7-ci fəsil
1-10
YÜZBAŞININ İMANI (Luka 7:1-10)
Bu hekayədə baş obraz Roma yüzbaşısıdır; o, adi insan deyildi.
1) Bunu onun rütbəsi sübut edir. Roma ordusunun yüzbaşısı
bölüyün baş çavuşu mövqeyində idi. Həmin yüzbaşılar ordunun əsas
sütununu təşkil edirdilər. Əhdi-Cədiddə harada yüzbaşıların adı
çəkilirsə, onlar haqqında hörmətlə danışılır (Luka 23:47 və
Həvarilərin İşləri 10:22; 22:26; 23:17-23-24; 24:23; 27:43 ilə
müqayisə edin). Tarixçi Polibi Roma ordusunun
yüzbaşılarını belə səciyyələndirir: onlar «təhlükəli vəziyyətlərə
həvəsli deyil, komandanlıqda və daimi rəhbərlikdə etibarlı insanlar
olmalıdırlar; döyüşə can atmamalıdırlar, lakin böyük təhlükə yaranarsa,
öz mövqelərini sona qədər saxlamağa, lazım gələrsə, ölməyə hazır
olmalıdırlar». Yüzbaşı cəsurların cəsuru olmalıdır, əks halda o, bu
rütbəni nə ala, nə də onu doğrulda bilərdi.
2) Yüzbaşı öz qulu ilə fərqli davranırdı. O, qulunu sevirdi
və onun sağalması üçün əlindən gələni etməyə hazır idi. Roma qanunlarına
görə, qul heç bir haqqı olmayan canlı alət idi; ağasının onun üzərində
tam hüququ var idi, hətta onu öldürə də bilərdi. Romalı müəlliflərdən
biri fermerə kənd təsərrüfatı alətlərinin illik inventarını aparmağı,
köhnə və xarab olanları atmağı tövsiyə edir; o, qullarla da belə etməyi
məsləhət görür. Adətən, işləmək qabiliyyətini itirmiş qul ölmək üçün
küçəyə atılırdı. Yüzbaşının quluna münasibəti isə tamam başqa idi.
3) Yüzbaşı dindar bir adam idi. İnsan təkcə sinaqoq tikməkdə
maraqlı olmamalıdır. Düzdür, romalılar nizam-intizamın qorunmasına töhfə
verdiklərini düşünərək, insanların dini inanclarını təşviq edirdilər.
Onlar dinə xalqın tiryəki kimi baxırdılar. Buna əsaslanaraq imperator
Avqust sinaqoqların tikilməsini tövsiyə etmişdi. İngilis tarixçisi
Gibbonun məşhur bir ifadəsində deyildiyi kimi: «Roma İmperiyasında
mövcud olan müxtəlif dinlər sadə insanlar üçün həqiqət, filosoflar üçün
yanlışlıq, hakimiyyət üçün faydalı bir şey hesab olunurdu».
Lakin bu yüzbaşı inzibati hakimiyyətin ədəbsiz nümayəndəsi deyildi — o,
həqiqi dindar idi.
4) Onun yəhudilərlə dostluq əlaqələri var idi. Yəhudilər
bütpərəstlərə xor baxdıqlarına görə, bütpərəstlər də yəhudilərə nifrət
edirdilər. Antisemitizm heç də yeni bir fenomen deyil. Romalılar
yəhudiləri alçaq irq, yəhudiliyi isə barbar xurafatı adlandırırdılar,
onların insanlığa hörmətsizliklərindən danışır, onları eşşək başına
sitayiş etməkdə və guya hər il öz Tanrılarına yadelli bir insanı qurban
gətirməkdə günahlandırırdılar. Düzdür, çoxsaylı tanrılardan və
bütpərəstliyin əxlaqsız adətlərindən məyus olan bir çox bütpərəstlər
yəhudilərin monoteist dinini və sərt etikasını qəbul edirdilər. Ancaq bu
hekayə yüzbaşı ilə yəhudilər arasında dostluq əlaqələrinin
mövcudluğundan xəbər verir.
