8-ci fəsil
1-3
YOLDA (Luka 8:1-3)
Gözlənilən vaxt gəlib çatdı. İsa Məsih səyahətdə idi. Artıq
sinaqoqlar əvvəlki kimi Onun üzünə açıq deyildi. İsa Öz xidmətinə
Allahdan xəbər gətirən hər bir şəxsin həssas dinləyicilər tapacağına
ümid etdiyi yerdən — imanlılar toplantısından başladı. Lakin səmimilik
əvəzinə O, müqavimətlə qarşılaşdı. Həssas dinləyicilərin əvəzinə ittiham
etmək üçün bəhanə axtaran, açıq-aşkar və soyuqqanlılıqla Onu izləyən
ilahiyyatçılar və fariseylərlə qarşılaşdı. Buna görə O, açıq yollara,
dağların yamaclarına və gölün sahilinə üz tutdu.
1) Burada əvvəllər də gördüyümüz bir fakt diqqətimizi çəkir. Bu
hissədə əmlakları ilə İsaya xidmət edən qadınların adları çəkilir.
Ravvinlərə maddi yardım göstərmək həmişə Allahı razı salan xidmət hesab
olunurdu. Əgər İsanın sadiq davamçıları Ona kömək edirdilərsə, bu, o
vaxtı ictimai təcrübəyə tam uyğun idi. Bununla belə, biz həm İsanın
şagirdlərinə, həm də adı çəkilən qadınlara münasibətdə bu qrupun nə
qədər müxtəlif olduğuna diqqət yetirməliyik. Onların arasında daxilindən
yeddi cin çıxmış Məcdəlli Məryəm, yəni Məcdəl şəhərindən olan Məryəm də
var idi. Aydın məsələdir ki, onun qaranlıq və pis keçmişi olub. Onların
arasında padşah Hirodun eşikağası Xuzanın arvadı Yoxanna da var idi.
Padşahın çoxlu əmlakı və gəliri olduğundan onun eşikağası maliyyə
işlərini idarə edirdi. Roma imperiyasında Roma imperatorunun maraqlarını
güdən ev idarəçisi var idi. Hətta senat tərəfindən təyin olunan
prokonsullarının belə ev idarəçiləri var idi. Ev idarəçisi sarayın ən
etibarlı və vacib əyanı sayılırdı. Beləliklə, biz qaranlıq keçmişi olan
Məcdəlli Məryəmi və saray əyanı olan Yoxannanı birlikdə görürük.
Bu, İsanın böyük nailiyyətlərindən biridir: O, şəxsi keyfiyyətlərini
itirmədən müxtəlif insanları birlikdə yaşamağa ruhlandırır.
G.K.Çesterton qurdla quzunun bir yerdə yaşayacağını söyləyən Yeşaya
11:6-ya istinad edərək qeyd edir:
«Bu mətn çox sadə şərh olunur. İnsanlar elə hesab edirlər ki, qurd
quzunun yanında olanda, o, quzuya bənzəməyə başlayır. Amma bu, quzunun
qurda göstərdiyi zorakılıq və birbaşa təcavüzü olardı. Bu o deməkdir ki,
əgər əvvəl qurd quzunu yeyirdisə, indi quzu qurda çevrilib. Lakin bu
mətnin çətinliyi ondadır ki, qurd öz vəhşi təbiətində qala-qala quzunun
yanında ola bilməsidir. İmanlı cəmiyyətinin də məqsədi məhz bu
kimi problemləri həll etmək idi. Sonda məhz bu möcüzəyə də nail
oldu».
Hər şeydən əvvəl, imanlı cəmiyyəti müxtəlif keyfiyyətlərə və
temperamentə malik olan insanları gündəlik işlərdə birləşdirməyi
öyrənməlidir. Əgər biz bu işin öhdəsindən gələ bilmiriksə, deməli, günah
bizdədir. Çünki İsa Məsihdə buna nail olmaq mümkündür, O, buna nail
olunmuşdur da.
2) Həmin siyahıda biz köməyi praktiki olan bir qrup qadınla tanış
oluruq. Qadınlara təbliğ etmək qadağan idi, amma onlar bacardıqlarını
edirdilər. Yaşlı bir çəkməçi kişi ömrü boyu keşiş olmaq istəyirdi, amma
o, arzusuna nail ola bilmədi. Onun bir dostu var idi — ilahiyyat
fakültəsinin gənc tələbəsi. Gənc ilk dəfə kilsədə minbərdən öyrədəndə,
qoca çəkməçi ondan xahiş etdi ki, ona ayaqqabı tikməyə icazə versin.
Yaşlı kişi istəyirdi ki, özü qalxa bilmədiyi kilsə minbərindən təbliğ
edən keşiş onun əl zəhməti ilə tikdiyi ayaqqabını geyinsin.
Əsas işi heç də həmişə ön planda duran adam görmür. Əgər dövlət
məmurlarının çoxu ailələri tərəfindən dəstəklənməsəydi, bir həftə belə
işlərini görə bilməzdilər! İnsan istənilən bacarığı ilə Məsihə xidmət
edə bilər. Onun ən vacib xidmətçilərinin çoxu arxa planda dayanır, onlar
görünmürlər, lakin həyatda mühüm rol oynayırlar.
