5-ci fəsil
1-11
MÖCÜZƏ ÜÇÜN ŞƏRTLƏR (Luka
5:1-11)
Məşhur Qalileya gölü üç adla tanınır: Qalileya dənizi, Tiberiya
dənizi və Ginesar gölü. Gölün uzunluğu 21 kilometr, eni isə geniş
yerlərdə 12 kilometrə çatır. O, yer qabığının dəniz səviyyəsindən 208
metr aşağı çökəkliyində yerləşir. Bunun nəticəsində oradakı iqlim, demək
olar ki, tropikdir. Hazırda göl o qədər də məşhur deyil, lakin İsanın
dövründə onun sahillərində hər birinin ən azı 15 min əhalisi olan doqquz
şəhər yerləşirdi.
Əslində, Ginesar gölün qərb tərəfində uzanan gözəl düzənliyin adıdır;
bu düzənliyin torpağı çox münbitdir. Yəhudilər müxtəlif sözlərin
mənasını özünəməxsus şəkildə izah etməyi çox sevirdilər. Buna görə
Ginesar adını izah etmək üçün bu ərazinin nə qədər gözəl olduğunu
göstərən üç variantdan istifadə edirdilər. Onlar bu adları aşağıdakı
sözlərdən düzəltmişdilər:
-
Kinnor — arfa mənasını verir, çünki «bu vadinin
bəhrələri arfa səsi kimi şirindir» və ya «gölün dalğalarının səsi arfa
səsi kimi qulağı oxşayır».
-
Qan — bağ, sar isə başçıdır, yəni
«bağların şahı».
-
Qan — bağ, aşer — zənginlik, bolluq, yəni «bolluq bağı»
deməkdir.
Burada İsanın həyatının dönüş nöqtəsi görünür. Biz Onun təbliğini
sonuncu dəfə eşidəndə O, sinaqoqda idi. İndi isə, O, gölün kənarında
təbliğ edir. Düzdür, O, yenə də sinaqoqda təbliğ edəcək; lakin elə bir
vaxt gəlir ki, sinaqoqun qapısı Onun üzünə bağlanacaq, göl kənarı və ya
yol onun məbədi, qayıq isə Onun minbəri olacaq. O, insanların Onu
dinləyəcəyi hər yerdə olacaq. Con Vesli deyir: «Bizim imanlı
cəmiyyətimiz qaranlıq dağları gəzən və heç bir məsihçi cəmiyyətinə
mənsub olmayanlar tərəfindən qurulmuşdur. Onları da səhrada oyadan,
həyatın yüksək yollarında, arxa küçələrdə, bazarlarda, dağlarda,
dərələrdə izləyən, həmçinin şəhərlərin küçələrində, xiyabanlarında,
kəndlərində, tövlələrdə, kəndin mətbəxlərində və başqa yerlərdə Çarmıx
bayrağını qaldıran metodistlər olub. Bunu elə bir şəkildə və elə bir
miqyasda ediblər ki, insanlar bu oyanışı həvarilər dövründən indiyədək
görməyiblər. Vesli deyir: «Mən rahat otağı, yumşaq yastığı və gözəl
minbəri sevirəm, amma çöllərdə edilən təbliğ insanların canını xilas
edir». Sinaqoqun qapısı İsanın üzünə bağlananda, O, yollara üz tutub
insanlara xitab edirdi.
Bu hissədə möcüzənin baş verə biləcəyi şərtlər göstərilib.
-
Görən gözlər. İnsana, həqiqətən, görən gözlər lazımdır. Buxarın
qazan qapağını necə qaldırdığını görənlər çox olub, ancaq yalnız Ceyms
Vatt və Polzunov buxar mühərriki yaradıblar. Almanın yerə necə düşdüyünü
görən çox olub, ancaq yalnız İsaak Nyuton yerə düşən almanın
görüntüsündən cazibə qanunu kəşf edib. Görən göz üçün dünya möcüzələrlə
doludur.
-
Təşəbbüskarlıq. İsa balıqçılara torlarını atmağı təklif edəndə,
Şimon nə qədər yorğun olsa da, bəxtini yenidən sınamağa hazır idi. Bir
çox insanın bədbəxtliyi ondadır ki, onlara yalnız bir səy göstərmək
lazım olduğu halda, əllərini geri çəkirlər.
