4-cü fəsil
1-13
SINAQLA MÜBARİZƏ (Luka 4:1-13)
Biz artıq İsa Məsihin həyatında olan mühüm məqamları nəzərdən
keçirmişik. Burada onlardan ən vacibi yer alıb. Vəftizçi Yəhyanın zühuru
ilə Onun saatı gəldi, vəftiz olunarkən isə Allah Ondan razı olduğunu
bildirdi. Bu zaman İsa Öz xidmətinin astanasında idi. Xidmət etməzdən
əvvəl insan hər şeyi götür-qoy etməlidir. İsanın sınağı göstərir ki, O,
insanları Allaha yönəltmək üçün qəti qərar vermişdir. O, qüdrət və
izzətdən imtina edib iztirab və Çarmıx yolunu seçmişdir.
Bu mətni ətraflı təhlil etməzdən əvvəl iki ümumi məqamı qeyd etmək
lazımdır:
Bu, Əhdi-Cədidin ən müqəddəs hadisələrindən biridir. Çünki bu
hadisəni yalnız O danışa bilərdi. Yəqin ki, daxilində gizli yaşadığı bu
təcrübəni şagirdlərinə Özü danışmışdı.
Ola bilsin, bu vaxt artıq İsa başa düşmüşdü ki, Ona müstəsna
səlahiyyət verilib. Sınaqlarla bağlı əsas məqam odur ki, bəzi xüsusi
sınaqlar yalnız heyrətamiz möcüzələr göstərməyə qadir olan insan üçün
təhlükəli ola bilər. Biz gücümüz xaricində olan daşları çörəyə çevirmək
və ya Yerusəlimdəki Məbədin damından tullanmaq üçün şirnikləndirilmirik.
Bəzi sınaqlar yalnız müstəsna qabiliyyətlərə malik olan və onlardan necə
istifadə edəcəyini bilən insanları yoldan çıxara bilər.
Əvvəlcə hadisələrin baş verdiyi səhnəni — vəhşi səhranı xatırlayaq.
Yəhudeyanın əhalisinin böyük bir qismi Cənubi İsrailin əsas hissəsi olan
mərkəzi yaylada məskunlaşmışdı.
Bu yayla və Ölü dəniz arasında 55 kilometr uzunluğunda və 23 kilometr
enində Yeşimon, yəni «Məhv edilmə» adlanan ölü, ümidsiz səhra uzanırdı:
təpələr sanki tozdan ibarət idi, əhəngdaşı qabarmış və dağılmış kimi
görünürdü; qayalar çılpaq, kənarları kələ-kötür idi; yer atların
dırnaqları altında qulaqbatırıcı səslə uğuldayırdı, sanki yerin altı
boşluq idi. Səhra qırmızı-qaynar soba kimi istidən alışıb yanırdı və
hündürlüyü 350 metrdən çox olan dik qayalarla Ölü dənizə baxırdı. Həmin
dəhşətli səhrada İsa sınağa çəkildi.
Bu üç sınaq heç də təsvir edildiyi kimi asan baş verməyib. İsa qəsdən
səhraya çəkildi və qırx gün ərzində insanların qəlbini Allaha necə
yönəldəcəyi barədə fikirləşməyə başladı. Bu, Çarmıxa qədər davam edən
uzun bir mübarizə idi. Mətn bu sözlərlə bitir: «İblis ... bir müddət Onu
tərk etdi».
-
İlk sınaq daşı çörəyə çevirmək oldu. Axı səhra qumluq deyildi,
əksinə, çörəyə bənzəyən kiçik əhəngdaşı parçaları ilə örtülmüşdü.
Yoldançıxaran sanki İsaya belə dedi: «Əgər insanların sənin ardınca
getməsini istəyirsənsə, onlara maddi fayda verəcək heyrətamiz
möcüzələrindən istifadə et». O, insanları Özünə cəlb etməkdən ötrü
dilənçi payı verməyi təklif etdi. İsa bu təklifə Qanunun Təkrarı
7:3-dən sitat gətirərək cavab verdi. Başqa sözlə desək, insan heç
vaxt təkcə maddi nemətlərlə kifayətlənməyəcək.