5) Yüzbaşı təvazökar bir insan idi. O, yaxşı bilirdi ki,
ortodoks yəhudiyə bütpərəstin evinə baş çəkmək, eləcə də öz evində
bütpərəsti qəbul edib, onunla ünsiyyət qurmaq qadağandır
(Həvarilərin İşləri 10:28). Yüzbaşı hətta şəxsən İsanın yanına
gəlməyə belə cəsarət etmədi, yəhudi dostlarından Onun yanına getmələrini
xahiş etdi. Başqalarına əmr etməyə öyrəşmiş insan əsl əzəmət qarşısında
heyrətamiz təvazökarlıq göstərdi.
6) Yüzbaşı mömin insan idi. Onun imanı ən ağlabatan
dəlillərə əsaslanırdı. O, Allah haqqında öz baxışlarına əsaslanaraq,
indiki ilə gələcək dünya arasında bənzətmə aparırdı. Əgər o, yüzbaşı
olaraq belə səlahiyyətə malik idisə, onda İsanın səlahiyyəti nə qədər
yəqindir? O, İsanın yanında «Ya Rəbb, bilirəm ki, Sən qulumu sağalda
bilərsən» deyən bir imanla gəldi. Əgər bizim də bu cür imanımız olsaydı,
bizim üçün möcüzələr baş verər və həyatımız başqa cür olardı.
11-17
MƏSİHİN ŞƏFQƏTİ (Luka 7:11-17)
Bu mətndə, əvvəlki mətndə olduğu kimi, yenidən həkim Luka danışır.
10-cu ayədə «sağlam olduğunu gördülər» kimi tərcümə
olunan söz sağ-salamat, 15-ci ayədə «durub oturdu»
sözü isə yataqda oturan xəstəni bildirir. Nain şəhəri
Kefernahumdan bir günlük piyada səyahəti qədər aralıda və Elişa
peyğəmbərin şunemli qadının uşağını diriltdiyi En-dor və Şunem şəhərləri
arasında yerləşirdi (2Padşahlar 4:18-37). Bu günə qədər Naindən
En-dora gedən yolda ölülərin basdırıldığı qaya qəbirlərdən ibarət
məzarlıq var.
Bu hekayə bir çox cəhətdən Əhdi-Cədiddə ən sevimli hekayədir.
1) O, həyatdakı kədər və iztirablardan bəhs edir. Adətən,
dəfn mərasiminin başında simbal
və tütək çalan,
ciyiltili səslərlə fəryad edən peşəkar yas tutanlardan ibarət orkestr və
xor olurdu. «Dul ananın yeganə oğlu» — həm sərt, həm də sadə səslənən bu
cümlədə böyük kədər var.
«Elə bir gün yoxdur ki, kədər kiminsə qəlbini sındırmasın».
İngilis şairi Şelli həmkarına Con Kitsa yas tutaraq yazır:
Nə qədər ki, göy mavidir, çöllər yaşıllaşır,
Gecə keçir, yenidən səhər açılır,
İnsanlar aybaay kədərə qərq olur,
Hər yeni il yeni kədər doğurur.
Roma şairi Vergilinin ölməz bir
ifadəsi var:
«əşyalar da ağlayır». Biz sınıq qəlblər dünyasında yaşayırıq.
2) Luka bəşəriyyətin əzabından əlavə İsanın şəfqətini də
təsvir edir. İsanın dul qadına rəhmi gəldi, yəni O, çox təsirləndi.
Yunan dilində şəfqət sözünü daha güclü ifadə edəcək başqa söz yoxdur.
Həmin söz Müjdələrdə tez-tez istifadə olunur (Matta 14:14; 15:32;
20:34; Mark 1:41; 8:2).
O dövr üçün bu, heyrətamiz möcüzə idi. Antik dövrün ən nəcib
doktrinası stoisizm idi. Stoiklər hesab edirdilər ki, Allah ən çox
laqeydliyi və hissizliyi ilə xarakterizə olunur. Onlar
fikirlərini belə əsaslandırırdılar: əgər bir insan digərində kədər və ya
təəssüf, sevinc və ya gözəl əhvali-ruhiyyə hissi yarada bilirsə, onda ən
azından bir anlıq olsa belə, ona təsir edir. Əgər ona təsir edə bilirsə,
deməli, ondan daha güclüdür. Amma heç kim Allahdan güclü ola bilməz;
buna görə də heç kim Ona təsir edə bilməz; bu səbəbdən Allah bütün
hisslərdən məhrumdur. Burada isə adamlar insan kədərindən bərk
təsirlənən Allahın Oğlu haqqında heyrətamiz konsepsiya ilə
qarşılaşdılar.
