18-ci fəsil
1-11
ƏN ƏXLAQSIZ ŞƏHƏR
(Həvarilərin işləri 18:1-11)
Budur, Paulun gündəlik həyatının canlı mənzərəsi. O, ravvin idi və
ravvin adətinə görə, hansısa sənətə yiyələnməli idi. Onun təbliğ
etdiyinə və öyrətdiyinə görə ödəniş almaq hüququ var idi. Buna
baxmayaraq, öz sənəti ilə çörək pulu qazanmalı idi. Yəhudilər zəhmətə
qatlaşmağı yüksək qiymətləndirirdilər. Onlar deyirdilər: «Zəhməti sev.
Oğluna sənət öyrətməyən ona oğurluğu öyrədir». «İnsan həm Qanunu, həm də
dünyəvi sənəti öyrənirsə, bu əladır. Çünki hər ikisini yerinə
yetirərkən, o, günah haqqında düşünmür. Yalnız Qanunu öyrənməklə məşğul
olarsa, nəticədə büdrəyər və günah işlədər». Buna görə ravvinlər hansısa
sənətə sahib olurdular. Bu səbəbdən heç vaxt həyatdan təcrid olunmuş
alimlərə çevrilmirdilər və zəhmət çəkən insanın həyatının necə olduğunu
bilirdilər.
Paul çadırlar hazırlayırdı. Tarsus şəhəri Kilikiyada yerləşirdi,
burada yunu ilə seçilən xüsusi cins keçi sürüləri var idi. Onların
yunundan xüsusi kilikiya parçası hazırlanırdı. Həmin parçadan
çadırlar, portyerlər, pərdələr və
palazlar tikilirdi.
Paulun işi bundan ibarət idi. Halbuki burada işlədilən yunan sözü dabbaq
kimi də başa düşülə bilər. Ola bilsin, Paul mahir usta idi. O,
məktublarında fəxrlə xatırladır ki, heç vaxt heç kimə yük olmayıb
(1Salonikilərə 2:9; 2Saloniklərə 3:8; 2Korinflilərə 11:9). Amma
çox güman, Afinaya gələn Sila və Timotey Paulu xüsusilə sevən Filipidəki
imanlı cəmiyyətindən hədiyyə gətirmişdilər. Bu hədiyyə ona özünü
tamamilə Müjdəyə həsr etməyə imkan verdi. İmperator Klavdi 49-cu ildə
bütün yəhudiləri Romadan qovdu. Yəqin ki, Akila və Priskila həmin vaxt
Korinfə gəlmişdilər.
Paul Allahın səsini eşitməyə ehtiyac duyanda, Allah onunla danışdı.
Paul Korinfdə tez-tez qorxuya düşürdü. Axı o, emosional adam idi və
görünür, tez-tez çətin məsələləri həll etməli olurdu. Lakin Allah insana
hansısa bir işi həvalə edəndə, onu yerinə yetirmək üçün güc də verir.
Allahın köməyi ilə Paul cəsarət və güc tapdı.
12-17
OBYEKTİV ROMA
ƏDALƏTİ (Həvarilərin işləri 18:12-17)
Həmişə olduğu kimi, yəhudilər yenidən Paula qarşı sui-qəsd
hazırladılar. Ola bilsin, onlar vali vəzifəsinə yeni gələn Qalliyonu
məsihçilərə qarşı təhrik etməyə çalışdılar. Buna görə o, idarəçiliyində
olan ərazinin vəziyyətini düzgün qiymətləndirə bilmirdi. Qalliyo
zadəganlığı ilə tanınırdı. Qardaşı Seneka onun haqqında belə deyirdi:
«Hətta qardaşımı şəksiz sevənlər də onu kifayət qədər sevmirlər.
Qardaşımın rəftar etdiyi kimi heç kim heç kəsə yaxşı münasibət
göstərməmişdir». Yəhudilər Qalliyodan öz məqsədləri üçün istifadə etmək
istəyirdilər, lakin o özünü qərəzsiz bir Romalı kimi göstərdi. O, Paulun
və onun tərəfdarlarının heç bir cinayət törətmədiyini və yəhudilərin
ondan öz məqsədləri üçün istifadə etmək istədiklərini yaxşı bilirdi.
