1-ci fəsil
1-5
XİDMƏTİ
DAVAM ETDİRMƏK ÜÇÜN QÜDRƏT (Həvarilərin İşləri 1:1-5)
Həvarilərin İşləri kitabı iki mənada tamamlanmamış hekayənin ikinci
cildini təmsil edir. Birinci mənada Həvarilərin İşləri kitabı Lukanın
Teofilə göndərdiyi ikinci cilddir. Birinci cilddə Müjdədə Luka İsa
Məsihin yer üzündəki həyatından bəhs edir. İkinci cilddə o, İmanlı
Cəmiyyəti haqqında hekayəni davam etdirir. Digər tərəfdən, Həvarilərin
İşləri kitabı sonu olmayan bir hekayənin ikinci hissəsidir. Müjdə yalnız
«İsanın göyə qaldırıldığı günədək başladığı işlər və öyrətməyə başladığı
tam təlim barəsində» hekayədir.
Ölümsüzlük fərqli ola bilər. Birincisi, şöhrətin
ölümsüzlüyü. «Henri» əsərində V.Şekspir kralın dili ilə Azenkur
döyüşündə qələbə qazanılacağı təqdirdə ölməz xatirə vəd edən belə bir
nitq söyləyir:
«Döyüşün əks-sədası bütün əsrlərə çatacaq,
Qələbə çalan adlarımız əbədi olaraq şanlı olacaq»
Şübhəsiz, İsa elə bir ölümsüzlük qazandı ki, Onun adı heç vaxt
unudulmayacaq.
İkincisi, davamlı təsir. Bəzi insanlar dünyaya elə təsir
göstərir ki, heç vaxt izi getmir. Kopernik və Kolumbu xatırlatmaq
kifayətdir. İsa dünyaya və insan həyatına əbədi davam edəcək daha böyük
təsir göstərmişdir. Lakin ölməzliyin bütün formalarından daha yüksəyi
əbədi mövcudluq və səlahiyyətdir. Məsih bizə nəinki
əbədi adını və təsirini qoydu, O, bu gün də diridir və fəaliyyət
göstərir. O, «Var olan, Var olmuş və Gəlməli olan Külli-İxtiyar» Rəbdir
(Vəhy 1:8).
Həvarilərin İşləri kitabı bizə öyrədir ki, Məsihin həyatı Onun
Cəmiyyətində davam edir. Con Forster günlərin bir günü hindi
nümayəndəsinin hind yepiskopunun yanına gəldiyindən bəhs edir. O, heç
bir kömək olmadan Əhdi-Cədidi oxumuş, ona valeh olmuş və Məsihin
təsirinə düşmüşdü. O, daha çox oxuduqca hiss etdi ki, başqa bir dünyaya
qədəm qoyub. İncildə o, Məsih, Onun əməlləri və əzabları haqqında
öyrəndi. Həvarilərin İşləri kitabında İsanın yerini Onun şagirdləri,
onların işləri, düşüncələri və təlimləri tutdu. İmanlı Cəmiyyəti ölümün
İsanın həyatında bitirdiyi işi davam etdirirdi. Buna görə həmin adam
dedi: «Mən Məsihin həyatını davam etdirən İmanlı Cəmiyyətinə
mənsub olmalıyam». Həvarilərin İşləri kitabı bizi «Məsihin həyatını
davam etdirən İmanlı Cəmiyyəti» ilə tanış edir.
Birinci hissə İmanlı Cəmiyyətinin Müqəddəs Ruh vasitəsilə İsanın
işlərini görmək üçün necə qüdrət aldığını izah edir. Biz çox vaxt
Müqəddəs Ruhu Təsəlliverici kimi qəbul edirik. Bu söz Uiklifə
gedib çıxır. Lakin Uiklifin dövründə bu söz başqa məna daşıyırdı. O,
latın mənşəli fortis sözündən irəli gəlir, mənası
cəsarətli deməkdir. Məhz buna görə Təsəlliverici insanları
cəsarət və qüdrətlə doldurur.
