11-ci fəsil
1-10
PETER
ÖZ XİDMƏTİNƏ HAQQ QAZANDIRIR (Həvarilərin işləri 11:1-10)
Müqəddəs Yazılardan aydın olur ki, Luka bu hadisəyə böyük əhəmiyyət
verirdi. Antik dövrün müəllifləri həmişə öz işlərinin əhatə dairəsi ilə
məhdudlaşırdılar. O vaxt kitablar yox idi. Onlar bir növ qamışabənzər
papirus bitkisinin özəyindən hazırlanmış papirus tumarlarından istifadə
edirdilər. Lakin belə bir tumarla işləmək rahat deyildi. Ən uzun tumar
təxminən on metr uzunluğunda idi. Həvarilərin İşləri kitabını yazmaq
üçün tələb olunan tumar, demək olar ki, elə bu uzunluqda idi. Luka bu
həcmə olduqca böyük material sığdırmalı idi. Görünür, o, yazacaqlarını
çox diqqətlə seçmişdi. Lakin Korneli və Peterin hekayəsini o qədər vacib
hesab edirdi ki, bu barədə iki dəfə təfsilatı ilə danışır.
Luka haqlıdır. Axı biz, adətən, başa düşmürük ki, məsihçilik
yəhudiliyin bir qoluna çevrilmək təhlükəsi ilə üzləşə bilərdi. İlk
məsihçilərin hamısı yəhudi idilər. Onların adət-ənənələri və dünyagörüşü
məsihçiliyi inhisara almağa vadar edə bilərdi, yəni Tanrı bu yolu
bütpərəstlər üçün nəzərdə tutmayıb. Luka bu hadisəni İmanlı Cəmiyyətini
Məsihin bütün dünyaya aid olması anlayışına doğru aparan mühüm mərhələ
hesab edir.
11-18
İNANDIRICI DƏLİL
(Həvarilərin işləri 11:11-18)
Əvvəlcə Peteri bütpərəstlərlə birlikdə yeməkdə ittiham etdilər
(3-cü ayə). Çünki belə etməklə o, əcdadlarının qədim
qanunlarını və xalqının adət-ənənələrini pozurdu. Özünü müdafiə edərkən
Peter mübahisə etmir, sadəcə faktları sadalayır. Onu tənqid edənlərin nə
deməsindən asılı olmayaraq, fakt budur ki, Müqəddəs Ruh bütpərəstlərin
üzərinə ən qeyri-adi şəkildə enmişdir. 12-ci ayə mühüm məlumat
verir. Peter deyir ki, onunla altı qardaş getmişdi, ona görə də yeddi
nəfər idilər. Yəhudilərə yaxşı məlum olan Misir qanunlarına görə, faktı
tam təsdiqləmək üçün yeddi şahid lazım idi. Həmçinin yəhudilərə yaxşı
məlum olan Roma qanunlarına görə, çox vacib bir sənədin təsdiqi üçün
yeddi möhür lazım idi. Beləliklə, Peter mahiyyətcə deyir: «Mən sizinlə
mübahisə etmirəm. Sadəcə sizə faktları deyirəm və dediklərimin yeddi
şahidi var».
Məsihçilik faktlarla sübut olunur. Çətin ki, kimisə şifahi və məntiqi
sübutla məsihçiliyə cəlb etmək olar. Məsihin yolu aydın şəkildə sübut
edir ki, o, insanları dəyişdirir, pisliyi yaxşılığa çevirir və onlara
Allahın Ruhunu verir. İnsanın yalanları, hərəkətləri ilə sözləri
arasındakı uyğunsuzluq Məsihin yoluna böyük zərər verir. Əgər insanın
sözləri onun hərəkətlərinə əsaslanırsa, bu, məsihçi inancının
etibarlılığını sübut edir.
19-21
ANTAKYADA
BAŞ VERƏN MÜHÜM HADİSƏLƏR (Həvarilərin işləri 11:19-21)
Burada tarixin ən böyük hadisələrindən biri qısaca izah olunur. Çünki
Müjdə tarixdə ilk dəfə məqsədli şəkildə bütpərəstlərə təbliğ edildi. Hər
şey buna doğru gedirdi. Bu yolda üç pilləkən var idi. Əvvəlcə Filip
samariyalılara təbliğ etdi. Lakin samariyalılar yarı yəhudi, yarı
bütpərəst olduqlarına görə yəhudilər ilə bütpərəstlər arasında bir növ
körpü rolunu oynayırdılar. İkincisi, Peter Kornelini Məsihin yoluna
gətirdi. Lakin bu halda təşəbbüsü üzərinə götürən Kornelinin özü idi.