-
İnam. Ümidsiz görünən şeyi etməyə hazır olmaq. Gecə balıq tutmaq
vaxtı keçmişdi, şərait balıq ovu üçün əlverişsiz görünürdü, lakin Şimon
dedi: «Vəziyyət bizim əleyhimizə olsa da, Sənin sözünə görə yenidən cəhd
edəcəyik». Biz çox vaxt gözləyirik, çünki vaxtın əlverişli olmadığını
düşünürük. Əgər biz mükəmməl şəraitin yaranmasını gözləsək, onda heç
vaxt heç bir işə başlamayacağıq. Əgər möcüzə istəyiriksə, İsa bizi
qeyri-mümkün olanı etməyə çağıranda Onun sözünə inanmalıyıq.
12-15
TOXUNULMAZLARA TOXUNMAQ
(Luka 5:12-15)
İsraildə iki növ cüzam geniş yayılmışdı. Onlardan biri çox qorxunc
dəri xəstəliyi kimi görünsə də, əslində, ikincisi qədər ciddi deyildi.
Digəri kiçik bir ləkə kimi başlayan və qolun ya da ayağın güdülü qalana qədər insanın ətini yeyən
xəstəlik idi. Belə bir insan, sözün əsl mənasında, yeriyən meyit
idi.
Levililər kitabının 13 və 14-cü fəsillərində
cüzamlılarla bağlı müddəalar var. Xəstə üçün ən dəhşətli şey — təcrid
olunmaq idi. Cüzam xəstəsi «Murdaram! Murdaram!» deyə qışqırmalı idi.
Hara gedirdisə, tənhalığa məhkum idi. O, «murdarlığına görə düşərgədən
kənarda tək» yaşamalı idi (Levililər 13:45-46). İnsan
cəmiyyətdən qovulub, evini tərk etmək məcburiyyətində qalırdı. Bütün
bunların nəticəsi olaraq, cüzamın psixoloji nəticələri fiziki nəticələri
qədər dəhşətli idi. Bu, indi də belədir.
Doktor A.B.Makdonald Utuda rəhbərlik etdiyi cüzam koloniyası ilə
bağlı məqaləsində belə yazırdı: «Cüzamlı insanın bədəni qədər ruhu da
əziyyət çəkir. Nədənsə insanlar cüzama bütün digər pis xəstəliklərdən
fərqli şəkildə yanaşırlar. Bu, xəstələrdə utanc, dəhşət və günahkarlıq
hissi yaradır. Hərçənd digər yoluxucu xəstəliklər kimi, cüzama da
təsadüfən yoluxurlar. Adamlar cüzamlılardan çəkinir və onlara xor
baxırlar. Buna görə də onlar tez-tez intihar etmək barədə düşünürlər,
hətta bəziləri bunu edirlər də».
Özünə nifrət etməyə başlayana qədər hamı cüzamlıya nifrət edirdi.
Belə bir adam İsanın yanına gəlmişdi. O, murdar idi və İsa əlini
uzadıb ona toxundu.
-
İsa toxunulmazlara toxundu. O, əlini hamının arxasını
çevirdiyi adama uzatdı. Qarşımızda iki vəzifə durur: birincisi, özümüz
özümüzə xor baxanda, ürəyimiz utancla dolanda, Məsihin əli bizə uzanır.
Mark Raderford başqa bir bəxtiyarlığı əlavə etmək istəyir: «Nə
bəxtiyardır bizi özümüzə olan nifrətdən qurtaranlar». Axı bu, İsa
Məsihin etdiyi və hər zaman etdiyi şeydir. Birincisi, məsihçilyin
mahiyyəti məhz toxunulmazlara toxunmaqda, sevgiyə layiq olmayanları
sevməkdə, bağışlanmağa layiq olmayanları bağışlamaqdadır. İsa bunu etdi,
biz də etməliyik.