Məsihçiliyin vəzifəsi yeni şərait yaratmaq deyil, baxmayaraq ki,
İmanlı Cəmiyyətinin nüfuzu və səsi həmişə insanların həyatını
yaxşılaşdırmaq üçün bütün cəhdləri və səyləri dəstəkləməlidir.
Məsihçiliyin vəzifəsi yeni insan yaratmaqdır. Bu yeni insanlar
isə yeni şərait yaradacaqlar.
-
İkinci sınaqda biz İsanın bütün dünyanın göründüyü bir dağda
dayandığını görürük. Yoldançıxaran Ona deyir: «Əgər Sən mənə səcdə
etsən, bütün bunlar Sənin olacaq». Bu, güzəştə getmək imtahanı
idi. İblis sanki eyham vuraraq deyir: «İnsanları əlimdə saxlayıram.
Onlara belə yüksək tələblər qoyma. Gəl sövdələşək. Şərə bir az güzəştə
get, insanlar da Sənin ardınca gedəcəklər». İsanın cavabı isə belə oldu:
Allah — Allahdır, həqiqət — həqiqətdir, yalan isə yalandır. Şərlə
döyüşdə güzəştə getmək olmaz, çünki yazılıb: «Allahın Rəbbə səcdə et və
yalnız Ona ibadət et» (Qanunun Təkrarı 6:13; 10:20). İsa yenə
də Müqəddəs Yazılardan sitat gətirir.
Biz daim dünya standartlarına uyğunlaşaraq ürəkləri və canları fəth
etmək cəhdi ilə qarşılaşırıq. İngilis yazıçısı Çesterton deyirdi ki,
insanlar dünyada hər şeyi boz işıqda görməyə öyrəşiblər, lakin
məsihçilər qaraya qara, ağa isə ağ kimi baxmağa məcburdurlar. Karleylin
dediyi kimi, «məsihçi həmişə müqəddəsin sonsuz gözəlliyini və günahın
sonsuz dəhşətini dərindən dərk etməlidir».
3) Üçüncü sınaqda biz İsanı Məbədin qülləsində görürük. Burada
Süleymanın eyvanı ilə Padşah eyvanı birləşir və 150 metr dərinlikdə
Qidron vadisinə sıldırım bir qaya açılır. Bu, insanları qeyri-adi
şeylərlə şirnikləndirmək sınağı idi. Amma İsa cavab verir: «Allahın
Rəbbi sınama» (Qanunun Təkrarı 16). Allahın qüdrəti ilə mənasız
təcrübələr etmək olmaz. İsa bilirdi ki, əgər möcüzələr yaratmağa
başlasa, O, yalnız bir anlıq sensasiya olacaq; O, həm də bilirdi ki,
sensasiya yalnız qısa müddət ərzində insanların diqqətini cəlb
edəcək.
Xidmət və əzabın çətin yolu Çarmıxa aparır, Çarmıxdan sonra isə
əzəmətə. Hər üç sınaqda şeytan Məsihə öz yolunu təklif etsə də, O rədd
etdi.
14-15
İSANIN
QALİLEYADA XİDMƏTİNİN BAŞLANĞICI (Luka 4:14-15)
Səhradan qayıdan kimi İsa bildi ki, Onun vaxtı gəlib çatıb. O, necə
davranacağına dair birdəfəlik qərar verdi. İndi isə O, xidmətinə haradan
başlayacağına dair qərar verməli idi.
