22-ci fəsil
1-6
İBLİS YƏHUDANIN
ÜRƏYİNƏ GİRDİ (Luka 22:1-6)
Pasxa bayramı zamanı İsa Çarmıxa çəkilmək üçün Yerusəlimə gəldi.
Əslində, Mayasız Çörək bayramı Pasxa bayramı ilə tam eyni deyil. Mayasız
Çörək bayramı bir həftə — nisan (aprel) ayının 15-dən 21-nə kimi qeyd
olunurdu. Pasxanın özü isə İsrail xalqının Misir əsarətindən azad
edilməsini xatırlamaq üçün nisan ayının 15-də yeyilirdi (Çıxış
12). Həmin gecə ölüm mələyi Misirdəki bütün ailələrin ilk oğlunu
öldürdü; lakin o, Yəhudi evlərinin yanından keçdi, çünki evlərin
qapısının hər iki yan taxtası və üst dirəyi quzunun qanı ilə məsh
olunmuşdu. Həmin axşam yəhudilər sonuncu yeməklərini tələsik yeməli
olduqlarından mayalı çörək bişirməyə vaxt tapmadılar. Onlar mayasız
çörək yeməli oldular.
Pasxaya xüsusi hazırlıqlar görülürdü. Yolları düzəldir, körpüləri
möhkəmləndirir, yolların kənarındakı qəbir daşlarını ağardırdılar ki,
zəvvarlar onları yaxşı görsünlər və səhvən onlara toxunub murdar
olmasınlar. Bayramdan bir ay əvvəl sinaqoqlarda Pasxa bayramının tarixi
və mənası öyrədilirdi. Pasxaya iki gün qalmış adət kimi bütün evlərdə
maya qırıntıları axtarılırdı. Ailə başçısı əlində şamla təntənəli
şəkildə səssizcə evin ətrafında dolanır, hər küncə baxır və mayanın son
qırıntılarını atırdı.
Müəyyən yaşa çatmış və Yerusəlimdən 25 kilometr uzaqlıqda yaşayan hər
bir yəhudi Pasxa bayramında Yerusəlimə getməli idi. Dünyanın istənilən
yerində yaşayan hər şəxs həyatında ən azı bir dəfə Pasxa bayramını
Yerusəlimdə keçirmək arzusunda idi (bu arzu hələ də var). Bu gün də
yəhudilər yad ölkədə Pasxa bayramını qeyd edəndə, növbəti Pasxa
bayramını Yerusəlimdə keçirmək üçün Allaha dua edirlər. Buna görə də
Pasxa bayramı zamanı Yerusəlimə böyük insan kütləsi toplaşırdı.
İmperator Neron yəhudi dininin əhəmiyyətini azaltmağa çalışırdı.
Yəhudeya valisi olan Sestius Neronu fikrindən vaz keçirmək üçün
siyahıyaalma aparıb, Pasxa bayramında kəsilən quzuların dərilərini
saydırdı. İosif Flaviyə görə, onların sayı 265,5 min oldu.
Yəhudi qanunlarına görə, Pasxa bayramında bir quzunu ən azı on
iştirakçı kəsdirməli idi. Bu o deməkdir ki, Pasxa bayramında həmin vaxt
2,7 milyondan çox zəvvar iştirak etmişdi. Bax belə bir izdihamlı şəhərdə
İsa Məsihin son günlərinin faciəsi yaşanırdı.
Pasxa bayramının atmosferi həmişə gərgin olub. Roma hökmdarının
iqamətgahı Qeysəriyyədə idi və adətən, Yerusəlimdə Roma qoşunlarının
kiçik bir dəstəsi olurdu. Pasxa bayramında isə bura çoxlu sayda qoşun
cəlb edilirdi.
