15-ci fəsil
1-5
PROBLEM
DAHA DA DƏRİNLƏŞİR (Həvarilərin işləri 15:1-5)
Müjdə yəhudilər və bütpərəstlikdən gələn məsihçilər üçün eyni idi.
Antakyada baş verən və qardaşların birlik içərisində yaşamasına imkan
verən tarixi hadisələri bəziləri təsadüf hesab edirdi. Bunu ağlasığmaz
sayan yəhudilər də var idi. Onlar yəhudilərin seçilmiş xalq kimi xüsusi
mövqeyə malik olduqlarını unuda bilmirdilər. Onlar qeyri-yəhudiləri
İmanlı Cəmiyyətinə o şərtlə qəbul etməyə razılaşmışdılar ki, əvvəlcə
yəhudiliyi qəbul etsinlər. Əgər Yerusəlim qurultayında bu fikir üstünlük
təşkil etsəydi, məsihçilik yəhudiliyin məzhəblərindən birinə
çevriləcəkdi. Radikal yəhudilərdən bəziləri Antakyaya gəlib Məsihə yeni
iman edənləri inandırmağa çalışdılar ki, əgər onlar əvvəlcə yəhudiliyi
qəbul etməsələr, onların imanının faydası yoxdur. Paul və Barnaba buna
kəskin şəkildə etiraz etdilər və məsələ dalana dirəndi.
Yalnız bir çıxış yolu qalırdı: Yerusəlimdəki həvarilərə müraciət
etmək və onlardan problemi həll etmələrini xahiş etmək. Öz fikirlərini
izah etmək üçün Paul və Barnaba, sadəcə olaraq, baş verən hadisələr
haqqında məlumat verdilər. Onlar istəyirdilər ki, faktlar öz sözünü
desin. Lakin Məsihi qəbul edən bəzi fariseylər təkid edirdilər ki, bütün
məsihçilər sünnət olunsunlar və Musa peyğəmbərin Qanununa ciddi şəkildə
əməl etsinlər.
Ortaya sadə, lakin əsas sual qoyuldu: Allahın ənamı seçilmiş bəziləri
üçün nəzərdə tutulub, yoxsa bütün dünya üçün? Əgər bu ənam bizə
verilibsə, biz onu imtiyaz hesab edə bilərikmi? Yoxsa bu ənam üzərimizə
xüsusi məsuliyyət qoyur? Bizim üçün bu problem o qədər də kəskin deyil.
Amma indiki dövrdə də siniflərə, millətlərə, irqlərə bölünmə var.
İnsanlar arasındakı bu maneələr aradan qaldırılandan sonra biz
məsihçiliyin əsl ruhunu anlayacağıq.
6-12
PETER
ÖZ ARQUMENTLƏRİNİ İZAH EDİR (Həvarilərin işləri 15:6-12)
Peter qatı dindar yəhudilərə cavab verərək xatırlatdı ki, Allah on il
əvvəl Kornelini İmanlı Cəmiyyətinə qəbul etmək məsuliyyətini ona
tapşırıb. Peterin düzgün iş görməsinin sübutu o idi ki, Allah Məsihçi
Cəmiyyətinə yönəltdiyi bütpərəstlərə də Öz Müqəddəs Ruhunu vermişdi.
Qanuna görə onlar natəmiz hesab olunurdu. Allah isə Öz Ruhu ilə onların
qəlblərini təmizlədi. Axı Qanunun bütün tələblərini yerinə yetirmək və
bununla da xilası əldə etmək cəhdi uğursuzluğa məhkum idi. Belə olan
halda, insan hər şeyi itirərdi. Yalnız bir yol qalırdı: imanla Allahın
lütfünün müftə ənamını qəbul etmək.
Peter birbaşa məsələnin mahiyyətinə vardı. Axı bütün bu mübahisə ən
vacib prinsipə toxunurdu. İnsan Allahın iltifatını qazana bilərmi? Yoxsa
acizliyini etiraf edib, Allahın ona bəxş etdiyi mərhəməti imanla qəbul
etməyə hazır olmalıdır? Mahiyyətcə qatı dindar yəhudilər deyirdilər:
«Din o deməkdir ki, insan Rəbbin lütfünə Qanuna riayət etməklə layiq
olur». Peter isə buna belə cavab verdi: «Din — Allahın mərhəmətinə
tamamilə təslim olmaqdan ibarətdir». Bu fikir əmələ əsaslanan din ilə
lütfə əsaslanan din arasındakı fərqi ifadə edir. İnsan Allahın ona
borclu olmadığını dərk etməyənə və Allahın ona verdiyi lütfü qəbul
etməyənə qədər qəlbinə sülh gəlməyəcək. Məsihçiliyin paradoksu elə
ondadır ki, qələbəyə gedən yol öz məğlubiyyətini etiraf etməkdən keçir.
