6-cı fəsil
1-5
GÜCLƏNDİRİLMİŞ MÜXALİFƏT
(Luka 6:1-5)
Bu, İsaya qarşı açıq şəkildə düşmənçiliyin sürətlə artdığını göstərən
iki nümunədən biridir. Çünki İsa birbaşa Şənbə gününü pozmaqda ittiham
olunurdu. İsa şagirdləri ilə birlikdə taxıl zəmilərinin arasından
keçirdi. Şagirdlərin sünbül qoparması özlüyündə günah deyildi.
Əhdi-Ətiqin əmrlərinin birində deyilir ki, taxıl zəmisindən keçən hər
bir şəxs başaqları əlləri ilə qopara bilər, ancaq zəmiyə oraq vura
bilməz (Qanunun Təkrarı 23:25). Başqa bir gündə heç kim
şagirdlərə bir söz belə deməzdi; lakin onlar bunu Şənbə günü edirdilər.
Şənbə günü taxıl biçmək, taxıl döymək, xırmanı sovurmaq və yemək
bişirmək qadağan edilirdi. Belə baxanda, şagirdlər bu dörd qadağanın
hamısını pozmuşdular. Sünbülləri qoparmaqla onlar sanki taxıl
biçirdilər, ovuclarında ovub qabıqlarını təmizləməklə taxıl döyürdülər
və beləcə xırmanı sovurmaq qadağasını pozmuş olurdular. Buğdanı yedikdə
isə sanki Şənbə günü yemək hazırlayırdılar. Bütün bunlar bizə son dərəcə
qəribə görünə bilər, amma unutmayaq ki, tələbkar fariseylərin nəzərində
bu, ölümcül günah sayılırdı: Qanunun qaydaları pozulmuşdu, bu isə
ölüm-dirim məsələsi idi.
Fariseylər şagirdləri ittiham etdilər, lakin İsa onlara cavab olaraq
Əhdi-Ətiqdən sitat gətirdi. O, 1Şamuel 21:1-6-da bəhs olunan
bir hadisədən — padşah Davud və adamlarının ac olduqları vaxt Məbəddə
təqdis çörəklərini necə yediklərindən danışdı. Hər Şənbə günü səhər
Allahın hüzurunda Müqəddəs yerdə on bir dəfə ələnmiş undan bişən on iki
çörək qoyulurdu. İsrailin hər qəbiləsinin sayına görə bir çörək təqdim
olunurdu. İsa Məsihin dövründə həmin təqdis çörəkləri uzunluğu 90
santimetr, eni 50 santimetr, hündürlüyü isə 20 santimetr olan nəhəng
qızıl masanın üzərinə qoyurdular. Masa Məbəddə Müqəddəs yerin şimal
divarı boyunca qoyulurdu. Təqdis çörəkləri Rəbbə təqdim olunurdu, onları
ancaq kahinlər yeyə bilərdilər (Levililər 24:5-9). Lakin padşah
Davudun ehtiyacı norma və qaydalardan daha üstün idi.
Ravvinlərin özləri deyirdi: «Siz Şənbə üçün yox, Şənbə sizin üçün
yaradılıb». Beləcə ravvinlər ən yaxşı əsaslandırmalarında etiraf
edirdilər ki, insanın ehtiyacı mərasim qanunlarından daha üstündür. Əgər
onlar insan ehtiyaclarının qanundan üstün olduğunu hesab edirdilərsə,
onda Bəşər Oğlu Öz məhəbbətində və mərhəmətində Şənbə gününün Ağası kimi
Şənbədən üstün deyilmi? Məhəbbətini göstərməsi üçün Onun Şənbə günündən
istifadə etməsi daha yəqin deyilmi? Fariseylər mərhəmət tələblərini
unutmuşdular, çünki onlar qanunun qaydalarına həddindən çox
bağlanmışdılar. Bundan başqa, onların İsanı və Onun şagirdlərini
zəmilərdən keçərkən izləmələri böyük maraq oyadır. Aydındır ki, onlar
İsanı addımbaaddım izləyir, həmin andan etibarən isə açıq-açığına hər
addımını tənqidi və düşməncəsinə qarşılayırdılar.