1) O, Qalileyadan başladı. Qalileya İsrailin şimal hissəsində
yerləşən, qırx kilometrin səksən kilometrə (40X80km) ölçüdə bir bölgə
idi. Qalileya sözü «Dairə» deməkdir və yəhudi olmayan xalqların
əhatəsində olduğu üçün ibrani sözü olan Qalildən gəlir. Buna
görə də yeni cərəyanlar Qalileyanın həyatına böyük təsir göstərirdi,
mühafizəkar meyllər isə əhəmiyyətsiz rol oynayırdı. Bu ərazidə xüsusilə
sıx məskunlaşma var idi. Vaxtilə bu bölgənin hökmdarı olmuş qədim
tarixçi İosif Flavi yazır ki, burada ən azı 15 min nəfər əhalisi olan
204 kənd və şəhər var idi. Qalileyada üç milyon insanın necə yaşadığını
təsəvvür etmək çətindir.
Buradakı torpaq münbit idi. O vaxt belə bir deyim vardı «Qalileyada
altı min zeytun ağacı yetişdirmək Yəhudeyada bir uşaq böyütməkdən daha
asandır». Gözəl iqlim və suyun bolluğu Qalileyanı İsrailin bağına
çevirmişdi. Üzüm, zeytun, əncir, şam, limon, qırmızı yarpaqlı əncir,
nar, qoz, palıd, xurma, sidr, sərv, xınaçiçəyi, ağ şam ağacı, firon
ənciri (sikomor), mərsin, badam, oleandr kimi ağacların siyahısı bizə
torpağın nə qədər münbit olduğunu göstərir.
Qalileyanın sakinləri İsrailin dağlıları hesab olunurdular. İosif
Flavi onlar haqqında belə deyir: «Onlar həmişə yenilikləri qəbul etməyə
hazır, təbiətlərinə görə hər zaman dəyişməyə meylli idilər və üsyanlarda
məmnuniyyətlə iştirak edirdilər. Onlar qiyam qaldıran rəhbərin arxasınca
getməyə həmişə hazır idilər. Tez əsəbiləşir və tez-tez mübahisə
edərdilər». Onlar haqqında «çox cəsarətlidirlər» deyirdilər, «hər zaman
xeyirdən çox şöhrətə can atırdılar».
Məhz belə bir ərazidə İsa öz xidmətinə başladı. Ora Onun vətəni idi.
Orada O, ilk vaxtlarda, qəlbləri Onun təbliği ilə canlanan dinləyicilər
tapdı.
2) O, sinaqoqda başladı. Sinaqoq dini həyatın mərkəzi idi.
Yalnız bir Məbəd var idi — o da ki Yerusəlimdə. Lakin qanun on yəhudi
ailəsinin yaşadığı hər yerdə sinaqoq tikməyi nəzərdə tuturdu. İnsanlar
ibadət etmək üçün sinaqoqda toplaşırdılar. Onlar orada heç bir qurban
gətirmirdilər. Qurban gətirmək üçün Məbəd var idi, sinaqoqlar isə təlim
üçün nəzərdə tutulmuşdu. Bəs necə oldu ki, İsa sinaqoqda öyrətmək imkanı
əldə etdi? Xüsusi təhsili olmayan Nazaretli dülgər sinaqoqda təbliğ
etmək imkanını necə əldə etdi?
Sinaqoqdakı xidmət üç hissədən ibarət idi.
a) Dua ilə keçirilən şəxsi ibadət.
b) Müqəddəs Yazıların oxunması. Müqəddəs Yazıları ibadətdə iştirak
edən yeddi adam oxuya bilərdi. Onlar Müqəddəs Yazıları oxuduqca
tərcüməçi çətin başa düşülən ibrani dilindən arami və ya yunan dilinə
tərcümə edirdi: qanunu oxuyarkən — bir ayəni, peyğəmbərlərin kitabını
oxuyarkən — eyni anda üç ayəni.
c) Təlim. Sinaqoqda dinləyicilərə mütəmadi olaraq dərs deyən peşəkar
kahin yox idi. Sinaqoq ağsaqqalı sadəcə olaraq ibadətdə iştirak edən
hörmətli birini danışmağa dəvət edir, sonra söhbət və müzakirə
başlayardı. Beləcə İsa sinaqoqda danışmaq imkanı əldə etmiş oldu.
