23-cü fəsil
1-12
PİLAT
QARŞISINDA MÜHAKİMƏ VƏ HİROD QARŞISINDA SÜKUT (Luka 23:1-12)
İsanın dövründə yəhudilərin ölüm hökmünü icra etmək hüququ yox idi.
Ölüm hökmünə yalnız Roma qubernatoru qərar verir və Roma hakimiyyəti
icra edirdi. Buna görə də İsa Ponti Pilatın yanına aparıldı. Heç bir şey
bizə yəhudilərin İsaya qarşı irəli sürdükləri ittihamlar qədər bəd
niyyətini açıq şəkildə göstərmir. O Özünü Allahın Oğlu adlandırdığına
görə Ali Şura Onu küfrdə ittiham edirdi. Pilata isə bu barədə bir söz
belə deyilməmişdi. Onlar yaxşı bilirdilər ki, Pilatın nəzərində belə bir
şikayətin nəticəsi olmayacaq və o, yəhudi dini və xurafatı ilə bağlı
ittihamı heç vaxt araşdırmayacaq. İsaya qarşı olan ittiham tamamilə
siyasi xarakter daşıyırdı. Bir çox cəhətdən bu, sadukeylər tərəfindən
irəli sürülmüşdü. Məsihin Çarmıxa çəkilməsinə nail olan da məhz
aristokratlar və sadukeylər idi. Onlar Məsihin xalq arasında iğtişaşlar
törədəcəyindən, var-dövlət, rahatlıq və səlahiyyətlərini
itirəcəklərindən qorxurdular.
Ponti Pilatın qarşısına çıxarılan ittiham üç hissədən ibarət idi.
Onlar İsanı a) qiyam qaldırmaqda, b) qeysərə vergi ödəməyi qadağan
etməkdə, c) padşah titulunu mənimsəməkdə ittiham edirdilər. İttihamın
hər bir bəndi açıq-aşkar yalan idi, yəhudilər bunu yaxşı bilirdilər.
Lakin İsanı öldürmək istəkləri o qədər güclü idi ki, ən böyük yalana əl
atmaqdan çəkinmədilər.
Pilat əbəs yerə Romanın ən təcrübəli hökmdarlarından biri sayılmırdı.
O, yəhudilərin niyyətini yaxşı başa düşürdü və onların istəklərini təmin
etmək fikrində deyildi. Eyni zamanda onları özünə düşmən etmək
istəmirdi. Yəhudilər İsaya qarşı daha bir ittiham irəli sürmək üçün Onun
Qalileyadan olduğunu söylədilər. Çünki Qalileya «üsyançıların beşiyi»
adı ilə məşhur idi. Lakin Pilat çətin vəziyyətdən çıxmaq üçün bu
ittihamdan yapışdı. Qalileya Hirod Antipanın yurisdiksiyasına daxil idi.
Həmin vaxt Pasxa bayramı münasibətilə o, Yerusəlimə gəlmişdi. Beləcə
Ponti Pilat işi Hiroda ötürdü. İsanın Hiroda deyəcək sözü yox idi. Nəyə
görə İsa düşünürdü ki, Hirodla danışmağa dəyməz?
1. Hirod sadəcə İsanı görmək istəyirdi: onun üçün İsa tamaşa və əcaib
maraqdan başqa bir şey deyildi. Lakin İsada əcaib heç nə yox idi: O,
itaət edilməli olan Padşah idi. Məşhur yunan stoiki Epiktet şikayət
edirdi ki, insanlar dünyanın hər yerindən onun mühazirələrinə, təliminə
qulaq asmaq və icra etmək üçün yox, sadəcə ona məşhur bir heykəlmiş kimi
baxmaq üçün gəlirlər. İsa baxılası surət deyil, O, itaət edilməli olan
Rəbdir.
