3-cü fəsil
1-6
ALLAHIN ELÇİSİ (Luka 3:1-6)
Luka Vəftizçi Yəhyanın meydana çıxmasını tarixin ən mühüm
hadisələrindən biri hesab edir. Luka üçün bu, o qədər əhəmiyyətli idi
ki, o, Yəhyanın meydana çıxmasını altı fərqli şəkildə təsvir edir.
-
Tiberi Avqustun varisi idi, buna görə də Roma İmperiyasında
ikinci ən əhəmiyyətli adam idi. Artıq eramızın 11-ci və ya 12-ci
illərində Avqust onu hakimiyyətinə şərik etdi, lakin Tiberi yalnız
14-cü ildə təkbaşına hökmdar oldu. Buna görə də onun hakimiyyətinin on
beşinci ili 28-29-cu ilə təsadüf edir. Luka Vəftizçi Yəhyanın ortaya
çıxmasını o dövrün adət-ənənələrinə uyğun olaraq Roma imperatorunun
hökmdarlığı fonunda müəyyən edir.
-
Luka sonrakı üç tarixi İsraildə tetrarxların hökm sürdüyü siyasi
quruluşla əlaqələndirir. Dörd bölgəyə bölünən Fessali və Qalileya kimi
əyalətlərdə hökmdar tetrarx titulu daşıyırdı. Sonralar bu sözün
mənası genişlənmiş və ümumiyyətlə, istənilən ərazinin hökmdarını
bildirməyə başlamışdır. Təxminən 40 il padşahlıq edən Böyük Hirod
eramızdan əvvəl 4-cü ildə vəfat etdi. O, səltənətini üç oğlu arasında
bölüşdürdü. Bu da ilk dəfə Roma hökuməti tərəfindən qəbul
edildi.
a) Hirod Antipa Qalileyanı və Pereyanı miras aldı. O, eramızdan əvvəl
4-cü ildən eramızın 39-cu ilinə qədər padşahlıq etmişdir. Buna görə də
İsanın həyatı Hirodun padşahlığı dövründə və Qalileyanın sərhədləri
daxilində keçmişdi.
b) Hirod Filip İtureyanı və Traxonitis bölgəsini miras aldı. O,
eramızdan əvvəl 4-cü ildən eramızın 33-cü ilinə qədər hökmranlıq etdi.
Qeysəriyyə Filipin şərəfinə Filip Qeysəriyyəsi adlandırıldı, çünki
şəhəri o, tikdirmişdi.
c) Arxela Yəhudeya, Samariya və İdumeyanı miras aldı. O, çox pis
padşah idi. Yəhudilər axırda bezib onu taxtdan salmaq xahişi ilə Romaya
üz tutdular və Roma Yəhudeyadakı daimi iğtişaşlardan narazı qalaraq,
Yəhudeyaya vali təyin etdi. Nəticədə romalılar Yəhudeyaya birbaşa
nəzarət etməyə başladılar. Həmin dövrdə ⸻ 25-37-ci illərdə Yəhudeyanın
valisi Ponti Pilat idi. Beləliklə, Luka bir cümlə ilə bizə vaxtilə Böyük
Hiroda məxsus olan səltənətin bölünməsinin təsvirini verir.
3) Lisaniya haqqında heç nə məlum deyil.
4) Luka dünya əhəmiyyətli hadisələri və İsraildəki daxili siyasətin
ən mühüm məqamlarını qeyd edərək, İsrailin dini həyatına nəzər salır və
baş kahinlər ⸻ Xanan və Qayafanın dövründə Vəftizçi Yəhyanın zühur
etdiyini qeyd edir. Lakin heç vaxt eyni vaxtda iki baş kahin olmamışdır.
Bəs bu iki adı verməklə Luka nə demək istəyir? Baş kahin yəhudi
cəmiyyətinin həm mülki, həm də dini rəhbəridir. Qədim dövrlərdə baş
kahin vəzifəsi irsi və ömürlük idi. Lakin romalıların gəlişi ilə bu
vəzifə hər cür intriqaların obyektinə çevrildi. Bütün bunların
nəticəsində bizim eradan əvvəl 37-ci ildən bizim eranın 26-cı ilinə
qədər olan dövrdə iyirmi səkkiz baş kahin dəyişmişdi. Xanan bizim eranın
7-ci ilindən 14-cü ilinə qədər baş kahinlik etmişdi. Bizi maraqlandıran
dövrdə o, vəzifədə deyildi, lakin ondan sonra onun dörd oğlu baş kahin
oldu, Qayafa isə onun kürəkəni idi. Qayafa vəzifə etibarilə baş kahin
olsa da, əslində, hakimiyyətə Xanan nəzarət edirdi. Təsadüfi deyil ki,
həbs olunduqdan dərhal sonra İsa ilk dəfə Xananın yanına gətirildi
(Yəhya 18:13), baxmayaraq ki, həmin vaxt o, vəzifədə deyildi.