Böyük kədər, dərdimizə
Dərdli Adam şərik oldu.
Çoxlarımız üçün İsanın şəfqəti Allahın və Rəbbimiz İsa Məsihin
Atasının ən qiymətli xüsusiyyətidir.
3) Luka təkcə İsanın şəfqətindən deyil, həm də Onun heyrətamiz
qüdrətindən danışır. İsa yaxınlaşıb mafəyə toxundu: bu, tabut
deyildi, çünki şərqdə insanlar tabutlarda dəfn olunmurdu; bunun üçün çox
vaxt uzun hörmə zənbillər istifadə olunurdu. Budur, gərgin an yarandı.
Bir şərhçinin dediyi kimi, «İsa ölümə şikar etdiyini iddia etdi».
İsa ölüm möhürü ilə möhürlənmiş bir gəncin həyatına iddia etdi. O,
nəinki həyatın Ağası, həm də ölümün Ağasıdır. Çünki O, ölümə qalib gəldi
və dedi: «Mən yaşadığım üçün siz də yaşayacaqsınız» (Yəhya
14:19).
18-29
SON SINAQ (Luka 7:18-29)
1) Vəftizçi Yəhya İsanın yanına adamlar göndərdi ki, Onun Gəlməli
olan Məsih olub-olmadığını, yoxsa başqasının gəlməsini gözləməli
olduqlarını soruşsunlar.
Belə vəziyyətdə Vəftizçi Yəhyanın açıq-aşkar şübhələri bir çox
tədqiqatçıları çaşdırdı. Bu məsələ ilə bağlı müxtəlif fikirlər
səsləndirilib.
a) Bəziləri Vəftizçi Yəhyanın şagirdlərini İsanın yanına şəxsi
imanını təsdiqləmək üçün deyil, onları imanda möhkəmləndirmək
üçün göndərdiyini iddia edirlər. O, Məsih barəsində tam əmin idi,
lakin şübhə edən onun şagirdləri idi. Yəhya istəyirdi ki, onların da
təkzibedilməz dəlilləri olsun.
b) Digərləri Yəhyanın İsanı tələsdirmək istədiyini düşünürlər, çünki
o, hesab edirdi ki, qəti addım atmağın vaxtı gəlib çatıb.
c) Lakin ən yaxşısı olan — sadə izahdır. Gəlin Vəftizçi Yəhyanın
hansı şəraitdə olduğunu xatırlayaq. Səhranın və ucsuz-bucaqsız çöllərin
övladı olan Yəhya həbs edilmişdi. Onun vəziyyətini Şotlandiya
dağlıqlarının rəhbərlərindən birinin həbs olunaraq saxlandığı və bu günə
qədər qorunan zindana görə qiymətləndirə bilərik. Zindanda yalnız kiçik
bir pəncərə var idi; daş divarda bu günə qədər əl və ayaq izləri
görünür, burada o, hər gün həvəslə gözlərini vadiyə və təpələrin
silsiləsinə dikmək üçün pəncərəyə tərəf çəkilirdi. O bilirdi ki, bir
daha bu çöllükləri gəzə bilməyəcək. Dar divarlar arasında boğulan Yəhya
bu sualı verdi, çünki ağır həbs şəraiti onu taqətdən salmışdı.
2) İsa Məsihin cavabına diqqət yetirin. O, faktları göstərdi.
Xəstələr, əzabkeşlər və yoxsullar Xoş Xəbəri eşitdilər, Onun
səlahiyyətini və qüdrətini öz üzərində hiss etdilər. Cavabında İsa sanki
«Allahın rəhmi bizimlədir» deyir. Unutmayaq ki, Allahın Padşahlığı
ağrının yüngülləşdiyi, kədərin sevincə çevrildiyi, əzab və ölümün qalib
gəldiyi yerdir. İsa sanki dedi: «Geri qayıdıb Yəhyaya deyin ki, Allahın
məhəbbəti bizimlədir».
