2-ci fəsil
1-13
ALLAHIN RUHU (Həvarilərin
işləri 2:1-13)
Qanuna görə Yerusəlimdən otuz kilometr aralıda yaşayan hər bir yəhudi
kişisi üç böyük yəhudi bayramında iştirak etməli idi: Pasxa, Əllinci gün
bayramı və Çardaqlar Bayramı.
Əllinci gün bayramının başqa bir adı «Həftələr Bayramı» idi. Bu adı
Pasxadan sonrakı əllinci günə düşdüyü üçün almışdı. Pasxa aprelin
ortalarına düşdüyünə görə, Əllinci gün bayramı iyunun əvvəlinə təsadüf
edirdi. Bu, səyahət etmək üçün ən yaxşı vaxt idi. Əllinci gün bayramında
da Pasxa bayramında olduğu qədər adam olurdu. Bu fəsildə verilmiş
ölkələrin uzun siyahısı məhz bu məqamla izah edilir. Yerusəlimdə heç
vaxt Əllinci gün bayramında olduğu kimi beynəlxalq izdiham olmurdu.
Əllinci gün bayramının iki əsas əhəmiyyəti var idi:
1) Tarixi əhəmiyyəti. Həmin gün Musa peyğəmbər Sina
dağında Qanunu qəbul etmişdi.
2) Onun kənd təsərrüfatı əhəmiyyəti var idi. Allaha Pasxa
bayramında yeni məhsulun — arpanın ilk dərzi, Əllinci gün bayramında isə
məhsula görə minnətdarlıq əlaməti olaraq iki çörək təqdim olunurdu. Bu
bayramın səciyyəvi xüsusiyyəti var idi. Qanun həmin gündə işləməyi hətta
qullara da qadağan edirdi (Levililər 23:21; Saylar 28:26). Buna
görə də Əllinci gün bayramı hər kəs üçün bayram idi. Həmin gün küçələrdə
həmişəkindən daha çox izdiham olurdu.
Biz Əllinci gün bayramında baş verənlərin hamısını bilmirik. Bir onu
bilirik ki, həmin gün şagirdlər əvvəllər heç vaxt yaşamadıqları Müqəddəs
Ruhun qüdrəti ilə dolmuşdular.
Unutmayaq ki, Luka Həvarilərin İşləri kitabının bu hissəsini şahid
kimi yazmır. O, şagirdlərin birdən-birə başqa dillərdə
danışmağa başladığını qeyd edir.
Bu hadisəni nəzərdən keçirərkən yadda saxlamaq lazımdır ki:
1) İlk məsihçi cəmiyyətində həmişə mövcud olan müstəsna bir hadisə
baş verdi. Bu hadisə «başqa dillərdə danışmaq» adlanırdı
(Həvarilərin işləri 10:46 və 19:6 ilə müqayisə edin).
Bu ənam barədə 1Korinflilərə 14-cü fəsildə daha ətraflı
danışılır. Məsələ burasında idi ki, qardaşlardan biri vəcdə gələndə
anlaşılmaz dildə anlaşılmaz sözlər söyləyirdi. Bunun göylərdən, Allahın
Ruhundan gələn ilham olduğu düşünülürdü. Bu ənam yüksək
qiymətləndirilirdi. Əslində Paul bu ənama üstünlük vermirdi, çünki hesab
edirdi ki, Allahın Sözünü başadüşülən dildə çatdırmaq daha
məqsədəuyğundur. O, hətta deyir ki, toplantıya gələn yad adam özünün
dəlilərin içinə düşdüyünü fikirləşə bilər (1Korinflilərə
14:23). Necə ki Həvarilərin işləri 2:13-də bu ənamdan
bixəbər olan insanlar həvarilərin dillərdə danışdığını görəndə onları
sərxoş zənn etmişdilər.
2) Eyni zamanda nəzərə almaq lazımdır ki, bütün kütlə yəhudilərdən
(5-ci ayə) və yəhudi dinini qəbul edən yunanlardan və
bütpərəstlərdən (10-cu ayə) ibarət idi. Belə izdihama xitab
etmək üçün iki dil kifayət edərdi. Demək olar ki, bütün yəhudilər arami
dilində danışırdılar. Başqa ölkələrdə yaşayan və bayrama gələn yəhudilər
də yunanca, yəni o vaxt demək olar ki, hər kəsin danışdığı dildə
danışırdılar.
