17-ci fəsil
1-9
SALONİKDƏ (Həvarilərin
işləri 17:1-9)
Paul və Silanın Məsihin yolunu təbliğ etmək üçün Salonikə gəlişi çox
vacib faktdır. Adriatik dənizindən Yaxın Şərqə gedən Roma yolu Eqnati
yolu adlanırdı və Salonikin əsas küçəsi bu yolun bir hissəsi idi.
Salonikdə dərin kök salmış məsihçilik həmin yol boyunca qərbə və şərqə
yayıla, daha sonra isə Allahın Padşahlığının uğuru üçün əsas yola
çevrilə bilərdi.
Bu fəslin birinci ayəsi qısa məktubun kompozisiya nümunəsidir. Elə
görünə bilər ki, söhbət xoş gəzintidən gedir. Əslində isə Filipidən
Amfipolisə qədər 33 Roma mili və ya təxminən 50 kilometr, Amfipolisdən
Apolloniyaya qədər daha 30 mil və nəhayət, Salonikə qədər daha 30
mildir. Beləliklə, təxminən 100 Roma mili və ya 150 kilometrlik səyahət
bir cümlə ilə xülasə olunur.
Adətə görə, Paul xidmətinə sinaqoqda başlayır. O, sinaqoqda iştirak
edən bütpərəstlər arasında olduğu qədər yəhudilər arasında uğur
qazanmamışdı. Bu, yəhudiləri çox qəzəbləndirdi. Çünki onlar həmin
bütpərəstlərə öz təbii əmlakları kimi baxırdılar. Budur, indi isə
əmlakları gözlərinin önündə əllərindən çıxırdı. Yəhudilər Paula mane
olmaq üçün ən iyrənc üsullara əl atdılar. Əvvəlcə onlar xalq arasında
qarışıqlıq saldılar. Yasonu və Məsihə iman edən digər qardaşları şəhər
rəhbərliyinin qarşısına gətirəndə, onları iğtişaşlara hazırlaşmaqda
ittiham etdilər. Onlar bu ittihamın yalan olduğundan xəbərdar idilər.
Lakin onu elə eyhamlarla təqdim etdilər ki, hakimiyyət ciddi qəbul
etsin: «Dünyaya çaxnaşma salan bu adamlar gəlib buraya da çıxdı».
Yəhudilər məsihçiliyin maraq doğuran təsirli qüvvə olduğunu bilirdilər.
T.R.Qlover bir uşağın Əhdi-Cədidin inqilablarla sona çatdığına
dair ifadəsini sitat gətirməkdən zövq alırdı. Məsihçiliyin həyatda
əksini tapması üçün o, hər bir insanda və bütün bəşəriyyətdə köklü
dəyişikliyə səbəb olmalıdır.
10-15
VERİYADA (Həvarilərin
işləri 17:10-15)
Veriya Salonikdən təxminən yüz kilometr qərbdə yerləşirdi. Bu hissədə
üç məqam diqqət çəkir:
1) Paul təbliğini Müqəddəs Yazılara əsaslandırırdı. O, yəhudiləri
Müqəddəs Yazıları araşdırmağa təşviq edirdi. Yəhudilər əmin idilər ki,
İsa Məsih deyil. Çünki O, çarmıxa çəkilmişdi, çarmıxa çəkilmiş adam isə
lənətli sayılırdı. Amma Yeşaya peyğəmbərin kitabı 53-cü fəsildə
yazılanlar onları inandırdı ki, İsanın xidməti Müqəddəs Yazılarda
qabaqcadan deyilib.
2) Burada yəhudilərin hədsiz qəzəbi özünü büruzə verir. Onlar Paulun
Salonikdə təbliğ etməsinə mane olmaqla yanaşı, Veriyada da onu təqib
etdilər. Onların faciəsi onda idi ki, onlar bununla Allahı razı
saldıqlarını düşünürdülər. İnsanın şəxsi məqsədlərini Allahın iradəsinə
tabe etdirmək əvəzinə onları Allahın iradəsi kimi qələmə verməsi,
adətən, dəhşətli nəticələrə gətirib çıxarır.