-
İsa şəfa tapan cüzamlını qanunla müəyyən edilmiş kəffarə
qurbanını təqdim etmək üçün göndərdi. Bu ayinin müddəaları Levililər
14-cü fəsildə verilmişdir. Yəni Onun möcüzəsi burada o dövrün
müsbət təbabətini nəzərə almışdı. Möcüzə insanı qanunun normalarının
yerinə yetirilməsindən azad etmirdi. Allahın bizə bəxş etdiyi ənamları
və hikməti unutsaq, heç vaxt möcüzələr yarada bilməyəcəyik. Möcüzələr o
zaman baş verir ki, insanın istedadı Allahın lütfü və mərhəməti ilə
birləşir.
16-17
MÜQAVİMƏT ARTIR (Luka 5:16-17)
Bizim qarşımızda cəmi iki ayə var. Onları oxuduqdan sonra görürük ki,
İsanın xidmətində mühüm məqam gəlib çatmışdı: Onu öldürənə qədər
sakitləşməyəcək fariseylər və qanunşünaslar, Onun əleyhdarları peyda
olmuşdular. Onlar heç bir maska taxmadan, günün günorta çağı meydana
çıxmışdılar.
İsanı başa düşmək üçün Onun Qanuna münasibətini, eləcə də
qanunşünasların və fariseylərin Ona olan münasibətini başa düşmək
lazımdır. Təxminən eramızdan əvvəl 44-cü ildə Babil əsarətindən
qayıtdıqdan sonra yəhudilər başa düşdülər ki, onların xalqının
böyüklüyünə olan ümidləri əbədi olaraq yox olmuşdur. Ona görə Qanuna
riayət etməklə böyüklüklərini qazanacaqlarına qərar verdilər. O vaxtdan
bəri onlar bütün səylərini Allahın Qanununu öyrənməyə və ona riayət
etməyə sərf etdilər.
Qanunun əsasını həyatın ümumi prinsiplərini müəyyən edən On Əmr
təşkil edirdi. Bu əmrlər heç də baş verən hər bir hadisəyə dair normativ
xarakter daşımırdı. Lakin bəzi yəhudilər həmin əmrlərin bu cür şərhini
qeyri-kafi hesab edirdilər. Onların istədikləri ümumi prinsiplər deyil,
bütün mümkün vəziyyətləri tənzimləyən qayda idi. Buna görə də Onlar On
Əmr əsasında bu qaydaları işləyib hazırladılar.
Məsələn, Əmrlərdə deyilir: «Şənbə gününü yadda saxlayıb təqdis et».
Daha sonra yazılıb ki, şənbə günü heç bir iş görülə bilməz (Çıxış
20:8-11). Lakin yəhudilər soruşdular: «İş nədir?» Sonra otuz doqquz
bənddə bu anlayışı daha da təkmilləşdirdilər və bunu «atanın işləri»
adlandırdılar. Ancaq bu da onlar üçün kifayət etmədi: bu bəndlərin hər
biri öz növbəsində təfərrüatı ilə işlənilmişdi. Həmin qaydalar şifahi
qanun adlandırıldı və hətta On Əmrdən üstün tutulmağa başladı.
Gəlin başqa bir misala baxaq. Şənbə günü qadağan edilən işlərdən biri
də yük daşımaq idi. Yeremya 17:21-24-də deyilir: «Rəbb belə
deyir: «Öz canınızı qorumaq üçün Şənbə günü yük daşımayın...» Lakin
qanun müəllimləri iddia edirdilər ki, yük sözünün nə demək olduğunu
dəqiq müəyyən etmək lazımdır və bu sözə belə bir tərif verildi: yük
dedikdə «çəkisi əncir qurusu meyvəsinə bərabər olan qida, bir qurtum
süd, bir stəkan şərab, insan bədəninin kiçik üzvünü məsh etməyə kifayət
edən ətirli yağ, göz məlhəmi hazırlamağa yetəcək qədər su, gömrükdə
girişə icazə verən kiçik bir kağız parçası, iki məktub yazmağa bəs edən
mürəkkəb; yazı çubuğu hazırlamaq üçün istifadə edilə bilən nazik qamış»
və s. nəzərdə tutulur. Beləcə Şənbə günü dərzi paltarına iynə taxıbsa,
bu, qanun pozuntusu və günah sayılırdı. Şənbə günü daş qaldırıb quşa
atmaq günah sayılırdı. Xeyirxahlıq bu saysız-hesabsız qayda və
göstərişlərlə eyniləşdirilməyə başladı.