4-15
ƏKİNÇİ VƏ TOXUM (Luka 8:4-15)
Bu məsəldə İsa dinləyicilərinə yaxşı tanış olan bir mənzərədən
istifadə etdi. Ola bilsin, O, bu məsəli əkinçinin toxum səpdiyini
görərkən çəkib. Məsəl dörd cür torpaqdan bəhs edir.
1) İsraildə ictimai torpaqlar uzun dar zolaqlara bölünürdü. Zolaqlar
arasında hər kəsin istifadə edə biləcəyi cığırlar salınırdı. Həmin sərt
cığırlara düşən toxumun böyümək şansı yox idi.
2) Bundan əlavə, daşlı torpaq da var idi. Burada təkcə daşlar deyil,
həm də nazik torpaq qatı ilə örtülmüş iri əhəngdaşı təbəqəsi olan torpaq
nəzərdə tutulur. Həmin torpaqda nə nəmlik, nə də qidalı maddələr vardı.
Onun üzərində cücərən bitki quruyub ölməyə məhkum idi.
3) Əkin zamanı tikanlı torpaq kifayət qədər təmiz görünürdü.
İstənilən torpaq sahəsini şumlamaqla təmiz göstərmək olar, bununla belə,
orada alaq otlarının toxumları və yabanı otların kökləri qalır. Yaxşı
toxum və alaq otları birlikdə inkişaf edir və böyüyür. Lakin alaq otları
daha sürətli böyüdüyü üçün yaxşı toxum bitkisini boğur.
4) Bəhrəli torpaq kifayət qədər dərin, təmiz və yaxşı becərilən
torpaqdır. 9 və 10-cu ayələr həmişə sirli olub. Sanki
İsa bilərəkdən məsəllərlə danışır ki, insanlar deyilənlərin mənasını
başa düşə bilməsinlər. Amma Onun sözlərinin mənasını dinləyicilərindən
bilərəkdən gizlətməsinə inanmaq çətindir. Bu ayələrin müxtəlif şərhləri
mövcuddur.
1) Matta 13:13-də həmin ayələr bir qədər fərqli şəkildə
ifadə edilir. Matta deyir ki, İsa bir çoxlarının gördüyü halda, ağıllı
düşünə bilmədikləri üçün məsəllərlə danışırdı. Matta sanki işarə edir
ki, ibrətli hekayə mane olmur, əksinə, insanlara İsanın dediklərini
anlamağa kömək edir.
2) Matta dərhal Yeşaya peyğəmbərin kitabı
6:9-10-dan sitat gətirir: «Get bu xalqa bunu çatdır: «Eşitdikcə
eşidəcəksiniz, amma anlamayacaqsınız, gördükcə görəcəksiniz, amma
qanmayacaqsınız. Bu xalqın ürəyini kütləşdir, qulaqlarını ağır eşidən
elə, gözlərini yum ki, gözləri ilə görməsinlər, qulaqları ilə
eşitməsinlər, ürəkləri ilə anlamasınlar və Mənə sarı dönüb şəfa
tapmasınlar»».
Beləcə bu hissədə İsanın təlimi daha çox tədris obyektinə deyil, Onun
bu təlim formasına müraciət etməyə məcbur qalmasının səbəbi izah
edilir.
3) Əslində, İsa bunu nəzərdə tutmuşdur: insanların qavrayışı o qədər
qaba, ağır və kütdür ki, Allahın həqiqəti onlara çatdıqda, onu ayırd
edib dərk edə bilmirlər. Burada təqsirkar Allah deyil. İnsanlar o qədər
tənbəlləşib və xurafat onları o qədər kor edib ki, görmək
istəmədiklərini görməkdən çəkinirlər. Onlar Allahın həqiqətini dərk
etmək qabiliyyətini tamamilə itiriblər.
Gəlin bu məsəlin iki təfsirinə nəzər salaq.
1) Bəziləri məsəlin mənasını onda görürlər ki, Allah Kəlamının taleyi
kimin ürəyinə səpilməsindən asılıdır.
a) Yol kənarı dedikdə — Allahın Kəlamını dərk etməkdən imtina edən
korazehin insanlar nəzərdə tutulur.
b) Daşlı torpaq dedikdə — Allahın Kəlamını qəbul edən, lakin onu
öyrənməyən və bunun nəticəsini dərk etməyən insanlar nəzərdə tutulur.
Buna görə də çətinliklər yaranan kimi imanları sönür.
c) Tikanlı yer dedikdə — ağlı və ürəyi şəxsi işlərlə məşğul olan
insanlar nəzərdə tutulur, belə ki, onların ürəyində Allahın işlərinə yer
qalmır.
Bununla belə, unutmaq olmaz ki, ürəyimizdən Allahın işlərini
sıxışdırıb çıxaran dünyəvi problemlər mütləq pis əməllər olmur: bəzən ən
təhlükəli düşmən — yaxşı şeylər olur.
d) Münbit torpaq — yaxşı, mömin insanlar deməkdir. Yaxşı dinləyici üç
yaxşı iş görür: birincisi, o, diqqətlə dinləyir. İkincisi,
eşitdiklərinin mənasını tam dərk edənə qədər onları ağlında və ürəyində
saxlayır. Üçüncüsü, dərk etdiklərinə uyğun şəkildə hərəkət edir. Başqa
sözlə, eşitdiklərini tətbiq edir.
