9-cu fəsil
1-9
PADŞAHIN ELÇİLƏRİ (Luka 9:1-9)
Qədim dövrlərdə xəbərlər yalnız ağızdan-ağıza yayılırdı. Qəzetlər yox
idi, kitablar əl ilə yazılırdı. Həcmcə Lukanın Müjdəsi və Müqəddəs
Həvarilərin İşləri kitabına bərabər olan kitablar çox baha idi. İnsanlar
radio və televiziyanı xəyallarından belə keçirmirdilər. Məhz buna görə
İsa şagirdlərini Allahın Padşahlığını təbliğ etməyə göndərdi. İsanın Özü
də məkan və zaman cəhətdən məhdud idi. Ona görə də İsanın şagirdləri
Onun dodaqları olmalı idilər.
Onlar yüksüz yola düşməli idilər, çünki yük olmadan sürətlə, həm də
uzaqlara səyahət etmək olar. İnsan nə qədər çox yüklə yüklənirsə, bir o
qədər də olduğu yerə bağlanır. Allahın oturaq müjdəçilərə ehtiyacı var.
Lakin eyni zamanda O, dünyəvi zövqlərdən imtina etməyə və Onun təhlükəli
tapşırıqlarını yerinə yetirməyə hazır olanlara da ehtiyac duyur. Əgər
hansısa şəhərdə onları qəbul etmirdilərsə, onlar oradan çıxarkən
ayaqlarının tozunu çırpmalı idilər. Ravvinlər bütpərəst bir ölkədə
səyahət etdikdən sonra İsrailə qayıdanda, ayaqlarına yapışmış hər bir
toz zərrəsini ayaqlarından çırpırdılar. Ravvinlər bütpərəst ölkədən
qayıdarkən necə davranırdılarsa, şagirdlərə kənddə və ya şəhərdə eyni
şəkildə davranmaq əmri verilmişdi. Əgər insanlar onlara təklif olunan
imkandan imtina edirdilərsə, onda özləri özlərini məhvə doğru
aparırdılar.
Padşah Hirodun reaksiyasından artıq aydın olur ki, on iki şagirdin
xidməti son dərəcə uğurlu keçmişdi. Camaat çaş-baş qalmışdı. Bəlkə,
onların gözlədikləri İlyas peyğəmbər artıq gəlib? Bəlkə də vəd olunmuş
böyük peyğəmbər gəlib? (Qanunun Təkrarı 18:15) Amma ləkələnmiş
vicdan hər şeydən qorxduğu kimi, Hirodun qəlbində də qorxu var idi. O
qorxurdu ki, boynunu vurduğu Vəftizçi Yəhya onu təqib etmək üçün yenidən
peyda olacaq.
İsanın şagirdlərinə «Allahın Padşahlığını vəz etsinlər» tapşırığı ilə
yanaşı, dəfələrlə təkrarlanan «vəz edib xəstələri sağaltsınlar»
sözlərini də qeyd etmək vacibdir. Bu sözlər özlüyündə insanın həm
bədəninə, həm də onun canının qayğısına qalmasını birləşdirir. Nə qədər
təsəlliverici olsa da, amma on iki şagirdin xidməti təkcə sözlə
müjdələməkdən deyil, həm də əməllərdən ibarət idi. Allahın Padşahlığı
barədə təbliğ yalnız əbədi həyat haqqında Xoş Xəbərlə məhdudlaşmırdı,
həm də insanlara yer üzündəki həyat şəraitini dəyişdirməyi təklif
edirdi. Bu, «o biri dünyada ziyafət» dinindən tamamilə fərqlidir. Bu vəz
təsdiq edirdi ki, insanın sağlam bədəni sağlam ruhu qədər Allahın
nəzərində ayrılmaz hissədir. İmanlı Cəmiyyətinə dünyəvi maddi dəyərlərin
heç bir ciddi əhəmiyyət kəsb etmədiyi barədə dəfələrlə təkrarlanan
iddialar qədər heç nə zərər verməyib. Otuzuncu illərdə işsizlik bir çox
hörmətli ailələrə böyük zərbə vurmuşdu. Ataların ixtisas səviyyəsi
bekarçılıqdan aşağı düşürdü. Evdar qadınlar mümkün qədər qənaət etməyə
çalışırdılar. Uşaqlar nə baş verdiyini başa düşmürdülər, sadəcə daim ac
olduqlarını bilirdilər. Bütün bunlar insanları ya sərtləşdirirdi, ya da
iradəsini qırırdı. Belə insanlara maddi dəyərlərin əhəmiyyətsizliyini
demək məsuliyyətsizlik olardı, xüsusən də bunu kifayət qədər imkanlı
adam deyərdisə.
Bir dəfə Qurtuluş ordusunun generalı Butu yoxsullara Müjdəni təbliğ
etmək əvəzinə onlara yemək və çörək təklif etdiyinə görə mühakimə
etmişdilər. Qoca döyüşçü buna kəskin reaksiya vermişdi: «İnsanların
ayaqları soyuqdan donan zaman onların qəlblərini Allah sevgisi ilə
isitmək olmaz».
Əlbəttə, maddi dəyərlərə həddindən artıq önəm vermək mümkündür. Lakin
onların əhəmiyyətini aşağılamaq da təhlükəlidir. İsa Məsihin
şagirdlərini Allahın Padşahlığını təbliğ etmək və xəstələri
sağaltmaq, yəni bədəni və canı xilas etməkdən ötrü göndərdiyini
unutmaq — İmanlı Cəmiyyəti üçün təhlükəlidir.