2. Hirod İsada özü üçün əyləncə görür və Ondan möcüzə gözləyirdi. O,
İsaya padşah paltarı geyindirərək Onu ələ saldı. Başqa sözlə, Hirod
İsanı ciddi qəbul etməkdən imtina etdi. O, sadəcə İsanı öz sarayında
nadir bir əyləncə kimi təqdim etmək istəyirdi, bundan başqa marağı yox
idi. Bu gün də insanların böyük əksəriyyəti İsanı ciddi qəbul etməkdən
imtina edir. Əgər onlar İsanı ciddi qəbul etsəydilər, Onun sözlərinə və
göstərişlərinə daha çox diqqət yetirərdilər.
3. 11-ci ayə başqa cür də tərcümə oluna bilər. «Hirod öz əsgərləri
ilə Onu təhqir edib...», yəni «arxasında əsgərlər olan Hirod İsanın
əhəmiyyətsiz olduğunu düşündü». Qalileya və Pereyanın padşahı kimi
yüksək mövqeyə malik olan, arxasında güclü mühafizə ordusu olan Hirod
elə hesab edirdi ki, qalileyalı bu Dülgər heç bir gücü təmsil etmir və
heç bir əhəmiyyət kəsb etmir. Hətta bu gün də şüurlu və ya şüursuz
olaraq İsanın heç bir məna daşımadığına, Onsuz rahat yaşamağın mümkün
olduğuna inanan insanlar var. Onların qəlbində İsa üçün yer yoxdur.
İsanın onların həyatına heç bir təsiri yoxdur. Bu insanlar İsasız
keçinməyin mümkün olduğunu düşünürlər. Məsihçi üçünsə İsa kainatda ən
vacib Şəxsdir.
13-25
YƏHUDİLƏR
PONTİ PİLATI ŞANTAJ EDİRLƏR (Luka 23:13-25)
Bu hissə son dərəcə heyrətamizdir. Bununla belə, aydındır ki, Ponti
Pilat İsaya ölüm hökmü vermək istəmirdi. O, bilirdi ki, ölüm cəzasını
təsdiqləsə, Romanı məşhur edən qərəzsiz ədalət prinsipini pozacaq. O,
ölüm hökmünün təsdiqini ləğv etmək üçün ən azı dörd dəfə cəhd etdi. O,
yəhudilərə təklif etdi ki, bu problemi özləri həll etsinlər (Yəhya
19:6, 7). O, qərar vermək məsuliyyətini Hirodun boynuna qoymağa
çalışdı. O, adət üzrə, Pasxa bayramı münasibətilə İsanı azad etməkdən
ötrü yəhudiləri inandırmağa çalışdı (Mark 15:6). O, yəhudilərə
güzəştə getməyə çalışdı və dedi ki, İsanın qamçılanmasını, sonra isə
azad edilməsini əmr edəcək. Sonda yəhudilər Pilatı öz iradəsinə zidd
olaraq ölüm hökmünü təsdiqləməyə məcbur etdilər.
Necə oldu ki, yəhudilər təcrübəli Roma valisini ölüm hökmünü
təsdiqləməyə məcbur edə bildilər? Onlar əslində şantaj yolu ilə buna
nail oldular. Bu, onunla izah olunur ki, Romanın imperiya məhkəmə
praktikasına əsasən, hər bir vilayət zəif idarə olunduğuna görə Romaya
şikayət etmək hüququna malik idi. Belə olan halda, qubernatorun başı
ağrıyırdı. Ponti Pilat İsraildəki hakimiyyəti dövründə iki kobud səhvə
yol vermişdi.