2) Başqaları bu məsəldə ümidsizliyə qarşı nəsihət görürlər. İsanın
hansı vəziyyətdə olduğunu düşünün: O, sinaqoqlardan qovulurdu;
ilahiyyatçılar, fariseylər və din rəhbərləri Ona qarşı çıxırdılar. Onun
şagirdləri isə istər-istəməz ruhdan düşürdülər.
İsa Öz məsəlində məhz onlara müraciət etdi: «Hər bir əkinçi bilir ki,
səpilən toxumların bir hissəsi məhv olur, çünki hamısı bitə bilməz. Amma
bu onu ruhdan salmır və əkini dayandırmağa vadar etmir. İsa bilir ki,
hər şeyə rəğmən, bol məhsul biçəcək. İsa bizi maneələrin və
məyusluqların gözlədiyini də bilir. Bilir ki, bizim düşmənlərimiz və
rəqiblərimiz var. Amma biz heç vaxt ruhdan düşməməliyik, çünki sonda bol
məhsul yığacağıq».
Bu məsəl bizim üçün Allahın Kəlamını necə dinləməli olduğumuza dair
xəbərdarlıq ola bilər. Eləcə də şübhələri necə kənara atmağın və heç bir
maneənin Allahın bol məhsulunu vaxtında yığmağımıza mane olmayacağına
əminliyimizin təsdiqi ola bilər.
16-18
HƏYATIN QAYDALARI (Luka
8:16-18)
Qarşımızda üç atalar sözü dayanır, hər biri də gözəl nəsihətdir.
1) 16-cı ayə məsihçi həyatının açıq təbiətini vurğulayır.
Məsihçilik gündəlik həyatda daha yaxşı tanınır. Məsihçi öz inancını
bütün dünyaya bəyan etməmək üçün həmişə səbəb tapa bilər. Demək olar ki,
hər bir insan başqalarından fərqlənəcəyindən narahatdır. Çox vaxt
insanlar qəbul edilmiş normalardan kənara çıxanları təqib edirlər.
Bir yazıçı öz toyuqları haqqında hekayə yazmışdı. Toyuq hinində biri
istisna olmaqla, bütün toyuqlar eyni rəngdə idi. Toyuqlar onu
dimdikləyərək öldürdülər. Hətta heyvanlar aləmində belə, fərqli olmaq
cinayətdir. Ancaq nə qədər çətin olsa da, bizim borcumuz — Məsihə aid
olduğumuzu və Ona xidmət etdiyimizi göstərməkdən heç vaxt utanmamaqdır.
Əgər biz düşünsək və Müqəddəs yerdə Allahın hüzuruna daxil olsaq,
borcumuz yaxşılığa çevriləcək.
İngiltərə kraliçası II Elizabetin tacqoyma mərasimindən əvvəl bütün
evlərə və mağazalara bayraqlar asılmışdı. Həmin vaxt mən kəndarası yol
ilə gedirdim və bir kolun yanında qalayçı dayanacağına rast gəldim. O,
bir çadırdan ibarət idi, lakin onun ətrafında, demək olar ki, çadırla
eyni ölçüdə ingilis bayrağı dalğalanırdı. Bununla köçəri qalayçı sanki
demək istəyirdi ki, mən və sahib olduqlarım ölkəmin bayrağı altındadır.
Məsihçi də nə qədər təvazökar mövqe tutsa da, Kimin bayrağı altında
yaşadığını insanlara göstərməkdən utanmamalıdır.
2) 17-ci ayədə hər hansı sirri saxlamağın mümkünsüzlüyü
vurğulanır. Biz isə həmişə nəyisə gizlətməyə çalışırıq:
a) İlk öncə özümüzdən. Hansısa addımlarımızın acı nəticələrini
qabaqcadan bilsək də, bəzi hərəkət və vərdişlərimizə göz yumuruq. Biz,
xəstəliyin əlamətlərini bildiyi halda, qəsdən gözlərini bağlayan adama
bənzəyirik. İnsanın hansı inanılmaz axmaqlığa qadir olduğunu heç kim
bilmir.
b) Yaxınlarımızdan nəyisə gizlətməyə çalışırıq. Ancaq gec-tez bu və
ya digər şəkildə sirr açılır. Həqiqəti gizlədən insan bədbəxtdir.
Gizlədəcək heç nəyi olmayan insansa xoşbəxtdir. Deyilənə görə, bir dəfə
bir memar qədim yunan filosofu Platona hər otağın insanların gözündən
gizli qalacağı bir ev tikməyi təklif edib. Platon isə ona belə cavab
verib: «Əgər mənə hər otağına hər kəsin baxa biləcəyi bir ev tiksən,
sənə ikiqat pul ödəyəcəyəm». Açıq və səmimi olan insan xoşbəxtdir.
c) Bəzən biz Allahdan belə nəyisə gizlətməyə çalışırıq. Ancaq bu,
qeyri-mümkündür. Yaxşı olardı ki, Müqəddəs Kitabda deyilənləri daim
xatırlayaq: «Sən məni görən Allahsan» (Yaradılış 16:13).
