14-cü fəsil
1-7
KONYADA (Həvarilərin işləri
14:1-7)
Paul və Barnaba Pisidiyada olan Antakyadan təxminən 145 kilometr
aralıda yerləşən Konyaya getdilər. Bu, çox qədim şəhər idi, hətta
Dəməşqdən də qədim sayılırdı. Qədim zamanlarda padşah Nanak bu şəhərdə
yaşayıb və «Padşah Nanakın dövründən» deyimi «əzəldən bəri» mənasını
verirdi. Paul və Barnaba həmişəki kimi sinaqoqda təbliğ etməyə
başladılar və onların təbliği uğurlu oldu. Amma paxıl yəhudilər izdihamı
onlara qarşı qaldırdılar, Paul ilə Barnaba yenə oradan uzaqlaşmalı
oldular.
Qeyd etmək lazımdır ki, Paul və Barnaba getdikcə həyatlarını daha çox
riskə atırdılar. Konyada da onları məhkəməsiz cəzalandırma təqib edirdi.
Paul və Barnaba nə qədər irəli gedirdilərsə, sivilizasiyadan bir o qədər
uzaqlaşırdılar. Sivil şəhərlərdə heç olmasa onların həyatları təhlükəsiz
idi, çünki Roma hakimiyyəti asayişi qoruyub saxlayırdı. Lakin sivil
şəhərlərin hüdudlarından kənarda, Paul və Barnabanı həmişə yəhudilər
tərəfindən qızışdırılan frigiyalıların məhkəməsiz cəzaları təqib edirdi.
Onların hər ikisi cəsarətli idilər. Məsihçinin isə həmişə cəsarətli
olması lazımdır.
8-18
LİSTRADA
ONLARI TANRILAR KİMİ QƏBUL ETDİLƏR (Həvarilərin işləri 14:8-18)
Listrada Paul və Barnabanın başına qəribə bir hadisə gəldi. Onlar
bütpərəst tanrılar kimi qəbul edildilər. Bunun izahına Likaoniya
tarixində rast gəlinir. Listra yaxınlığında yaşayan insanlar inanırdılar
ki, bir gün Zevs və Hermes insan cildində yer üzünə qayıdacaq. Əfsanəyə
görə, Zevs və Hermes yer üzünə gələndə heç kim onları öz evinə qəbul
etmədi. Yalnız bir qoca kəndli Filimon və arvadı Bavkiya onları evinə
dəvət etdi. Buna görə tanrılar Filimon və Bavkiyadan başqa bütün əhalini
qırdılar. Qoca ər-arvadı isə möhtəşəm məbədin mühafizəçiləri etdilər.
Öləndə isə tanrılar onları iki böyük ağaca çevirdilər. Buna görə də,
Paul xəstəni sağaldanda Listra sakinləri o dövrün səhvini təkrarlamaq
istəmədilər. Barnaba qəddi-qamətli bir insan idi və onu tanrıların
padşahı Zevs kimi qəbul etdilər. Hermes tanrıların elçisi idi və Paul
natiq olduğu üçün onu Hermes kimi qəbul etdilər.
Bu hissə xüsusi maraq doğurur, çünki biz burada Paulun yəhudi
ənənələri və ya tarixindən heç bir məlumatı olmayan bütpərəstlərə necə
müraciət etdiyini görürük. Paul əvvəlcə təbiət və kainat haqqında
danışmağa başlayır, sonra isə kainatın yaradıcısı olan Allaha keçir. O,
bu gündən və indiki dövrdən başlayır, sonra gələcəyə və səmavi şeylərə
keçir. Yadda saxlamaq lazımdır ki, kainat Var Olan Allahın məkanıdır.
Deyilənə görə, bir dəfə Aralıq dənizində gəmidə gedərkən Napoleonun
yoldaşları Allahdan danışırdılar. Söhbət o yerə gəlib çatdı ki, onlar
Tanrının mövcudluğunu tamamilə inkar etdilər. Napoleon susurdu, amma
sonra əlini qaldırıb dənizə və göyə işarə etdi: «Cənablar, bəs bütün
bunları kim yaradıb?»
19-20
PAULUN CƏSARƏTİ
(Həvarilərin işləri 14:19-20)
Bütün bu həyəcan doğuran hadisələr əsnasında bəzi yəhudilər Listraya
gəldilər. Yəhudilər qəsdən Paul və Barnabanı izləyirdilər ki, onların
gördükləri işi məhv etsinlər və xalqı onlara qarşı qızışdırsınlar.
Listra Roma koloniyası idi, lakin o, kənarda yerləşirdi. Şəhərin
sakinləri nə etdiklərini görəndə qorxdular və Paulun öldüyünü düşünərək
onu şəhərdən çıxardılar. Onlar Roma ədalətinin cəzasından qorxurdular və
nəticələrdən qaçmaq üçün cəsəddən qurtulmağa çalışdılar.
