şeyləri öyrənirik.
1. Məsəldə insanlara verilən imtiyazlardan bəhs edilir.
Bağbanlar üzüm bağı salmamışdılar. Onlar bağın idarə edilməsi hüququnu
almışdılar, üzüm bağının sahibi isə dəyənəklə onların başında
durmamışdı. O, bağı təhvil verib getdi və bağbanların istədikləri kimi
işləməsi üçün şərait yaratdı.
2. Məsəldə insanların günahkar təbiətindən bəhs edilir.
Bağbanların günahı onda idi ki, onlar üzüm bağının sahibinə məhsul
verməkdən imtina etdilər və onun mülkünü ələ keçirmək istədilər. Onların
günahı həm də onda idi ki, Allahı Allah yerinə qoymadılar və Ona itaət
göstərmək istəmədilər.
3. Məsəldə insanın məsuliyyətindən bəhs edilir. İcarəçi
bağbanlar uzun müddət özbaşınalıq etdilər; lakin haqq-hesab günü gəldi.
İnsan gec-tez ixtiyarına verilənlərə görə haqq-hesab verməli olacaq.
Bu məsəldən biz Allah haqqında da öyrənirik.
1. Məsəldə Allahın səbrindən bəhs edilir. Üzüm bağının
sahibi bağban-icarəçilərin ilk etirazından sonra onlara qarşı güc tətbiq
etmədi. O onların yola gəlməsi üçün dəfələrlə onlara vaxt verdi. Allahın
səbrindən heyrətamiz heç nə yoxdur. Əgər dünyanı yaradıcısı insan
olsaydı, ümidsizlik içində onu məhv edərdi.
2. Məsəldə Allahın hökmündən bəhs edilir. Bağban-icarəçilər
düşündülər ki, onlar sahibinin səbrindən sui-istifadə edib, ondan
qurtula bilərlər. Lakin Allah Öz haqqını əldən vermədi. İnsan ona
istədiyini etməyə icazə verilib deyə nə qədər özünə təsəlli versə də,
qiyamət günü gələcək. Romalıların dediyi kimi, «ədalət qərəzsizdir və
sonda qalib gələcək».
Məsəl bizə İsa haqqında bəzi şeylər deyir.
1. Biz görürük ki, İsa yəhudiləri gələcəkdə nə gözlədiyini
bilirdi. Axı O, Yerusəlimə Çarmıxdan qaça biləcəyi ümidi ilə
gəlməmişdi. O, ölümün gözünə dik baxaraq qorxmadan irəli getdi.
Peyğəmbər qadın Kassandra böyük yunan qəhrəmanı Axillesə deyəndə ki,
döyüşə getsə, mütləq öləcək, Axilles ona belə cavab vermişdi: «Buna
baxmayaraq, yenə də döyüşə getmək niyyətindəyəm». İsanın başqa yolu yox
idi.
2. Məsəldə deyilir ki, İsa heç vaxt Allahın son qələbəsinə şübhə
etmirdi. Allahın sarsılmaz əzəmətinə günahkar insanların gücü
çatmaz. Bəzən adama elə gəlir ki, şər sanki qələbə çalır, amma sonda o,
cəzadan qaça bilməyəcək.
Ədalətli Olan səbirlə zindanlarda, hər yerdə
Qanuniləşdirilmiş vəhşiliklərin özbaşınalığı ilə
Törədilmiş saysız-hesabsız qətllərin icrasını seyr edir.
Haqq həmişəki kimi edam edilir,
Şər nəsildən-nəslə taxtı miras alır.
Amma qəm və əzab zülmətinin arxasında
Allahın cəzası ilə hökmü gəlir.
3. Bu məsəldə İsa birmənalı şəkildə Allahın Oğlu olduğunu bəyan
edir. O, qəsdən Özünü peyğəmbərlərin sırasından kənarlaşdırır.
Onlar Allahın qulları idilər. O isə Allahın Oğlu, Allah
tərəfindən məsh edilmiş Padşahdır. «Bənnaların rədd etdiyi daş guşədaşı
olub» ifadəsi Zəbur 118:22-dən götürülmüşdür. Erkən İmanlı
Cəmiyyətində bu, İsa Məsihin ölümünü və dirilməsini təsvir etmək üçün
sevimli sitat idi (Həvarilərin İşləri 4:11:1 Peter 2:7).