3) 18-ci ayədə ümumbəşəri qanun buyurulur: «...kimin
varıdırsa, ona daha çox veriləcək. Amma kimin yoxudursa, özününkü zənn
etdiyi şey də əlindən alınacaq». Əgər fiziki cəhətdən sağlam bədənə və
ruha malik olan insan özünə qulluq edərsə, getdikcə daha böyük
nailiyyətləri əldə etməyə qadir olacaq. Əgər insan əllərini yana salsa,
onda süstləşəcək, qərarsız olacaq və sahib olduğu qabiliyyətləri
itirəcək. Tələbə nə qədər çox öyrənsə, bir o qədər çox öyrənə bilər.
Yox, təhsilini davam etdirməkdən imtina etsə, bildiklərini də unudar.
Başqa sözlə, həyatda daimi heç nə yoxdur. Biz ya irəli gedir, ya da
geridə qalırıq. İrəli getməyən, mütləq geri qalacaq. Axtaran həmişə
tapar; axtarmağı dayandıran isə əlində olanı da itirər.
19-21
HƏQİQİ QOHUMLUQ (Luka 8:19-21)
İsanın yer üzündə olduğu müddətdə Onun ailə üzvlərinin Onunla
razılaşmadığını görmək çətin deyil. Mark 3:21-də deyilir ki,
«İsanın ailə üzvləri bu barədə eşidəndə Onu aparmağa gəldilər. Çünki
fikirləşirdilər ki, O, ağlını itirib». Matta 10:36-da İsa
şagirdlərinə xəbərdarlıq edir ki, insanın düşməni öz ev əhli olacaq. O,
bunu Öz acı təcrübəsindən bilib danışırdı.
Bu hissə praktik əhəmiyyətə malik böyük bir həqiqəti ifadə edir. Çox
vaxt insan özünü doğmalarından çox yad insanlara daha yaxın hiss edir.
İnsanlar arasında ən yaxın münasibət — qan qohumluğu deyil, qəlb və
düşüncə oxşarlığıdır. Yalnız ümumi məqsədləri, ortaq prinsipləri və
ümumi maraqları olan insanlar bir-birinə, həqiqətən, yaxın olurlar.
Gəlin artıq tanış olduğumuz Allahın Padşahlığının tərifini
xatırlayaq. Göydə Allahın iradəsi mükəmməl şəkildə yerinə yetdiyi kimi,
yer üzündə Onun cəmiyyətində Allahın Padşahlığı təzahür olunur. İsanın
kamilliyi də məhz onda idi ki, O Öz iradəsi ilə Allahın iradəsinin
vəhdətinə nail olmuşdu.
Buna görə də, yeganə məqsədi Allahın iradəsini öz iradəsinə çevirmək
olan bütün insanlar İsanın həqiqi ailəsinə aiddir. Biz deyirik ki, bütün
insanlar Allahın övladlarıdır. Bu doğrudur, çünki Allah həm möminləri,
həm də günahkarları sevir. Lakin Allahla həqiqi qohumluq həmişə etik
cəhətdən şərtlənir. İnsan Müqəddəs Ruhun köməyi ilə öz iradəsini
tamamilə Allahın iradəsinə tabe etdirəndə, Allahla həqiqi qohumluq
yaranır.
Stoiklər bəyan edirdilər ki, həyatda xoşbəxtliyə aparan yeganə yol
ancaq budur. Onlar deyirdilər ki, nə olursa-olsun, insanın başına nə
gəlirsə-gəlsin — istər sevinc, istərsə də kədər, istər qələbə, istərsə
də məğlubiyyət, istər gəlir, istərsə də zərər, istər günəşin parlaması,
istərsə də kölgənin qaranlığı — hər şeydə Allahın iradəsi var. Bunu dərk
etməyən insan başını kainata döyür, bu da ona əzabdan başqa bir şey
vermir. İnsan Allaha güvənib «Mənimlə istədiyini et» deyəndə, demək,
xoşbəxtliyin yolunu tapmışdır.
Bundan iki həqiqət ortaya çıxır:
1) Dünyəvi vəfadan üstün olan bir vəfa var, yer üzündə hər şeydən
üstün olan bir şey var. Bu mənada İsa Məsih tələbkar Ağadır. Çünki O,
insanın qəlbini heç kimlə və heç nə ilə bölüşmür. Sevgi — müstəsna bir
hissdir. Yalnız birini sevmək və eyni anda yalnız bir ağaya xidmət etmək
mümkündür.
2) Bu, həqiqətən, çətindir, amma böyük möcüzə də elə bundadır: insan
özünü tamamilə Məsihə bağlayanda, bütün dünyanı əhatə edən bir ailənin
üzvünə çevrilir. Nə qədər çətinliyə məruz qalsa da, o, əvəzini alacaq.
Con Oksenhemin yazdığı kimi:
Məsihdə nə qərb, nə şərq, nə cənub, nə də şimal bir-birindən
ayrılmaz,
Yaşayan Allah bizi ünsiyyətə cəlb etdi.
Xilas edilmiş ürəklərə hər yerdə xoşbəxtlik var,
Onun xidmətində və işində birləşirlər.
