21-ci fəsil
1-14
İstənilən nöqteyi-nəzərdən sonuncu fəsil qəribə görünür. Müjdə 20-ci
fəsildə bitir, sonra 21-ci fəsildə sanki yenidən başlayır. Müəllif son
dərəcə vacib bir şey demək istəyirmiş kimi bu fəsli yazmağa qərar verir.
Biz artıq bilirik ki, Yəhyanın Müjdəsində, demək olar, hər şey ikiqat
məna daşıyır: biri zahiri, digəri gizli. Buna görə də bu fəsli
araşdırarkən onun tamamlanan Müjdəyə niyə əlavə edildiyini anlamağa
çalışacağıq.
DİRİLMİŞ RƏBB (Yəhya 21:1-14)
Bu hekayə, şübhəsiz ki, Qalileya dənizindəki balıqçılarla yaxşı tanış
olan bir şəxs tərəfindən yazılmışdır. Gecə balıq ovu üçün ən yaxşı vaxt
idi. Daha əvvəl adı çəkilən «Ölkə və kitab» əsərinin müəllifi V.T.Tomson
gecə balıq ovunu təsvir edir:
«Bu, möhtəşəm mənzərədir. Məşəl işığında qayıq dənizin parıldayan
səthi ilə irəliləyir. Balıqçılar isə dayanıb irəliyə baxır. Balıq görən
kimi cəld torlarını və ya nizələrini atırlar. Amma çox vaxt sübh tezdən
sahilə qayıdan kədərli, yorğun balıqçıları görmək olar».
Burada dənizdə tez-tez baş verən hadisə təsvir edilir. Unutmayaq ki,
qayıq sahildən cəmi iki yüz qulac (təxminən yüz metr) məsafədə idi.
H.V.Norton şahidi olduğu oxşar hadisəni təsvir edir:
«Sahildən çox da aralıda olmayan eyni göldə iki balıqçı balıq
tuturdu. Balıqçılardan biri suya girib hər dəfə boş çıxan torunu atırdı.
Onun toru necə atdığını, torun hava ilə necə dolduğunu və torun
qıraqlarında bərkidilən qurğuşunların bərabər cərgə ilə suya necə
endiyini izləmək xoş idi. Onlar balıqçının istədiyi yerə düşərək suyun
səthində yarımdairəvi xətlər buraxırdı. Sahildəki dostu qışqırdı ki,
torunu sol tərəfə atsın. O, dərhal bunu etdi və bu dəfə istədiyinə nail
oldu... Çox vaxt elə olur ki, əlində tor qayıqda duran balıqçı sahildə
balıq sürüsünün harada üzdüyünü görən birinin məsləhətinə qulaq asmaq
məcburiyyətində qalır».
İsa balıqçı dostlarına məhz həmin məsləhətçinin rolunu oynayırdı.
Bugünkü günümüzdə də bunu tez-tez müşahidə etmək olar.
Ola bilsin, dan yeri sökülmədiyinə görə şagirdlər İsanı tanımadılar.
Lakin İsanın sevdiyi şagird diqqətlə baxanda Rəbbi tanıdı. Peter həmin
adamın Rəbb olduğunu bilən kimi özünü suya atdı. O, tamamilə çılpaq
deyildi. Çünki balıqçılar balıq tutanda bellərində sarıq olurdu. Buna
baxmayaraq, yəhudi qanunlarına görə, insanla salamlaşmaq dini akt idi və
bu, layiqli formada edilməli idi. Ona görə də Peter İsanı birinci
salamlamaq üçün geyinməyə tələsdi.
DİRİLMƏNİN GERÇƏKLİYİ
(Yəhya 21:1-14 (ardı))
İndi biz tamamlanmış Müjdəyə bu qəribə fəslin niyə əlavə edilməsinin
ilk tutarlı səbəbini nəzərdən keçirəcəyik. Bu fəsil Məsihin dirilməsinin
reallığını göstərir. Bir çoxları deyirdilər ki, İsanın dirilməsindən
sonra şagirdlərə görünməsi xəlayətdən başqa bir şey deyildi. Bir çox
insan görüntünün mövcud olması ilə razılaşır, lakin yenə də onları
yalnız görüntü hesab edir. Digərləri daha da irəli gedərək deyirlər ki,
bunlar hətta görüntü deyil, hallüsinasiyadır. Müjdələr isə dirilmənin
gerçəkliyini inandırıcı şəkildə göstərir. Qəti şəkildə vurğulayır ki,
ölülərdən dirilmiş Məsih nə görüntü, nə hallüsinasiya, nə də ruh idi. O,
həqiqi insan idi. Müjdələr məzarın boş olduğunu və Məsihin dirilməsindən
sonra əllərində mismar izləri və böyründə nizə yaraları olan həqiqi bir
bədənə sahib olduğunu bildirir. Ancaq bu hekayə daha da irəli gedir.