Qüdrətə gedən yol isə öz acizliyini dərk etməkdən keçir.
13-21
YAQUBUN
RƏHBƏRLİYİ (Həvarilərin işləri 15:13-21)
Kənardan belə bir təəssürat yaranır ki, bütpərəstlərin İmanlı
Cəmiyyətinə qəbul edilməsi məsələsi hələ də həllini tapmayıb. Sonda
Yaqub danışmağa başladı. O, Yerusəlim imanlı cəmiyyətinin başçısı idi.
Onun başçılığı heç bir şəkildə formal deyildi. Əksinə, o, görkəmli
rəhbər kimi tanınırdı. O, İsanın qardaşı idi. İsa Məsih ona xüsusi
şəkildə görünmüşdü (1Korinflilərə 15:7). O, İmanlı Cəmiyyətinin
sütunu oldu (Qalatiyalılara 1:19). Deyilənə görə, onun
dizlərinin dərisi dəvə dərisi kimi sərt idi. Çünki o, dua etmək üçün
saatlarla diz üstə qalırdı. O, o qədər saleh idi ki, ona Ədalətli Yaqub
deyirdilər. Bundan əlavə, o özü də Qanuna ciddi əməl edirdi. Bu da vacib
idi. Əgər belə bir şəxs bütpərəstləri müdafiə etməyə başlasa, məsələ ən
yaxşı şəkildə həll olunacaqdı. O, belə də etdi: İmanlı Cəmiyyətinə gələn
yeni şagirdlərə lazımsız maneələr yaratmağın düzgün olmadığını bəyan
etdi. Hətta bundan sonra da yəhudilərlə qeyri-yəhudilər arasında
münasibətə dair sual yarandı: Qanuna ciddi riayət edən yəhudi sünnətsiz
imanlılarla necə ünsiyyət qura bilər? Problemi asanlaşdırmaq üçün Yaqub
qeyri-yəhudi məsihçilərə təklif etdi ki, müəyyən standartlara riayət
etsinlər. Onlar bütlərə təqdim olunan qurbanların ətini yeməməlidirlər.
Erkən məsihçiliyin mühüm problemlərindən biri — bütlərə qurban gətirilən
ətlə bağlı idi. Paul bu məsələni 1Korinflilərə 8-ci və 9-cu
fəsillərdə ətraflı izah edir. Bütpərəst öz məbədində tanrılara qurban
təqdim edəndə, çox vaxt ətin yalnız kiçik bir hissəsi qurban
gətirilirdi. Ətin çox hissəsi dostları ilə məbədə bitişik ərazilərdə,
bəzən isə evində ziyafət vermək üçün yiyəsinə qaytarılırdı. Ətin qalan
hissəsini məbədin bütpərəst kahinləri götürür və dükanlarda satdırırdı.
Heç bir məsihçi bu cür ət yeməklə murdarlana bilməzdi, çünki o, bütə
təqdim edilən qurban əti idi.
Onlar özlərini əxlaqsızlıqdan uzaq saxlamalı idilər. Artıq deyildiyi
kimi, qədim dünya üçün ismət məsihçiliklə gələn tamamilə yeni bir
ləyaqət idi. Natəmiz dünyada məsihçilər pak qalmalı idilər.
Onlar boğularaq öldürülən heyvanların ətini və qanını yeməməli
idilər. Yəhudi üçün qan — həyat demək idi, həyat isə yalnız Allaha
məxsusdur. Bununla belə, yəhudilər öz həyat təcrübələrinə əsaslanırdılar
— qanla birlikdə həyat da gedir. Buna görə də, yəhudilərin istehlak
etdiyi bütün heyvanlar elə kəsilirdi ki, qanı tamamilə axıb getsin.
Bütpərəstlərin kəsilmiş heyvanların qanını axıtmaması yəhudilərə iyrənc
görünürdü. Onlara görə mal-qaranı boğaraq kəsmək də eyni dərəcədə iyrənc
hesab olunurdu. Beləliklə, bütpərəstlikdən gələn məsihçilər yəhudi
qaydaları ilə kəsilmiş əti yeməyə başladılar.
