13-cü fəsil
1-3
MÜQƏDDƏS RUHUN
ELÇİLƏRİ (Həvarilərin işləri 13:1-3)
Məsihçi Cəmiyyəti Müjdənin son dərəcə vacib astanasında dayanmışdı.
Addımlarını diqqətlə düşünən imanlılar Məsihin Müjdəsini bütün dünyaya
təbliğ etmək qərarına gəldilər. Onlar bu qərarı qəbul edərkən Müqəddəs
Ruh tərəfindən idarə olunurdular. İlk məsihçilər həmişə Allahın
iradəsini öz bildikləri kimi yerinə yetirmirdilər.
İlk İmanlı Cəmiyyətində peyğəmbərlər və müəllimlər müxtəlif
tapşırıqları yerinə yetirirdilər. Peyğəmbərlər səyyar təbliğçilər
idilər. Onların bütün həyatı bir amala həsr olunmuşdu — Allahın
iradəsini bilmək və bunu qardaşlarına, xalqına bəyan etmək. Hər bir
yerli imanlı cəmiyyətində müəllimlər yeni iman edənləri öyrədirdilər.
Qeyd etdiyimiz kimi, bu peyğəmbərlərin adları Müjdənin yer üzünün bütün
xalqlarına aid olması fikri ilə əlaqədardır. Barnaba Kipr adasından olan
bir yəhudi idi, Luki Şimali Afrikadakı Kirenadan idi. Şimeon da yəhudi
idi, lakin onun ikinci adı — Niger — Roma mənşəlidir və onun bir vaxtlar
Romada yaşadığını göstərir; Menaxem aristokrat ailədən idi, Paul isə
əslən Kilikiyadakı Tarsusdan olan təhsilli yəhudi ravvini idi. Bu kiçik
qrup artıq məsihçiliyin birləşdirici gücünü açıq şəkildə nümayiş
etdirirdi. Müxtəlif ölkələrdən, müxtəlif mənşədən və müxtəlif
təbəqələrdən olan insanlar icma və qardaşlığın sirrini dərk etdilər,
çünki onlar Məsihi tanımışdılar.
Çox maraqlı bir ehtimal var. Güman olunur ki, Şimeon Afrika
mənşəlidir, çünki Niger Afrika adıdır. Belə bir ehtimal da var ki, o,
Məsihin Çarmıxını Qolqotaya aparan həmin Kirenalı Şimondur (Luka
23:26). İsa ilə ilk dəfə Qolqota yolunda rastlaşan və Onun
Çarmıxını daşıyan (baxmayaraq ki, o, əvvəlcə buna görə qəzəblənmişdi)
adamın Çarmıxa çəkilmə barədə hekayəni dünyanın dörd bir yanında
insanlara təbliğ edənlərdən biri olması çox gözəl olardı.
4-12
KİPRDƏKİ
MÜVƏFFƏQİYYƏTLƏR (Həvarilərin işləri 13:4-12)
Paul və Barnaba Kiprə yollandılar. Böyük ürəkli Barnaba kiprli
olduğuna görə (Həvarilərin işləri 4:36) təbii ki, ilk növbədə
İsa haqqında öz həmvətənlərinə danışmaq istəyirdi. Kipr mis mədənləri və
gəmiqayırma ilə tanınan Roma əyaləti idi. Bəzən Kipri Makariya
adlandırırdılar, bu da xoşbəxt ada deməkdir. Oranın iqlimi çox yaxşı
idi, bol qida və yer altından çıxarılan minerallar hər kəsə firavan
həyat sürməyə imkan verirdi. Paul heç vaxt asan yollar axtarmırdı. O,
Barnaba ilə əyalətin əsas şəhəri olan Pafosda təbliğ edirdi. Pafos
məhəbbət ilahəsi Venera kultunun çiçəklənməsi ilə məşhur olduğuna görə
pis nüfuza sahib idi. Kipr hökmdarı prokonsul Sergi Paul idi. Həmin
dövrdə xurafatçılıq yüksək səviyyədə idi. Bütün nəcib insanların, hətta
Sergi Paul kimi ağıllı bir insanın sehrbazlıqla məşğul olan öz falçıları
var idi. Barşeyu, yaxud ərəb dilində məharətli mənasını verən
Elima başa düşürdü ki, əgər prokonsul Məsihi qəbul etsə, onda onun sonu
çatacaq. Paul inandırıcı şəkildə ona Allahın qüdrətini nümayiş
etdirmişdi.
