21-ci fəsil
1-4
QİYMƏTLİ HƏDİYYƏ (Luka 21:1-4)
Məbədin qadınlar üçün olan həyətində könüllü ianələrdən ötrü on üç
qutu qoyulurdu. Onların üst hissəsi dar, aşağı hissəsi enli idi. Hər
qutu müəyyən bir qurban üçün nəzərdə tutulmuşdu — məsələn, qurbanı
yandırmaqdan ötrü lazım olan odun üçün ianə; qurbangahdakı buxuru
yandırmaq üçün ianə; qızıl qabların saxlanması və başqa məqsədlər üçün
ianələr və s. İsa məhz bu qutuların yanında oturmuşdu.
Ali Şuranın və sadukeylərin elçiləri ilə gərgin mübahisədən sonra O
yorulmuş və başını əllərinin arasına almışdı. Başını qaldıranda gördü
ki, adamlar qutulara ianə qoyurlar. Sonra kasıb dul qadın gəldi. Onun
sahib olduğu hər şey yalnız iki leptondan ibarət idi. Lepton isə ən
kiçik sikkə idi, onun adı belə «nazik sikkə» kimi tərcümə olunur. Lakin
İsa dedi ki, bu kasıb dul qadın hamıdan çox pul atdı. Çünki dolanmaq
üçün əlində nə varsa, hamısını verdi.
İanənin dəyəri iki şeylə müəyyən edilir:
1. Birincisi, ianə verənin ürəyinin vəziyyəti ilə. İradəyə
zidd olaraq verilən və ya verənə xoşagəlməz hisslər bəxş edən, nümayiş
üçün və ya səxavətli görünmək üçün verilən ianə öz dəyərini itirir.
Yalnız ürəkdən gələn ianə həqiqidir, çünki ürək başqa cür edə
bilməz.
2. İkincisi, ianənin nisbi dəyəri ilə. Bir insan üçün kiçik
olan digəri üçün böyük məbləğdir. İanələrini qutulara atan varlıların
qurbanları onlar üçün xüsusi dəyər daşımırdı. Dul qadının iki leptonu
isə onun bütün sərvəti idi. Digərləri verə biləcəklərinin haqq-hesabını
çəkərək verirdilər. Dul qadın isə əlində olan hər şeyi ürəkdən səxavətlə
qurban vermişdi.
Əgər ianə verən üçün qurbanın heç bir dəyəri yoxdursa, bu, qurban
deyil. İanə o zaman qurban hesab edilir ki, özümüzə onsuz keçinmək çətin
olur və ya onu qazanmaqdan ötrü ikiqat işləməli oluruq. Lakin təəssüf
ki, Allaha bu cür qurban verənlər azdır!
Bir nəfər kilsədə şən mahnı oxuyan adamı belə təsvir edir:
Bütün dünyanı qurban versəm də,
Hədiyyəm kiçik olar.
Bəs sevginin əvəzinə nə verəcəyəm Sənə mən?
Heç nə! Yalnız, ya Rəbb, özümü.
İanə verənlər arasında elələri də var idi ki, əlini cibinə salanda
ianə qutusuna birdən on qəpiklik əvəzinə əlli qəpiklik atar deyə
diqqətlə baxırdılar.
Dul qadın və iki lepton haqqında sətirləri özünütənqid etmədən oxuyan
hər kəs duyğusuz insandır.
5-24
GƏLƏCƏK
ÇƏTİNLİKLƏR BARƏDƏ PEYĞƏMBƏRLİK (Luka 21:5-24)
5-ci ayədən başlayaraq bu fəslin tarixi fonu çətinləşir. Bu çətinlik
dörd fərqli anlayışa əsaslanır.
1. Birincisi, Rəbbin günü anlayışı. Yəhudilər zamanı iki
dövrə bölürdülər — tamamilə pis və artıq düzəlməsi mümkün olmayan,
yalnız məhv edilə bilən indiki dövr və Allahın qızıl dövrü
sayılan, İsrailin hökmranlıq edəcəyi gələcək dövr. Bu iki dövr
arasında yəhudilər Rəbbin Gününü — kosmik sarsıntıların və
dağıntıların, doğum sancılarının dəhşətli gününü yerləşdirmişdilər.
Həmin gün dəhşətli cəza günü olmalıdır. «Budur Rəbbin günü gəlir,
amansızlıqla, qeyzlə, qızğın qəzəblə gəlir ki, yeri səhraya döndərsin,
oradakı günahkarları məhv etsin» (Yeşaya 13:9, Yoel 2:1-2; Amos
5:18-20: Sefanya 1:14-18). Həmin gün gözlənilmədən gələcək. «Rəbbin
günü oğru gecə gəldiyi kimi gələcək» (1Saloniklilərə 5:2; 2Peter
3:10 ilə müqayisə edin). Bu, dünyanın lərzəyə gələcəyi gün olacaq.