Başqa bir misal götürək. Şənbə günü insanı müalicə etmək iş
sayılırdı. Qaydalara görə, müalicə ancaq o halda həyata keçirilə bilərdi
ki, bir insanın həyatı, həqiqətən, təhlükə altında olsun. Üstəlik də
xəstənin vəziyyətini yaxşılaşdıran deyil, yalnız daha da pisləşməsin
deyə addımlar atıla bilərdi. Yaranı təkcə sarğı ilə bağlamaq olardı,
amma heç bir dərman qoymaq olmazdı. Ağrıyan qulağa yalnız tampon qoymaq
olardı, amma yenə də heç bir dərman olmadan. Buradan görünür ki,
məhdudiyyətlərin sonu yox idi.
Qanunşünaslar qanunun mütəxəssisi idilər, çünki onlar bütün qayda və
normaları bilir və özləri də qanunu dəyişirdilər.
Farisey adının mənası «təcrid olunmuş» demək idi. Həqiqətən də,
fariseylər bütün norma və nizamnamələrə riayət etmək üçün özlərini
insanlardan və normal həyatdan təcrid etmişdilər. İki məqamı qeyd edək.
Birincisi, fariseylər və ilahiyyatçılar üçün bu qaydalar ölüm-dirim
məsələsi idi: onlardan birini pozmaq ölümcül günah sayılırdı. İkincisi,
yalnız o adamlar bu qaydalara əməl etməyə çalışırdılar ki, onların
əhəmiyyətinə səmimiyyətlə inanırdılar. Çünki bütün qaydalara riayət
etmək insanın həyatını son dərəcə narahat edirdi. Xalqın içərisindəki
yalnız ən yaxşı adamlar bütün bu tələbləri yerinə yetirməyə
çalışırdılar.
İsa belə qaydalara riayət etməyə ehtiyac olmadığını gördü. Onun
nəzərində insanın ehtiyacı bütün bu qanunlardan üstün idi. Lakin
ilahiyyatçılar və fariseylər üçün O, qanunu pozan, başqalarına da bunu
öyrədən təhlükəli adam idi. Elə buna görə də Ona nifrət edir və sonda
Çarmıxa çəkdilər. İsanın həyatının faciəsi onda idi ki, məhz dinə ciddi
yanaşan insanlar Onun Çarmıxa çəkilməsini tələb edirdilər. İroniya da
onda idi ki, Onu Çarmıxa çəkənlər məhz o dövrün ən yaxşı sayılıb-seçilən
adamları idi.
O vaxtdan bəri İsaya rahatlıq verilmədi. Ona həmişə düşmən münasibəti
bəsləyir və tənqidi baxışlarla diqqətlə izləyirdilər. Onun rəqibləri
yaxınlaşan təhlükəni anlayıb birləşmişdilər və vəziyyətdən yalnız bir
çıxış yolu ola bilərdi.
İsa bunu bilirdi, buna görə də rəqibləri ilə görüşməzdən əvvəl dua
etmək üçün təkliyə çəkilirdi. Allahın məhəbbəti Onu insanların nifrətinə
görə mükafatlandırırdı. Bəzi insanların Ona olan tənqidi münasibətinə
qarşı durmaq üçün Allah Ona güc və cəsarət verirdi. Allahın sülhü Ona
mübarizədə güc verirdi. Şagirdlər də öz Rəbbi kimi olmalı idilər.
18-26
BAĞIŞLANMIŞ VƏ SAĞALMIŞ
(Luka 5:18-26)
Burada təsirli möcüzə var. İsraildə evlərin damları düz idi, yağış
suyunun axmasına kifayət edəcək aşağıya doğru cüzi meylliyi var idi.