Romalıların Yəhudeyadakı əsas idarəsi Yerusəlimdə deyil, Qeysəriyyədə
yerləşirdi. Yerusəlimdə yalnız bir qisim qoşun var idi. Roma
qoşunlarının bayraqlarında hökmranlıq edən imperatorun kiçik bir təsviri
var idi. Həmin dövrdə imperator rəsmi olaraq tanrı sayılırdı. Yəhudi
qanunları hər hansı bütləri qadağan edirdi. Buna görə də bütün keçmiş
hökmdarlar qoşunlarını Yerusəlimə gətirməzdən əvvəl bayraqlardakı
təsvirlərinin çıxarılmasını əmr edirdilər. Amma Ponti Pilat bunu
etməkdən imtina etmişdi: o, bayraqlarda imperatorun təsviri ilə öz
qoşunlarını gecə vaxtı Yerusəlimə gətirmişdi. Yəhudilər Qeysəriyyəyə
gəlib, Pilatdan xahiş etdilər ki, bayraqlardan şəkli götürsün. Lakin
Pilat razı olmadı. Yəhudilər isə uzun müddət israr etdilər. Altıncı gün
o, açıq ərazidə, qoşunların əhatəsində onlarla görüşməyə razılaşdı. O,
yəhudilərə bildirdi ki, əgər onlar davamlı tələblərlə onu təngə
gətirsələr, dərhal ölümlə cəzalandırılacaqlar. «Onda yəhudilər diz
çöküb, boyunlarını açdılar və qanunlarının müdrikliyini pozmaqdansa,
ölməyi üstün tutduqlarını dedilər». Hətta Ponti Pilat belə,
soyuqqanlılıqla qırğın əmrini verə bilmədi, sonda güzəştə getməyə məcbur
oldu. Bütün bunlar İosif Flavinin «Yəhudilərin qədimliyi» 18-ci
kitabının, 3-cü fəslində qeyd edilib. Bundan sonra Pilat şəhərdə yeni su
təchizatı sistemi tikdirdi, xərcini isə Məbədin xəzinəsindən ödəməyi əmr
etdi. Bu barədə artıq Luka 13:1-4-də danışılıb.
Böyük imperiyada Roma hökuməti üçün qəbuledilməz bir şey var idi —
xalq iğtişaşları və üsyanlar. Şübhəsiz ki, yəhudilər bu hadisələrdən
birini belə Roma hökumətinə çatdırsaydılar, Ponti Pilat dərhal taxtından
salınardı. Yəhyanın Müjdəsində biz yəhudilərin Ponti Pilatla söhbətində
ona vurduqları məşum eyhamla rastlaşırıq: «Əgər bu Adamı azad etsən,
qeysərin dostu deyilsən» (Yəhya 19:12). Onlar Pilatı Romaya
rəsmi şikayət göndərməklə hədələyərək, İsanın ölüm hökmünü təsdiqləməyə
məcbur etdilər.
Qarşımızda dəhşət doğuran həqiqət var: insanın keçmişi həmişə üzə
çıxa və qərarlarını iflasa uğrada bilər. Müəyyən əməllərə görə təqsirkar
olan şəxs, özünü istədiyini söyləmək hüququndan məhrum edir. Çünki əks
halda keçmişi onu təqib edəcək. Biz elə yaşamağa çalışmalıyıq ki, öz
fikrimizi ifadə etmək hüququmuzu itirməyək və insanlar «Bu barədə
danışmaq haqqı ən az olan adam sənsən» deyə bizi qınamasınlar.
Ancaq belə bir vəziyyətə düşsək də, ondan yeganə çıxış yolu —
vəziyyəti və onun nəticələrini cəsarətlə qəbul etməkdir. Pilatın da belə
bir cəsarəti yox idi. Hökmdar kimi İsrailin başında qalmaq üçün o,
ədaləti qurban verməyi seçdi və İsanın ölüm hökmünü təsdiqlədi. Əgər o,
cəsarətli insan olsaydı, ədalətin ondan tələb etdiyi kimi hərəkət edər
və əməllərinin nəticələrinə görə cavab verməyə hazır olardı. Lakin onun
keçmişi onu qorxaq etmişdi.
