16-cı fəsil
1-5
İMANA GÖRƏ OĞUL
(Həvarilərin işləri 16:1-5)
Paulun Derbe və Listrada xidmət etdiyi vaxtdan beş il keçdi. Lakin
oraya qayıdanda çox sevindi, çünki orada sonradan onun əzizinə çevrilən
bir gənclə tanış oldu. Paul Markın yerini tutacaq birini axtarırdı. O
dərk edirdi ki, gələcəkdə onun işlərini davam etdirən və başa çatdıran
əvəzedicilər yetişdirməlidir. Paul axtardığını məhz gənc Timoteyin
simasında tapdı. Paulun Timoteyi sünnət etməsi ilk baxışdan qəribə
görünür. Çünki o, sünnətin məcburi olmadığı fikrini məsihçilərə yenicə
qəbul etdirmişdi. Amma fakt budur ki, Timotey yəhudi idi və Paul
yəhudilərin sünnət edilməməsi ilə bağlı heç vaxt mübahisə etməmişdir.
Bütpərəstlikdən imana gələnlər yəhudi həyat tərzinin bəzi normalarından
azad idilər.
Başqa sözlə, Paul Timoteyi yəhudi kimi qəbul etməklə, yəhudi düşüncə
tərzindən nə qədər azad olduğunu göstərdi. Timotey qarışıq evliliyin
övladı idi. Dindar yəhudi, ümumiyyətlə, belə bir evliliyi tanımaqdan
imtina edərdi. Əgər yəhudi qız bütpərəst kişi ilə və ya yəhudi kişi
bütpərəst qızla evlənsəydi, dindar yəhudi onları ölü hesab edərdi.
Üstəlik, bu o qədər ciddi məsələ idi ki, bəzən formal olaraq dəfn
mərasimi də keçirilirdi. Belə bir nikahdan olan Timoteyi yəhudi kimi
tanımaqla, Paul milli adət-ənənələrdən və qadağalardan nə qədər uzaq
olduğunu göstərdi.
Gənc Timotey yaxşı ailədə anadan olmuşdu. Onun ruhani tərbiyəsində
anasının və nənəsinin rolu böyük idi (2Timoteyə 1:5). Gələcəkdə
o, tez-tez Paulun elçisi kimi çıxış edirdi (1Korinflilərə 4:17;
1Salonikilərə 3:2-6). Paul Romada həbsdə olanda Timotey onunla
birlikdə idi (Filipililərə 1:1; 2:19; Kolosselilərə 1:1; Filimona
1). Paulun Timoteyə münasibəti xüsusi xarakter daşıyırdı. Paul
Korinflilərə Məktubunda (1Korinflilərə 4:17) onu Rəbdə sevimli
və sadiq oğlu adlandırır. Filipililərə Məktubunda yazır ki, onun qədər
çalışqan başqa biri yoxdur (Filipililərə 3:19-20). Ola bilsin,
Paul Timoteydə öz işinin davamçısını görürdü. Nə bəxtiyardır o insan ki,
öz təliminin bəhrəsini şagirdində görür və həmin şagird böyük xidməti
davam etdirir.
6-10
XOŞ XƏBƏR
AVROPAYA ÇATDI (Həvarilərin işləri 16:6-10)
Bir müddət bütün yollar sanki bağlı idi. Müqəddəs Ruhun Paulu Roma
əyaləti olan Asiyaya buraxmaması ona təəccüblü gələ bilərdi. Burada Efes
şəhəri və İlahiyyatçı Yəhyanın Vəhy Kitabında yer alan yeddi imanlı
cəmiyyəti var idi. Müqəddəs Ruh Paula necə rəhbərlik edirdi? O, bunu
peyğəmbərin sözləri və ya görüntü vasitəsilə edirdi; bəlkə də hansısa
daxili səs vasitəsilə. Amma o da ola bilər ki, Paulun bu şəhərlərə
getməməsinə səbəb onun səhhətinin pis olması idi — bədənindəki neştər
ona daim əziyyət verirdi. Bu versiya daha çox ehtimal olunur, çünki
10-cu ayədə heç bir izahat vermədən Luka qəflətən birinci
şəxsin cəm halına — «biz» şəklinə keçir. Bu, Lukanın özünün də orada
olduğunu, hadisələrə şahidlik və Paula yoldaşlıq etdiyini göstərir.
Lukanın qəfil peyda olmasının səbəbi nədir? Luka həkim idi. Ola bilsin,
o, Paul ilə məhz ona görə görüşüb ki, Paulun tibbi yardıma ehtiyacı
yaranıbmış. Xəstəlik Paula səyahətini başa vurmağa mane oldu. Əgər
belədirsə, onda güman etmək olar ki, Paul hətta zəifliyinin və
əzablarının Allah tərəfindən göndərildiyini hesab edirdi. Paulun
görüntüdə makedoniyalını görməsi onun yolunu müəyyənləşdirdi. Paula
görüntüdə görünən bu adam kim idi? Bəziləri onun Luka olduğunu güman
edir, çünki o, Makedoniyalı ola bilərdi. Digərləri belə bir sualın,
ümumiyyətlə, verilməsini lazım bilmirlər. Çünki yuxuları rasional
şəkildə izah etmək mümkün deyil. Ancaq yenə də çox maraqlı bir nəzəriyyə
var. Dünyanı fəth edən bir adam, yəni Makedoniyalı İsgəndər var idi.