Damlar bir-birindən kiçik bir məsafədə divardan divara çəkilmiş
tirlərdən hazırlanırdı. Tirlərin arasındakı məsafələr isə əhəng məhlulu
ilə bərkidilərək sıx-sıx budaqlarla örtülürdü. Eyni məhlulla budaqların
üstü örtülürdü. Tirlərin arasında bərkidilən belə budaqları çıxarmaqdan
asan heç nə yox idi. Başqa sözlə desək, çox vaxt evə gətirilən tabut
damdan çıxarılırdı.
Bəs günahların bağışlanması ilə bağlı olan bu hissənin mənası nədir?
Yadda saxlamaq lazımdır ki, İsrail sakinlərinin şüurunda günah və əzab
bir-biri ilə ayrılmaz şəkildə əlaqəli idi. Əgər kimsə əzab çəkirdisə,
şəkk-şübhəsiz, elə hesab olunurdu ki, günah edib. Buna görə də xəstə
təqsirkarlıq və günahkarlıq hissindən daha çox əziyyət çəkirdi. İsanın
iflic xəstəsinə əvvəlcə günahlarının bağışlandığını söyləməsinin səbəbi
də məhz budur. Onsuz xəstə sağalacağına inanmazdı. Bu, sonrakı
mübahisədə İsanın fariseylərin və ilahiyyatçıların nəzəriyyəsini necə
alt-üst etdiyini göstərir. Onlar bilirdilər ki, İsanın insanların
günahlarını bağışlamaq səlahiyyəti yoxdur. Lakin onların nəzəriyyələrinə
görə, adam yalnız günah etdiyi üçün xəstələnir. Əgər insan şəfa
tapırdısa, bu onun günahının bağışlanmasının sübutudur. Fariseylərin
dəlilləri bumeranq kimi onların əleyhinə işlədi və onları susdurdu.
İnsanın dostlarının imanı ilə xilas olması heyrətamizdir. İsa dostunu
Onun yanına gətirmək üçün insanların alovlu imanını görəndə, bu
iman xəstənin sağalmasına kömək etdi. Bu, bu gün də baş verir.
-
Elə insanlar var ki, onları valideynlərinin imanı təsirləndirib.
Karleyl deyirdi ki, həmişə anasının ona «Allaha iman et və doğru olanı
et» dediyini eşidir. Avqustin ağılsız və əxlaqsız bir həyat sürərkən,
onu sədaqətlə sevən anası kömək üçün məsihçi yepiskopa üz tutmuşdu.
Yepiskop anasına demişdi ki, «Bu cür dualarla, göz yaşları ilə övladının
həlak olmasını təsəvvür etmək mümkün deyil». Bir çoxumuz məmnuniyyətlə
təsdiq edərik ki, biz olduğumuz və ola biləcəyimiz hər şeyə görə mömin
valideynlərimizə borcluyuq.
-
Digərlərinə isə sevdiklərinin imanı təsir edir. Yeni evlənmiş və
xoşbəxt həyat sürən Herbert Vells yeni sınaqlarla və günahlarla
üzləşəndə, belə demişdi: «Evimdə bu qədər şirin və pak bir varlığın
olması mənim üçün necə də böyük xoşbəxtlikdir, çünki onun qarşısında
murdar, sərxoş və ya alçaldılmış görünməyi ağlıma belə gətirmək
istəmirəm. Bir çoxumuz sevdiklərimizin gözlərindəki acıya, kədərə dözə
bilmədiyimizə görə əxlaqsız hərəkətlər etmirik.
Şükür Allaha ki, həyatın özündə də, sevgidə də insanın qəlbini
istiqamətləndirən gizli amillər var.
27-32
RƏDD EDİLMİŞ QONAQ (Luka
5:27-32)
Qarşımızda Mattanın tanınması hekayəsi var (Matta 9:9-13 ilə
müqayisə edin). İsraildə ən çox nifrət edilən insanlar
vergiyığanlar idi. İsrail romalıların əsarəti altında idi, vergiyığanlar
isə romalılara xidmət edirdilər, buna görə də onlara satqın və
xəyanətkar kimi baxılırdı.
