20-ci fəsil
1-6
YERUSƏLİMƏ
GEDƏN YOLDA (Həvarilərin işləri 20: 1-6)
Biz artıq gördük ki, Paul Yerusəlimdəki imanlı cəmiyyətinə kömək
etmək üçün bütün imanlı cəmiyyətlərindən ianə toplamaq istəyirdi. Bunun
üçün o, Makedoniyaya yola düşdü. Buradan Paul haqqında nə qədər az
məlumatlı olduğumuz bizə aydın olur. 2-ci ayədə deyilir ki,
Paul o tərəfləri gəzib-dolaşandan sonra Yunanıstana gəldi. Çox güman, o,
həmin vaxt İllirikumu da ziyarət etmişdi (Romalılara 15:19). Bu
sətirlərdə təxminən bir illik səyahətin və onunla bağlı macəraların
nəticələri əksini tapır.
3-cü ayədə deyilir ki, Paul Yunanıstandan Suriyaya getməyə
hazırlaşanda, yəhudilərin hiyləsi aşkar olundu. Pasxada iştirak etmək
istəyən yəhudi zəvvarlar çox vaxt xarici limanlardan Suriyaya yola
düşürdülər. Görünür, Paul bu gəmilərdən birində getmək istəyirdi. Belə
bir gəmidə yəhudilərə Paulun dənizdə yoxa çıxmasını təşkil etmək çox
asan olardı, bir daha heç kim onun haqqında eşitməzdi. Paul həmişə
həyatını riskə atırdı.
4-cü ayədə onu müşayiət edənlərin siyahısı verilir. Çox
güman, bu adamlar müxtəlif imanlı cəmiyyətləri tərəfindən Yerusəlimdəki
imanlı cəmiyyətinə ianələrini vermək üçün göndərilmişdi. Hələ o zaman,
məsihçiliyin başlanğıcında aydın şəkildə göstərilirdi ki, İmanlı
Cəmiyyəti birdir və birinin ehtiyacı yarananda başqaları ona kömək
etməlidir.
5-ci ayədə Luka üçüncü şəxsdən birinci şəxsin nəqlinə keçir.
Bu o deməkdir ki, Luka yenidən Paulun yanındadır və bizə bilavasitə
şahidi olduqlarını çatdırır. Luka yazır ki, onlar Mayasız Çörək
bayramından sonra Filipi tərk etdilər. Bu bayram Pasxa bayramından
başlayır və bir həftə davam edirdi. Həmin müddət ərzində yəhudilər Misir
köləliyindən qurtuluşlarının xatirəsinə mayasız çörək yeyirdilər. Pasxa
aprelin ortalarına təsadüf edirdi.
7-12
GƏNC YUXUYA GEDİR
(Həvarilərin işləri 20:7-12)
Bu bizə imanlıların ibadətinin necə keçdiyi barədə aydın təsəvvür
verən ilk canlı şahid ifadəsidir. Burada iki dəfə Rəbbin süfrəsindən
danışılır. İlk məsihçi cəmiyyətində bir-biri ilə sıx əlaqəsi olan iki
ayin keçirilirdi. Onlardan biri Məhəbbət süfrəsi adlanırdı. Hər kəs
yemək üçün bir pay gətirirdi. Bu da çox vaxt qulların həftə ərzində
yediyi normal yemək idi. Həmin məhəbbət süfrəsində məsihçilər mehriban
dostlar kimi birlikdə yemək yeyirdilər. Digər ayin Axırıncı Şam yeməyi
adlanırdı. Bu, ya Məhəbbət süfrəsindən dərhal sonra başlayırdı, ya da
elə məhəbbət süfrəsi zamanı. Ola bilsin, biz birlikdə süfrə arxasında
oturmaqdan irəli gələn xoşbəxtlik hisslərini itirmişik. Başqa heç nə
onun qədər Məsihçi Cəmiyyətinin ailə xarakterini və ruhunu nümayiş
etdirmir.