Həmin vaxt sinaqoq və onun minbəri Onun üzünə açıq idi.
-
Bu hissə «hamı Onu izzətləndirirdi» sözləri ilə bitir. İsanın
xidmətinin bu dövrü Qalileyanın baharı adlanır. O, Allahın küləyinin
nəfəsi kimi gəldi. Ona qarşı müxalifət hələ formalaşmamışdı. İnsanların
qəlbi canlı sözə ac idi. Onlar İsanın Öz dövrünün ortodoksal əqidəsinə
necə zərbə vuracağını hələ dərk etmirdilər. Adamlar Xoş müjdə yayan
insanı həmişə dinləyirlər.
16-30
ÖZ ELİNDƏ İZZƏTSİZ OLMAQ
(Luka 4:16-30)
İsanın ziyarət etdiyi ilk şəhərlərdən biri Onun doğma şəhəri Nazaret
oldu. Nazaret kənd deyildi. O, Müqəddəs Kitabda yunancadan tərcümədə
şəhər mənasını verən polis sözü ilə adlandırılmışdır. Burada 20
minə qədər sakin yaşaya bilərdi. O, İzreel düzündən çox da uzaqda
olmayan Qalileyanın alçaq dağları arasında bir dərədə yerləşirdi. Oğlan
uşağına yamacında şəhərin dayandığı dağın zirvəsinə qalxmaq kifayət idi
ki, gözləri önündə bir neçə kilometrədək uzanan gözəl mənzərə
açılsın.
İngilis səyyahı Corc Adam Smit dağın zirvəsindən açılan mənzərəni
belə təsvir edir:
Müşahidəçinin gözü önündə İsrailin tarixi canlanırdı. Onun qarşısında
Devoranın Baraqla döyüşdüyü Esdraelon düzənliyi uzanırdı. Hansı ki,
həmin düzənlikdə Gideon orada qələbə qazanmış, fəlakət Şaulu məhv etmiş
və Yoşiya döyüşdə ölmüşdü. Onun önündə Navotun üzüm bağı və Yehunun
İzeveli öldürdüyü yer var idi. Buradan bir vaxtlar Elişa peyğəmbərin
yaşadığı Şunem şəhəri görünürdü. Buradan İlyas peyğəmbərin Baal
kahinləri üzərində böyük qələbə qazandığı Karmel şəhəri və uzaqdan
Aralıq dənizi və adalar görünürdü.
Nazaretin üzərində ucalan dağın başından təkcə İsrailin tarixi
görünmürdü. Həm də müşahidəçinin gözü qarşısında dünya və dünyaya gedən
üç yol uzanırdı: biri cənubdan Yerusəlimə doğru uzanan zəvvarların yolu
idi; digəri Misirdən Dəməşqə gedən karvanların keçdiyi böyük Dənizkənarı
yol idi; o biri isə Ərəbistandan gələn karvanların və Roma imperiyasının
legionlarının şərq sərhədlərinə doğru hərəkət etdiyi böyük Şərq yolu
idi.
İsanın sivilizasiyadan uzaq yerdə böyüdüyünü düşünmək yanlış olardı.
O, hər tərəfdən tarixlə əhatə olunmuş şəhərdə və o dövrün ölkələrini
birləşdirən yolların yaxınlığında böyümüşdü.
