12-ci fəsil
1-11
HƏBS
OLUNMA VƏ AZADLIĞA BURAXILMA (Həvarilərin işləri 12:1-11)
İmanlı Cəmiyyətinə, xüsusən də onun rəhbərlərinə Padşah Hirod
tərəfindən yeni təqib dalğası gəldi. Gəlin əvvəlcə Hirodun evinə nəzər
salaq və onun Əhdi-Cədiddə necə təsvir olunduğunu görək. Əhdi-Cədiddə
adı keçən və Hirodun evindən olan ilk padşah Matta 2-də xatırlanan Böyük
Hiroddur. O, təxminən eramızdan əvvəl 41-ci ildən eramızın 1-ci ilinə
kimi, yəni İsanın doğulduğu vaxta kimi hökmdarlıq edib. Şərqdən gələn
müdrikləri qəbul edən və körpələrin öldürülməsini əmr edən o idi. Böyük
Hirod on dəfə evlənmişdi.
Onun ailəsinin üzvləri haqqında məlumat Əhdi-Cədidin səhifələrində
əksini tapır:
1) Birinci Hirod Filip. O, Vəftizçi Yəhyanın ölümünə səbəb
olan Hirodiyanın ilk əri idi. O, Matta 14:3; Mark 6:17; Luka
3:19-da Filip adı ilə xatırlanır. Onun heç bir rəsmi titulu yox
idi. O, Şalomitin atası idi.
2) Hirod Antipa Qalileya və Pereyanın tetrarxı idi. O,
Hirodiyanın ikinci əri idi və Vəftizçi Yəhyanın edamına razılıq
vermişdi. Bu, Ponti Pilatın İsanı mühakimə etmək üçün göndərdiyi həmin
Hiroddur (Luka 23:7).
3) Hirod Arxela Yəhudeya, Samariya və İdumeyanın hökmdarı
idi. O, çox pis hökmdar olduğuna görə devrildi və ölkədən qovuldu
(Matta 2:22).
4) II Hirod Filip İtureya və Traxonitis bölgəsi üzərində
tetrarx idi. O öz şərəfinə adlandırılan Filip Qeysəriyyəsi şəhərinin
əsasını qoymuşdu. Əhdi-Cədiddə o, Filip adlanır və Luka 3:1-də
xatırlanır.
5) Böyük Hirodun başqa bir oğlunun adı Aristobul idi. Onun
anası Marianna böyük Makkabi qəhrəmanlarının nəslindən olan şahzadə idi.
Aristobul atası tərəfindən öldürüldü, lakin Hirod
Aqrippa adlı bir oğlu qaldı. Məhz bu Hirodun adı Həvarilərin
İşləri 12-ci fəsildə qeyd olunur.
6) Siyahını tamamlamaq üçün qeyd etmək olar ki, Hirod Aqrippa —
a) II Hirod Aqrippanın atası idi. Məhz o, Paulun işini
araşdırırdı və Paul onun önündə çıxış etmişdir (Həvarilərin işləri
25 və 26);
6) Paulun işinin araşdırılması zamanı qardaşı ilə birlikdə adı
çəkilən Bernikin atası idi;
c) Paulu mühakimə edən hökmdar Feliksin arvadı olan
Drusillanın atası idi (Həvarilərin işləri 24:24).
Bu şəcərədən aydın olur ki, Hirod Aqrippa anası Mariannaya
görə birbaşa Makkabilərin nəslinin nümayəndəsi hesab olunur. O, Romada
təhsil alsa da, yəhudilərin mədəniyyətini inkişaf etdirir, Qanunu və
bütün yəhudi adətlərini səylə yerinə yetirirdi. Buna görə də o, xalqın
rəğbətini qazanmışdı. Dindar yəhudilər arasında daha böyük rəğbət
qazanmaq üçün o, məsihçilərə və onların rəhbərlərinə qarşı təqibləri
gücləndirmək qərarına gəldi. Onun Peterin həbs etdirməsi yəhudiləri ələ
almaq istəyindən xəbər verir. Pasxa Nisan ayının 14-də başlayırdı. Həmin
gün və sonrakı yeddi gün ərzində mayalanmış xəmirdən istifadə etmək
qadağan idi. Buna görə də bütün həftə mayasız çörək həftəsi adlanırdı.
Bu müddət ərzində heç bir məhkəmə və ya edam həyata keçirilə bilməzdi.
Ona görə də Hirod Peterin edamını həftənin sonuna qədər təxirə saldı.
Məsihçilərin bu cür təqib edilməsi kiminsə prinsiplərinə görə deyil,
yalnız Hirodun xalqın rəğbətini qazanmaq istəyi ilə bağlıdır.
12-19
QURTULUŞ SEVİNCİ
(Həvarilərin işləri 12:12-19)
Peterin qaçmasının qarşısını almaq üçün zəruri ehtiyat tədbirləri
görüldü. Onu dörd nəfərdən ibarət dörd döyüşçü dəstəsi qoruyurdu,
dəstələr üç saatdan bir dəyişirdi. Adətən, məhbusun sağ əli qarovulun
sol əlinə zəncirlənirdi. Peterin isə hər iki əli bir mühafizəçiyə
zəncirlənmişdi. Digər iki mühafizəçi isə qapıda keşik çəkirdi. Bundan
böyük ehtiyat tədbirləri görmək mümkün deyildi. Peter mələk tərəfindən
azad edildikdə, onun mühafizəçiləri edam olundu. Qanunda deyilirdi ki,
əgər cinayətkar qaçıbsa, o zaman keşikdə duran mühafizəçilər
cinayətkarın cəzasına məhkum olunurdular.