Görüntü və ya ruh balıqçılara suda bir balıq sürüsünü göstərə bilməzdi.
Çətin ki, ruh və ya görüntü sahildə ocaq qalayıb, nahar yeməyi bişirsin
və dostları ilə bölüşsün. Bu hekayədə isə ölülərdən dirilən Məsih
bunları edir. Yəhya qapıları bağlı halda İsanın yuxarı otağa necə
girdiyindən bəhs edəndə deyir ki, «onlara əllərini və böyrünü göstərdi»
(Yəhya 20:20).
Smirna imanlı cəmiyyətinə yazdığı məktubunda İqnati bu hadisə ilə
bağlı olanları danışır. O yazır: «Mən bilirəm və inanıram ki, İsa hətta
Dirildikdən sonra da bədəndə olub. Çünki Peterin və başqalarının yanına
gələndə onlara demişdi: «Mənə toxunun və görün ki, Mən ruh deyiləm».
Şagirdlər İsaya toxundular və Onun ətdən və qandan ibarət olduğuna əmin
oldular... Dirildikdən sonra O, bədənə sahib olanlara xas olduğu kimi,
onlarla birlikdə yemək yedi».
Bu fəslin birinci və ən mühüm məqsədi dirilmənin gerçəkliyini
göstərməkdir. Dirilən İsa bir görüntü və ya kiminsə təxəyyülünün
məhsulu, ruh və ya kabus deyildi, ölümə qalib gələn və yenidən qayıdan
Rəbb idi.
İMANLI
CƏMİYYƏTİNİN UNİVERSALLIĞI (Yəhya 21:1-14 (ardı))
Burada daha bir böyük həqiqət göstərilir. Dördüncü Müjdədə hər kiçik
detal əhəmiyyətlidir. Buna görə də Yəhya balıqların dəqiq sayını — 153
olduğunu boş yerə vermiş ola bilməz. Bu hissəni səthi oxuyanlar hesab
edirlər ki, balıqlar şəriklər arasında bölüşdürülməli olduğu üçün
sayılmışdı. Çünki ov olduqca zəngin idi. Ancaq Yəhyanın sadə görünən
hekayələrində və sözlərində dərin məna gizlətmə tərzini xatırlasaq,
burada daha böyük nəyinsə olduğunu güman etməliyik.
Müxtəlif fərziyyələr var.
1. İsgəndəriyyəli Kiril deyir ki, 153 rəqəmi üç hissədən ibarətdir.
Birincisi, bütpərəstlərin tam sayını bildirən 100 rəqəmi. O deyir ki,
yüz tamamlanmış rəqəmdir. Çobanın tam sürüsü yüz qoyundan ibarətdir
(Matta 18:12). Toxumun ən bəhrəli sayı yüz dəfə çox olmasıdır.
Buna görə də yüz rəqəmi Məsihə gətiriləcək bütpərəstlərin tam sayıdır.
İkincisi, 50 rəqəmi. Bu, toplanacaq İsrail qalıqlarının sayını göstərir.
Üçüncüsü, Üçlük mənasını verən 3 rəqəmi. Hər şey Üçlüyün izzəti üçün baş
verir.
2. Müqəddəs Avqustin başqa bir izahat verir. O deyir ki, 10 qanunun
sayıdır. Çünki qanun On Əmrdən ibarətdir. 7 lütf rəqəmidir, çünki Ruhun
ənamları yeddi qatdan ibarətdir. On üstəgəl yeddi 17 edir. 153 isə 1-dən
17-yə kimi rəqəmlərin cəmidir. Beləcə qanun və ya lütf əsasında İsa
Məsihə üz tutanların hamısının sayını göstərir.
3. Ən sadə izahı İyeronim verir. O deyir ki, dənizdə 153 növ balıq
var və ov bütün növləri təmsil edir. Buna görə də bir gün bütün
xalqlardan olan insanların Məsihin ətrafına toplanacağı mənasını
verir.
Biz daha bir məsələyə də diqqət yetirməliyik. Bu qədər balıq bir tora
yığılmışdı və tor cırılmadı. Tor İmanlı Cəmiyyətini simvollaşdırır,
orada bütün xalqlardan olan insanlar üçün yer var. Hətta bütün insanlar
gəlsə belə, onların hamısı üçün yer olacaq və İmanlı Cəmiyyəti hamını
əhatə edə biləcək.