3) Paulun cəsarəti. O, Filipidə həbs olundu. Həyatını təhlükəyə
ataraq gecənin zülmətində Saloniki tərk etdi və Veriyada yenindən
həyatını riskə atdı. Çoxları həbs və ölüm təhlükəsi olan mübarizəni
dayandırardı. Devid Livinqstondan soruşanda ki, hara getməyə hazırdır,
o, belə cavab vermişdi: «İstənilən yerə getməyə hazıram, təki irəli
gedim». Paul da heç vaxt geri dönməyi ağlından keçirməzdi.
16-21
AFİNADA TƏK (Həvarilərin
işləri 17:16-21)
Veriyanı tərk edəndə, Paul Afinaya gəldi. Ancaq dostlarının yanında
olub-olmamasından asılı olmayaraq, Paul həmişə Məsihi təbliğ edirdi.
Afina əzəmətini çoxdan itirmişdi. Buna baxmayaraq, şəhər o dövrün ən
böyük universitet mərkəzi olaraq qalırdı və o dünyanın dörd tərəfindən
insanlar buraya təhsil almaq üçün axışırdı. Bu, çoxlu tanrıların olduğu
bir şəhər idi. Deyilənə görə, Yunanıstanın digər şəhərlərindəki tanrı
heykəlləri toplansaydı, Afinadakı qədər etməzdi. Afinada tanrı ilə
rastlaşmaq insanla rastlaşmaqdan daha asan idi. İnsanlar söhbət etmək
üçün böyük şəhər meydanında toplaşırdılar, çünki Afinada başqa
məşğuliyyətləri yox idi. Paul üçün həmsöhbət tapmaq çətin olmadı. Çox
keçmədi ki, filosoflar onun haqqında öyrəndilər.
Filosoflar arasında epikürçülər da var idi. Onlar inanırdılar ki:
1) Hər şey taledən asılıdır;
2) ölümlə hər şey bitir;
3) tanrılar dünyadan çox uzaqdadır və dünya onları narahat etmir;
4) insan həyatının əsas məqsədi — zövq almaqdır.
Onlar cismani və maddi həzləri nəzərdə tutmurdular. Onlara görə, ən
böyük həzz əzabın olmamasıdır.
Onların arasında stoiklər də var idi. Stoiklərə görə:
1) Dünyada olan hər şey Allahdır. Tanrı alovlu bir ruhdur, lakin
maddi dünyada bir qədər zəifləyib, bununla belə, o, hər şeydə mövcuddur.
İnsan həyatı onun daxilində yaşayan həmin ruhun kiçik bir qığılcımından
yaranır. İnsan öləndə həmin ruh Allaha qayıdır.
2) Dünyada hər şey Allahın iradəsi ilə baş verir, buna görə də hər
şey olduğu kimi qəbul edilməlidir.
3) Kainat vaxtaşırı dağılır, yanır, yenidən başlayır və beləcə dövrü
olaraq təkrarlanır.
Onlar Paulu Areopaqa — müharibə tanrısı Marsın təpəsinə gətirdilər.
Orada toplaşan məhkəmə eyni adı daşıyırdı. Areopaq otuz nəfərdən çox
olmayan seçmə məhkəmə idi. Həmin məhkəmə qətlə dair ittihamları
araşdırır və ictimai əxlaqa nəzarət edirdi. Budur, dünyanın ən savadlı
şəhərində və ən tələbkar məhkəmə qarşısında Paul öz imanı barədə şəhadət
etməli idi. Bu proses hər kəsi qorxuda bilərdi, lakin Paul heç vaxt
Məsihin Müjdəsindən çəkinmirdi. Paul bu məhkəməni Məsih haqqında şəhadət
etmək üçün Rəbbin ona verdiyi fürsət kimi görürdü.
22-31
FİLOSOFLAR ÜÇÜN
VƏZ (Həvarilərin işləri 17:22-31)
Afinada naməlum Allaha həsr olunmuş çoxlu qurbangahlar var idi. Paul
Afinaya gəlməmişdən altı əsr əvvəl şəhərdə dəhşətli vəba tüğyan edirdi.