Həmin andan etibarən Şaul Paul adlandırılmağa başladı. O vaxt, demək
olar ki, bütün yəhudilərin iki adı var idi. Onlardan biri dar çevrədə
tanınan yəhudi, digəri isə geniş çevrədə tanınan yunan adı idi. Bəzən
yunan adı ibrani dilindən tərcümə olunurdu. Məsələn, ibrani dilində Kefa
yunanca Peter, Tomas isə Didimos deməkdir. Bəzən yunan adı ibrani
dilindəki kimi səslənirdi. Beləcə yəhudi adı Elyaqim yunanca Alqimə,
Yeşua isə yunanca Yesusa çevrildi.
Eynilə Şaul da Paul oldu. Ola bilsin, həmin vaxta qədər Paul
qeyri-yəhudilərin həvarisi kimi o qədər bütpərəstlərə xidmət etmişdir
ki, ancaq qeyri-yəhudi adını istifadə etmişdi. Əgər doğrudan da,
belədirsə, onda həmin andan etibarən o, Müqəddəs Ruhun onun üçün nəzərdə
tutduğu yol ilə getdi. Onun geriyə dönüşü artıq mümkün deyildi.
13
YƏHYANIN AYRILMASI
(Həvarilərin işləri 13:13)
Barnabanın adı çəkilməsə belə, ona ən layiqli ad verildi. İndiyə
qədər Barnaba və Şaulun adı birlikdə çəkilirdi (Həvarilərin işləri
13:2). Barnaba bu missiyanın rəhbəri idi. İndi isə missiyanın
rəhbərliyini Paul öz üzərinə götürdü və Barnaba buna etiraz etmədi. Bu
Barnabanın ən gözəl xüsusiyyəti idi. O, rəhbərliyi başqasına verməyə
hazır idi, təki Allahın Kəlamı yayılsın.
Lakin bu ayədə əsas maraq doğuran Mark adlı Yəhyanın
tərcümeyi-halından bir fraqmentdir. Çünki bizim Mark kimi tanıdığımız
Yəhya Paul və Barnabanı tərk edərək Yerusəlimə qayıtdı.
Mark hələ gənc idi. Görünür, Yerusəlimdəki imanlı cəmiyyəti anasının
evində toplaşırdı (Həvarilərin işləri 12:12). Buna görə Mark
imanlıların içində böyümüşdü. Paul və Barnaba onu özləri ilə köməkçi
kimi götürdülər, çünki o, Barnabanın qohumu idi. Amma o, evə qayıtmalı
oldu. Nəyə görə? Bəlkə də missiyanın rəhbərliyinin Barnabadan Paula
keçməsi onun xoşuna gəlməmişdi; bəlkə də o, Pisidiyada olan Antakyanın
yerləşdiyi yaylaya planlaşdırılan səyahətdən qorxmuşdu, çünki həmin
dövrdə ora dünyanın ən təhlükəli yollarından biri idi; ola bilsin, o,
Yerusəlim sakini kimi bütpərəstlərə Müjdəni təbliğ etməyi məqsədəuyğun
hesab etmirdi; ola bilsin, o, yarımçıq işi başa çatdırmaqdansa, yeni bir
işə başlamağı üstün tutanlardan idi; bəlkə də, Xrizostomun dediyi kimi,
oğlan anasını görmək istəyirdi. Hansı səbəbdən olduğu dəqiq bilinməsə
də, Yəhya onları tərk etdi.
Paul bir müddət buna görə onu bağışlaya bilmədi. İkinci missioner
səyahətinə çıxanda Barnaba yenidən Markı özü ilə aparmaq istədi. Lakin
Paul onları tərk edən birini özü ilə götürməkdən imtina etdi
(Həvarilərin işləri 15:38). Buna görə Paul Barnaba ilə
həmişəlik ayrıldı. Bir müddət Markın adı çəkilmir, halbuki rəvayətə görə
o, İsgəndəriyyə və Misirə gedib orada imanlı cəmiyyəti təsis etmişdi. 20
ildən sonra yenidən peyda olanda, o, artıq tamam başqa bir insan idi.
Roma həbsxanasından Kolosselilərə məktub yazan Paul deyir ki, Mark
onların yanına gəlsə, onu qəbul etsinlər. Ölümündən bir qədər əvvəl isə
o, Timoteyə yazır: «Markı da götür özünlə gətir, çünki o etdiyim
xidmətdə mənə yardım edir» (2Timoteyə 4:11). Forsdikin dediyi
kimi: «Heç kim olduğu kimi qalmamalıdır». Bir vaxtlar fərari olan Mark
Allahın lütfü ilə Müjdənin müəllifi oldu. Ölüm ayağında olanda Paul
yanında məhz onu istədi.