Dünyanın harasında yaşayırsan-yaşa,
Əlini mənə uzat, ey qardaşım,
Məsihin ailəsinə daxil olmusansa,
Bil ki, mənim üçün çox əzizsən.
Şərq, qərb, şimal, bir də cənub
Alqış söyləməkdə birləşir
Məsih İsada biz həm qardaşıq, həm də dost
Yer üzündə əbədi.
İsa Məsihdə Allahın iradəsini axtaran adam göylərin və yerin bütün
möminlərinin ailəsinə daxil olur.
22-25
FIRTINANIN YATIRILMASI (Luka
8:22-25)
Luka bu hadisəni son dərəcə qısa, lakin mənzərəli təsvir edir. Çox
güman, İsanın gölü keçməyə qərar verməsinin bir səbəbi də onların yorğun
olması və istirahətə ehtiyaclarının olması idi. Onlar qayıqla gedəndə,
O, yuxuya getdi.
Yatan İsanı təsəvvür etmək nə qədər də xoşdur. Biz yorulduğumuz kimi,
O da yorulurdu və yatmağa ehtiyacı vardı. Gölün o tayına keçməyi O,
şagirdlərinə həvalə etdi: onlar balıqçılar olduğuna görə İsa onlara
güvəndi, qayğılarını Allaha həvalə etdi, çünki bilirdi ki, göldə də,
quruda olduğu kimi, Allah Onunladır.
Ancaq birdən fırtına qopdu. Qalileya dənizi qəfildən coşan
fırtınalarla məşhurdur. Səyyahlardan biri belə nəql edir:
«Günəş batar-batmaz göldə qəfil şiddətli külək əsdi və bütün gecə
davam etdi. Səhəri gün sahilə çatanda, gölün səthi qaynayan girdaba
bənzəyirdi».
Qalileya gölündə fırtınaların qəfil qopmasının səbəbi var. Məsələ
ondadır ki, Qalileya gölü Aralıq dənizinin səviyyəsindən 208 metr
aşağıda yerləşir. Ətrafında düzənlik, daha sonra isə dağlar uzanır.
Çaylar düzənlikdə dərin çaylaq açıb, sanki külək aerodinamik borulardan
keçərək dağlardan gələn soyuq küləyi gölə əsdirir və beləcə fırtınalar
yaranır. Həmin səyyah belə bir fırtınada çadırlarını necə bərkitməyə
çalışdıqlarını təsvir edir:
«Biz bütün kəndirləri ikiqat bağlamalı olduq. Hətta bundan sonra da
küləyin təsirindən yırğalanan çadırımızı saxlamaq üçün bədənimizin
ağırlığını ona salmalı olduq ki, fırtına onu yerindən qoparıb
aparmasın».
Həmin gün qayıq məhz belə qəfil fırtınaya düşdü. İsanın və Onun
şagirdlərinin həyatı təhlükədə idi. Şagirdlər İsanı oyatdılar və O,
küləyə qadağan edib tufanı yatırdı. İsanın etdikləri təkcə keçmişə aid
deyildi. Bu səyahətin əsl mənası ondadır ki, İsanın olduğu yerdə
tufan səngiyir.
1) İsa Məsih peyda olanda, sınağın tufanı səngiyir. Bəzən
imtahan insana dəfedilməz bir qüvvə ilə hücum edir. Stivensonun bir dəfə
dediyi kimi, «Edinburqun Kaledoniya vağzalını tanıyırsınızmı? Qaranlıq,
soyuq səhərlərin birində mən orada şeytanla qarşılaşmışdım». Bəzən
hamımız şeytanla üz-üzə qalmalı oluruq. Əgər biz təkbaşına sınaqlar
fırtınası ilə qarşılaşsaq, məhv olarıq, lakin Məsih sınaqların öz gücünü
itirdiyi bir sükut bəxş edir.
2) İsa coşqunluq tufanını yatırır. Coşqun insanın həyatı
ikiqat ağırdır. Bir dəfə bir adam istiqanlı və coşqun xarakterli dostu
ilə görüşüb ona deyir:
-
Görürəm, sən hərarətli xarakterini cilovlaya bilmisən.
-
Xeyr, — deyə dostu cavab verir, — mən xasiyyətimi cilovlamamışam,
bunu edən İsa Məsihdir.
Ürəyin qəmlidirsə, dolub-daşır qəzəbdən,
Fikirlərin durmadan zəhərləyirsə hər an.
Göz yaşlarına görə tutqun görünür səma.
Bil ki, bütün kədəri, acı-acı sözləri,
Püskürən hərarəti, yalnız O bağışlayar.
Bəxtiyarlığa çatdırıb, cana rahatlıq verər.
İsa Məsih bizə sülh və qalib gəlmək üçün güc verməsə, biz məhvə
məhkumuq.
3) İsa kədər tufanını yatırır. Kədər və əzab hər kəsin
həyatında baş verir, çünki iztirab çox vaxt sevginin cəzasıdır. İnsan
sevirsə, əziyyət çəkməli olur. Bir kişi həyat yoldaşını itirəndən sonra
belə demişdi: «Elə bil kimsə başımı sığallayırdı ki, kədərlənməyim».
Belə bir vaxtlarda İsanın əlləri göz yaşlarını silir və yaslı ürək
toxtayır.
