10-cu fəsil
1-8
DİNDAR DÖYÜŞÇÜ
(Həvarilərin işləri 10:1-8)
Həvarilərin işləri 10-cu fəsildə danışılan hadisə məsihçi
cəmiyyətinin tarixində əlamətdar məqamlardan biridir. İlk dəfə olaraq
İmanlı Cəmiyyətinin sıralarına bütpərəst qoşuldu. Korneli məsihçi
cəmiyyətinin tarixində önəmli rol oynadığı üçün gəlin onun haqqında
bildiklərimizi müzakirə edək.
1) Korneli — Roma administrasiyasının İsraildəki qərargahının —
Qeysəriyyədə yerləşən Roma ordusunun yüzbaşısı idi. Tabor (batalyon)
sözü orijinal yunan dilində koqorta sözünə uyğun gəlir. Roma
ordusunda əsas birlik legion idi. Legion altı min nəfərdən
ibarət idi, buna görə də diviziyaya bərabər tutula bilər. Diviziya isə
on koqortadan ibarət idi. Koqorta 600 nəfərdən ibarət
idi və tərkibinə görə bir tabora bərabərdir. Koqortada yüzlərlə adam var
idi, onlar təxminən bir bölüyə bərabər tutula bilərdi. Ona rəhbərlik
edən yüzbaşı bizim leytenantımız kimidir. Həmin yüzbaşılar —
senturionlar — Roma ordusunda komandanlığın əsasını təmsil edirdilər.
Qədim tarixçilərdən biri yüzbaşıya xas olan keyfiyyətləri belə təsvir
edir:
«Yüzbaşılar cəsarətli olmaqdan çox yaxşı komandir olmalı, iti məntiqə
malik olmalı, tələsərək döyüşə atılmamalı, düşmənin üstünlüyü və davamlı
hücumları zamanı öz mövqeyində ölməyə hazır olmalıdır».
Nəticə etibarı ilə, Korneli həmişə və hər şeydən əvvəl cəsarət və
sədaqətin nə olduğunu yaxşı bilən insanlardan biri idi.
2) Korneli Allahdan qorxan insan idi. Əhdi-Cədid dövründə bu
söz çoxlu bütlərə və əcdadlarının inancına xidmət etməkdən yorulan,
yəhudi inancını qəbul edən bütpərəstlər üçün, demək olar ki, epitetə
çevrilmişdi. Onlar sünnəti qəbul etməsələr də, qanuni olaraq sinaqoqlara
gedir, tək olan Allaha və yəhudi dininin paklığına inanırdılar. Görünür,
Korneli Allahı axtaran adam idi, buna görə də Allah özünü ona açdı.
3) Korneli çoxlu sədəqə verir və xeyriyyəçilik edirdi: xeyirxahlıq
onun xarakterik xüsusiyyəti idi. Allahı axtarması onu insanları sevməyə
vadar edirdi. Öz soydaşlarını sevən şəxs isə Allahın Padşahlığından uzaq
deyil.
4) Korneli daim dua edirdi. Bəlkə də o, dua etdiyi Allahı hələ yaxşı
tanımırdı; lakin dərk etdiyi qədər Onun əmrlərinə riayət etməyə
çalışırdı.
9-16
PETERİN GÖRÜNTÜSÜ
(Həvarilərin işləri 10:9-16)
Korneli imanlılar cəmiyyətinə qəbul edilməzdən əvvəl Peter bir
həqiqəti öyrənməli idi. Ortodoks yəhudilər inanırdılar ki, Tanrı
bütpərəstlərə qarşı laqeyddir və Onun lütfü yalnız yəhudilərə
yönəlmişdir. Bəzən yəhudilər daha da irəli gedərək deyirdilər ki,
bütpərəst qadın doğuş edərkən ona tibbi yardım göstərmək lazım deyil,
çünki o, dünyaya daha bir bütpərəst gətirir. Korneli mömin məsihçi kimi
qəbul edilməzdən əvvəl Peter belə bir fikrin yanlışlığına əmin olmalı
idi.
