13-cü fəsil
1-17
XİDMƏTİN ƏZƏMƏTİ (Yəhya
13:1-17)
Biz bu hissəyə hərtərəfli baxmalıyıq. Amma əvvəlcə ona bütövlükdə
nəzər salaq. Müjdələrdə çox az hadisə bu hekayədəki qədər Məsihin əsl
xarakterini və məhəbbətini açıqlayır. İsanın Kim ola biləcəyini və nələr
edə biləcəyini düşünəndə. Onun necə böyük bir möcüzə olduğunu başa
düşmək bizim üçün asan olur.
1. İsa Məsih hər şeyin Ona verildiyini bilirdi. O bilirdi ki, Onun
iztirab vaxtı yaxındır. Eyni zamanda izzətlənəcəyi vaxtın da yaxın
olduğunu bilirdi. Bunu bilmək Onu qürurlandıra bilərdi. Amma qüdrət və
izzətin Ona məxsus olduğunu bilə-bilə O, şagirdlərin ayaqlarını yudu.
Onda ən böyük qürurun baş qaldıra biləcəyi anda, O, ən böyük
təvazökarlığı göstərdi. Sevgi həmişə belədir. Məsələn, kimsə
xəstələnəndə, onu sevən adam ona ən ağlasığmaz xidmətləri göstərməyə və
bunu sevə-sevə etməyə hazırdır. Sevgi belə olur. Bəzən insanlar ən aşağı
işləri görməyi özlərinə yaraşdırmırlar. İsa belə deyildi. O, bütün
yaradılışın Rəbbi olduğunu bilə-bilə, şagirdlərin ayaqlarını yudu.
2. İsa Allahdan gəldiyini və Allahın yanına qayıdacağını bilirdi. O,
insanlara və dünyaya xor baxa bilərdi. O, elə düşünə bilərdi ki, Onun
yer üzündəki işi başa çatıb və indi Allaha qayıdır. Amma Allah Ona
xüsusilə yaxın olan vaxt İsa insanlara xidmətin ən ali səviyyəsini
göstərdi. Adətən, bayram şənliklərində qullar qonaqların ayaqlarını
yuyurdular. Düzdür, ravvinin tələbələri müəllimlərinə xidmət edirdilər,
lakin ayaqları yumaq heç kimin ağlına da gəlməzdi. İsada diqqət çəkən
odur ki, Allaha olan yaxınlığı Onu insanlardan uzaqlaşdırmırdı, əksinə,
Onu insanlara daha da yaxınlaşdırırdı. Allaha yaxın olan insan,
insanlara da yaxındır. Bu fikir həmişə doğrudur.
Assizli Fransisk haqqında belə bir rəvayət var ki, o, gəncliyində çox
zəngin olub. O, həmişə hər şeyin ən yaxşısını əldə etməyə çalışırdı. O,
hər cəhətdən aristokratların aristokratı idi. Ancaq buna baxmayaraq,
qəlbində rahatlıq yox idi. Günlərin bir günü atın belində şəhərdən
kənarda gəzərkən, cüzamlı adam gördü. Bu adamın bədəni yaralar və
qaysaqlarla örtülmüşdü. O, çox dəhşətli görünürdü. Başqa vaxt olsaydı,
hər şeydən iyrənən Fransisk nifrət və ikrah hissi ilə üzünü ondan
çevirərdi. Amma bu dəfə Fransiskin qəlbində nəsə baş verdi. O, atından
düşüb cüzamlıya yaxınlaşdı və onu qucaqladı. Cüzamlının gözündə Fransisk
İsa Məsih kimi göründü. Əzab çəkən bəşəriyyətə nə qədər yaxın olsaq,
Allaha bir o qədər yaxın olarıq və ya əksinə.
3. İsa bilirdi ki, tezliklə O, ələ veriləcək. Bu Onda kin və nifrət
yarada bilərdi. Lakin bunun əksi baş verdi — İsanın ürəyi daha böyük
məhəbbətlə dolub-daşdı. O, nə qədər çox incidilirdisə, alçaldılırdısa,
məsxərəyə qoyulurdusa, bir o qədər çox sevirdi. Pisliyə müqavimət
göstərmək, təhqirlərdən incimək təbii haldır. İsa Məsih isə ən ağır
təhqirlərə, ağrılara, hətta xəyanətə dərin təvazökarlıq və məhəbbətlə
cavab verirdi.