Həvarilərin İşləri kitabında Müqəddəs Ruhun işini dirilmiş Məsihin
işlərindən ayırmaq çətindir. Onları ayırmağa ehtiyac da yoxdur. Çünki
Ruhun təzahürü İsanın vədinin yerinə yetirilməsidir: «Budur, Mən dövrün
sonuna qədər hər gün sizinləyəm» (Matta 28:20).
Həmçinin aşağıdakıları da qeyd etmək lazımdır. Həvarilərə Müqəddəs
Ruhun təzahürünü gözləmək əmr edilmişdi. Əgər biz gözləməyi öyrənsəydik,
daha çox qüdrətə, cəsarətə və sülhə sahib olardıq.
Gündəlik həyatda biz sakitlikdə gözləməyə məcburuq. «Rəbbə ümid
bağlayanlarsa yeni qüvvət alar» (Yeşaya 40:31) Ağır işin içində
yeni qüvvət almaq vacibdir.
6-8
ALLAHIN
PADŞAHLIĞI VƏ ONUN ŞAHİDLƏRİ (Həvarilərin işləri 1:6-8)
İsa Öz missiyası boyunca ciddi anlaşılmazlıqlarla üzləşirdi. Onun
təbliğində mərkəzi yeri Allahın Padşahlığı tuturdu (Mark 1:14).
Amma O, Allahın Padşahlığı haqqında danışarkən heç də dinləyicilərinin
başa düşdüklərini nəzərdə tutmurdu.
Yəhudilər Allahın seçilmiş xalqı olduqlarını yaxşı bilirdilər.
Bununla da onlar xüsusi imtiyazlara malik olduqlarını düşünürdülər. Yəni
bu dünyadakı hakimiyyət onlara məxsusdur. Lakin bu xalqın tarixi gedişi
göstərdi ki, insani nöqteyi-nəzərdən bunu heç vaxt həyata keçirmək
mümkün deyil. İsrail kiçik ölkə idi. Onun sərhədləri şimaldan cənuba 190
kilometr, qərbdən şərqə 65 kilometr təşkil edirdi. Bir vaxtlar o,
müstəqil ölkə idi. Lakin sonralar dalbadal Babil, Fars, Yunanıstan və
Roma tərəfindən fəth edilmişdi. Buna görə də yəhudilər Allahın
bəşəriyyət tarixinə birbaşa müdaxilə edəcəyi və arzuladıqları
hakimiyyəti onlara verəcəyi günü gözləyirdilər. Onlar səltənəti siyasi
mənada anlayırdılar.
Bəs İsa Səltənəti necə təsəvvür edirdi? Bunun üçün «Ey göylərdə olan
Atamız» duasına baxaq. Burada iki xahiş yan-yana durur: «Qoy Padşahlığın
gəlsin; Göydə olduğu kimi yerdə də Sənin iradən olsun».
Yəhudilər üçün bir fikri iki paralel formada ifadə etmək səciyyəvidir
(bunu məzmurun istənilən ayəsini təhlil edərkən görmək olar), həm də
ikinci fikirdə birincisi təkrarlanır və ya mənası qüvvətlənir. Rəbbin
duasında bu iki xahiş eyni şəkildə tərtib edilmişdir. İkinci xahiş
birincini aydınlaşdırır. Beləliklə, biz görürük ki, İsa Padşahlıq
dedikdə, Allahın iradəsinin göydə olduğu kimi yerdə də mükəmməl
olacağını nəzərdə tuturdu. Məhz buna görə də Onun Padşahlığı zorakılığa
deyil, sevgiyə əsaslanmalıdır.