Yəhudi hakimiyyəti İsanı xalq üsyan qaldırmadan həbs etmək problemi
ilə üzləşmişdi. Yəhudanın xəyanəti onlara bu problemi həll etməyə kömək
etdi. İblis Yəhudanın ürəyinə girdi. Bu anda iki məqam göz qabağına
gəlir:
1. Allah Öz iradəsini yerinə yetirmək üçün insanları necə axtarırsa,
şeytan da onları o cür axtarır. İnsan yaxşılığın və ya şərin, Allahın və
ya şeytanın alətinə çevrilə bilər. Məsələn, Zərdüşt təliminin
davamçıları bu dünyanı işıq tanrısı ilə qaranlıq tanrısı arasında döyüş
meydanı kimi təsvir edirlər. Həmin mübarizədə insan hansı tərəfdə
vuruşacağını seçməlidir. Biz bilirik ki, insan nurun və ya qaranlığın
quluna çevrilə bilər.
2. Əgər Yəhuda şeytanı qəlbinə buraxmasaydı, şeytan ona sahib ola
bilməzdi. İnsanın ürəyi ancaq içəridən açılır, çünki çöl tərəfdən açar
yeri yoxdur.
Hər kəsin qarşısında səmanın və yerin yolu açılır;
Hər kəs özü hansı yolla gedəcəyinə qərar verir.
Allahın, yoxsa şeytanın əlində alət olacağımıza yalnız özümüz qərar
veririk. Biz ya Məsihə, ya da şeytana xidmət edə bilərik. Qoy Allah bizə
düzgün seçim etməyimizə kömək etsin!
7-23
AXIRINCI ŞAM YEMƏYİ (Luka
22:7-23)
İsa yenə də qabaqcadan hər şeyin qayğısına qaldı. Onun Öz planı var
idi. Varlı adamların evləri iki otaqdan ibarət idi: bir otaq digərinin
üstündə tikilirdi, ev sanki böyük bir qutunun üzərinə nisbətən kiçik
qutu qoyulmuş kimi görünürdü. Yuxarı otağa evin bayır tərəfində yerləşən
pilləkənlə çıxılırdı. Pasxa bayramı zamanı Yerusəlimdə qalmaq pulsuz
idi. Ev sahibinin zəvvarlardan ala biləcəyi yeganə ödəniş — bayramda
kəsilən quzu dərisi idi. Ravvinlər, adətən, yuxarı otağı sevimli
tələbələri ilə görüşmək, müxtəlif problemləri müzakirə etmək və
ürəklərini boşaltmaq üçün istifadə edirdilər. İsa belə bir otağı
götürmək üçün lazımi tədbirlər gördü. O, Peterlə Yəhyanı şəhərə göndərdi
ki, səhənglə su daşıyan bir adam tapsınlar. Əslində, su daşımaq
qadınların işi idi. Səhəngdə su daşıyan kişi yağışlı gündə qadın çətiri
ilə gəzən kişi kimi asanlıqla gözə dəyə bilərdi. Bu, İsa ilə şagirdləri
arasında əvvəlcədən razılaşdırılmış əlamət idi.
Nəhayət, bayram axşamı yetişdi və İsa qədim simvollara yeni məna
verməklə onlardan istifadə etdi.
1. Çörək haqqında «Bu Mənim sizin üçün verilən bədənimdir» dedi.
Rəbbin müqəddəs süfrəsi dedikdə bunu nəzərdə tuturuq. Rəbbin müqəddəs
süfrəsi adi şəraitdə olan, ancaq görməyə gözü, anlamağa ürəyi olan insan
üçün tamam başqa məna kəsb edən bir mərasimdir. Burada xüsusi teoloji və
ya anlaşılmaz bir şey yoxdur.
Hər birimizin evində köhnə əşyalar yığdığımız sandıq var. Biz həmin
köhnə əşyaları atmırıq, çünki hər dəfə bu və ya digər əşyanı götürəndə,
yaxud ona baxanda, müxtəlif insanlar və müxtəlif hadisələr yaddaşımızda
canlanır. Əslində, bunlar adi əşyalardır, lakin bizim üçün onlar tamam
başqa məna kəsb edirlər. Rəbbin müqəddəs süfrəsinin də mənası elə
budur.