Bu hissədə biz mühüm bir həqiqətə rast gəlirik. İsa fariseylərdən
soruşdu: «Davud və yanındakılar ac olanda nə etdiklərini
oxumamısınızmı?» Təbii ki, onlar müsbət cavab verdilər, lakin heç vaxt
oxuduqlarının əsl mənasına varmamışdılar. Müqəddəs Kitabı diqqətlə
oxumaq, əvvəlindən axırına kimi yaxşı bilmək, ondan sərbəst şəkildə
sitat gətirmək və istənilən imtahanından keçmək, amma əsl mənasını dərk
etməmək də olar. Nə üçün fariseylər Müqəddəs Kitabın əsl mahiyyətini
dərk etmirdilər? Nə üçün biz də çox vaxt Müqəddəs Kitabın əsl mənasını
dərk etmirik?
1) Çünki onlar Müqəddəs Yazılara obyektiv yanaşmırdılar.
Onlar Müqəddəs Yazıları Allahın iradəsini öyrənmək üçün yox, orada öz
fikirlərini və ideyalarını dəstəkləyən sitat tapmaq üçün öyrənirdilər.
Çox vaxt insanlar ilahi prinsiplərini Müqəddəs Kitabda tapmaq əvəzinə,
öz ilahiyyatını ona əlavə edirlər. Onu oxuyarkən biz «Ya Rəbb, eşit,
qulun Səninlə danışır» deyil, «Ya Rəbb, danış, çünki qulun Səni
dinləyir» deməliyik.
2) Onlar Müqəddəs Kitabı susayaraq oxumurdular. Ehtiyac nə
olduğunu bilməyən insan heç vaxt Müqəddəs Yazıların dərin mənasını dərk
edə bilməz. İnsan ehtiyac içində olanda Müqəddəs Kitab onun üçün yeni
məna kəsb etməyə başlayır. Yepiskop Batler öləndə, onu narahatlıq hissi
bürümüşdü.
-
Əlahəzrət, — kahin ona dedi, — məgər siz İsa Məsihin Xilaskar
olduğunu unutmusunuz?
-
Mən haradan bilim ki, O mənim Xilaskarımdır? — deyə yepiskop
cavab verdi.
-
Müqəddəs Yazıda deyilir ki, yanıma gələni heç vaxt kənara
atmaram.
Batler buna belə cavab verdi:
Canının xilasına ehtiyac duyması onun üçün Müqəddəs Yazıların
xəzinələrini açdı. Biz Allahın Kəlamını qərəzsiz və susamış ürəklə
oxumalıyıq. O zaman Müqəddəs Kitab bizim üçün dünyanın ən böyük kitabı
olacaq.
6-11
İSA MƏSİHİN AÇIQ
MEYDAN OXUMASI (Luka 6:6-11)
Bu vaxt İsanın rəqibləri artıq açıq-aydın şəkildə Ona qarşı
çıxırdılar. O, Şənbə günü sinaqoqda öyrədirdi. İlahiyyatçılar və
fariseylər isə İsanın Şənbə gününü pozmaqda ittiham etmək üçün, Onun
kimisə sağaldıb-sağaltmadığını görməkdən ötrü oraya gəlirdilər. Biz
burada maraqlı bir nüansı qeyd edə bilərik. Mattanın Müjdəsi
12:10-13-də və Markın Müjdəsi 3:1-6-da təsvir edilən
hadisəni Lukanın Müjdəsindəki hadisə ilə müqayisə etsək, görəcəyik ki,
yalnız Luka əli qurumuş adamın sağ əlinin xəstə olduğunu
göstərir. Bəli, burada baş verənlərin təfərrüatları ilə maraqlanan və
danışan həkimdir.
İsa Məsih həmin adama şəfa verməklə açıq şəkildə qanunu pozdu.
Müalicə etmək işləmək demək idi, Şənbə günü işləmək isə qadağan idi.
Düzdür, əgər xəstəlik xəstənin həyatı üçün təhlükə yaradırdısa, ona
kömək etmək olardı. Məsələn, qanun göz və ya boğaz xəstəliklərində kömək
etməyə icazə verirdi. Lakin bu adam heç bir təhlükəyə məruz qalmadan
rahatlıqla sabahı gözləyə bilərdi. İsa Məsih isə vacib bir prinsip
qoydu: qanundan və qaydalardan asılı olmayaraq, Şənbə günü yaxşı iş
görən doğru edir. İsa sual verdi: «Sizdən soruşuram, hansına icazə var,
Şənbə günü kiminsə canını xilas etməyə, yoxsa məhv etməyə?» Fariseylər
bu sualın nəyə eyham olunduğunu başa düşmüşdülər, çünki İsa əli qurumuş
adamı sağaltdığı vaxt onlar İsanı öldürmək üçün əllərindən gələni etməyə
çalışırdılar. İsa bir can qurtarmağa, onlar isə onu məhv etməyə
çalışırdılar.