Epidemiyanın qarşısını heç nə ala bilmirdi. Krit adasından olan şair
Epimenides öz planını təklif etdi. Areopaqdan şəhərə doğru ağ-qara qoyun
sürüsü buraxıldı. Onlardan biri harada yerə uzandısa, onu götürüb məbədi
yaxınlıqda yerləşən tanrıya qurban kəsirdilər. Əgər qoyun naməlum
tanrının qurbangahı yanında uzanırdısa, o, «naməlum tanrıya» qurban
kəsilirdi. Paul öz vəzini buradan başlayır və bu fikirləri irəli
sürür:
1) İnsanlar Allahı yaratmayıb. O Özü Yaradandır. Hər şeyin Yaradıcısı
Olana insan əli ilə düzəldilmiş əşyalar vasitəsilə ibadət etmək olmaz.
Doğrudan da, insanlar çox vaxt əlləri ilə yaratdığı şeylərə sitayiş
edirlər. Çoxları üçün allah öz düşüncələrini, enerjilərini və vaxtlarını
nəyə sərf edirlərsə, odur. Axı onlar öz əllərinin yaratdığını
ilahiləşdirir, əşyalara pərəstiş edirlər.
2) Allah tarixin gedişini istiqamətləndirir. O, keçmişdə xalqların
inkişafına təkan verib, indi də hər şeyi idarə edir.
3) Allah insanı elə yaratmışdır ki, o, instinktiv olaraq qaranlıqda
Allahı axtarır.
4) İnstinktiv axtarışlar və cəhalət dövrü keçdi. İnsanlar cahil idi
və Allahı dərk edə bilmirdilər. O da onların günahlarını və səhvlərini
bağışladı. Lakin indi insanlara Allah haqqında bilik Məsih vasitəsilə
verildi və Allahın insanları cahilliklərinə görə bağışladığı dövr keçib
getdi.
5) Qiyamət günü yaxınlaşır. Həyat nə epikürçülərin inandığı kimi
məhvə doğru hərəkət edir, nə də stoiklərin düşündüyü kimi Tanrı ilə
birləşmə yolu deyil. Həyat Allahın ədalətli hökmünə aparan yoldur, orada
Hakim İsa Məsihdir.
6) Allah Məsihi diriltməklə Onun məqsədini nümayiş etdirdi. Biz
naməlum olan Allahla deyil, ölülərdən dirilmiş Məsihə aidik.
32-34
PAULUN
TƏBLİĞİNƏ AFİNALILARIN REAKSİYASI (Həvarilərin işləri 17:32-34)
Ümumiyyətlə, belə təəssürat yarana bilər ki, Paul Afinada başqa
yerlərdə olduğundan daha az nailiyyət əldə edib. Afinalılar danışmağı
hər şeydən çox sevirdilər. Onlar nəticəni gözləmirdilər və konkret həll
yollarını sevmirdilər. Onların yeganə məqsədi bəlağətli danışmaq və
düşünməyə təşviq etmək idi.
Paulun təbliğinə verdikləri reaksiyaya görə afinalıları üç qrupa
bölmək olar:
1) Bəziləri Paulu ələ saldılar. Bu qəribə yəhudinin alovlu çıxışı və
ciddiliyi onları əyləndirirdi. Həyatla bağlı zarafat etmək olar, amma
çox vaxt komediya kimi başlayan həyat faciə ilə bitir.
2) Digərləri Paul ilə daha sonra, başqa vaxt müzakirə etmək qərarına
gəldilər. Lakin vacib məsələləri və gələcəklə bağlı qərarları təxirə
salmaq böyük bəla gətirə bilər.
3) Bəziləri isə iman etdilər. Müdriklər bilirlər ki, Allahın
təklifini ancaq axmaqlar rədd edər.
Məsihə iman edənlərdən biri Areopaq üzvü Dionis idi. Artıq qeyd
etdiyimiz kimi, Areopaq otuz nəfərə yaxın üzvdən ibarət idi. Görünür,
Dionis Afinanın intellektual elitasına mənsub idi. Digəri Damaris idi.