Görünür, Luka dillərdə danışmaq ənamını xarici dillər kimi
təqdim edirdi. Əslində, etnik cəhətdən müxtəlif olan həmin izdiham
həyatlarında ilk dəfə Allahın səsini bu formada eşitdi. Beləcə
ürəklərinə toxundu və Allahın sözünü öz ana dilində başa düşdülər.
Müqəddəs Ruhun gücü elə təsirli idi ki, O, şagirdlər vasitəsilə hər
kəsin qəlbinə toxunan xəbəri çatdırdı.
İlk məsihçi vəzi
Həvarilərin işləri 2:14-42 Əhdi-Cədidin ən maraqlı
hissələrindən biridir. Ona görə ki, bu hissədə ilk məsihçi vəzi yer
alır. Erkən məsihçi cəmiyyətində təbliğin dörd formasından istifadə
olunurdu:
1) Birincisi, keriqma, yəni elçinin xəbəri
formasında çatdırılan vəz. Bu forma o dövrün təbliğçilərinin
nöqteyi-nəzərindən heç bir mübahisəyə və şübhəyə səbəb olmayan məsihçi
həqiqətlərini sadə şəkildə çatdırırdı.
2) Daha sonra didax formasından istifadə edirdilər. Bu da
hərfi mənada öyrətmək deməkdir. Bu formada əvvəllər qeyd olunan
faktlar işıqlandırılır və izah edilir.
3) Nəsihət, təbliğ mənasında olan paraklesis
formasından da istifadə edilirdi. Təbliğin bu formasının məqsədi
insanları keriqma və didaxe mərhələlərində
öyrəndikləri normalara uyğun həyat qurmağa inandırırdı.
4) Daha sonda homiliya formasından istifadə edilirdi. Bu
forma insanın həyatını məsihçi təlimi əsasında necə dəyişmək lazım
olduğunu göstərir.
Əsaslı vəz özündə bu dörd elementi ehtiva edir: Müjdə həqiqətinin
sadə şəkildə çatdırılması; bu həqiqətlərin və faktların insan
həyatındakı əhəmiyyətinin izah edilməsi, insanları həyatlarını onlara
uyğun qurmağa çağırılması; sonda insanların həyatının məsihçi
həqiqətlərinin işığında dəyişilməsi.
Həvarilərin İşlərində biz çox vaxt keriqma ilə qarşılaşırıq.
Çünki Həvarilərin İşləri kitabının məqsədi ilk növbədə Xoş Xəbəri onu
heç vaxt eşitməyənlərə çatdırmaqdır. Keriqma Əhdi-Cədiddə
tez-tez təkrarlanan müəyyən bir forma üzərində qurulmuşdur.
1) Burada biz İsanın həyatı, Onun xidməti və əzabları barədə
Əhdi-Ətiqdə qeyd olunan peyğəmbərliklərin yerinə yetdiyinin təsdiqini
görürük. İndiki dövrdə Əhdi-Ətiq peyğəmbərliklərinin yerinə
yetirilməsinə getdikcə daha az əhəmiyyət verilir. Belə ehtimal var ki,
peyğəmbərlər gələcək hadisələri söyləməkdən daha çox ilahi həqiqətləri
bəşəriyyətə çatdırırdılar. Lakin erkən məsihçi təbliğində
peyğəmbərliklərin xüsusi vurğulanması sübut edir ki, bunlar təsadüfi
tarixi hadisələr deyil, onların mənası var. Peyğəmbərliklərə inanmaq —
hər şeyin Allahın nəzarətində olduğuna və Allahın Öz məqsədini həyata
keçirdiyinə inamdır.
2) İsanın simasında Məsih dünyaya zühur etdi, Onun haqqında olan
peyğəmbərliklər yerinə yetdi və yeni dövrün günəşi doğdu. Erkən Məsihçi
Cəmiyyəti İsanın bütün tarixin təməli və mahiyyəti olduğunu əks
etdirirdi; Onun doğulması ilə dünyamıza əbədiyyət gəldi. Buna görə həm
həyat, həm də dünya dəyişməlidir.