Burada Yəhya bizə məcazi mənada İmanlı Cəmiyyətinin universallığı
haqqında danışır. Burada heç bir istisnalıq, irqçilik və ya hər hansı
digər antaqonizm yoxdur. Onun
əhatə dairəsi Allahın
İsa Məsihdə olan məhəbbətindən daha universal deyil. Məhz Peterin toru
sahilə çıxarması bizə bu fəslin, ümumiyyətlə, nə üçün yazıldığını və
Müjdəyə əlavə edildiyini göstərir.
15-19
MƏSİHİN QUZULARININ
ÇOBANI (Yəhya 21:15-19)
Burada Peterin ömrünün sonuna kimi yaddaşında həkk olunmuş bir səhnə
canlanır.
1. Əvvəlcə İsanın Peterə verdiyi suala baxmalıyıq: «Ey Yəhya oğlu
Şimon, Məni bunlardan çox sevirsənmi?» Sualın bu şəkildə verilməsi iki
məqamı ifadə edə bilər.
a) Ola bilsin, İsa əlini qayığa, torlara uzadaraq belə deyib: «Sən
Məni bütün bunlardan daha çox sevirsənmi? Xalqıma və Mənə xidmət etmək
üçün uğurlu karyerandan, rahatlığından və öz işindən imtina etməyə
hazırsanmı?» Bu, bütün həyatını Müjdəni təbliğ etməyə, Məsihin xalqının
qayğısına qalmağa həsr etməyə son qərarı vermək üçün Peterə çağırış ola
bilərdi.
b) Ola bilsin, İsa digər şagirdlərə baxıb Peterdən soruşdu: «Peter,
sən Məni digər şagirdlərdən daha çox sevirsənmi?» Bəlkə də İsa Peterin
«Hamı Səni atıb getsə də, mən əsla atıb getməyəcəyəm» (Matta
26:33) dediyi gecəni xatırlayıb. Ola bilsin, İsa Peterə bir vaxtlar
yalnız onun İsaya sadiq qalacağını düşündüyünü, sonra isə necə geri
çəkildiyini xatırladıb. Çox güman, ikinci məna daha uyğundur. Çünki
cavabında Peter müqayisə aparmır, yalnız sadə cavabla kifayətlənir:
«Bəli, ya Rəbb, Səni sevdiyimi bilirsən».
2. İsa bu sualı üç dəfə verdi. Bunun da öz səbəbi var idi. Peter
İsanı üç dəfə inkar etdi, Rəbb də ona sevgisini sübut etmək üçün üç dəfə
şans verdi. İsa lütf göstərərək Peterə üç dəfə inkarını üç dəfə məhəbbət
bəyanı ilə silmək şansı verdi.
3. Peterin məhəbbətinin ona nə qazandırdığına diqqət
yetirməliyik.
a) Ona bir tapşırıq qazandırdı. İsa dedi: «Əgər Məni sevirsənsə,
həyatını quzularıma həsr elə». Biz Rəbbi sevdiyimizi yalnız başqalarına
məhəbbət göstərməklə sübut edə bilərik. Sevgi dünyada ən böyük
üstünlükdür. O, həm də özü ilə birlikdə böyük məsuliyyət daşıyır.
b) Məhəbbət Peterə Çarmıx gətirdi. İsa ona dedi: «...cavan olanda
qurşağını özün bağlayıb istədiyin yerə gedərdin, amma qocalanda əllərini
uzadacaqsan və başqası sənin qurşağını bağlayıb istəmədiyin yerə
aparacaq» (21:18). Vaxt gəldi, Peter Romada Rəbb uğrunda öldü.
Onu da Çarmıxa çəkdilər. Lakin o, başıaşağı Çarmıxa çəkilməsini istədi,
çünki özünü Məsihin öldüyü kimi ölümə layiq görmədi. Məhəbbət Peterə
tapşırıq və Çarmıx gətirdi. Məhəbbət həmişə məsuliyyətə bağlıdır və
həmişə qurbanla əlaqələndirilir. İsanın tapşırığını və Çarmıxını qəbul
etməyə hazır olmayana qədər biz Məsihi həqiqətən sevmiş olmuruq.
Yəhya bu hadisəni təsadüfən qeydə almayıb. O, Peteri Məsihin
sürüsünün böyük çobanı kimi göstərmək istəyirdi. Erkən İmanlı
Cəmiyyətində insanların həvariləri müqayisə etməsi mümkündür, bəlkə də
qaçılmaz hal idi. Bəziləri həvarilərdən Yəhyanın, bəziləri Paulun daha
nüfuzlu olduğunu söyləyirdi. Çünki Paul Məsih üçün dünyanın ucqarlarına
qədər gedirdi. Lakin bu fəsil Peterin xüsusi yer tutduğunu göstərir.