XİDMƏTİN ƏZƏMƏTİ (Yəhya
13:1-17 (ardı))
Biz burada hər şeyin deyilmədiyini görürük. Əgər Lukanın Müjdəsində
bu şam yeməyinin təsvirinə baxsaq, belə ifadəyə rast gələrik:
«Aralarında onlardan kimin ən böyük sayılacağı barəsində bir mübahisə də
oldu» (Luka 22:24). Hətta İsanın Çarmıxa çəkiləcəyi vaxt
yaxınlaşanda belə, şagirdlər birincilik və nüfuz uğrunda mübahisə
edirdilər. Ola bilsin, İsanı şagirdlərinin ayağını yumağa məcbur edən
məhz bu mübahisə olub.
İsrailin yolları asfaltsız və çirkli olurdu. Günəşli havada yolları
bir neçə santimetr toz bağlayırdı, yağışda isə bütün bu toz palçığa
çevrilirdi. İnsanların geyindiyi ayaqqabılar yüngül və üstü açıq idi.
Ayaqqabı, bir qayda olaraq, altlıqdan və ayağa bərkidilən bir cüt
kəmərdən ibarət idi, yəni ən primitiv səndəl növü idi. Bu cür
ayaqqabılar ayağı yolun tozundan və kirindən qorumurdu. Buna görə də hər
evin qarşısında qonaqların ayaqlarını yumağa hazır vəziyyətdə duran,
əlində bir qab su və dəsmal olan xidmətçi görmək olardı. Yaddaşa həkk
olunan həmin axşam İsanın şagirdlərinin toplandığı evin qarşısında heç
bir qulluqçu yox idi. Buna görə, adətən, zəngin evlərdə qulluqçuların
göstərdiyi xidməti şagirdlər öz aralarında bölüşdürmüşdü. Çox güman,
həmin axşam onlar İsanın Padşahlığında kimin ən böyük olacağına dair
rəqabətə elə qapılmışdılar ki, yuxarı otağın girişində ayaqları yumaq
üçün su və dəsmal hazırlamaq heç kəsin ağlına gəlməmişdi. İsa Özü bu
səhvi ən gözəl şəkildə düzəltdi.
İsa heç bir şagirdin hazır olmadığı xidməti etdi. Sonra dedi: «Mənim
sizə nə etdiyimi bilirsinizmi? Siz Məni «Müəllim» və «Rəbb» deyə
çağırırsınız və doğru deyirsiniz, çünki Mən elə Oyam. İndi ki Mən Rəbb
və Müəllim olduğum halda sizin ayaqlarınızı yudum, siz də bir-birinizin
ayaqlarını yumalısınız. Çünki sizə nümunə göstərdim ki, Mənim sizə
etdiyimi siz də bir-birinizə edəsiniz».
İsanın bu əməli bizi düşündürməlidir. Hətta imanlı cəmiyyətlərində
belə kiməsə istədiyi yer verilmədiyi üçün problem yaranır. Hətta böyük
xidmətçilər tutduqları vəzifənin tələb etdiyi nüfuza uyğun münasibət
görməyəndə inciyirlər. Burada ibrətamiz dərs odur ki, böyüklüyün yalnız
bir yolu var — böyük xidmət. Dünya öz ləyaqətini tələb edən insanlarla
doludur, halbuki həmin vaxt onlar diz çökərək qardaşlarına xidmət
göstərməlidirlər. Həyatın bütün sahələrində birinciliyə can atmaq və
itaət etməyi istəməmək hər şeyin nizamını pozur. İdmançıya yalnız bir
dəfə oynamaq qadağan edildiyinə görə o, bir daha oynamaq istəmir.
Siyasətçi özünü layiq bildiyi vəzifəyə keçməyəndə, aşağı vəzifəni qəbul
etməkdən imtina edir. Xor üzvü istədiyi solonu ala bilmədiyinə görə,
ümumiyyətlə, oxumaqdan imtina edir.
Hər bir cəmiyyətdə belə adamlar var: kimsə ya göstərilən kiçik
diqqətsizlikdən hirslənir, ya da bir neçə gün dalbadal küsmüş halda
qaşqabaqlı gəzir. Hər dəfə öz ləyaqətimiz, səlahiyyətimiz və mövqeyimiz
haqqında düşünmək istəyəndə, gəlin Allahın Oğlunu əlində dəsmal,
şagirdləri qarşısında diz çökmüş halda xatırlayaq. Onu həm nökər, həm də
padşah edən bu xüsusi təvazökarlığa malik olan Şəxs, həqiqətən də, böyük
Şəxsdir. Donald Hankinin «Sevimli kapitan» əsərində kapitanın səfərdən
sonra tabeliyində olanlara necə qayğı göstərdiyini təsvir edən belə bir
gözəl parça var:
«Biz bilirdik ki, o bizim kapitanımızdır, bizdən qat-qat yaxşı
xasiyyətə malikdir, əsl hörmətə layiq olandır. Məncə, məhz bu
xüsusiyyətinə görə o öz ləyaqətini itirmədən təvazökar ola bilirdi. O,
həqiqətən, çox təvazökar idi, ən kiçik problemlərimizə belə diqqət
yetirirdi. Biz səfərə çıxanda ayaqlarımızdan qan gəlir, suluq
bağlayırdı. O, ayaqlarımıza elə qulluq edirdi ki, sanki bu bizim deyil,
onun ayaqlarıdır. Təbii ki, hər səfərdən sonra ayaqlarımız yoxlanırdı.