3) Daha sonra keriqmada deyilir ki, İsa Davudun nəslindən
gəldi, təlim verərək möcüzələr göstərdi, Çarmıxa çəkilib ölülərdən
dirildi və indi Allahın sağında oturur. Erkən Məsihçi Cəmiyyəti əmin idi
ki, məsihçi təliminin əsasında Məsihin yer üzündəki həyatı dayanır. O,
həm də əmin idi ki, İsanın yer üzündəki həyatı ölümlə bitmədi, ölümdən
sonra dirilmə gəldi. İsa ilkin məsihçilər üçün haqqında oxuduqları və
eşitdikləri tarixi şəxsiyyət deyildi. Onlar İsanı şəxsən tanıdılar, O da
onların yanında idi.
4) İlkin məsihçi təbliğçiləri daha sonra iddia edirdilər ki, İsa yer
üzündə Öz Padşahlığını qurmaq üçün yenidən izzətlə qayıdacaq. Başqa
sözlə, ilk Məsihçi Cəmiyyəti Məsihin İkinci Gəlişinə qəti əmin idi.
Müasir vəzlərdə bu həqiqət daha az xatırlanır, amma tarixin inkişafı və
onun yekun nəticəsi ideyası öz aktuallığını qoruyub saxlayır. İnsan
yoldadır, o, əbədi mirası almağa çağırılır.
5) Peterin vəzi insanın qurtuluşunun yalnız İsada olması, Ona iman
edənlərin Müqəddəs Ruhla dolacağı, iman etməyənlərin isə dəhşətli
əzablara düçar olacağı ifadəsi ilə yekunlaşdı. Başqa sözlə, vəz həm
vədlə, həm də xəbərdarlıqla bitdi. Bu, Con Bunyanın
eşitdiyi səsə bənzəyir: «Günahlarından üz döndərib cənnətə getmək, yoxsa
günahda qalıb cəhənnəmə getmək istəyirsən?»
Əgər biz Peterin bütün vəzini oxusaq, bu beş elementin bir-birinə
necə bağlı olduğunu görərik.
14-21
RƏBBİN GÜNÜ GƏLDİ
(Həvarilərin işləri 2:14-21)
Burada biz Əhdi-Ətiq və Əhdi-Cədidin əsas anlayışlarından biri olan
Rəbbin Günü anlayışı ilə qarşılaşırıq. Əgər ilk növbədə onun
əsas prinsiplərini aydınlaşdırmasaq, Əhdi-Ətiq və Əhdi-Cədidin çox
hissəsi bizim üçün anlaşılmaz olacaq.
Yəhudilər həmişə düşünürdülər ki, onlar Allahın seçilmiş xalqıdır.
Onlar bu mövqeyi xüsusi imtiyazlara malik olmalarında görürdülər. Onlar
həmişə kiçik xalq olublar. Onların tarixi davamlı bədbəxtlik zəncirindən
ibarət idi. Onlar yaxşı başa düşürdülər ki, Allahın seçilmiş xalqı kimi
layiq olduqları mövqeyə heç vaxt sırf insani yolla nail olmayacaqlar.
Onlar get-gedə dərk etdilər ki, insanın edə bilməyəcəyini Allah
etməlidir. Beləcə Allahın bilavasitə tarixə müdaxilə edəcəyi və onları
arzuladıqları şöhrətə yüksəldəcəyi günü gözləməyə başladılar. Allahın
tarixə müdaxilə edəcəyi gün Rəbbin günü adlandırıldı. Yəhudilər
zamanı iki dövrə bölmüşdülər. İndiki dövr dəhşətli və məhvə
məhkum idi; gələcək dövr isə Allahın qızıl dövrü olacaq.
Onların arasında gələcək dövrün doğum sancılarına bənzər Rəbbin
günü olmalıdır. Həmin gün gözlənilmədən oğru kimi gələcək; dünya
lərzəyə gələcək; bu Qiyamət və dəhşət günü olacaq. Hər yerdə, bütün
Əhdi-Ətiq peyğəmbərliklərində və Əhdi-Cədidin bir çox yerində həmin
günün təsviri verilir. Tipik təsvirlər Yeşaya 2:12; 13:6 və s.;
Amos 5:18; Sefanya 1:7; Yoel 2:1; 1Saloniklilərə 5:2 və s.;
2Peter 3:10-da verilib.