Ser Ceyms Barrinin anasının ölümündən sonra onun əşyaları
yığışdırılanda, məlum oldu ki, o, oğlunun mütəmadi olaraq və məhəbbətlə
ona göndərdiyi pul köçürmələrinin qəbzlərini saxlayıb. Onlar köhnə
qəbzlərdən başqa bir şey deyildi, lakin anası üçün çox şey ifadə edirdi.
Burada xüsusi məna var.
Londondakı Müqəddəs Paul kilsəsində admiral Nelsonun dəfn mərasimi
zamanı bir qrup dənizçi tabutu çiynində aparırdı. Bu səhnəni müşahidə
edənlərdən biri belə qeyd etmişdi: «Onlar ehtiramla bir nəfər kimi böyük
admiralın cəsədini sərdabəyə endirdilər, sanki gəminin göyərtəsindən
qəfil verilən əmri yerinə yetirirmiş kimi, eyni zamanda tabutun
üstündəki ingilis bayrağını götürüb hissələrə parçaladılar. Hər biri
məşhur mərhumun xatirəsi kimi özünə bayrağın bir parçasını götürdü».
Bütün ömrü boyu bu rəngli parça onlara sevimli admiralı xatırladacaqdı.
Müqəddəs mərasim elə budur.
Birlikdə yediyimiz çörək adi çörəkdir, amma başa düşə bilən ürəyə
sahib insan üçün bu, həqiqətən, Məsihin Bədənidir.
2. Kasa haqqında O, belə dedi: «Sizin üçün axıdılan bu kasa Mənim
qanımla bağladığım Yeni Əhddir». Müqəddəs Kitabda əhd insanla Allah
arasındakı əlaqəni təmsil edir. Allah insana mərhəmətlə müraciət etdi,
insan da Onun qanunlarına itaət etməyə razı oldu. Bütün bunlar Çıxış
24:1-8-də əksini tapıb. Bu qanunun təsirli olması insanın əhdinə
riayət etməsindən və onu necə icra etməsindən asılıdır. İnsan bu qanunu
yerinə yetirmək gücündə deyil, çünki günah insanla Allah arasındakı bu
əlaqəni pozur.
Yəhudilərin bütün qurban sistemi günahın kəffarəsi üçün Allaha
qurbanlar təqdim etməklə bu əlaqəni bərpa etməyə yönəlmişdi. İsa isə
belə dedi: «Öz həyatım və ölümümlə sizinlə Allah arasında yeni münasibət
yaratdım. Bəli, siz günahkarsınız. Amma Mən sizin üçün canımı qurban
verdim ki, Allah artıq sizə düşmən deyil, dost olsun». Allahla insan
arasındakı dostluq əlaqəsini bərpa etməkdən ötrü Məsih Öz həyatını
qurban verməli idi.
3. İsa dedi: «Bunu Məni xatırlamaq üçün edin». İsa insan yaddaşının
nə qədər unutqan olduğunu bilirdi. Yunanlarda zamanı müəyyən etmək üçün
cümlə üzvü kimi xüsusi bir sifət var idi. Yunanlar deyirdilər ki, zaman
hər şeyi silir. Sanki insan yaddaşı lövhə, zaman isə hər şeyi ondan
təmizləyən süngərdir. Başqa sözlə, İsa dedi: «Həyatın girdabında siz
Məni unudacaqsınız. İnsan istədiyi üçün deyil, unutmalı olduğu üçün
unudur. Rahatlıq tapmaq üçün tez-tez Evimə gəlin və bunu Mənimlə
yaxınlarımla edin. Onda Məni unutmayacaqsınız».
Şam yeməyi zamanı süfrədə satqının oturması bu faciəni daha da
dəhşətli edirdi. Rəbbin hər süfrəsinin arxasında, hər imanlı
cəmiyyətində İsa Məsihə xəyanət edəcək bir xain oturur. Çünki Onun
evində İsaya vəd verib, sonra çölə çıxanda Onu təkzib ediriksə, Ona
xəyanət etmiş oluruq.