«Göydəki ulduzlar və bürclər işıq verməyəcək, günəş doğarkən tutulacaq,
ay nurunu saçmayacaq... Buna görə də Mən Ordular Rəbbi, qızğın qəzəb
günündə qeyzlə göyləri titrədəcəyəm, yer üzü lərzəyə gələcək»
(Yeşaya 13:10-13; Yoel 2:30-31; 2Peter 3:10 ilə müqayisə
edin).
Rəbbin günü anlayışı İsanın dövründə yəhudilərin əsas dini
inanclarından biri idi. Hamı bu dəhşətli mənzərə ilə tanış idi. 9,
11, 25 və 26-cı ayələr araşdırdığımız hissənin anlayışına
istinad edir.
2. İkincisi, Yerusəlimin dağılması haqqında anlayış. 70-ci
ildə romalılar Yerusəlimi dəhşətli bir mühasirədən sonra aldılar, bu
müddət ərzində şəhər sakinləri kannibalizm həddinə gəlib çatmışdı.
Romalılar şəhəri, sözün əsl mənasında, daş-daş ələ keçirməli oldular.
İosif Flavi yazır ki, mühasirə zamanı saysız-hesabsız, yəni bir
milyondan çox sakin öldü, 97 mini isə əsir götürüldü. İsrail xalqı məhv
edilmişdi; Məbəd yandırılmış və yerlə yeksan olunmuşdu. Bu hissənin
5, 6, 20-24-cü ayələri gələcəkdə baş verən hadisəyə işarə
edirdi.
3. Üçüncüsü, Məsihin İkinci gəlişi anlayışı. İsa İkinci
Gəlişindən əminliklə danışırdı və ilk İmanlı Cəmiyyəti Onu gözləyirdi.
Əgər bu hadisələrin Rəbbin Günü ilə əlaqəli olduğunu xatırlasaq,
Əhdi-Cədidin Məsihin İkinci Gəlişi ilə bağlı hissələrini daha yaxşı başa
düşəcəyik. Bu hissənin 27 və 28-ci ayələrində məhz
bundan bəhs edilir. Belə güman edilirdi ki, Məsihin İkinci Gəlişindən
əvvəl çoxları özünün Məsih olduğunu iddia edəcək, əlamətlər və dəhşətlər
baş verəcək. 7-9-cu ayələrdə bundan bəhs edilir.
4. Sonda gələcək təqiblərdən danışılır. İsa xalqının Ona
sadiq qalmasına görə gələcəkdə onları gözləyən əzabları aydın şəkildə
qabaqcadan görmüş və xəbərdarlıq etmişdi. Bu barədə 12-19-cu
ayələrdə deyilir.
Bu yerin tək bir konsepsiyaya deyil, bir-biri ilə aydın şəkildə
əlaqəli dörd fikrə əsaslandığını nəzərə alsaq, mənası daha aydın
olur.
Açıqlamanın dərk edilməsi
İsanın peyğəmbərliyinə Məbədin əzəməti səbəb olmuşdu. Məbədin
sütunlarının və tağlarının hündürlüyü on iki metrdən çox idi və hər biri
mərmərdən yonulmuşdu. Ornamentlərdən ən gözəli hər salxımı insan boyda
olan nəhəng qızılı üzüm idi. Məbədin ən yaxşı təsvirini İosif Flavi
«Yəhudi müharibələri», 5-ci kitab, 5-ci hissədə vermişdir. İosif Flavi
belə yazır: «Məbəd sütunlarının zahiri görünüşü həm ağlı, həm də gözləri
heyran edirdi. Çünki üzəri ağır qızıl plitələrlə örtülmüşdü. Günəş
doğanda həmin plitələr alovlu bir parıltı əks etdirirdi. Məbədə baxmağa
çalışan hər kəs sanki günəşin özünə baxırmış kimi gözlərini qıymalı
olurdu. Amma yadelli üçün Məbəd uzaqdan qarlı dağ kimi görünürdü, çünki
qızılla örtülməyən bütün hissələri ağappaq ağarırdı. Yəhudilər Məbədin
əzəmətinin toz-torpağa çevriləcəyini ağıllarına belə gətirməzdilər.
Bu hissədən biz Məsih və məsihçi həyatı haqqında bəzi vacib
məlumatları öyrənirik.
1. İsa tarixin əlamətlərinə işarə edirdi. Başqaları yaxınlaşan
fəlakətin əlamətlərini görə bilməsələr də, İsa Məsih fəlakətin
yaxınlaşmaq üzrə olduğunu görürdü. İnsan əlamətləri yalnız onlara
Allahın gözü ilə baxanda anlaya bilir.