Burada isə həvari Peter yəhudilərə belə deyir: «Siz nəsillər boyu
Rəbbin gününü, Allahın bəşəriyyətin tarixinə birbaşa müdaxilə edəcəyi
günü xəyal edirdiniz. Budur, həmin gün İsa Məsih vasitəsilə gəldi».
Təxəyyülün solğun görüntülərinin arxasında böyük bir həqiqət dayanır:
Allah şəxsən İsanın simasında bəşəriyyət tarixinin arenasına daxil
oldu.
22-36
RƏBB VƏ MƏSİH
(Həvarilərin işləri 2:22-36)
Qarşımızda ilk məsihçi təbliğçilərinin xarakterik vəzi yer alır.
1) Vəzdə qeyd olunur ki, Məsihin çarmıxa çəkilməsinə faciəvi hadisə
kimi baxmaq olmaz. Bu, Allahın əbədi planının bir hissəsi idi (23-cü
ayə). Bu fakt Həvarilərin İşləri kitabında dəfələrlə vurğulanır
(Həvarilərin işləri 3:18; 4:28 və 13:29 ilə müqayisə
edin). Həvarilərin işləri kitabındakı vurğulanan fikir bizi İsanın
ölümü ilə bağlı düşüncələrimizdə iki ciddi səhvə qarşı xəbərdar
edir:
a) Çarmıx bütün digər vasitələr uğursuzluğa düçar olduğuna görə
Allahın əl atdığı son çarə deyil. Çarmıx Allahın həyatının bir
hissəsidir.
b) Biz heç vaxt düşünməməliyik ki, İsanın etdikləri Allahın insanlara
münasibətini dəyişdi. İsanı göndərən Allah idi. Bunu belə də
ifadə etmək olar: çarmıx — bir pəncərədir. Bu pəncərə vasitəsilə biz
Allahın qəlbinin iztirab çəkən və əbədi məhəbbətlə dolub-daşdığını
görürük.
2) Bununla yanaşı, Həvarilərin İşləri kitabında vurğulanır ki,
Allahın məhəbbəti İsanı çarmıxa çəkənlərin cinayətinin ağırlığını
azaltmır. Həvarilərin İşləri kitabında çarmıxa çəkilmə ilə bağlı
istənilən qeyd insanda sarsıntı və dəhşət hissi yaradır (Həvarilərin
işləri 2:23; 3:13; 4:10 və 5:30 ilə müqayisə
edin). Bundan başqa, çarmıxa çəkilmə günahın nə qədər dəhşətli
olduğunu daha aydın göstərir.
3) Həvarilərin işləri sübut edir ki, Məsihin əzabları və ölümü
peyğəmbərlər tərəfindən əvvəlcədən deyilmişdi. Bir yəhudi üçün Çarmıxa
çəkilmiş Məsihi təsəvvür etmək ağlasığmaz idi. Onların Qanununda belə
deyilirdi: «...ağacda... asılan adam Allahın lənətinə düçar olub»
(Qanunun təkrarı 21:23). İlk məsihçi təbliğçiləri buna belə
cavab verirdilər: «Əgər siz Müqəddəs Yazıları diqqətlə oxusaydınız,
bütün bunların əvvəlcədən deyildiyini görərdiniz».
4) Həvarilərin İşləri kitabında dirilmə faktı İsanın, həqiqətən,
Allahın Seçilmişi olduğuna dair son sübut kimi vurğulanır. Həvarilərin
İşləri kitabı həm də Dirilmə Müjdəsi adlanır. Məsihin dirilməsi faktı
erkən Məsihçi Cəmiyyəti üçün son dərəcə vacib idi. Unutmayaq ki, dirilmə
olmasaydı, ümumiyyətlə, Məsihçi Cəmiyyəti olmazdı.
İsanın şagirdləri dirilmənin mənasını təbliğ edərkən, şəxsi
təcrübələrinə əsaslanırdılar. Məsih Çarmıxa çəkiləndən sonra onlar
sınmış və çaşqın halda idilər; arzuları puç olmuşdu və həyatları
kökündən sarsılmışdı. Lakin dirilmə hər şeyi dəyişdi və qorxaqları
qəhrəmanlara çevirdi. İmanlı Cəmiyyətinin faciələrindən biri odur ki,
Məsihin dirilməsi yalnız Pasxa ərəfəsində təbliğ olunur. Hər bazar günü
və Rəbbin hər günü Rəbbin dirilməsi günü olmalıdır. Pravoslav kilsəsində
belə bir adət var: Pasxa bayramında iki nəfər görüşəndə biri «Məsih
dirildi!», ikincisi isə «Həqiqətən dirildi!» deyir. Məsihçi heç vaxt
unutmamalıdır ki, o, dirilmiş Rəbb ilə yaşayır.