Buna görə də Luka öz adını Qayafanın adı ilə əlaqələndirdi: Qayafa baş
kahin olsa da, Xanan Yəhudeyanın dini cəhətdən ən nüfuzlu şəxs olaraq
qalırdı.
4-6-cı ayələr Yeşaya 40:3-5-dən götürülən sitatdır.
Şərqdə padşah öz rəiyyətini yoxlamaq istəyəndə yolları qaydaya salsın
deyə xalqa xəbərdarlıq etmək üçün adam göndərirdi. Beləcə Vəftizçi Yəhya
Padşahın elçisi kimi təqdim olunur. Yəhya insanların ürəklərini və
həyatlarını hazırlaması üçün onlara çağırış edərək «Budur, Rəbb gəlir,
Rəbbin yolunu hazırlayın», yəni həyat tərzinizi dəyişin deyir.
Həyatımızdan istifadə etməsi üçün onu Rəbbə verməyə borcluyuq.
7-18
VƏFTİZÇİ YƏHYA
TÖVBƏYƏ ÇAĞIRIR (Luka 3:7-18)
Bu hissədə Vəftizçi Yəhyanın təbliği yer alır.
Yəhya səhrada yaşayırdı. Səhra kolluqlar və quru kövşənliklə örtülmüşdü. Bəzən bir qığılcımdan
səhra alovlanır, zəhərli ilanlar dəhşət içində sürünə-sürünə
yuvalarından və torpağın çatlarından çıxırdı. Yəhya vəftiz olunmaq üçün
yanına gələn bəzi insanları onlarla müqayisə edirdi.
Yəhudilər Allahın planlında xüsusi yer tutduqlarına şübhə etmirdilər.
Onlar inanırdılar ki, Allah başqa millətləri bir ölçü, yəhudiləri isə
başqa ölçü ilə mühakimə edəcək. Onlar elə düşünürdülər ki, insan yəhudi
olduğuna görə Allahın hökmündən azad olur. Onların fikrincə, İbrahimin
oğlu Allahın hökmündən azaddır. Vəftizçi Yəhya isə onlara deyirdi ki,
irqi imtiyazların heç bir əhəmiyyəti yoxdur, Allah insanı mənşəyinə görə
deyil, həyatına görə mühakimə edəcək.
Yəhyanın təbliği üç səbəbə görə vacibdir:
1) Bu təbliğ insanlara sahib olduqlarını paylaşmağı öyrətməklə
başlayır. Bu, ictimai əmr idi. Mənası da o idi ki, başqaları korluq
çəkdiyi halda, Allah çox şeydən həzz alan insanı heç vaxt
bağışlamayacaq.
2) Bundan əlavə, bu təbliğ insandan tələb edir ki, o öz işindən əl
çəkməsin, çalışqanlıqla öz xilasına töhfə versin. Qoy vergiyığan layiqli
vergiyığan kimi qalsın; əsgər yaxşı əsgər olsun. İnsan Allaha onu
yerləşdirdiyi yerdə qulluq etməlidir.
Zənci mahnılarından birinin sözlərində belə deyilir.
Bir Padşah və Uca Rəbb var, O, tezliklə gələcək.
O gələndə məni əlimdə kərki ilə pambıqda görəcək.
Mən Onun səmavi ordusunun səsini eşidəcəyəm,
O gələndə məni əlimdə kərki ilə pambıqda görəcək.
Bir nəfəri kənara atdılar və onu işgəncə ilə öldürdülər.
O gələndə məni əlimdə kərki ilə pambıqda görəcək.
Ona nifrət etdilər, rədd etdilər, xor baxdılar, Çarmıxa çəkdilər.
O gələndə məni əlimdə kərki ilə pambıqda görəcək.