3) Elçilər gedəndən sonra İsa Yəhyaya və onun fəaliyyətinə haqq
qazandırdı. İnsanlar küləyin sarsıtdığı qamış deyil, Yəhyanı görmək və
eşitmək üçün səhraya axışırdılar. Bu, iki şeydən birini ifadə edə
bilər:
a) İordan çayının sahillərində ən tipik mənzərə küləklə yellənən
qamışlar idi. Yellənən qamışlar atalar sözünə çevrilmişdi. Buna görə də
insanlar qamışa deyil, qeyri-adi fenomenə baxmaq üçün oraya
gedirdilər.
b) Lakin İsa dəyişkənliyi də nəzərdə tuta bilərdi. Yəni camaat
səhraya orada küləyin təsirindən qamış kimi yırğalanan dəyişkən bir
insanı yox, möhkəm ağac kimi dayanan sarsılmaz insanı görməyə gedirdi.
Onlar şah sarayından olan nəfis toxunmuş paltar geymiş insanı görməyə
getməmişdilər. Bəs onda nəyə baxmağa getmişdilər?
a) Birincisi, İsa Vəftizçi Yəhya haqqında xoş sözlər söylədi. O
dövrdə insanlar gözləyirdilər ki, Allahın məsh olunmuş Padşahı zühur
etməzdən əvvəl İlyas peyğəmbər Ona yol hazırlamaq və Onun haqqında bəyan
etmək üçün qayıdacaq (Malaki 4:5). Yəhya Haqq-Taalanın
müjdəçisi idi.
b) İkincisi, İsa onun məhdudiyyətlərini açıq şəkildə qeyd etdi:
Allahın Padşahlığında ən kiçik olan ondan üstündür. Nəyə görə? Bəzi
şərhçilər bunu Yəhyanın imanda bir anlıq olsa da, guya şübhə etməsi ilə
əlaqələndirirlər. Amma əsas məsələ bunda yox, tarixi iki yerə bölən
Yəhyanın dönüş nöqtəsi olmasındadır. Yəhya insanları tövbəyə çağırandan
sonra İsa Məsih dünyaya zühur etdi, əbədiyyət zamana, göylərsə yer
üzündəki həyata müdaxilə etdi. Allah İsa Məsihin cismində yerə gəldi və
yer üzündəki həyat dəyişməli idi. Biz tarixi Məsihin doğulmasından əvvəl
və Məsihin doğulmasından sonrakı dövrlərə ayırırıq. Məsih bəşəriyyətin
keçmişini bu günündən, eləcə də gələcəyindən ayıran xətt üzərində
dayanır. Buna görə də İsadan sonra yaşayanlar və Onu qəbul edənlərin
hamısı Ondan əvvəl yaşayanlardan daha çox bəxtiyarlığı əldə edəcəklər.
İsanın dünyaya zühuru zamanı, həmçinin, həyatı iki hissəyə ayırır.
«...kim Məsihdədirsə, yeni yaradılışdır...» (2 Korinflilərə
5:17).
Şəhid Bilninin dediyi kimi: «İsa Məsihin günahkarları xilas etmək
üçün dünyaya gəldiyini oxuyanda, sanki qaranlıq bir gecənin ortasında
mənim üçün işıq parladı».
30-35
İNSANLARIN İNADKARLIĞI (Luka
7:30-35)
Bu hissədə iki xəbərdarlıq var.
1) Birincisi, mətn iradə azadlığının təhlükələrindən bəhs edir.
İlahiyyatçılar və fariseylər Allahın onlara olan niyyətlərini pozmaqda
müvəffəq oldular. Məsihçiliyin ən böyük həqiqəti ondadır ki, Allah Öz
davamçılarını qüdrətlə deyil, məhəbbətlə cəlb edir. Burada Allahın necə
kədərləndiyini görmək olar. Axı biz də sevdiyimiz insanların ölümə doğru
getdiyini və onlara kömək etməyə imkan vermədiyini görəndə, bizim üçün
də faciəli olur. Belə ki, onların kim ola biləcəyinə, nə baş verəcəyinə,
onları hansı vəziyyətin gözləyəcəyinə yalnız heyfsilənmək qalır. Bu,
həqiqətən, ürəkağrıdan haldır.
Vilyam Vatsonun «İtirilmiş işıq» şeiri fariseylərin təhlükəsindən
xəbər verir:
Zərif, sadiq əllər yumşaq bir toxunuşla
İnadkar qəlbi sakitləşdirə bilərdi.