26-31
QOLQOTAYA GEDƏN YOL (Luka
23:26-31)
Çarmıxa çəkilməyə məhkum edilmiş cinayətkar məhkəmə zalından
çıxarılır və dörd tərəfi Roma əsgərləri ilə əhatə olunurdu. Bundan sonra
çəkiləcəyi Çarmıx çiyninə qoyulur və onu ən uzun yol ilə edam yerinə
aparırdılar. Öndə əlində məhkumun cinayəti yazılmış plakat tutan daha
bir Roma əsgəri gedirdi ki, dəhşətli cinayət planlaşdıran hər kəsə
xəbərdarlıq olsun. İsaya qarşı da yəhudilər eyni şeyi etdilər.
İsa əvvəlcə Çarmıxını Özü daşıdı (Yəhya 19:17). Lakin O,
taqətdən düşdü və artıq Çarmıxını daşıya bilmədi. İsrail işğal
olunmuş ərazi idi və istənilən vətəndaş istənilən vaxt hökumətin
xidmətinə çağırıla bilərdi. İstənilən insanı xidmətə cəlb etmək üçün
onun çiyninə Roma nizəsinin başlığı ilə vurmaq kifayət idi. İsa
Çarmıxın ağırlığına tab gətirməyəndə, romalı yüzbaşı ətrafa baxaraq Onun
Çarmıxını daşıyacaq bir adam axtardı. Uzaq Kirenadan, müasir Tripolidən
olan Şimon Yerusəlimə gəlmişdi. Şimon ömründə bir dəfə olsa da,
Yerusəlimdə Pasxa bayramını qeyd etmək üçün bütün həyatı boyu
qəpik-qəpik yığan yəhudi idi. Roma nizəsi onun çiyninə toxunanda, o,
istər-istəməz «cinayətkar»ın Çarmıxını daşımağa məcbur oldu.
Təsəvvür edin, həmin vaxt Şimon nə hiss etdi. O, illərdir ürəyində
bəslədiyi arzusunu yerinə yetirmək üçün Yerusəlimə gəlir, amma bunun
əvəzində Qolqotaya gedən yolda Çarmıx daşımalı olur. Onun ürəyi bütün
bunlara görə romalılara və Çarmıxını daşıdığı «cinayətkar»a nifrətlə
dolmuşdu.
Amma fikrin mənasına varsaq, bu hadisə yazılanlarla bitmədi.
C.A.Robertson Əhdi-Cədiddə gözə çarpmayan çoxlu gözəl epizodlardan
birini həmin yerdə gördü. Müjdəçi Mark Şimonu İsgəndər və Rufusun atası
kimi tanıdır (Mark 15:21). Təbii ki, heç kim atanı övladlarına
görə tanımaz, əgər bu oğullar müjdənin ünvanlandığı cəmiyyətə yaxşı
tanış deyildilərsə. Etibarlı məlumatlara görə, Mark Müjdəsini Romadakı
İmanlı Cəmiyyəti üçün yazmışdı. İndi isə Romalılara məktuba nəzər salaq.
Digər salamlar arasında Paul sonda yazır: «Rəbdə seçmə insan olan Rufusa
və mənə də analıq edən anasına salam söyləyin» (Romalılara
16:13). Beləcə Rufus Roma İmanlı Cəmiyyətində o qədər görkəmli
məsihçi idi ki, Paul onu «Rəbdə seçmə insan olan» adlandırmışdı. Anası
da Paul üçün o qədər əziz idi ki, ona imanda analıq edən ana
adlandırmışdı. Ola bilsin, həmin Rufus Kirenalı Şimonun oğlu, anası isə
Şimonun arvadı idi.