24-30
MƏSİHİN
ŞAGİRDLƏRİ ARASINDA MÜBAHİSƏ (Luka 22:24-30)
İsanın Çarmıxa çəkilməsi ərəfəsində şagirdlər arasında onlardan
hansının daha üstün olduğuna dair düşən mübahisə — bütün Müjdədə ən
faciəli hadisələrdən biridir. Yəhudi bayramlarında masa arxasındakı
yerlər ciddi şəkildə müəyyən edilirdi. Masa bir tərəfi boş qalan kvadrat
şəkilində idi. Süfrənin başında ev sahibi otururdu. Onun sağında ən
vacib qonaq, solunda — ikinci ən vacib qonaq otururdu. Ev sahibinin
sağından ikinci yerdə üçüncü vacib qonaq, solundan ikinci yerdən
dördüncü vacib qonaq və s. otururdu. İsanın şagirdləri harada
oturacaqlar deyə mübahisə edirdilər, çünki onlar hələ də dünyəvi
padşahlıq ideyasından azad olmamışdılar. İsa onlara açıq dedi ki, Onun
Padşahlığının standartları dünyanın standartlarından tamamilə fərqlənir.
Dünyəvi padşah sahib olduğu gücə görə qiymətləndirilir. Şərq padşahının
ən tipik titullarından Eurgetes idi, bu da yunan dilində
xeyriyyəçi sözünə uyğun gəlir. İsa dedi: «Mənim Padşahlığımda
bu titulu padşah deyil, qul alacaq».
1. Dünyanın ilk növbədə xidmətə ehtiyacı var. Qəribədir, amma işgüzar
insanlar bunu yaxşı başa düşürlər. Bryus Barton qeyd edir
ki, magistral yol boyunca tez-tez yanacaqdoldurma məntəqəsi işarələrinə
rast gəlmək olur. Hər birində yazılıb: «Biz avtomobilinizin altına daha
çox girəcəyik, çünki rəqiblərimizə nisbətən üst-başımızı daha çox
bulaşdırmaqdan qorxmuruq». Qəribədir ki, insanın əhəmiyyəti və hörməti
barədə mübahisələr başqa yerlərə nisbətən daha çox imanlı
cəmiyyətlərində yaranır. Dünyanın xidmətə ehtiyacı var və o, yalnız
xidməti qəbul edir.
2. Başqalarından daha çox xidmət etməyə hazır olanlar, həqiqətən,
böyük zirvələrə çata bilər. Sadə bir işçi, adətən, saat 4-də evə gedir
və səhərə qədər işi barədə fikirləşmir, halbuki rəhbərin otağında
işıqlar gecə saatlarına qədər yanır. Çox vaxt yoldan keçənlər şirkətin
bütün pəncərələrindəki işıqların söndüyü halda, Con Rokfellerin
otağındakı işığın yandığını görürdülər. Həyatın qanunu belədir — xidmət
zirvəyə aparır. İnsan karyera nərdivanı ilə nə qədər yüksəyə qalxarsa,
bir o qədər xidmətə hazır olmalıdır.
3. İnsan həyatını müxtəlif yollarla qura bilər: bəziləri yalnız
almağa üstünlük verir, bəziləri isə verməyə. Həyatını ancaq almağa
kökləyən insan həm dostlarından, həm də Allahın mükafatından məhrum
olur. Çünki yalnız özünü düşünən insan heç vaxt heç kimdə rəğbət
oyatmayıb.
4. İsa xəbərdarlığını belə vədlə tamamladı: sona qədər Onun yanında
qalan hər kəs Allahın Padşahlığında Onunla birlikdə olacaq. Allah heç
kimə borclu qalmır. Məsihə Çarmıxı daşımağa kömək edənlər Göylərdə tacı
Onunla bölüşəcəklər.
31-62
PETERİN FACİƏSİ (Luka
22:31-38 və 54-62)
Biz Peterin faciəsinə bütöv nəzər salacağıq. Peterin davranışı və
xarakteri qəribə ziddiyyətlərlə doludur.
1. O, Məsihi sözdə inkar etsə də, Ona sadiq qaldı. Herbert Vells bir
dəfə belə demişdi: «İnsan pis musiqiçi ola bilər, amma eyni zamanda
musiqini ürəkdən sevə bilər». Sədaqətli insan günah etsə belə, itirilmiş
sayılmır.