Müqəddəs Ruh olmadan insanlar Padşahlığa nail ola bilməzlər. Luka
artıq iki dəfə Ruhun təzahürü haqqında danışıb. Düşünmək lazım deyil ki,
Müqəddəs Ruh insanlara ilk dəfə idi görünürdü və ya O, əvvəl,
ümumiyyətlə, mövcud olmayıb. Çünki hansısa bir qüvvə mövcud ola və eyni
zamanda müəyyən vaxta qədər insan təcrübəsi üçün əlçatmaz qala bilər.
Məsələn, insanlar atom enerjisini icad etməyiblər. O, həmişə mövcud
olub, aşkara çıxarılması isə bizim dövrümüzə təsadüf edib. Allahda da
belədir. Ata, Oğul və Müqəddəs Ruh əbədi mövcud olub. Lakin insanlar
yalnız müəyyən vaxtlarda həmişə yanlarında olan gücü tamlığı ilə hiss
edirdilər.
Müqəddəs Ruhun qüdrəti insanları Məsihin şahidləri etdi. Bu şəhadət
bir sıra genişlənən mərkəzi dairələrdə özünü göstərməli idi: əvvəlcə
Yerusəlimdə, sonra Yəhudeyada, daha sonra bütpərəst dünyaya bir növ
körpü rolunu oynayan yarı yəhudi ölkəsi olan Samariyada. Sonda isə yerin
ucqarlarınadək çatmalı idi.
Gəlin əvvəlcə məsihçi şəhadəti haqqında bəzi məqamları qeyd edək.
Birincisi, şahid «Bilirəm ki, bu doğrudur» deyir. Bir vaxtlar Con Bunyan
imanından tam əmin deyildi. Yəhudilərin və müsəlmanların öz dinlərini ən
yaxşı hesab etmələri onu narahat edirdi. Bəs məsihçilər də məsihçiliyin
ən yaxşı din olduğuna inanırlarsa, onda necə? Şahid «məncə,
belə olub» demir. O, «Bunun belə olduğunu dəqiq bilirəm» deyir.
İkincisi, həqiqi şahid təkcə sözdə deyil, əməldə də etibarlıdır.
Stenli Mərkəzi Afrikada Livinqstonu tapıb onunla bir qədər vaxt
keçirəndə belə demişdi: «Əgər onun yanında daha çox qalsaydım, şübhəsiz,
məsihçi olardım, baxmayaraq ki, o, məsihçilik haqqında mənə heç vaxt
danışmayıb». Livinqstonun həyatı məsihçiliyin təkzibolunmaz sübutu
idi.
Üçüncüsü, yunan dilində şahid və şəhid martus sözü ilə
müəyyən edilir. Şahid şəhid olmağa hazır olmalı idi. Şahid olmaq, nəyin
bahasına olursa-olsun, sadiq qalmaq deməkdir.
9-11
GÖYƏ
QALDIRILMANIN VƏ QAYIDIŞIN ƏZƏMƏTİ (Həvarilərin İşləri 1:9-11)
Bu qısa hissədə biz Əhdi-Cədiddə iki çətin anlayışla qarşılaşırıq.
Birincisi, orada göyə qaldırılmadan bəhs edilir. Bu barədə yalnız Luka
yazır və artıq öz Müjdəsində bu barədə danışmışdır (Luka
24:50-53). Göyə qaldırılma faktı iki səbəbə görə zəruridir:
a) Göyə qaldırılma İsanın Öz izzətinə qayıtmasının son akkordunu
aydın şəkildə göstərir. Onun ölülərdən dirildəndən sonra zühur etdiyi
günlər ötüb keçdi. Aydındır məsələdir ki, bu, xüsusi bir vaxt olub, amma
məhdud olub. Həm də bu vaxt qeyri-adi bir şeylə başa çatmalı idi. Çünki
Məsihin dirilməsindən sonra şagirdlərə gec-gec görünməsi və sonda heç
görünməməsi qəribə olardı.