10-17
BEŞ MİN İNSANIN DOYMASI
(Luka 9:10-17)
İsanın yalnız bu möcüzəsi bütün dörd Müjdədə xatırlanır (Matta
14:13; Mark 6:30; Yəhya 6:1 ilə müqayisə edin). Bu möcüzə yaxşı
xəbərlə başlayır. İsanın şagirdləri həvarilik missiyasını başa vuraraq
geri qayıtmışdılar. İsa heç vaxt olmadığı kimi onlarla tək qalmağa
ehtiyac duyurdu. Buna görə də onlarla birlikdə İordan çayının o biri
tayında, Ginesar gölünün şimal-qərb sahilində yerləşən Bet-Sayda kəndinə
getdi. Xalq Onun harada olduğunu biləndə dəstə-dəstə Onun ardınca düşdü.
İsa da onları xoş qarşıladı.
İsa burada bütün ilahi mərhəməti ilə qarşımıza çıxır. Əksər insanlar
çətinliklə əldə etdikləri sakitliyin pozulmasından narazı qalar. Əgər
səs-küylü bir izdiham şəxsi ehtiyacları ilə bizim ən yaxın dostlarımızla
qurduğumuz ünsiyyəti pozsa idi, özümüzü necə hiss edərdik? Bəzən biz o
qədər məşğul oluruq ki, özümüz üçün ayırdığımız vaxtı kiminsə pozmasına
icazə vermirik. Lakin İsa üçün insan ehtiyacları hər şeydən üstün
idi.
Axşam oldu, evə qayıtmaq üçün yol uzun idi, insanlar isə ac və yorğun
idilər. İsa şagirdləri təəccübləndirərək onlara yemək verməyi əmr etdi.
Çörəyi bölməzdən əvvəl İsa dua edib xeyir-dua verdi. Yəhudilərdə belə
bir atalar sözü var idi: «Şükür edilməyən hər şey Allahdan oğurlanmış
sayılır». İsraildə hər evdə hər yeməkdən əvvəl belə dua edilirdi: «Ey
Var Olan Allahımız, yer üzünün Padşahı, torpaqda gözəl nemətlər
bitirdiyinə görə adın uca tutulsun». İsa bütün nemətlər üçün Allaha
şükür etmədən heç vaxt yemək yeməzdi. Bu hekayədən biz çox şey
öyrənirik.
1) İsa Məsih ac insanların halına acıyırdı. Görəsən, İsa
insanların əzablarını yüngülləşdirmək və aclıqlarını doydurmaq üçün nə
qədər vaxt sərf edib? Bunu öyrənmək çox maraqlı olardı. Onun indi də
kömək edən insan əllərinə ehtiyacı var. Məsələn, ac ailəsini doydurmaq
üçün ömrünü yemək hazırlamaqla keçirən ananın əllərinə. Şəfqət bacısının
əllərinə. Yaxınının dərdini yüngülləşdirmək üçün vaxtını və həyatını
qurban verən həkimin, qohumun və ya valideynin əllərinə. Ömrünü daha
yaxşı həyat şəraiti uğrunda mübarizəyə həsr edən ictimai xadimin
əllərinə. Onların fəaliyyəti bir çox boşboğazların təbliğindən qat-qat
faydalı və təsirlidir.
2) İsanın köməyi səxavətli idi. Çörək artıqlaması ilə
qalmışdı. Məhəbbətdə nəyinsə daha çox və nəyinsə daha az ciddi hesabı
yoxdur. Allah da belə edir. Bir kisə toxumu səpdikdən sonra biz məhsulu
seyrəldib, saxlamalı olduğumuzdan daha çoxunu atmalı oluruq. Allah
dünyanı elə yaradıb ki, xalqlar bol nemətləri vicdanla bölüşdürsələr,
hər kəsə artıqlaması ilə çatar.
3) Həmişə olduğu kimi, İsanın bu əməlində də əbədi həqiqət var.
İsa Məsihdə bütün ehtiyaclar qarşılanır. Ruhumuz susuzdur. Hər
bir insanın daxilində həyatını həsr edə biləcəyi bir fəaliyyət obyekti
tapmaq arzusu var. Ürəklərimiz Onda dinclik tapmayınca, narahatdır.
Həvari Paul Filipililərə 4:19-da deyir: «Sizin hər ehtiyacınızı
isə Allahım ... ödəyəcək», hətta «səhra»nın ortasından keçsəniz
belə.
18-22
BÖYÜK KƏŞF (Luka 9:18-22)
Burada İsanın həyatındakı mühüm məqamlardan biri təsvir edilir. O,
Yerusəlimə getmək istəyəndə şagirdlərinə sual verdi (Luka
9:51). O, orada Onu nələrin gözlədiyini yaxşı bilirdi. Bu səbəbdən
cavab Onun üçün son dərəcə vacib idi. O, Çarmıxda öləcəyini bilirdi.
Lakin ölməzdən əvvəl kiminsə Onun, həqiqətən, Kim olduğunu başa
düşüb-düşmədiyini bilmək istəyirdi. Heyranedici cavab hər şeyi aydın
etdi. Peterin ağzından «Sən Allahın Məsihisən» açıqlamasını eşitmək
İsanı çox sevindirdi.
