24-cü fəsil
1-12
NƏ
ÜÇÜN SİZ DİRİNİ ÖLÜLƏR ARASINDA AXTARIRSINIZ? (Luka 24:1-12)
Yəhudilərin Şabbat günü — bizim şənbəmiz, həftənin son günüdür.
Şabbat yaradılışın altı günündən sonra Allahın istirahət etdiyini
xatırladır. Məsihçilərin bazar günü isə yəhudilərdə həftənin ilk
günüdür. Həmin gün İsa Məsihin dirilməsini xatırladır. Həftənin ilk günü
(yəni məsihçilərin bazar günü) qadınlar ölən əziz Müəllimlərinə son
ehtiramlarını bildirmək və Onun cəsədini ətirli yağlarla məsh etmək üçün
məzara getdilər.
Şərqdə məzarı çox vaxt qayanın içində oyurdular. Cəsəd sarğı kimi
uzun ensiz kətan parçalara bükülür və məzarda rəfə bənzər bir yerə
qoyulurdu. Bundan sonra məzarın girişi çuxur boyunca oyulmuş yivdə
yuvarlanan təkərə bənzər böyük yuvarlaq bir daşla örtülürdü. Qadınlar
qəbirin yanına gələndə qapısındakı daşı yuvarlanmış gördülər.
Burada biz məsihçiliyin əleyhdarları tərəfindən daim eyham vurulan
dirilmə barədə təsvirdə uyğunsuzluqlarla qarşılaşırıq. Markın Müjdəsində
deyilir ki, qəbirin sağ tərəfində ağ xalat geyinmiş bir gənc oturmuşdu
(Mark 16:5). Mattada isə o, Rəbbin mələyi idi (Matta
28:2). Araşdırdığımız mətndə deyilir ki, bu, şimşək kimi parıldayan
paltar geyinmiş iki kişi idi. Yəhyanın Müjdəsində isə iki mələk idi
(Yəhya 20:12). Düzdür, təqdimatda aşkar uyğunsuzluq var, amma
bu da həqiqətdir ki, təsvir necə olursa-olsun, əsas fakt olan
məzarın boş olması bütün təsvirlərdə eynidir. Önəmli olan da
məhz budur. Bu günədək hələ heç vaxt iki insan eyni şəkildə, eyni
terminlə eyni hadisəni təsvir etməmişdir. Heç bir hadisə dirilmə qədər
dəfələrlə təkrarlanan və şişirdilmədən təsvir edilməmişdir. Lakin
hekayənin mahiyyəti — məzarın boş olması ilə bağlı son dərəcə vacib fakt
— bütün variantlarda qeyd olunub. Qadınlar geri qayıdıb bu barədə digər
şagirdlərə danışsalar da, onlar inanmaq istəmədilər. Qadınların sözləri
onlara boş göründü. Luka burada yunan həkimlərinin xəstənin qızdırma
zamanı sayıqladığını təsvir etmək üçün işlətdiyi sözü işlədir. Lakin
Peter getdi və bunun doğru olub-olmadığına şəxsən əmin olmaq istədi.
Peterin məzara getməsi artıq onun haqqında çox şey deyir. Onun Ustaddan
necə imtina etdiyini hamı bilirdi. Bununla belə, onun bu biabırçı
əməlini bilənlərlə üzləşməyə mənəvi cəsarəti çatmışdı. Peterdə həm
qəhrəmanlıq, həm də qorxaqlıq vardı. Qeyri-sabit xarakterli insan qayaya
çevrilməyə yaxındır.
Bütün bu hekayədə ən vacib məqam — məzar başında verilən sualdır: «Nə
üçün siz Dirini ölülər arasında axtarırsınız?» Çoxlarımız hələ də İsanı
ölülər arasında axtarırıq.
1. Bunlar İsanın timsalında insanların ən böyüyünü və qəhrəmanların
ən zadəganını, yer üzündə ən gözəl həyatı yaşamış, lakin sonra öldüyünü
görənlərdir. Ancaq bu, hamısı deyil. İsa ölməyib, O diridir. O, keçmişin
qəhrəmanı deyil, bu günün canlı reallığıdır.
Şekspir — torpağa qarışıb, bir daha eyvon ənənəsi ilə ovsunlamağa
gəlməyəcək,
Sokrat isə Şelli kimi, Attika və İtaliya yuxusuna qərq olub.
Onlar bixəbərdirlər. Lakin siz, ey məsihçilər,
Məsih məzarda olsa da, meydanda və təyyarədən,
Nazaretdən olan dirilən İsanı görmədinizmi?