b) İkinci səbəbi anlamaq üçün o dövrü təsəvvürümüzdə canlandıraq. Axı
indi biz cənnəti qübbədən kənar bir yer hesab etmirik. Bizim
anlayışımıza görə, bu, əbədi olaraq Allahla birlikdə olacağımız
bəxtiyarlıqdır. Amma o dövrdə ən müdrik insan belə, yer üzünü düz,
səmanı isə düz qübbə hesab edirdi. Buna görə şagirdlərinə Öz izzətinə
qayıtdığına dair təkzibedilməz sübutlar vermək üçün İsa göyə
qaldırılmalı idi. Ancaq daha bir məqama diqqət yetirməliyik. Luka öz
Müjdəsində bu barədə danışarkən belə deyir: «Şagirdləri də İsaya səcdə
etdilər və böyük sevinclə Yerusəlimə qayıtdılar» (Luka 24:52).
Şagirdlər İsanın göyə qaldırıldığını görmüşdülər, bəlkə də məhz buna
görə İsanın onları tərk etmədiyinə, həmişə onlarla birlikdə olduğuna
əmin idilər.
İkincisi, burada Məsihin ikinci gəlişi təlimi ilə qarşılaşırıq.
Bununla əlaqədar olaraq iki məqamı qeyd etmək lazımdır:
a) Məsihin nə vaxt və necə qayıdacağı barədə fikir yürütmək axmaqlıq
və mənasızlıq olardı. Çünki İsanın Özü də demişdir ki, Bəşər Oğlunun
gələcəyi günü və saatı bilmir (Mark 13:32). Məsihdən belə gizli
olan şeylər haqqında danışmaq küfrə bərabərdir.
b) Məsihçiliyin təliminin mahiyyəti ondan ibarətdir ki, Allahın hər
bir insan və bütün dünya üçün planı var. Unutmayaq ki, tarix heç bir
əhəmiyyəti olmayan təsadüfi hadisələrin xaotik birləşməsi deyil. Biz
inanırıq ki, bütün yaradılışın ilahi məqsədi var və hər şey ona doğru
hərəkət edir. Bu məqsəd həyata keçəndə İsa bütün dünyanın Hakimi və
Rəbbi olacaq. Məsihin İkinci Gəlişi nəzəri fərziyyə və sadəcə maraqlı
mövzu ola bilməz. Bu bizi həmin günə hazır olmağa səsləyən
çağırışdır.
12-20
XƏYANƏTKARIN
AQİBƏTİ (Həvarilərin işləri 1: 12-20)
Xain Yəhudanın taleyinə baxmazdan əvvəl bir neçə məqamı qeyd etmək
lazımdır. Şənbə günü yəhudilər üçün bütün işlərin qadağan edildiyi
istirahət günü idi. Gəzinti məsafəsi 2000 qulac (900 metr) ilə
məhdudlaşırdı, həmin məsafə Şənbə yolu məsafəsi adlanırdı.
Maraqlıdır ki, İsanın şagirdləri ilə birlikdə İsanın qardaşları da
orada idilər. İsanın xidməti boyunca doğmaları bəzən Ona qarşı
çıxanların tərəfini tuturdular (Luka 3:21). Ola bilsin, bir
çoxunda olduğu kimi, İsanın ölümü onların gözlərini açdı. İsanın
həyatından daha çox ölümü onların ürəklərinə toxundu.
Biz görürük ki, həmin vaxt orada 120-yə yaxın şagird var idi. Bu,
Əhdi-Cədiddəki ruhlandırıcı xəbərlərdən biridir. O dövrdə yalnız yüz
iyirmi nəfər İsa Məsihlə birlikdə olduqlarını hiss edirdi. Çətin ki,
onlardan biri nə vaxtsa İsraildən kənara çıxmışdı. O vaxt İsraildə dörd
milyona yaxın yəhudinin yaşadığını nəzərə alsaq, onda nisbətlə 30 min
nəfərdən yalnız biri məsihçi idi. Həmin yüz iyirmi sadə insana dünyaya
çıxmaq və Məsihin Müjdəsini təbliğ etmək tapşırığı verildi. Başlanğıcda
məsihçi cəmiyyəti üçün ümidlər çox az idi. Bəlkə biz də emalatxanada,
fabrikdə, idarədə, bir sözlə, çevrəmizdə yeganə imanlıyıq. Bu yüz iyirmi
nəfər onlara həvalə edilmiş tapşırığı cəsarətlə qəbul etdi. Biz də belə
etməliyik. Bəlkə biz də ətrafımızda Allahın Padşahlığını böyüdəcək toxum
olacağıq.