Kornelini axtaran Məsihçi Cəmiyyəti deyildi, Korneli özü Məsihçi
Cəmiyyətinə susamışdı. Bundan əlavə, Luka qeyd edir ki, Korneli Allahdan
qorxan dindar bir insan idi, yəni yəhudiliyə yaxın idi. Üçüncüsü,
Antakyadakı imanlı cəmiyyəti artıq yəhudilərə və ya yarı yəhudilərin
yanına getmirdi və imanlı olmaq istəyən bütpərəstlərin gəlməsini
gözləmirdi; o, məqsədyönlü şəkildə Müjdəni bütpərəstlərə təbliğ etməyə
başladı. Məsihçilik dünya miqyasında bir missiyaya çevrilirdi.
Qarşımızda heyrətamiz bir fakt var. İmanlı Cəmiyyəti ən vacib tarixi
addımı atdı, biz isə bunu edən adamların adlarını belə bilmirik. Bizim
bildiyimiz yalnız odur ki, onlar Kipr və Kirenadan gəlmişdilər. Onlar
tarixə Məsihin ilk adsız elçiləri kimi düşdülər. İmanlı Cəmiyyətində çox
adam böyük işlər görüb, lakin kölgədə qalıb. İmanlı Cəmiyyəti həmişə
kimin uğur qazanacağı barədə deyil, ən çox xidmət haqqında düşünən
insanlara ehtiyac duyur. Onların adları tarixin salnaməsinə düşməsə də,
Həyat kitabına əbədi olaraq yazılır. Bu hadisə Antakyanın xidmət
mərkəzinə çevrildiyi həvarilərin xidmətinin paylaşılması ilə də diqqət
çəkir. Roma və İsgəndəriyyədən sonra Antakya qədim dünyanın üçüncü ən
böyük şəhəri idi. Antakya Aralıq dənizindən təxminən 25 kilometr
aralıda, Oronte çayının mənsəbində yerləşirdi. Bu, gözəl və çoxdilli
şəhər idi. Amma onun adı dəbdəbə və əxlaqsızlığın sinonimi kimi
səslənirdi. Antakya həm də araba yarışları və gecə-gündüz eyş-işrət
axtarışı ilə məşhur idi. Lakin bu şəhər Dəfnə kultu ilə də məşhur idi.
Dəfnə kultunun məbədi şəhərdən səkkiz kilometr aralıda, dəfnə bağlarının
arasında yerləşirdi. Əfsanəyə görə, Dəfnə Apollonun aşiq olduğu qız idi.
Apollon qızı təqib edirdi, qız da qurtulmaq üçün dəfnə koluna çevrildi.
Dəfnə məbədinin qadın kahinləri müqəddəs fahişələr sayılırdı. Qadın
kahinlər hər gecə Dəfnə kultuna sitayiş edənlərlə birlikdə dəfnə
bağlarında təqib səhnələrini təkrarlayırdılar. «Dəfnənin əxlaqı» deyimi
bütün qədim dünyada tanınırdı və əxlaqsızlığın sinonimi idi. Bizə
inanılmaz görünsə də, məhz bu şəhərdə məsihçilik dünya dininə doğru
mühüm addım atdı. Bu barədə xatırlamaq kifayətdir, onda ümidsiz
vəziyyətlərin çarəsiz olmadığı aydın olacaq.
22-26
BARNABANIN
HİKMƏTİ (Həvarilərin işləri 11:22-26)
Yerusəlimdəki imanlı cəmiyyətinin rəhbərləri Antakyada baş
verənlərdən xəbər tutanda, təfərrüatları öyrənmək üçün adamları oraya
göndərdilər.
Allahın planına görə oraya Barnaba göndərildi. Elə ola bilərdi ki,
Əhdi-Ətiq Qanununa, onun norma və tələblərinə bağlı olan bir adam
göndərilsin; amma onlar ən xeyirxah adamı göndərdilər. Hamı Pauldan
şübhələnəndə, Barnaba onun arxasında dayandı və onu dəstəklədi
(Həvarilərin işləri 9:27). O, ehtiyacı olan qardaşlarına
səxavət göstərməklə məsihçi sevgisini sübut etdi (Həvarilərin işləri
4:36, 37). Barnaba Allahın bütpərəstləri İmanlı Cəmiyyətinə gətirən
lütfünü görəndə, sevindi. Eyni zamanda o, başa düşürdü ki, bütün bunları
böyük və hərtərəfli təcrübəyə malik, yəhudi olan, yəhudi ənənəsində
tərbiyə alan, lakin bütpərəstlərin öhdəsindən gələ biləcək layiqli bir
şəxsə həvalə etmək lazımdır. Həmin adam cəsarətli olmalı idi, çünki
Antakyada imanlı cəmiyyətinin rəhbəri olmaq asan deyildi. O, yəhudilərin
və bütpərəstlərin böhtanlarına qarşı davam gətirməli idi. Barnaba belə
bir adamı tanıyırdı.