26-39
CİNLƏRİN QOVULMASI (Luka
8:26-39)
Əgər biz — özümüzün cinlər haqqında nə düşündüyümüzdən asılı
olmayaraq, — onların Qadara məmləkətində yaşayanlar və cinlərə tutulmuş
adam üçün real olduğunu dərk etməsək, bu hissədən heç vaxt heç nə başa
düşə bilməyəcəyik. Cinlərə tutulmuş adam başqaları üçün böyük təhlükə
yaradırdı, buna görə də o, cinlərin məskəni sayılan qəbirlərin arasında
yaşayırdı. İsa Məsihin cinlərə tutulmuş adamı xilas etməkdən ötrü hansı
cəsarətlə hərəkət etdiyini qeyd etmək yerinə düşər. Cinlərə tutulmuş
adam böyük gücə malik idi, bu da ona zəncirləri və bağları qırmağa imkan
verirdi. Həmyerliləri ondan o qədər qorxurdular ki, onun həyatını
yüngülləşdirmək üçün heç nə etmirdilər. İsa isə onu sakitcə və qorxmadan
qarşıladı. İsa cinlərə tutulmuş adamdan adını soruşanda, o, «legion»
deyə cavabı verdi (Roma legionu 6 min əsgərdən ibarət idi).
Donuz epizodu ətrafında problem yaradan insanlar həddindən artıq
çoxdur. Hətta İsanı cinləri günahsız donuzların içinə göndərdiyinə görə
mühakimə edirlər. Bu, qəddar və ədəbsiz hərəkət kimi qiymətləndirilir.
Əgər cinlərə tutulmuş adamın aşkar dəlilləri olmasaydı, o sağaldığına
inanmazdı. Onu ancaq bir şey sağalda bilərdi — o, cinlərin onu necə tərk
etdiyini gözləri ilə görməli idi. Məgər donuz sürüsü ilə insanın əbədi
yaşayan canını müqayisə etmək olarmı? İnsanın canı donuzların canı
bahasına xilas olarsa, şikayət etməliyikmi? Bir halda ki, insan şəfa
tapırsa, buna görə donuzların ölümündən şikayətlənmək təhrif edilmiş
möminlik deyilmi? Biz nisbət hissi haqqında unutmamalıyıq. Əgər bir
adamı onun sağaldığına inandırmaq üçün donuzların ölümü lazım gəlirsə,
bu hadisənin baş verdiyinə görə etiraz etmək ağlabatandırmı?
Gəlin müxtəlif insanların buna necə reaksiya verdiyinə baxaq.
1) Qadara məmləkətinin sakinləri İsadan onları tərk
etmələrini xahiş etdi.
a) Onların həyat nizamının pozulması xoşuna gəlmədi. İsanın gəlişinə
qədər onların həyatı dinc idi, buna görə onlar İsaya nifrət etdilər. Bir
çox insanlar İsaya nifrət edirlər, çünki O onların qurduqları həyat
nizamını pozur. Əgər İsa bir adamdan «Bu vərdişindən əl çəkməlisən,
həyatını dəyişməlisən» tələb edərsə, işəgötürənə «Sən məsihçi ola-ola
insanları belə şəraitdə işləməyə məcbur edə bilməzsən», mənzilini kirayə
verən ev sahibinə «Belə gecəqondu üçün insanlardan bu qədər kirayə pulu
götürə bilməzsən» deyərsə, bəlkə, hamı Ona «get, bizi rahat burax»
deyəcək.
b) Onlar öz donuzlarını insan canından üstün tuturdular. Həyatın ən
böyük təhlükələrindən biri də elə insanların mallarını insandan üstün
tutmasıdır. Məhz buna görə gecəqondular və pis şərait yaranır. «Öz
köynəyim bədənə yaxındır» prinsipi ilə yaşayaraq eqoist olmuşuq, hətta
hansısa yorğun adam tükənənə qədər işləməli olsa belə, özümüz üçün
dinclik, rahatlıq tələb edirik. Lakin bu dünyada insandan vacib heç nə
yoxdur.
2) Bəs görün şəfa alan insan necə reaksiya verdi. O, İsanın
yanında qalmaq üçün Ona yalvardı. Amma İsa onu evinə göndərdi. Məsih
haqqında şəhadət etmək, eləcə də məsihçi mərhəmətini göstərmək — evdən
başlayır. Çünki bizi ümumiyyətlə tanımayan insanlar arasında yaşamaq və
Məsih haqqında təbliğ etmək daha asandır. Məsih isə bizə deyir ki, biz
Onun bizi yerləşdirdiyi yerdə Onun haqqında vəz edək. Əgər siz
emalatxanada, büroda, məktəbdə, fabrikdə, işlədiyiniz və ya yaşadığınız
yerdə yeganə məsihçi olsanız belə, şikayət etməməlisiniz. Əksinə, bunu
Məsihin çağırışı kimi qəbul edin: «Get və qarşına çıxan hər bir insana
sənin üçün nə etdiyimi söylə».