Biz artıq sinaqoqda ibadətin necə keçirildiyini nəzərdən keçirdik. Bu
ayələr bizə bu barədə daha aydın təsəvvür yaradır. Təbii ki, İsa əlinə
kitab götürmədi, çünki o vaxt hamı tumarlarda yazırdı. O, Yeşaya
peyğəmbərin kitabının 61-ci fəslindən oxudu. 20-ci ayədə haqqında
danışılan xidmətçi sinaqoqda müxtəlif vəzifələri yerinə yetirirdi: o,
Müqəddəs Yazıların tumarlarını gətirib aparır, təmizlik işlərinə baxır,
sinaqoqun damından gümüş şeypur ilə üç dəfə Şənbə gününün başlandığını
elan edirdi; həm də yerli məktəbdə müəllim idi. Bundan başqa, 20-ci
ayədə deyilir ki, İsa oturdu. Bu bizdə elə təəssürat yarada bilər ki, O,
sözünü bitirmişdi. Amma, əksinə, O, nitqinə yenicə başlayırdı. Məsələ
burasındadır ki, natiq oturaraq danışır, ravvinlər də oturaraq dərs
deyirdilər.
Onu dinləyən yəhudiləri qəzəb bürüdü, çünki İsa qeyri-yəhudiləri
tərifləyirdi. Yəhudilər seçilmiş xalq olduqlarına o qədər əmin idilər
ki, başqalarına xor baxırdılar. Onlar elə güman edirdilər ki, «Allah
qeyri-yəhudiləri cəhənnəm odu üçün yanacaq kimi yaratmışdır». Budur,
onların tanıdığı bu gənc İsa Allahın bütpərəstlərə üstünlük verdiyini
təbliğ edir. Onlar birdən anlamağa başladılar ki, yeni təlimdə onların
yuxularında belə təsəvvür etmədikləri fikirlər var.
Burada daha iki məqamı qeyd etmək lazımdır.
-
İsa, adətən, Şənbə günləri sinaqoqa gedirdi. Yəqin ki, orada baş
verən bir çox şeylə İsa razılaşmırdı və çox şey Onu qane etmirdi,
amma yenə də ora gedirdi. Sinaqoqlarda ibadət çox vaxt idealdan
uzaq idi; lakin İsa Allahın buyurduğu gündə Allaha ibadət edən
insanlarla bir araya gəlmək fürsətini heç vaxt əldən vermirdi.
-
İsa ilə Vəftizçi Yəhya arasındakı fərqi başa düşmək üçün İsanın
Yeşaya peyğəmbərin kitabından oxuduğu yerə diqqət yetirmək vacibdir.
Vəftizçi Yəhya qiyamətin gəlişini təbliğ edirdi. Onun təbliğini dinləyən
insanlar dəhşətdən lərzəyə gəlirdi. İsa isə insanlara Müjdəni — Xoş
Xəbəri gətirdi. İsa da Allahın qəzəbini görürdü, lakin bu, sevgidən
irəli gələn qəzəb idi.
31-37
MURDAR RUHUN QOVULMASI (Luka
4:31-37)
Biz Kefernahum haqqında, ən azı Nazaret haqqındakı qədər bilmək
istərdik. Lakin İsanın bu qədər böyük işlər gördüyü gölün ətrafındakı bu
şəhərin dəqiq yerini belə bilmirik.
Bu hissə xüsusilə maraqlıdır, çünki Luka ilk dəfə murdar ruhun
tutulmasından bəhs edir. İsanın qüdrəti və möcüzələri insanları
heyrətləndirmişdi və bu, təəccüblü deyildi. Şərqdə cinləri qovmaq
qabiliyyətinə malik olan çoxlu insanlar var idi, lakin onlar bunun üçün
sirli və anlaşılmaz vasitələrdən istifadə edirdilər. Məsələn, sehrbazlar
xəstənin burnuna bir üzük taxırdılar, uzun-uzadı sehrli sözlər
oxuyurdular, sonra onun yanında yerləşdirilmiş su qabından qəflətən su
şappıltısı eşidilirdi — bununla da cin yoxa çıxırdı. Bu vəhşi atributlar
İsanın dediyi bir əmrdən necə də fərqlənirdi! İnsanlar onun böyük
səlahiyyətinə heyran qalmışdılar.