Peter həbsxanadan çıxanda birbaşa Mark adlanan Yəhyanın anası
Məryəmin evinə getdi. Buradan öyrənirik ki, həmin ev Yerusəlimdəki
imanlı cəmiyyətinin üzvlərinin əsas toplantı yeri idi. Belə bir fikir də
var ki, Axırıncı Şam yeməyi həmin evdə keçirilib və o vaxtdan
Yerusəlimdəki şagirdlərin toplanma yeri olaraq qalıb. Məsihçilərin həmin
vaxt nə etdiklərinə diqqət yetirin: onlar dua edirdilər. Onlar
çətinliklər yarananda Allaha dua edirdilər.
Bu hissədən biz ilk dəfə Yerusəlimdəki məsihçi cəmiyyətinin həqiqi
rəhbərinin adını öyrənirik. Peter qardaşlara deyir ki, gedib Yaquba
xəbər versinlər. Yaqub İsa Məsihin qardaşı idi. Yaqubda sirli bir şey
var idi. Şərqdə adətə görə, mərhum böyük qardaşın işini sonrakı ən böyük
qardaş davam etdirirdi. Lakin Müjdələrdən bilirik ki, İsanın qardaşları
Ona inanmırdılar (Yəhya 7:5) və Onun ağlını itirdiyini
deyirdilər (Mark 3:21). Yaqub İsanın sağlığında Onu
dəstəkləməmişdi. Lakin Məsih diriləndən sonra Yaquba xüsusi şəkildə
göründü (1Korinflilərə 15:7). Apokrif kitablarındakı arami
mətnlərinə görə, İsanın ölümündən sonra Yaqub and içdi ki, İsanı
görməyincə nə yemək yeyəcək, nə də su içəcək. Beləliklə, İsa ona
göründü. Çox güman, İsanın ölümü Yaquba elə güclü təsir etmişdir ki,
İsanın öldüyünü görəndə o, Qardaşının əslində Kim olduğunu başa düşdü.
Beləcə bütün həyatını Ona xidmətə həsr etdi. Yaqubda baş verən böyük
dəyişiklik Çarmıxa çəkilmənin insanlarda etdiyi köklü dəyişikliyin başqa
bir mühüm nümunəsidir.
20-25
DƏHŞƏTLİ ÖLÜM
(Həvarilərin işləri 12:20-25)
Hirodla Sur və Sidon şəhərləri arasında düşmənçilik var idi və bu,
həmin şəhərlərin sakinlərinin böyük narahatlığına səbəb olmuşdu. Onların
torpaqları İsrailin şimalında yerləşirdi və Hirod onların vəziyyətini
ciddi şəkildə pisləşdirə bilərdi. Əgər o, məsələn, İsrail mallarının
limanlar vasitəsilə ixracını qadağan etsəydi, onların gəlirləri kəskin
şəkildə azalardı. Üstəlik, bu şəhərlərin ərzaq tədarükü tamamilə
İsraildən asılı idi. Əgər ərzaq təchizatı dayandırılsa idi, sakinlərin
vəziyyəti çox ağırlaşacaqdı. Buna görə də Sur və Sidon sakinləri Hirodun
yataq ağası Vlastı öz tərəflərinə çəkdilər. Bir müddət sonra xalq
yığıncağı keçirdilər. Yəhudi tarixçisi İosif Flavi yazır ki, şənliyin
ikinci günü Hirod gümüşü paltarda teatra daxil oldu. Günəşin şüaları
gümüşün üzərində bərq vururdu, camaat da bir ağızdan qışqırdı ki,
onların yanına allah gəlir. Ancaq birdən Hirod qəfil və dəhşətli bir
xəstəliyə tutuldu və o, heç vaxt sağalmadı.
24 və 25-ci ayələr bizi Həvarilərin İşləri
11:27-30-a qaytarır. Paul və Barnaba Yerusəlimdəki imanlı
cəmiyyətində xidmətlərini yerinə yetirdilər və Mark adlı Yəhyanı da
özləri ilə götürərək Antakyaya qayıtdılar.
Həvarilərin işləri kitabında ilk missioner
səyahəti
Həvarilərin işləri 13 və 14-cü fəsillər ilk
missioner səyahətindən bəhs edir. Paul və Barnaba Antakyadan yola
düşdülər. Antakya Oronte çayından iyirmi dörd kilometr yüksəklikdə
yerləşirdi. Ona görə də onlar Antakya üçün liman rolunu oynayan
Selevkiyadan yola düşdülər. Oradan dəniz yolu ilə Kiprə getdilər, orada
Salamis və Pafosda Allahın kəlamını təbliğ etdilər. Pafosdan
Pamfiliyadakı Pergeyə doğru getdilər. Pamfiliya alçaq mənzərəli sahil
əyalətidir. Onlar orada Müjdəni vəz etmədilər, çünki Paulun səhhəti ona
orada yaşamağa imkan vermədi. Paul və Barnaba ölkəyə daxil olub
Pisidiyada olan Antakyaya gəldilər. Oradakı vəziyyət həyatlarına təhdid
yaradınca, Pisidiyada olan Antakyadan 144 kilometr aralıda yerləşən
Konyaya getdilər. Ancaq burada da təhlükə altında idilər və daha da
irəli, təxminən 30 kilometr aralıda olan Listraya getdilər. Onlar hücuma
məruz qalandan sonra yeri hələ də dəqiq müəyyən edilməmiş Derbeyə doğru
getdilər. Oradan geri qayıtmaq qərarına gəldilər və Listra, Konya,
Pisidiyada olan Antakyadan keçdilər. Onlar Perge və Pamfiliyada Allahın
kəlamını təbliğ etdikdən sonra Pamfiliyanın əsas limanı olan Antalyada
gəmiyə mindilər və Selevkiyadan keçərək Suriyada olan Antakyaya
getdilər. Bütün bu səyahət təxminən üç il çəkdi.