19-26
ALLAHINKI VƏ QEYSƏRİNKİ
(Luka 20:19-26)
Budur, Ali Şuranın elçiləri yenidən hücuma keçdilər. Onlar insanları
guya onları, həqiqətən, narahat edən suallarla İsaya müraciət etməyə
təhrik etdilər. Qeysərə ödənilən vergi — hər bir adamdan ildə bir dinar
məbləğində tutulan vergi idi. 14-65 yaş arası hər kişi və 12-65 yaş
arası hər bir qadın onu ödəməli idi. Həmin vergi İsraildə qızğın
mübahisələrə və dəfələrlə üsyana səbəb olmuşdur. Düzünü desək, mübahisə
yaradan onun pul tərəfi deyildi. Çünki heç kim onu yüksək məbləğ hesab
etmirdi və o, ağır yük deyildi. Əslində, mübahisə yaradan başqa tərəf
idi: yəhudi fanatikləri inanırdılar ki, yalnız bir padşah var, o da
Tanrıdır. Buna görə də Allahdan başqa birinə vergi ödəməyin qanuna zidd
olduğunu düşünürdülər. Məsələ dini xarakter daşıyırdı və çoxları bu
prinsip uğrunda ölməyə hazır idi. Belə olan halda, Ali Şuranın elçiləri
İsanı iki şər arasında seçim etməyə məcbur qoydular. Əgər İsa qeysərə
vergi ödəməyin lazımsız olduğunu desəydi, baş kahinlər bu barədə dərhal
Ponti Pilata məlumat verəcəkdilər və şübhəsiz, Onun həbs edəcəkdilər.
Əgər O, qeysərə vergi ödənməsinin lazım olduğunu söyləsəydi, bu Onun
ardıcıllarını dərhal Ondan uzaqlaşdırardı, xüsusilə Qalileyadan olan
ardıcıllarını, çünki onlar orada daha çox idi.
İsanın cavabı Ona verilən sual qədər mübahisəli idi. İsa onlardan bir
dinar göstərmələrini istədi. Qədim dövrdə padşah hakimiyyətinin
əlamətlərindən biri — özünə sikkə zərb etmək hüququ idi. Məsələn,
Makkabilər Yerusəlimi suriyalılardan azad edən kimi, öz sikkələrini
çıxarmağa başladılar. Bundan əlavə, öz sikkəsini zərb edənlərin vergi
qoymaq və onları toplamaq hüququ vardı. Öz təsviri və öz yazısı olan
sikkə zərb etmək hüququ olan şəxs, bununla da vergi toplamaq hüququ əldə
edirdi.
Beləliklə, İsa soruşanlara belə cavab verdi: «Əgər siz qeysərin
sikkələrini qəbul edirsinizsə, onun vergi toplamaq hüququnu tanımağa
borclusunuz; lakin elə bir sahə var ki, orada qeysərin qanunları və
göstərişləri keçmir, o sahə yalnız Allaha məxsusdur».
1. İnsan yaşadığı və imtiyazlarından istifadə etdiyi dövlətdən özünü
təcrid edə bilməz. Vicdanlı insan həmişə ləyaqətli vətəndaş olaraq
qalacaq. İstənilən dövlətdə məsihçilər ən etibarlı və vicdanlı
vətəndaşlar olmalıdırlar. Lakin təəssüf ki, məsihçilər öz ölkələrinin
idarəçiliyində çox da iştirak etmirlər. Əgər onlar məsuliyyətdən boyun
qaçırıb ölkənin idarə olunmasını siyasətçilərin öhdəsinə buraxırlarsa,
onda ətrafında baş verənlərdən şikayət etmək hüquqlarını itirirlər.
2. Amma yenə də məsihçilərin həyatında son söz dövlətə deyil, Allaha
məxsusdur. Vicdanın səsi insanların çıxardığı hər hansı qanunun səsindən
daha yüksəkdir. Məsihçi eyni zamanda həm dövlətin xidmətçisi, həm də
vicdanıdır. Məsihçi yaxşı vətəndaş olduğuna görə etməməli olduğu şeyi
etməkdən imtina edəcək. Məsihçi Allah qorxusunda yaşayır və padşaha
hörmət edir.
27-40
SADUKEYLƏRİN SUALI (Luka
20:27-40)
İsa Ali Şuranın elçilərini susduranda, sadukeylər peyda oldular.