2. Peterə hərtərəfli xəbərdarlıq edilmişdi. İsa onu birbaşa və
dolayısı yolla xəbərdar etmişdi. Bıçaq zərbəsi kimi səslənən
33-38-ci ayələr çox qəribə bir hissədir. Amma onun mənası
belədir: «İndiyə qədər Mən sizinlə olmuşam. Lakin tezliklə tək qalıb
gücünüzü dəyərləndirməli olacaqsınız. Onda nə edəcəksiniz? Təhlükə
əlinizdə heç nəyin qalmamağında deyil, sağ qalmaq uğrunda mübarizə
aparmalı olmağınızdadır». Bu, əsgərlərə dözümlü olmaq çağırışı deyil,
şagirdlərə həyatlarının təhlükə altında olduğunu göstərmək üçün şərq
üsuludur. Heç kim deyə bilməz ki, vəziyyətin ciddiliyi və təhlükəsi, ona
məsuliyyətli yanaşması Peterə izah edilməmişdir.
3. Peter həddindən artıq özünə əmin idi. Əgər insan «Mən bunu heç
vaxt etmərəm» deyirsə, bundan qorxmalıdır. Dəfələrlə olub ki, yenilməz
görünən qalalar alınıb, çünki mühasirəçilər keçilməz görünən yol seçib,
heç qorunmayan yerdə peyda olublar. Şeytan hiyləgər və bacarıqlıdır. O,
insanın özünə tamamilə arxayın olduğu bir sahədə yaxınlaşır, çünki məhz
həmin sahə müqavimət göstərməyə hazır deyil.
4. Lakin biz Peteri qınamamalıyıq. O, İsanın ardınca baş kahinin
həyətinə qədər cəsarətlə gedən iki şagirddən biri idi (Yəhya
18:15). Peter yalnız cəsur bir insanın başına gələ biləcək sınağa
uğradı. Cəsur insan həmişə əmin-amanlıq axtaran insandan daha çox
təhlükəyə məruz qalır. Düşüncələrində və hərəkətlərində ehtiyatsız olmaq
— insana imtahana düşmək bahasına başa gəlir. Bəzən nəcib bir işdə
uğursuzluğa düçar olmaq, öz əməllərini sınamadan vəziyyətdən qaçmaqdan
daha yaxşıdır.
5. İsa Peterlə qəzəbli danışmadı, ona sadəcə kədərlə baxdı. Əgər İsa
Peterdən üz döndərib onu danlasaydı, o, buna tab gətirərdi. Amma İsanın
sakit kədərli baxışı Peterin ürəyini parçaladı və onu göz yaşlarına
boğdu.
O baxışları görməkdənsə,
Cəhənnəm alovunda yanmaq yaxşıdır.
Günahın cəzası İsanın qəzəbini görmək deyil, Onun ürək parçalayan
baxışlarını görməkdir.
6. İsa Peterə çox vacib bir söz dedi: «Sən də bir zaman geri dönüb öz
qardaşlarını qüvvətləndir». İsa sanki Peterə belə demişdi: «Sən Məni
inkar edəcəksən və acı-acı ağlayacaqsan. Amma sonra bu yolu keçməli olan
qardaşlarına daha yaxşı kömək edə biləcəksən». Biz özümüz kədər
çarxından və ya utanc uçurumundan keçməyincə, başqalarına kömək edə
bilmərik. İsa haqqında deyilir: «Çünki Özü sınağa çəkilib əzab çəkdiyi
üçün sınağa çəkilənlərə kömək edə bilər» (İbranilərə 2:18).
Xəyanətin xəcalətini çəkən insan nəsə itirmir, əksinə, başqalarına
şəfqət və anlayış göstərmək təcrübəsi qazanır.
QOY SƏNİN İRADƏN OLSUN!