40-56
EVİN TƏK
QIZININ SAĞALMASI (Luka 8:40-42 və 49-56)
Burada kədərdən sonra böyük sevinc doğduğu aydın görünür. Luka bir
qızın faciəvi ölümünü çox aydın şəkildə təsvir edir:
a) O, valideynlərinin yeganə qızı idi. Bu barədə yalnız Luka qeyd
edir: valideynlərin ocağı sönmüşdü.
b) Onun cəmi on iki yaşı var idi. Bu o deməkdir ki, qızcığaz
yetkinlik astanasında idi, çünki Şərqdə uşaqlar Qərbə nisbətən daha tez
inkişaf edirlər. Ola bilsin, bu yaşda o, artıq evlilik haqqında
düşünürdü. Budur, həyat şəfəqi birdən zülmətə çevrildi.
c) Yair sinaqoqun rəisi idi, yəni o, sinaqoqa və ibadətlərin icrasına
cavabdeh insan idi. O, soydaşlarının gözündə ən yüksək vəzifəyə və
hörmətə nail olmuş, şübhəsiz ki, ictimai nərdivanla qalxmaq və yer
üzündəki şöhrətpərəstliyini təmin etmək üçün çox səy göstərən imkanlı
insan idi. Birdən həyat ona qarşı səxavətli və üzünə güldüyü vaxt
əlindən ən qiymətli şeyi almağa çalışır. Hekayə çox kədərlidir.
Ağıçı qadınlar artıq evə
gəlmişdilər.
Bizim üçün bu, dəhşətli görünə bilər. Amma pulla ağıçıları dəvət etmək
mərhuma hörmət əlaməti idi, buna görə insanlar bu adətdən heç vaxt əl
çəkmirdilər. Qız ölmüşdü. Hamı buna əmin idi. Ancaq İsa qızı həyata
qaytardı. Burada praktiki bir məqamı qeyd etmək yerinə düşər. İsa dərhal
qıza yemək verməyi əmr etdi. Ola bilsin, İsa qızcığazı düşündüyü qədər
ananı da düşünürdü. Qızının ölümü ilə yaranan ağrıdan dirilmənin
sevincinə kəskin keçid onu həddindən artıq həyəcanlandıra bilərdi. Bəzən
insanı xilas etmək üçün onu nə iləsə məşğul etmək lazımdır, hətta
vacibdir də. Ola bilsin, insan təbiətinə yaxşı bələd olan İsa Öz
müdrikliyi ilə həddindən artıq həyəcanlanan qadını sakitləşdirmək üçün
onu məşğul etmək istədi. Ancaq bu hekayədə bizim üçün daha maraqlı olan
Yairdir.
1) O, «mən»liyini boğmağı bacaran insan idi. Axı o,
sinaqoqun rəisi idi. Həmin ərəfələrdə sinaqoqun qapıları İsanın üzünə
tam bağlanmasa da, artıq bağlanmaq üzrə idi. Çox güman, Yair İsaya
pərəstiş etmirdi və Onu qanunu pozan şəxs hesab edirdi. Lakin kəskin
ehtiyaca düşəndə, özünü alçaltdı və kömək üçün İsaya müraciət etdi.
Məşhur «Roland haqqında mahnı»da imperator Böyük Karlın cəngavəri Roland
778-ci ildə İspaniya yürüşü zamanı bütün mühafizəçilərlə birlikdə
Ronseval dərəsində sarasenlər tərəfindən mühasirəyə alınaraq məhv
edilmişdi. Rolandın nəhəng Yatmunddan aldığı səsi 48 kilometrə qədər
yayılan Olifan şeypuru var idi. Onun səsi o qədər güclü idi ki, şeypurun
səsi gələndə quşlar ölü kimi yerə düşürdü. Rolandın Olivye adlı dostu
ona yalvardı ki, o, şeypuru çalsın və imperator Karl şeypurun səsini
eşidib geri qayıtsın və onlara kömək etsin. Ancaq Roland kömək istəmək
üçün çox qürurlu idi. Onun əsgərləri bir-bir döyüşdə həlak oldu, sonda
o, tək qaldı. Ölüm ayağında isə o, bütün gücünü toplayıb şeypuru çaldı
və Böyük Karl onun səsini eşidib Rolanda kömək etməyə tələsdi. Lakin çox
gec idi — Roland ölmüşdü, çünki vaxtında kömək istəməyi qüruruna
sığışdırmamışdı.
Qeyri-ciddi insanlara elə gəlir ki, həyatlarının ağası özləridir.
Lakin insanlar öz qürurunu boğub, hər şeyə təkbaşına nail olmaq üçün
aciz olduqlarını təvazökarlıqla etiraf etsələr, Allahın möcüzələrinə və
mərhəmətinə nail olacaqlar. Ona görə də insanlar Allaha üz tutmalı və
ehtiyaclarını Ona bildirməlidirlər. Diləyin, sizə veriləcək. Diləmədən
nəsə veriləcəyini gözləmək olmaz.
2) Yair, şübhəsiz ki, iman adamı idi. Yaşadığı hisslər nə
olursa-olsun, o, mərsiyə oxuyan qadınların ağıları ilə tam razılaşmırdı:
o, arvadı ilə birlikdə qızlarının yatdığı otağa girdi. O, möcüzənin baş
verəcəyinə ümid edirdi. Əlbəttə, çox narahat idi: «Axı nə qədər olmasa,
heç kim İsanın nə edəcəyini bilmir». Biz də İsanın bizim üçün nələr edə
biləcəyini bilmirik. Ən pis günlərdə biz Onun tükənməz xəzinələrinə,
sonsuz mərhəmətinə və yenilməz gücünə güvənə bilərik.