Afinada qadınların hüquq və azadlıqları yox idi. Çətin ki, Paul bazar
meydanında ləyaqətli qadına rast gəlsin. Çox güman, Damaris əvvəlki
günahlı həyat tərzindən utanmış və salehlik yoluna qədəm qoymuşdu.
Burada bir daha görürük ki, Müjdə cəmiyyətin bütün təbəqələrindən olan
həm kişiləri, həm də qadınları cəlb edirdi.
Korinfdə müjdəçilik
Korinfin coğrafi mövqeyi onu Yunanıstanın əsas şəhəri etmişdi.
Buradakı dəniz Yunanıstanı, demək olar ki, iki hissəyə bölür. Şərqdə
Kenxreya limanı ilə Saronikos körfəzi, qərbdə isə Lekya limanı ilə
Korinf körfəzi Şimali Yunanıstanı Peloponnesdən ayırır. Bu iki körfəz
arasında eni təxminən səkkiz kilometr olan dar bir torpaq zolağı
yerləşir. Korinf şəhəri məhz həmin zolaqda yerləşir. Yunanıstanın şimalı
ilə cənubu arasındakı bütün nəqliyyat vasitələri Korinfdən keçirdi,
çünki başqa yol yox idi. Korinf şəhərini «Yunanıstanın körpüsü»
adlandırırdılar. Yunanıstanın cənubunda dəniz yolu ilə səyahət çox
təhlükəli idi. Peloponnes yarımadasının cənubunda Horn burnu qədər
təhlükəli olan Maleya burnu var idi. Yunanların belə bir məsəli var idi:
«Maleya burnu ətrafında gəzməyi planlaşdıran hər kəs vəsiyyətini
yazsın». Buna görə Aralıq dənizinin şərqi ilə qərbi arasında ticarət
Korinfdən keçirdi. Məqsəd — Maleya burnu ətrafındakı təhlükələrdən
qaçmaq idi. Korinf «Yunanıstanın bazar meydanı» idi. Korinf təkcə böyük
ticarət mərkəzi deyil, həm də əhəmiyyətinə görə Olimpiya Oyunlarından
sonra ikinci olan İstmiya Oyunlarının keçirildiyi yer idi.
Korinf həm də əxlaqsızların şəhəri idi. Yunanlarda «korinflik etmək»
ifadəsi var idi. Mənası «şəhvətli, pozğun həyat sürmək» demək idi. Yunan
pyeslərində korinflilər, adətən, sərxoş rolunu oynayırdılar. Korinfin
mərkəzində Akropol qalası ucalırdı. Bu, nəinki qala, həm də Afrodita
tanrıçasının məbədi idi. Onun şöhrətli dövründə məbəddə Afroditanın minə
qədər qadın kahini var idi. Onlar fahişə idilər və hər axşam şəhərin
küçələrinə çıxıb pozğunluq edirdilər. «Hər kəs Korinfdə ola bilməz»
ifadəsi Yunanıstanda məşhur deyimə çevrilmişdi. Belə bir şəhərdə Paul
yaşayıb, işlədi və böyük uğurlar qazandı. Korinflilərə məktubunda Paul
əxlaqsızlıqların tam siyahısını verir. «Məgər bilmirsiniz ki, haqsızlıq
edənlər Allahın Padşahlığını irs olaraq almayacaq? Aldanmayın, çünki
əxlaqsızlar, bütpərəstlər, zinakarlar, fahişə kişilər, kişibaz kişilər,
oğrular, tamahkarlar, əyyaşlar, böhtançılar, soyğunçular Allahın
Padşahlığını irs olaraq almayacaq. Sizlərdən bəzisi belə idi.
Amma Rəbb İsa Məsihin adı ilə və Allahımızın Ruhu ilə yuyulub
təmizləndiniz, təqdis olundunuz və saleh sayıldınız» (1Korinflilərə
6:9-11) Korinfin əxlaqsızlığının unikallığı Məsihin təliminin öz
təsirini daha aydın şəkildə nümayiş etdirməyə imkan verdi.