Qayda belə idi. Amma kapitanımız üçün bu, sadəcə qayda deyildi. O,
otağımıza gəlir, kiminsə ayaqları ağrıyırdısa, həkim kimi həmin adamın
qarşısında diz çöküb onları diqqətlə yoxlayırdı. Sonra da dərman yazırdı
və dərhal çavuşa gətizdirirdi. Əgər suluğu deşmək lazım gəlirdisə, o,
çox vaxt özü bununla məşğul olurdu. Bunu təmiz iynə ilə edirdi ki,
yaraya çirk düşməsin. O, ayaqlarımızı vacib hesab edirdi və bilirdi ki,
biz onlara diqqət yetirmirik. Onun bizimlə rəftarında Məsihə bənzər nəsə
var idi. Biz onu çox sevir və hörmət edirdik».
İnsanlar qarşısında məhz Məsih kimi əyilən adamı padşah kimi sevir,
hörmət edir və onun xatirəsini yaşadırlar.
VACİB YUMA (Yəhya 13:1-17
(ardı))
Daha əvvəl gördük ki, müjdəçi Yəhyanın sözlərində həmişə iki məna
axtarmaq lazımdır: birinci vacib məna, ikincisi daha vacib məna. Zahirən
baxanda bu epizod unudulmaz təvazökarlıq nümunəsidir. Lakin burada daha
böyük dərs var. Burada maraqlı bir məqam da var. Əvvəlcə Peter İsaya
ayaqlarını yumağa icazə vermir. Amma İsa ona deyir ki, əgər Ona
ayaqlarını yumağa icazə verməsə, onun Rəbbin yanında yeri olmayacaq.
Bundan sonra Peter təkcə ayaqlarını deyil, əllərini və başını da yumağı
xahiş edir. İsa cavab verir ki, yalnız ayaqları yumaq kifayətdir. İki
məna daşıyan bu cümlə belə səslənir: «Çimmiş adam üçün təkcə ayaqlarını
yumaq kifayətdir, çünki başdan-başa təmizdir» (13:10).
Şübhəsiz ki, burada məsihçi vəftizinə işarə edilir. «Əgər səni
yumasam, Mənim yanımda yerin olmaz» sözlərini belə ifadə etmək olar:
«Vəftiz olmadan insan İmanlı Cəmiyyətinin üzvü ola bilməz». Adətə görə,
əgər insan yola çıxmazdan əvvəl evdə yuyunurdusa, onda onun ancaq
ayaqları yuyulmalı idi. Bu, zahiri mənadır. Daxili mənası isə daha
dərindir: evə yalnız yuyulmuşlar girə bilər. Məhz buna görə İsa Peterə
deyir: «Sənin bədəninin yuyulmasına ehtiyac yoxdur, bunu özün də edə
bilərsən. Lakin sənin iman evinə girməyə imkan verəcək xüsusi yuyulmaya
ehtiyacın var». Bunun başqa bir mənası da odur ki, Peter İsaya
ayaqlarını yumağa icazə verməyəndə, İsa ona dedi: «Ayaqlarını yumağa
icazə vermirsən? Bil ki, onsuz hər şeyi itirəcəksən».
İmanlı Cəmiyyətinə vəftiz yolu ilə daxil olmaq olar, yəni oraya
girməzdən əvvəl adam yuyunmalıdır. Bu o demək deyil ki, insan vəftiz
olunmasa (məsələn, Çarmıxdakı quldur kimi) xilas olmayacaq. Bu o
deməkdir ki, əgər insanın vəftiz olunmaq imkanı varsa, o, Xilaskarı
Məsihə olan imanını bəyan etməlidir.
18-20
XƏYANƏTİN
RÜSVAYÇILIĞI VƏ SƏDAQƏTİN İZZƏTİ (Yəhya 13:18-20)
Bu hissədə üç məqam vurğulanır.