Yenə də güman etmək olar ki, Paulun düşdüyü vəziyyət onun gözləri önündə
Makedoniyalı İsgəndəri canlandırmalı idi. O dövrdə Troasın tam adı
Makedoniyalı Troas idi. Dənizin o tayında Makedoniyalı İsgəndərin atası
Filipin adını daşıyan Filipi şəhəri yerləşirdi. Daha sonra İsgəndərin
ögey bacısının adını daşıyan Salonik şəhəri gəlirdi. Bütün bu ərazilər
Makedoniyalı İsgəndərin xatirələri ilə dolu idi. O, qarşısına belə bir
məqsəd qoymuşdur ki, «Qərbi Şərqə nişanlandırsın» və bununla da dünyanı
birləşdirsin. Əgər Paul görüntüdə bütün dünyanı fəth edən İsgəndəri
görübsə, bu onun dünyanı Məsihdə birləşdirmək istəyinin daha bir təsdiqi
oldu.
11-15
AVROPADA
MƏSİHİ İLK QƏBUL EDƏNLƏR (Həvarilərin işləri 16:11-15)
Neapolis (hazırda Kavala adlanır) Filipi şəhərinin dəniz limanı idi.
Bu şəhərin böyük tarixi var idi. Əvvəllər o, «bulaq» mənasını verən
Krenid adlanırdı. Lakin İsgəndərin atası Makedoniyalı Filip
trakiyalılardan qorunmaq üçün onu möhkəmləndirdi və şəhərə öz adını
verdi. Bir vaxtlar bu şəhər qızıl mədənləri ilə məşhur idi, lakin Paulun
dövründə onlar artıq istismar olunmuşdu. Daha sonra şəhər Avqustun Roma
İmperiyasını fəth etməsi ilə nəticələnən dünyanın ən məşhur döyüş
meydanlarından birinə çevrildi.
Filipi şəhəri Roma koloniyası idi. Roma koloniyaları, adətən,
strateji mərkəzlər sayılırdı. Roma hökuməti istefaya çıxmış Roma
əsgərlərinin kiçik qruplarını onların içində yerləşdirirdi. Onlar Roma
forması geyinir, latınca danışır və harada yaşamasından asılı olmayaraq
Roma qanunlarına tabe olurdular. Roma vətəndaşlığı ilə ən çox fəxr
edənlər də məhz Roma strateji məntəqələrinin sakinləri idi.
Filipidə Paulun vəz edə biləcəyi sinaqoq yox idi. Belə yerlərdə,
adətən, çayın yaxınlığında yerləşən ibadət evləri var idi. Şənbə günü
Paul və onu müşayiət edənlər oraya gedib qadınlarla danışdılar. Paulun
Filipidəki xidməti Məsihə iman edən insanların müxtəlifliyi baxımından
son dərəcə diqqətəlayiqdir. Lidiya sosial pillənin başında dayanırdı: o,
tünd qırmızı parça satırdı. Tünd qırmızı parça qırmızı ilbizin
qabıqlarından yığılıb hazırlanırdı. Bu da inanılmaz dərəcədə bahalı idi:
450 qram yunu qırmızı rəngə boyamaq üçün təxminən 180 manat ödənməli
idi. Lakin belə bir zəngin qadın Məsihə üz tutdu.
Qadın istədi ki, Paul və yoldaşları onun evində qalsınlar. Paul
məsihçinin ruhani keyfiyyətlərini sadalayaraq yazır ki, məsihçilər
qonaqpərvərliyə can atmalıdırlar» (Romalılara 12:13). Həvari
Peter yeni məsihçilərə onların vəzifələri barədə göstəriş verərkən
deyir: «Şikayət etmədən bir-birinizə qonaqpərvərlik göstərin»
(1Peter 4:9). Məsihçinin qapısı həmişə hər kəsin üzünə açıq
olmalıdır.