(Luka 22:39-46)
Yerusəlimdə boş yer olmadığı üçün bağlar və parklar, demək olar ki,
yox idi. Buna görə də bir çox varlı insanların bağları Zeytun dağının
ətəyində, şəhər divarları xaricində idi. İsanın varlı dostlarından biri
Ona belə bir bağdan istifadə etmək imkanı verdi. O öz mübarizəsini
təkbaşına aparmaq üçün oraya yollandı. O, can çəkişirdi.
Yunanca can çəkişmə sözü dəhşətli qorxu ilə mübarizə aparmaq deməkdir.
Tarixdə buna bənzər başqa səhnə yoxdur. Bu, İsanın həyatında mühüm dönüş
nöqtəsi idi. Axı Onun Çarmıxdan imtina etmək üçün hələ də fürsəti var
idi. Allahın Oğlunun alnını qanlı tər bürüdüyü vaxt dünyanın xilası
təhlükə altında idi. O qalib gəldi. Məşhur pianoçu bir dəfə Şopenin
noktürnü haqqında belə demişdi:
«Sizə
deməliyəm ki, Şopen bunu Listə demişdi, List də mənə. Onda hər şey — həm
qüssə, həm də kədər cəmlənib. Elə böyük kədər ki... Allahla danışmağa və
dua etməyə başlayana qədər çəkir. Sonra isə qəfildən hər şey yoluna
düşür». İsa ilə də belə oldu. O, Getsemani bağına kədər içində yollandı,
lakin Allahla danışandan sonra oradan qətiyyətlə qayıtdı. O, Getsemaniyə
can çəkişə-çəkişə getdi, lakin Allahla danışdığı üçün oradan rahatlıq
içində qələbə ilə qayıtdı. Hər şey insanın «Qoy Sənin iradən olsun!»
sözlərini hansı tonda deməyindən asılıdır.
1. O, bu sözləri mübarizə apardığı qüvvənin qarşısında aciz kimi
məğlub bir tonla deyə bilər. Belə olan halda, bu sözlər bütün ümidlərə
mərsiyə kimi səslənə bilər.
2. O, bu sözləri zorla fəth edilmiş adamın tonu ilə deyə bilər. Onda
bu sözlər tam məğlubiyyətin etirafı ola bilər.
3. O, bu sözləri uğursuzluğa düçar olmuş və arzusunu həyata
keçirməyin mümkünsüzlüyünü dərk etmiş adam kimi söyləyə bilər. Onda bu
sözlər acı məyusluq və ya dözülməz qəzəb kimi səslənə bilər. Çünki insan
vəziyyəti dəyişmək gücündə deyil.
4. O, bu sözləri tamamilə etibar edərək deyə bilər. İsa məhz bu tonda
dedi. O, Ata ilə danışmışdı. O, hər yerdə mövcud Olan, əlləri ilə Onu
hər tərəfdən bürüyən Allahla danışmışdı. O, sevən Ataya güvəndiyi üçün
təslim oldu.
O, diz üstə müqəddəs üzünü rütubətli torpağa əydi,
Sükut içində dua edən qəlbin iniltisi eşidildi:
"Qoy bu kasa Məndən yan keçsin, Ey Ata!
Amma qoy Mənim deyil, Sənin iradən olsun, Ata!
Hazıram Mən!» Bağda sakitlik hökm sürürdü;
Məsihin üzündən Çarmıxdan axıdılan qan kimi
Təri yerə düşüb qan damlalarına bənzəyirdi
Orada Allahın mələyi dayanıb
Allahın Oğlunu qüvvətləndirirdi.
İ.S.Proxanovun sözlərinə görə, İsa Getsemani bağında məhz belə dua
etmişdi. Bizim üçün ən çətini — ağılla dərk edə bilmədiklərimizi qəbul
etməkdir. Amma səylə dua edərək və mübarizə apararaq Allahın iradəsini
və məhəbbətini axtarmaqla onları özümüz üçün mümkün edə bilərik. Buna
görə də İsanın hər bir davamçısı tam arxayınlıqla «Qoy Sənin iradən
olsun» deyib dua edə bilər.