37-41
TÖVBƏ EDİN (Həvarilərin
işləri 2:37-41)
1) Bu hissə Çarmıxın insanlara təsirini heyrətamiz şəkildə göstərir.
İnsanlar İsanı Çarmıxa çəkməklə nə etdiklərini başa düşəndə, dərindən
sarsıldılar. İsa Məsih dedi: «Mən yerdən yuxarı qaldırılsam, bütün
insanları Özümə cəzb edəcəyəm» (Yəhya 12:32). Hər bir insan bu
cinayətin iştirakçısıdır.
Missionerlərdən biri hindililərin kəndində İsanın həyatından
danışırdı. Sonra o, evin ağardılmış divarında slayd şəkilində Məsihin
həyatının hekayəsini göstərdi. Divarda Çarmıx görünəndə orada olanlardan
biri irəli çıxıb qışqırdı: «Ey Allahın Oğlu, çarmıxdan düş. Sən yox, mən
çarmıxa çəkilməliyəm». Əgər Çarmıxda baş verənlərin mahiyyətini dərk
etsək, ürəyimiz yanar.
2) Bunu dərk edən şəxs isə müvafiq reaksiya verməlidir. Peter dedi:
«İlk növbədə tövbə edin». Tövbə nə deməkdir? Əvvəlcə bu söz
düşünmək mənasını verirdi. Çox vaxt elə olur ki, sonradan ağıla
gələn fikir birinci fikrin səhv olduğunu göstərir. Ona görə də bu söz
sonradan fikirləri dəyişmək mənasını verməyə başladı. Ancaq
dürüst insan üçün bu, həyat tərzini dəyişdirmək deməkdir. Tövbə
həm düşüncə tərzini, həm də hərəkətləri dəyişməyi əhatə etməlidir.
İnsanın düşüncə tərzi dəyişə bilər, belə olan halda, o, səhv etdiyini
görəcək. Amma buna öyrəncəkli olması həyat tərzini dəyişdirməyəcək.
Bunun əksi də ola bilər: insan öz həyat tərzini dəyişir, lakin onun
düşüncə tərzi dəyişmir; bu dəyişiklik yalnız qorxmasından və ya ehtiyat
etməsindən qaynaqlanır; həqiqi tövbəyə həm düşüncə, həm də həyat
tərzində dəyişiklik daxildir.
3) Tövbə edəndə keçmiş də dəyişir: Allah edilən bütün günahları
bağışlayır. Amma açığını desək, günahın təsiri aradan qalxmayıb, bunu
heç Allah da edə bilməz. Çünki günah edəndə, təkcə özümüzə deyil,
başqalarına da zərər vurmuş oluruq. Bu izi silmək mümkün deyil. Gəlin
buna digər tərəfdən baxaq: uşaq vaxtı sözə baxmayanda, anamızla aramızda
bir növ görünməz sədd yaranırdı. Ancaq ondan bağışlanma diləyəndə,
münasibətlər bərpa olunur və hər şey yenidən yaxşılaşırdı. Günahların
bağışlanması etdiklərimizin nəticələrini aradan qaldırmır, amma Allah
qarşısında bizə bəraət qazandırır.
4) Tövbə edəndə gələcəyimiz də dəyişir. Biz Müqəddəs Ruhun
ənamını almışıq. Onun köməyi ilə bütün çətinliklərin öhdəsindən gələ
bilərik və öz gücümüzə müqavimət göstərə bilməyəcəyimiz sınaqlara qarşı
dura bilərik.
42-47
İMANLI
CƏMİYYƏTİNİN XARAKTERİK XÜSUSİYYƏTLƏRİ (Həvarilərin işləri 2:42-47)
Bu hissədə biz ilk Məsihçi Cəmiyyətinin qısa da olsa aydın təsvirini
aldıq:
1) İmanlı Cəmiyyəti daim öyrənirdi; onu öyrədən həvarilərə
diqqətlə qulaq asırdı. Əgər İmanlı Cəmiyyəti irəliyə deyil, geriyə
baxırsa, böyük təhlükə altındadır. Çünki Məsihin bizə qoyub getdiyi
xəzinə tükənməz olduğuna görə biz həmişə irəli getməliyik. Yeni bilik
əldə etmədiyimiz və Allahın lütfünün hikmətinə daha dərin varmadığımız
hər gün boşa gedir.