O gələndə müqəddəslər və mələklər başına tac qoyacaqlar,
«Rədd edilmiş adama hosanna» deyə oxuyacaqlar.
O gələndə, mən də pambıqda Onun önündə diz çökəcəyəm.
Yəhya əmin idi ki, insan ən yaxşı halda öz işi ilə Allaha xidmət edə
bilər.
3) Yəhya yalnız Allahın elçisi olduğunu bilirdi. Padşahın gəlişi hələ
qabaqdadır, mühakiməsi də Özü ilə gələcək. Kürək böyük yastı taxtadan
ibarət idi; biçilmiş taxıl kürəklə havaya atılırdı, ağır olan buğda yerə
düşür, samanı isə külək aparırdı. Saman taxıldan ayrıldığı kimi, Padşah
da salehləri günahkarlardan ayıracaq.
Beləliklə, Vəftizçi Yəhya hökm gününün təsvirini verdi. Əgər insan
Allah, qonşuları qarşısında borcunu yerinə yetiribsə, vicdanla gündəlik
işinin öhdəsindən gəlibsə, belə bir hökmü sakitcə gözləyə bilərdi.
Vəftizçi Yəhya bütün dövrlərin ən uğurlu təbliğatçılarından biri idi.
Günlərin bir günü məşhur xütbədən sonra keşişi təbrik edəndə, o
soruşmuşdu: «Vəz kimə necə təsir etdi?» Vəftizçi Yəhya insanları hərəkət
etməyə çağırırdı. O, dini incəliklərdən yox, həyatdan danışırdı.
19-20
VƏFTİZÇİ YƏHYANIN HƏBSİ
(Luka 3:19-20)
Vəftizçi Yəhya ədalətli həyat tərzini kəskin və açıq şəkildə təbliğ
edirdi. Beləliklə, o özünə problem yaratdı. Hirod onun həbs olunmasını
əmr etdi. İosif Flavi deyir ki, Hirod «xalq üzərində böyük təsiri olan
Yəhyanın xalqı özünə tabe etdirəcəyindən və üsyana başlayacağından
qorxurdu. Çünki xalq onun dediyi hər şeyi etməyə hazır görünürdü». Bu,
sözsüz ki, həqiqətdir. Lakin Əhdi-Cədid müəllifləri daha ciddi səbəb
göstərirlər. Hirod Aqrippa Hirodiya ilə evləndiyinə görə Yəhya onu
məzəmmət elədi.
Həmin evlilikdə münasibətlər çox mürəkkəbdir. Böyük Hirodun çoxlu
arvadı var idi. Hirodiya ilə evlənən və Yəhyanı həbs edən Hirod Antipa
Böyük Hirodun və samariyalı qadın Malfakanın oğlu idi. Hirodiya Böyük
Hirodun və Mariamnanın oğlu Aristovulusun qızı idi. Gördüyümüz kimi,
Böyük Hirod öz hökmranlığını Arxela, Hirod Antipa və Hirod Filip
arasında bölmüşdü. Böyük Hirodun başqa bir arvadından başqa bir oğlu var
idi, onun da adı Mariamna idi. Mariamna baş kahin Şimonun qızı idi.
Mariamnanın oğlu Hirod atasının mülkündən pay almadı, Romada fərdi
olaraq yaşadı və Hirodiya ilə evləndi. Əslində, o, Hirodiyanın əmisi
idi, çünki həm o, həm də atası Aristovul Böyük Hirodun müxtəlif
arvadlardan olan oğulları idi. Hirod Antipa Romaya səfərlərinin birində
Hirodiyanı yoldan çıxartdı, onu ögey qardaşından ayırdı və onunla
evləndi. O, eyni zamanda onun gəlini idi, yəni ögey qardaşının arvadı və
qardaşı qızı idi, başqa sözlə, digər ögey qardaşı Aristovulusun qızı
idi.
Bütün bunlar yəhudilərə son dərəcə iyrənc görünürdü, çünki bütün
normalara zidd idi. Şərqdə zalım hökmdarı qınamaq təhlükəli idi, lakin
Yəhya buna cəsarət etdiyinə görə tutuldu və Ölü dənizin sahilindəki
Maxeron qalasında həbs edildi. Səhra adamını yeraltı zindana salmaqdan
daha qəddar bir şey düşünmək mümkün deyildi. Bundan əlavə, onun başı
narazı Hirodiyanı razı salmaq üçün kəsilmişdi (Matta 14:5-12; Mark
6:17-29).