Lakin Onun şagirdləri təkcə İsanın Məsih olduğunu deyil, həm də bunun
nə demək olduğunu bilməli idilər. Uşaqlıqdan onlara deyirdilər ki, hamı
Allahdan yəhudiləri dünya hakimiyyətinə aparacaq qalib bir Padşah
gözləyir. Ola bilsin, Peter bu sözləri deyəndə gözləri həyəcandan
parıldayırdı. Lakin İsa onlara Allahın Məsh olunmuşunun Çarmıxda ölmək
üçün bu dünyaya gəldiyini söyləməli idi. O, şagirdlərin Allah və Onun
məqsədləri haqqında fikirlərini alt-üst etməli idi. O, çox vaxt bunu Öz
vəzifəsi kimi görürdü. Şagirdləri Onun Kim olduğunu bilirdilər, indi isə
onlar bu kəşfin nə demək olduğunu öyrənməli idilər.
Bu hissə özündə iki böyük ümumi həqiqəti əks etdirir.
1) İsa əvvəlcə insanların Onun haqqında nə düşündüklərini soruşdu.
Sonra isə qəfildən şagirdlərindən «Bəs siz nə deyirsiniz? Sizcə, Mən
kiməm?» deyə soruşdu. Biri var İsa haqqında deyilənləri bilmək, biri də
var İsanın Kim olduğunu şəxsən dərk etmək. İnsan imtahan verə və İsa
haqqında deyilənləri təkrarlaya, Məsih haqqında dünyanın bütün
dillərində yazılmış kitabları oxuya və eyni zamanda Məsihin ardıcılı
olmaya bilər. Bizim imanımız ikinci mənbəyə əsaslanmamalıdır. İsa kiməsə
«İnsanların Mənim haqqımda nə dediyini və nə yazdığını deyə
bilərsinizmi?» sualı ilə müraciət etmir. O, şəxsən bizdən soruşur: «Bəs
sən nə deyirsən? Səncə, Mən kiməm?» Paul demir ki, «Mən nəyə inandığımı
bilirəm». O deyir: «Kimə iman etdiyimi bilirəm» (2Timoteyə
1:12). Məsihçinin imanı — sadəcə iman iqrarından ibarət deyil.
Məsihçi Məsihi şəxsən tanıyır.
2) İsa dedi ki, O, «Yerusəlimə getməli... öldürülməli»dir. Lukanın
Müjdəsində İsanın «getməliyəm», «etməliyəm», «olmalıyam» dediyi yerlərə
diqqət yetirmək vacibdir. «...Mən Atamın evində olmalıyam» (Luka
2:49). «Mən o biri şəhərlərə də Allahın Padşahlığının Müjdəsini
yaymalıyam...» (Luka 4:43). «Yenə də bu gün, sabah və o biri
gün yoluma davam etməliyəm...» (Luka 13:33) O, dəfələrlə
şagirdlərinə deyir ki, Çarmıxa getməlidir (Luka 9:22;
17:25; 24:7). İsa bilirdi ki, O, tapşırığı yerinə yetirməlidir.
Allahın iradəsi Onun iradəsi idi. İsanın Allahın Onu nə üçün dünyaya
göndərdiyi məqsəddən başqa yer üzündə heç bir məqsədi yox idi. Məsihin
ardıcılı, Rəbbi kimi, ona tapşırılan işi yerinə yetirməlidir.
23-27
MƏSİHƏ XİDMƏTİN ŞƏRTLƏRİ
(Luka 9:23-27)
İsa burada Öz ardıcıllarına xidmətin şərtlərini açıqlayır:
1) İnsan özünü inkar etməlidir. Bu nə deməkdir? Alimlərdən biri bunun
mənasını belə izah edir: «Peter bir dəfə Rəbbini inkar etdi.
Başqa sözlə, o, «Mən Onu tanımıram» dedi. Özündən imtina etmək — «Mən
özümü tanımıram» deməkdir. Bu öz həyatını kənara qoymaq, şəxsi «mən»ini
yox imiş kimi qəbul etməkdir. Adətən, biz özümüzü o qədər
qiymətləndiririk ki, sanki dünyada bizim «mən»imizdən vacib heç nə
yoxdur. Əgər biz özümüzü İsaya həsr ediriksə, «mən»imizi
unutmalıyıq.
2) İnsan öz Çarmıxını götürməlidir. İsa Çarmıxa çəkilməyin nə
olduğunu bilirdi. Onun təxminən on bir yaşı olanda qalileyalı Yəhuda
Romaya qarşı üsyan etmişdi. Yəhuda Nazaretdən cəmi yeddi kilometr
aralıda yerləşən Zippori şəhərindəki padşah arsenalına basqın etmişdi.
Romalıların qisası sürətli və amansız idi. Zippori tamamilə
yandırılmışdı, sakinlər əsarət altına alınmışdı, iki min üsyançı isə
digər üsyan qaldırmaq istəyən insanlara xəbərdarlıq olsun deyə, yollar
boyunca qurulmuş Çarmıxlara çəkilmişdi.
Öz Çarmıxını götürmək — İsa Məsih uğrunda bu kimi cəzalar çəkməyə
hazır olmaq deməkdir. Bu o deməkdir ki, biz Ona göstərdiyimiz
sədaqətimizdən ötrü insanın bizə verə biləcəyi ən pis işgəncələrə
dözməyə hazır olmalıyıq.