Bu hekayədə üç personaj canlanır.
1) Birincisi, əli qurumuş adam. Onun haqqında aşağıdakıları
qeyd etmək olar:
a) Apokrif Müjdələrin birində, yəni Əhdi-Cədiddə yer almayan
Müjdələrin birində bu adamın bənna olduğunu və İsanın yanına gələrək
«Mən bənna idim, zəhmətimlə çörək pulu qazanırdım. Yalvarıram Sənə, məni
sağlamlığıma qovuşdur, çünki dilənməyə utanıram» deyə qeyd edilir. O,
zəhməti ilə pul qazanmaq istəyən insan idi. Allah həmişə halallıqla
işləməyə çalışan insana rəğbətlə baxar.
b) O, qeyri-mümkün olanı sınamağa hazır olan bir insan idi.
İsa ona qurumuş əlini uzatmağı təklif edəndə, o, mübahisə etmədi,
əksinə, itaət etdi və İsanın ona verdiyi qüdrətlə şəfasına qovuşdu.
Ümumiyyətlə, «mümkün deyil» ifadəsi məsihçilərin lüğətindən xaric
edilməlidir. Böyük bir alimin dediyi kimi: «Çətin və qeyri-mümkünün
arasındakı yeganə fərq — qeyri-mümkün olanın daha çox vaxt tələb
etməsindədir».
2) İkincisi, İsa Məsih. Burada cəsarətlə meydan oxumanın
gözəl atmosferi hiss olunur. İsa bilirdi ki, Onu diqqətlə izləyirlər,
lakin bir an belə tərəddüd etmədən əli qurumuş adamı sağaltdı. O, həmin
adama ayağa qalxıb ortaya çıxmasını əmr etdi. Belə bir işi hansısa bir
küncdə etmək olmazdı. Veslinin vəzçilərindən birinin düşmən şəhərinə
gedib təbliğ etməsi barədə bir hekayə var. Həmin vaiz şəhər meydanında
toplantı barədə elan etmək üçün köməkçi olaraq özünə şəhər carçısı
tutmuşdu. Lakin carçı bu barədə qorxa-qorxa elan edirdi. Onda vaiz onun
əlindən zəngi alıb çaldı və var-gücü ilə qışqırdı: «Bu axşam filan
vaxtı, filan yerdə filankəs təbliğ edəcək. Həmin şəxs mənəm».
Əsl məsihçi düşmənin onu qorxutmağa cəhd etməsindən asılı olmayaraq, öz
iman bayrağını ləyaqətlə ucaldır.
3) Nəhayət, fariseylər. Onlar xəstəyə şəfa Verənə var gücü
ilə nifrət edirdilər. Onlar bizim üçün öz qayda-qanunlarını Allahdan
daha çox sevən insanların bariz nümunəsidir. Biz bunun imanlı
cəmiyyətində dəfələrlə baş verdiyini görürük. Mübahisə iman məsələlərinə
deyil, cəmiyyət idarəçiliyinə və s. kimi məsələlərə yönəlir. Bir dəfə
Leyton belə demişdi: «İmanlı cəmiyyətinin idarəçiliyi ümumi qaydalara
tabe deyil; lakin sülhün, həmfikir olmanın, sevginin və qeyrətin orada
hökm sürməsi məcburidir». Hətta bu gün də sistemə sədaqətin Allaha
sədaqətdən üstün olmaq təhlükəsi var.
12-19
İSA HƏVARİLƏRİNİ SEÇİR (Luka
6:12-19)
Burada İsa Məsih həvarilərini seçir. Nə üçün onları seçdiyini bilmək
maraqlı və faydalı olardı; çünki Onun eyni səbəblərə görə insanlara
ehtiyacı vardı.
1) Markın Müjdəsi 3:14-də deyilir ki, İsa bu adamları «Onun
yanında olsunlar» deyə seçdi. Bunu iki səbəbə görə etdi:
-
İsa onları Özünə dost olaraq seçdi. İsanın insan dostluğuna
ehtiyac duyması təəccüblüdür. Məsihçi inancının mahiyyəti bizə ehtiram
və təvazökarlıqla deməyə imkan verir ki, Allah insanlarsız xoşbəxt
deyil. Çünki Allah Atadır. Hər insan Onun vasitəsilə xilas olana qədər
Onun ürəyi sızlayır.