XƏYANƏTKARIN ÖPÜŞÜ (Luka
22:47-53)
Yəhuda İsanı təslim etmək üçün elə bir yol tapdı ki, izdiham
olmayanda Onu tuta bilsinlər. O yaxşı bilirdi ki, İsa, adətən, axşam
saatlarında Zeytun dağındakı bağa gedir. Buna görə Ali Şuranın
elçilərini ora gətirdi. Məbədin başçısı, yəni saqan Məbəddə
nizam-intizamın qorunmasına cavabdeh şəxs idi. Onun zabitlərinə İsanı
həbs etmək tapşırılmışdı. Adətən, şagird sevimli bir ravvini ilə
qarşılaşanda, sağ əlini sol çiyninə, sol əlini isə sağ çiyninə qoyub onu
öpərdi. Xəyanət əlaməti olaraq, Yəhuda bu öpüşdən istifadə etdi. Həbs
prosesində dörd qrup iştirak edirdi; onların hər birinin hərəkətləri və
reaksiyaları fərqli idi.
1. Birincisi, xain Yəhuda idi — Allahdan üz döndərən və
şeytanla ittifaqa girən insan. Yalnız Allahı şeytanla əvəz edən adam
Məsihə xəyanət edəcək qədər süquta uğraya bilər.
2. İkincisi, İsanı həbs etməyə gələn yəhudilər idi. Onlar ruhən
kor idilər və Allahı tanımırdılar. Tanrı insan şəklində yer üzünə
gələndə, yəhudilər yalnız bir şeyi düşünürdülər — mümkün qədər Onu tez
Çarmıxa çəksinlər. Onlar öz yollarına elə qapılmışdılar ki, qulaqlarını
Allahın səsinə bağlamış və Onun idarəçiliyini görmək istəmirdilər,
nəticədə də Onu tanıya bilmədilər. Allahın səsinə kar olmaq və Onun
əlamətlərinə kor olmaq dəhşətlidir. Elizabet Barrett Brouningin dediyi
kimi: «Məndə Onu görmək və Ona heyran olmamaq, Ondan geri çəkilmək və
Ona fəryad etməmək gücü var». Allah bizi belə gücdən qurtarsın!
3. Üçüncüsü, şagirdlər idi. Onlar bir anlıq Allahı
unutmuşdular. Onların dünyası dağılmışdı. Onlar sonun
yaxınlaşdığını düşünürdülər. Onlar Allah haqqında düşünə bilmirdilər.
Yalnız bir anda düşdükləri dəhşətli vəziyyəti düşünürdülər. Belə anlarda
insanları elə bir dəhşət bürüyür ki, onlar çaşqınlıq içində qalırlar və
həyatın gözünə baxıb onunla mübarizə aparmaq gücündə olmurlar. Sınağa
düşəndə insan Allaha üz tutmasa, həyat dözülməz olar.
4. Nəhayət, dördüncüsü İsa idi. Yalnız O, Allahı xatırladı.
Onda ən diqqətçəkən və heyrətamiz cəhət Getsemani bağında dua etdikdən
sonra sahib olduğu sakitlik idi. Hətta həbs anında belə, özünü itirməyən
yeganə şəxs O idi. Mühakimə zamanı əslində hakim Onun Özü idi. Allahın
yolu ilə gedən insan istənilən vəziyyətin öhdəsindən gələ bilər,
istənilən düşmənə əyilməz və qorxmadan onun gözlərinə baxa bilər. Yalnız
belə insan sonda deyə bilər:
Sınaqların amansız məngənəsində
Mən nə qışqırır, nə inildəyirdim.
İşgəncə və əzabın ortasında
Təslim olub başımı əymədim.
Qapı nə qədər dar olsa da,
Cəzaların siyahısı uzun olsa da,
Qəlbimin hökmdarı yalnız mənəm
Tanrımın əmanətidir bu mənə.
Yalnız Allaha təslim olan insan fateh kimi danışa və hərəkət edə
bilər.
