22-ci fəsil
1-10
XALQ
QARŞISINDA MÜDAFİƏ (Həvarilərin işləri 22:1-10)
Qanına susamış izdiham qarşısında özünü müdafiə edən Paul heç də
onları inandırmağa və ya fikrindən daşındırmağa çalışmır, sadəcə olaraq,
öz təcrübəsini bölüşür. Şəxsi təcrübə isə ən təkzibolunmaz sübutdur.
Ümumiyyətlə desək, bu müdafiənin paradoksal mahiyyəti göz qabağındadır
və iki mühüm məqamı vurğulayır:
1) Paradoks ondadır ki, Paul danışdığı insanlarla eyni idi. Paul
yəhudi idi və yəhudi olduğunu heç vaxt unutmurdu (2Korinflilərə
11:22; Filipililərə 3:4-5). O, Tarsus vətəndaşı idi və Tarsus Kidn
(Tarsus çayı) çayının mənsəbində kifayət qədər böyük şəhər və Aralıq
dənizi limanı idi. Həmçinin uzaq Fəratdan bütün Kiçik Asiyaya keçən
böyük ticarət yolunun son dayanacağı idi. Tarsus qədim dünyanın ən böyük
universitet mərkəzlərindən biri idi. Paul isə Qamliel tərəfindən
yetişdirilmiş ravvin idi. Qamliel öz növbəsində «qanunun izzəti»,
«ənənənin qeyrətli sadiqi» sayılırdı və cəmi beş il əvvəl vəfat etmişdi.
Bütün bu sadalananlara görə Paulun fikri onun danışdığı kütlənin
əhval-ruhiyyəsi ilə tamamilə üstü-üstə düşürdü.
2) Lakin digər tərəfdən bu paradoks Paul ilə onun dinləyiciləri
arasındakı fərqi vurğulayır. Onların arasında əsas fərq o idi ki, o,
Məsihə bütün insanların Xilaskarı, Allaha isə bütün insanları sevən
Varlıq kimi baxırdı. Amma onu dinləyən kütlə inanırdı ki, Allah yalnız
yəhudiləri sevir. Onlar Allahın imtiyazlarını mənimsəyirdilər və bu
imtiyazları başqa millətlərə layiq görən hər kəsi lənətləyirdilər.
Onların arasındakı fərq o idi ki, Paul Məsihlə üz-üzə görüşmüşdü.
Bir tərəfdən, Paul danışdığı insanlarla eyni idi, digər tərəfdən isə
onlardan fərqlənirdi. Hər məsihçi də məhz belədir. O, dünyada yaşasa da,
Allah onu müəyyən bir iş üçün seçib, təqdis və təyin edib.
11-21
PAUL
TƏRCÜMEYİ-HALINA DAVAM EDİR (Həvarilərin işləri 22:11-21)
Paul bir daha onu dinləyən kütlə ilə eyni olduğunu vurğulayır. O,
Dəməşqə gələndə Qanuna görə yaşayan və yəhudilərin dindar biri kimi
tanıdığı Xananyadan göstəriş aldı. Paul vurğulayır ki, o, ataların
imanını məhv etmək üçün deyil, onu tamamlamaq üçün gəlib. Burada yenə
Lukanın qısaldılmış izahı var. Əgər bu hissə ilə yanaşı, biz
Həvarilərin işləri 9-a və Qalatiyalılara məktub 1-ə nəzər
salsaq, görərik ki, Paul Yerusəlimə Ərəbistana səfərindən və Dəməşqdə
Məsih haqqında şəhadət edəndən cəmi üç il sonra gəlir. Həvarilərin
işləri 9-da deyilir ki, Paul Yerusəlimi yəhudilər onun həyatına
qəsd etmək istədiklərinə görə tərk etdi. Buradakı nəqlində isə Paulu
onun görüntüsünə görə öldürmək istəyirdilər. Bu iki hadisə arasında
mahiyyət etibarı ilə heç bir ziddiyyət yoxdur: bunlar fərqli
nöqteyi-nəzərdən deyilən eyni hadisədir. Paul burada yəhudiləri tərk
etmək istəmədiyini vurğulayır. Allah ona yəhudiləri tərk etməyi əmr
edəndə Paul etiraz etdi. Lakin Allah dedi ki, yəhudilər ona qulaq
asmayacaq, buna görə o, bütpərəstlərin yanına getməlidir.