-
İsa sonun yaxınlaşdığını bilirdi. Əgər O, başqa bir zamanda
yaşasaydı, bəlkə də, təlimini bütün bəşəriyyətin mülkiyyətinə çevirəcək
bir kitab yazardı. Lakin həmin şəraitdə İsa ona görə şagirdlər seçdi ki,
Öz təlimini onların ürəyində həkk edə bilsin. Onlar bir gün bütün
insanlara Xoş Xəbəri çatdırmaq üçün hər yerdə İsanın ardınca getməli
idilər.
2) İsa Məsih şagirdlərini davamçılarının arasından seçdi. Onlar
getdikcə daha çox İsa haqqında öyrənməyə çalışırdılar. Əsl məsihçi Rəbb
ilə üz-üzə görüşməli, Onun Kim olduğunu tanımalı, Rəbb haqqında getdikcə
daha çox öyrənən adamdır.
3) İsa onları həvari olmaq üçün seçdi. Yunanca həvari sözü
göndərilmiş deməkdir, elçi və ya səfirə şamil edilir. Həvarilər
Onun elçiləri olmalı idilər. Bir dəfə balaca bir qız uşaq ibadətində
Məsihin şagirdləri haqqında dərsə qulaq asırdı. O, həvari sözünün
mənasını tam başa düşməmişdi, çünki hələ çox balaca idi. Evə gələndə
valideynlərinə dedi ki, dərsdə İsanı əks etdirən insanlar haqqında
danışırdılar.
Səfir — öz ölkəsini başqa ölkədə təmsil edən şəxsdir. O, ölkəsinin
etibarlı bir modelidir. O, ölkəsi barədə fikirlər yaradan etibarlı
nümunədir. Məsihçi təkcə sözdə deyil, bütün həyatı və əməlləri ilə
Məsihin həqiqi elçisi olmalıdır.
Həvarilər haqqında bunları qeyd etmək olar:
1) Onlar adi insanlar idi. Onların arasında nə varlı, nə
məşhur, nə nüfuzlu, nə də xüsusi təhsili olan adam var idi. Bu adamlar
sadə xalqın nümayəndələri idi. İsa Məsih sanki deyirdi: «Mənə on iki
sadə insan verin, Mən dünyanı dəyişdirəcəyəm». İsa Məsihin işi böyük
adamların əlində deyil, sizin və mənim kimi adi insanların
əlindədir.
2) Onlar qəribə birlik təşkil edirdilər. Məsələn, onlardan
ikisini — Mattanı və Millətçi adlanan Şimonu götürək. Matta vergiyığan
idi, ona görə də satqın və dönük idi. Millətçi adlanan Şimon isə fanatik
millətçi idi. O, hər an xainləri və hər bir romalını öldürməyə hazır
idi. Lakin vergiyığan Matta və Millətçi Şimon həvarilər arasında sülh
içində yaşayırdılar. Bu da Məsihin möcüzələrindən biri idi. Həqiqi
məsihçilər nə qədər fərqli olsalar da, sülh və harmoniya içində yaşamağı
bacarırlar. Gilbert Çesterton və
onun qardaşı Sesil
haqqında belə deyilirdi: «Onlar həmişə mübahisə edir, amma heç vaxt
dalaşmırdılar». İnsanların uyğunsuzluq problemləri yalnız Məsihdə həll
edilə bilər. Çünki bir-birinin tam əksi olan insanlar Məsihə bəslənən
məhəbbətdə birləşə bilərlər. Əgər biz, həqiqətən, Onu seviriksə, onda
bir-birimizi sevəcəyik.
20-26
DÜNYA MALININ HÜDUDLARI
(Luka 6:20-26)
Lukanın Müjdəsində İsanın vəzi əsasən Mattanın Müjdəsindəki Dağüstü
Vəzə uyğundur (Matta 5-7). Vəzlərin hər ikisi bəxtiyarlıq
siyahısı ilə başlayır. Lukanın və Mattanın versiyaları
arasında fərq var, lakin bir şey aydındır — bu vəzlərin hər ikisi
insanların qəlblərini və düşüncələrini xüsusi bir şəkildə sarsıtmaq və
dəyişdirmək qabiliyyətinə malikdir. Onlar filosofun və ya müdrikin
tərtib edə biləcəyi qanunlara oxşamır. Bəxtiyarlıqların hər biri müəyyən
çağırışdır.