Onların sualı, əslində, iki məqama köklənmişdi.
1. Birincisi, o, nikah qanununa aid idi (Qanunun Təkrarı
25:5). Bu qanuna əsasən, əgər kişi uşağı olmadan ölürdüsə, qardaşı
onun nəslini davam etdirmək üçün arvadı ilə evlənməli idi. İsanın
dövründə bu qanuna əməl edilməsi inanılmaz görünürdü. Lakin bu tələb
Musanın qanununda yazıldığı üçün sadukeylər onun əməl olunmasını labüd
hesab edirdilər.
2. İkincisi, o, sadukeylərin təliminə aid idi. Sadukeylər və
fariseylərin adları tez-tez birlikdə çəkilir, lakin onların inancları
bir çox cəhətdən bir-birinə zidd idi.
a) Fariseylər dini məqsədlər güdürdülər. Onlar siyasi məsələlərə az
əhəmiyyət verirdilər və qanunla nəzərdə tutulmuş bütün ayinləri yerinə
yetirməyə icazə verən istənilən hökumətdən razı idilər. Sadukeylər sayca
az olsa da, israillilərin ən varlı təbəqəsini təmsil edirdilər. Demək
olar ki, bütün kahinlər və aristokratlar sadukeylər idi. Onlar hakim
elitanı təşkil edirdilər. Sərvətlərini, rahatlıqlarını və mövqelərini
itirmək qorxusundan, demək olar ki, hamısı Roma hökuməti ilə əməkdaşlıq
edirdilər.
b) Fariseylər Müqəddəs Yazıları, Şənbə günü qanununu, əllərin
yuyulması ilə bağlı müddəalar kimi mərasimlərin bütün saysız-hesabsız
işlənmiş norma və qaydalarını qəbul edirdilər. Sadukeylər yalnız
Əhdi-Ətiqin yazılı qanununu tanıyırdılar. Əhdi-Ətiqdə onlar yalnız
Musanın qanununa istinad edir, peyğəmbərlərin kitablarına isə əhəmiyyət
vermirdilər.
c) Fariseylər ölülərin dirilməsinə, mələklərin və ruhların mövcud
olmasına inanırdılar. Sadukeylər isə ölülərdən dirilmənin mümkün
olmadığına, mələklərin və ruhların yoxluğuna inanırdılar.
d) Fariseylər taleyə, insanın həyatının Allah tərəfindən
tənzimləndiyinə və əvvəlcədən təyin olunduğuna inanırdılar. Sadukeylər
insanın qeyri-məhdud iradə azadlığının olmasına inanırdılar.
k) Fariseylər Məsihə inanır və Onun gəlişini gözləyirdilər.
Sadukeylər isə Ona inanmırdılar. Onlar üçün Məsihin gəlişi onların
diqqətlə nizamlanmış həyat tərzinin pozulması demək idi.
Beləliklə, sadukeylər İsaya sualla müraciət etdilər. Yeddi kişi ilə
evlənmiş qadının əri göylərdə kim olacaq? Onlar hesab edirdilər ki, belə
bir sual ölülərin dirilməsinin mənasızlığını sübut edir. İsanın verdiyi
cavab əbədi həqiqəti ehtiva edir. O qeyd etdi ki, insan göylərə bizim
dünyamız kimi yanaşmamalıdır. Göylərdəki həyat tamamilə fərqli olacaq,
çünki biz də tamamilə fərqli olacağıq. Əgər cənnətin necə olduğu barədə
özümüzü ağıllı göstərməyi dayandırsaq və hər şeyi Allah sevgisinə
buraxsaq, köhnə təfəkkürdən və bir çox ağrılı suallardan qurtularıq.
Lakin İsa daha da irəli getdi. Dediyimiz kimi, sadukeylər ölülərin
dirilməsinə inanmırdılar. Onlar ölülərdən dirilmənin olmadığının onunla
əsaslandırırdılar ki, Musa peyğəmbərin qanun kitablarında bu barədə
nəinki bir dəlil, hətta bir qeyd də yoxdur. Bu vaxta qədər heç bir
ravvin sadukeylərin suallarına cavab verə bilmirdi, amma İsa cavab
verdi. İsa sadukeylərə xatırlatdı ki, Musa şəxsən Allahın belə dediyini
eşitmişdi: «Mən atanın Allahı, İbrahimin Allahı, İshaqın Allahı və
Yaqubun Allahıyam» (Çıxış 3:6). Amma Allahın ölülərin Allahı
olduğunu təsəvvür etmək mümkün deyil. Ona görə də İbrahim, İshaq və
Yaqub sağ olmalıdır, onların bədəndə dirilməsi də mümkündür.