Çox güman, Şimon İsanı seyr edərkən onun nifrəti və qəzəbi təəccüb,
heyranlıq və sonda imanla əvəzlənmişdi. Beləcə o, Məsihin ardıcılına
çevrilmiş, ailə üzvləri isə Roma imanlı cəmiyyətində ən görkəmli
məsihçilər olmuşdular. Ola bilsin, həyatının arzusunun nəhayət
gerçəkləşəcəyinə, yəni Pasxa bayramını Yerusəlimdə qeyd edəcəyinə ümid
edən Şimon, iradəsinə zidd olaraq «cinayətkar»ın Çarmıxını daşıyan bir
adamın vəziyyətinə düşmüşdü. Bu zaman İsanı seyr edərkən qəzəbi və
nifrəti heyranlıq və imanla əvəzlənmişdi. Əvvəlcə ona alçaldılma kimi
görünən vəziyyət sonradan onu Xilaskara yönəltmişdi.
İsanın ardınca Onun üçün yas tutan bir qrup qadın gedirdi. O, dönüb
onlara Özü üçün deyil, onlar üçün ağlamağa icazə verdi, çünki qarşıda
onları dəhşətli günlər gözləyirdi. Yəhudeyada sonsuzluqdan dəhşətli
faciə yox idi. Çünki sonsuzluq boşanma üçün əsas idi. Amma elə günlər
gələcək ki, sonsuz qadınlar övladının olmadığına görə sevinəcəklər. İsa
yenə də keçmişdə olduğu kimi, indi də Allahın çağırışını rədd edən bu
şəhərin gələcək məhvini qabaqcadan görürdü. 31-ci ayə bir çox
vəziyyətlərə uyğun gələn atalar sözüdür. Onun mənası belədir: «Əgər
günahsızlara belə edilirsə, bəs günahkarın aqibəti necə olacaq?»
32-38
ONLAR İSANI
ORADA ÇARMIXA ÇƏKDİLƏR (Luka 23:32-38)
Cinayətkar edam yerinə çatanda onun Çarmıxı yerə qoyulurdu. Adətən,
Çarmıx «T» hərfi şəklində olurdu. Bununla belə, cinayətkarın başının
söykənəcək yeri olmurdu. Çarmıx çox da hündür deyildi. Cinayətkarın
ayaqları yerdən 60-90 sm hündürlükdə qalırdı. Yerusəlimdə bir qrup
dindar qadın var idi. Onlar həmişə edam yerinə gəlirdilər ki, Çarmıxa
çəkilmiş adama dəhşətli ağrılarını bir qədər azaldacaq narkotik otlarla
qarışdırılmış şərab içirtsinlər. İsaya da bu içki təklif olunmuş, lakin
O, bundan imtina etmişdi (Matta 27:34). O, ən dəhşətli ölümü
aydın zehinlə qarşılamağa qərar vermişdi. Qurbanın əlləri üst dirək
boyunca qoyulur və ovucları mismarlanırdı. Ayaqlar isə mıxlanmırdı,
sadəcə Çarmıxa yüngülcə bağlanırdı. Çarmıxın ortasında çıxıntılı bir
taxta parçası vardı. Ona yəhər deyilirdi. Çarmıxa çəkilmiş adamın çəkisi
həmin yəhərə düşürdü, çünki onsuz ovucun içi cırıq-cırıq olardı. Bundan
sonra Çarmıx qaldırılır və çuxura bərkidilirdi. Çarmıxa çəkilmənin
dəhşəti onda idi ki, bu edam növü dəhşətli ağrılara səbəb olsa da,
insanı öldürmək üçün kifayət etmirdi. Qurban günəşin yandırıcı şüaları
altında və gecə şaxtasında aclıq və susuzluqdan yavaş-yavaş ölümə məhkum
edilirdi. Elə hallar olurdu ki, cinayətkarlar bir həftə Çarmıxda asılı
qalır, sonda havalanıb dəlilikdən ölürdülər.