Onun mühakimə kürsüsünün yanında liktorlar
dayanırdılar. Onlar Qalliyonun əmri ilə yəhudiləri hökm kürsüsünün
yanından qovdular. Bu hissənin son ayəsində deyilir: «Qalliyo isə bu
hadisələrə əhəmiyyət vermədi». Bəzən bu ayəni elə şərh edirlər ki, sanki
Qalliyo bu məsələyə maraq göstərməyib. Əslində isə Qalliyo kifayət qədər
qərəzsiz idi və başqalarının onun qərarlarına təsir etməsinə imkan
vermirdi.
Bu hissə bizə məsihçi həyatının danılmaz üstünlüklərini göstərir.
Qalliyo bilirdi ki, Paul və onun qardaşları günahsızdırlar.
18-23
ANTAKYAYA QAYIDIŞ
(Həvarilərin işləri 18:18-23)
Paul evə qayıtmaq qərarına gəldi. Onun yolu Korinf limanı olan
Kenxreyadan Efesə keçirdi. Oradan Qeysəriyyəyə, sonra isə yerli imanlı
cəmiyyətinə baş çəkmək və onun rəhbərləri ilə görüşmək üçün Yerusəlimə
getdi. Daha sonra o, Antakyaya — səyahətinin başlandığı yerə
qayıtdı.
Paul Kenxreyada əhd olaraq başını qırxdırdı. Əgər yəhudi ona
göstərilən mərhəmətə görə Allaha xüsusilə minnətdarlıq etmək
istəyirdisə, o, nəzirlik əhdi edirdi (Saylar 6:1-21). Bu əhdi
tam yerinə yetirmək üçün o, otuz gün ərzində nə ət yedi, nə də şərab
içdi, saçlarını isə uzatdı. Otuz gün bitəndən sonra Məbəddə müəyyən
qurbanlar təqdim etməli idi. Saçları da Allaha qurban olaraq qurbangahda
yandırılmaq üçün kəsildi. Şübhəsiz ki, Paul Allahın Korinfdə ona
göstərdiyi lütf haqqında düşünürdü və minnətdarlığını bildirməkdən ötrü
bu əhdi etmişdi.
Üçüncü missioner səyahəti
Üçüncü missioner səyahətinin hekayəsi Həvarilərin işləri
18:23-dən başlayır. Bu səyahət şagirdlərin ruhən möhkəmləndirilməsi
üçün Qalatiya və Frigiyadan başladı. Paul oradan Efesə getdi və üç ilə
yaxın orada qaldı. Sonra Makedoniyaya, oradan da geri — Troasa və
Militini, Sur və Qeysəriyyə vasitəsilə Yerusəlimə getdi.
24-28
APOLLONUN VƏZİ
(Həvarilərin işləri 18:24-28)
Burada məsihçilik «Rəbbin yolu» kimi təsvir olunur. «Yol» sözü
Həvarilərin işləri 19:9, 23-də də istifadə olunur. Bu da
məsihçiliyin təkcə müəyyən həqiqətlərə əsaslanmadığını, həm də onları
həyatda tətbiq etdiyini göstərir.
Apollo bir milyona yaxın yəhudinin yaşadığı İsgəndəriyyədən gəlmişdi.
Yəhudi icması İsgəndəriyyədə o qədər güclü idi ki, onun beş rayonundan
ikisində yəhudilər yaşayırdılar. İsgəndəriyyə Əhdi-Ətiqin alleqorik
təfsirini sevən alimlərin şəhəri idi. Onlar Əhdi-Ətiqin tarixi qeyd
olduğuna nəinki inanır, həm də orada qeyd olunan hər bir hadisənin gizli
mənasının olduğunu zənn edirdilər. Bu cür biliyə malik olan Apollo
yəhudiləri inandırmaqda təsirli ola bilərdi. O, Əhdi-Ətiqdə Məsihə işarə
edən istinadları tapıb, onlara sübut edə bilərdi ki, Əhdi-Ətiq Onun
gəlişini qabaqcadan xəbər verib.
Lakin onun təhsilində əhəmiyyətli bir çatışmazlıq da var idi. Çünki
o, yalnız Yəhyanın vəftizindən xəbərdar idi. Növbəti hissəni təhlil
etdikdə bunun nə demək olduğunu daha aydın görəcəyik. Ancaq deyə bilərik
ki, Apollo tövbənin vacibliyini dərk etmiş və Məsihi İsada tanımışdı.