Deyslann onlar haqqında belə deyir: «İsanın vəzi gərgin bir
atmosferdə elan olunmuşdu. Bu, sakitcə parlayan ulduzlar deyil, heyrət
və dəhşət ildırımları ilə müşayiət olunan şimşək çaxmasıdır». Bu vəzlər
bütün ümumi qəbul edilmiş normaları alt-üst edir. İsanın xoşbəxt
adlandırdığı adamları dünya bədbəxt adlandırır; İsanın bədbəxt
adlandırdığı adamları isə dünya xoşbəxt sayır. Təsəvvür edin ki, kimsə
belə deyir: «Nə xoşbəxtdir yoxsul olanlar, vay varlıların halına!» Bu
cür demək dünyəvi rifah barədə anlayışları tamamilə yox etmək
deməkdir.
Bəs bunun açarı haradadır? Biz onu 24-cü ayədə tapırıq. İsa
Məsih deyir: «...vay halınıza, ey varlılar! Çünki artıq təsəllinizi
almısınız». Başqa sözlə, siz istədiyiniz bütün nemətləri almısınız.
İsanın işlətdiyi və almısınız kimi tərcümə olunan söz hesabın
tam şəkildə ödənilməsi deməkdir. İsa sanki deyir: «Əgər siz bütün
varlığınızla dünya malını əldə etməyə çalışır və bunun üçün bütün
gücünüzü sərf edirsinizsə, onu əldə edəcəksiniz. Amma bundan başqa heç
vaxt heç nə əldə etməyəcəksiniz». Bir sözlə, «siz həlak oldunuz». «Ancaq
nə olursa-olsun, Allaha və Məsihə sədaqətinizi qorumaqdan ötrü
var-gücünüzlə səy göstərsəniz, başınıza hər cür bəlalar gələcək;
dünyanın gözündə siz bədbəxt görünəcəksiniz, buna baxmayaraq, mükafat
alacaqsınız. Bu mükafat əbədi sevinc olacaq». Burada uşaqlıqdan tutmuş
son günümüzə qədər dəyişməz seçimlə üzləşirik. Siz dərhal həzz və qazanc
vəd edən asan yolu tutacaqsınız? Yoxsa sizdən böyük zəhmət tələb edən,
bəlkə də, əziyyətlə dolu çətin yolu seçəcəksiniz? Bu fani zövqlərdən və
qazancdan yapışacaqsınız, yoxsa daha böyük xeyir-duanı əldə etməkdən
ötrü gözləməyə hazır olub, fani şeyləri qurban verəcəksiniz? Siz
səylərinizi dünyəvi sərvətlərə sərf edəcək, yoxsa bütün diqqətinizi
Məsihə yönəldəcəksiniz? Əgər dünyəvi yolu seçsəniz, Məsihin
xeyir-dualarından əl çəkməlisiniz. Əgər Məsihə xidmət etməyi seçsəniz,
dünyanın zövqlərindən uzaq durmalısınız.
İsa Məsih bu iki yoldan hansının xoşbəxtliyə aparacağını aydın
şəkildə göstərdi. F.R.Molbi deyirdi: «İsa Məsih şagirdlərinə vəd etdi
ki, onlar qorxmaz, qəribə şəkildə xoşbəxt və daima təqiblərə məruz
qalacaqlar». Öz prinsiplərinə görə həmişə böyük bəlalar yaşayan
G.K.Çesterton bir dəfə belə demişdi: «Mən isti suyu sevirəm. Çünki o,
çirki təmizləyir». İsanın təliminin mahiyyəti ondan ibarətdir ki,
insanların Göylərdə alacağı sevinc yer üzündə çəkdikləri əzab və
təqiblərə görə artıqlaması ilə mükafatlandırılacaqlar. Həvari Paulun
dediyi kimi: «...müvəqqəti, yüngül əziyyətlərimiz bizə heç bir şeylə
müqayisə edilməz dərəcədə böyük və əbədi izzət qazandırır»
(2Korinflilərə 4:17).
Bu bəxtiyarlıqlar insanı seçim qarşısında qoyur: «Sən dünya yolunda,
yoxsa Məsihin yolunda xoşbəxt olacaqsan?»