Cinayətkarın paltarı Onu Çarmıxa çəkilməyə aparan dörd Roma əsgərinə
düşürdü. Hər bir yəhudinin geyimi beş hissədən — altdakı tunikadan,
xitondan, kəmərdən, səndəldən və çalmadan ibarət idi. Dörd əsgərdən hər
biri geyimdən özünə bir hissə götürürdü. Beşinci ən böyük hissə — xiton
idi. O, bir tikişi olmadan bütöv parçadan toxunurdu (Yəhya
19:23-24). Əgər xiton hissələrə bölünsə, ondan bir şey qalmazdı.
Budur, Çarmıxın kölgəsində gizlənən əsgərlər püşk atmağa başladılar.
İsanın yavaş-yavaş dəhşətli əzab içində ölməsi onların vecinə
deyildi.
Çarmıxdakı yazı küçələrdə edam yerinə gedən cinayətkarın önündə
aparılan plakatdakı kimi idi.
İsa gözəl sözlər çox söyləmişdi. Lakin onların çox az hissəsi «Ata,
onları bağışla, çünki nə etdiklərini bilmirlər» sözləri ilə müqayisə
oluna bilərdi. Məsihçilərin bağışlaması — heyrətamizdir. Stefan daşqalaq
edilərək öldürüləndə o da belə dua etmişdi: «Ya Rəbb, bunu onlara günah
sayma» (Həvarilərin İşləri 7:60). Məsihçilərin bağışlaması
qədər gözəl və nadir heç nə yoxdur. Bağışlamamazlıq ruhu qəlbimizi
nifrətlə doldurmağa çalışanda, Onu Çarmıxa çəkənlərin bağışlanması üçün
dua edən Rəbbimizi yada salaq. Həmçinin dostlarına «Amma bir-birinizə
qarşı xeyirxah, rəhmli olun və Allah Məsihdə sizi bağışladığı kimi, siz
də bir-birinizi bağışlayın» (Efeslilərə 4:32) deyən Paulu da
xatırlayaq.
Yəhudilərin bu dəhşətli pisliyi cəhalət üzündən törətmələri
Əhdi-Cədidin hər yerində qeyd olunur. Bu hadisədən bir qədər sonra Peter
xalqa deyir: «İndi, ey qardaşlar, bilirəm ki, rəhbərləriniz kimi, siz də
bunu bilmədən etmisiniz» (Həvarilərin İşləri 3:17). Paul deyir
ki, onlar İsanı tanımadan Çarmıxa çəkdilər (Həvarilərin İşləri
13:27).
Böyük Roma imperatoru və stoik Mark Avreli hər səhər deyirdi: «Bu gün
siz müxtəlif xoşagəlməz insanlarla qarşılaşacaqsınız. Onlar sizi
incidəcək və təhqir edəcəklər. Ancaq belə yaşaya bilməzsiniz. Çünki siz
daxilində Allahın Ruhu yaşayan insanlarsınız». Digər insanların ürəyində
bağışlamazlıq ruhu yaşaya bilər. Başqaları nadanlıq üzündən günah işlədə
bilər. Amma biz yaxşı bilirik ki, bizə daha çox verilib. Biz Məsihdənik
və Onun bağışladığı kimi biz də bağışlamalıyıq.
39-43
ALLAHIN PADŞAHLIĞININ
VƏDİ (Luka 23:39-43)
Səlahiyyətlilər bilərəkdən İsanın iki məşhur quldur arasında Çarmıxa
çəkilməsini əmr etdilər. Hər şey qəsdən elə qurulmuşdu ki, İsa camaatın
gözü qarşısında alçaldılsın və cinayətkarlarla bərabər tutulsun. Tövbə
edən quldur haqqında müxtəlif əfsanələr var. Onu müxtəlif cür
adlandırırlar: Dismas, Demasi və Dumaxus. Əfsanələrin birində o,
yoxsullara kömək etmək üçün varlıları soyan yəhudi Robin Qud kimi təqdim
olunur. Ən yaxşı əfsanə isə Yusif və Məryəmin Körpə İsa ilə Bet-Lexemdən
Misirə qaçarkən quldurların hücumuna məruz qalması haqqındadır. Körpə
İsanı dəstə başçısının oğlu xilas etdi. Uşaq o qədər şirin idi ki, gənc
oğru Onu tutmağa ürək etmədi və «Ey övladların ən bəxtiyarı, əgər nə
vaxtsa mənim mərhəmətə ehtiyacım olsa, məni yada sal və bu günü unutma»
sözləri ilə Onu buraxdı. Budur, Körpə İsanı xilas edən bu gənc oğru
Onunla yenidən Çarmıxda qarşılaşdı və indi İsa onu xilas etdi.