Romalılar, adətən, vergiyığanlara vergi iltizamı
verirdilər. Onlar hər bir rayon üçün müəyyən məbləğdə vergi təyin
edirdilər. Sonra isə vergi yığmaq hüququnu ən çox vergi toplayana
verirdilər. Vergiyığan hər ilin sonunda Roma xəzinəsinə müəyyən edilmiş
məbləği ödəyirdisə, onun artıq qalan məbləği özünə saxlamaq hüququ var
idi. O dövrdə əhalini məlumatlandırmaq üçün nə qəzet, nə radio, nə
televiziya, nə də başqa bir yol vardı. Ona görə də sadə insanlar əslində
nə qədər vergi ödəməli olduğunu bilmirdilər.
Bu sistem o qədər sui-istifadə olunmuşdu ki, Əhdi-Cədid dövründə
artıq ləğv edilmişdi. Təbii ki, vergilər hələ də ödənilməli idi və
sui-istifadələr, istismarlar da qalmaqda idi.
İki növ vergi var idi. Əvvəlcə dövlət vergiləri yığılırdı. Buraya
14-65 yaş arası bütün kişilər və 12-65 yaş arası bütün qadınlar
tərəfindən ödənilən can vergisi daxil idi. Buraya taxıl məhsulunun onda
biri, şərab və yağ məhsulunun beşdə biri qədər torpaq vergisi də daxil
idi. Bu vergi natura və ya pul şəklində ödənilə bilərdi. Buraya bütün
insan gəlirlərinin bir faizini təşkil edən gəlir vergisi də daxil idi.
Bu vergilərin yığılması şəxsi varlanma və zorakılıq üçün böyük imkanlar
vəd etmirdi.
İkincisi, müxtəlif rüsumlar yığılırdı. Əsas yollardan, limanlardan,
bazarlardan istifadəyə görə haqq alınırdı. Arabaya, onun hər bir
təkərinə və ona bağlanan qoşqu heyvanına görə pul ödəmək lazım gəlirdi.
Müəyyən malların satışından rüsumlar, habelə idxal və ixrac rüsumları
tutulurdu. Vergiyığan isə hər kəsi yolda saxlaya, onu yükünü açmağa
məcbur edə və istədiyi məbləği ödəməyi tələb edə bilərdi. Bir insanın
ödəməyə heç nəyi olmayanda, vergiyığan ona çox vaxt faizi ilə pul təklif
edir və onu daha da öz toruna salırdı.
İnsanlar vergiyığanları Nubiya
quldurları ilə eyni
tuturdular. Onlara sinaqoqa girmək qadağan edilmişdi. Roma
yazıçılarından biri bir dəfə vicdanlı vergiyığanın abidəsini gördüyünü
qeyd edir. Vergiyığanlar arasında dürüstlük o qədər nadir hal idi ki,
belə birinə abidə ucaldılmışdı.
Buna rəğmən İsa vergiyığan Mattanı Özünə şagird olaraq seçmişdi.
Matta İsanı, eləcə də həmkarlarını — vergiyığanları öz evinə, ziyafətə
dəvət etdi — onun buna imkanı var idi — hamısını İsa ilə tanış etdi.
Matta dərhal yenicə əldə etdiyi xoşbəxtliyi onlarla bölüşmək istədi. Con
Vesli bir dəfə belə demişdi: «Heç kim cənnətə təkbaşına getməyib: o,
əvvəlcə ya dostlar qazanmalı, ya da onlarla görüşməlidir». Məsihçi
tapdığı bəxtiyarlığı başqaları ilə bölüşməyə borcludur.
2) İlahiyyatçılar və fariseylər buna etiraz etdilər. Onların
vergiyığanla heç vaxt ünsiyyəti olmazdı. İsa onlara gözəl cavab verdi.
Epiktet bir dəfə öz təlimini «xilas dərmanı» adlandırmışdı. İsa xəstənin
yalnız həkimə ehtiyacı olduğunu bildirdi. Ona ən çox ehtiyacı olanlar
isə Matta və onun dostları kimi insanlar idi. Yaxşı olardı ki, biz
günahkara cinayətkar kimi yox, xəstə kimi baxaq. Yaxşı olardı ki, biz
səhv etmiş bir insana nifrətə və qınanmağa layiq biri kimi yox, düz yolu
tapması üçün köməyə və sevgiyə ehtiyacı olan bir insan kimi baxaq.