2. Bunlar İsanın timsalında yalnız Onun həyatını və sözlərini
öyrənmək, təlimini araşdırılmaq lazım olan sadə bir insan kimi
görənlərdir. Məsihin yolunu və Məsihi yalnız bir araşdırma mövzusu kimi
düşünmək üçün ümumi bir tendensiya var. Bu tendensiyanı getdikcə daha
çox təhsil qruplarının formalaşmasında, dua və Kəlam üzərində düşünmə
qruplarının tədricən yox olmasında görmək olar. Düzdür, İsanın həyatını
öyrənmək lazımdır, lakin Onu öyrənmək kifayət deyil. İsa ilə görüşmək və
hər gün Onunla yaşamaq lazımdır. İsa təkcə kitabın qəhrəmanı deyil,
hətta həmin kitab dünyanın ən böyük kitabı olsa belə. O, sağdır və
bizimlədir.
3. İsanı mükəmməl nümunə kimi görənlər də var. Bu da düzdür, amma
mükəmməl nümunə dünyanın ən darıxdırıcı və sıxıcı bir varlığına çevrilə
bilər. Quşlar əsrlər boyu insanlara uçmaq üçün örnək olub, buna
baxmayaraq, insanlar uçmağı ancaq bizim dövrümüzdə öyrəniblər.
Bəzilərimizin hələ məktəb illərində xəttatlıq dəftərləri var idi. Hər
birinci sətirdə nümunə verilmişdi, digər sətirlərdə isə onları köçürməli
olurduq. Nə qədər olub ki, mükəmməl nümunəni təkrarlamaq üçün
göstərdiyimiz səylər ümidimizi boşa çıxarıb! Amma müəllim həmişə köməyə
gəlib. O, əlimizdən tutaraq onu xətt boyu aparır və biz yavaş-yavaş
ideala yaxınlaşırdıq. İsanın da etdiyi elə budur. O bizim üçün təkcə
nümunə deyil. O bizə kömək edir, istiqamətləndirir və Onun nümunəsini
təqlid etmək üçün bizə güc verir. O, sadəcə həyat nümunəsi deyil. O,
həmişə yanımızdadır və bizə yaşamağa kömək edir. Bəlkə, şagirdlər kimi,
bizim də imanımız vacib nələrdənsə məhrum olub, çünki biz də Onu — Diri
Olanı ölülər arasında axtarmışıq.
13-35
QARANLIQ YOL İŞIQLANDI
(Luka 24:13-35)
Budur, başqa bir ölməz hekayə.
1. Həmin hekayə qərbə doğru gedən iki şagirddən bəhs edir. Belə
fikirlər irəli sürülür ki, onlar qərbə doğru getdiklərinə görə İsanı
tanıya bilmədilər. Xamma kəndi Yerusəlimin qərbində yerləşirdi. Günəş
qürub etdiyi üçün onların gözləri elə qamaşdı ki, onlar öz Rəbbini
tanımadılar. Hadisə hər necə olursa-olsun, bir şey həqiqət olaraq qalır
ki, məsihçi günəşin qürub etdiyi səmtə yox, doğan günəşin səmtinə doğru
hərəkət edir. Uzun illər əvvəl İsrail övladlarına deyilmişdi ki, onlar
düşən gecəyə doğru deyil, sübhə doğru irəliləsinlər (Saylar
21:11). Həmin iki şagird Xammaya gedən yolda kədər və məyusluqdan
boğularaq bunu unutmuşdular.
2. Hekayədə söhbət İsanın hər şeyə məna vermək və canlandıra bilmək
qabiliyyətindən gedir. Bu iki şagird üçün yaranan vəziyyət ümidsiz və
mənasız görünürdü. Onların arzuları, ümidləri puç olmuşdu. Onların «Biz
də ümid edirdik ki, bu, İsrailin gələcək Satınalanıdır» kədərli
sözlərində böyük məyusluq hiss olunur. Bu, xəyalları qırılan və dəfn
olunan insanların sözləridir. İsa yaxınlaşıb onlarla danışanda, həyatın
mənası onlara aydın oldu və işıq qaranlığı dəlib keçdi. Hekayələrin
birində qəhrəman sevgilisinə belə deyir: «Mən sənin gözlərinə baxmayana
qədər həyatın nə olduğunu bilmirdim». Yalnız İsada, hətta ən dəhşətli
vaxtlarda belə, əsl həyatın nə olduğunu dərk etməyə başlayırıq.