Cənnət sözü fars dili mənşəlidir. Bu söz divarla əhatə
olunmuş bağ deməkdir. Fars padşahı öz təbəələrindən birini xüsusi
şərəfləndirmək istəyəndə, onu bağ ordeninə layiq görürdü, bu da o demək
idi ki, padşah onu öz bağında gəzmək üçün seçib.
İsa tövbə edən quldura daha böyük şey — əbədi həyat vəd etdi. İsa ona
Allahın Padşahlığının bağında şərəfli yer vəd etdi. Bununla İsa deyir
ki, Məsihə üz tutmaq heç vaxt gec deyil. Bəzən biz belə deyirik: «Artıq
gecdir. Bunun üçün çox qocayam». Amma Məsihə üz tutmaq haqqında bunu heç
vaxt deyə bilmərik. Nə qədər ki, insanın ürəyi döyünür, Məsihin çağırışı
qüvvədədir. Şair atdan yıxılaraq ölən adam haqqında belə yazır.
Üzəngi ilə yer arasında
Bağışlanmaq üçün dua etdim,
Bağışlanmanı aldım.
Nə qədər ki sağıq, tövbə edə bilərik.
44-49
UZUN GÜNÜN SONU (Luka
23:44-49)
Hər cümlədə bir hadisə əks olunur.
1. İsa Məsih Çarmıxda öləndə hər yeri qaranlıq bürüdü. Sanki günəşin
özü bədxahların əməllərinə tab gətirə bilmədi. İnsanlar Məsihi qovmağa
çalışanda, dünya qaranlığa qərq olur.
2. Məbəddəki pərdə iki yerə bölündü. Bu, Müqəddəslərin Müqəddəsini,
Allahın hüzuru olduğu yeri ayıran bir pərdə idi. Oraya baş kahindən
başqa heç kim girə bilməzdi. Özü də ildə yalnız bir dəfə, Kəffarə
günündə. Allahın hüzuruna girişi bağlayan qapı sanki hamı üçün açıldı.
Əvvəllər gizli olan Allahın ürəyi indi sanki hamıya açıq idi. İsanın
doğulması, yaşayışı və ölümü Allahı insanlardan gizlədən pərdəni ikiyə
böldü. İsa dedi: «Məni görən, Atanı görmüş olur» (Yəhya 14:9).
İnsanlar Çarmıxda heç vaxt olmadığı kimi Allahın məhəbbətini
gördülər.
3. İsa uca səslə nida etdi. Bu barədə üç Müjdədə danışılır (Matta
27:50; Mark 15:37). Yəhya isə İsanın uca səslə nida etdiyini
vurğulamır. O deyir ki, İsa öləndə «Tamam oldu!» deyə nida etdi
(Yəhya 19:30). Tamam oldu sözü həm yunan, həm də arami
dillərində eyni sözdür. Tamam oldu və uca səslə nida, əslində,
eyni şeydir. İsa qələbə nidası ilə öldü. O, diz çöküb məğlubiyyəti
etiraf etməyə məcbur edilən insan kimi tamam oldu deyə
pıçıldamadı. O, düşmənlə son döyüşünü başa vurub, böyük, əzəmətli
vəzifəsini təntənəli şəkildə yekunlaşdıraraq, bu sözü fateh kimi bəyan
etdi. Həm Çarmıxa çəkilmiş, həm də qalib Məsih «Tamam oldu!» dedi.