27-38
QIZIL QAYDA (Luka 6:27-38)
İsa Məsihin heç bir əmri düşmənlərimizi sevmək əmri qədər
müzakirələrə və mübahisələrə səbəb olmamışdır. Həmin əmri yerinə
yetirməzdən əvvəl bunun nə demək olduğunu başa düşmək lazımdır. Yunan
dilində sevmək mənasını verən üç söz var. Birincisi,
eran sözüdür — kişinin qadına bəslədiyi ehtiraslı sevgi.
İkincisi, fileyn sözüdür — insanın öz yaxınlarına, əzizlərinə
bəslədiyi məhəbbət, yəni ürək bağlılığı bildirir. Amma burada İsa üçüncü
mənada işlənilən agapan sözünü işlədir. Buna görə, gəlin bu
sözə daha yaxından nəzər salaq. Agapan sözü qonşuya qarşı
səmimi şəkildə bəslənilən xeyirxahlıq hissini ifadə edir. Bizə nə
etməsindən asılı olmayaraq, biz ona yaxşılıqdan başqa nəsə arzulamağı
özümüzə heç vaxt icazə verməyəcəyik və şüurlu şəkildə onunla mehriban
davranmaq üçün hər cür səy göstərəcəyik. Bu vacibdir. Axı biz
düşmənlərimizi yaxınlarımızı və əzizlərimizi sevdiyimiz qədər sevə
bilmərik. Bu, qeyri-təbii, qeyri-mümkündür, hətta yanlış olardı. Amma
biz onun hərəkətlərindən, təhqirindən, pis rəftarından və zərər
verməsindən asılı olmayaraq, ona yalnız yaxşılıq arzulamaq üçün səy
göstərə bilərik.
Buradan mühüm bir həqiqət ortaya çıxır. Yaxınlarımıza və əzizlərimizə
olan sevgi bizim şüurumuzdan və iradəmizdən asılı deyil. Biz sadəcə
sevirik. Düşmənlərimizə göstərdiyimiz məhəbbət isə ürəkdən çox
iradəmizdən asılıdır. Məsihin lütfü ilə biz sevgini içimizdə oyandıra və
göstərə bilərik.
Bu hissə məsihçi etikasına dair iki mühüm faktı ortaya qoyur.
1) Məsihçi etikası müsbətdir. O, müsbət şeylər etməyə çalışması ilə
xarakterizə olunur. İsa Məsih bizə Qızıl qayda verir, bu da
başqalarından gözlədiyimizi onlar üçün etməyimizi tələb edir. Həmin
qaydaya mənfi formada müxtəlif inanclı bir çox yazıçılarda rast gəlmək
olar. Bir adam böyük yəhudi müəllimi olan Hilleldən bir ifadə ilə ona
bütün qanunu öyrətməsini xahiş edəndə, Hillel belə cavab vermişdi:
«Özünə rəva bilmədiyin şeyi başqasına etmə. Bütün qanun bundan
ibarətdir, qalan hər şey onun təfsiridir». İsgəndəriyyənin böyük
yəhudisi Filon belə demişdi: «Sevmədiyin şeyləri başqasına etmə». Yunan
natiq İsokrat öyrədirdi: «Səni qıcıqlandıran şeyləri başqalarına etmə».
Stoiklərin əsas qaydalarından biri belə idi: «Özün üçün istəmədiyini
başqasına etmə». Konfutsidən hər insan üçün qayda ola biləcək bir sözün
mövcud olub-olmadığını soruşanda, Konfutsi belə cavab vermişdi:
«Qarşılıqlıq. Özün üçün rəva bilmədiyini başqasına etmə».
Yuxarıdakı ifadələrin hamısı mənfi şəkildə səslənir.
Onlardan çəkinmək o qədər də çətin deyil; amma başqalarına bizimlə
rəftar etmələrini istədiyimiz kimi davranmaq, başqa məsələdir. Məsihçi
etikasının mahiyyəti pis əməllərdən çəkinmək deyil, Allaha xoş olan
əməlləri səylə yerinə yetirməkdir.
2) Məsihçi etikası «iki min addım yol»a əsaslanır (Matta
5:41-ə bax). İsa adi davranışın müxtəlif aspektlərini sadalayır və
dərhal «hansı tərifə layiqsiniz?» sualı ilə onların hamısını rədd edir.