3) İnsan canını qurban verməli, eyni zamanda nəyin bahasına
olursa-olsun, onu qoruyub saxlamalıdır. Onun üçün bütün dünya
standartları və normaları dəyişdirilib. O, «Nə qədər ala bilərəm?» yox,
«Nə qədər verə bilərəm?» deyə düşünməlidir. «Təhlükəsiz olan nədir?»
yox, «Necə düzgün edə bilərəm?» fikirləşməlidir. O demir «Necə edim ki,
çox olmasın?». O deyir: «Əlimdən gələn nə edə bilərəm?» İmanlı başa
düşməlidir ki, həyat ona özü üçün saxlamağa deyil, başqaları uğrunda
qurban vermək üçün verilib. Rahat yaşaması üçün deyil, həyatını Məsihin
işinə həsr etmək üçün bəxş olunub.
4) İsaya sədaqət mükafatlandırılır, xəyanət isə cəzalandırılır. Əgər
biz bu həyatda Ona sadiq olsaq, O da bizə əbədi həyatda sadiq olacaq.
Əgər biz bu dünyada Onun ardınca getməyə səy göstərsək, O, axirətdə bizi
Özününkü kimi qəbul edəcək. Amma dilimizlə Onu iqrar edir, həyatımızla
inkar ediriksə, gün gələcək, O da bizi inkar edəcək.
5) Bu hissənin son ayəsində İsa deyir ki, burada duranlardan bəzisi
Allahın Padşahlığını görmədən ölməyəcək. İsa bununla sanki deyir: «Bu
nəsil keçməmiş siz Allahın Padşahlığının gəldiyini görəcəksiniz».
Şübhəsiz ki, həmin vaxt artıq gəlib çatmışdır. Dünyaya elə bir şey gəldi
ki, maya xəmiri acıtdığı kimi, bəşəriyyətin həyatı da dəyişməyə başladı.
Bədbin düşüncələri kənara qoyub, dünyanı yavaş-yavaş, lakin qətiyyətlə
dəyişən nur haqqında düşünsək, bizim üçün daha asan olar.
«Kədərlənmə, canım» mahnısının aşağıdakı misraları bunu təsdiq
edir:
Dünyadakı dalğalar dəniz kimi coşub-daşır;
Külək qorxunc səslər çıxarıb, hiddətlə vıyıldayır.
Amma bax! Xilaskarın sənə nəzər salaraq,
Hər an yanında olub, sevə-sevə izləyir.
O bizim həyatımıza nəzər salıb, qoruyur.
İstədiyini verib, xoşbəxtliyə çatdırır.
Buradakı əziyyətimiz uzun çəkməz, qısadır,
Rəbbimizlə birlikdə son döyüşə hazırıq.
Çətin həyat yolumuz tezliklə sona çatacaq,
Xilaskarımız bizi Öz yanına aparacaq.
Kədərlənmə, ey könlüm, əksinə, Rəbdə sevin.
Vətənimiz göylərdir, xoşbəxt sığınacağımız.
Gəlin həmişə sevinək: Allahın Padşahlığı gəlir. «Budur, mən tez
gəlirəm» kəlməsi ilə bizə xatırlatdığı hər əlamətə görə Allaha şükür
edək.
28-36
ŞÖHRƏTİN ZİRVƏSİ (Luka 9:28-36)
Biz İsanın yer üzündəki həyatında daha bir mühüm dönüş nöqtəsi ilə
qarşılaşırıq. Gəlin xatırlayaq ki, O, Çarmıxa çəkilmək üçün Yerusəlimə
getməyə hazırlaşırdı. O, şagirdlərindən «Sizcə, mən Kiməm?» soruşanda,
biz artıq Onun həyatının ən mühüm məqamlarından birini nəzərdən
keçirdik. Burada isə İsanın heç vaxt Özü etməyə cəsarət etməyəcəyi bir
şey var idi: O, Allahın razılığı olmadan heç vaxt bir addım atmazdı. Bu
epizodda biz görürük ki, O, Atadan gözlədiyi həmin razılığı aldı.
Biz İsanın görünüşünün dəyişdiyi dağda əslində nə baş verdiyini
bilmirik. Bildiyimiz yalnız odur ki, orada, həqiqətən, heyrətamiz bir
şey baş vermişdi. İsa həyatında həlledici addım atmaq üçün Allahın
razılığını almaqdan ötrü həmin dağa çıxdı. Orada Musa peyğəmbərlə İlyas
peyğəmbər Ona göründülər. Musa peyğəmbər İsrailin ən böyük
qanunvericisi, İlyas peyğəmbər isə peyğəmbərlərin ən böyüyü idi. Budur,
İsrailin həyatında, düşüncəsində və imanında mühüm rol oynayan ən böyük
şəxsiyyətlər İsanın qərarını bəyəndilər və Ona «Cəsarətli ol»
dedilər.
İndi İsa rahat Yerusəlimə gedə bilərdi. O əmin oldu ki, ən azı kiçik
bir şagird qrupu Onun Kim olduğunu bilir. O əmin oldu ki, İsrailin
tarixi boyunca peyğəmbərlərin dedikləri və xalqın ümidi Yerusəlimdə
gerçəkləşəcək. O əmin oldu ki, Allah Onun əməllərini bəyəndi.
Bu hissədə mənalı bir ifadə var. Orada üç həvari haqqında deyilir ki,
onlar «yuxudan ayılanda İsanın ehtişamını ... gördülər».