63-71
İSTEHZA, KÜFR VƏ MÜHAKİMƏ
(Luka 22:63-71)
Həmin gecə İsa baş kahinin evinə gətirildi. Bu, özəl və qeyri-rəsmi
araşdırma idi. Onlar bunu İsanı məsxərəyə qoymaq, ələ salmaq, mümkünsə,
Onu sözdə tutmaq və bununla da Ona qarşı ittiham əsaslandırmaq məqsədilə
təşkil etmişdilər. Bundan sonra İsa Məbədin mühafizəçilərinə təhvil
verildi, onlar da İsa ilə dəhşətli zarafatlar etdilər. Səhər açılanda
Onu Ali Şuraya gətirdilər.
Ali Şura yəhudilərin ali məhkəməsi idi. Dini və teoloji məsələlərlə
bağlı işlər onun müstəsna yurisdiksiyasına daxil idi. Ali Şura yetmiş
nəfərdən ibarət idi. Oraya ilahiyyatçılar, ravvinlər, fariseylər,
kahinlər, sadukeylər və ağsaqqallar daxil idi. Ali Şura gecə vaxtı
yığışmırdı, buna görə də məhkəmənin qərarı olmadan İsanı səhərə qədər
həbsdə saxladılar. Ali Şura yalnız Qazzit adlanan zalda toplana bilərdi.
Məbədin həyətlərindən birində baş kahin Ali Şuraya başçılıq edirdi.
Bizim qarşımızda Ali Şuranın prosedur qaydaları canlanır. Bəlkə də
onlar heç vaxt ideal məhkəməni təcəssüm etdirməmişdilər. Amma Ali
Şuranın necə olmasını və İsanın mühakiməsi zamanı əsl vəzifələrindən nə
qədər uzaqlaşdıqlarını görmək olar. Məhkəmədə bütün iştirakçılar
bir-birini görə bilsin deyə yarımdairəvi şəkildə otururdular.
Təqsirləndirilən şəxs isə matəm paltarı geyinərək məhkəmə qarşısında
dayanırdı. Onun arxasında ravvinin tələbələri və şagirdləri düzülürdü.
Onlar həbs olunan şəxsin müdafiəsi üçün çıxış edə bilərdilər. Görünür,
məhkəmədəki boş yerlər tələbələr vasitəsilə doldurulurdu. Bütün
ittihamlar bir-birindən ayrı dinlənilmiş iki şahidin ifadəsi ilə təsdiq
edilməli idi. Məhkəmə üzvü əvvəlcə həbs olunan şəxsin əleyhinə, sonra
fikrini dəyişib lehinə danışa bilərdi. Amma əksinə olmazdı. Hökm elan
olunanda məhkəmənin kiçikdən böyüyə hər bir üzvü öz fikrini bildirməli
idi. Bəraət üçün bir səs çoxluğu kifayət edirdi. Mühakimə üçün ən azı
iki səs çoxluğu lazım idi. Ölüm hökmü heç vaxt elan edildiyi gün icra
oluna bilməzdi. Bunun üçün bir gecə keçməli idi. Çünki bu müddət ərzində
məhkəmə üzvləri fikirlərini dəyişə və məhkumu əfv edə bilərdilər. Bütün
prosedur mərhəmət təsiri bağışlamalı idi. Lakin Lukanın hekayəsindən
aydın görünür ki, Ali Şura İsanı sorğu-sual edərkən öz qaydalarını və
prosedurlarını belə pozurdu.
Qeyd etmək lazımdır ki, Ali Şura sonda İsanı küfrdə ittiham etdi.
Allahın Oğlu olduğunu iddia edən şəxs Allahın əzəmətini təhqir etmiş
sayılırdı. Bu da küfr idi və ölümlə cəzalandırılmalı idi.
Ən böyük faciə ondadır ki, İsa onları sevdiyi halda, onlardan heç bir
ədalət görmədi. İsa zəfərinə bəd niyyətli sorğu-suallar, təhqir, qamçı
və istehza ilə dolu bir gecədən sonra Allahın sağında oturacağına tam
əmin idi. Onun qələbəsi mütləq idi. Onun imanı vəziyyətdən üstün idi. O,
pisliyin Allahın planlarını alt-üst edə bilməyəcəyinə bir an belə
tərəddüd etmədi.