İnsanlar tez-tez qonşularından heç də daha pis olmadıqlarını iddia
edirlər. Bəlkə də bu, belədir. Amma İsa Məsih soruşur: «Siz adi insandan
nə qədər yaxşısınız?» Özümüzü qonşu ilə müqayisə etmək lazım deyil.
Bəlkə də qonşu ilə müqayisədə daha yaxşı olmağımız mümkündür; lakin biz
öz əməllərimizi Allahın hərəkətləri ilə müqayisə etməliyik, onda onlar
bizi ifşa edəcək.
3) Bəs bu cür məsihçi həyat tərzinə ruhlandıran nədir? Bizim
arzularımız Allahın arzularına bənzəyəcək. Çünki O, yağışını həm
salehlərin, həm də saleh olmayanların üzərinə yağdırır. Allah Onu
sevindirən və incidən insana qarşı mərhəmətlidir; O, məhəbbətini
möminlərə və günahkarlara bərabər şəkildə göstərir. Məhz bu cür sevgiyə
köklənmək lazımdır; əgər biz düşmənlərimizə yaxşılıq etməyə can atsaq,
həqiqətən, Allahın övladları olacağıq.
38-ci ayədə qəribə bir ifadə ilə rastlaşırıq: «sizə
qucaq-qucaq veriləcək». Məsələ bundadır ki, yəhudilər beldən kəmərlə
bağlanan topuqlarına qədər uzun mantiya geyirdilər. Ətəyi qatlayıb
içində nəsə daşımaq olardı. Ona görə də müasir dillə desək, bu fikri
belə ifadə etmək olar: «Çantanın ağzınadək tökəcəklər».
39-46
HƏYAT STANDARTLARI (Luka
6:39-46)
Mətn bir sıra fərdi ifadələrdən ibarətdir. Gəlin iki ehtimal təsəvvür
edək. Ola bilsin, Luka İsa Məsihin müxtəlif məsələlərə dair dediklərini
bir araya gətirib, bununla da həyat üçün bir növ qaydalar və normalar
toplusunu təqdim edir. Ola da bilsin ki, bu, yəhudi vəzlərinin bir
nümunəsidir. Yəhudilər təbliğə karaz deyirdilər, bu da
muncuqları bir-birinin ardınca düzmək deməkdir. Ravvinlər hesab
edirdilər ki, təbliğçi mövzunu qısa izah etməli və dinləyicilərin marağı
itməsin deyə tez başqa mövzuya keçməlidir. Bu səbəbdən yəhudi vəzləri
əlaqəsiz mövzular toplusu kimi görünə bilər. Bu parça dörd hissəyə
bölünür:
1) 39 və 40-cı ayələr. İsa qeyd edir ki, müəllim
şagirdinə öz bildiyindən çox şey verə bilməz. Bununla O bizə də
xəbərdarlıq edir ki, biz ən yaxşı müəllimə müraciət etməliyik. Çünki O
bizə daha çox bilik verə bilər. Digər tərəfdən, nəzərə almalıyıq ki,
özümüzün bilmədiyi şeyləri başqalarına öyrədə bilmərik.
2) 41 və 42-ci ayələr. İsa sanki zarafatla Öz
dinləyicilərinə gözündə tir ola-ola qardaşının gözündəki çöpü çıxarmağa
çalışan adamı təsvir edir. İsa Məsih öyrədir ki, heç kimin nöqsanı
ola-ola başqalarını tənqid etməyə haqqı yoxdur. Başqa sözlə desək, biz
başqalarını qətiyyən tənqid etməməliyik, çünki «ən yaxşı insanların belə
daxilində pisliklər var, ən pis insanlarda isə elə əxlaq ola bilər ki,
günahı onun üzərinə atmaq çətin olsun».
3) 43 və 44-cü ayələrdə Məsih bizə xatırladır ki,
insanı yalnız bəhrələrinə görə mühakimə etmək olar. Bir dəfə bir
müəllimə dedilər: «Mən sizin nə dediyinizi eşitmirəm, çünki əməlləriniz
sözlərinizi batırır». Tədris və təbliğ — «insan tərəfindən ifadə edilən
həqiqətdir». Yaxşı sözlər heç vaxt yaxşı əməlləri əvəz edə bilməz. Bunu
bu gün də xatırlatmağa dəyər. Bizi müxtəlif ictimai hərəkatlar narahat
edir. Biz bu hərəkatlara tək kitablarla, pamfletlərlə,
müzakirələrlə qalib gələ bilmərik. Məsihçiliyin üstünlüyü ruhani insanın
imtiyazlarını üzə çıxaran həyatda özünü göstərir.