Bütün bunlar gecə baş verirdi. Bəlkə də bu, qulların yalnız gecə
vaxtı işlərindən azad olmaları və məsihçi qardaşların yanına gələ
bilmələri ilə əlaqədar idi. Eftikin başına gələnlər də bununla izah
olunur. Qaranlıq idi. Üçüncü mərtəbədəki alçaq otaq isti idi. Çoxsaylı
çıraqlara görə otağın havası ağırlaşmışdı. Şübhəsiz ki, Eftik bütün günü
çox işləmişdi və bərk yorulmuşdu. O, gecənin sərin havasını udmaq üçün
açıq pəncərədə oturmuşdu. Pəncərələr şüşədən deyil, ağacdan
düzəldilmişdi və döşəmədən idi. Onlar qapı kimi açılır və həyətə
baxırdı. Yorğun Eftik ağır havada yuxuya getdiyindən üçüncü mərtəbədən
həyətə yıxıldı. Elə düşünmək olmaz ki, Paul ara vermədən danışırdı. Onun
vəzi söhbətlər və müzakirələrlə əvəz olunurdu. Otaqda olanlar
pilləkənlərlə həyətə enib gəncin huşsuz vəziyyətdə olduğunu görəndə Şərq
adətinə görə ucadan qışqırmağa başladılar. Lakin Paul onları
sakitləşdirdi, çünki gənc nəfəs alırdı. Növbəti ayələrdən öyrənirik ki,
Paul hamı ilə birlikdə getmədi. O, Evtikin yıxıldıqdan sonra tam
sağalmasına əmin olmaq üçün orada qaldı. Təsvir edilən mənzərə xoş
təəssürat yaradır. Çünki bu, müasir imanlı cəmiyyətinin xidmətindən çox
ailə görüşü təsiri bağışlayır. Ola bilərmi ki, ailə mühitinə görə imanlı
cəmiyyətinin xidmətindən daha böyük nailiyyət əldə edək?
13-16
SƏYAHƏT
MƏRHƏLƏLƏRİ (Həvarilərin işləri 20:13-16)
Luka Paul ilə birlikdə olduğuna görə biz səyahəti günbəgün,
mərhələ-mərhələ izləyə bilərik. Troasdan Assosa qədər yol 30 kilometrdən
çox idi. Bu yolu dənizlə gedəndə əlli kilometrə qədər uzanırdı. Çünki
dənizdə güclü şimal-şərq küləyinə qarşı üzmək, üstəlik Lektum burnunun
ətrafında dolanmaq lazım gəlirdi. Paulun piyada səyahət etmək və Assosda
yenidən gəmiyə minmək üçün kifayət qədər vaxtı var idi. Bəlkə də
qarşıdakı xidmətlərə hazırlaşmaq üçün təklikdə vaxt keçirmək istəyirdi.
Mitilini Lesvos adasında, Hios (Sakız) isə Samos (Sisam) adasında
yerləşirdi. Milet Efesdən qırx beş kilometr cənubda, Meandr çayının
mənsəbində yerləşirdi.
Biz Paulun Pasxa bayramında Yerusəlimə getmək istədiyini və
yəhudilərin sui-qəsd hazırlayaraq, buna necə mane olduğunu görürük.
Əllinci günü bayramı Pasxadan yeddi həftə sonra qeyd olunurdu. Paul bu
böyük bayramda orada olmağa çalışırdı. Paul yəhudilərlə əlaqəsini kəssə
də, əcdadlarının bayramları ona çox əziz idi. O, bütpərəstlərin həvarisi
idi, buna görə xalqı hətta ona nifrət edə bilərdi. Amma onun qəlbində
xalqına qarşı böyük məhəbbət var idi.
17-38
KƏDƏRLİ AYRILIQ
(Həvarilərin işləri 20:17-38)
Duyğularla dolu olan bu vida nitqini tamlığı ilə təsvir etmək mümkün
deyil. Ancaq gəlin bəzi məqamları vurğulayaq. Birincisi, Paul özü
haqqında nəsə qeyd edir:
1) O, Allahın bütün iradəsini bəyan edərək, çəkinmədən və ya
insanların iltifatına uymadan cəsarətlə danışırdı.
2) O, heç kimdən asılı olmadan yaşayırdı. Bütün
ehtiyaclarını öz əlinin zəhməti ilə qarşılayırdı. O, təkcə öz
ehtiyaclarını ödəmək üçün deyil, ondan daha pis vəziyyətdə olanlar üçün
də çalışırdı.
3) O, gələcəyə cəsarətlə baxırdı. O, Müqəddəs Ruhun təsiri
altında olaraq və Ona güvənərək, gələcəkdə istənilən vəziyyətlə
qarşılaşmağa hazır idi.
Paul dostlarına da tələblər qoyur:
1) Paul onlara öz vəzifələrini xatırladır. Onlar Rəbb
Allahın sürüsünün nəzarətçiləri və çobanları idilər. Bu xidməti onlar
özləri seçmədilər, Allah onları bu xidmətə təyin etdi. Yaxşı Çobanın
xidmətçiləri həm də Onun Cəmiyyətinin çobanları olmalı idilər.
2) Paul qarşıda onları gözləyən təhlükə barədə xatırladır.
Dünya pisliklərlə doludur. Həqiqət olan yerdə yalan hücum edə bilər.
İman və Cəmiyyətin saflığı uğrunda onları daimi mübarizə gözləyir.
Paulun vida mərasimi dərin məhəbbət hissi ilə doludur. Məhəbbət hissi
hər bir imanlı cəmiyyətini idarə etməlidir, çünki imanlı cəmiyyətinin
sevgisi soyusa, sözsüz ki, imanı sönər.