2. İsa tamamilə dürüst idi. O dedi: «Budur, Mənim ardımca getmək
qərarına gəlsəniz, sizi nələr gözləyir». Ədalət uğrunda mübarizənin
qızğın vaxtlarında qəhrəman rəhbərlərdən biri dostuna belə yazır:
«Kəllələr qumda yuvarlanır, gəl, özününkünü də onlara əlavə et». İsa Öz
ardıcıllarına asan deyil, qəhrəmanların yolunu təklif etdi.
3. İsa şagirdlərinə söz verdi ki, onlar çətinlikdə heç vaxt tək
qalmayacaqlar. Tarix aydın şəkildə sübut edir ki, Məsihə görə şəhid
olanlar həm əzablarda, həm də ölüm ayağında Məsihlə birliyin gözəl
anlarını yaşayırlar. Əgər Məsih bizimlədirsə, həbsxana — saraya, edam
kürsüsü — taxta, həyatın fırtınası — günəşli bir yaya çevrilə bilər.
4. İsa yer üzündəki bütün təhlükələrdən üstün olan müdafiədən
danışırdı. O dedi: «Amma başınızdan bir tük belə, əskik olmayacaq».
Burada qeyd olunanların çoxu İ.S.Proxanovun şeirindəki növbəti
misraları xatırladır:
Məsihin cəmiyyəti nə məbəddir, nə bina,
Nə seçilmiş dostlardır, nə də xüsusi kilsə,
Məsihin Cəmiyyəti Çarmıxda satın alınan
Rəbbə itaət edən insanların yığıncağıdır.
Cənubun səhrasından, qərb və şərq ölkələrindən,
Çovğunlu, soyuq şimaldan
Qar qasırğasının əsdiyi yerdən
Toplaşan insanların Rəbbə ibadət yeridir.
Məsihin cəmiyyəti bu dünyada rahatlıq
Tapmaq üçün seçilməyib,
Burada onun alnına mübarizə yazılıb.
Ancaq budur, Bəy gəlir
Fırtına arasında, fəlakətin içində
Sevinc sədaları gəlir.
Məsihdə yenilənmiş insan zindanda ölə bilər, lakin o, heç vaxt canını
itirməyəcək. Xilaskar onu göylərdəki Yerusəlimdə gözləyir.
25-38
AYIQ-SAYIQ OLUN (Luka
21:25-38)
Bu hissədə iki mühüm anlayış var.
1. Birincisi, İsa Məsihin İkinci Gəlişi haqqında anlayış. Bu
barədə çox danışılıb, çox mübahisələr olub. Biz İsanın İkinci Gəlişinin
nə vaxt baş verəcəyini və necə olacağını bilmirik. Amma bu ideyada bir
vacib fikir var — tarix müəyyən məqsədə doğru inkişaf edir. Stoiklər
tarixin inkişafında dövrilik ideyasına sadiq qalırdılar. Onların
nəzəriyyəsinə görə, təxminən hər üç min ildən bir yer kürəsi qlobal
yanğına bürünür, bundan sonra inkişaf yenidən başlayır və tarix
təkrarlanır. Bu o demək idi ki, tarixin heç bir məqsədi yoxdur və
boşluğa aparır. İnsanlar isə yerində addımlayırlar. Məsihçi anlayışına
görə, tarix İsa Məsihin bütün dünyanın Rəbbi olacağı müəyyən bir məqsədə
doğru inkişaf edir. Bildiyimiz və bilməli olduqlarımız yalnız budur.
2. İkincisi, ayıq olmaq zərurəti. Məsihçi heç vaxt hər şeyin
yaxşılığa doğru getdiyinə və heç bir dəyişikliyin olmayacağı düşüncəsi
ilə özünə təsəlli verməməlidir. O, həmişə gözləmə mövqeyində olmalıdır.
Bir yazıçının qəhrəmanı başqalarının etdikləri kimi etmir. «Bilirəm ki,
— o deyir, — bir gün mən böyük bir işlər görəcəyəm, buna görə həmişə
hazır olmaq istəyirəm». Biz bir gün Allahın hüzuruna gələcəyik deyə daim
əbədiyyət düşüncəsi ilə yaşamalıyıq. Məsihçi həyatından əzəmətli heç nə
yoxdur.
3. İsa günlərini Məbəddə, izdiham arasında, gecələrini isə açıq
havada Allahla tək keçirirdi. Tək qaldığı vaxtlarda xalqla danışmaq üçün
güc toplayırdı. O, Allahın hüzurundan gəldiyi üçün insanların yanına
cəsarətlə gələ bilirdi.