1) Həyatda çox şey gözümüzdən qaça bilir, çünki zehnimiz yatır. Bunun
da müəyyən səbəbləri var.
a) Xəbərdarlıq. Bizim beynimiz öz təsəvvürlərimizlə və ya
fikirlərimizlə o qədər məşğul olur ki, sanki beynimiz üçün başqa heç nə
mövcud deyil. Yenilik çoxdandır ki, qapını döyür, biz isə yatmış adamlar
kimi, nə eşidir, nə də oyanırıq.
b) Zehnin durğunluğu. İnsanların əksəriyyəti, sadəcə olaraq,
stress düşüncəsini rədd edir. Platon deyirdi: «Tədqiq edilməmiş həyatı
yaşamağa dəyməz». Bəs bizim aramızdan kim həyatın problemləri haqqında
düşünüb, sonra da onları diqqətlə və sona qədər ölçüb-biçir? Bir dəfə
bir müdrik adam dünyanın imansızlıq problemlərindən əmma ilə danışan bir
insan haqqında deyirdi ki, o, bu problemlərin dərinliyinə varıb onlarla
mübarizə aparsaydı, yaxşı olardı. İnsanların zehni o qədər ləngdir ki,
onlar hətta həyatın aktual problemlərindən qaçır və şübhələrini belə
dilə gətirməkdən çəkinirlər.
c) Rahatlığa can atmaq istəyi. İnsanda rahatlığını pozan
istənilən düşüncənin yaranmasına müqavimət göstərən bir növ qoruyucu
mexanizm var. O, həyat gətirən hər düşüncəni o qədər inadla susdura
bilir ki, sonda ağlı qəflət yuxusuna düşür.
2) Amma həyat düşüncəmizi oyadan təəssüratlarla doludur. Onların
arasında...
a) Kədər və çətinlik var. Bir gün mükəmməl səsə malik olan,
lakin mahnılarını yaşamayan gənc müğənni belə rəy eşitdi: «Əgər
həyatınızda kədər yaşasanız, böyük müğənni olarsınız». Kədər bizi çox
vaxt amansızcasına qəflət yuxusundan oyadır, lakin bu anı biz göz
yaşları ilə dərindən duyur və özümüzü daha dəqiq ifadə edirik.
b) Sevgi. Robert Brauninqin iki sevgili haqqında belə bir
hekayəsi var: oğlan qıza baxdı, qız da oğlana — «və birdən onlar
ayıldılar». Əsl məhəbbət insanı oyadır və onun üçün əvvəllər xəyalına
belə gətirmədiyi üfüqlər açır.
c) Nəyəsə və ya kiməsə ehtiyac hissi. İnsan həll olunmayan
problemlə, qarşısıalınmaz imtahanla, cavabı olmayan sualla, çox çətin
tapşırıqla qarşılaşmayana qədər gündəlik həyatını yarıyuxulu halda uzun
illər yaşaya bilər. Belə məqamlarda insanın «göylərin ətəyindən yapışıb
ağlamaq»dan başqa çarəsi qalmır. Bu ehtiyac insanı oyadır və onu Allaha
tərəf yönəldir. Biz həmişə Allaha dua etməliyik: «Ya Rəbb, mənə oyaq
qalmağa qüvvət ver ki, Səni həmişə eşidə bilim».
37-45
CİNƏ TUTULMUŞ OĞULUN
SAĞALMASI (Luka 9:37-45)
İsa dağın zirvəsindən enər-enməz, yenidən insan qayğıları və kədəri
ilə üzləşdi. İsanın şagirdlərinə üz tutmuş bir adam gəldi və onlardan
cinə tutulmuş yeganə oğluna kömək etmələrini xahiş etdi. 42-ci
ayədə Luka məcazi sözdən istifadə edir. Oğlan İsaya yaxınlaşarkən
cin onu yerə atıb sarsıtdı. Lukanın istifadə etdiyi söz rəqibini
nokaut edən boksçuya və ya rəqibini yerə atan güləşçiyə aid edilir. Çox
güman, uşağın qıcolmadan titrədiyini görən insanlarda riqqət hissi
oyanmışdı, İsanın şagirdləri isə ona kömək etməkdə tamamilə aciz idilər.
Lakin İsa gələndə, sakit halda və ustalıqla uşağı sağaltdı və atasına
qaytardı.
Bu hadisədən iki həqiqət ortaya çıxır.
1) İsanın dağın zirvəsində görünüşünün dəyişməsi Onun həyatında vacib
məqam idi, lakin bu, uzun çəkə bilməzdi. Əslində, nə dediyini bilməyən
Peter dağda daha çox qalmaq istədi. O, həmin ehtişamda qalmaq üçün orada
üç çardaq qurmaq istədi. Lakin dünyaya enməyə məcbur idilər. Həyatda
bəzən elə anlar olur ki, onları uzatmaq istəyirik. Ancaq belə
yüksəkliklərdən sonra biz yenidən mübarizəyə qayıtmalıyıq. Çünki bu kimi
zirvələr bizə gündəlik həyatda güc verir.