Həqiqəti demək həmişə təhlükəlidir. Amma özünü haqqa xidmətə həsr
edən insan ömrünü həbsxanada başa vursa da və ya edam olunsa da, son
nəticədə qalibdir. Bir dəfə Şotlandiya hökmdarı qraf Morton islahatçı
Endryu Mellvili hədələyərək demişdi: «Sizin yarınızı asıb və ya ölkədən
çıxarmayana qədər bu ölkədə sakitlik olmayacaq». Mellvili isə
hədə-qorxuya belə cavab vermişdi: «Əlahəzrət, siz öz saray əyanlarınızı
belə qorxuda bilərsiniz. Mənim üçün havada və ya yerdə çürüməyimin fərqi
yoxdur. Allaha şükür olsun ki, Onun həqiqətini asmaq və ya qovmaq sizin
səlahiyyətinizdə deyil». Platon bir dəfə demişdi ki, müdrik insan həmişə
haqsızlıq etməkdənsə, haqsızlığa məruz qalmağı üstün tutur. İnsan
özündən soruşmalıdır ki, son nəticədə kimin yerində olmaq istərdi ⸻
Hirod Antipanın, yoxsa Vəftizçi Yəhyanın?
21-22
İSANIN VƏFTİZİ (Luka 3:21-22)
Kilsə mütəfəkkirləri həmişə «Nəyə görə İsa vəftiz olunmaq üçün
Yəhyanın yanına getdi?» sualına cavab axtarıblar. Yəhyanın vəftizi ⸻
tövbə vəftizi idi, biz isə İsanın günahsız olduğunu yaxşı bilirik. Bəs
onda nəyə görə İsa vəftiz olunmağa getdi? Erkən İmanlı Cəmiyyətində elə
zənn edirdilər ki, O, bunu anasının xahişi ilə, onu razı salmaq üçün
etmişdi. Amma bunun başqa səbəbi var idi.
Hər bir insanın həyatında bütün ömrünə xüsusi məna verən müəyyən
mərhələlər, həlledici məqamlar olur. İsanın həyatında da belə oldu. Biz
İsanın bütün həyatına təkrar-təkrar baxmaq məcburiyyətindəyik. İlk vacib
məqam Onun on iki yaşında ikən Yerusəlimdəki Məbədi ziyarət etməsi və
əhəmiyyətini dərk etməsi oldu. Vəftizçi Yəhyanın peyda olduğu vaxt
İsanın təxminən otuz yaşı var idi (Luka 3:23). Yəni ən azı on
səkkiz il keçmişdi. Bu müddət ərzində O, yer üzündəki müstəsna
vəzifəsini daha dərindən dərk etmişdi. Buna baxmayaraq, O, Nazaretli
kənd dülgəri olaraq qalmışdı. Çünki bir gün Nazaretlə vidalaşacağını və
Özünü böyük missiyasına həsr edəcəyini bilirdi.
Yəhya peyda olanda insanlar onu dinləmək və vəftiz olunmaq üçün
dəstə-dəstə gəldilər. Bütün ölkədə Allaha misli görünməmiş maraq
yaranmışdı. Elə bu vaxt İsa anladı ki, Onun zamanı çatıb.
Məsələ İsanın Özünü günahkar hiss etməsi və ya tövbə etmək istəyinin
yaranmasında deyildi. Yəhya şəhadət edir ki, o, Məsihin İsrailə zahir
olması üçün su ilə vəftiz etməkdən ötrü gəlib (Yəhya 1:31).
Məsihin vəftizi Onun üçün də, İsrail üçün də böyük əhəmiyyət kəsb
edirdi. Vəftizçi Yəhya Onun haqqında Müqəddəs Ruhla vəftiz edən Allahın
Quzusu kimi şəhadət edir (Yəhya 1:29-32-33). Səmavi Ata Onun
haqqında Oğlu kimi şəhadət edir. O, vəftiz olunanda Allah Onunla
danışdı. Səhv etməyin: vəftiz zamanı baş verənlər həm də İsanın
şəxsi təcrübəsi idi. Allahın səsi Ona çatdı və Allahın Ondan razı
olduğunu bildirdi. Ancaq Allahın səsi daha çox şey etdi: Onun bütün
yolunu qabaqcadan göstərdi.