4) 45-ci ayə. İsa Məsih insanlara xatırladır ki, ağız ürəkdə
baş verənlərdən xəbər verir. Əgər qəlbdə Allahın Ruhuna yer yoxdursa,
ağız Allah haqqında danışa bilməz. Əgər insan diqqətlə söz seçmirsə və
sərbəst danışırsa, yəni ağlına gələni deyirsə, heç bir şey insanın
ürəyinin vəziyyətini onun danışığı qədər aydın göstərə bilməz. Əgər
yoldan keçən adamdan filan yerin harada olduğunu soruşsanız, biri
kilsənin, o biri filan kinoteatrın, digəri stadionun, dördüncüsü
pivəxananın yaxınlığında olduğunu söyləyəcək. Təsadüfi verilən suala
cavablar insanın düşüncələrinin və maraqlarının harada olduğunu
göstərir. Bizim nitqimiz bizi ifşa edir.
47-49
YEGANƏ HƏQİQİ TƏMƏL (Luka
6:47-49)
Bu məsəlin arxasında nə olduğunu aydın başa düşmək üçün biz onu
Mattada da nəzərdən keçirməliyik (Matta 7:24-27). Lukanın
Müjdəsində çaylara lazımi yer verilmir, çünki Luka İsrail əsilli
olmadığına görə oranın şəraiti haqqında dəqiq təsəvvürə malik deyildi,
Matta isə İsraildə yaşadığına görə oranı yaxşı tanıyırdı. Məsələ
burasındadır ki, İsraildəki çaylar qumlu çaylaq yaradaraq yayda tamamilə
quruyurdu. Lakin sentyabrda yağışlar başlayandan sonra quru çaylaqlar
coşqun axınlara çevrilirdi. Çox vaxt insanlar ev tikmək üçün yer
axtaranda əlverişli qumlu ərazilər tapıb orada ev inşa edirdilər. Yalnız
daşqın zamanı evi dağıdan gur çayın ortasında ev tikdiklərindən xəbər
tuturdular. Müdrik adam ev tikmək üçün qayalıq axtarırdı. Orada ev
tikmək daha çətin idi. Çünki bünövrəni qoymaq üçün əvvəlcə çox iş görmək
lazım idi. Qış gələndə isə o, layiqincə mükafatlandırılırdı, onun evi
möhkəm və etibarlı yerdə dayanırdı. Həm Lukada, həm də Mattada qeyd
olunan bu məsəl həyatı möhkəm təməl üzərində qurmağın nə qədər vacib
olduğunu göstərir. Həm də nəzərə almaq lazımdır ki, yeganə düzgün təməl
— İsa Məsihin təlimidir. Bəs ağılsız bənnanın qərarını necə izah etmək
olar?
1) O, az işləməyə çalışırdı. Evin bünövrəsini qoymaq üçün
qayanı oymaq çox çətin və yorucu işdir. Evi qum üzərində inşa etmək daha
rahat və asandır. İsa Məsihin ardınca getməkdənsə, öz yolumuzla getmək
bizim üçün daha asan ola bilər, lakin öz yolumuzda məhv olacağıq; İsa
Məsihin yolu isə bizi həm bu dünyada, həm də o biri dünyada xoşbəxt
həyata aparır.
2) O, uzaqgörən deyildi. O, altı aydan sonra evlə nə baş
verəcəyini heç düşünmürdü. Həyatda hər bir qərar həm indiki vəziyyətə,
həm də rifah naminə gələcəyə nəzər salmaqla qəbul edilir. Gələcəkdə əldə
edəcəyi rifahı fani zövqlərə dəyişməyən insan nə xoşbəxtdir. Hər şeyə bu
günün nöqteyi-nəzərindən deyil, əbədiyyət nöqteyi-nəzərindən yanaşan
adam nə xoşbəxtdir. Çətin yolun çox vaxt ən yaxşısı olduğunu və
uzaqgörənliyin dünyanı dərk etməyin düzgün yanaşma olduğunu başa
düşəndə, həyatımızı İsa Məsihin təliminə əsaslandıracağıq. Onda heç bir
tufan həyatımızı sarsıda bilməz.