İsanın səlahiyyəti tamamilə yeni bir şey idi. Təlim zamanı ravvinlər
öz ifadələrinin hər birini sitatlarla təsdiqləyirdilər. Həmişə
deyirdilər ki, «belə bir atalar sözü var...» və ya «filan ravvin deyib
ki...» Onlar həmişə kiminsə nüfuzuna istinad edirdilər. Peyğəmbərlər
danışanda deyirdilər: «Xudavənd Rəbb belə deyir». Bununla da onlar
onları Göndərənin nüfuzuna istinad edirdilər. İsa isə deyir: «Mənsə Sizə
deyirəm». Sözlərini təsdiqləmək üçün Onun başqa nüfuza ehtiyacı yox idi.
Nüfuz da, güc də Onda təcəssüm olunmuşdu. İsa inandırıcı danışırdı və nə
danışdığını da yaxşı bilirdi.
İnsan həyatının bütün sahələrində mütəxəssislərin nüfuzu var.
Musiqiçilər deyirlər ki, Toskanini dirijorluq etmək üçün ayağa qalxanda
o, nüfuzu ilə ətrafa təsir edir və bütün orkestr bunu hiss edirdi.
Texniki məsləhətə ehtiyacımız olanda, mütəxəssisə müraciət edirik.
İsa Məsih dirilmə və həyatdır. O danışır və insanlar bilirlər
ki, Onun dedikləri insan təcrübəsindən üstündür — O, Allahdır.
38-39
ŞİMONUN EVİNDƏKİ MÖCÜZƏ
(Luka 4:38-39)
Burada həkim-Luka yazır. «Yüksək qızdırma içində yatırdı» —
sırf tibbi ifadədir. Lukanın burada işlətdiyi yunan ifadəsi ağır
xəstəlikdən əziyyət çəkən insanı göstərir. Yunan tibb müəllifləri
qızdırmanı iki növə bölürdülər — güclü və zəif.
Luka bu xəstəliyin nə olduğunu yaxşı bilirdi.
Bu qısa epizodda üç mühüm həqiqət var:
-
İsa xidmət etməyə həmişə hazır idi. O, sinaqoqdan təzəcə
çıxmışdı. Hər bir keşiş xidmətdən sonra özünü necə hiss etdiyini yaxşı
bilir. O, qəlbi ilə bütün gücünü xidmətinə sərf etmişdi və indi
istirahətə ehtiyacı var idi. Xidmətdən sonra izdiham və ya xəstələrin
iniltisi onu heç də narahat etmirdi. Lakin İsa sinaqoqdan çıxıb Şimon
Peterin evinə girən kimi insan iztirabı ilə üz-üzə gəldi. O demədi ki,
yorğundur, istirahətə ehtiyacı var, bir kəlmə də narazılıq etmədən
xidmətini davam etdirdi.
İngiltərənin Qurtuluş Ordusundan olan insanlar İkinci Dünya
Müharibəsində almanların Londona hava hücumları zamanı xanım Bervikin
fədakar xidmətlərindən danışırlar. Xanım Bervik təqaüdə çıxıb Londona
köçməzdən əvvəl Liverpulda Xilas Ordusunun sosial şöbəsinə rəhbərlik
edirdi. Bombardman zamanı insanların ağlına qəribə fikirlər gəlirdi:
onlar elə düşünürdülər ki, hətta bombardmanlar zamanı onun evi daha
təhlükəsizdir, ona görə də ora toplaşırdılar. Xanım Bervik təqaüdə çıxsa
da, insanlara kömək etmək arzusu onu tərk etmirdi. O, ilk yardım dəstini
yığdı və pəncərədən sadə bir qeyd asdı: «Əgər sizə kömək lazımdırsa,
qapını döyün». İsa insanlara kömək etməyə həmişə hazır idi. Məsihçilər
də belə etməlidir.
2) Möcüzələr göstərmək üçün İsanın insan izdihamına ehtiyac yox idi.