2) İmanlı Cəmiyyəti qardaşlıq idi. Bir nəfərin dediyi kim,
İmanlı Cəmiyyəti heyrətamiz birliyə malik idi. Nelson
qələbələrindən birini bu sözlərlə izah etmişdi: «Mənə qardaşlardan
ibarət dəstəyə komandanlıq etmək qismət oldu». İmanlı Cəmiyyəti yalnız
qardaşlığı təmsil edəndə əsl İmanlı Cəmiyyəti olur.
3) İmanlı Cəmiyyəti dua edirdi. İlk məsihçilər bilirdilər
ki, onlar öz güclərinə dünyaya qalib gələ bilməyəcəklər, həm də bu
onlardan tələb olunmurdu. Onlar dünyaya müjdələməzdən əvvəl həmişə Rəbbə
üz tuturdular; Rəbb ilə görüş onlara bütün çətinliklərin öhdəsindən
gəlməyə kömək edirdi.
4) Bu, ehtiramla dolu İmanlı Cəmiyyəti idi. 43-cü
ayədə qorxu kimi tərcümə olunan yunan sözü ehtiramdan irəli gələn qorxu
mənasını daşıyır. Qədim dövrün böyük yunanlarından biri deyirdi ki, o,
dünyanı sanki məbəddən keçirmiş kimi gəzirdi. Məsihçi ehtiram içində
yaşayır, çünki bilir ki, bütün dünya, bütün yer yaşayan Allahın
məbədidir.
5) İmanlı Cəmiyyətində mühüm hadisələr baş verirdi. Orada
həvarilər vasitəsilə əlamətlər və möcüzələr göstərilirdi (43-cü
ayə). Əgər biz Allahdan böyük nailiyyətlər gözləyiriksə və özümüz
də Onun tarlasında çalışırıqsa, böyük işlər baş verəcək. Əgər biz
Allahın köməyi ilə onları həyata keçirə biləcəyimizə inansaq, daha çox
böyük işlər görüləcək.
6) O, icma Cəmiyyəti idi (44, 45-ci ayələr). İlk
məsihçilər bir-biriləri üçün məsuliyyət hissi daşıyırdılar. Uilyam
Morris haqqında deyirdilər ki, o, heç vaxt məsuliyyət hissi olmadan
sərxoş adama baxmazdı. Əsl məsihçi başqaları yoxsul olduğu halda, özünün
zənginliyinə tab gətirə bilməz.
7) İmanlı Cəmiyyətində ibadət keçirilirdi (46-cı
ayə). Qardaşlıq Allahın məbədində dua etməyi heç vaxt unutmurdu.
Unutmayaq ki, «İnsanı tənhalığa çəkən din Allaha məlum deyil». Möcüzələr
icma dua edəndə baş verir. Allahın Ruhu Ona ehtiramla ibadət edənlərin
üzərində dolanır.
8) İmanlı Cəmiyyəti xoşbəxt cəmiyyət idi (46-cı
ayə). Orada sevinc hökm sürürdü. Kədərli məsihçi Əhdi-Cədid
terminologiyasında açıq-aşkar ziddiyyətdir.
9) İmanlı Cəmiyyəti hamı tərəfindən sevilirdi. Yunan dilində
yaxşı sözü üçün iki ifadə var: agatos və
kalos. Agatos bir şeyin sadəcə yaxşı olduğunu
bildirir. Kalos isə bir şeyin təkcə yaxşı deyil, həm də
cazibədar olduğunu bildirir. Əsl məsihçilik cəlbedici və cazibədardır.
Ancaq sərtlik nümayiş etdirən yaxşı insanlar da çoxdur. Bir nəfər belə
demişdir ki, əgər hər bir məsihçi başqalarına yaxşılıq etsə, bu, İmanlı
Cəmiyyətinə daha çox kömək edər. Erkən Məsihçi Cəmiyyətinin imanlıları
arasında böyük cazibədar güc var idi.