21-ci fəsil
1-16
DAYANMADAN İRƏLİ
(Həvarilərin işləri 21:1-16)
Bu hissdə hekayənin tempi sürətlənir. Paul Yerusəlimə yaxınlaşdıqca
fırtınanın yaxınlaşması da hiss olunur. İki məqam açıq-aydın
görünür:
1) Paul onu Yerusəlimdə nəyin gözləməyindən asılı olmayaraq, ora
getməkdə qətiyyətli idi. Surdakı şagirdlərin və Qeysəriyyədə Aqab
peyğəmbərin xəbərdarlıqları açıq-aydın şəkildə fəlakətdən xəbər verirdi.
Lakin Paulu seçdiyi yoldan heç nə döndərə bilməzdi. İspaniya vətəndaş
müharibəsi zamanı mühasirəyə alınmış şəhərlərdən birinin qarnizonu
təslim olmağa hazır idi, amma şəhərin müdafiəçilərindən biri dedi: «Diz
üstə yaşamaqdansa, ayaq üstə ölməyi üstün tuturam». Paul məhz belə
düşünürdü.
2) Maraqlıdır ki, Paul hara gedirdisə, onu məsihçi icması
qarşılayırdı. Əgər Paulun dövründə bu, belə idisə, bizim dövrümüzdə daha
çox tətbiq olunur. İmanlı Cəmiyyətinə mənsub olan insanın ən böyük
imtiyazlarından biri odur ki, o, hara getsə, qoşula biləcəyi həmfikir
insanlardan ibarət bir cəmiyyət tapır. İmanlı Cəmiyyətinin böyük
ailəsinə mənsub olan insanın bütün dünyada dostları var. Aqab peyğəmbər
maraqlı insandır. Yəhudi peyğəmbərlərinin özünəməxsus bir adəti var idi:
əgər sözlər peyğəmbərliyin mənasını kifayət qədər aydın şəkildə ifadə
etmirdisə, onu hərəkətlə təqdim edirdilər. Əhdi-Ətiqdə bunun çoxlu
nümunələri var (Yeşaya 20:3.4; Yeremya 13:1-11; 27.2; Yezekel 4;
5:1-4; 1Padşahlar 11:29-31).
17-26
YERUSƏLİMDƏ
GÜZƏŞT (Həvarilərin işləri 21:17-26)
Paul Yerusəlimə gələndə İmanlı Cəmiyyəti bir problemlə üzləşdi:
Yerusəlimdəki imanlı cəmiyyətinin rəhbərləri inandılar ki, Allah Paulun
həyatında, həqiqətən, böyük işlər görüb. Lakin Yerusəlimdə belə bir
şayiə yayılmışdı ki, guya Paul yəhudiləri Qanundan və əcdadlarının
imanından dönməyə çağırır. Amma Paul bunu heç vaxt etməmişdi. Düzdür, o,
yəhudi qanunlarının bütpərəstlər üçün məcburi olmadığını deyirdi. Ancaq
heç vaxt yəhudiləri əcdadlarının adətlərindən döndərməyə çalışmamışdı.
İmanlı Cəmiyyətinin rəhbərləri Paulun yəhudi adət-ənənələrinə
sadiqliyini sübut edə biləcək bir yol tapdılar. İcmada nəziri əhdini
boynuna götürən dörd adam var idi. Həmin nəziri əhdi Allahın
xeyirxahlığına minnətdarlıq əlaməti olaraq verilirdi. Bu əhdə əsasən
otuz gün ərzində ətdən və şərabdan imtina edilir, saç kəsilmirdi. Bəzən
əhdin sonuncu yeddi günü Məbəddə keçirilirdi. Bundan sonra müəyyən
qurbanlar təqdim edilməli idi: günah qurbanı — birillik quzu, ünsiyyət
qurbanı — qoç, taxıl təqdimi — buğda unundan hazırlanmış və yağda bişmiş
bir səbət mayasız çörək, yandırma qurbanı və içmə təqdimi. Sonda
təqdimlərlə birlikdə saçlar kəsilib, qurbangahda yandırılmalı idi. Bütün
bunlar böyük xərc tələb edirdi. İnsan işini bir kənara qoyub, qurban
üçün hər şeyi almalı olurdu. Belə bir nəziri əhdi çoxları üçün əlçatmaz
idi. Ona görə də imkanlı şəxs belə bir nəziri əhdi edən adamın
xərclərini üzərinə götürürdüsə, bu, Allaha məqbul sayılırdı. Pauldan
dörd nəfərin nəziri əhdinin xərclərini ödəməyi xahiş etdilər, o da
razılaşdı. Bununla o, hamıya göstərə bildi ki, Qanuna əməl edir.
Lakin bütün bunlar, şübhəsiz ki, Paulun xoşuna gəlmirdi. Onun üçün
belə adətlər mənasını itirmişdi. Yalnız əsl böyük insan öz istək və
fikirlərini İmanlı Cəmiyyətinin işinə tabe etdirə bilər. Bəzən güzəştə
getmək zəifliyin yox, qüdrətin əlamətidir.