Halbuki o, hələ Müjdə, İsanın Xilaskar olması və Müqəddəs Ruhun zühuru
haqqında bilmirdi. O, İsanın şagirdlərinə verdiyi tapşırıq barədə
bilirdi. Lakin bu tapşırığı yerinə yetirməkdə İsanın onlara verdiyi
köməkdən xəbərsiz idi. O, bu həqiqəti Akila və Priskilanın
danışıqlarından başa düşdü. Nəticədə tarixi İsanı tanıyan Apollo,
imanlıların ürəyində daim yaşayan İsanın Məsih olduğunu dərk etdi. Buna
görə, çox güman, onun təbliğinin təsiri qat-qat artdı.
Efesdə
Həvarilərin işləri kitabının 19-cu fəsli əsasən Paulun
Efesdəki fəaliyyətindən bəhs edir. O, orada üç ilə yaxın, yəni başqa
yerlərdən daha çox qaldı.
1) Efes Kiçik Asiyanın bazarı sayılırdı. Həmin dövrlərdə ticarət çay
dərələri boyunca aparılırdı. Efes Kaistr çayının mənsəbində yerləşirdi
və Kiçik Asiyanın ən zəngin bölgəsini idarə edirdi. Vəhy
18:12-13 bizə o dövrdə ticarət obyektləri haqqında təsvir verir.
Efes «Asiyanın xəzinəsi» kimi tanınırdı. Bir nəfər bu şəhəri «Kiçik
Asiyanın şöhrətpərəst yarmarkası» adlandırmışdı.
2) Efesdə prisyajnılar məhkəməsi keçirilirdi. Başqa sözlə, Roma
valisi xüsusi günlərdə Efesə gəlir və mühüm hüquqi işlərlə məşğul
olurdu. Şəhər Roma hakimiyyətinin əzəmətinə və məhkəmə proseslərinə
yaxşı bələd idi.
3) Efesdə İonik idman oyunları keçirilirdi. Bu zaman ölkənin dörd bir
yanından şəhərə adamlar gəlirdi. Bu oyunlara ev sahibliyi etmək və onu
təşkil etmək böyük şərəf sayılırdı. Belə yüksək vəzifə tutan şəxslərə
asiarx deyilirdi. Onlar haqqında Həvarilərin İşləri kitabında
19:31-də danışılır.
4) Efes cinayətkarların sığınacağı idi. Efesdə yerləşən Diana məbədi
cinayətkarlara sığınacaq vermək hüququna malik idi. Yəni cinayətkar
məbədə sığına bilsəydi, o, təhlükəsizlikdə sayılırdı. Buna görə də qədim
dünyanın bir çox cinayətkarı Efesdə sığınacaq tapmışdı.
5) Efes bütpərəst xurafatların mərkəzi idi. O, «Efes məktubları» adlı
cadugər kitabları ilə məşhur idi. Bu kitablar insanlara yolda
təhlükəsizlik, sonsuzlara uşaq, sevgi və ya işgüzar münasibətlərdə uğur
vəd edirdi. Bu məktublardan ötrü dünyanın hər yerindən adamlar Efesə
gəlirdilər. Sonra isə onları gözmuncuğu kimi üstündə gəzdirirdilər.
6) Amma Efes ən çox Artemida məbədi ilə məşhur idi. Əslində Artemida
və Diana eyni ilahədir. Artemida onun yunan, Diana isə latın adıdır. Bu
məbəd dünyanın yeddi möcüzəsindən biri hesab olunurdu. Onun uzunluğu
təxminən 130 metr, eni 67 metr və hündürlüyü 18 metr idi. Məbəd 127
sütunla əhatə olunmuşdu. Hər bir sütun hansısa padşahın hədiyyəsi idi.
Bütün sütunlar Paros mərmərindən hazırlanmışdı, onların otuz altısı
dəbdəbəli şəkildə qızılla örtülmüş və mozaika ilə bəzədilmişdir. Əsas
qurbangah ən böyük yunan heykəltəraşı Praksitel tərəfindən oyulmuşdur.
Amma Artemida obrazı gözəl deyildi. Bu, çoxlu döşləri olan,
məhsuldarlığı təmsil edən çömbəlmiş qara fiqur idi. Heykəl o qədər köhnə
idi ki, heç kim onun haradan gəldiyini və nədən hazırlandığını bilmirdi.
Deyilənə görə, göydən düşmüşdü.