Paul haqqında sonuncu dəfə eşitdiyimiz vaxtdan təxminən doqquz il
keçmişdi. Həvarilərin işləri kitabı 9:30-da onun haqqında
sonuncu dəfə oxuyanda, o, Qeysəriyyədən keçərək Tarsusa qaçmalı olmuşdu.
Şübhəsiz ki, o, doqquz il ərzində məmləkətində Məsih haqqında şəhadət
edirdi. İndi isə təyin olunduğu missiyanın vaxtı gəlib çatmışdı. Barnaba
uzaqgörən müdrikliklə bu mühüm tapşırığı Paula həvalə etdi.
İsanın şagirdləri məhz Antakyada ilk dəfə məsihçi adlandırılmağa
başladılar. İlk vaxt bu, ləqəb xarakteri daşıyırdı. Antakyalılar
insanlara alçaldıcı ləqəblər verməklə məşhur idilər. Saqqallı imperator
Yulian sonuncu dəfə Antakyaya baş çəkəndə, ona «Keçi» ləqəbini qoydular.
«Çi» sonluğu bir partiyaya və ya xalqa mənsub olmağı
bildirirdi. Məsələn, qeysərçi Qeysərin partiyasına mənsub olmaq
demək idi. Məsihçi isə Məsihə. Bu, alçaldıcı bir ləqəb idi.
Amma məsihçilər onu qəbul edib, bütün dünyada izzətləndirdilər. Onlar öz
həyat tərzləri ilə məsihçiliyi aşağılayıcı ləqəbdən hörmət, heyranlıq və
hətta təəccüb doğuran bir ada çevirdilər.
27-30
ÇƏTİNLİKDƏ KÖMƏK
(Həvarilərin işləri 11:27-30)
Burada peyğəmbərlərdən danışılır. İlk Məsihçi Cəmiyyətində onların
rolu böyük idi. Onlar yenidən Həvarilərin işləri kitabı 13:1; 15:32;
21:9,10-da xatırlanır. İlk Məsihçi Cəmiyyətində üç qrup rəhbər var
idi:
1) Birincisi, həvarilər idi. Onların xidməti hansısa yerlə
məhdudlaşmırdı. Onların təlimi bütün İmanlı Cəmiyyətlərinə yayılmışdı.
Onlara İsanın həqiqi elçiləri və davamçıları kimi baxılırdı.
2) İkincisi, ağsaqqallar idi. Onlar yerli icmanın
nümayəndələri idilər və xidmətləri yalnız yaşadıqları yerlə
məhdudlaşırdı.
3) Üçüncüsü, peyğəmbərlər idi. Onların İmanlı Cəmiyyətindəki
rolu gələcəkdən xəbər vermək və xəbərdarlıq etmək idi. Onlar
gələcəkdən xəbər verirdilər, amma daha çox Allahın iradəsini
insanlara çatdırırdılar. Fəaliyyət sahələrinə görə onların arasında heç
bir bölgü yox idi: onlar yerli imanlı cəmiyyətinə aid deyildilər. Onlara
böyük hörmət göstərilirdi. 100-cü ilə istinad edən «On İki Həvarinin
Təlimi» kitabında ibadət qaydasının ilk təsvirinə rast gəlirik. Orada
Rəbbin süfrəsi barədə qaydalar verilir, sonra isə deyilir ki,
peyğəmbərlər ibadət qaydalarını öz bildikləri kimi dəyişə bilərlər.
İmanlılar bilirdilər ki, peyğəmbərlərə xüsusi ənam verilib. Bununla
belə, onlar da böyük təhlükələrə məruz qalırdılar. Ancaq İmanlı
Cəmiyyətini öz məqsədləri üçün istifadə edən bir çox yalançı
peyğəmbərlər də var idi. «On iki Həvarinin Təlimi» kitabında görüntülər
qarşılığında pul və ya yemək istəyən peyğəmbərlər barədə xəbərdarlıq
edilir. Orada deyilir ki, peyğəmbərlərə yalnız bir gecə qonaqpərvərlik
göstərilə bilər. Sonra da izah edilir ki, əgər onlar daha çox qalıb
işləmək istəməsələr, deməli, yalançı peyğəmbərlərdir.
Lakin bu hissədə qeydə alınan hadisə göstərir ki, o dövrün insanları
İmanlı Cəmiyyətinin birliyinin vacibliyini dərk etmişdilər. İsraildə
aclıq başlayanda Antakyadakı məsihçilərin ilk istəyi insanlara kömək
etmək oldu. Onlar başqalarının ehtiyaclarına biganə qala bilməzdilər.
Yəni ağıllarına belə gətirməzdilər ki, məsihçilərin bir hissəsi çətinlik
çəkəndə, digər hissəsi onlar üçün heç nə etməsin. Onlar İmanlı
Cəmiyyətini təkcə yerli cəmiyyət kimi görmürdülər, vahid bir bütövlükdə
baxırdılar.