Bu hissədə Yəhudanın aqibəti böyük maraq doğurur. Burada yunan
mətnini necə şərh etmək lazım olduğu tam aydın deyil. Lakin Mattanın
Müjdəsinə görə (Matta 27:3-5). Yəhudanın intihar etdiyi
aşkardır. Yəhudanın İsaya niyə xəyanət etdiyi əbədi olaraq sirr qalacaq.
Bununla bağlı müxtəlif fərziyyələr irəli sürülüb.
1) Ehtimallara görə, İskaryot ləqəbinin mənası Kariotdan olan
adam mənasını verir. Belə olan halda, Yəhuda digər həvarilər
arasında qalileyalı olmayan yeganə şagird idi. Ola bilsin, Yəhuda
onların arasında özünü elə yad hiss edib ki, bundan qəzəblənib və bu
dəhşətli cinayəti törədib.
2) Ola bilsin, o özünü xilas etmək üçün xəyanətə əl atıb, əməlinin
dəhşətini isə sonradan anlayıb.
3) Ola bilsin, o, bunu tamahından edib. Əgər belədirsə, onda bu,
bəşər tarixində ən dəhşətli əməl idi. Çünki o, Rəbbini otuz gümüşə, yəni
təxminən 35 manata satıb. Çıxış 21:32-yə görə bu, qula verilən
dəyər idi.
4) Bəlkə də Yəhuda İsaya nifrət etməyə başlamışdı. O, pis niyyətini
başqalarından gizlətsə də, İsa onun qəlbini görürdü. Buna görə də Yəhuda
yeganə çıxış yolunu onun əsl kimliyini bilən Adamı öldürməkdə gördü.
5) Bəlkə də İskaryot ləqəbi yunanca «xəncər daşıyan adam» deməkdir.
Bu «xəncər daşıyan adam»lar İsrailin azadlığı uğrunda mübarizədə siyasi
qətllər törətməyə hər zaman hazır olan terrorçu millətçi təşkilatın
üzvləri idi. Ola bilsin, Yəhuda ilk vaxtlar İsanı millətçi hərəkatı
qələbəyə aparmağa qadir lider kimi görürdü. Lakin biləndə ki, İsa bu
yolu inkar edir, Ondan üz çevirdi, məyus olub Ona xəyanət etdi.
6) Amma çox güman, Yəhuda heç vaxt İsanın ölməyini istəmirdi. İsaya
ona görə xəyanət etdi ki, Onu çevrilişə sövq etsin. Belə olan halda o,
etdiyi əməlin faciəvi nəticələrini və planının iflasa uğradığını görüb
peşman oldu və «gedib özünü asdı».
İstənilən halda, Yəhuda bəşəriyyət tarixinə ən bədnam adla daxil
oldu. İsaya xəyanət edən adam üçün rahatlıq yoxdur.
21-26
HƏVARİNİN İNKİŞAFI
(Həvarilərin işləri 1:21-26)
Gəlin həvarilər arasında Yəhudanın yerini tutmaq üçün adamın necə
seçildiyinə baxaq. Bunun üçün püşk atılması qəribə görünə bilər. Ancaq
yəhudilər arasında bu, adi hal idi. Məbəddə bütün xidmətlər və vəzifələr
məhz bu şəkildə müəyyən edilirdi. Namizədlərin adları daşların üzərinə
yazılıb qaba atılırdı. Qab bir daş çıxana qədər çalxalanırdı; adı həmin
daşın üstündə olan adam seçilirdi.