İZDİHAM İÇİNDƏ GİZLƏNMƏDİ
(Luka 8:43-48)
Bu hekayə ilk İmanlı Cəmiyyətində qeyri-adi təəssürat yaratmışdı. Bu
qadının Filip Qeysəriyyəsindən olan bütpərəst olduğu hesab olunurdu.
Böyük kilsə tarixçisi Evsebi (e.
300-cü il) deyir
ki, rəvayətə görə, bu qadın sağaldığını unutmamaq üçün doğma şəhərində
heykəl ucaltmışdır. Deyilənə görə, bu heykəl bütpərəst tanrılara
sitayişi bərpa etməyə çalışan imperator Yulianın dövrünə qədər orada
qalmışdı. Yulian bu heykəli dağıdıb yerinə öz heykəlini qoysa da, onun
heykəli göy gurultusu ilə məhv oldu.
Qadının utanması və titrəməsi onun Qanuna görə murdar olmasına
əsaslanırdı (Levililər 15:19-33). Xəstəliyi onu cəmiyyətdən
təcrid etmişdi. Buna görə də o, açıq-aşkar İsaya yaxınlaşmadı, izdihamın
arasında gizlicə Onun arxasından gəlib paltarının ətəyinə toxundu. Məhz
bu səbəbdən İsanın Ona kimin toxunduğu sualı onu belə
heyrətləndirdi.
Bütün dindar yəhudilərin geyimlərinin ətəyi dörd tərəfdən qotazlarla
bəzədilirdi, hər qotazın üzərinə bənövşəyi qaytan taxılırdı (Saylar
15:37-41; Qanunun Təkrarı 22:12). Hər dəfə yəhudi paltarını
geyinəndə, qotazlar onun seçilmiş xalqa aid olduğunu və Allahın
Qanunlarına riayət etməyə borclu olduğunu xatırlatmalı idi. Bir qədər
sonra, yəhudilərin həyatı daim təhlükə altında olduğuna görə, onlar
həmin qotazları alt paltarlarına taxırdılar. Yəhudilər bu gün də həmin
ayinə riayət edirlər, onlar dua zamanı çiyinlərinə və başlarına atdığı
şallarına mavi saplı qotazlar taxırlar. Lakin İsanın dövründə onlar hələ
də üst geyimlərə taxılırdı. Xəstə qadın bu qotazların birinə
toxunmuşdu.
Biz yenə də həkim Lukaya xas olan qeydlərlə qarşılaşırıq. Mark deyir
ki, bu qadın «neçə həkimin əlindən xeyli əzab çəkmiş, bütün varını buna
sərf etsə də, vəziyyəti yaxşılaşmamış, daha da pisləşmişdi» (Mark
5:26). Luka həkimləri qınamamaq üçün cümlənin son hissəsini
yazmır.
Maraqlıdır ki, İsa bu qadınla üz-üzə dayananda, orada onlardan başqa
sanki heç kim yox idi. Axı bütün bunlar camaat arasında baş vermişdi.
Lakin həmin an izdiham unudulmuşdu. İsa qadınla elə danışdı ki, sanki
dünyada ondan başqa heç kim yoxdur. Cəfakeş qadın heç kimə lazım
deyildi, İsa da bütün diqqətini məhz heç kimə lazım olmayan qadına
yönəltmişdi.
Axı biz insanlara damğa vurub, cəmiyyətdə tutduğu mövqeyə uyğun
davranmağa meyilliyik. İsa üçün heç bir süni damğa mövcud deyildi. İstər
sinaqoqun rəisi, istərsə də xəstə qadın olsun, hər ikisi Onun üçün
iztirab çəkən insanlar idi. Məhəbbət insanları heç vaxt cəmiyyətdəki
roluna görə qiymətləndirmir.
Günlərin bir günü bir vacib adam Tomas Karleyli ziyarət etməyə gəldi.
Karleyl məşğul olduğu üçün fikrini işdən yayındırmaq niyyətində deyildi.
Amma arvadı qonağı yuxarıya, ərinin iş otağına dəvət etdi və əri müdrik
adamı görsün deyə qapını azca açdı. Qapını açanda onlar Karleylin işinə
necə daldığını və hər şeyi unutduğunu gördülər — həmin vaxt Karleyl onu
məşhur edən kitablar yazırdı. «Bu, dünyanın danışdığı Tomas Karleyldir
və o mənim ərimdir». Həmin an onun arvadı Karleylə məşhur bir insan kimi
yox, çox sevdiyi əri kimi baxdı.
Şübhəsiz, hamı hesab edərdi ki, izdihamın içində bu xəstə və natəmiz
qadın onların diqqətinə layiq deyil. İsa üçün o, köməyə ehtiyacı olan
əzabkeş qadın idi. Buna görə də, gördüyümüz kimi, O, izdihamı tamamilə
unudub, bütün diqqətini ona yönəltdi. «Allah hər birimizi elə sevir ki,
sanki yalnız bizi sevir».