Əgər söhbət xüsusi adamlardan gedirsə, bir çox insanlar vaxtları da,
istəkləri də olmasa, kütlə qarşısında nəsə etməyə hazırdırlar. Bəziləri
özlərini cəmiyyətdə əla, evdə isə ədəbsiz aparırlar. Adətən, insan yad
adama nəzakətlə, minnətdarlıqla yanaşır, onun qədrini bilir, amma
yaxınlarına isə tam əksinə davranır. İsa möcüzələrə tamah salan
izdihamdan uzaqda, Kefernahumda sadə bir kənd evində bütün gücünü və
səlahiyyətini göstərməyə hazır idi.
3) Şimon Peterin qayınanası sağalan kimi, o anda durub onlara
xidmət etməyə başladı. O başa düşdü ki, insanlara xidmət etmək üçün
sağlamlığı yenidən bərpa olunub. Qadın insanların onun üçün nəsə
edəcəyini gözləmədi: o, dərhal yemək hazırladı, doğmalarına və İsaya
xidmət etməyə başladı. Analar həmişə belədir. Biz də unutmamalıyıq ki,
əgər Allah bizə əvəzsiz sağlamlıq və güc bəxş edibsə, demək, onları bizə
insanlara xidmət edə bilməyimiz üçün verib.
40-44
İNADKAR İZDİHAM (Luka 4:40-44)
-
İsa təkbaşına dua etmək üçün səhər tezdən evdən çıxdı. O,
insanların ehtiyacını yalnız ona görə ödəyə bilirdi ki, sübh tezdən
Allahla təklikdə qalırdı. Bir dəfə Birinci Dünya Müharibəsi illərində
Qərb Cəbhəsində Müttəfiqlərin Baş Qərargahının iclası təyin olundu.
Təyin olunmuş vaxtda baş komandan marşal Foşdan başqa hamı yerində idi.
Onu yaxından tanıyan zabitlərdən biri dedi: «Mən onu haradan tapacağımı
bilirəm». O, zabit yoldaşlarını baş qərargahın yaxınlığındakı xarabalığa
dönmüş kilsəyə apardı. Onlar baş komandiri xaraba qurbangahın qarşısında
diz çökərək dua edərkən tapdılar. Baş Qərargahla görüşməzdən əvvəl
marşal Foş Allah qarşısında səcdə etməli idi.
-
İzdiham Onun təklikdə qalmasına mane olduğu üçün İsa nə
şikayətləndi, nə də narazılıq etdi. Dua etmək vacibdir, amma insanların
ehtiyacları da bir o qədər vacibdir. Görkəmli missioner müəllim Florens
Olshorn missioner hazırlığı məktəbinə rəhbərlik edirdi. O, insan
təbiətinə yaxşı bələd idi və qab-qacaq yumaq lazım gələndə «dua edirəm»
deyib kənara çəkilən adamları sevmirdi. Dua etmək lazımdır, amma duaya
görə məsuliyyəti ertələmək olmaz. Dua insanı bəşəri ehtiyaclardan uzaq
salmamalıdır. Əksinə, onu insanların ehtiyaclarını ödəməyə
hazırlamalıdır. Bəzən istəmədən belə duanı tez bitirib işə başlamaq
lazımdır.
3) İsa cinlərin danışmasına icazə vermirdi. Biz dəfələrlə İsanın
dilindən susmağın vacib olduğu barədə eşidirik. Niyə? Sadə bir səbəbə
görə: yəhudilərin Məsih haqqında öz baxışları var idi. Onların
təsəvvürünə görə, Məsih qartalın boynunu ayağı ilə tapdalayan və
romalıları İsraildən qovacaq qalib bir padşah olmalı idi. İsraildə
həmişə kimsə üsyan etməyə hazır vəziyyətdə idi. Üsyan qığılcımları
həmişə içəridə yanır, tez-tez də üzə çıxırdı. İsa bilirdi ki, əgər Onun
Məsih olduğu məlum olarsa, dərhal üsyan başlayacaq. İnsanlar Onun Məsih
olduğunu dərk etməzdən əvvəl, onlara Məsihin qalib padşah deyil, əzab
çəkən bir qul olduğunu öyrətməli idi. O, insanlara susmağı əmr edirdi,
çünki onlar hələ Məsihliyin nə olduğunu bilmirdilər. Lakin O bilirdi ki,
insanlar yanlışlıqla başlasalar, bu, şübhəsiz ki, ölümə və məhvə səbəb
olacaq.