3. Hekayədə İsanın lütfkar olmasından və Özünü başqalarına zorla
qəbul etdirməməsindən bəhs edilir. İsa Özünü şagirdlərə sanki yoluna
davam etmək istəyirmiş kimi göstərdi, əslində isə, onların dəvətini
gözlədi. Allah insana dünyanın ən böyük və ən təhlükəli ənamını — iradə
azadlığını verdi. Biz ondan Məsihi həyatımıza dəvət etmək üçün istifadə
edə və ya Onun yan keçməsinə icazə verə bilərik.
4. Hekayədə deyilir ki, İsa çörəyi böləndə, şagirdlər Onu tanıdılar.
Çoxları bunun Rəbbin süfrəsi olduğunu düşünür. Amma bu, sadə bir evdə
adi yemək idi və süfrə arxasında əyləşənlər arasında çörək bölünəndə
şagirdlər İsanı tanıdılar. Kimsə təxmin etdi ki, ola bilsin, həmin iki
şagird İsa beş min adamı doyuzduranda orada olublar, ona görə də, O,
evlərində çörək böləndə, Onun əllərini tanıdılar. Biz təkcə Rəbbin
süfrəsi mərasimində deyil, həm də nahar yeməyində Məsihlə ola bilərik.
O, təkcə İmanlı Cəmiyyətinin Rəbbi deyil, həm də hər evin qonağıdır.
Məsihçilər həmişə və hər yerdə Məsihin var olduğu dünyada
yaşayırlar.
5. Bu hekayə iki şagirdin necə xoşbəxt olduğundan, sevincini
bölüşməyə tələsdiklərindən bəhs edir. Yerusəlimə gedən yol on
kilometrdən çox idi, amma onlar olduqları evdə daha qala bilmədilər.
Məsihçi Müjdəsi başqaları ilə paylaşmadıqca heç vaxt yalnız bizə məxsus
ola bilməz.
6. Onlar Yerusəlimə qayıdanda öyrəndilər ki, başqa şagirdlər də İsa
ilə qarşılaşıbmışlar. Məsihçinin izzəti və böyüklüyü ondadır ki, o
onunla eyni hadisələri və hissləri yaşamış insanların qardaşlığında
yaşayır. Bir nəfərin dediyi kimi, «Əsl dostluq o zaman başlayır ki,
insanlar ümumi xatirələri yada salıb, biri-birilərinə «Yadındadırmı?»
deyirlər». Hər birimiz ortaq yaşantılar və Rəbbimizin ortaq xatirələrini
bölüşən qardaşlığın üzvüyük.
7. Hekayədə İsanın Peterə göründüyü deyilir. Bu hadisə dünyada heç
vaxt izah olunmayan ən böyük hadisələrdən biri olaraq qalacaq. Amma
maraqlıdır ki, İsa Onu inkar edən insana birinci göründü. İsanın
böyüklüyü həm də ondadır ki, O, tövbə edən günahkara özünə hörməti
qaytarır.
36-49
YUXARI OTAQDA (Luka 24:36-49)
Burada İsanın yuxarı otaqda toplaşan şagirdlərinin yanına necə
gəldiyindən bəhs olunur. Xüsusilə məsihçi inancının bəzi meyarlarını
qeyd edir.
1. Burada Məsihin dirildiyinin həqiqiliyi vurğulanır.
Dirilən Rəbb — ruh deyil, gerçəklikdir. Ölən İsa, həqiqətən, ölülərdən
dirilmiş Məsih idi. Bu, tarixi həqiqətdir ki, məsihçilik insanların
pərişan olmuş zehinlərində doğan xəyallara və ya qarabasmalara deyil,
tarixən sübut olunduğu kimi, həqiqətən, ölümün gözünə baxan, onunla
vuruşan, ona qalib gələn və sonda ölülərdən dirilən bir İnsana
əsaslanır.
2. Burada Çarmıxın zəruriliyi vurğulanır. Bütün Müqəddəs
Yazılar və peyğəmbərlər Çarmıxa və Çarmıxa çəkilməyə işarə edirdilər.
Məsihin Çarmıxa çəkilməsi Allahın boynuna məcbur qoyulmamışdı. Məsihin
Çarmıxa çəkilməsi Allahın planının bir hissəsini təmsil edirdi və başqa
heç bir şey olmadığı kimi, Onun əbədi məhəbbətini açıq-aşkar nümayiş
etdirirdi.