İlahiyyatçıların İsanın cavabını yüksək qiymətləndirməsi təəccüblü
deyil, çünki O, sadukeyləri öz silahları ilə vurdu.
Ancaq çoxlarına bu hissə inandırıcı görünməyə bilər. O, bu gün də
maraq doğuran suallardan bəhs edir. İsanın ravvin üçün tamamilə
inandırıcı olan arqumentləri bizim üçün inandırıcı olmaya bilər. Amma
bu, az inandırıcı görünsə belə, Məsihin yolunu öz həmkarlarına təbliğ
edən və ya təbliğ etməyə hazırlaşanların hər biri üçün onda böyük
həqiqət var. İsa insanları başa düşə biləcəkləri dəlillərlə
inandırır. İsa onlarla onların dilində danışır, onların
arqumentlərindən istifadə edirdi. Bu da sadə insanların xoşuna
gəlirdi.
Dini və ilahiyyat kitabları oxuyanda insan bəzən bütün bunların doğru
olduğunu hiss etməyə başlayır. Amma bunların çoxu teoloji təhsili
olmayan əksər insanlar üçün anlaşılmazdır. İsa insanlarla onların başa
düşdüyü dildə danışır və onların anlayacağı arqumentlər gətirirdi. Onun
nitqi hamı üçün əlçatan idi. İsa onların suallarını və fikirlərini
onların qanunları ilə izah edirdi. Biz Ondan öyrənsək, Məsihin yolunu
təbliğ etməkdə daha effektiv və Məsih haqqında daha yaxşı şəhadət
edəcəyik.
41-44
İSA MƏSİHİN XƏBƏRDARLIĞI
(Luka 20:40-44)
Bu hissə çətin olduğu üçün ona ayrı nəzər salmaq lazımdır. Məsih
yəhudilər arasında Davudun Oğlu kimi tanınırdı. Yerixodakı dağın
ətəyində kor adam İsaya məhz belə müraciət etmişdi (Luka
18:38-39). İsa Yerusəlimə girəndə də xalq Onu belə çağırmışdı
(Matta 21:9). Lakin burada İsa Öz titulunu sanki şübhə altına
alır. İsa Zəbur 110:1-dən sitat gətirdi. İsa Məsihin dövründə
inanırdılar ki, bütün məzmurlar Davuda, bu məzmur isə Məsihə aiddir.
Həmin məzmurda Davud Allahın Öz Məsh etdiyinə necə müraciət etdiyindən
və Ona düşmənlərini ayaqlarının altına kətil kimi salanadək sağında
oturmağı əmr etdiyindən danışır. Eyni məzmurda Davud Məsihi «Rəbbim»
adlandırır. Məsih eyni zamanda həm Davudun oğlu, həm də onun Rəbbi necə
ola bilərdi? Məsələ burasındadır ki, İsa burada həmişəki kimi Məsih
haqqında insanlarda dərin kök salmış, Onun gəlişi ilə qızıl əsrin
gələcəyi və İsrailin dünyanın ən güclü xalqına çevriləcəyi barədə yanlış
fikrə düzəliş verir. Yəhudilər siyasi hakimiyyət arzusunda idilər. Bəs
bu arzunu necə gerçəkləşdirmək olardı? Yəhudilərin bu barədə çoxlu
ideyaları var idi. Lakin ən məşhur fikir Davudun nəslindən böyük birinin
gəlib yenilməz sükançı və padşah olacağı idi. Buna görə «Davud Oğlu» adı
dünya hökmranlığı, hərbi güc və ərazi fəthi ideyası ilə ayrılmaz şəkildə
əlaqədar idi. Əslində, İsa belə söylədi: «Gələcək Məsihin Davudun Oğlu
olduğunu düşünürsünüz. Elədir ki, var. Amma O, təkcə Davudun Oğlu deyil,
həm də Rəbdir». O, insanlara deyirdi ki, «Davud Oğlu» adının mənası ilə
bağlı təsəvvürlərini dəyişməlidirlər. İnsanlar dünyəvi hakimiyyətlə
bağlı səhv fikirlərini bir kənara qoyub, Məsihdə insanların qəlblərinin
və həyatlarının Rəbbini görməlidirlər. Amma bunu açıq demədən onları
Allah haqqında təsəvvürlərinin məhdud olduğuna görə qınadı. İnsan həmişə
Allahı özü kimi təsəvvür edir və Onun böyüklüyünü görmür.