Allah Ona dedi: «Sən Mənim Sevimli Oğlumsan, Səndən razıyam». Bu
ifadə iki hissədən ibarətdir «Sən Mənim Sevimli Oğlumsan» ⸻
Zəbur 2:7-dən olan hissə. Bu ayə həmişə Məsihi Padşah kimi
təsvir olunduğunu göstərir. «Səndən razıyam» ifadəsi Yeşaya
42:1-in bir hissəsidir və Yeşaya 53-cü fəsildə həyatı
iztirabla başa çatan Rəbbin xidmətçisinin təsviridir. Bu onu göstərir
ki, İsa vəftiz olunarkən, birincisi, Allahın məsh olunmuş Padşahının
Məsih olduğunu bir daha dərk etdi. İkincisi, O dərk etdi ki, bu Onu
iztirablara və Çarmıxa aparacaq. Çarmıx İsanın taleyində gözlənilməz hal
olmadı: O, missiyasını dərk etdiyi andan qarşıda Onu Çarmıx
gözləyəcəyini bilirdi.
23-38
İSA MƏSİHİN NƏSİL
ŞƏCƏRƏSİ (Luka 1:23-38)
Bu hissə dərin məna ifadə edən bir fikirlə başlayır. Burada deyilir
ki, İsa xidmətə başlayanda ən azı otuz yaşında idi. Dünyanın Xilaskarı
olmaq missiyasını dərk etdiyi halda, nəyə görə İsa otuz ilini Nazaretdə
keçirdi? Deyilənə görə, Yusif gənc ikən ölmüşdü və İsa anasına, kiçik
bacılarının qayğısına qalmalı olmuş, onlar böyüyənə qədər Nazareti tərk
etmək haqqını Özündə hiss etməmişdi. Səbəb hər nə olursa-olsun, bir şey
aydındır ki...
-
İsa dünyanı xilas etmək kimi böyük vəzifəni üzərinə götürməzdən
əvvəl ailəsində daha təvazökar xarakterli müxtəlif tapşırıqları yerinə
yetirməli idi. İsa ailəsinin gündəlik ehtiyaclarının öhdəsindən
gəlməklə, Özünü üzərinə düşəcək böyük tapşırığa hazırlayırdı. O,
talantlar haqqında məsəli danışarkən sadiq xidmətçilərinə deyir:
«Afərin, yaxşı və sadiq qulum! Sən xırda işlərdə sadiq oldun, səni böyük
işlər üzərinə qoyacağam» (Matta 25:21-23). Bunu deyəndə, O,
şübhəsiz ki, Öz təcrübəsindən də danışırdı. Kimsə ölmüş anası haqqında
belə demişdi: «Onun həyatına baxanda yarımçıq qalan kiçik bir şey də
görmürəm». İsa bütün sadə işləri sədaqətlə yerinə yetirdiyi üçün Ona
dünyada ən böyük vəzifə verildi.
-
O Öz təlimini əməllərində göstərə bilirdi. Əgər O, heç bir
qohumluq əlaqəsi və öhdəliyi olmayan səfil biri olsaydı, insanlar Ona
deyə bilərdi: «Sənin insani vəzifələr və münasibətlər haqqında danışmağa
nə haqqın var? Məgər sən onları nə vaxtsa yerinə yetirmisən?» Amma İsa
təkcə «Öyrətdiyim kimi yaşa» demirdi, «Mənim etdiyim kimi et» deyirdi.
Tolstoy həmişə sevgi ilə yaşamaqdan danışırdı. Lakin arvadı onun
haqqında bunları demişdi: «Onun içində isti münasibət çox azdır. Onun
mehribanlığı ürəkdən deyil, yalnız prinsiplərindən irəli gəlir. Onun
tərcümeyi-halında fəhlələrə vedrələrlə su daşımaqda necə kömək etdiyi
yazılacaq. Amma heç kim bilməyəcək ki, o, heç vaxt arvadının
dincəlməsinə imkan verməyib, otuz iki ildə bir dəfə də olsun uşağına su
verməyib, bir neçə dəqiqə çarpayısının yanında oturmayıb ki, mən də bir
az dincəlim». Heç kim İsa haqqında belə bir şey deyə bilməzdi. İsa nəyi
təbliğ edirdisə, onu də tətbiq edirdi.