Əgər bu sadə tələblərə əməl edilməsəydi, yəhudilərlə qeyri-yəhudilər
arasında ünsiyyət qeyri-mümkün olardı; onların bu qaydalara riayət
etmələri ünsiyyət üçün son maneəni aradan qaldırdı. İmanlı Cəmiyyətində
belə bir prinsip qoyuldu ki, yəhudilər və qeyri-yəhudi möminlər Allah
qarşısında eynidir.
22-35
QƏRARIN QƏBUL
EDİLMƏSİ (Həvarilərin işləri 15:22-35)
Bu mühüm qərarı qəbul edərkən İmanlı Cəmiyyəti effektiv və taktiki
hərəkət etdi. Qurultayda qəbul edilən bütün müddəalar qələmə alındı.
Lakin bu qərar Antakyada olan məsihçilərə adi bir qasid tərəfindən
göndərilmədi: Barnaba və Paul ilə birlikdə Antakyaya gedən Yəhuda və
Sila vasitəsilə çatdırıldı. Əgər Paul və Barnaba tək gəlsəydilər,
onların rəqibləri qərarın doğruluğuna şübhə edə bilərdilər:
Yəhuda və Sila qurultayda qəbul edilən qərarın doğruluğunun rəsmi
elçiləri və qarantları idi. İmanlı Cəmiyyəti həm insanları, həm də
qərarı göndərərək müdrikcəsinə hərəkət etdi. Erkən məsihçi
müəlliflərindən biri yazırdı ki, o oxuduğu hər şeydən daha çox canlı
şahidlərə üstünlük verib. Axı göndərilən məktub rəsmi səslənə bilərdi.
Yəhuda və Sila isə ona heç bir məktubun qata bilməyəcəyi isti dostluq
münasibəti gətirdilər. İnsanlar məktub yazmaq əvəzinə bir-biriləri ilə
daha çox ünsiyyət qursaydılar, əksər problemlərdən qurtulardılar.
36-41
PAUL YENİDƏN
YOLA ÇIXIR (Həvarilərin işləri 15:36-41)
Paul anadangəlmə macəra axtaran adam idi və heç vaxt bir yerdə uzun
müddət qala bilmirdi. O, yenidən yola düşmək qərarına gəldi. Lakin
səfərə hazırlıq faciəvi ayrılma ilə başa çatdı. Barnaba Mark kimi
tanınan Yəhyanı özü ilə aparmaq istəyirdi. Paul isə bir dəfə Pamfiliyada
özünü etibarsız xidmətçi kimi göstərən adamla iş görmək istəmirdi.
Aralarındakı fikir ayrılığı o qədər kəskin oldu ki, onlar ayrılmalı
oldular və bir daha bir araya gəlmədilər. Burada Barnabanın, yoxsa
Paulun haqlı olduğunu söyləmək çətindir. Ancaq bir şey aydındır: Mark
Barnaba kimi bir dostu olduğuna görə çox şanslı idi. Daha sonra,
bildiyimiz kimi, Mark yenidən nüfuzunu bərpa edir. Ola bilsin, ona
nüfuzunu bərpa etməyə və keçmiş səhvlərini düzəltməyə Barnabanın
dostluğu kömək edib. Sənə inanan birinin olması çox gözəldir. Barnaba
Marka inanırdı və nəticədə Mark onun etibarını doğrultdu.
İkinci missioner səyahəti
Paulun üç il davam edən ikinci missioner səyahəti haqqında məlumat
Həvarilərin işləri 15:36-18:23-də təsvir edilmişdir. Səyahət
Antakyadan başladı, Paul əvvəlcə Suriya və Kilikiyadakı imanlı
cəmiyyətlərini ziyarət etdi. Bundan sonra o, Derbe, Listra, Konya və
Pisidiyada olan Antakyadakı imanlı cəmiyyətlərini ziyarət etdi. Sonra
elə bir vaxt gəlib çatdı ki, o, hara gedəcəyini bilmədi. Bu
qeyri-müəyyənlik dövrü Troasdakı bir görüntü ilə başa çatdı. Paul
Troasdan Neapolisə, Frakiya, oradan da Filipiyə getdi. Filipidən sonra
Salonikə və Veriyaya getdi. Oradan Afinaya, daha sonra isə Korinfə
getdi. Korinfdə təxminən on səkkiz ay qaldı. Korinfdən Efes vasitəsilə
Yerusəlimə getdi və nəhayət, Antakyaya qayıtdı. Paulun ikinci missioner
səyahəti Allahın izzəti naminə irəliyə doğru atılan mühüm addım idi.
Çünki məsihçilik Kiçik Asiyanın sərhədlərini keçərək Avropaya
çatmışdı.