27-36
BÖHTAN DOLU
İTTİHAMLAR (Həvarilərin işləri 21:27-36)
Amma elə oldu ki, güzəştə getmək problemə səbəb oldu. Əllinci gün
bayramı idi. Yerusəlimə dünyanın hər yerindən yəhudilər toplaşmışdılar
və orada Asiyadan olan yəhudilər də var idi. Onlar Paulun onlara necə
səmərəli xidmət etdiyini bilirdilər. Onlar Paulu şəhərdə Trofimlə
birlikdə görmüşdülər. Çox güman, onlar Trofimi tanıyırdılar. Nəziri
əhdindən irəli gələn problemlər Pauldan tez-tez Məbədə getməyi tələb
edirdi. Yəhudilər elə zənn etdilər ki, Paul Trofimi özü ilə Məbədə
aparır. Trofim isə bütpərəst idi və bütpərəstlərin Məbədi ziyarət etməsi
ağır cinayət sayılırdı. Yəhudiliyi qəbul edən bütpərəstlər yalnız
bütpərəstlər üçün olan həyətə girə bilərdilər; bütpərəstlərin həyətini
qadınların həyətindən ayıran səddə üzərində belə yazılmış lövhələr var
idi: «Heç bir əcnəbi Məbədin ətrafındakı hasarın o tərəfinə keçə bilməz.
Bu qaydanın pozulmasına görə ölüm cəzasının məsuliyyətini həmin şəxs özü
daşısın». Hətta romalılar bu xəbərdarlığa o qədər ciddi yanaşırdılar ki,
yəhudilərə bu cinayətə görə ölüm cəzası təyin etmək və həyata keçirmək
hüququ vermişdilər. Asiyadan gələn yəhudilər isə Paulu Qanunu pozmaqda,
seçilmiş xalqı təhqir etməkdə və Məbədi murdarlamaqda ittiham etdilər.
Onlar kütləni məhkəməsiz cəzalandırmaya və Paulu öldürməyə
qızışdırdılar. Məbədin şimal-qərb küncündə Böyük Hirod tərəfindən
tikilmiş Antoni Qülləsi yerləşirdi. Böyük bayram günlərində gərgin
şəraitdə hər an iğtişaş yaranacağını gözə alaraq, həmin sarayda min
döyüşçüdən ibarət bir koqorta yerləşdirilmişdi. Roma hökuməti mülki
qaydaya hörmət etməyi tələb edirdi və üsyanı həm onu qaldıran əhalinin,
həm də buna icazə verən hərbi komandanlığın bağışlanmaz cinayəti hesab
edirdi. Baş komandan camaat arasında iğtişaş yarandığını eşidib
əsgərlərlə gəldi. Paulun təhlükəsizliyi üçün o, həbs edildi. Onun hər
qolu Roma əsgərinə zəncirləndi. Yaranan hay-küydə minbaşı Paulun
günahına dair həyəcanlı izdihamdan əsaslandırılmış sübut əldə edə
bilmədi. Paul qəzəbli izdihamın arasından qalaya aparıldı. Bu vaxtadək
Paul heç vaxt ölümə bu qədər yaxın olmamışdı. Onu qərəzsiz Roma ədaləti
xilas etdi.
37-40
QƏZƏBLİ
İZDİHAMIN ÖNÜNDƏ (Həvarilərin işləri 21:37-40)
Antoni Qülləsi Məbədin daxili həyətlərinə şimal və qərb tərəfdən iki
pilləkənlə bağlanırdı. Əsgərlər izdihamın arasından öz kazarmalarına
gedəndə Paul heyrətamiz bir təklif etdi. O, minbaşıdan camaatla
danışmağa icazə verməsini xahiş etdi. Paul bununla izdihamın gözünün
içinə baxmağı lazım bildi. Minbaşı kütlənin öldürmək istədiyi adamın
yunanca yaxşı danışdığını eşidəndə təəccübləndi. Təxminən eramızın 54-cü
ilində bir misirli sadəlövh insanlardan ibarət izdihamı Zeytun dağına
apardı və onlara şəhərin divarlarının uçacağını vəd etdi. Romalılar
misirlinin ardıcıllarının öhdəsindən tez gəldilər, lakin misirlinin özü
yoxa çıxdı. Minbaşı Paulu geri qayıdan üsyançı misirli zənn etdi. Həmin
misirlinin davamçıları vətənlərinin azadlığı uğrunda fəaliyyətlərini
terror üzərində quran millətçilər idi. Onları «xəncərdar», «xəncər
çəkənlər» adlandırırdılar, çünki paltarlarının altında xəncər
gəzdirirdilər. Onlar izdihamın içində gəzişir, fürsət düşən kimi hücum
edirdilər. Paul özünü təqdim edəndə, minbaşı başa düşdü ki, Paul hər kim
olsa da, üsyançı qatil deyil. Buna görə ona danışmağa icazə verdi.
Danışmağa hazırlaşarkən Paul camaata işarə edərək susmağı xahiş etdi.
Təəccüblüsü odur ki, izdihama tam sükut çökdü. Paulu öldürməyə hazır
olan kütlənin susqunluğu Paulun şəxsiyyətinin insanlarda yaratdığı
təəssüratı göstərir. Əhdi-Cədidin heç bir yerində onun şəxsiyyəti bu
qədər aydın açıqlanmır. Həmin anda Allahın Qüdrəti Paula rəhbərlik
edirdi.