Paulun bu ifadəsində kədər hiss olunur. Xilaskarı qəbul etmədikləri
kimi, onu da qəbul etmədilər (Yəhya 1:11). Paul belə demək
istəyir: «Məndə sizin üçün əvəzsiz bir hədiyyə var, lakin siz ondan
imtina etdiniz; ona görə də o, başqa millətlərə təqdim edildi».
14-cü ayədə təkcə Paulun deyil, bütövlükdə məsihçinin
həyatının xülasəsi verilir. Bunun üç əsas aspekti var:
1) Allahın iradəsini bilmək. Məsihçinin əsas məqsədi Allahın
iradəsini bilmək və onu yerinə yetirməkdir.
2) Salehi görmək. Hər bir məsihçinin arzusu həyatının hər
gününü dirilmiş Rəbb İsa Məsihlə yaşamaqdır.
3) Allahın səsini eşitmək. Böyük təbliğçilərdən biri
haqqında deyirdilər ki, o, vəz zamanı bəzən kiminsə səsini dinləyirmiş
kimi susurdu. Məsihçi hara getmək barədə daim Allahın səsini
dinləyir.
22-30
QATI DÜŞMƏNÇİLİK
(Həvarilərin işləri 22:22-30)
Paulun bütpərəstləri xatırlatması yenidən camaatın hiddətlənməsinə
səbəb oldu. Yəhudilər kiminsə bütpərəstlərə vəz etməsi ilə
razılaşırdılar. Lakin onlar sünnət ayinlərini yerinə yetirmədən və
Qanunu qəbul etmədən bütpərəstlərə bütün imtiyazların verilməsinə etiraz
edirdilər. Əgər Paul bütpərəstlərə yəhudiliyin bağlarını — təməl
biliklərini təbliğ etsəydi, onlar bundan məmnun olardılar. Amma onları
hiddətləndirən o idi ki, Paul bütpərəstlərə məsihçiliyin lütfünü təbliğ
edirdi. Onlar narazılıqlarını bildirmək üçün ən adi yolu seçdilər, yəni
şərq adətinə görə qışqırıb paltarlarını atdılar, havaya toz
qaldırdılar.
Minbaşı arami dilini bilmirdi və Paulun nə dediyini başa düşmürdü.
Ancaq bir şeyi yaxşı başa düşürdü — üsyana yol verməməli və üsyana səbəb
ola biləcək hər kəsə qarşı tədbir görməlidir. O, Paulu işgəncə altında
dindirmək qərarına gəldi. Bu cəza deyildi. Bu, sadəcə olaraq, həqiqəti
öyrənmək və ya etiraf etdirmək üçün ən asan yol idi. Qamçılanma ucuna
qurğuşun ilgəklərin keçirildiyi dəri qamçı ilə yerinə yetirilirdi. Çox
az adam ağlını itirmədən bu cür qamçılanmaya tab gətirə bilirdi. Böyük
əksəriyyəti isə ölürdü. Siseron deyirdi ki, Roma vətəndaşının əl-qolunu
bağlamaq cinayətdir; onu qamçılamaq cinayətdir; onu öldürmək ata qatili
olmaq qədər dəhşətlidir. Beləliklə, Paul Roma vətəndaşı olduğunu
bildirdi. Minbaşı dəhşətə gəldi. Paul təkcə Roma vətəndaşı deyildi, o,
azad doğulmuşdu, minbaşı isə azadlığını satın almışdı. Minbaşı başa
düşdü ki, o, az qala onun vəzifəsi, bəlkə də həyatı bahasına başa
gələcək bir səhvə yol versin. Buna görə də o, Paulu buxovdan azad edib,
bu məsələnin səbəbini öyrənmək üçün onu Ali Şuranın qarşısına çıxartmaq
qərarına gəldi.
Elə vaxtlar olub ki, Paul öz imtiyazlarını vurğulayırdı, amma o, bunu
şəxsi mənfəəti üçün etmirdi. Bilirdi ki, hələ Allahın tapşırığını tam
yerinə yetirməyib. Bir gün o, Məsih uğrunda məmnuniyyətlə öləcək. Amma
burada hüquqlarını bilərək, müdrikcəsinə özünü müdafiə edir.