Karmel dağında Baal peyğəmbərləri ilə böyük mübarizədən sonra
İzevelin hədələrini eşidən İlyas peyğəmbər səhraya qaçdı və süpürgə
ağacının altında uzanıb yuxuya getdi. Orada Rəbbin mələyi onun üçün iki
dəfə yemək hazırladı. Sonra belə bir ifadə gəlir: «O qalxdı və
yeyib-içdi. Yeməyin gücü ilə qırx gün-qırx gecə Allahın dağı Xorevə
qədər getdi» (1 Padşahlar 19:8). Dağın zirvəsinə Allahın
hüzurunda qalmaq üçün deyil, orada aldığımız gücü günlərlə davam etdirə
bilməyimiz üçün qalxmalıyıq. Böyük tədqiqatçı Kapitan Skottun haqqında
deyirdilər ki, o, xəyalpərəst və praktikliyin qəribə birləşməsini təmsil
edir. Üstəlik, xəyal qurduqdan sonra o özünü praktik tərəfdən
göstərirdi. Dağın zirvəsində daim qalmaq mümkün deyil, amma bu təcrübə
olmadan həyat uğursuz olur.
2) İsanın uğuru burada olduğu qədər heç bir yerdə belə aydın təsvir
edilməyib. O, dağdan enəndə vəziyyət ümidsiz görünürdü. Sanki insanlar
nə edəcəklərini bilmədiklərinə görə ora-bura vurnuxurdular. Onun
şagirdləri gücsüz və çaşqınlıq içində idilər. Oğlanın atası məyus
olmuşdu və üzülürdü. Belə bir çaşqınlıq içində İsa peyda oldu. O, dərhal
vəziyyəti əlinə aldı və nizamsızlıq əvəzinə rahatlıq gəldi. Bəzən bizə
də elə gəlir ki, vəziyyət ümidsizdir, sanki heç nə etmək mümkün deyil,
hər şey əlimizdən sürüşüb gedir. Yalnız həyatımızın Ağası Özünə xas olan
səlahiyyətlə həyatı sakit şəkildə idarə etməyə qadirdir.
3) Sonda yenə də hadisə İsanın Çarmıxa çəkilməsi ilə başa çatır.
Burada O, qələbə qazandı, cinlərə üstün gəldi və insanların təxəyyülünü
heyrətləndirdi. Onlar İsanı Padşah elan etməyə hazırlaşarkən, İsa onlara
dedi ki, qurban olmağa gedir. Əslində, məşhurluq yolu ilə getmək Onun
üçün asan olardı. Lakin İsa Öz böyüklüyünə görə bu yolu rədd etdi və
Çarmıxa çəkilməyi seçdi. O, başqalarını daşımağa çağırdığı Çarmıxdan
yayınmağı ağlına belə gətirmədi.
46-48
BÖYÜKLÜK (Luka 9:46-48)
Şagirdlər İsanın təbliğ etdiyi Allahın Padşahlığını yer üzündəki
padşahlıq kimi təsəvvür etdikləri üçün onların arasında ən yüksək vəzifə
uğrunda rəqabət gedirdi. Bir zamanlar benediktinli rahib Beda demişdi
ki, İsanın şagirdləri arasında bu çəkişmə Onun Peter, Yəhya və Yaqubu
Özü ilə dağın başına aparması və bununla da başqalarında qısqanclıq
oyatması ilə yaranmışdı.
İsa onların ürəklərində nə baş verdiyini bilirdi. O, bir uşağı
götürüb yanına, ən şərəfli yerə qoydu. İsa dedi ki, bu uşağı qəbul edən
Onu qəbul etmiş olur, kim Onu qəbul edirsə, Allahı qəbul etmiş olur.
Görəsən, bu sözlərin mənası nə deməkdir? İsanın şagirdləri Onun seçilmiş
davamçıları idilər. Bu uşağın isə nə fəxri, nə də rəsmi vəzifəsi vardı.
İsa şagirdlərinə demək istəyirdi ki, əgər onlar insanların gözündə
əhəmiyyət kəsb etməyən kəsləri fədakarlıqla sevməyə və həyatlarını
onlara xidmət etməyə həsr etməyə hazırdılarsa, onda Ona və Allaha xidmət
etmiş olacaqlar. Əgər onlar bu kimi əhəmiyyətsiz görünən işləri yerinə
yetirərək yaşamağa hazırdılarsa, dünyanın əzəmətinə və izzətinə can
atmaqdan imtina edirlərsə, o zaman Allahın nəzərində böyük olacaqlar.
Axı insanlar Allaha müxtəlif niyyətlə xidmət edir:
1) Bəziləri çağırış qazanmaq üçün xidmət edir. İngilis
yazıçısı Arçibald Kronin həkim işləyərkən tanış olduğu bir tibb
bacısından bəhs edir. İyirmi il ərzində o, iyirmi kilometrlik əraziyə
baxırdı. Kronin deyir: «Mən onun sakitliyinə, möhkəmliyinə və ruh
yüksəkliyinə heyran olurdum». O, bir dəfə də olsun gecə vaxtı işə təcili
çağırılmasından imtina etməmişdi. Əməkhaqqısı isə çox aşağı idi.
Bir dəfə gecə, xüsusilə gərgin iş günündən sonra, mən ona dedim:
-
Qulaq asın, nəyə görə siz özünüzə daha böyük maaş tələb
etmirsiniz? Allah şahiddir, siz buna layiqsiniz.
-
Əgər Allah buna şahiddirsə, bundan başqa mənə heç nə lazım
deyil.
O, insanlara deyil, Allaha xidmət edirdi.
Əgər biz Allaha xidmət ediriksə, deməli, ən son düşündüyümüz şey
nüfuz olmalıdır. Çünki ən böyük yaxşılıqlar etsək belə, bu Onun üçün
kifayət deyil.