1. Yəhudanın vəfasızlığının açıq-aşkar təsvir olunan qəddarlığı. Bu,
xüsusilə şərq adamı üçün başadüşüləndir. İsa hamıya tanış olan Məzmurdan
sitat gətirir: «Hətta etibarlı saydığım ən yaxın dostum, çörəyimi yeyən
mənə xəyanət etdi» (Zəbur 41:10). Şərqdə kiminləsə çörək kəsmək
dostluq və sədaqət əlaməti sayılır. 2Şamuel 9:7-13-də deyilir
ki, padşah Davud Şaulun nəslindən olan Yonatanın oğlu Mefiboşetə (Şaulun
oğlu) «padşahın süfrəsində yemək yeməyə» icazə verirdi, halbuki onu
asanlıqla məhv edə bilərdi. 1Padşahlar 18:19-da deyilir ki,
Baal peyğəmbərləri İzevelin süfrəsindən yeyirdilər. Əgər adam çörək
böldüyü dostuna xəyanət edibsə, bu, hədsiz alçaqlıq sayılırdı. Məzmurçu
bu cür xəyanəti ən acı təhqir hesab edir: «Aralarında qırğın var,
meydanlarından hədə-qorxu və fırıldaq çıxır. Əgər məni düşmən təhqir
etsəydi, dözərdim, yağı qarşımda qürrələnsəydi, gizlənərdim. Amma bunu
sən etdin, ey rəfiqim, ey yoldaşım, ürək həmdəmim. Səninlə şirin-şirin
söhbət edərdik, Allah evinə birgə gedərdik» (Zəbur 55:12-14).
Dünyada bu kəskin inciklik ağrısı — yaxın adamın vəfasızlıq etməsi hələ
də mövcuddur. Çoxları bu ağrının nə olduğunu yaxşı bilir. «Çörəyimi
yeyən Mənə xəyanət etdi» ifadəsi qəddarlıqdan bəhs edir və həmişə yəhudi
dilində qəddarlığı təsvir etmək üçün istifadə olunurdu. Burada İsa
qəzəblənmir. Əksinə, dərin təəssüf hissi keçirir. O, ürəyinə vurduğu
zərbəyə baxmayaraq, Yəhudaya son çağırış edir.
2. Burada həmçinin vurğulanır ki, bu faciə Allahın planının bir
hissəsi idi və İsa tərəfindən tam və qeyd-şərtsiz qəbul edildi. Hər şey
Müqəddəs Yazıların söylədiyi kimi oldu. Dünyanın satınalınmasının
Allahın ürəyini yaralayacağına bir an belə şübhə yox idi. İsa nə baş
verdiyini, baş verənlərin qiymətini bilirdi və bunu qəbul etməyə hazır
idi. O istəmirdi ki, şagirdləri Onun gözlənilməz vəziyyətə düşdüyünü və
orada ilişib qaldığını düşünsünlər. Onu öldürmürdülər. Ölümü O Özü
seçdi. Lakin həmin anda şagirdləri bunu görə bilmədilər və Onunla nə baş
verdiyini anlamadılar. Ancaq İsa istəyirdi ki, gələcəkdə onlar geriyə
baxanda hər şeyi xatırlasınlar və dərk etsinlər.
3. Bu hissə təkcə xəyanətin əzabını və acısını deyil, həm də
sədaqətin izzətini vurğulayır. Gün gələcək, həmin şagirdlər İsa Məsihin
xəbərini dünyanın hər yerinə çatdıracaqlar. Həmin vaxt onlar Allahın
nümayəndələri olacaqlar. Səfir öz adından, qabiliyyəti və
keyfiyyətlərinə güvənərək getmir, ölkəsinin izzəti və şərəfi adından
gedir. Onu eşitmək — ölkəsini eşitmək, ona şərəf vermək — ölkəsinə şərəf
vermək deməkdir. Onu salamlamaq — ölkəsini və onu göndərən hökmdarı
salamlamaq deməkdir. Məsihçinin ən böyük şərəfi və ən böyük məsuliyyəti
İsa Məsihi dünyada təmsil etməsidir. Biz Onun haqqında danışır, Onun
vasitəsilə və Onun üçün hərəkət edirik.
21-30
SEVGİNİN SON ÇAĞIRIŞI (Yəhya 13:21-30a)
Bu mənzərəni özlüyümüzdə təsəvvür edəndə, oradakı bəzi hadisələr
aydın şəkildə görünür və diqqətimizi cəlb edir. Yəhudanın xəyanəti bütün
çirkinliyi ilə təsvir olunur. O, möhtəşəm aktyor və mahir fırıldaqçı
idi. Bir şey aydındır ki, əgər şagirdlər Yəhudanın niyyətini
bilsəydilər, o, yuxarı otaqdan sağ çıxmazdı. Görünür, o, şagirdlərlə
birlikdə olduğu vaxt özünü mülayim və sadiq şagird kimi aparıb, İsadan
başqa hamını aldadıb. Yəhuda təkcə təkəbbürlü yaramaz deyildi, həm də
hiyləgər ikiüzlü idi. Burada bizim üçün bir xəbərdarlıq var: zahiri
davranışımızla biz insanları aldada bilərik, lakin Məsihin hər şeyi
görən gözündən yayına bilmərik. Amma burada təkcə Yəhudanın
ikiüzlülüyündən bəhs olunmur. Əgər baş verənləri düzgün anlayırıqsa,
onda görəcəyik ki, İsa dönə-dönə Yəhudanı fikrindən daşınmağa
çağırır.