14-15
XƏSTƏ
İNSAN ÜÇÜN TƏHLÜKƏLİ SƏYAHƏT (Həvarilərin işləri 13:14-15)
Həvarilərin işləri kitabında diqqəti cəlb edən məqamlardan biri də
xalqın qəhrəmanlığının ayədə əksini tapmasıdır. Pisidiyada olan Antakya
dəniz səviyyəsindən 1100 metr yüksəklikdə yerləşir. Şəhərə girmək üçün
Paul və Barnaba Kiçik Asiyanın ən çətin yollarından biri hesab edilən,
quldurlar və soyğunçularla məşhur olan Toros dağlar silsiləsini keçməli
oldular.
Bəs nə üçün onlar Pamfiliyada Müjdəni təbliğ etdilər? Nə üçün onlar
Allahın Kəlamını təbliğ etmədən adanın sahillərini tərk edərək çətin və
təhlükəli yolu tutdular? Bundan az sonra Paul Pisidiyada olan Antakya,
Konya, Listra və Derbedəki qardaşlara məktub yazdı. Bu şəhərlər Roma
əyalətinin Qalatiya ərazisində olduğu üçün Paulun Qalatiyalılara Məktubu
kimi tanınır. Paul məktubunda yazır: «Bildiyiniz kimi, mən Müjdəni ilk
dəfə sizə cismən zəif olaraq vəz etmişdim» (Qalatiyalılara
4:13). Yəni o, xəstə idi. Dualara baxmayaraq, Paulun bədənində onu
tərk etməyən neştər var idi (2Korinflilərə 12:7-8). Bu sözün
tərcümə olunduğu kimi neştərin nə demək olduğu barədə çoxlu
fərziyyələr var. Köhnə və ümumi qəbul edilən versiyaya görə, Paul
dəhşətli baş ağrılarından əziyyət çəkirdi. Çox güman, o, Kiçik Asiyanın
alçaq sahilyanı rayonlarında geniş yayılmış davamlı qızdırmadan əziyyət
çəkirdi. Səyahətçilərdən biri bu qızdırma ilə müşayiət olunan baş
ağrısını başı deşən qırmızı-isti dəmir çubuqla müqayisə edir. Digəri
bunu diş həkiminin burğusu ilə adamın gicgahını deşməsinə bənzədir. Ola
bilsin, bu davamlı qızdırma Paula ovalıqdan ibarət Pamfiliyada olarkən
əzab vermişdi. O da bundan xilas olmaq üçün yaylağa getməli olmuşdu.
Diqqət yetirin ki, Paul bir daha heç vaxt ora qayıtmadı. Hətta xəstə
olanda belə, o, Məsih yolunda həyatını riskə ataraq irəli getdi.
16-41
PAULUN VƏZİ (Həvarilərin
işləri 13:16-41)
Bu hissə xüsusilə böyük əhəmiyyət kəsb edir, çünki bu, həvari Paulun
qoruyub saxlanılan vəzinin yeganə tam təsviridir. Əgər biz Paulun vəzini
Peterin Həvarilərin işləri kitabının 2-ci fəslindəki
vəzi ilə müqayisə etsək, görərik ki, əsas məqamlar eynidir.
1) Paul iddia edir ki, Məsihin zühuru tarixin tamamlanmasını təmsil
edir. O, dinləyicilərinə İsrailin bütün tarixini xatırladır və sübut
edir ki, Məsihin zühuru onun kulminasiya nöqtəsidir. Stoiklər hesab
edirdilər ki, tarix daim təkrarlanır. Bizim dövrümüzün ədəbsiz
nəzəriyyələrindən biri odur ki, bəşəriyyətin tarixi günahların,
səhvlərin və ağılsız hərəkətlərin salnaməsi hesab edilir. Lakin
məsihçilər tarixə optimist baxırlar. Onlar əmindirlər ki, tarix Allahın
məqsəd və məramına uyğun olaraq cərəyan edir.
2) Paul iddia edir ki, İsa Məsih zühur edəndə Allahın xilas planını
tamamladığını insanlar başa düşməlidirlər. Robert Brauninq demişdir:
«İlahi olanı dərk edərək sev». Amma öz yolunu seçib, Rəbbin yolundan
imtina edən insan sağlam düşünə bilmir və Uca Yaradanı dərk etmək
qabiliyyətini itirir. İradə və seçim azadlığından bu şəkildə istifadə
azadlığa deyil, özünü məhvə aparır.
3) Cahilliklərindən kor olan insanlar İsanı rədd edib Çarmıxa
çəksələr də, Allah məğlub olmadı. İsanın dirilməsi Allahın sarsılmaz
planlarının və qüdrətinin sübutudur. Deyilənə görə, bir gün fırtınalı
havada uşaq atasına heyrətlə deyir: «Yəqin Allah bu gecə küləklərin
üzərində səlahiyyətini itirib». İsanın dirilməsi Allahın heç vaxt
səlahiyyətini itirmədiyini sübut edir.