4. İsa dilində «Ey Ata! Ruhumu Sənin əlinə verirəm» duası ilə öldü.
Bu, Zəbur 31:5-dən olan ayədir. Sadəcə ey Ata
sözü əlavə olunub. Bu, yəhudi anaların axşam duasında uşaqlarına
öyrətdikləri ayə idi. Eynilə analarımızın bizə öyrətdikləri kimi.
Gecənin sükutunda dincəlməyə gedirəm,
Həm bədəni, həm də ruhumu Sənin əlinə verirəm.
«Ruhumu Sənin əlinə verirəm». İsa bu ayəyə Ata sözü əlavə
etməklə onu daha da mənalandırdı. Hətta İsa Çarmıxda belə atasının
qucağında yuxuya gedən uşaq kimi öldü.
5. Yüzbaşı və camaat İsanın ölümündən çox təsirlənmişdi. İsa ölümü
ilə həyatda nail ola bilmədiklərini yerinə yetirdi — insanların qəddar
qəlblərini sındırdı. Artıq Onun «Mən yerdən yuxarı qaldırılsam, bütün
insanları Özümə cəzb edəcəyəm» sözləri gerçəkləşirdi. O, canını
tapşırdığı anda Çarmıxın maqnit təsiri özünü göstərdi.
50-56
İSAYA ÖZ QƏBRİNİ VERƏN
ADAM (Luka 23:50-56)
Adətə görə, cinayətkarların cəsədləri, ümumiyyətlə, basdırılmır,
itlər və yırtıcı quşlar tərəfindən parçalanmağa buraxılırdı. Lakin
Arimateyalı Yusif İsanın cəsədini belə bir alçalmaqdan xilas etdi. Həmin
gün vaxt çox az idi. İsa cümə günü Çarmıxa çəkilmişdi. Yəhudi Pasxası —
bizim Şənbəmizdir. Amma yəhudilərdə gün axşam saat 6-da başlayır. Başqa
sözlə, Şənbə cümə günü axşam saat 6-da başlayırdı. Buna görə də qadınlar
yalnız İsanın cəsədinin harada qoyulduğunu görə bildilər. Sonra evə
gedib ətir və məlhəm hazırladılar. Başqa heç nə etmədilər, çünki qanun
saat 6-dan sonra işləməyi qadağan edirdi.
Arimateyalı Yusif çox maraqlı bir insan idi. Ola bilsin, onun
həyatında böyük faciə baş vermişdi. O, İsaya öz qəbrini verdi. O, Ali
Şuranın üzvü idi. Lakin İsanın Çarmıxa çəkilməsi barədə qərar veriləndə,
o, Ali Şurada iştirak etməmişdi. Eyni zamanda heç yerdə onun İsanın
edamı əleyhinə danışdığı deyilmir. Bəlkə də razılaşmadığı hadisələrin
gedişini dəyişdirə bilməyəcəyini anlayaraq, susmuş və ya zalı tərk
etmişdi. Hətta o dillənsəydi, nə dəyişərdi? Nifrətin açıq şəkildə ifadə
olunduğu yığıncaqda bir səs İsanın lehinə olsaydı, İsanı çoxmu
ruhlandırardı? Lakin Yusif İsanın ölümünə qədər gözlədi, sonra öz
qəbrini Ona verdi. Bu bizim də faciəmizdir. Çox vaxt biz insanın
sağlığında təqdim etməli olduğumuz gülləri onun məzarına düzürük. Ona
nekroloqlar yazır, məclislərdə yaxşılıqlarını sadalayır, onu tərifləyir
və təşəkkür edirik, halbuki bunları sağlığında etməli idik. Çox vaxt
bunları etmədiyimizə görə peşmançılıq hissi yaşayırıq. Diriyə bir söz —
ölüyə min tərifdən yaxşıdır.