3. Burada İsa Məsihə həvalə edilmiş tapşırığın təkidi
vurğulanır. Tövbəyə çağırış və günahların bağışlanması xəbəri bütün
insanlara çatdırılmalı idi. İmanlı Cəmiyyəti yuxarı otaqda əbədi
qalmamalı idi. O, dünyaya göndərildi. Yuxarı otaqdan sonra İmanlı
Cəmiyyətinin ümumdünya missiyasının vaxtı gəlib çatdı. Kədərli günlər
keçdi, indi sevinc dalğaları bütün insanlara çatdırılmalıdır.
4. Burada qüdrətin sirri vurğulanır. Şagirdlər göylərdən
gələn qüdrətlə dolmayanadək Yerusəlimdə gözləməli idilər. Bəzən adama
elə gəlir ki, məsihçi vaxtını müdrik gözləmədə keçirərək boş yerə vaxt
itirir. Lakin hazırlıqsız atılan addımlar çox vaxt uğursuzluğa
məhkumdur. İnsan Allahı gözləməyi, Allah üçün nə vaxt çalışmaq vaxtının
gəldiyini bilməlidir. Fey İnçfon yazır ki, bəzən xırdalıqların
öhdəsindən gəlmək üçün həyatı boşa sərf edirik. Amma nə qədər işlə
məşğul olsaq da, Allahın yanında bir anlıq olmaq üçün hər şeyi kənara
qoyuruq. Allahı gözləməkdən ötrü keçirdiyimiz sakit vaxt heç vaxt boşa
getmir. Çünki belə anlarda təxirə saldığımız işlərin yerinə yetirilməsi
üçün güc almaqdan ötrü gündəlik həyatımızın işlərini bir kənara
qoyuruq.
50-53
XOŞBƏXT SONLUQ (Luka 24:50-53)
İsanın göylərə qaldırılması bizim üçün əbədi olaraq sirr qalacaq,
çünki bəzən biz izaholunmaz olanı izah etməyə və təsvir olunmayanı
təsvir etməyə çalışırıq. Ancaq bu hadisəni qeyd etmək çox vacib idi.
Çünki İsanın zühurlarının getdikcə daha az olacağını, sonra isə tamamilə
dayandırılacağını güman etmək ağlasığmaz idi. Bu, doğrudan da,
insanların inamını məhv edərdi. Yer üzündəki İsanın göylərin Məsihinə
çevrildiyi zaman, ayrılıq günü mütləq gələcəkdi. Lakin şagirdlər üçün
İsanın göyə qaldırılması üç məna kəsb edirdi:
1. Bu onlar üçün son idi. Onların imanının ətdən və qandan
olan insana iman etdikləri və Onun cismən varlığına bağlı olduğu günlər
arxada qaldı. İndi onlar zamandan və məkandan əbədi azad olan Şəxsə
bağlı idilər.
2. Digər tərəfdən, bu onlar üçün başlanğıc idi. Şagirdlər
məyus halda evə qayıtmadılar. Onlar böyük sevinclə Yerusəlimə
qayıtdılar, çünki artıq bilirdilər ki, onların Rəbbi var və daha heç bir
şey onları biri-birindən ayıra bilməz.
Sahillərinin, Onun xurma ağaclarının harada bitdiyini bilmirəm;
Bircə onu bilirəm ki, Məsihin məhəbbəti və qayğısı məni xilas
edəcək.
Həvari Paul deyir: «Çünki əminəm ki, nə ölüm, nə həyat, nə mələklər,
nə başçılar, nə indiki, nə də gələcək şeylər, nə qüvvələr, nə ucalıq, nə
dərinlik, nə də başqa bir məxluq bizi Rəbbimiz Məsih İsada olan Allah
məhəbbətindən ayırmağa qadir olmayacaq» (Romalılara
8:38-39).
3. Bundan əlavə, İsanın göyə qaldırılması şagirdlərə əminlik verdi
ki, onların təkcə yerdə deyil, həm də göydə bir Dostu var.
Doğrudan da, göylərdə bizi yer üzündəki kimi heyrətamiz dərəcədə
xeyirxah olan həmin İsanın gözlədiyini bilməkdən daha qiymətli heç nə
yoxdur. Ölmək — qaranlıqda qərq olmaq demək deyil; Onun hüzuruna getmək
deməkdir. Şagirdlər İsaya səcdə etdilər və böyük sevinclə Yerusəlimə
qayıtdılar. Onlar daim Allaha alqış edərək Məbəddə olurdular. Təsadüfi
deyil ki, Lukanın Müjdəsi başladığı yerdə — Rəbbin evində bitir.