Yəhudilərin süfrə arxasında necə oturduğuna diqqət yetirək. Onlar
əslində oturmurdular, uzanmış vəziyyətdə olurdular. Masa bir qalın taxta
parçasından hazırlanırdı, onun ətrafında bir növ kiçik (uzunsov) taxtlar
qoyulurdu. Masa düzbucaqlı deyil, at nalı şəklində olurdu. Onun başı
sahibin yeri idi. Qonaqlar sol dirsəklərinə söykənərək, sol tərəfə
uzanır, sağ əlləri ilə yemək yeyirdilər. Bu vəziyyətdə hər qonağın başı,
demək olar ki, sol tərəfdəki adamın sinəsinə düşürdü. İsa alçaq masanın
başında oturmuşdu. Sevimli şagirdi isə, çox güman, sağ tərəfində
oturmuşdu. Çünki o, dirsəyinə söykənəndə, başı İsanın sinəsinə
söykənmişdi.
İsanın sevimli şagirdinin adı heç vaxt çəkilmir. Bəzi ilahiyyatçılar
onun Lazar olduğunu düşünürdülər, çünki Lazar haqqında deyilirdi ki, İsa
onu sevir (Yəhya 11:36). Digərləri onun sonda İsanın ardınca
getməyə qərar verən zəngin gənc olduğunu düşünürdülər, çünki onun
haqqında da deyilirdi ki, «İsa onu sevir» (Mark 10:21).
Bəziləri İsaya xüsusilə yaxın olan hansısa naməlum şagirdin olduğunu
deyirdilər. Digərləri isə bu adamın real olmadığını, Məsihin əsl şagirdi
necə olmalıdır fikrini irəli sürürdülər. Ancaq üstünlük təşkil edən
fikir budur ki, həmin şagird Müjdəçi Yəhyanın özü idi. Biz də bu fikirlə
razıyıq.
Yəhudanın süfrədə tutduğu yer xüsusi diqqət çəkir. Çox güman, İsa
onunla birbaşa və şəxsən, başqalarının eşitmədiyi tərzdə danışa bilirdi.
Əgər bu belədirsə, onda Yəhuda yalnız bir yer tuta bilərdi — bu da
İsanın sol tərəfində. Onda Yəhyanın başı İsanın sinəsinə düşdüyü kimi,
İsanın da başı Yəhudanın sinəsinə düşürdü. Sahibinin sol tərəfindəki yer
ən şərəfli yer sayılırdı və ən yaxın dosta verilirdi. Şam yeməyi
başlayanda, yəqin ki, İsa Yəhudaya dedi: «Yəhuda, bu gün Mənim yanımda
otur, səninlə şəxsən danışmaq istəyirəm». İsanın yanında oturmaq dəvəti
artıq vicdana müraciət idi.
Ancaq bu, hamısı deyil. Ev sahibinin əlindən yemək tikəsi qəbul etmək
də yaxın dostluğun əlaməti idi. Boaz Ruta nə qədər hörmət etdiyini
göstərmək istəyəndə, onu biçinçilərlə nahara dəvət etdi və dedi: «Buraya
gəl, sən də çörəkdən ye, tikəni sirkə-şirəyə batır» (Rut 2:14).
Ərəblərdə quzunun ən yağlı tikəsini qoparıb hörmətli qonağa vermək adəti
var. Bu, avropalı üçün həmişə xoş olmasa da, dostluq əlaməti kimi tikəni
nəzakətlə qəbul edir. İsanın Yəhudaya tikəni verməsi də xüsusi dostluq
əlaməti idi. Amma şagirdlər buna əhəmiyyət vermədilər. Deməli, onlar
İsanın Yəhuda ilə mehriban rəftarına o qədər öyrəşmişdilər ki, bu dəfə
də heç bir əhəmiyyət vermədilər. Yəhuda həmişə Rəbbin dostluğu və
məhəbbəti ilə əhatə olunmuşdu.