4) Burada biz ilk dəfə Lukanın Müjdəsində Allahın Padşahlığı barədə
qeydə rast gəlirik. İsa Allahın Padşahlığını elan etmək üçün gəlmişdi
(Mark 1:15). Bu Onun təbliğinin mahiyyətidir. O, Allahın
Padşahlığı dedikdə nəyi nəzərdə tuturdu? Allahın Padşahlığı dedikdə
İsa...
a) keçmişi nəzərdə tuturdu. İbrahim, İshaq və Yaqub
Padşahlıqda idilər. Onlar uzun əsrlər əvvəl yaşamışdılar (Luka
13:28).
b) indiki zamanı nəzərdə tuturdu. O dedi: «Allahın
Padşahlığı sizin daxilinizdədir» (Luka 17:21).
c) gələcəyi nəzərdə tuturdu. Allah insanlara Allahın
Padşahlığını gələcəkdə verməli idi və insanlar bu barədə Allaha dua
etməli idilər.
Bəs necə olur ki, Allahın Padşahlığı eyni zamanda həm keçmiş, həm
indi, həm də gələcəkdə ola bilir? Gəlin «Ey göylərdə olan Atamız»
duasına nəzər salaq. Onda yan-yana iki dilək var: «Sənin Padşahlığın
gəlsin; Göydə olduğu kimi yerdə də Sənin iradən olsun» (Matta
6:10). Zəburun hər ayəsindən göründüyü kimi, eyni fikri iki dəfə
təkrarlamaq yəhudilərə xas xüsusiyyət idi; üstəlik, fikrin ikinci
hissəsi birinci hissənin ideyasını izah edir, inkişaf etdirir və ya
gücləndirir. Gəlin bu iki ifadəni birləşdirək: «Padşahlığın gəlsin;
Göydə olduğu kimi yerdə də Sənin iradən olsun». İkinci ifadə birincini
izah edir: yəni Allahın Padşahlığı yer üzündəki insanlardan ibarət
cəmiyyətdir. Orada Allahın iradəsi göydə olduğu kimi qüsursuz şəkildə
həyata keçirilir. Əgər insan keçmişdə Allahın iradəsini qüsursuz
yerinə yetiribsə, deməli o, Allahın Padşahlığındadır; əgər kimsə indiki
zamanda Allahın iradəsini qüsursuz yerinə yetirirsə, o, Allahın
Padşahlığındadır; lakin bütün insanların Allahın iradəsini qüsursuz
yerinə yetirəcəyi gün hələ çox uzaqdadır; buna görə də Allahın
Padşahlığının tamamlanması gələcəkdədir; buna görə də Allahın Padşahlığı
eyni zamanda keçmiş, indi və gələcəyə aiddir.
İnsanlar öz hərəkətlərində dəyişkəndirlər: bəzən Allahın iradəsini
yerinə yetirirlər, bəzən də onu pozurlar. Buna görə də İsa Məsih Allahın
Padşahlığının həm təməli, həm də təcəssümüdür. O, insanlara Onun etdiyi
kimi etməyə imkan vermək üçün gəldi. Allahın iradəsini yerinə yetirmək —
Allahın Padşahlığının sakini olmaq deməkdir. Buna görə də belə dua etmək
lazımdır: «Ey Allahım, Öz Padşahlığını mənim daxilimdə qur».