33-35
XOŞBƏXT CƏMİYYƏT (Luka
5:33-35)
Məsihin şagirdlərinin normal həyat sürmələri ilahiyyatçılar və
fariseyləri qıcıqlandırırdı. Kolli Noksun sözlərinə görə, çox hörmətli
bir keşiş ona belə demişdi: «Əziz Noks, öz dinini əzaba çevirmə.
Deyilənə görə, dini inancı şair Robert Börnsə kömək etmək əvəzinə, ona
əziyyət vermişdi. Ortodoksal yəhudilərin fikrincə, insan yalnız həyatda
özünü narahat hiss etdikdə dindar olur. Bu, fikir bu gün də
aktualdır.
Yəhudilər öz dini ayinlərinə diqqətlə riayət edirdilər. Onlar bazar
ertəsi və cümə axşamı günləri oruc tutur və buna sübut kimi tez-tez
üzlərini ağ rəngə boyayırdılar. Düzdür, bu oruc o qədər də ciddi
deyildi, çünki yalnız gün çıxandan gün batana qədər davam edirdi, ondan
sonra normal yemək mümkün idi. Onlar Allahın diqqətini cəlb etmək üçün
üzlərini rəngləyir, bəzən bununla da qurban gətirdiklərini zənn
edirdilər. Oruc tutmaqla onlar bədənlərini Allaha qurban vermiş
olurdular. Ancaq yəhudilər hətta dua prosedurunu sistemləşdirmişdilər.
Günorta saat 12-də, 3-də və axşam saat 6-da dua etmək lazım idi.
İsa isə qaydalarla tənzimlənən dinə qəti şəkildə qarşı çıxırdı. O,
həyatdan bir nümunə çəkir: İsraildə yeni evlənənlər bal ayı ərzində
səyahətə çıxmayıb, bir həftə evdə qalır, qonaqları qarşılayardılar. Ən
yaxşı paltarlarını geyinər, tez-tez tac taxardılar. Onlar şah və şahzadə
hesab olunurdular. Hər kəs hər şeydə onlara itaət edirdilər. Axı bundan
sonra həyatlarında bir daha belə bir həftə olmayacaqdır. Bu bayram
həftəsini onlarla birlikdə keçirən seçilmiş qonaqlar nikah qəsrinin
oğulları adlanırdı.
1) Qeyd etmək vacibdir ki, İsa məsihçinin həyatını dəfələrlə toy
şənliyi ilə müqayisə edir. Sevinc — məsihçi həyatının əsas
xüsusiyyətidir. Şagirdlərdən biri tanınmış amerikalı müəllim haqqında
belə demişdi: «O mənə günəş işığında çimdiyimi hiss etdirdi». Çoxları
hesab edir ki, Məsihin yolu onları istəmədiklərini etməyə məcbur edir və
etmək istədiklərini etməyə mane olur. Məsələn, həyatdan zövq almaq günah
sayılır, halbuki Paul Filipililərə məktub 4:4-də «Rəbdə həmişə
sevinin! Bir də deyirəm: sevinin!» deyə çağırış edir. Məşhur bir filosof
sevinci «bir anlıq xoşbəxtlik» adlandırır.
2) Amma İsa eyni zamanda bilirdi ki, «bəyin onların arasından
aparılacağı» günlər gələcək. Ölüm Onu qəfil yaxalamadı. İsa Çarmıxı
artıq önündə görürdü. Lakin bu da Ona heç kimin ala bilməyəcəyi sevinci
yaymağa mane olmadı, çünki bu, Allahdandır, O, isə həmişə
yaxındadır.
36-39
YENİ BİLİK (Luka 5:36-39)
Dindar insanlar bir növ keçmişə bağlı olurlar. Tərəqqi ən az imanlı
cəmiyyətində hiss olunur. İsanın Allahın yolu barədə fikirləri o qədər
mütərəqqi idi ki, fariseylər onları mənimsəmək istəmədilər, buna görə də
onları qəbul etmədilər.