Təəssüf ki, Yəhudanın qara ürəyinə dəfələrlə müraciət edilsə də, xain
öz qərarında möhkəm qaldı və fikrini dəyişmədi. Allah bizi sevgi
çağırışlarına belə biganəlikdən uzaq etsin.
SEVGİNİN SON ÇAĞIRIŞI
(Yəhya 13:21-30a (ardı))
Beləliklə, İsa Yəhudanı məqsədindən çəkindirmək üçün dəfələrlə
xeyirxahlıq və nəvaziş göstərsə də, yenə də faciə baş verdi. Onda
həlledici an gəlib çatdı. İsa uzatmağın mənasız olduğunu bilərək
Yəhudaya «Nə edəcəksənsə, tez et!» dedi. Gərginliyin artdığı bir mühitdə
faydasız çağırışları davam etdirmək nəyə lazımdır? Əgər bu baş
verməlidirsə, onda qoy tez baş versin.
Şagirdlər hələ də nə baş verdiyini bilmirdilər. Onlar elə
fikirləşirdilər ki, İsa Yəhudanı nahar üçün nəsə almağa, ya da
yoxsullara bir şey verməyə göndərib. Adətə görə, insanlar bayram vaxtı
heç nəyi olmayanlara pay göndərirdilər. Bu vaxt insanlar həmişəkindən
daha çox kasıblarla bölüşürdülər. Buna görə də pul qutusu Yəhudada
olduğu üçün şagirdlər elə düşünürdülər ki, İsa Yəhudanı yoxsullara ianə
vermək üçün göndərib. Belə ki, onlar da hamı kimi Pasxa bayramını qeyd
edə bilsinlər.
Yəhuda İsadan tikəni qəbul edəndə, şeytan onun içinə girdi. Sevgi
çağırışının nifrətə çevrildiyini düşünmək qorxuncdur. Amma şeytanın işi
məhz belədir. O, ən gözəl xəbəri elə təhrif edə bilər ki, xəbər ən
dəhşətli şeyə çevrilsin. O, sevgini ehtirasa, müqəddəsliyi
şöhrətpərəstliyə, tərbiyəni vəhşiliyə, qəlb bağlılığını məğrurluğa
çevirə bilər. Biz hər zaman ayıq olmalıyıq ki, şeytan həyatımızdakı
gözəllikləri öz alçaq məqsədləri üçün istifadə etməsin.
Yəhuda çölə çıxanda artıq gecə idi. Gecə idi, çünki gün artıq
bitmişdi. Amma burada gecə sözü başqa bir məna da verir. Burada başqa
gecədən bəhs olunur. Öz şəxsi məqsədlərini güdən insan Məsihi tərk
edəndə, onun həyatını gecənin qaranlığı bürüyür. İnsan xeyirxah
çağırışlara cavab vermək əvəzinə, pisliyə qulaq asanda, həmişə gecənin
zülməti gəlir. Nifrət sevginin işığını boğanda, qaranlıq gəlir. İnsan
İsa Məsihdən üz döndərəndə, zülmət olur.
Məsihə itaət edəndə biz işıqda gəzirik, lakin Ondan üz döndərən kimi
qaranlığa qərq oluruq. Qarşımızda iki yol var — işıqlı və qaranlıq. Qoy
Allah bizə düzgün seçim etmək üçün müdriklik versin. Çünki bilirik ki,
insan qaranlıqda asanlıqla yolunu aza bilər.
30-cu ayənin ikinci yarısının şərhinə növbəti hissədə
baxın.
31-32
DÖRDQAT İZZƏT (Yəhya 13:30-32)
Bu hissədə dördqat izzət var.
1. İsanın izzətlənmək vaxtı gəlib çatdı. Gərginlik keçdi, Yəhuda çölə
çıxdı və Çarmıx qaçılmaz oldu. Çarmıx Onun izzətlənəcəyi yer idi. Burada
biz yenə əbədi həqiqətlə üz-üzə dayanırıq: özünü qurban verənlər
izzətlənir. İstənilən döyüşdə ən yüksək izzət sağ qalanlara deyil, bu
döyüşdə canını qurban verənlərə məxsusdur. Tibdə zənginləşən həkimləri
deyil, başqalarını sağaltmaq üçün özünü qurban verənlər yadda qalır.
Tarix bizə sadə dərs öyrədir: özünü qurban verənlər ən yüksək şöhrəti
qazandılar.
2. İsa Allahı izzətləndirdi. O, Ataya itaət etməklə Onu
izzətləndirdi. İnsan ancaq itaət etməklə öz rəhbərinə ona hörmət
etdiyini, sevdiyini və güvəndiyini sübut edə bilər; lazım gələrsə, hətta
ölümədək gedə bilər. Uşaq yalnız itaətkarlığı ilə valideynlərinə hörmət
etdiyini və onları sevdiyini göstərir. İsa ölümədək itaət etməklə
Atasına ən yüksək şərəf və izzəti verdi.