4) Sonra Paul sırf yəhudi arqumentini misal çəkir. Dirilmə
peyğəmbərliklərin yerinə yetirilməsidir. Çünki Davuda verilən vədlər
onun özü üçün deyil, Məsihdə yerinə yetirildi. Yenə də, bu peyğəmbərliyi
necə şərh etməyimizdən asılı olmayaq, bir şey aydındır: tarixə dövri və
məqsədsiz bir proses kimi baxmaq olmaz. Tarix Allahın planlaşdırdığı
kimi gedir.
5) Məsihin gəlişi — bəşəriyyət üçün xoş xəbərdir. İndiyə qədər onlar
Qanuna uyğun yaşamağa çalışırdılar. Lakin heç kim bunu heç vaxt mükəmməl
şəkildə yerinə yetirə bilməmişdi. Buna görə də hər bir ağlı başında olan
insan öz uğursuzluğu və günahı ilə təqib olunur. İsa Məsihdə insanlar
bağışlanma əldə edirlər. Bu da onları gələcək lənətdən azad edir və
Allahla əsl yaxın münasibət qurmağa imkan verir.
6) Amma bəziləri üçün Xoş Xəbər digərlərinə pis xəbər olacaq. İsa
Məsihə inanmaqdan və Ona itaət etməkdən imtina edənlər daha böyük
mühakiməyə uğrayacaqlar. Məsih haqqında heç vaxt eşitməyənlərə bəraət
verilə bilər. Lakin Allahın nəcib təklifinin işığını görüb, onu qəbul
etməkdən imtina edənə heç bir bəraət yoxdur.
42-52
ANTAKYADA
ÇƏTİNLİKLƏR (Həvarilərin işləri 13:42-52)
Pisidiyada olan Antakyada tez-tez iğtişaşlar baş verirdi. Qarışıq
əhalisi olan bu şəhər eramızdan əvvəl 300-cü illərdə Makedoniyalı
İsgəndərin varislərindən biri tərəfindən salınıb. Yəhudilər çox vaxt
sərfəli şərtlərlə iş qurmaqdan ötrü yeni şəhərlərə köçürdülər. Eramızdan
əvvəl 6-cı ildə Antakyada yollar birləşdiyindən Roma koloniyasına
çevrildi. Onun əhalisi yunanlar, yəhudilər, romalılar və xeyli sayda
yerli sakinlərdən — emosional və qərarsız frigiyalılardan ibarət idi.
Belə bir toplumda istənilən qığılcım yanğına səbəb ola bilər.
Yəhudiləri ən çox qəzəbləndirən o idi ki, Allahın imtiyazları sünnət
olunmamış başqa millətlərə də şamil edilə bilər. Ona görə də onlar
hərəkətə keçdilər. O dövrdə yəhudilik qadınlar üçün xüsusilə cəlbedici
idi. Qədim dünyanın əxlaqı son dərəcə dəhşətli idi. Ailə həyatının
təməli hamının gözü qabağında dağılırdı və bundan ən çox əziyyət çəkən
qadınlar idi. Yəhudilik isə təmizliyi və adət-ənənələrə sədaqəti təbliğ
edirdi. Sinaqoqların ətrafına çoxlu qadın toplaşırdı. Onların çoxu
cəmiyyətin yuxarı təbəqələrinə mənsub idi. Onlar ehtiyac duyduqlarını
yəhudilikdə tapırdılar. Həmin qadınların çoxu yəhudi dinini qəbul
etmişdilər. Yəhudilər onları nüfuzlu mövqelərdə olan həyat yoldaşları
vasitəsilə Məsihi təbliğ edənlərə qarşı çıxmağa təşviq edirdilər. Bu da
istər-istəməz təqiblərə səbəb oldu. Paul və Barnaba Pisidiyada olan
Antakyada təhlükə ilə üz-üzə qaldılar və oranı tərk etməli oldular.
Yəhudilər öz imtiyazlarını özləri üçün qoruyub saxlamaqda qərarlı
idilər. Məsihçilər isə başlanğıcdan bu imtiyazların başqalarına da
məxsus olduğunu deyirdilər. Necə deyərlər: «Yəhudilər başqa millətlərə
yandırılmaq üçün saman kimi baxırdılar. İsa isə onlara Allah üçün
yığılacaq taxıl sünbülləri kimi baxırdı». Məsihin Cəmiyyəti də dünyaya
məhsulu yetişən Rəbbin tarlası kimi baxmalıdır.