Bununla belə, son dərəcə mühüm olan iki həqiqətə diqqət yetirək.
Birincisi, burada deyilir ki, seçiləcək həvari Məsihin
dirilməsinin şahidi olmalıdır. Məsihçinin əsas fərqi odur ki, o,
İsa haqqında biliyə malik deyil, İsanı şəxsən tanıyır. İsaya yer üzündə
yaşayıb ölən, həyatını öyrəndiyimiz və hekayəsini oxuduğumuz bir insan
kimi baxmaq səhvdir. İsa kitabdakı personaj deyil, O, imanlılar arasında
yaşayır və əbədi mövcud Olandır. Məsihçi isə o adamdır ki, onun həyatı
ölülərdən dirilən Rəbbə şəhadət edir və Onu özündə əks etdirir.
Həvari həmişə İsanın yanında olan şəxsdir. Əsl məsihçi hər
gününü Onunla yaşayır. Məşhur təbliğçilərdən biri haqqında deyirdilər
ki, o, vəz edərkən kiminsə səsini dinləyirmiş kimi tez-tez susurdu.
Cerom K.Cerom soyuq havada emalatxanasının qapısını açıq qoyan pinəçinin
hekayəsini danışırdı. Pinəçidən niyə belə etdiyini soruşanda, o, belə
cavab vermişdi: «İsa buradan keçsə, içəri girə bilsin». Biz çox vaxt
özümüzə «İsa burada olsaydı, necə olardı?», «İsa bizim evimizdə və iş
yerimizdə olsaydı, necə davranardıq?» kimi sual veririk. Anası çox
qəzəbli olan qız bir dəfə belə demişdi: «Kaş İsa bizim evimizə gələydi
və həmişə bizimlə qalaydı». Amma məsələ də elə bundadır: İsa
aramızda yaşayır və əsl məsihçi həmişə Məsihlə birlikdə
yaşayır.
Əllinci Gün bayramı
Əllinci gün bayramında əslində nə baş verdiyini, yəqin ki, heç vaxt
dəqiq bilməyəcəyik. Bildiyimiz ancaq odur ki, bu, Məsihçi Cəmiyyətinin
ən böyük günlərindən biridir. Çünki həmin gün Müqəddəs Ruh Məsihçi
Cəmiyyətinə qeyri-adi şəkildə zahir oldu.
Həvarilərin İşləri kitabı Müqəddəs Ruhun Müjdəsi adlandırırlar. Buna
görə də ikinci fəsli ətraflı öyrənməyə başlamazdan əvvəl, gəlin
Həvarilərin İşləri kitabında Müqəddəs Ruh haqqında deyilənlərə
baxaq.
Müqəddəs Ruhun zühur etməsi
Əllinci Gün bayramında baş verən hadisələri Müqəddəs Ruhun zühuru
kimi təqdim etmək yanlışdır. Məsələ ondadır ki, biz Müqəddəs Ruhun məhz
həmin vaxt yarandığını və ilk dəfə zahir olunduğunu düşünə bilərik.
Ancaq belə deyil. Allah əzəldən Ata, Oğul və Müqəddəs Ruhdur.
Həvarilərin İşləri kitabı bunu açıq şəkildə bildirir. Məsələn, Müqəddəs
Ruh Davudun dili ilə danışırdı (Həvarilərin işləri 1:16).
Müqəddəs Ruh Yeşaya peyğəmbər vasitəsilə danışırdı (Həvarilərin
işləri 28:25). Stefan yəhudiləri ittiham edir: «...ata-babanız kimi
siz də həmişə Müqəddəs Ruhun əleyhinə çıxırsınız» (Həvarilərin
işləri 7:51). Bu mənada Müqəddəs Ruh hər dövrdə insanlara Öz
həqiqətini açan Allahdır. Buna baxmayaraq, Əllinci Gün bayramında
qeyri-adi bir hadisə oldu.