16-24
FALÇILIQ
RUHUNA TUTULAN QARABAŞDAN CİN ÇIXARILMASI (Həvarilərin işləri
16:16-24)
Lidiya sosial pillənin yuxarısında, bu qarabaş qız isə ən aşağısında
dururdu. O, gələcəyi söyləmək qabiliyyətinə malik bütpərəst kahin kimi
idi. O, cinə tutulmuşdu, qədim dünyada belələrinə qəribə bir hörmət
hissi var idi. Çünki inanırdılar ki, tanrılar belələrinə öz ağıllarını
vermək üçün onların ağıllarını əllərindən alıblar. Onda həmçinin
«peyğəmbərlik» etmək ənamı var idi. Qarabaş onun bədbəxtliyindən
istifadə edən vicdansız insanların əlinə düşmüşdü. Paul onu cindən azad
edəndə, həmin adamlar qarabaşın sağalmasına görə sevinmədilər, əksinə,
gəlir mənbəyini itirdiklərinə görə bərk qəzəbləndilər. Bunlar hiyləgər
adamlar idi. Onlar kütlənin təbii antisemitizmi ilə oynayıb, Roma
koloniyasının sakinlərinin vətəndaşlıq qüruruna toxunurdular. Onlar
sonda istədiklərinə nail oldular — Paul və Sila həbs olundu, barələrində
xüsusi ehtiyat tədbirləri görüldü: onları daxili zindana atıb ayaqlarını
kündəyə saldılar. Bu hadisədə dəhşəti olan o idi ki, Paul və Sila yaxşı
iş gördüklərinə görə həbs edilib, dəyənəklə döyülüblər. Elə ki
məsihçilik adamların mülkiyyət hüquqlarına toxunur, o dəqiqə problemlər
yaranır. Kiminsə cibinə toxunan kimi, insanlar həmişə silaha və
zorakılığa əl atırlar. Bununla belə, hər bir insan özünə sual
verməlidir: «Mən pulumu hallılqla qazanıram, yoxsa başqalarını istismar
etməklə?» Çox vaxt Məsihə gedən yolda ən böyük maneə insanların
eqoistliyidir. İnsanlar hər zaman silaha və zorakılığa əl atırlar, lakin
hər bir insan özünə sual verməlidir: «Mən pulumu layiqincə
qazanırammı?»
25-40
FİLİPİLİ
ZİNDAN MÜHAFİZƏÇİSİ (Həvarilərin işləri 16:25-40)
Artıq gördüyümüz kimi, Lidiya sosial pillənin zirvəsində, qarabaş qız
cəmiyyətin ən aşağı təbəqəsində, həbsxana mühafizəçisi isə orta təbəqəyə
mənsub idi və Roma hökumətinin dövlət qulluqçusu sayılırdı. Ona görə də
bu üçlüyə o dövrdəki cəmiyyətin nümayəndələri kimi baxa bilərik.
İlk növbədə hadisənin baş verdiyi məkana baxaq. Paul və
Silanın duasından sonra zəlzələ oldu. O vaxt zindanın qapısı iki dəliyə
keçirilmiş taxta tirlə bağlanırdı. Kündələr də eyni qaydada
hazırlanırdı. Zəlzələnin təkanı taxta tirləri dəliyindən çıxartdı və
məhbuslar kündədən azad edildi. Bunu görən zindan mühafizəçisi intihar
etməyə hazır idi. Çünki Roma qanunlarına görə zindan işçisi qaçan
məhbusun cəzasını alırdı.
İndi isə hadisənin iştirakçılarına baxaq.
Əvvəlcə Paula nəzər salaq. Bu hissədə biz üç məqamı qeyd edirik.
1) O, daxili zindanda möhkəm zəncirlənmiş halda gecə yarısı Allahı
izzətləndirərək ilahilər oxuya bilirdi. Allahın və İsa Məsihin varlığını
heç vaxt heç bir məsihçidən almaq olmaz. Məsihçi Allahla birlikdə olanda
hətta həbsxanada da özünü azad hiss edir, hətta gecə yarısı da onun üçün
gündüzdür.
2) Paul zindanın qapısını onun arxasınca bağlayan mühafizəçiyə xilas
qapısını açmağa hazır idi. O, təbiətcə kinli adam deyildi. Paul onu
kündəyə salan adama Allahın Kəlamını təbliğ edə bilərdi.
3) O özünü ləyaqətli aparırdı. O tələb edirdi ki, onunla Roma
vətəndaşı kimi rəftar olunsun. Roma vətəndaşını qamçılamağa görə ölüm
cəzası verilirdi. Lakin Paul ləyaqətini özü üçün deyil, Filipidə qalan
məsihçilər naminə müdafiə edirdi. Hər kəsin onların Paul kimi nüfuzlu
dostunun olduğunu görməsi vacib idi.
İkincisi, zindan mühafizəçisinə baxaq. Maraqlıdır ki, o, Məsihə sidq
ürəkdən iman etdiyini dərhal əməldə göstərdi. Məsihə iman edən kimi
dərhal Paul ilə Silanın yaralarını yuyub, onlara yemək verdi. Əgər
məsihçilik insanda minnətdarlıq hissi yaratmırsa, onun imanı saxtadır.
Əgər insanın qəlbindəki imanı onun əməllərindəki dəyişikliklə təsdiq
olunmursa, bu, saxta, riyakar imandır.