2) Başqaları vəzifə xatirinə xidmət edir. İmanlı
Cəmiyyətində hər hansı bir tapşırıq və ya vəzifə almış şəxs buna şərəf
kimi yox, məsuliyyət kimi baxmalıdır. Ancaq təəssüf ki, imanlı
cəmiyyətində çoxları kimə xidmət etdiklərini yox, özləri haqqında daha
çox düşünürlər. Britaniyanın baş nazirlərindən biri vəzifəyə təyin
olması münasibəti ilə təbrikləri qəbul edərkən belə demişdi: «Mənə sizin
təbrikləriniz yox, dualarınız lazımdır». Vəzifəyə sahib olmaq şərəf
deyil, xidmət üçün seçilmək deməkdir.
3) Bundan başqa, adamlar şöhrət qazanmaq xatirinə xidmət
edirlər. Bir çoxları insanların onlara təşəkkür etdiyi və ya
təriflədiyi, onların xidməti və ya səxavəti hamıya məlum olduğu müddətcə
səylə xidmət etməyə və ya qurban verməyə hazırdır. İsa Məsih isə birbaşa
deyir: «Qoy sağ əlinin nə etdiyini sol əlin bilməsin». Əgər biz yalnız
şəxsi mənfəətimiz üçün veririksə, deməli, xeyirxah işin böyük hissəsi
puç olub.
49-56
TOLERANTLIQLA BAĞLI
İKİ DƏRS (Luka 9:49-56)
Qarşımızda tolerantlıqla bağlı iki dərs var. İsraildə cinləri qovmağı
bacardıqlarını iddia edən çoxlu cindarlar var idi. Yəhya bu adamı rəqib
kimi gördü və təbii olaraq, onu kənarlaşdırmağa çalışdı. Lakin İsa ona
icazə vermədi.
Qalileyadan Yerusəlimə gedən birbaşa yol Samariyadan keçirdi,
yəhudilərin çoxu bu yoldan çəkinirdi. Yəhudilərlə samariyalılar arasında
əsrlər boyu çəkişmə mövcud olduğundan (Yəhya 4:9),
samariyalılar öz torpaqlarından keçməyə çalışan zəvvarlara mane olmaq,
hətta onlara zərər vermək üçün əllərindən gələni edirdilər. İsanın bu
yolla Yerusəlimə getməyə qərar verməsi, doğrudan da, qəribə idi. Bundan
daha qəribəsi Onun samariyalı kəndində qonaqpərvərliklə qarşılanmaq
istəməsi idi. Belə etməklə O, yəhudilərlə düşmən kəsilən bir xalqa
dostluq əlini uzatmış olurdu. Lakin samariyalılar nəinki Ona
qonaqpərvərlik göstərdilər, həm də dostluq təklifini rədd etdilər.
Şübhəsiz ki, Yaqubla Yəhya bu kəndi məhv etmək üçün göydən alov
yağdırmaq təklif edərkən, tərifə layiq olduqlarını düşündülər. Ancaq İsa
yenə də onlara icazə vermədi.
İsa, hər yerdə olduğu kimi, burada da şagirdlərinə səbirli olmağı
öyrədir. Tolerantlıq müxtəlif səbəblərdən — itirilmiş bir fəzilətdir,
lakin tolerantlığın mövcud olduğu yerdə, belə demək olarsa, yanlış
motivasiya olur. İmanlı Cəmiyyətinin bütün nüfuzlu xidmətçiləri arasında
Con Veslidən daha yaxşı tolerantlıq nümunəsi yoxdur. O deyirdi ki,
«Kiməsə mənim fikrimdən fərqli fikirdə olmağı qadağan etmək — öz saçım
olduğu halda başqasına parik taxmağı qadağan etməyə bənzəyir. Buna
hüququm çatmır. Amma parikini çıxarıb onun tozunu düz üzümə silkələsə,
ondan qısa zamanda qurtulmağı özümə borc biləcəyəm. Lakin mən çoxlarını
Tanrının yalnız onların arasında olduğunu güman etməyə sövq edən ruhani
dar düşüncədən, partiya qeyrətindən, axmaqlıqdan, pafoslu fanatizmdən
çəkinməyə qərar verdim. Biz özümüz düşünürük və başqalarına da düşünməyi
qadağan etmirik». Onun qardaşı Çarlzın oğlu Samuel katolik inancını
qəbul edəndə, Vesli ona yazdı: «Hansı kilsədə olmağının — istər bunda,
istərsə də başqasında — mənim üçün heç bir fərqi yoxdur. Sən bunda da, o
birində də ya xilas ola, ya da lənətli ola bilərsən. Qorxduğum yalnız
odur ki, göylərdən doğulmayasan». Metodistlər isə insanları «Kim Allahı
sevirsə, gəlsin» sözləri ilə Rəbbin süfrəsində iştirak etməyə dəvət
edirlər.
«Yalnız bizim inancımız və adətlərimiz doğrudur» fikri İmanlı
Cəmiyyətinə daha çox bədbəxtlik gətirdi, nəinki başqa şeylər. Bir dəfə
Oliver Kromvel barışmaz şotlandlara yazırdı: «Məsih naminə sizə
yalvarıram, etiraf edin ki, siz də səhv edə bilərsiniz». T.R.Qlover isə
belə məsəl çəkir: «Sənin etmək istədiyini başqası başqa cür edərdi. Bunu
unutma».