Zaman keçdikcə ağıl sağlam düşüncədəki çevikliyi itirir və yeni
ideyalardan imtina edir. İsa iki nümunə göstərdi: «Heç kim təzə
paltardan bir parça qoparıb köhnə paltara yamaq vurmaz. Yoxsa təzə
paltar həm cırılar, həm də təzə paltardan qoparılan parça köhnə paltara
yaraşmaz». Şərqdə şərab üçün dəridən tuluqlar hazırlanırdı. Onlara təzə
şərab töküldükdə qıcqırır və qazlar buraxırdı. Yeni dəridən hazırlanmış
tuluqlar artan təzyiqə tab gətirmək üçün kifayət qədər elastikliyə malik
idi. Əgər tuluq köhnə idisə, quru və sərt olar və asanlıqla partlaya
bilərdi. İsa deyir: «İcazə verməyin ki, ağlınız köhnə bərkimiş dəri kimi
olsun». Köhnə şərab daha yaxşıdır deyirlər. Ola bilsin, bu, doğrudur.
Amma insanlar unudurlar ki, vaxt gələcək təzə şərab da köhnələcək və heç
nə onunla müqayisə edilməyəcək.
Bu hissədə İsa köhnə düşüncə tərzini pisləyir və insanları yeni
biliklərdən qaçmamağa çağırır.
1) İnsanlar riskli fikirlərdən qorxmamalıdırlar. Müqəddəs Ruh mövcud
olduğu üçün Allah bizi yeni biliyə aparır. Fosdik bir dəfə belə sual
vermişdi: «Əgər həkimlər yalnız üç yüz il əvvəlki dərmanlardan və
üsullardan istifadə etsəydilər, tibb necə inkişaf edərdi?» Yeni biliyə
sahib olan insan onların tanınması üçün mübarizə aparmalıdır. Qalileo
Qaliley yerin günəş ətrafında fırlandığını bəyan edəndə, onu bidətçi
kafir hesab etdilər. Lister əməliyyatda antiseptiklərin istifadəsi üçün
mübarizə aparmalı oldu. Simpson insanların əziyyətini yüngülləşdirən
xloroformun istifadəsi üçün mübarizə aparmalı oldu. Unutmayın, əgər biz
yeni ideyalara qarşı çıxırıqsa, ağlımızın zəifliyini və köhnəfikirli
olduğumuzu nümayiş etdirmiş oluruq. Ona görə də Onun hikmətini və
qüdrətini bilmək barədə düşünməyə dəyər.
2) Heç vaxt yeni üsullardan qorxmayın. Bu, hər zaman edilib
faktı təcrübənin sona çatmasına səbəb ola bilər. Eləcə də əksinə, heç
kimin bunu etməməsi faktı, bunu etmək üçün güclü bir dəlil ola bilər.
Köhnəlmiş üsulla müəssisələri idarə etmək olmaz, lakin imanlı cəmiyyəti
hələ də ondan köhnəlmiş üsullardan istifadə edir.
(Qərbdəki) imanlı cəmiyyəti qədər ziyarətçisini itirmiş hər hansı bir
cəmiyyət çoxdan yeni üsullara əl atardı, lakin İmanlı Cəmiyyəti hələ də
yeniliklərdən üz döndərməyə çalışır.
Dünyanı səyahət edərkən Kiplinq general Butun qaval səsi altında
gəmiyə qalxdığını gördü. Köhnə düşüncəli və mömin Kiplinqin bu musiqi
xoşuna gəlmədi. O, General But ilə tanış olur, ona qavalı, buna bənzər
şeyləri sevmədiyini söyləyir. General But ona baxır və deyir: «Cavan
oğlan, əgər başı üstündə dayanıb dəf vurmaqla bir nəfəri olsa belə,
Məsihə gətirmək mümkün olsaydı, mən bunu öyrənərdim.
Mühafizəkarlıq müdrikcəsinə və
ağılsızcasına olur.
Həmişə çalışmalıyıq ki, düşüncələrdə və əməllərdə məhdud olmayaq. Ancaq
eyni zamanda dar yolda qalmağa çalışmaq çalışmalıyıq.