3. Allah İsada izzətləndi. Allahın ən yüksək izzətinin İsanın
təcəssümündə və Çarmıxa çəkilməsində aşkar olması bizə qəribə görünə
bilər. Sevilməkdən daha gözəl heç nə yoxdur. Əgər Allah uzaq, sakit və
laqeyd olsaydı, insanların kədərinə və ağrılarına biganə qalsaydı,
insanlar Ondan qorxardılar. Bəlkə də Ona pərəstiş edərdilər, amma heç
vaxt Onu sevməzdilər. Fədakarlıq qanunu təkcə dünyəvi deyil, həm də
səmavi qanundur. İsanın yer üzünə insan kimi gəlməsi və Çarmıxa
çəkilməsi ilə Allahın izzəti tamamilə özünü göstərdi.
4. Allah İsanı izzətləndirəcək. Bu, baş verənlərin digər tərəfidir.
Həmin anda Çarmıx İsanın izzəti idi. Lakin Onu daha böyük izzət
gözləyirdi. Qarşıda həm Dirilmə, həm də göyə qaldırılma olacaqdı. Daha
sonra isə Əhdi-Cədidin Onun İkinci Gəlişi kimi bəhs etdiyi tam və son
zəfər var idi. Çarmıxda İsa Öz izzətini tapdı. Lakin gün gələcək ki,
bütün dünya, bütün kainat Onun izzətini görəcək. Həmin gün artıq gəlib
çatır. Məsihin ucaldılması Onun alçaldılmasından sonra gəlməli idi,
izzət taxtına isə Çarmıxa çəkildikdən sonra oturmalı idi. Tikanlı tac
izzət tacına çevrilməli idi. İndi Onun yolu Çarmıxdan keçməlidir. Amma
qarşıda Onu bütün dünyanın görəcəyi Padşahın zəfəri gözləyir.
33-35
VİDA ƏMRİ (Yəhya 13:33-35)
İsa şagirdlərinə son əmrini söylədi. Vaxt qısa idi. Şagirdlərin Onun
səsini eşitməsi vacib idi. Çünki İsa onların gedə bilməyəcəkləri bir
yola çıxırdı. O, tək getməli olduğu bir yola çıxırdı. Lakin onları tərk
etməzdən əvvəl əmr etdi ki, onları sevdiyi kimi, onlar da bir-birilərini
sevsinlər. Bu bizim üçün, eləcə də başqaları ilə münasibətlərimiz üçün
nə deməkdir? İsa şagirdlərini necə sevirdi?
1. İsa onları fədakarcasına sevirdi. İnsan nə qədər dərin sevsə də,
yenə onda eqoizm elementi qalır. Bəlkə də bunu bilərəkdən etmirik, amma
biz çox vaxt öz mənfəətimiz haqqında düşünürük. Biz ala biləcəyimiz
xoşbəxtlik və ya sevilmədiyimiz halda rastlaşacağımız tənhalıq barədə
düşünürük. Çox vaxt özümüzdən soruşuruq: «Bu sevginin mənə nə faydası
var?» Adətən, biz şüur altında şəxsi istəklərimizi və almaqdan çox
vermək istəyimizi saxlayırıq. Lakin İsa heç vaxt Öz mənfəətini güdmürdü.
Onun yeganə arzusu sevdikləri uğrunda Özünü qurban vermək idi.
2. İsa şagirdlərini canını qurban verməklə sevirdi. İsanın onlar üçün
olan məhəbbətinin həddi yox idi. O, şagirdləri üçün hər şeyə hazır idi.
Elə bir tələb yox idi ki, Onun üçün çox görünsün. Əgər sevgi Çarmıx
demək idisə, İsa ora getməyə də hazır idi. Bəzən biz səhv olaraq belə
qənaətə gəlirik ki, sevgi bizi xoşbəxt etməlidir. Düzdür, nəticədə o
bizi xoşbəxt edir. Amma özü ilə birlikdə əzab da gətirir, hətta Çarmıxa
çəkilmək belə tələb edə bilər.
3. İsa şagirdlərini anlayışla sevirdi. İsa onları hərtərəfli
tanıyırdı. Biz insanlarla birlikdə yaşamayana qədər onları tanımırıq.
İnsanlarla vaxtaşırı görüşəndə onların yaxşı tərəflərini görürük.
