19-cu fəsil
1-7
NATAMAM MƏSİHÇİ
İMANI (Həvarilərin işləri 19:1-7)
Paul Efesdə Yəhyanın vəftizi ilə vəftiz olunmuş, lakin Müqəddəs Ruh
haqqında heç nə bilməyən bir neçə adamla qarşılaşdı. Yəhyanın vəftizi və
İsanın adı ilə edilən vəftizin arasında nə fərq var? Vəftizçi Yəhyanın
təbliği (Matta 3:7-12; Luka 3:3-11) İsanın təbliği ilə onun
təbliği arasında əhəmiyyətli bir fərq olduğunu göstərir. Yəhyanın
təbliği ifşadan ibarət idi, lakin İsanın təbliği Xoş Xəbər idi. Yəhyanın
təbliği yola çıxmaq üçün bir addım idi. O özü də bilirdi ki, yalnız
ondan sonra Gələnə yol hazırlayır (Matta 3:11; Luka 3:16).
Yəhyanın təbliği zəruri addım idi, çünki iman həyatı iki mərhələdən
ibarətdir. Birinci mərhələdə biz acizliyimizi, zəifliyimizi və
məhkumluğumuzu dərk edirik. Bilirik ki, Allahın hökmü üzərimizdədir. Bu
mərhələ daha yaxşı olmaq istəyi ilə sıx bağlıdır, lakin biz öz gücümüzə
güvəndiyimiz üçün bu mərhələdə uğursuzluğa düçar oluruq. İkinci
mərhələdə biz başa düşürük ki, bizim məhkumluğumuz İsa Məsihin lütfü ilə
aradan qaldırıla bilər. Bu mərhələdə biz dərk edirik ki, yaxşı işlər
görmək səylərimiz Müqəddəs Ruh tərəfindən dəstəklənir. Müqəddəs Ruh
sayəsində özümüz heç vaxt edə bilməyəcəyimiz işləri edə bilərik.
Paulun Efesdə görüşdüyü məsihçilər məhkum olunduqlarını dərk
edirdilər. Eyni zamanda onu da dərk edirdilər ki, düzgün yaşamaq onların
mənəvi borcudur. Onlar nə Məsihin lütfü, nə də Müqəddəs Ruhun köməyi
haqqında bilirdilər. Onların imanı istər-istəməz mübarizəyə əsaslanırdı,
ona görə də Allahda rahatlıqları yox idi. Bu hadisə göstərir ki,
Müqəddəs Ruh olmadan əsl məsihçilik ola bilməz. Hətta səhvlərimizi dərk
etsək də, tövbə edib dəyişməyə qərar versək də, Müqəddəs Ruh olmadan biz
heç vaxt dəyişilməyə nail ola bilməyəcəyik.
8-12
ALLAHIN İŞLƏRİ
(Həvarilərin işləri 19:8-12)
Yəhudilərin şiddətli hücumları səbəbindən Paulun sinaqoqda xidmət
etməsi qeyri-mümkün olanda o, filosof Tiranın mühazirə otağında
vəzlərinə davam etdi. Yunan əlyazmalarının birində şahid detalına
bənzəyən bir qeyd tapırıq. Orada qeyd olunur ki, Paul səhər saat 11-dən
axşam 4-ə qədər həmin məktəbdə təlim keçirdi. Çox güman, Paul məhz həmin
vaxt orada təbliğ edirdi. Çünki səhər saat 11-ə qədər və günorta saat
4-dən sonra mühazirə otağı Tirana lazım olurdu. İoniya şəhərlərində saat
11-də istidən həyat dayanır və yalnız günortadan sonra davam edirdi.
Deyilənə görə, Efesdə adamlar gecə saat 1-dən çox günorta saat 1-də
yuxuda olurdular. Görünür, Paul səhər-axşam işləyir, günorta isə
məktəbdə təbliğ edirdi. Bu, Paulun təbliğə və öyrətməyə çox ciddi
yanaşdığını və məsihçilərin onun təliminə diqqətlə qulaq asdığını
göstərir. Axı onlar yalnız başqaları günorta istisindən gizlənərək
istirahət edəndə öyrədə və öyrənə bilirdilər. Onlar bu fürsəti əldən
vermirdilər. Bir çoxumuz vaxtın əlverişli olub-olmaması ilə bağlı
danışanda özümüzdən utanmalıyıq.
Bu müddət ərzində möcüzəli işlər baş verirdi. Fəhlələr alın tərinin
qarşısını almaq üçün başlarına dəsmal bağlayırdılar. Belinə bağladığı
önlüklər dedikdə, fəhlə və qulluqçuların bellərinə bağladıqları
önlükləri başa düşməliyik. Bu möcüzələri Paul yox, Allah onun vasitəsilə
edirdi. Bir nəfər belə deyirdi ki, Allah istifadə etmək üçün hər yerdə
əl axtarır. Təbii ki, biz öz əlimizlə möcüzə yarada bilmərik; lakin
əlimizi Allaha təslim etsək, O, möcüzələr yarada bilər.