Dürüst, nurlu gözlər inadkar qəlbi sakitləşdirib,
Ataya yönəldə bilərdi.
Amma özündənrazı əllər və gözlər
Uzaq ulduzlar kimi itmiş oğulun əzablarına soyuqdur.
Həqiqətən də, «indiyə qədər deyilmiş və ya yazılmış sözlər arasında
ən faciəlisi — «bu, belə ola bilərdi»« sözləridir. Gilbert K.Çestertonun
dediyi kimi: «Tanrı ideal şəkildə düşünülmüş poema deyil, bir pyes yazdı
və bu pyesin ifaçıları, yəni aktyorları və rejissorları böyük çaşqınlıq
yaratdılar». Qoy Allah bizi azad iradəmizdən istifadə edərək, Onun
niyyətlərini rədd edib, həyatımızı və Onun ürəyini qırmaqdan
qorusun!
2) İkincisi, bu hissə insanların inadından bəhs edir. Vəftizçi Yəhya
peyda oldu, bir zahid kimi asket həyat yaşadı, lakin ilahiyyatçılar və
fariseylər dedilər ki, o, cinlərin onun ağlını əlindən alan əcaib
adamdır. Ondan sonra İsa gəldi. O, adi insanların həyatını yaşayır və
onlara qarışırdı, ilahiyyatçılar və fariseylər isə Onu dünya zövqlərinə
meyilli olmasında ittiham etdilər. Hər kəs bilir ki, bəzən uşaqların heç
nəyi bəyənmədiyi, ya da bizim hər şeydən narazı olduğumuz günlər olur.
Bəzən insanın qəlbi o qədər inadla dolur ki, o, narazılığı ilə Allahın
istənilən çağırışından üz döndərə bilər.
3) Ancaq bəziləri Allahın çağırışlarına cavab verir və sonda «hikmət
öz övladlarının hamısı tərəfindən təsdiq olunur». İnsanlar öz
iradəsindən sui-istifadə edə, Allahın iradəsini isə rədd edib, inadkar
olduqlarına görə Onun bütün çağırışlarına qarşı kor və kar qala
bilərlər. Əgər Allah zorakılıq göstərib, insanlara onların poza
bilməyəcəyi Öz iradəsinin dəmir zəncirlərini bağlasaydı, dünya
avtomatlarla dolu olardı, onda heç bir problem olmazdı. Amma Allah daha
təhlükəli bir yol — sevgi yolunu seçdi. Sonda sevgi qalib gələcək.
36-50
GÜNAHKAR QADININ
MƏHƏBBƏTİ (Luka 7:36-50)
Bu hadisə o qədər gözəl təsvir edilib ki, Lukanın həm də yazıçı kimi
məharətini göstərir.
1) Hadisə farisey Şimonun evində baş verir. O dövrdə varlı adamların
evləri bağın ortasında kvadrat formasında tikilirdi. Evin ətrafında,
adətən, gözəl bağ salınır və fəvvarə olurdu. İsti mövsümdə yeməyi,
adətən, orada yeyirdilər. Əgər belə bir evdə nahar yeməyində
ravvin-müəllim iştirak edirdisə, onda oraya müxtəlif insanlar gəlirdi,
onlara müəllimin hikmət xəzinələrini dinləməyə icazə verilirdi. Günahkar
qadının nahar yeməyində iştirak etməsi elə bununla izah olunur.
Qonaq qəbul edərkən üç adət-ənənəyə əməl olunurdu: ev sahibi qonağı
qarşılayır, əlini onun çiyninə qoyub, salamlayaraq öpürdü. Evin sahibi
məşhur ravvinə olan hörmətini bu cür göstərirdi. Yollar, adətən, tozlu
olurdu, ayaqqabılar isə səndəllərdən — yəni ayağa bağlanan qayışlı
altlıqdan ibarət idi. Ona görə də qonağın ayaqları həmişə soyuq su ilə
yuyulurdu ki, təravətlənsin. Bundan əlavə, xoş ətirli bir çubuq
yandırılırdı, ya da qonağın üzərinə bir damcı qızılgül yağı
damcıladırdılar. Yaxşı ədəb qaydaları bütün bu adətlərə riayət etməyi
tələb edirdi, lakin araşdırdığımız hadisədə onların heç birinə əməl
edilməmişdi.