Peter nə Yəhya kimi danışır və yazır, nə də Paul kimi uzaq səyahətlərə
çıxırdı. Lakin ona Məsihin quzularının çobanı olmaq kimi şərəfli və
gözəl vəzifə verilmişdi. Biz də onun izi ilə gedə bilərik. Ola bilsin,
biz də Yəhya kimi düşünə, Paul kimi dünyanın ucqarlarına gedə bilməyək.
Amma hər birimiz başqasına yolunu azmamaqda kömək edə bilər. Hər birimiz
Məsihin otlaqlarında Məsihin quzularını bəsləyə bilər.
20-24
MƏSİH HAQQINDA ŞƏHADƏT
(Yəhya 21:20-24)
Bu hissə aydın şəkildə göstərir ki, Yəhya, böyük ehtimalla, çox
yaşamışdır. Məsihin gəlişinə qədər onun ölməyəcəyi haqqında şayiə
yayılanda o, hələ sağ idi. Əvvəlki hissə Peterin yerini
müəyyənləşdirdiyi kimi, bu hissə də Yəhyanın yerini müəyyənləşdirir.
Onun xidməti Məsih haqqında şəhadət etməsi idi. Yenə də erkən İmanlı
Cəmiyyətində adamlar həvarilərin xidmətlərini müqayisə edirdilər. Yəqin
ki, onlar Paulu göstərib, onun uzaq ölkələrə necə səyahət etdiyi barədə
danışırdılar. Onlar Peterə işarə edərək onun Məsihin sürüsünün qayğısına
qaldığını söyləyirdilər. Sonra isə yəqin maraqlanırdılar ki, qocalana
qədər Efesdə yaşamağa davam edən Yəhyanın xidməti nədir? Cavab belədir:
Paul Məsihin xidmətinin təşəbbüskarı, Peter Onun çobanı, Yəhya isə Onun
şahidi idi. Yəhya «…biz Onu eşitdik, gözlərimizlə gördük, seyr etdik və
əllərimizlə hiss etdik» deyə bilən biri idi.
Bu günə qədər məsihçilik üçün ən güclü arqument şəxsi təcrübədir. Bu
gün də əsl məsihçi «Mən İsanı tanıyıram və bunların həqiqət olduğunu
bilirəm» deyə bilən biridir.
Beləliklə, bu Müjdə sonda İmanlı Cəmiyyətinin iki böyük xidmətçisini
ortaya çıxarır — həvari Peteri və həvari Yəhyanı. Rəbb İsa onların hər
birinə xüsusi tapşırıq verdi. Peterə deyildi ki, Məsihin quzularını
bəsləsin, sonda Məsih üçün canını versin. Yəhyaya Məsih üçün şəhadət
etmək və lap qoca yaşında ömrünü sülh içində başa vurmaq tapşırıldı. Bu
onları şərəf və nüfuza görə rəqib, birini digərindən üstün etmədi.
Əksinə, hər ikisini Məsihin xidmətçisi etdi.
Qoy insan Məsihə Məsihin qoyduğu yerdə xidmət etsin! Necə ki İsa
Peterə dedi: «Başqalarından sənə nə? Sənin işin Mənim ardımca
gəlməkdir». İsa bu sözü hər birimizə deyir. Bizim nüfuzumuz özümüzü
başqaları ilə müqayisə etməkdə deyil, Məsihin bizə verdiyi
qabiliyyətlərə uyğun olaraq Ona xidmət etməkdədir.
25
QEYRİ-MƏHDUD MƏSİH (Yəhya
21:25)
Bu son fəsildə dördüncü Müjdənin müəllifi onu yazdığı İmanlı
Cəmiyyətinə böyük həqiqətləri açıqlayır. O, imanlılara Dirilmənin
reallığını, İmanlı Cəmiyyətinin universallığını, Peter və Yəhyanın
şöhrət və nüfuz uğrunda rəqib olmadıqlarını, Peterin böyük çoban,
Yəhyanın isə böyük şahid olduğunu xatırladır. İndi o, fikrini bir daha
İsa Məsihin böyüklüyünə yönəldərək müjdəni tamamlayır. Məsih haqqında
bildiklərimiz Onun haqqında biləcəyimiz hər şeyin yalnız bir hissəsidir.
Yaşadığımız möcüzələr hələ görmədiklərimizlə müqayisədə heç nədir.
İnsani kateqoriyalar Məsihi təsvir etmək gücündə deyil, insani kitablar
Onu səhifələrinə sığdıra bilməz. Buna görə də Yəhya Müjdəsini İsa
Məsihin saysız-hesabsız qələbələri, tükənməz gücü və sonsuz lütfünün
təsviri ilə bitirir.