Müqəddəs Həvarilərin İşləri kitabında Müqəddəs Ruhun
fəaliyyəti
Bu andan etibarən Müqəddəs Ruh ilk məsihçi cəmiyyətində əsas reallığa
çevrilir. Birincisi, Müqəddəs Ruh insanları ilhamlandırır və
istiqamətləndirirdi.
Müqəddəs Ruh Filipə Efiopiyadan olan xədimlə danışsın deyə göstəriş
verdi (Həvarilərin işləri 8:29), Peteri Kornelinin elçiləri ilə
görüşə hazırladı (Həvarilərin işləri 10:19), Peterə tərəddüd
etmədən həmin elçilərlə getməyi əmr etdi (Həvarilərin işləri 11:
28), Barnaba ilə Paulu ayırmağı əmr etdi ki, onlar gedib Allahın
Kəlamını təbliğ etsinlər (Həvarilərin işləri 13:2-4),
Yerusəlimdəki həvari müşavirəsinin qərarına təsir etdi (Həvarilərin
işləri 15:28), Paulu Asiya, Misiya və Bitinyadan keçirərək Troasa,
oradan da Avropaya apardı (Həvarilərin işləri 16:6-10), Paula
Yerusəlimdə onu nələrin gözlədiyini söylədi (Həvarilərin işləri
20:23). İlk məsihçi cəmiyyəti Müqəddəs Ruh tərəfindən idarə olunan
cəmiyyət idi.
İkincisi, məsihçi cəmiyyətinin bütün ağsaqqalları Müqəddəs Ruhla
dolmuşdular. Onların arasından Müqəddəs Ruh və hikmətlə dolu yeddi
nəfər seçildi (Həvarilərin işləri 6:3). Stefan və Barnaba
Müqəddəs Ruh və imanla dolu insanlar idilər (Həvarilərin işləri
7:55; 11:24). Paul Efesdəki ağsaqqallara deyir ki, Müqəddəs Ruh
onları bütün sürünün qayğısına qalsınlar deyə nəzarətçilər təyin etdi
(Həvarilərin işləri 20:28).
Bundan əlavə, Müqəddəs Ruh gündəlik cəsarət və güc mənbəyi
idi. Müqəddəs Ruh şagirdlərin üzərinə enəndə, onlar qüdrət alacaqlar
(Həvarilərin işləri 1:8). Peterin Ali Şuranın qarşısındakı
cəsarəti və natiqliyi Müqəddəs Ruhun işinin nəticəsi idi
(Həvarilərin işləri 4:8-31); Paulun cadugər Elima üzərində
qazandığı qələbə Müqəddəs Ruhun işinin nəticəsi idi (Həvarilərin
işləri 13:9). Məsihçilərin təhlükəli vəziyyətlərə tab gətirmək
cəsarəti, lazım gələndə məsihçi natiqliyi, şəraitdən asılı olmayaraq
məsihçi sevinci — bütün bunlar Müqəddəs Ruhun İşinin nəticəsidir.
Nəhayət, Həvarilərin işləri 5:32-də «Allahın Özünə itaət
edənlərə verdiyi Müqəddəs Ruh» haqqında danışılır. Burada mühüm bir
fikir ifadə olunur ki, insana verilən Müqəddəs Ruhun ölçüsü onun necə
insan olmasından asılıdır. Başqa sözlə, Allahın iradəsini vicdanla
yerinə yetirməyə çalışan insan getdikcə daha çox Müqəddəs Ruhun ənamı
ilə dolacaq.
Həvarilərin işləri kitabının ilk on üç fəslində qırx dəfədən çox
Müqəddəs Ruhun adı çəkilir. İlk məsihçi cəmiyyəti Müqəddəs Ruhla dolu
idi, bu da onun gücünün mənbəyi idi.