3) İnsanlara kömək etmək üçün onların necə yaşadıqlarını bilmək
lazımdır. İsa Nazaretdə otuz il yaşadığı üçün insanın gündəlik çörəyini
necə qazandığını, işləyən adamın sabahkı günə necə ümidsiz olduğunu
yaxşı bilirdi, borclarını ödəməkdən imtina edən pis müştəriləri
tanıyırdı. İlahi təcəssümün möcüzəsi ondan ibarətdir ki, həyatda İsanın
bilmədiyi heç bir problem yoxdur.
Burada İsanın şəcərəsi yer alır. Yəhudilər şəcərə ilə
maraqlanırdılar. Xüsusən də yəhudi kahinlərinin Harunun nəslindən
olduğunu sübut edən şəcərə ilə. Onlar salnamələrlə birlikdə
saxlanılırdı. Ezra və Nehemyanın dövründə biz öz şəcərələrini təqdim edə
bilmədiklərinə görə vəzifəsini itirmiş kahinlər haqqında oxuyuruq
(Ezra 2:62; Nehemya 7:63-65).
Lakin İsa Məsihin burada verilmiş şəcərəsinin özəlliyi onun Matta
1:1-17-də verilmiş şəcərəsindən fərqliliyindədir. Bu şəcərənin
özəlliyi həm də ondadır ki, yalnız Luka İbrahimdən Adəmə qədər İsanın
nəsil şəcərəsini aydın şəkildə göstərir. İbrahimdən Davuda qədər nəsil
şəcərəsi Luka və Mattada eynidir, lakin Davuddan Yusifə qədər fərqlidir.
İnsanlar Əhdi-Cədidi öyrənməyə başlayandan bəri bu fərqləri izah etməyə
çalışırlar.
Ən qədim izahatlardan biri budur ki, Mattanın qeyd etdiyi İsa Məsihin
nəsil şəcərəsi ⸻ İsanın atalığı İbrahim oğlu Yusifdən miras aldığı
padşah şəcərəsidir. Bütün şəcərədə ilahi məntiq hiss olunur. Qeyd edək
ki, kişi nəslindən keçən bu şəcərədə Matta 39 dəfə «törədi» sözünü
işlədir: «İbrahimdən İshaq, İshaqdan Yaqub törədi»... və beləliklə, 28
nəsil sadalanır. Ancaq Müqəddəs Ruhdan ilham almış müjdəçi Matta
«Yaqubdan Məryəmin əri Yusif törədi. Məryəmdən də Məsih adlanan İsa
doğuldu» yazmaqla, Məsihin İsrailin padşahı olaraq İbrahimin, Davudun,
Süleymanın nəslindən gəldiyini göstərir.
Lukada Məsihin şəcərəsi Məryəmin nəslindən keçir. Diqqət yetirin ki,
Məryəmin şəcərəsi, Mattada olduğu kimi, Davud üzrə Süleymanla deyil,
Davudun başqa oğlu Natanla gedir. Bununla da aydın olur ki, həm Yusif,
həm də Məryəm ⸻ İbrahimin nəslindən və Davudun padşah nəslindəndir. Buna
görə də mələk Məryəmə dedi: «...Rəbb Allah Ona atası Davudun taxtını
verəcək. O, Yaqub nəslinin üzərində əbədi olaraq Padşah olacaq və Onun
Padşahlığının sonu olmayacaq» (Luka 1:32-33).
İsanın şəcərəsi ilə bağlı aşağıdakı iki məqamı da qeyd etmək
lazımdır:
1) Lukada İsanın bir insan olaraq mənşəyi vurğulanır. Bu Onun
insanlar arasında bir insan olduğunun əsl həqiqətinə diqqət çəkir. O,
illüziya və ya yarımtanrı deyildi. İnsanları xilas etmək üçün O, sözün
əsl mənasında, insan olmuşdu.
2) Matta nəsil şəcərəsini sıralayarkən İbrahim peyğəmbərdə dayanır.
Luka isə Adəmə qədər gedib çıxır. Mattaya görə, İsa yəhudilərə aiddir;
Luka üçün O, bütün bəşəriyyətə aiddir, çünki mənşəyi yəhudiliyin
banisinə deyil, bütün bəşəriyyətin atasına aparır. Luka hətta İsanın
bütün əcdadlarına münasibətdə milli və irqi sərhədləri aradan
qaldırır.