45-47
XALQIN ŞÖHRƏTPƏRƏSTLİYİ
(Luka 20:45-47)
İlahiyyatçılar və ravvinlər xüsusi şöhrətə can atırdılar. Onların
diqqətlə işlənmiş sistemi bir növ «Rütbələr cədvəli» var idi. Məktəbdə
elmli ravvinə, şam yeməyində isə böyük ravvinə xüsusi hörmət edilirdi.
Belə bir rəvayət var ki, iki ravvin gəzintidən qayıdanda, bir neçə
nəfərin onlara «Salam olsun» deyib, «Rəbb sizinlə olsun!» deməməsindən
hiddətlənib. Ravvinlər hətta iddia edirdilər ki, onlar valideynlərdən
daha çox hörmətə layiqdirlər.
«Qoy dostunuza olan hörmətiniz müəlliminizə olan hörmətinizlə,
müəlliminizə olan hörmətiniz isə Allaha olan hörmətinizlə
kifayətlənsin».
«Müəllimə hörmət ataya olan hörmətdən üstündür, çünki ata da, oğul da
müəllimə hörmət etməlidir».
«Əgər ata və müəllim nəyisə itiribsə, onda itkinin əvəzi əvvəlcə
müəllimə, sonra isə ataya ödənməlidir. Çünki ata yalnız övlad dünyaya
gətirir, övlada hikmət öyrədən, onu axirət dünyasına aparan isə
müəllimdir... Əgər ata və müəllim hansısa yükü daşıyırsa, şagird əvvəlcə
müəllimə, sonra isə atasına kömək etməlidir. Ata və müəllim həbsdədirsə,
o zaman oğul əvvəlcə müəllimi, sonra isə atanı xilas etməlidir».
Belə iddialar, demək olar ki, ağlasığmaz görünür. Normal adamın belə
şeylərə iddia etməsi yaxşı deyil. Bundan daha pisi bu iddiaların doğru
olduğuna bəraət qazandırmaqdır. Amma ilahiyyatçılar və fariseylər məhz
belə iddialar irəli sürürdülər.
İsa ilahiyyatçıları həm də dul qadınların evlərini talan etməkdə
günahlandırdı. Qanuna əsasən, ravvin pulsuz öyrətməli idi. Hər bir
ravvin özünü dolandırmaq üçün hansısa peşə ilə məşğul olmalı, öz əlinin
zəhməti ilə dolanmalı idi və pulsuz öyrətməli idi. Bütün bunlar qulağa
xoş səslənir, lakin ravvinlər eyni zamanda öyrədirdilər ki, hansısa
ravvini maddi cəhətdən dəstəkləmək ən yüksək dindarlıqdır.
Onlar deyirdilər ki, gəlirinin bir hissəsini müdrik adamın pul
kisəsinə qoyan hər kəs səmavi akademiyada yer tutmağa layiqdir. «Hikmət
adamına sığınacaq verən şəxs hər gün qurban kəsən adam kimidir». «Qoy
sizin eviniz müdriklərin sığınacağı olsun».
Təsir altına düşən qadınların yaxşı yaşamağa adət etmiş ravvinlərin
qanuni ovuna çevrilməsində qeyri-adi heç nə yoxdur. Ən pisi də o idi ki,
onlar dul qadınların evlərini talan edirdilər. Ravvinlərin bütün bu
dəhşətli əməlləri İsanı şoka salır və qəzəbləndirirdi. Onlar öz
aqibətlərini savadlı olmaları və cəmiyyətdə məsul vəzifə tutmaları ilə
daha da ağırlaşdırırdılar. Maddi vəziyyətini yaxşılaşdırmaq, dəbdəbə və
rahatlıq eşqini yaşatmaq üçün öz mövqeyindən istifadə edən insanı Allah
həmişə cəzalandırar.