Onlarla yaşayanda isə zəifliklərini də öyrənirik. İsa aylarca şagirdləri
ilə birlikdə yaşadı. Onlar haqqında bilməli olduğu hər şeyi bilirdi və
onları sevirdi! Bəzən deyirik ki, sevginin gözü kordur. Amma belə deyil.
Çünki kor olan sevgi sonda məyusluqla bitir. Əsl sevgi açıq gözlə baxır
və xəyali insanı deyil, gerçək olanı sevir. Onu olduğu kimi sevir.
İsanın bizi olduğumuz kimi sevməyi üçün kifayət qədər məhəbbəti var.
4. İsa şagirdlərini bağışlayaraq sevirdi. Çətin anda hamı Onu tərk
etdi. Yer üzündə yaşadığı vaxt şagirdlərdən heç biri Onu başa düşmürdü.
Onların hamısı kor, duyğusuz, öyrənməyə ləng, zəif anlayışlı idi. Sonda
qorxaq çıxdılar. Lakin İsa onlardan incimirdi. Elə bir nöqsan yox idi
ki, İsa onu bağışlaya bilməsin. Bağışlamağa hazır olmayan sevgi yalnız
məhv ola bilər. Biz yazıq varlıqlarıq. Həmişə sevdiklərimizi incidirik.
Buna görə də hər şeyə tab gətirən sevgi bağışlamalıdır. Bağışlamayan
sevgi məhvə məhkumdur.
36-38
TƏRƏDDÜD EDƏN SƏDAQƏT
(Yəhya 13:36-38)
Peterlə Yəhuda arasındakı fərq nə idi? Yəhuda İsaya xəyanət etdi.
Onun adı dəhşətli biabırçılıqla əlaqələndirilir. Peter isə çətin anda
and içərək İsanı inkar etsə də, həmişə dəyərli hesab olunur. Fərq budur:
Yəhudanın xəyanəti əvvəlcədən düşünülmüş, qəsdən soyuqqanlılıqla həyata
keçirilmişdir. Şübhəsiz ki, Yəhudanın xəyanəti diqqətlə düşünülmüş bir
planın nəticəsi idi. Buna görə də o, geri dönmək çağırışlarına sonadək
məhəl qoymadı. Peterin inkarı haqqında demək olar ki, o, bunu əvvəlcədən
düşünməmişdi. Peter İsanı inkar etmək niyyətində deyildi, sadəcə olaraq,
hisslərinə əsir düşdü. Halbuki ürəyi həmişə İsaya qarşı düzgün
münasibətdə idi. Soyuqqanlıqla və bilərəkdən edilən günahla, zəif iradə
və ya həyəcan səbəbindən qeyri-ixtiyarı edilən günah arasında həmişə
böyük fərq var. İnsanın bilə-bilə etdiyi günahla, zəif düşdüyü və ya nə
etdiyini bilməyəcək qədər həyəcanlı olduğu vaxt etdiyi günah arasında
həmişə fərq var. Allah bizi qəsdən özümüzü və sevdiklərimizi incitməkdən
qorusun! Peterin İsaya münasibətində təsirli nəsə var.
1. İsa Peterin bütün zəif cəhətlərini bilirdi. O, Peterin
impulsivliyini, qeyri-sabitliyini və düşünmədən danışmağa meylli
olduğunu bilirdi. O, Peterin sədaqətinin gücü qədər qətiyyətinin də zəif
olduğunu bilirdi. Bir sözlə, Peteri olduğu kimi tanıyırdı.
2. İsa Peterin Onu nə qədər sevdiyini də bilirdi. Kaş başa düşə
biləydik ki, çox vaxt bizi incidən, məyus edən insanlar bunu qəsdən
etmirlər. Çünki onlar bizi ürəkdən sevirlər. Axı insanda əsas olan onun
çatışmazlıqları və zəiflikləri deyil, sevgisidir. İsa bilirdi ki, Peter
Onu sevir. Əgər insanların bizi ürəkdən sevdiklərini həmişə xatırlasaq,
zəifliklərini bağışlayar və bir çox inciklikdən, faciəli ayrılmalardan
qaçardıq.
3. İsa Peteri təkcə olduğu kimi deyil, həm də ola biləcəyi kimi
tanıyırdı. O bilirdi ki, Peter indi Onun ardınca gedə bilməsə də,
gələcəkdə Onun uğrunda iztirab çəkəcək. Məsihin böyüklüyü ondadır ki, O,
qorxaq insanda qəhrəman görür. Çünki insanı olduğu kimi deyil, gələcəkdə
Onun əlində necə olacağı kimi görür. Onun insanın necə ola biləcəyini
görən sevgi dolu gözləri var. O, həmçinin insanın da buna nail olmasına
kömək edən gücə malikdir.