13-20
XURAFATA
QARŞI ÖLÜMCÜL ZƏRBƏ (Həvarilərin işləri 19:13-20)
Qarşımızda Efes həyatından maraqlı bir epizod canlanır. O dövrdə
insanlar inanırdılar ki, xəstəlikləri, xüsusən də ruhi xəstəlikləri
insan bədənində məskunlaşan şər ruhlar yaradır. Şər ruhları qovmaq adi
hal idi. Əgər cindar xəstənin bədənində məskunlaşan şər ruhdan daha
güclü ruhun adını bilirdisə, onun adını çəkərək, xəstənin bədənində olan
ruhu məğlub edib qovurdu. Bunun doğruluğuna şübhə etməyə heç bir əsas
yoxdur. İnsan ağlı qəribə bir şeydir. Lakin Allah mərhəmətinə görə bəzən
hətta dini xurafatlardan belə istifadə edə bilər.
Bəzi cindarlar İsanın adından öz məqsədləri üçün istifadə etməyə
çalışanda, təhlükəli hadisələr baş verdi. Bunun nəticəsində bir çox
«şəfa verənlər», cindarlar, eləcə də buna səmimiyyətlə inananlar səhv
yolda olduqlarını başa düşdülər. Efeslilər mövhumatlarından ayrılıb,
onlara böyük gəlir gətirən cadugər kitablarını yandırmağa hazır idilər.
İnsanlarda baş verən dəyişikliyin bundan daha parlaq nümunəsini tapmaq
mümkün deyil. Onlar bizim üçün də nümunədirlər. Bu keçmişdən üz
döndərməyin ən bariz nümunəsi idi, baxmayaraq ki, həmin keçmiş onların
həyatı idi. Düzdür, biz günahlarımıza və pis əməllərimizə nifrət edirik.
Amma bəzən onlardan ayrıla bilmirik. Ayrılmaq istəyəndə də bunu ya
könülsüz edirik, ya da sonraya saxlayırıq. Ancaq keçmişdən tamamilə
birdəfəlik qopmaq çox vacibdir.
21-22
PAULUN NİYYƏTİ
(Həvarilərin işləri 19:21-22)
Luka ianələrə eyham vurduğu halda, Paul öz məktublarında bu barədə
daha ətraflı yazır. Luka deyir ki, Paul bütpərəstlikdən gələn
məsihçilərdən ianələr toplamaq və topladığını Yerusəlimə aparmaq
niyyətində idi. Həmin sədəqələr haqqında biz Paulun məktublarında —
1Korinflilərə 16:1 və s.; 2Korinflilərə 9:1 və s.; Romalılara
15:25-26-da görürük. Paul iki səbəbə görə bu məqsəddən ötrü israr
edirdi: birincisi, o, İmanlı Cəmiyyətinin birliyini praktikada
göstərmək, onların hamısının Məsihin bədəninin üzvləri olduğunu
vurğulamaq və bir üzv əziyyət çəkəndə digərlərinin ona kömək etdiyini
öyrətmək istəyirdi. Başqa sözlə, Paul onları dar icma anlayışlarından
azad etmək və üzv olduqları dünya miqyaslı İmanlı Cəmiyyəti ilə tanış
etmək istəyirdi. İkincisi, o, məsihçi xeyriyyəçilik hissini onlara
praktikada aşılamaq istəyirdi. Şübhəsiz ki, onlar Yerusəlimdəki
məsihçilərin sıxıntılarını eşidəndə ürəkləri yanırdı. Lakin Paul
istəyirdi ki, bütün məsihçilər emosional şəfqəti əməldə icra etməyin
vacib olduğunu dərk etsinlər. Bu dərslərin hər ikisi bu gün də
aktualdır.
23-40
EFESDƏ ÜSYAN
(Həvarilərin işləri 19:23-40)
Bu hissədəki personajlar olduqca aydın təsvir edilib. Onların
arasında Dimitri və gümüş zərgərləri birinci yerdədir. Onlar
gəlirlərinin azaldığından narahat idilər. Düzdür, onlar Artemida
ilahəsinin taleyi və şərəfinə görə narahat olduqlarını iddia edirdilər,
lakin ən çox şəxsi gəlirlərinə görə vəlvələyə düşmüşdülər. Efesə
gəlib-gedən zəvvarlar özləri ilə suvenirlər, məsələn, gümüş zərgərlərin
düzəltdiyi məbədin kiçik maketlərini götürmək istəyirdilər. Lakin
məsihçilik elə bir uğur qazanmışdı ki, onlar bunu sənətlərinə təhlükə
kimi görürdülər.
İkincisi, Müqəddəs Kitaba görə, «şəhərin icra məmuru» daha vacib bir
vəzifə tuturdu: o, protokollar aparır, məsələləri qanunverici məclis
qarşısında çıxarır və Efes şəhərinin poçtu onun adına gəlirdi. O, üsyan
təhlükəsindən narahat idi. Roma hökuməti yumşaq siyasət yürütsə də, heç
bir halda iğtişaşlara dözməzdi. Əgər hansısa bir şəhərdə iğtişaş
yaransaydı, Roma onların baş vermə səbəblərini öyrənər və şəhərin
başçısını vəzifəsindən uzaqlaşdırardı. O, nəinki Paulu və qardaşlarını
xilas etməyi düşünürdü, ən çox özünün xilası barədə fikirləşirdi.
Üçüncüsü, Paul kütlənin arasına girmək istədi, lakin ona icazə
verilmədi. Paul qorxmaz adam idi. Gümüş zərgərləri və şəhərin icra
məmuru üçün özlərinin təhlükəsizliyi birinci, Paul üçün isə sonuncu
yerdə idi.