Şərqdə insanlar süfrə başında oturmur, uzanırdılar. Onlar sol əlin
dirsəyinə söykənərək alçaq çarpayılara uzanırdılar. Sağ əl boş qalırdı,
həm də səndəlləri ayaqdan çıxarıb, ayaqlarını arxaya uzadırdılar.
Bununla da, qadının niyə arxada, İsanın ayaqlarının yanında dayandığı
izah olunur.
2) Şimon bir farisey kimi «həsr olunmuş»lardan idi. Maraqlıdır, nə
üçün o, İsanı evinə dəvət etdi? Bunun üç səbəbi ola bilər.
a) Ola bilsin ki, o, İsaya heyran olub, Ona rəğbət bəsləyirdi. Çünki
fariseylərin heç də hamısı Ona düşmənçilik bəsləmirdilər (Luka 13:31
ilə müqayisə edin). Amma onun İsaya qarşı nəzakətsiz davranışı belə
bir ehtimalın əsassız olduğunu göstərir.
b) Bu da mümkündür ki, Şimon İsanın sözlərində və ya hərəkətlərində
səhv tutmaq, sonra da Ona qarşı ittiham irəli sürmək niyyəti ilə evinə
qonaq dəvət etsin. Ola bilsin, Şimon təxribatçı rolunda çıxış edirdi.
Lakin bu ehtimal da əsassızdır, çünki 40-cı ayədə Şimon İsanı «müəllim»
adlandırır.
c) Çox güman, Şimon məşhur insanları dəvət edən şöhrətpərəst adam
idi. O, bir qədər nifrətlə gənc Qalileyalını onunla nahar etməyə dəvət
edir. Bu da hörmətin adi davranış normalarına etinasızlıqla qəribə
birləşməsini izah edir.
3) İsanın ayaqlarının yanında duran qadın cəmiyyət içində əxlaqsız
qadın kimi tanınırdı. Şübhəsiz ki, o, izdiham içində İsanı
dinləyənlərdən biri idi. Qadın İsada ona rüsvay həyatdan qurtulmağa
kömək edəcək əli gördü. Bütün yəhudi qadınlarda olduğu kimi, onun
boynunda da ağ mərmər bir qabda ətirli yağ var idi. Bu, çox baha yağ
idi. Qadın yağı İsanın ayaqlarına tökmək istədi. Yağ onun yeganə əmlakı
idi. Ancaq İsanı görəndə ağladı, göz yaşları Onun ayaqlarına süzüldü.
Başıaçıq yəhudi qadının çölə çıxması ədəbsizliyin zirvəsi idi. Qız ailə
qurarkən başını bağlayır və bir daha insanların arasında saçları açıq
şəkildə gəzmirdi. Bu qadının isə uzun saçlarını açıq qoyması onun İsadan
başqa heç kimi görmədiyini göstərir. Bu, zehnin və ürəyin İsaya fərqli
münasibətini bildirir.
1) Şimonun heç nəyə ehtiyacı olmadığından məhəbbəti də yox idi. Buna
görə də o, bağışlanma almadı. Şimon özünü insanların və Tanrının gözündə
layiqli insan hesab edirdi.
2) Qadının isə ehtiyacı həddindən artıq böyük idi, buna görə də
ehtiyacını ödəyə bilən Allaha münasibətdə məhəbbət dolu idi. O,
bağışlanma aldı.
Özündənrazılıq insanları Allahdan uzaqlaşdırır. Amma maraqlısı odur
ki, insan nə qədər səmimidirsə, bir o qədər günahkar olduğunu dərk edir.
Həvari Paul günahkarlardan danışaraq, «günahkarlardan ən betəri mənəm»
demişdi (1Timoteyə 1:15).
Assizli Fransisko isə deyirdi:
«Heç yerdə məndən daha
rəzil və bədbəxt günahkar yoxdur». Doğrudan da, yaxşı deyilib — günahın
ən pisi özünü günahsız hesab etməkdir. Lakin Allaha duyulan ehtiyac
hissi günahkarın üzünə həmişə bağışlanma qapısını açacaq. Çünki Allah
Məhəbbətdir. Məhəbbət isə kiminsə ona hər şeydən çox ehtiyacı olanda
qalib gəlir.