Allaha aparan yollar çoxdur. Onun hər bir insanın ürəyinə özünəməxsus
yanaşması var. Allah Özünü müxtəlif yollarla açır. Heç bir insan, heç
bir imanlı cəmiyyəti Onun həqiqəti üzərində monopoliyaya malik
deyil.
Amma o da vacibdir ki, bizim tolerantlığımız laqeydliyə deyil,
sevgiyə əsaslanmalıdır. Avraam Linkoln düşmənlərinə qarşı çox yaxşı
davrandığı üçün tənqid olunanda və ona düşmənlərini məhv etməlidir
deyiləndə, Linkoln möhtəşəm bir cavab vermişdi: «Məgər düşmənlərimi
dosta çevirəndə onları məhv etmirəmmi?» İnsan fikirlərində yanılırsa
belə, onu düşmən hesab etmək, onunla mübarizə aparmaq yersizdir. Onu
məhəbbətlə haqq yoluna yönəldilməsi lazım olan itmiş qardaş kimi qəbul
etmək lazımdır.
57-62
İSANIN SƏMİMİYYƏTİ (Luka
9:57-62)
Qarşımızda İsanın ardınca getmək istədiklərini iddia edən üç
iddiaçıya Onun söylədiyi sözlər durur.
1) Onlardan birincisinə İsa belə nəsihət verdi: «Mənim ardımca
getməzdən əvvəl hər şeyi ölçüb-biç». Heç kim kimisə ittiham etməməlidir
ki, onu aldadıb İsanı izləməyə vadar etdilər. Biz hətta deyə bilərik ki,
insanlar özlərinə qarşı ən yüksək tələblər qoyanda İsa onları
tərifləyir. Bəlkə də biz «imanlı cəmiyyətinə mənsub olmaq elə də
əhəmiyyətli deyil» anlayışı ilə mübarizə aparmamaqla ona böyük ziyan
vurmuşuq. Ancaq bunun əhəmiyyətli bir fərqinin olduğunu da söyləməliyik.
Bəlkə də biz az olacağıq, amma cəmiyyətə gələnlər Məsihə əsl sadiq
olanlar olacaq.
2) İsanın ikinci iddiaçıya dediyi sözlər sərt səslənir, lakin onları
belə şərh etmək olmaz. Çox güman, həmin adamın atası ölməmişdi, onun
ölməyinə hələ çox var idi. Yəqin o, «atamın ölümündən sonra Sənin
ardınca gedəcəyəm» demək istədi. Şərqdə xidmət edən bir ingilis məmuru
Oksford və ya Kembricdə oxumaq üçün təqaüd təklifi alan istedadlı gənc
bir ərəbdən danışırdı. Gənc bu təklifə belə cavab vermişdi: «Atamı dəfn
edəndən sonra oraya gedəcəyəm». Onun atasının isə qırxa yaxın yaşı
vardı.
İsa demək istəyirdi ki, hər şey öz vaxtında edilməlidir. Əgər fürsət
əldən verilsə, çox güman, bu iş heç vaxt görülməyəcək. Bu adam üçün
ruhani cəhətdən qısır mühitindən xilas olmaq asan deyildi. Əgər o, bu
imkanı əldən versə, onda heç vaxt oradan qopa bilməyəcək.
Psixoloqlar deyirlər ki, əgər nəcib hisslər vaxtında əməldə özünü
büruzə verməsə, onların nə vaxtsa əməldə özünü göstərməsi ehtimalı
azdır. Hiss hərəkəti əvəz edir. Məsələn, belə bir misal çəkək: tutaq ki,
ürəyimiz bizə başsağlığı, minnətdarlıq və ya təbrik məktubu yazmağı
deyir. Əgər bu iş sabaha saxlanılsa, çox güman, məktub heç vaxt
yazılmayacaq. Ürəklərimiz təsirlənəndə, İsa bizi hərəkətə keçməyə təşviq
edir.
3) İsanın üçüncü şəxsə verdiyi cavabda heç kimin inkar edə
bilməyəcəyi bir həqiqət var. Heç bir əkinçi geriyə baxa-baxa düz şırım
şumlaya bilməz. Bəzi insanların ürəyi keçmişdə qalır. Onlar keçmiş
illərə baxa-baxa, keçmişin qızıl günlərini həsrətlə xatırlaya-xatırlaya
irəli getməyə çalışırlar. Böyük vaiz Vatkinson nəql edir ki, bir dəfə
dəniz sahilində nəvəsi ilə gəzişərkən qoca bir keşiş onlara yaxınlaşır.
Qocanın əhvalı pis idi, bundan başqa, bu qədər dərdin içində onu
yüngülcə gün də vurmuşdu. Uşaq onların söhbətinə qulaq asırdı, amma onu
düzgün başa düşmürdü. Qoca ilə vidalaşandan sonra uşaq Vatkinsona dedi:
«Baba! Ümid edirəm ki, sən heç vaxt qürubdan əziyyət çəkməyəcəksən».
Məsihçi qüruba doğru yox, sübh çağına doğru gedir. Allahın Padşahlığının
parolu «Geri!» deyil, «İrəli!»dir. İsa üçüncü yol yoldaşına «ardımca
gəl!» demədi, ona «geri qayıt!» dedi. Bununla İsa ona «Mən ləng xidməti
qəbul etmirəm» demək istədi və sərbəst qərar verməkdə onu rahat
buraxdı.