Onu da qeyd edək ki, Peter artıq böyüdüyü yəhudi düşüncə tərzinin
amansız qaydalarından və normalarından bir qədər uzaqlaşmışdı. O, Şimon
adlı bir dabbağın evində yaşayırdı (9:43; 10:5). Dabbağ
kəsilmiş heyvanlarla işlədiyinə görə həmişə natəmiz sayılırdı
(Saylar 19:7-13). Heç bir dindar yəhudi dabbağın
qonaqpərvərliyindən istifadə etməyi ağlından belə keçirməzdi. Şimon
dabbağ olduğuna görə natəmiz hesab edilirdi, bu səbəbdən şəhərdən uzaqda
— dəniz kənarında yaşamağa məcbur olmuşdu. Şübhəsiz ki, dabbağ Şimon
məsihçi idi və Peter get-gedə başa düşürdü ki, Məsih bütün bu xırda
qanunları və qadağaları ləğv edir.
Günorta çağı Peter dua etmək üçün dama çıxdı. Evlər, adətən, kiçik və
insanlarla dolu olurdu. Allahla təkliyə çəkilmək istəyənlər çox vaxt
yastı dama çıxıb orada dua edirdilər. Burada Peter bir görüntü gördü —
göydən böyük mələfəyə bənzər süfrə endi. Mələfənin üstündə heyvanlar
vardı və göydən gələn səs ona heyvanları kəsib yeməyi əmr etdi.
Yəhudilərin ciddi qida qanunları var idi. Bu barədə Levililər kitabı
11-ci fəsildə yazılıb. Yəhudilər ancaq gövşəyən və cütdırnaqlı
heyvanların ətini yeyə bilərdilər. Bütün digər heyvanlar murdar
və haram sayılırdı. Görüntü Peteri heyrətləndirdi və o, etiraz
edərək heç vaxt natəmiz bir şey yemədiyini bildirdi. Səs ona dedi ki,
Allahın halal dediyi şeylərə haram deməsin. Bütün bunlar üç dəfə
təkrarlandı ki, şübhəyə və səhvə yer qalmasın. Bir vaxtlar Peter
bütpərəstləri murdar adlandırardı. İndi isə Allah onu Öz elçilərinin
gəlişinə hazırladı və Peteri ənənələrdən ayrılmağa məcbur etdi.
17-33
PETERİN
KORNELİ İLƏ GÖRÜŞÜ (Həvarilərin işləri 10:17-33)
Bu hissə ən heyrətamiz hadisələrdən bəhs edir. Yada salaq ki,
yəhudilər bütün digər xalqların Allahın mərhəmətindən məhrum olduğuna
inanırdılar. Dindar yəhudi heç vaxt bütpərəstlə, hətta Qanuna əməl
etməyən bir yəhudi ilə də ünsiyyət qurmazdı. Bəs Peter nə etdi?
Kornelinin adamları, yəhudi adətlərinə görə, qapıdan içəri keçməyəndə,
Peter onları evə dəvət edib, yeməyə qonaq etdi (ayə 23). Peter
Qeysəriyyəyə çatanda Korneli onu evin qapısında qarşıladı və Peterin
astanadan keçib-keçməyəcəyinə şübhə etdi. Lakin Peter evə girdi (ayə
27). Yəhudiləri bütpərəstlərdən ayıran maneə heyrətamiz şəkildə
dağılmağa başladı. Bu, Məsihin işidir.
Missionerlərdən biri danışırdı ki, Afrikadakı kilsədə ibadət zamanı
orada olanlarla birlikdə Rəbbin süfrəsini qəbul edib. Onun yanında
ağsaqqal kimi Cəsur Ürək adlı bir Nqoni qəbiləsinin başçısı oturmuşdu.
Qoca başçı qəbiləsindəki gənc döyüşçülərin evə qayıdarkən, arxalarında
yanmış torpaqlar, viran edilmiş şəhərlər qoyduğunu, özləri ilə nizələrin
ucunda düşmən qanını, şikar kimi düşmənin arvadlarını gətirdiyini
xatırlayırdı. Bəs həmin günlərdə onlar hansı qəbilələrə dağıdıcı
basqınlar edirdilər? Senqa və Tumbuka tayfalarına. İndi isə Nqoni, Senqa
və Tumbuka tayfaları Məsihin məhəbbətinə bürünərək, düşmənçiliklərini
unutmuş, yan-yana oturmuşdular. Erkən məsihçiliyin əlamətdar xüsusiyyəti
insanları bir-birindən ayıran maneələri məhv etmək idi. Bu gün də
məsihçilik insanları bir-birindən ayıran maneələri aradan qaldırmağa
davam edir.