Paul qeyri-adi dərəcədə cəsarətli idi. O özünə gələn kimi dərhal
yenidən daşqalaq edildiyi şəhərə getdi. Con Vesli də tövsiyə edirdi:
«Həmişə kütlənin üzünə bax». Sizi öldürməyə cəhd edənlərin yanına
qayıtmaqdan daha cəsarətli nə ola bilər? Belə bir hərəkət insanlara
yüzlərlə vəzdən daha çox təsir edəcək. Adamlar istər-istəməz özlərinə
sual verməli olacaqlar: «İnsan belə davranmağa gücü haradan tapır?»
21-28
İMANLI
CƏMİYYƏTİNİN MÖHKƏMLƏNDİRİLMƏSİ (Həvarilərin işləri 14:21-28)
Bu hissə Paulu üç cəhətdən aydın şəkildə xarakterizə edir:
1) O, məsihçi olmaq qərarına gələn insanlarla olduqca dürüst
danışırdı. O, açıq şəkildə öyrədirdi ki, Allahın Padşahlığına çox
əziyyətlərdən keçərək girməliyik. Paul onlara asan yol vəd etmədi. Lakin
Məsihin «möminlərin həyatını asanlaşdırmaq üçün deyil, onları yüksəltmək
üçün» gəldiyi prinsipini rəhbər tutdu.
2) Geri qayıdarkən Paul imana yeni gələn məsihçilərin bütün kiçik
icmalarında ağsaqqallar təyin etdi. O, məsihçilərin qardaşlıq şəraitində
yaşamalı olduğu barədə fikrini açıq şəkildə nümayiş etdirdi. İmanlı
Cəmiyyətinin ağsaqqallarından birinin dediyi kimi: «İmanlı Cəmiyyətini
ana kimi qəbul etmədən heç kim Allaha Ata deyə bilməz». Con Vesli bu
fikri belə ifadə etmişdi: «Heç kim təkbaşına göylərə gedə bilməz. O, ya
imanlı qardaş tapmalı, ya da başqalarını Məsihə gətirməlidir». Paul öz
missiyasının əvvəlindən nəinki insanları Məsihə gətirir, həm də yerli
imanlı cəmiyyətlərini qururdu.
3) Paul və Barnaba bilirdilər ki, buna öz gücləri ilə nail
olmayıblar. Onların vasitəsilə bu işi görən Allahı izzətləndirirdilər.
Onlar özlərini yalnız Allahın əməkdaşı kimi görürdülər. Azenkurdakı
böyük qələbədən sonra kral Henri onun haqqında qəsidə yazmağı qadağan
etdi və hamıya əmr etdi ki, bu qələbəyə görə yalnız Allahı
izzətləndirsinlər. Biz öz izzətimizi deyil, Allahın əlində bir alət
olduğumuzu düşünərək xidmət etməyə başlayanda, məsihçi xidmətinin əsl
ruhunu dərk etməyə başlayacağıq.
Tarixi əhəmiyyətli sual
İmanlı Cəmiyyətində bütpərəstlikdən gələn məsihçilərin qəbulu həllini
tələb edən problemə səbəb oldu. Yəhudilərin təfəkkürü və ənənələri
təlqin edirdi ki, onlar seçilmiş xalqdır. Faktiki olaraq, yəhudilər
nəinki Allaha aid olduqlarını zənn edirdilər, onlar hətta inanırdılar
ki, Allah yalnız onlara məxsusdur. Onların problemi o idi ki, bütpərəst
yerli məsihçi icmasına qəbul edilməzdən əvvəl sünnət olunmalı və Musa
peyğəmbərin Qanununa riayət etməlidirmi? Başqa sözlə desək, bütpərəst
Məsihi qəbul etməzdən əvvəl öncə yəhudi olmalıdır? Yoxsa Məsihə iman
edən bütpərəst birbaşa Məsihin Cəmiyyətinə qoşula bilər?
Bu məsələ həll olunsa belə, qaçılmaz olaraq başqa problem
yaranacaqdı. Dindar yəhudi bütpərəstlə ünsiyyət qura bilməzdi. Yəhudi
bütpərəsti nə qonaq kimi qəbul edə, nə də onun evinə gedə bilərdi.
Onunla mümkün qədər işgüzar müqavilələr bağlamazdı. Əgər bütpərəstlərin
yerli imanlı cəmiyyətinə daxil olmasına icazə verilsəydi belə, yəhudinin
qeyri-yəhudi ilə ünsiyyət qurmasına nə dərəcədə icazə verilərdi?
Bu kimi problemlər dərhal həllini tələb edirdi. Amma sonda İmanlı
Cəmiyyəti belə bir nəticəyə gəldi ki, yəhudilər və başqa millətlər
arasında heç bir fərq olmamalıdır. Həvarilərin işləri 15-ci
fəsildə Yerusəlimdəki Qurultaydan bəhs edilir. Toplantının qərarı
qeyri-yəhudi möminlər üçün qanuna çevrildi.