34-43
MÜJDƏNİN
MAHİYYƏTİ (Həvarilərin işləri 10:34-43)
Aydın məsələdir ki, bu hissə Peterin Korneliyə söylədiyi nitqin
yalnız qısa formasıdır. Bu onun əhəmiyyətini daha da artırır. Çünki İsa
Məsih haqqında bütpərəstlərə çatdırılan ilk təbliğin mahiyyətini özündə
ehtiva edir.
1) İsa Allah tərəfindən göndərilmiş, Müqəddəs Ruhla və qüdrətlə məsh
edilmişdir. İsa insanlara Allahın hədiyyəsidir. Biz çox vaxt səhvən
düşünürük ki, Allahın qəzəbini yatıraraq barışıq yaratmalıyıq. Halbuki
bunu qəlbən həlim olan İsa edib. Lakin ilk Məsihçi Cəmiyyəti heç vaxt
belə bir Tanrını təbliğ etməmişdi. Onlar üçün Məsihin zühuru Allahın
məhəbbəti ilə izah olunur.
2) İsa gələndə xeyirxahlıq edərək hamını sağaldırdı. O, böyük səylə
yer üzündən qəm-qüssə və iztirabları yox etmək istəyirdi.
3) O, çarmıxa çəkildi. Sətiraltı mənanı tuta bilənlər Peterin
sözlərindəki Çarmıxa çəkilmə ifadəsinin dəhşətini hiss edə bilərdilər.
Günah insanı haralara gətirib çıxara bilər.
4) O dirildi. İsanı məsh edən Qüdrət məğlub ola bilməzdi. O,
insanların edə biləcəyi ən dəhşətli əməllərin öhdəsindən gəldi və sonda
ölümü də məğlub etdi.
5) Məsihi təbliğ edən müəllim Məsihin dirilməsinin şahididir. Onun
üçün İsa əfsanəvi qəhrəman deyil. O, Məsihlə yaşayır və şəxsən Onunla
görüşür.
6) Bütün bunlar insanlara günahların bağışlanmasını və Allahla yeni
münasibət bəxş edir.
İsa ilə birlikdə bəşəriyyət üçün Allahla barışıq günəşi doğdu. Bu
barışıq günəşi qədimdən mövcud olmalı idi, halbuki günah tərəfindən məhv
edilmişdi.
44-48
MƏSİHÇİ
CƏMİYYƏTİNƏ BÜTPƏRƏSTLƏRİN QƏBULU (Həvarilərin işləri 10:44-48)
Peter hələ nitqini bitirməmişdi ki, möcüzələr baş verdi. Bu
möcüzələri hətta Peterlə birlikdə olan məsihçilər belə təkzib edə
bilməzdi. Müqəddəs Ruh Korneli və onun dostlarının üzərinə endi. Onlar
Allahı izzətləndirdilər və dillərdə danışmağa başladılar. Bu, yəhudilər
üçün Allahın bütpərəstlərə də Müqəddəs Ruhu verməsi faktının son sübutu
idi.
Lakin burada mühüm nəticələr də var:
1) Həvarilərin işləri kitabında qeyd olunan digər iman edən insanlar
kimi, Korneli və onun qohumları da dərhal vəftiz olundular. Həvarilərin
İşləri Kitabında vəftiz edən hər hansı xüsusi qrupdan bəhs edilmir. Əsas
o idi ki, Məsihə yeni iman edənlər Məsihçi Cəmiyyətinə daxil olsunlar.
Yadda saxlamalıyıq ki, bu gün də vəftiz olunanlar üçün məsuliyyəti kahin
deyil, İsa Məsihin adı ilə vəftiz edən imanlı cəmiyyəti daşıyır.
2) Araşdırılan hissənin sonuncu cümləsi böyük əhəmiyyət kəsb edir.
Onlar Peterdən bir neçə gün onlarla qalmağı xahiş etdilər. Niyə?
Şübhəsiz ki, onların biliklərini bir qədər dərinləşdirsin deyə. Biz
İmanlı Cəmiyyətimizə yeni üzvləri qəbul edəndə, bu, prosesin sonu deyil,
başlanğıcdır.